“Qarışqa cığırında kəpənək
qanadları...”
Oxucular onu ilk dəfə “Mirzə Xəzərin səsi”ndən tanıdılar. Sonra ona “525-ci qəzet” kağız “qapılarını” açdı, sonra “Ulduz” və “Azərbaycan”. Özü gözə görünməyib kölgədə qalmağı xoşlayan bu “qızcığazın” sözü beləcə dillərə düşdü... Məni heyrətləndirdiyi kimi yaşına yaraşmayan uğurlu şeirləri ilə yüzlərlə oxucunu da heyrətləndirməyi bacardı. Bu Leyla Xəlilova idi... Haraya getdimsə, Bakıda, Moskvada, Çanaqqalada məndən onu soruşdular: Hardadır, nə yazır, nə işlə məşğul olur?
Özünün redaksiyaların qapısını döydüyü olmayıb, onun yerinə şeirlərini mətbuata mən təqdim etmişəm. Bəlkə mənə ünvanlanan sualların səbəbini burada aramaq lazımdır. Qəzet, jurnal səhifələrini, xüsusiylə də internet saytlarını qadın və qız şairlərinin sənət adına hər şeydən məhrum olan cızmaqaralarının baş alıb getməsi də oxucuların Leyla axtarışına səbəb oldu. Sözün qısası, sorğu-suallara cavab olaraq yenidən Leylanın bir doyumluq məktub və şeirlərini “525-ci qəzet”in tələbkar oxucularına təqdim etmək istədim. Bunların hardasa hamısı Leylanın Vətəndən uzaqda yazdığı yazılardır. Bakı Dövlət Universitetini yüksək başarı ilə bitirən Leyla, əvvəlcə İstanbulda, sonra Fransa və Almaniyada təhsilini davam etdirdi. Bütün bu dediklərimin izlərini siz mənə ünvanlanan məktub və şeirlərdən də öyrənəcəksiniz... İnternet çıxalı epistolyar ədəbi janra maraq ölmək üzrədir. İş o yerə çatıb ki,zamanın amansız sürətindənmi, yoxsa adamların təmbəlliyindənmi, bilinməz gənclər yazışmalarda hətta Allahın “salam”ını da qısaldıb “slm”-a döndəriblər.
Bunları yazmaqda oxucularıma təqdim etmək istədiyim Leylanın anlamlı məktublarının dəyərini vurğulamaqdır. Bu məktubları oxuyanların bəzilərinin üzturşutmasını indidən görürəm. Amma olsun, toplum xaosunda dəyişik səslərin eşidilməsi də normal sayılmalıdır. Leylanın bu məktubları hardasa oxumağa hazırlaşan aşığın saz kökləməsinə bənzəyir. Bu məktublar, bir növü yazlıacaq şerilərin açarı rolunu oynayır. Həm də bu məktublar el-obasından, doğmalarından uzaq düşən bir gəncin qürbət diyarlarda təmsil etdiyi millətin və Vətənin adını necə şərəflə daşıdığının qısa və anlamlı etüdləridir:
Salam, Məmməd İsmayıl. Səs-küylü, nizamsız, bir o qədər də doğma, sevgi dolu “qardaş qürbəti”ndən sonra iqlimi isti, amma insanları soyuq Fransa mənə qürbətin nə demək olduğunu öyrətdi... Nə müddətdir Fransanın Nitsa şəhərindəyəm. Bura Aralıq dənizinin sahilində sakit, səssiz, sözün hər mənasında yad bir şəhərdi. Ailəmdən, sevdiyim şəhərdən, həsrətində olduğum insandan uzaq yad bir şəhər... Tək təsəllim hər gün ailəmlə bir neçə dəqiqəlik telefon danışığı və bir parça Məmməd İsmayıl şeiri...
“Görüşümə gələmməzsən
Bu qədər uzaqdan keçib”.
Məmməd İsmayıl
Görüşümə gələmməzsən
Belə uzaqdan adlayıb,
Həsrətimə çalın-çarpaz
Çəkdiyin dağdan adlayıb.
Dərd, qürbətdə yığın-yığın,
Sığına bilərsən, sığın.
Ürək bilib sındırdığın,
Bir oyuncaqdan adlayıb.
Yorğun gözümdən gizlənib,
Dözülməz qəmdən gizlənib,
Neçə ölümdən gizlənib,
Neçə sınaqdan adlayıb.
Sorağıma düşüb gəzsən,
Ha yol yorsan, zaman əzsən,
Yanıma gələ bilməzsən,
Qara torpaqdan adlayıb...!
