Ramiz Rövşən: “Bizim seçimimiz
namuslu seçim oldu, heç bir yaxşı əsər
qıraqda qalmadı”
“Mən o fikirlə razı deyiləm ki müsabiqə
yolu ilə şair, yazıçı yetişir. Amma müsabiqə
müəyyən mənada müəllifin özünü təsdiq
etməsi və tanıtması üçündür və mənim
fikrimcə, müsabiqələr gənclər
üçündür, onların meydanıdır. Bizim seçimimiz, birmənalı şəkildə,
namuslu seçim oldu, bu mənada ki, heç bir yaxşı əsər
qıraqda qalmadı”.
Bu fikirləri şair Ramiz Rövşən münsif kimi
iştirak etdiyi, Azərbaycan Yazıçılar Birliyi tərəfindən
təşkil olunan ədəbi müsabiqənin yekunları ilə
bağlı tədbirdəki çıxışında
söyləyib. R.Rövşən deyib ki, ədəbi yarışma barədə
söz-söhbətlərə və narazılıqlara
baxmayaraq, müsabiqə olduqca obyektiv keçib: “Bu müsabiqə
ətrafında bir az söz-söhbət oldu və çox də
qəribədir ki, bu söz-söhbəti yaradanlar ən
çox da mənimlə məşğuldurlar. Sizə
deyim ki, mənim 67 yaşım var və 67 illik ömrüm də
göz qabağındadır. İstər ədəbiyyatda,
istərsə də cəmiyyətdə. Ona
görə də mənasız söz-söhbətlərə
yer yoxdur. Çünki hamı hər kəsi
tanıyır. İkincisi, bütün bu əlavə
söhbətlərin birmənalı olaraq ədəbiyyata
heç bir dəxli yoxdur, bu söhbətlər ədəbiyyatdan
kənar, mənasız, xırda-xuruş
danışıqlardır. Mən özümə
yaxın olan nöqtədən deyim ki, poeziya seçimində
biz mükafatı 70-ci illər nəslinin iki bir-birindən fərqli
şairinə verdik: Mahir Qarayevə və Vaqif Bəhmənliyə.
Və bu mükafatlar elə-belə verilməmişdi.
Mahir Qarayev də 70-ci illərdə çap
olunmağa başlayıb. Bildiyiniz kimi, o
vaxtlar “Ulduz”, “Azərbaycan” jurnallarında doğrudan da
çox ciddi bir meydan açılmışdı gənclər
üçün. 70-ci illərin sonunda Azərbaycan
ədəbiyyatı və mədəniyyəti
üçün o jurnalların fəaliyyəti çox
mühüm idi. Təbii ki, o jurnallar da
60-cı illərin sonlarında yaranmış “Qobustan”
jurnalı ilə yaxından səsləşirdi. Vaqif də, Mahir də o dövrdə imzası
görünən, təsdiqlənən şairlərdir.
Məlumdur ki, o vaxt hansısa gənc şairin imzasının
görünməsi asan iş deyildi. Sonra Mahir
yaradıcılığına böyük bir fasilə verdi, 50 yaşı ərəfəsində bir
poemalar kitabı çıxdı. Ümumiyyətlə,
son illərdə Azərbaycanda poema janrının
öldüyü haqqında danışırlar. Mən birmənalı olaraq deyirəm ki, Azərbaycan
poeziyasının bu janrında ən ciddi hadisədir Mahir
Qarayevin poemaları. Vaqif isə Azərbaycanın
ən məhsuldar şairlərindəndir. Onun çox
gözəl şeirləri var. Bu şairlərdən biri ən
az çap olunan, bir ən çox
çap olunan şairimizdir. Mən arzu edirəm ki, Vaqif bir az Mahirləşsin, Mahir bir az Vaqifləşsin.
Mahir bir az çox yazsın,
oxucularını həsrətdə qoymasın. Vaqif
də bir qədər az çap olunsun, oxucularını bir
azca həsrətdə qoysun”.
