Mirzə Cəlil və “Molla Nəsrəddin”
xatirələr aynasında
YAZIÇI-PUBLİSİsT
MƏMMƏDƏLİ NASİRİN YADDAŞINDAN SƏHİFƏLƏR
Görkəmli
ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin
şah əsəri saydığımız “Molla Nəsrəddin”
jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq
o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat
predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla
Nəsrəddin”in yaşam tarixinin maraqlı tərəflərindən
biri də Mirzə Cəlil kimi görkəmli ədiblə
sıx əməkdaşlıq və dostluq edən və
ustadın həyatına, mənəvi
aləminə müəyyən mənada bələd olan
yazıçıların qələmə aldıqları
xatirələrdir. Bu xatirələr ədibin həyat və
yaradıcılığı ilə bağlı ən
xırda detalın da öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ötən
əsrin ikinci onilliyindən mətbuata gəlmiş və
yaradıcılığının bir qolunu da “Molla Nəsrəddin”lə
bağlamış yazıçı-publisist Məmmədəli
Nasirin (1899-1983) tədqiq etdiyim əsərləri
sırasında onun ustadı M.Cəlilə həsr etdiyi xatirələrinə
nəzər yetirmək də bu baxımdan maraq doğurur.
Özünün də yazdığı kimi, “aradan 55 ilə
yaxın bir müddət keçməsinə baxmayaraq Mirzə
Cəlillə ilk görüşünü çox
yaxşı xatırlayan” M.Nasir ustadı, müəllimi
sandığı o insanla görüşlərini, münasibətlərini,
jurnalla əməkdaşlığını böyük fəxarətlə
qələmə alıb. Xatirələr “Ədəbiyyat və
incəsənət” (20 avqust, 1966), “Vışka” (25 aprel, 1967)
və “Azərbaycan müəllimi” (4 iyun, 1967) qəzetlərində
dərc olunub. Bu məqalələrdə M.Nasirin “Molla Nəsrəddin”ə
gəlişi, məcmuə ilə ədəbi əlaqəsinin
yaranması, M.Cəlilin xalqın ictimai şüurunun
formalaşmasına böyük təsiri olan “Molla Nəsrəddin”
jurnalının tarixi əhəmiyyətindən bəhs
olunub. Eləcə də M.Nasirin jurnalla
tanışlığı, ilk yazısının məcmuədə
dərc olunması, onunla görüşlərinin ictimai-ədəbi
əhəmiyyəti və bu görüşlərdən
aldığı zəngin təəssüratları, M.Cəlilin
gənc həmkarlarına jurnalın dəst-xəttinə və
amalına uyğun mövzularda qısa və mənalı
yazmağı tövsiyə etməsi, onları mollanəsrəddinçi
kimi yetişdirməsi məsələləri
xatırlanır. Bütün bunlar xatirələrdə bəzən
qısa, bəzən də bir qədər geniş şəkildə
təsvir olunur. “Mənim gözümü “Molla Nəsrəddin”
açdı”, – deyən M.Nasir ilk xatirəsində yeniyetmə
çağlarından yaradıcılıq yolunu müəyyənləşdirən
bu jurnalın fəaliyyət tarixinin müəyyən
dövrünə nəzər salıb. Ən əsası da ədiblə
hər görüşündə M.Cəlilin mənəvi aləmindən,
yaradıcılıq təcrübəsindən əxz etdiyi dəyərləri
onun xatirəsinə böyük ehtiramla qələmə
alıb. Maraqlı məqamlar və faktlarla zəngin olan bu dərin
məzmunlu yazıda bir baxışla böyük zaman kəsiyində
yaşanılan əhvalatlar, xarakterik hadisələr təsvir
olunur.
