Vaqif Yusiflinin ad gününə
Vaqif
Yusiflini ədəbiyyatla məşğul olan hər kəs
tanıyır. Gənc yazarlar, orta nəsil, yaşlı, hətta
çox yaşlı şair və
yazıçılarımız da onun qələmindən tərif
və tənqid payını alıb. Vaqif Yusiflinin məqalələrində
ən çox xoşuma gələn cəhət haqqında
yazdığı sənətkara məhəbbət, hörmət,
can yanğısı hissinin gözə
çarpmasıdır. Hətta sərt tənqid etdiyi əsərin
müəllifinə də həmin məqalədə hörməti,
qayğını, can yanğısını duyursan. Mənim
fikrimcə, tənqidçi üçün bu başlıca
keyfiyyət olmalıdır. Yəni o təhlil etdiyi əsərdə
nöqsan tapdığı üçün sevinmir, həzz
almır, amma gizlətmək fikrində də deyil.
Deyir,
amma təəssüf hissi ilə deyir, ağrı ilə
deyir. Tənqidçinin üzünə gülən çox
olur, amma onu qəlbdən sevən, yaxını, dostu az olur.
Amma Vaqif Yusifli kimilər var, az deyil, onları ürəkdən
sevən, ürək dostu olan yaxınları var.
Çünki onlar “tərifçi”, “tənqidçi” deyil – təhlil
edəndir. Ədəbiyyatı sevən, şair və nasirlərin
yeni əsərlərini sevə-sevə oxuyan nöqsanından
kədərlənən, uğurundan sevinən, haqqında
böyük məhəbbətlə yazan insandır Vaqif
Yusifli. Bu illər ərzində o, ədəbiyyata məhəbbətini,
haqqa sədaqətini sübut edib, mümkün qədər əsl
ədəbiyyatın tərəfini saxlayıb, müdafiəsində
olub. Vaqifin ömrünün əhatə etdiyi dövrü
yaşayanlar, görənlər bilir ki, bəzən haqqı
qorumaq da müşkül iş olurdu. Nəinki haqqı demək,
hətta bəzən haqqı deyənləri söyməmək,
heç olmasa susmaq da cəsarət tələb edirdi.
Bütün bu illərdən keçib bu yaşa Vaqif gəlib,
heç kəsin yanında gözü kölgəli deyil. Hər
bir qələm yoldaşı ilə gülər üzlə
görüşə bilir. Bu bir tənqidçi
üçün çox çətin işdir. Mən bilən
bu məsələdə ən yaxın köməkçisi ədəbiyyatımıza
olan məhəbbəti, dostlarına olan sədaqəti olub. Tənqidçinin
qələmi qılınc deyil, kəsə ata. Tənqidçinin
qələmi sağlamı qorumaq, yaranı sarımaq,
sağaltmaq üçündür. Vaqif Yusifli bunları gənclik
illərindən bilirdi. İndi isə ömrünün
müdrik çağındadır. Biz bir ailəyik – ədəbiyyat
ailəsi. Ədəbiyyat bizim yaşadığımız məkandır,
ikinci Vətənimizdir. Tənqidçilərimiz bu məkanın
ekologiyasının
keşikçiləri, həkimləridir. Vaqif, sən bu
sırada ən aktiv çalışanlardan birisən. Az
yeyib, çox işləyənlər nəslinə aidsən.
Hamımız
səndən yeni-yeni əsərlər gözləyirik. O əsərləri
oxumaq arzusu ilə sənə uzun ömür, buz baltası
kimi möhkəm can sağlığı arzu edirik. Allahın
əlində bu asan bir işdir. Allah duaları eşidəndir.
Bunu öz təcrübəmdən bilirəm. Gələn
yubileyində görüşmək ümidi ilə dostun
Fikrət QOCA
525-ci qəzet.- 2013.-11 aprel.- S.7