Gəldiyim gündən internetlə, qaldığım yerin şəraiti ilə bağlı problemlərim olmasına və bu səbəbdən uzun müddət ailəmdən, sevdiklərimdən uzaq düşməyimə baxmayaraq, imtahanlardan uğurla keçdim. Dərslərimə çalışmaqla bərabər burada olduğum müddətdə insanlara Azərbaycanı tanıtmağa böyük qüvvə və vaxt sərf edirəm. 30 fərqli ölkədən insanlarla birlikdə oxuyuram. Hər gün yeni bir şey öyrənirəm və öyrədirəm. İnsanlar məndən heç vaxt yanımdan ayırmadığım kitab haqqında soruşanda isə onlara Məmməd İsmayıldan danışıram. Rus və türkdillilərə şeirlərini oxuyur, digərlərinə isə sadəcə bir dahinin həyatını anladıram. Kiçik problemlər məni fiziki cəhətdən nə qədər Məmməd İsmayıldan, ailəmdən uzaq salsa da, ruhən bir o qədər yaxınlaşdırdı. Onların sevgisinə məni bir az daha acdırdı. İndi bir başqa oxuyuram Məmməd İsmayılı, bir başqa sevirəm, daha çox özləyirəm sevdiklərimi və bir az daha çox qorxuram onlardan ayrı qalmaqdan...
Xatirə
kəfkirində zəngli saat səsiyəm,
Bilim,
qurub qoymusan hansı saata məni,
Barmağını
yandıran telefon nömrəsiyəm,
Saxlaya da bilərsən, silib ata da məni.
lll
Salam, Məmməd İsmayıl. Fransa günlərimin
bitməsinə bir həftə qalıb. Təhsilimə
Almaniyada davam edəcəm. Açığını
deyim ki, Fransanı sevmədim. Mənim
kiçik Vətənim Fransadan çox çox böyük
imiş. Günəşi daha parlaq, küləyi
daha sərt, istisi daha isti, soyuğu daha soyuq ... Vətənimin
kasıb insanları varlı fransızlardan daha ürəyiaçıq,
daha qəlbi genişmiş. Görək Almaniya necə
olacaq... Ya qismət...
Dərslərdən heç nəyə vaxtım
qalmır. Arabir valideynlərimlə danışmağa, bir də
Məmməd İsmayılı oxumağa vaxt tapıram.
“Bacardım” şeirində dirənib qaldım.
Nəsə yazmaya bilmədim.
“Keçib
gəldim neçə-neçə ölümdən,
Yaşamadım, yaşatmağı bacardım”.
Məmməd
İsmayıl
Ömür
boyu çabaladın dözümdə,
İnadına
dözəmmədi dözüm də,
Beş
kişidən baş kişiydin gözümdə,
Hər kişidən baş olmağı bacardın.
Dediyim
söz çəkildimi vaxtına,
Oğul
olub çıxammadım baxtına,
Arzuların
Vətən adlı taxtına
Hörüləsi daş olmağı bacardın.
Taqətimə
daş qanadan diz olub,
Dodağımın
ucundakı söz olub,
Ürəyimi
dağlayası köz olub,
Kipriyimdə yaş olmağı bacardın.
Sən
gedəli dağlar düşüb həvəsdən,
Yer
tıncıxan, göy darıxan nəfəsdən,
Çabalayıb
qürbət adlı qəfəsdən
Uçan qızıl quş olmağı bacardın.
Qürbət
sənə yaradanın ərkimi,
Sənsən
sınan ürəklərin hakimi,
Qucaq
açdın al güllərə yaz kimi,
Qar güllərə qış olmağı bacardın.
Həsrətinin
yol çəkdikcə gözləri,
Gələr
ruhun yaz nəfəsi, gül təri,
Sevgi ilə,
ümid ilə bizləri
Yaşatdınsa, yaşamağı bacardın.
lll
Salam Məmməd İsmayıl. Berlindəyəm.
Emosiyasız, cansıxıcı, möhtəşəm
bir şəhərdir. İnsanları quru,
adamyovuşmaz, bir az da özündənrazı.
Heç kim heç nə ilə
maraqlanmır. Pəncərədən
baxıram. Sısqa, aramsız
yağış yağır. Küçədə Məmməd
İsmayılın saqqallı şəklinə oxşayan bir kişi (yəqin ki, o türkdü) başdan
ayağa islanaraq, daldalanmağa yer gəzir. Çətirimi
götürürəm ki, qaçıb onun başına
tutum. Çıxıb görürəm ki kimsə
yoxdur... Çətirini evdə unudub qürbətdə
yağışa düşən Məmməd İsmayıla
nəsə yazmaq istəyirəm.