M.Nasirin
“Molla Nəsrəddin”lə tanışlığının
da maraqlı bir tarixçəsi olub. Müəllif xatirəsinə
də elə bu tarixi günlə başlayır. “1912-ci ilin
payız fəsli idi. Havalar soyumuşdu. Atam
bağımızdan biçib gətirdiyi axırıncı
otu (tapılı – Ş.N.) bir tərəfə töküb
yuyunmaq üçün hazırlaşırdı ki,
darvazamız döyüldü. Cəld qaçıb
qapını açdım...” Gələn kim imiş? Məlum
olur ki, İrəvanda “Molla Nəsrəddin”ə abunə
toplayan Bağır Rzayev adlı bir nəfər şəhərin
hörmətli haçılarından olan Hacı Məmməd
kişinin qapısına da bu məqsədlə gəlibmiş.
O, sözünə belə başlayıb: “Hacı, neçə
ildir ki, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə
çıxmağa başlamışdır. Ancaq oxucusu
azdır. Bu, məcmuənin bağlanmasına səbəb ola
bilər. Biz ona hər cəhətdən kömək göstərməliyik.
Gəlişimdən məqsəd sizi həmin məcmuəyə
müştəri yazmaqdır”...
Hacı
Məmməd kişi “dinsiz-imansız” bir jurnala müştəri
yazılmaq istəməsə də qapısına gələni
əliboş qaytarmayıb, kişiyə bir qızıl onluq
verir və tapşırır ki, onu “yetənə yetib, yetməyənə
daş atan” bir məcmuəyə müştəri
yazmasın. Kənarda oturub, bütün bu söhbətləri
dinləyən Məmmədəli bir həftədən sonra
poçtdan qəzet və məktubları
götürəndə onların arasında şəkilli bir
jurnal da görür. Həmin gündən o, atasından gizlin
bu jurnalı oxumağa başlayır. Jurnal oğlanın mənəvi
aləminə, ictimai şüuruna elə güclü təsir
edir ki, həmin vaxtlar Bakıda çıxan “İqbal”, “Sədayi-həqq”
qəzetlərində İrəvandan xəbərlərlə
çıxış edən Məmmədəli “Molla Nəsrəddin”
kimi mötəbər jurnala da yazmağa həvəslənir.
Ilk yazısının mövzusunu qonşuları Mir Qafar
ağa adlı bir mövhumatçının evində
keçirilən dini söhbətlərdən alır. Beləliklə, öz
müşahidələri əsasında qələmə
aldığı məqaləsini də götürüb yeznəsi,
“Molla Nəsrəddin”in İrəvan müxbirlərindən
olan Əli Məhzunla Tiflisə gedir. Müəllif yazır:
“Ertəsi gün Tiflisdə olduq. Yeznəm məni birbaş
“Molla Nəsrəddin” jurnalının əməkdaşlarından
olan dostu Əliqulu Nəcəfovun (Qəmküsarın) evinə
apardı. Sabahısı gün “Molla Nəsrəddin” idarəsinə
getdik. Mirzə ilə redaksiyada görüşdük. O, stol
arxasında oturub nə isə yazırdı. Bizimlə səmimi
salamlaşdıqdan sonra Əli Məhzuna işarə edərək
soruşdu:
– Bu
cavan oğlan kimdir?
– Bu,
balaca mollanəsrəddinçidir. Yazısı var, jurnala gətirib.
Fürsətdən
istifadə edib “Əlhəm qiraətxanəsi”
başlıqlı yazını cibimdən çıxarıb
stolun üstünə qoydum. Mirzə məktubu nəzərdən
keçirə-keçirə məndən soruşdu:
– Nə
barədə yazmısan?
Utana-utana
yazının məzmununu danışdım. C.Məmmədquluzadə
diqqətlə mənə qulaq asır, yeri gəldikcə bəzi
suallar verirdi. İdarədən çıxanda Mirzə mənə
mehribanlıqla əl verib dedi:
–
Bizimlə əlaqə saxla, yazılarını gözləyəcəyəm...
