Yazıçılar Birliyinin
mükafatları qaliblərə təqdim olundu
Azərbaycan Yazıçılar Birliyinin
“Natəvan” klubunda Birliyin Azərbaycan ədəbiyyatının gələcək
inkişafı və yazarlara dəstək naminə təsis etdiyi müsabiqənin yekunları ilə bağlı mükafatlandırma
mərasimi keçirilib.
Müsabiqə nəticəsində “Ən yaxşı nəsr əsərinə görə Yusif Səmədoğlu adına
mükafat”a Etimad Başkeçid və Alpay Azər, “Ən yaxşı poeziya əsərinə görə Əli Kərim adına mükafat”a Vaqif Bəhmənli və Mahir Qarayev, “Ən yaxşı tənqidi və publisistik əsərə görə Yaşar Qarayev adına mükafat”a Vilayət Quliyev və Əsəd Cahangir layiq görülüblər. “Ən
yaxşı tərcümə
əsərinə görə
Tofiq Bayramov adına mükafat” Vilayət Hacıyevə və Ələkbər Salahzadəyə, “Xarici ölkələrdə Azərbaycanı
və ədəbiyyatını
təbliğ edən ən yaxşı əsərlərə görə
Nəcəf Nəcəfov
adına mükafat” isə İmdat Avşar (Türkiyə) və Mixail Sinelnikova (Rusiya) verilib.
Mükafatları qaliblərə Xalq yazıçısı Mövlud
Süleymanlı təqdim
edib. M.Süleymanlı müsabiqəyə
təqdim olunan 80 əsərdə Azərbaycanın
ədəbi mənzərəsini
hiss edə bildiyini söyləyib. Xalq yazıçısı onu da qeyd
edib ki, əsərlər arasında
olduqca maraqlı əsərlər var idi, ancaq müsabiqənin
şərtlərini nəzərə
alaraq hər nominasiya üzrə iki ən yaxşı
müəllif mükafatlandırılıb.
Dəyərli ədəbi
şəxsiyyətlərin adına təsis
olunmuş bu mükafatlara olduqca ciddi yanaşmağın vacibliyini vurğulayan M.Süleymanlı bu ənənənin gələcəkdə
də davam etməsini arzuladığını
deyib. Mükafatlar təqdim olunduqdan
sonra söz qaliblərə verilib.
İmdat
Avşar: “Mən ilk öncə bu mükafatı təsis etdiyi üçün, başda hörmətli Anar bəy olmaqla,
Azərbaycan Yazıçılar
Birliyinə öz təşəkkürümü bildirirəm. Çox böyük qürur
hissi keçirirəm
ki, məni də bu dəyərli
mükafata layiq bilmisiniz. İstərdim xüsusi qeyd
edim ki, mən özümü hər zaman Azərbaycan vətəndaşı
kimi hiss etmişəm.
Artıq
6 ildir ki, qardaş Azərbaycanın
dəyərli ədəbiyyat
nümunələrini Türkiyə
türkcəsinə tərcümə
edirəm. Mən bacardığım
qədər Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin Türkiyədə
geniş təbliğinə
çalışıram”.
Əsəd Cahangir: “Mən
də öz növbəmdə müsabiqənin
bu cür obyektiv keçirilməsinə
görə, başda Mövlud Süleymanlı olmaqla, bütün münsiflər heyətinə
öz təşəkkürümü
bildirirəm. Çalışacam ki, mən bu
mükafatı daşımağa
layiq işlər görüm”.
Mahir Qarayev: “Müsabiqələrdə
mükafatlar almaq mövzusunda bir qədər təcrübəsiz
olduğum üçün
mən çox söz deyə bilməyəcəm. Ancaq ilk dəfə
mükafat aldığım
üçün çox
həyəcanlıyam, bir
o qədər də sevinc hissi içindəyəm.
Mənim
üçün çox
xoşdur ki, Əli Kərim kimi dəyərli şairimizin adını daşıyan mükafata layiq görülmüşəm”.
Vaqif Bəhmənli: Ələkbər
Salahzadə, Alpay Azər də müsabiqənin obyektivliyindən
razı qaldıqlarını
söyləyib, bu obyektivliyə görə münsiflər heyətinin
bütün üzvlərinə
minnətdarlıq ediblər.
Münsiflərdən Bəsti Əlibəyli və başqaları da qalibləri təbrik edərək onlara yaradıcılıq
uğurları arzulayıblar.
Günel MUSA
525-ci qəzet.- 2013.- 10 aprel.- S.7.