“Vətəni seçmirlər, sevirlər”

 

ELDAR QULİYEV: “DÖVLƏTÇİLİYİ, SABİTLİYİ QORUMAQ, MİLLİ BİRLİYİN TƏMİN OLUNMASI ÜÇÜN ADDIMLAR ATMAQ HƏR BİRİMİZİN BORCU OLMALIDIR”

 

Bu il Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək. Yaxın keçmişin təcrübəsi göstərir ki, seçki ilində siyasi fəallıq müşahidə olunur, ayrı-ayrı qüvvələr tərəfindən sabitliyin pozulmasına cəhdlər göstərilir. Müsahibimiz Eldar Quliyev dövlətçiliyi, sabitliyi qorumağı hər bir vətəndaşın ümdə vəzifəsi sayır. Uzun müddət daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış həmsöhbətimiz həmişə qanunçuluğun keşiyində dayanıb, ölkədə milli birliyə nail olmaq üçün real addımlar atıb.

– Xalqımızın müstəqillik uğrunda apardığı mübarizə öz bəhrəsini verdi. Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini bütün dünyaya bəyan etmək imkanı qazandı. Dövlətini azad, stabil, qüdrətli görmək hər bir vətəndaşın arzusudur. Elə müqəddəs şeylər var ki, insan onu seçmir, amma onu sevməyə borcludur. Vətəni də seçmirik, lakin onu sevmək həm insanlıq, həm də vətəndaşlıq borcumuzdur. Mən həmişə deyirəm ki, öncə Vətəni sevmək, sonra onu qorumaq lazımdır. Çünki insan sevmədiyini heç vaxt qoruya bilməz. Məni tanıyanlar, birgə işlədiyim insanlar yaxşı bilirlər ki, Azərbaycanın dövlətçiliyini, sabitliyini qorumaq, vətəndaşlar arasında milli birliyə nail olmaq həyat amalım olub. Tutduğum vəzifələrin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq daim buna çalışmışam. Müstəqilliyimizin ilk illəri o dövrü yaşayanların yaxşı yadındadır. Erməni daşnakları ərazi bütövlüyümüzə təcavüz edirdi, daxildəki müxtəlif qüvvələrin çəkişmələri, iddiaları üzündən sabitliyi qorumaq çətinləşirdi. Dövlətimiz real təhlükə ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyun hadisələri zamanı Gəncədən zirehli maşınlarla gələn silahlı qoşun hissələri ilə Saatlıdakı hərbçilər arasında ciddi qarşıdurma yaranmışdı. Hər iki tərəf atəş açmağa hazır idi. Saatlı Rayon Polis Şöbəsinin rəisi və hərbi komendantı kimi hərbçilərin və dinc əhalinin ziyan görməməsi üçün hər iki tərəflə danışıqlar aparıb vəziyyəti onlara başa saldım, qanunsuz hərəkətlərdən çəkindirməyə çalışdım. Uzun sürən danışıqlardan sonra baş verə biləcək ağır hadisənin qarşısını ala bildim. Həmin günlər ölkədə çox ağır vəziyyət yaranmışdı. Vəziyyəti Azərbaycanın xeyrinə düzəltmək üçün real addımlar atmaq lazım idi. Bu xalqın nümayəndəsi kimi mən də belə düşünür və səmimi qəlbdən inanırdım ki, Heydər Əliyev kimi təcrübəli dövlət adamı bu taleyüklü məsələləri həll etməyə qadirdir. O zaman xalqımız xilaskar kimi ümidlərini Heydər Əliyevə bağlamışdı. Ona görə də mən bir vətəndaş kimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtması üçün əlimdən gələn köməyi və dəstəyi heç bir qarşılıq və fayda güdmədən əsirgəmədim. Heydər Əliyevin xalqa müraciətindən sonra təşəbbüsüm ilə rayonda rəhbərliyin, ziyalıların, ağsaqqalların, siyasi partiya təmsilçilərinin iştirakı ilə həmrəylik müşavirəsi çağırıldı. Həmin müşavirədən sonra əhalidə qalan qanunsuz silahlar ağsaqqalların iştirakı ilə könüllü surətdə polisə təhvil verildi. 1993-cü ildə keçirilən prezident seçkilərini rayonda pozmaq, qarşıdurma yaratmaq istəyən müəyyən qüvvələr var idi. Şöbənin əməkdaşları ilə birlikdə belə qüvvələrə qarşı səlahiyyətimiz çərçivəsində mübarizə aparırdıq. Təhdidlər, hədələr bizi bu yoldan çəkindirmirdi. Görünür rayonda əldə olunan sabitlik hansısa qüvvələri narahat edirdi. Ona görə də həmin günlərdə iki azyaşlı uşağım da daxil olmaqla ailəmin yaşadığı mənzil ağır silahdan atəşə tutuldu. Həmin dövrün populyar nəşrlərindən sayılan “Müstəqil qəzet”də bu məsələ qeyd olunmuşdu və vurğulanmışdı ki, Eldar Quliyevin rəis kimi çalışdığı müddət ərzində Saatlıda bircə dəfə atəş səsi eşidildi, onda da rəisin evini atəşə tutdular. Mənim və ailəmin həyatına sui-qəsd etməyə cəhd göstərən cinayətkarlar bilirdilər ki, bu cür hərəkətlərlə məni yolumdan döndərmək mümkün deyil. Həmin dövrdə qaçqın və köçkünlərə maddi mənəvi köməklik edir, döyüş bölgəsinə yardimlar çatdırır və döyüşlərdə iştirak edirdik.  