”
1913-cü
ilin sonlarında təqdim etdiyi həmin yazı “Molla Nəsrəddin”in
29 yanvar, 1914-cü il tarixli 3-cü sayında dərc olunur.
İlk yazısı üstə mövhumat xəncərinin ləzzətini
dadan M.Nasir jurnalın məsləkinə daha böyük
inamla bağlanır. 1915-ci ildən “Dirilik”, “Tuti”,
“Açıq söz”, sonralarsa “Yeni fikir” kimi qəzet və
jurnallarda çıxışlar etdiyindən, həm də
bir müddət “Molla Nəsrəddin”in fəaliyyətini
dayandırması üzündən neçə il ədiblə
görüşə bilmir. Nəhayət,
1925-ci- ildə M.Cəlillə Borjomidə qarşılaşan
müəllif həmin günü belə
xatırlamışdı: “Mənim böyük satiriklə
ikinci görüşüm 1925-ci ildə Borjomda oldu. O,
stansiyanın qarşısında dayanıb gedən-gələn
qatarları qarşılayırdı. Mənə belə gəldi
ki, Mirzə stansiyaya hansısa tanışını və ya
qohumunu qarşılamağa gəlib. Ona yaxınlaşıb
salamlaşdım. Diqqətlə baxandan sonra tanıdı və
“necə də böyümüsən”, deyib məni bərk-bərk
qucaqladı. Hal-əhvaldan sonra məni sorğu-suala tutdu.
Aydın oldu ki, Mirzə növbəti məzuniyyətini
Borjomda keçirir və stansiyada görünməyini belə
izah etdi:
–
Adam sanatoriyada darıxır. Hərdən stansiyaya gəlirəm,
gedib-gələnlərə baxıram ki, bəlkə
tanışlarla rastlaşdım.
Bundan
sonra Mirzə bir şüşə süd aldı və biz
birlikdə bufetə daxil olduq. O gün bizim söhbətimiz
uzun çəkdi”.
1927-ci
ildə M.Nasir Bakıda “Kommunist” qəzetində işə dəvət
olunandan sonra ədiblə
sıxı görüşləri öz axarına
düşür. M.Nasir xatırlayır ki, o zaman Azərbaycan
dilində olan bütün qəzetlər, o cümlədən
“Molla Nəsrəddin” jurnalı da yeni əlifba ilə
çıxmağa başlamışdı. Bunun da qəzetlərin
və “Molla Nəsrəddin” məcmuəsinin tirajına mənfi
təsiri oldu. Mirzə Cəlil bu barədə söhbət
açaraq dedi:
–
“Molla Nəsrəddin” yeni əlifbaya ürəkdən tərəfdardır.
Lakin yeni əlifba ilə savadlı az olduğu
üçün jurnalımızın oxucuları xeyli azalmışdır.
Mən
bu sözlərin cavabında ədibə dedim ki, bu günlərdə
Nuxa şəhərinə ezamiyyətə gedəcəyəm,
söz verirəm ki, orada “Molla Nəsrəddin”
üçün yeni abunəçilər yığım. Mən
vədimə əməl etdim. Nuxa ipək zavodlarını gəzib,
altı aylıq olmaq şərtilə məcmuəyə 360 abunəçi
cəlb etdim. 900 manat pul alıb Bakıya gətirdim. Mirzə
Cəlil bu puldan bir qədərini rəssama və yerdə
qalanını da mətbəəyə verib köhnə
borclardan qurtardı”. Bundan sonra yazıçı
xatırlayır ki, Nuxada olarkən şəhərin sanitariya
cəhətdən pis saxlanması barədə bir yazı
yazıb “Molla Nəsrəddin” jurnalına vermişdim. Yazı
bir aydan artıq redaksiyada qaldı. Bir gün bunu Mirzə Cəlilə
xatırladanda dedi: “Yadımdadır, ancaq yazın çox
uzundur. Uzun yazını oxumurlar. Qısa və məzmunlu
yazmağa çalış! Əgər yazsaydın ki, Nuxaya
getmişdim, küçələrdə it-pişik
ölüsü görüb bir salavat çevirdim, onda
hamı biləcəkdi ki, kommunxoz pis işləyir. Daha buna təfsilat
nə lazımdır...”