Qərib
həsrətlərin xəyalı şirin,
Çay
olar alnının qırış izləri...
Qürbətdə
yağışa düşən şairin
Üşüyər Vətəndə qalan sözləri.
Üşüyər,
yollarda gözünün dağı,
Qəmli xəyallardı bəxtin hakimi.
Sıxıb
qanadını başı aşağı
Asılar
divardan yarasa kimi
Nisgil gecələrin
zülməti dərin,
Bağlı
qapıların həsrət qorxusu...
Qürbətdə
yağışa düşən şairin
Diksinib ayılar çətir yuxusu.
İslanıb,
üşüyüb, daşar bir səbr,
Bir
çətir dinməzcə qoparar haray,
Qürbətdə
yağışa düşəndə şair
Bir ana inləyər:
“Laylay a laylay”.
Bilmirəm, bir kimsə salırmı yada?
Boşuna
yazılan sətirlər qalır...
Şairlər
Vətəndə unudulsa da,
Yolunu gözləyən çətirlər qalır.
30 mart 2012, Berlin
lll
Salam, Məmməd İsmayıl. Mən məktub yazmaq istədim...
Bilmirəm, buna məktub demək olarmı... Bəlkə də olmaz... Amma mən
yazdım... Sevgiylə, həsrətlə, hörmətlə...
Boylanıb,
“bu gələn nə səsdi” demə,
Demə,
keçib gedən həvəsdi, demə,
Bilmirsən
həsrətim nə sınaq çəkib,
Gülmə
istəyimə şaqqanaq çəkib,
Min il gözləmişəm yolayrıcında,
Bir
şirin söz söylə dilin ucunda,
Soruşum ömrümdə ilk baharmısan?
Nə
olsun mələksən göyün üzündə,
Məni də özünlə apararmısan?
Bilsən
ki, səndədi son ümid yerim,
Gözlə,
gəlişinə çapar göndərim,
Tumurcuq
arzulu pöhrə ağacam,
Bilsən,
bir sevgiyə nə qədər acam,
Yazıq
ümidlərdə azan yolları,
Qısa
eləyərəm uzun yolları,
Şirin
arzulara açıqdı sinəm,
Uzaq həsrətimə gələn yarmısan?
Yoxdu
sığınmağa kimim kimsənəm,
Məni ürəyinə apararmısan?
Qırx
arşın quyuya düşmüşəm, çıxar,
Buğlanan
təndirdə bişmişəm, çıxar,
Bədheybət
bir divin əlindən qurtar,
Cırtdanın
yağ-əppək felindən qurtar,
Ot apar,
su apar şəngülümlərə,
Bir iynə
yarımlıq yol get boş yerə,
Bağlı
limanlara həsrət gəmiyəm,
Nağıl istəyimdə hələ varmısan?
And olsun,
hələ də uşaq kimiyəm,
Məni nağıllara apararmısan?
Demə
ki, bu ömür bağlı sirr idi,
Demə
ki, bu dünya görüş yeriydi,
Görüşdük,
ayrıldıq, hər şey qurtardı,
Bir
gün qayıtmağa bir ümid vardı,
Durmuşam
gözümü zilləyib yola,
Sonrası
cəhənnəm, nə ola ola,
Durmuşam
həsrətlər əlində yaxam,
Qəlbimi üşüdən soyuq qarmısan?
Demə
ki, nə vaxtdı “dünyada yoxam”,
Məni də “yanına” apararmısan?
lll
Salam, Məmməd İsmayıl. Sonuncu məktubunu
oxuyub bir qədər kədərləndim. Bir inciklik, bir küskünlük hiss elədim məktubda.
Çox fikir elədim. Fikirləşdim
ki, bəlkə yazdığım məktub, bəlkə gec
yazmağım, bəlkə halını xəbər
almamağım xoşuna gəlməyib Məmməd
İsmayılın. Mənə elə gəlirdi
ki, mən qafiyəyə salıb yazdığım sözlərlə
bütün bunları demişəm. Məmməd
İsmayıl, and olsun ki, heç nəyə vaxt
çatdıra bilmirəm. İki aydır
ki, Almaniyadayam. Dörd imtahan vermişəm,
indi isə tezis yazıb onu müdafiə etməliyəm.