– Yəqin elə ona görə də daha böyük şəhərə- Şirvan şəhərinə polis rəisi təyin edildiniz?

– Saatlıdakı fəaliyyətim ölkə rəhbərliyinin diqqətindən yayınmadı, Prezidentin tapşırığı ilə 1994-cü ilin əvvəlində o zaman Əli-Bayramlı, indi isə Şirvan adlanan şəhərə polis rəisi təyin olundum. O zaman vəzifəyə təyin olunma prinsipləri var idi və mən də rəis vəzifəsinə həmin prinsiplər əsasında təyinat aldım. Nazir Vaqif Novruzov ölkə başçısı Heydər Əliyevin qarşıma ciddi bir tapşırıq qoyduğunu bildirdi.

– Həmin tapşırıq nədən ibarət idi?

– Məndən əvvəl həmin vəzifədə işləmiş Əbülfəz Qasımov günün günortaçağı xidməti otağında vəhşicəsinə qətlə yetirilmişdi. Qatil istirahət otağının qapısını balta ilə qırıb rəisi iş otağında gözləmiş mərhum rəis iş otağına daxil olan zaman ona 35 güllə vurmuş, növbətçi hissəni gülləbaran etmiş, bir əməkdaşı ağır yaralamış və polis şöbəsini tərk etmişdi. Şöbənin sıravi və rəis heyəti qatili zərərsizləşdirmək əvəzinə qaçıb gizlənmişdilər. Dövlət başçısı bu müdhiş cinayətdə əli olanların təcili tapılmasını və qanun qarşısında cavab verməsini bir vəzifə olaraq qarşıma qoymuşdu. Mən də bu tapşırığı yerinə yetirmək üçün bütün bilik və bacarığımı ortaya qoymaya çalışdım. Apardığımız axtarış-əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qatil yaxalandı, rayon polis şöbəsinin ictimaiyyət arasında itmiş nüfuzu yüksəlməyə başladı. Həmin ərəfədə “Müstəqil qəzet”ə verdiyim müsahibədə “Bu gün xırda incikləri böyütməyin vaxtı deyil. Biz gücümüzü el gücünə çevirməyi bacarmalıyıq. Nəzərə almalıyıq ki, erməni kimi hiyləgər düşmənə rast gəlmişik. Ayrı-seçkilik yaratmaq, müxtəlif qruplara bölünmək qələbəmizə ciddi əngəl yarada bilər”-dəyə ölkə ictimaiyyətinə müraciət etdim.  Əli Bayramlı polisinə rəhbərlik edəndə də döyüş bölgələrinə, qaçqın və köçkün düşən soydaşlarımıza köməyimizi əsirgəmirdik. Bildiyiniz kimi o zaman döyüş bölgələrində əsas yük polisin üzərinə düşmüşdü. Bizim əməkdaşlar da daim düşmənə qarşı vuruşlarda iştirak edirdi. Bu proses atəşkəs müqaviləsi imzalanana qədər davam etdi. General-polkovnik Ramil Usubov cənabları daxili işlər naziri vəzifəsinə təyin olunduqdan sonra mənim və şəhər polis şöbəsinin fəaliyyətinə diqqət, qayğı da artırıldı. Çünki cənab nazir mənim dövlətçiliyə sədaqətimi, üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyimi bilirdi. Təsadüfi deyil ki, 1995-ci ilin fevralında cənab nazirin təsdiq etdiyi iş planına əsasən rəhbərlik etdiyim polis şöbəsinin qabaqcıl təcrübəsi daxili işlər orqanlarında yayıldı.