Mükafat
almayan şairlərlə bağlı Ramiz Rövşən
bunları deyib: “Həqiqətən də müsabiqəyə
təqdim olunan imzalar arasında müəyyən qədər
maraq doğuranlar vardı. Bəzi inciyən
dostlar da oldu. Amma mən bir məqamı
qeyd etmək istəyirəm ki, bu müsabiqə Azərbaycan ədəbiyyatı
müsabiqəsidir və Azərbaycan dilində, ana dilimizdə
olan əsərlərə qiymət verilirdi, moltanı dilində
olanlara yox. Çox təəssüf ki,
orda bəzi, moltanı dilində olan kitablar da vardı.
Bunu son 30 ildə ədəbiyyatı kifayət qədər
ciddi şəkildə oxuyan bir adam kimi
deyirəm: bütün dünyada poeziya ciddi böhran
keçirir. 80-ci illərdən bəri
dünyada, bir dənə də olsun, ciddi şair imzası
yoxdur. Olanlar da ancaq epataja gedən, özlərindən
hadisə yaradanlardır. Sırf poeziya
yoxdur. Poeziya ruh hadisəsidir və mən
bu mənada səmimi düşüncədəyəm ki, bizim
poeziyamız hələ ki ayaq üstündədir. Bunun özü sevindirici haldır”.
Nəsr əsərləri
üzrə dəyərləndirmələrini
açıqlayan R.Rövşən bu nominasiya üzrə də
mükafatların layiqli laureatlara təqdim olunduğunu
bildirib: “Mən çox təəssüflənirəm ki, həmin
nominasiya üzrə qaliblərdən biri mükafatı
almağa gəlmədi. Onu da deyim ki, o
mükafatçının təqdimatda iştirak etməməsi
də ədəbiyyata dəxli olmayan hadisədir. Bütün dostlarımız da daxil olmaqla, hamıya
deyirəm ki, ədəbiyyata dəxli olmayan işlərlə
məşğul olmasınlar. Müsabiqəyə
təqdim olunan nəsr əsərləri içərisində
maraqlı kitablar, yazılar vardı. Məsələn,
rəhmətlik Zakir Sadatlının Əfqanıstan
mövzusunda yazdığı əsər maraqlıydı.
Azad Qaradərəlinin hekayələri pis
deyildi. Amma Etimadla Alpayın hekayələri
ən maraqlı nümunələr idi. Niyə
maraqlıydı? Bu hekayələr iki
tamamilə fərqli yanaşması, fərqli ifadə
forması olan azərbaycanlının eyni mühit haqqında
olan hekayələri idi. Mənim fikrimcə,
həm Alpayın, həm də Etimadın haqqı idi bu
mükafat. Və mən çox istərdim
ki, Etimad bu mükafatı alsın”.
Müsabiqədə
şəxsi münasibətlərə görə dəyərləndirmə
aparılmadığını vurğulayan R.Rövşən
tənqid və publisistika, xarici ölkələrdə Azərbaycanı
və ədəbiyyatımızı təbliğ edən ən
yaxşı əsərlər və ən yaxşı tərcümə
əsərləri üzrə qaliblərin də mükafatlara
layiq olduqlarını vurğulayıb: “Tənqid və
publisistika nominasiyası üzrə Vilayət Quliyev və Əsəd
Cahangir seçildi. Bu da düşünürəm
ki, çox ədalətli seçim idi. Əvvəla
onu deyim ki, mən Vilayət Quliyevin gördüyü işləri
çox yüksək qiymətləndirirəm. Azərbaycan səfirlərindən ikisi – Eldar Həsənov
və Vilayət Quliyev Azərbaycan üçün çox
böyük işlər görürlər. Biri Azərbaycanın
mədəniyyətinin, ümumiyyətlə milli
varlığımızın təbliği, o biri də Azərbaycanın
Cümhuriyyət dövrü ilə bağlı qaranlıq səhifələrin
araşdırılıb üzə
çıxarılması, görkəmli
insanlarımızın tanıdılması yönündə
mühüm iş aparırlar. Vilayət Quliyevin
gördüyü bu iş təxminən bizim də müəllimimiz
olan Şirməmməd müəllimin gördüyü
işə paraleldir və çox ciddi bir vətəndaşlıq
işidir. Həm də Vilayət Quliyevin
yazıları yüksək səviyyəsilə seçilir.