M.Nasir
xatirəsinin başqa bir yerində jurnalda katib işlədiyi
fakta da aydınlıq gətirərək yazır ki, “yayın
isti günlərindən biri idi. “Kommunist” qəzeti
redaksiyasında oturmuşdum. Mirzə içəri girdi.
Salam-kalamdan sonra sözə bu müqəddimə ilə
başladı:
– Məmmədəli,
çox istidir. Bu yayı hara gedəcəksən? Mənim
fikrim Borjoma getməkdir. Mən hər il Borjoma gedirəm.
Sonra
əsl məsələyə keçərək dedi:
– Əli
Nəzmi yoldaş sabahdan məzuniyyətə gedir. Onun yerini bəlkə
sən idarə edəsən? Ancaq katibə verməyə
pulumuz yoxdur. Yazı-zad yazıb zəhmət haqqını
qonorardan çıxararsan.
Mən
razı olub səhəri işə başladım”.
Maraqlıdır
ki, bir il sonra müəllif bu mövzuya yenidən
qayıdır. “Vışka” qəzetində dərc etdirdiyi
“Böyük satirik haqqında xatirələr” məqaləsində
yaddaşını çözərək ədiblə
yaradıcılıq əlaqələrinə, xatirələrinə
bir başqa istiqamətdən işıq salır. Burada o, C.Məmmədquluzadənin
bəzən qələm yoldaşları tərəfindən
haqsız ittihamına, jurnalın ünvanına səslənən
qınağa və bunu doğuran səbəblərə
aydınlıq gətirir. “Kommunist” qəzeti
redaksiyasının klubunda “Molla Nəsrəddin”in 25 illik fəaliyyətilə
bağlı keçirilən tədbirdə iştirak edən
M.Nasir yazır: “Məruzədən sonra müzakirələr
başlandı. Çıxış edənlərin
arasında tanınmış yazıçı Salman
Mümtaz da var idi. O, jurnalı kəskin tənqid etdi: “Bu 25
ildə jurnalın çox böyük xidmətləri olub.
Xalq onu məhəbbətlə oxuyub. Nədənsə
axır vaxtlar jurnal əvvəlki maraqla oxunmur. Yazılar
maraqlı deyil, karikaturalar məzmunsuzdu”. Bu sözlər Mirzəni
bərk qıcıqlandırdı. Hamıda belə bir fikir
yarandı ki, Mirzə yekun sözündə natiqin
cavabını necə lazımdı verəcək. M. Cəlil
çıxışında Salman Mümtazın
ünvanına xeyli təriflər söylədi və onun
jurnalla uzun illər və yaxından əməkdaşlığını
qeyd etdi. Çıxışının sonunda o dedi: Bununla
yanaşı deməliyəm ki, yoldaş Salman Mümtazın
karikaturası bizim jurnalda meydana çıxanda mən
Bakıda olmamışam”.
Müəllif
qeyd edir ki, Mirzənin dedikləri zalda bir canlanma yaradır. Hər
kəs də özlüyündə aydınlaşdırmaq
istəyirdi ki, söhbət hansı karikaturadan gedir və o nə
vaxt çap olunub. Nəhayət, aydın olur ki, Salman
Mümtaz böyük şairlərdən Nizami, Firdovsi Sədi,
Füzulini Azərbaycan dilinə çox zəif tərcümə
edib, bundan əlavə onlardan bəzisinin əsərlərini
özününkü kimi vermişdi. Karikaturada şairlər
etiraz əlaməti olaraq əllərini qəbirdən
çıxarıb, S. Mümtazın yaxasından
yapışmışdılar.