 – Yaxından tanıyanlar sizin Qarabağ döyüşlərində də yaxından iştirak etdiyinizi, ön cəbhəyə maddi və mənəvi yardım göstərdiyinizi deyirlər. Mən buna təbii baxıram, əslən Laçın rayonundansınız. Qarabağın ermənilər tərəfindən işğalına biganə qala bilməzdiniz...

– Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, mən Vətəni sevməyi bacardığımdan onu qorumağa da çalışmışam. Təkcə doğulduğum Laçın yox, ölkəmin hər bir qarış torpağı mənim üçün Vətəndir. Vətənə, torpağa sevgi mənim qanımdadır. Babam 1905-1918-ci illərdə işğalçı ermənilərə qarşı savaşıb, qanı-canı bahasına yurdunu erməni işğalçılarından qoruyub. Atam Əmir Quliyev könüllü olaraq İkinci Cahan Savaşında iştirak edib və ön cəbhədə vuruşaraq yaralanıb. Müharibədən sonra Laçında müxtəlif rəhbər vəzifələrdə çalışıb, nüfuzlu ağsaqqallardan ziyalılardan sayılıb. Rayon tarix-diyarşünaslıq muzeyində onun həyat və mübarizə yolunu əks etdirən stendlər olub. Bu gün də Laçın camaatı atamı hörmətlə yad edir. İnanıram ki, 1995-ci il hadisələri zamanı atam həyatda olsa idi vəziyyətin dramatikləşməsinə yol verməz, barış əldə olunması üçün çalışardı. Mən də nəsil ənənəsinə sadiq qalmağa çalışmışam. 1988-ci ildən başlayaraq atəşkəs müqaviləsi imzalanana qədər Goranboyun Şəfəq, Tovuzun Hacıallı, Ağdamın Abdal Gülablı kəndlərində, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının müxtəlif yaşayış məntəqələrində vuruşmuşam. Gədəbəydə Başkəndin ermənilərdən azad olunmasında şəxsən iştirak etmişəm. Təkcə Laçında və Qubadlıda deyil, Ağdamda, Tovuzda və başqa rayonlarda döyüşən əsgərlərimizin təchizatına maddi və mənəvi dayaq durmağa çalışmışam.  830-dan çox qaçqın, köçkün, şəhid ailəsinə, aztəminatlı insanlara  yardım göstərmişəm. Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızı elə ilk günlərdən Qırmızı Körpüdə qarşılayıb məskunlaşmaları üçün lazım olan şəraiti yaratmağa çalışmışam, maddi və mənəvi köməyimi əsirgəməmişəm. O çətin dövrlərdə Şəmkirdə, Saatlıda, Əli-Bayramlıda qapımı döyən qaşqın, köşkün, şəhid ailəsini diqqətdən kənarda saxlamamışam. Rayonlarımız işğal olunduqdan sonra yurd-yuvasından didərgin düşən insanlara maddi-mənəvi dayaq durmağa çalışmışam və bunu özüm üçün bir vətəndaşlıq borcu hesab etmişəm. Bütün bunları özümü reklam üçün sadalamıram. Deməyim odur ki, daim dövlətimin, xalqımın qəsdinə duran erməni işğalçıları ilə savaşmışam. Dövlətimizin daxilində isə parçalanmanın, qruplaşmanın əleyhinə olmuşam. Amalım həmişə sabitliyi, dövlətçiliyi, milli barışığı qorumaq olub. Bəzilərindən fərqli olaraq, mən milli birliyin tərəfdarı olduğumu sözdə yox, əməldə sübut etmişəm. Özü də 1993-cü ildə. Çox təəssüf ki, bəzi qüvvələr məni siyasi labirintə salıb, mənasız inadlarına son qoymurlar. Məhşur filosof Spinoza demişdir ki, ”azadlıq dərk olunmayan zərurətdir”.  