“525-ci qəzet”də gedən yazıları da
buna sübutdur. Mənə elə gəlir
ki, bu mükafat Vilayət Quliyevin halal haqqıdır. Əsəd Cahangirə tənqid sahəsi üzrə
mükafat verdik. Mən bilirəm ki, bəzi narazı
qalanlar var. Demək istəyirəm ki, son on beş
ilin ən ciddi tənqidçisi kimi mən Əsədi
görürəm. Haqlı yazıları da var,
haqsız olduqları da. Mənim
haqqımda da hərdən yazılar yazır. Amma
bunların heç birinin bizim tənqidçiyə, şairə,
yazıçıya verdiyimiz qiymətə dəxli ola bilməz. Yəni adama qiyməti
onun işinə görə vermək lazımdır. Kiminsə mənə münasibəti heç nəyi
həll etmir, amma mahiyyət etibari ilə kiminsə sənə
münasibəti əgər sənin ona münasibətini dəyişəcəksə,
onda orda hansı ədəbi vicdandan danışmaq olar? Əsədin tənqidçi kimi təhlil qabiliyyəti
güclüdür, hətta o yerdə ki, mən Əsədin
fikirləri ilə razı deyiləm, orda da Əsəd mənim
üçün maraqlıdır. Müsabiqədə
biz iki tərcümə işinə mükafat verdik. Vilayət Hacıyev və Ələkbər Salahzadə
mükafatlandırıldı. Vilayət
hazırda burda yoxdur. Amma onu demək istəyirəm ki, mən
Kafkanın “Məhkəmə” romanını oxuyanda hətta təəccübləndim
ki, Azərbaycanda bu səviyyədə tərcümə ola bilərmiş. Bizdə təkcə
roman bumu yaşanmır, həm də tərcümə bumu
var. Baxıram, kitablar çıxır, amma o tərcümələrin
əksəriyyəti kompüter səviyyəsindədir.
Vilayət çox peşəkar tərcüməçidir.
Onun tərcümə etdiyi əsər çox
çətin əsər idi. Buna baxmayaraq
öhdəsindən çox peşəkarcasına gəlib.
Mən onun digər tərcümələrinə
də baxdım, gördüm ki, eyni ustalıqla tərcümə
edib. Ələkbər Salahzadəni isə,
hər şeydən əvvəl, böyük Azərbaycan
şairi sayıram. Bu mənim oxucu kimi ona
münasibətimdir. Bu gün mənim ən
çox oxuduğum, yaradıcılığını izlədiyim
barmaqla sayılası şairlərdəndir. Ələkbər çox məhşur bir əsəri
tərcümə edib. Selimoviçin əsəri
çox ciddi romandır və Ələkbər onu çox
böyük ustalıqla tərcümə edib. Biz Azərbaycanı təbliğ edən, ümumiyyətlə
Azərbaycanla yaşayanların hər birinə borcluyuq.
Harda olursa olsun, bizim dilimizlə, ədəbiyyatımızla,
varlığımızla yaşayan, onun yolunda can qoyan, təbliğinə
xidmət edən hər bir insan bizim üçün əziz
olmalıdır. Bu mənada İmdat
Avşarın və Mixail Sinelnikovun Azərbaycan ədəbiyyatının
təbliği yolundakı işlərini yüksək dəyərləndirirəm.
Mən buna mükafatlandırmaq deməzdim, minnətdarlıq
deyərdim”.
Çıxışını yekunlaşdırarkən
bir daha müsabiqənin kifayət qədər obyektiv
keçirildiyini deyən Ramiz Rövşən münsiflər
heyətinə və iştirakçılara təşəkkürünü
bildirib, qalibləri təbrik edib.
Günel MUSA
525-ci qəzet.-
2013.- 10 aprel.- S.7.