Elə
həmin ilin 4 iyin tarixində M.Nasir “Azərbaycan müəllimi”
qəzetində başqa bir xatirəsi ilə
çıxış edir. Burda müəllif ən çox
onunla əməkdaşlığından, jurnalda gedəcək
materialları hazırlamaqda Mirzəyə etdiyi köməklikdən,
“Saray xala” adlı felyetonunun yazılma tarixindən bəhs
edir.
Xatirədə
oxuyuruq: “Bir gün Mirzə redaksiyada oturub müxbir
yazılarını gözdən keçirir, jurnalda gedəsi
məktubları seçib-hazırlamaq üçün mənə
verirdi. Elə bu vaxt qoca bir qadın çiynində xurcun
içəri girdi. Mirzə tez yerindən qalxıb, Saray xala
adlı bu qadını qarşıladı, yanında oturtdu.
Qadın xurcundan xeyli əzik-üzük kağız
çıxardıb Mirzəyə verdi və dedi:
– Səmədağa
Ağamalıoğlunun yanından gəlirəm. Bu
kağızları ona göstərdim. Məsləhət
gördü ki, “Molla Nəsrəddin”ə aparım.
Kağızlardan
və Saray xalanın sözlərindən aydın oldu ki, onun oğlu barəsində bir kənd
soveti sədrinin katibi haqsızlıq etmişdir. Saray xala qəza
mərkəzinə şikayət etmiş, lakin onun şikayətlərinə
lazımi əhəmiyyət verən olmamışdır.
Mirzə
bu barədə jurnala yazmağı mənə
tapşırdı. Tapşırığı yerinə
yetirdim. “Saray xala” sərlövhəli məqaləni Mirzə
Cəlilə təqdim etdim. O, məqaləyə bu sözləri
əlavə etdi: “Əgər sağlıq olsa, işdən
başımız ayılsa, Saray xalanın yeddi ildən bəri
yığıb saxladığı kağızları bircə-bircə
vərəqləyib, oradakı “gözəl” rezolyusiyalarla
“Molla Nəsrəddin”in oxucularını tanış edərik”.
Həmin
yazı “Qarınqulu bəy” imzası ilə “Molla Nəsrəddin”in
1928-ci ildə çıxan birinci nömrəsində
çap edildi. Ümumiyyətlə, mənim istər inqilabdan
əvvəl, istərsə sonra “Molla Nəsrəddin”
jurnalında “Qarınqulu”, “Qarınqulu bəy”, “Anaş qurbağa”,
“Fil-fil” imzaları ilə çoxlu yazım dərc
olunmuşdur”.
M.Nasirin
“Saray xala” felyetonunda təsvir olunmuş məmur biganəliyi,
süründürməçiliyi kimi hallarla bu gün də
rastlaşdığımızdan
mövzunun aktuallığını nəzərə
alıb, onu oxuculara təqdim edirik.
“SARAY XALA”
Keçənlərdə
şəhərlilər kəndlilərin xatirini çox istəyirdi.
Ona görə də kəndlilər şəhərə gələndə
şəhərlilər onları ələ salıb,
oynadıb gülürdülər.
Belə
işlərə Tiflisdə Şeytan bazarında, İrəvanda
Məscid çarsusunda, Gəncədə Üstü
örtülü bazarda, Bakıda Quba meydanında və qeyri
şəhərlərdə bu kimi bazar və meydançalarda
tez-tez rast gəlmək olurdu.
Bir
gün İrəvanda Məscid çarsusunda bərk bir gurultu
vardı. Dedim nə xəbərdir? Dedilər: Bazara bir xam kəndli
gəlib. Uşağı azarlı olduğu üçün
Hacı Qafar əmidən nabat almaq istəyir. Hacı Qafar əmi
də kəndlini ələ salmaq üçün deyir:
“Həkim
kəblə Məmmədəlinin yanına get, deginən nabat
versin. Əgər
dükanda olan nabatdan versə, alma. Deginən onu istəmirəm. Evdə
olan nabatdan ver”.