İyun ayının 13-ü diplomumu müdafiə
edib İtaliyaya getməliyəm. Bütün
bunları günahlarımı yumaq üçün demirəm.
Qəlbinə dəymişəmsə,
bağışla məni, Məmməd İsmayıl. Və istədiyin vaxt məni ruhunla bir ağac
kölgəsinin altında qoyub gedə bilərsən.
Bir məktubumda yazmışdım...
Xatirə
kəfkirində zəngli saat səsiyəm,
Bilim qurub
qoymusan hansı saata məni,
Barmağının
ucunda telefon nömrəsiyəm,
Saxlaya da bilərsən, silib ata da məni.
Əsərəm
soyuğuna gözündən yağan qarın,
Küskün-küskün
susarsan gülüb göz yaşlarıma,
Batan
günəşə baxıb, axşam qızartıların
Qatıb hörə bilərsən dağınıq
saçlarıma.
Qəlbim
uzaq payızda düşsə soyuq inada,
Arzular
ümidlərə bölünsə yarı-yarı,
Bilirsənmi
görəsən sənsiz kiməm dünyada,
Qarışqa cığırında kəpənək
qanadları.
Boynubükük
güllərə dirənən göz dağıyam,
Həsrətində
durmuşam, baxıb ha qına məni,
Payız
xatirələrdə ağ qovaq
yarpağıyam,
Atıb gedə bilərsən külək poçtuna məni.
Kim idi qəlbimdəki
istəklərin hakimi,
Ümidlərim
çırpınar üşüyən həvəsində,
Ürəyindən
çıxarıb sonuncu arzu kimi
Qoyub gedə bilərsən bir ağac kölgəsində.
Məmməd İsmayıl, inan ki, hansı ağacın
kölgəsində qoyub getsən məni, nə vaxt
qayıtsan orda da taparsan. Məmməd İsmayıl, bilirsənmi,
mən niyə məktublarımı qısa yazmağa
çalışıram? Sənin ruhunu
oxşayacaq söz tapa bilmirəm. Yazdıqlarım
mənə bəsit və kasıb görsənir. Məktubumda hal-əhval tutmuram, amma hər gün
Allaha dua edirəm Məmməd İsmayılın
canını, sağlamlığını, ilhamını,
ruhunu qorusun deyə. İnan sözlərimin
səmimiyyətinə. Əgər könlünə dəymişəmsə
yenə üzr istəyirəm... Şeirinin
birində “vaxtın avara yerindən” yazmısan, qoy ona bir-iki kəlmə
əlavə edim. Bəlkə könlün
açıldı.
Gün
günortanın şərində,
Ümidin
alın tərində,
Ağlının
azan yerində
Axtarıb tapmısan məni.
Bəxtlər
seçilib gedəndə,
Həvəs
kiçilib gedəndə,
Durnalar
köçüb gedəndə
Axtarıb tapmısan məni.
Həsrətə
düşən xalında,
Qismətin
son sualında,
Ömrünün
dar macalında
Axtarıb tapmısan məni.
Sevginin
qara yerindən,
Qəlbinin
yara yerindən,
Vaxtın
avara yerindən
Axtarıb tapmısan məni.
Yazıb
gözünə-qaşına,
Dirənmisən
yaddaşına,
Can,
ağrımayan başına
Axtarıb tapmısan məni.
Salamat qal, Məmməd İsmayıl. Məktubum
çox uzun oldusa, bağışla məni. Mən yeri-göyü yaradandan Məmməd
İsmayıla cansağlığı,
cansağlığı arzu edirəm. Bu, həmişə
həsrətində olan kiçik bir qızcığazın
böyük arzusudu.
lll
Salam, Məmməd İsmayıl. Evdəyəm.
Bütün həsrətlərə son! Bütün qürbətlərə
yox! İlahi, heç bir qayğısız,
doğma evində adyala bürünüb kresloda mürgüləmək
nə böyük xoşbəxtlik imiş. Atam sağ-salamat qayıtmağıma quzu qruban
demişdi. Yığışıb gedib
bir qara gözlü, qara dizli quzu seçdik. Bir göy çəməndə süfrə
salındı, ocaq qalandı. İlk dəfə
idi ki, gözümün qabağında bir quzu kəsildi.
Çox təsir etdi mənə. Mən ilk dəfə açıq gözdə donan
vaxtı gördüm. Mən indi anladım ki, Məmməd
İsmayıl niyə yazıb “Gilasım, tələsmə
bar gətirməyə”... Quzu qızlara, qız quzulara
yazığım gəldi...