Axı mən də bu ölkənin vətəndaşıyam. Dövlətimizin başçısı möhtərəm İlham Əliyev dəfələrlə ölkədə milli barışın təmin olunduğunu və milli birliyin tərəfdarı olduğunu elan edib. Mən də müstəqil ölkəmizin vətəndaşı kimi prezidentin bu mövqeyini dəstəklədiyimi dəfələrlə bildirmişəm. Bu gün də həmin mövqeyimdə qalıram. Ölkəmizdə milli birliyin möhkəmlənməsi, ərazi bütövlüyümüzün bərpası üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bütün həyatım boyu bu məsuliyyəti dərk etmişəm. Bu gün 54 yaşım var. Dahi fransız yazıçısı Vüktor Hüqo deyirdi ki, 50 il adıma görə yaşamışam ki, 50 yaşımdan sonra adım mənə xidmət etsin. Son 18 ildə çəkdiyim bütün mənəvi və maddi sıxıntılara baxmayaraq heç bir qüvvənin, təşkilatın dəstəkçisi olmamışam. Bu illər ərzində yaxınlarımın, qohumlarımın və ya hər hansı bir qurumun siyasi mənəvi və ya maliyyə dəstəyi olmayıb. Heç bir qüvvə məni dövlətimə, xalqıma qarşı addım atmağa məcbur edə bilməz. Bu gün də belə hesab edirəm ki, hər birimiz dövlətçiliyi, sabitliyi qorumalı, müxtəlif qüvvələrə yox, Vətənimiz Azərbaycana xidmət etməliyik.  Mənə qarşı tutulan mövqeyə gəlincə, bütün bunlar 1995-ci ilin “Mart  hadisələri”ndən sonra yaranıb.  Tarixdən də hamıya məlumdur ki, cümhuriyyətlər yeni qurulanda müəyyən qarşıdurmalar yaranır və həmin anlarda tələsik qərarlar qəbul oluna bilir. Yuxarıda qeyd etdiyim kimi “Mart hadisələri” ilə heç bir bağlılığım, əlaqəm olmayıb. “Mart hadisə”sinin baş verməsinin kökündə duran əsl səbəb, barışın dəqiq tarixi, hansı razılaşma və şərtlərlə həyata keçirilməsi bu günə qədər mənə məlum deyil. Amma mənə qarşı olan münasibəti də başa düşə bilmirəm. Ölkədə milli birliyə nail olunubsa mən niyə kənarda qalmalıyam? Həmişə öz biliyim, bacarığımla Azərbaycana sədaqətlə xidmət etmişəm. Bundan sonra da xidmət etmək istəyirəm. Ulu öndər Heydər Əliyev dəfələrlə bildirmişdi ki, hər hansı bir vətəndaşa qarşı haqsızlıq olubsa məsələ ədalətlə həll olunmalıdır. Son illərdə dəfələrlə dövlət başçısı möhtərəm İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevaya etdiyim rəsmi müraciətlər bu günə qədər  də cavabsız qalmaqdadır. Hesab edirəm ki, onlara ya yanlış məlumat çatdırılır, ya da ümumiyyətlə bu barədə məlumat vermirlər. Hər zaman milli birliyin tərəfdarı olduğunu nümayiş etdirən Azərbaycan prezidenti yəqin ki, sabitlik, dövlətçilik və milli birlik və barış üçün əlindən gələni etməyə hazır olan bir vətəndaşa biganə qalmaz.

 

 

Sənan Mikayılov

 

525-ci qəzet.- 2013.- 9 aprel.- S.5.