Kəndli gedib, Hacı Qafar əmi öyrədən kimi
deyir. Söz buradadır ki, kəblə Məhəmmədəlinin
arvadının adı Nabat olduğu üçün o saat
qanır ki, bunu biclər öyrədib. O da
başlayır kəndlini sarımağa. O biri qonşular da
buna qoşulub, bazarda böyük bir hay-küy
düşüb.
Hərçənd o vaxtdan uzun müddət keçir. Adam elə
bilir ki, yaddan çıxıb gedib. Ancaq indi bizim bəzi
qəzalarımızda insan cürbəcür işlərə
rast gələndə öz-özünə deyir:
– Ey
dili-qafil, yenə də hacı qafarlar və yenə də həkim
kərbalayi məmmədəlilər və yenə də xam kəndlilər
və onları incidənlər vardır.
Əgər qulaq assanız, Quba qəzasından sizə
bir balaca hekayə nağıl edəcəyəm. Hekayə bu qərar ilədir:
20-ci ildə Saray xala adlı bir ləzgi qadının
oğlu yerli qaçaqlar tərəfindən qətl olunur. Məqtulun
arvadı gözəl olub və azdan-çoxdan varı olduğu
üçün kənd şura sədri katibinin buna
gözü düşür. Axırda elə
olur ki, cürbəcür şəhadətnamələr vasitəslə
məqtulun anası evdən bayıra atılır, arvadı
da kənd şurası katibi alır. Bu
katibin ikinci arvadı olur. Saray xala öz
haqqını almaq üçün qəza mərkəzinə
gəlib şikayətə başlayır. Ancaq nədənsə Saray xalanın verdiyi ərizələr
hər yanda boşa çıxır. Axırda
Saray xala qəzanın bəzi işçiləri
üçün bir əyləncə və təfrih aləti
olur. Bu, əlinə kağız yazıb
verir, o, idarəyə göndərilir. O idarə də
verib, bu idarəyə göndərir. Saray xala yeddi il içərisində idarədən-idarəyə
verilən kağızları toplayıb, böyük bir
xurcunla idarələrin dərdinə çarə etməsi
üçün dünən Bakıya gəlmişdi. Mən onun kağızlarına baxdım. O
kağızların içində çox gözəl
rezalyusiyalar və şeirlər də vardır ki, onlar ilə
“Molla Nəsrəddin” oxucularını tanış
etmək istərdim.
Məsələn,
bir nəfər Saray xalanın kağızına bu rezalyusiya
qoymuşdur: “Həsən! Saray xalanın şərrin mənim
başımdan rədd et!”
İkinci
rezalyusiya: “Dərda ki, razi-pünhan xahəd şod aşikara” . (Əvvəl-axır
bu sirr aşkar olacaqdır–Ş.N. )
Üçüncü
rezalyusiya: “Gəl-gəl eylə mənim dərdimə
çarə, Saray, nə imiş, söylə nə çarə”.
Dördüncü
rezalyusiya: “Saray xala, haray xala, tufan xala, məzlum xala, bizi bu cənab
xala təngə gətirib”...
Bu rezalyusiyaların hamısında böyük qəza
idarə müdirlərinin imzası və möhürü də
vardır.
Əgər
sağlıq olsa, işdən başımız
açılsa, Saray xalanın yeddi ildən bəri
saxladığı kağızları bircə-bircə vərəqləyib,
o gözəl rezalusiya və onların müəllifləri ilə
oxucularımızı tanış edərik.
Müxlisiniz:
Qarınqulu bəy
“Molla Nəsrəddin”,
1928, ¹1, 6 yanvar”.
Şəfəq Nasir
525-ci qəzet.-
2013.- 9 aprel.- S.4.