Bənövşəydin,
düşdün bəndə,
Ürəyin
əsər sinəndə,
Ac
qurdların gözü səndə,
Gözünü yum, gözəl quzum.
Oyaq bəxtin haçan yatdı?
Doğan
günəş batabatdı,
Yeyiləsi
vaxtın çatdı,
Gözünü yum, gözəl quzum.
Gözəlliyin nə söz oldu?
Ocaqlar
yandı, köz oldu,
Anan deyənlər
düz oldu,
Gözünü yum, gözəl quzum.
Canın
dalıyca darıxma,
Tikə-tikə,
loxma-loxma
Bişən
ürəyinə baxma,
Gözünü yum, gözəl quzum.
Durna
ümidi çıraqda,
Açıq
gözdə donan vaxta,
Nə nəğmələr
var qabaqda,
Gözünü yum, gözəl quzum.
Ha ağlasam
da gününə,
Kəsik
başdı, yanıq sinə,
Daha nə deyim ki sənə?
Gözünü yum, gözəl quzum.
14 iyul
2012, Bakı
lll
Salam, Məmməd İsmayıl. Mən balaca
idim, 4-5 yaşım olardı. Atam futbol
azarkeşi idi və gecələr tək futbola baxmasın deyə
bəzən mənə yalvarırdı, bəzən
başımı şokoladla aldadırdı ki, oturub onunla
futbola baxım. Beləcə məndə
futbola sevgi yarandı. Oğlan paltarı
geyinib atamla stadionda futbola getməyə başladım. Getdikcə bu maraq artdı. Futbolun
qaydaları ilə, tarixi ilə dərindən məşğul
olaraq bir futbol bilicisinə çevrildim. Fransadan
qayıdan günün səhəri bir elan oxudum. Azərbaycanda keçirilən futbol üzrə
Qadınlararası Dünya Çempionatına gənc, bir
neçə xarici dil bilən, futbol biliyi olan bir qız
axtarılırdı. Getdim. Məlum oldu ki, Azərbaycanda bir neçə dil bilən
xanımlar çoxdur. Amma futbol biliyi olan
bir nəfər belə yoxdur. Məni
qeyd-şərtsiz işə qəbul etdilər. Və beləcə mənim futbolla bağlı bir həyat
bölümüm başladı. Çempionat
qurtarana qədər 3 ay istirahətsiz
çalışdım. Fikirləşirdim
ki, bitər və mən istirahət edərəm. Çempionat qurtaran kimi UEFA-dan, AFFA-dan və bir
neçə futbol klubundan sərfəli təkliflər
aldım. Ən cəlbedicisi “Palmali”
şirkətlər qrupunun “Xəzər Lənkəran” klubunun
ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsi
oldu. Və mən bu təklifi qəbul
etdim. Bütün bunlar birnəfəsə baş verdi. Gözümü yumub
açmağa belə imkan tapmadım. Xaricdən
qayıdandan nə baş vermişdisə, hamısını
yazdım. Başqa yeni heç nə
yoxdur. Özüm, işim, əməkhaqqım
yaxşıdır. Atam, anam, bacım da
yaxşıdır. Saytlardan, mətbuatdan,
dost-tanışdan xəbər tuturam. Amma
özündən də eşitmək istəyirəm. Necədir Məmməd İsmayıl? Qürbət həyatı, sağlamlığı,
yaradıcılığı, ilhamı hansı yerdədir?
Hörmətlə,
Leyla, 5 yanvar 2013
lll
Hə, dəyərli
oxucularım, Leylanın şeirləri ilə bərabər məktublarını
da sizlərə təqdim etməyimin məqsədini
anladınız, yəqin ki! Məktub və
şeirlərindən Leylanın yalnızca bir sənt
vurğunu olmadığını, vətənini,
xalqının istənilən ölkədə, isənilən
sənət yarışında yüksək başarı ilə
təmsil edə biləcəyini də öyrənmiş oldunuz.
Leyla kimi gənclərimizin olması məndə
hardasa başıbəlalı Vətənimizin gələcəyinə
ümid oyandırır. İndilik isə bizə qalan
ilhamdan ayrıcalıqlı payı olan, qeyri-adi taleyini
çılğın bir şəkildə yaşayan, az yaşına çox gərəkli yeniliklər
sığdıran Leylaya daha böyük başarılar diləmək
qalır.
Mart,
Çanaqqala, Türkiyə
Məmməd İsmayıl
525-ci qəzet.- 2013.-
9 aprel.- S.7.