Sənətkarın ölümü və
ya ömür yenidən başlayır
(Elçin-70)
Teatr sənətinin yazılmamış qanunlarından
biri də “qırmızı” imzanın olmasıdı. Hər zaman
teatr tamaşaçısı afişada imza
axtarışında olub.
Xalq yazıçısı Elçinin adı bu gün
afişada arzulanan və izlənən imzadı. Bu bir həqiqətdir
ki, Elçin imzası oxucular və tamaşaçılar tərəfindən
hələ nəsrdən sevilmişdi. Bu böyük
yazarın qələmə aldığı “Baladadaşın
ilk məhəbbəti”, ”Şuşaya duman gəlir” kimi hekayə və povestləri ,
“Ağ dəvə”, “Mahmud və Məryəm”, “Ölüm
hökmü” romanları məzmun
və ideya baxımdan oxucuların böyük
marağını qazanmışdı.Böyük qələm
sahibinin nəsr əsərlərini təhlil etmək,
onların sevilmə və çox oxunma səbəbini
araşdırmaq və söz demək başqa bir söhbətin
mövzusudu.
İndi isə fikrimin əvvəlinə qayıtmaq istərdim,
Elçin və dramaturgiya mövzusuna. Biz
tamaşaçılar xalq yazıçısı Elçinin
imzası ilə 90 -cı illərdə afişada
qarşılaşdıq. Nə yalan deyim,
sözün düzü, biz teatrsevərlər zənn etdik ki,
böyük yazıçımız, əvəz olunmaz
dramaturqumuz İlyas Əfəndiyevin oğlu Elçin, onun dəsti-
xətti ilə əsərlər yazacaq və məhz
atasının davamçısı olacaq. Nə
gözəl ki, biz yanılmışıq. İlyas Əfəndiyev elə qüdrətli
dramaturqdur ki, onun əsərlərinə nəzirə yazmaq
olar. Amma o böyük yazarı mövzu və
ideya baxımından təkrar etmək istənilən halda və
formada uğursuzluqla nəticələnəcəkdi. Bu qeyd-şərtsiz belədi. Əlbəttə
ki, mənim fikirimdi. Elçin müəllim
ilk səhnə əsərlərindən fərqli məzmunlu
bambaşqa ideyalı satirik komediyalarla dramaturgiyaya gəldi.
Bu gəlişdən əvvəl 70- ci illərdə
“Poçt şöbəsində xəyal” dramı ilə
dramaturgiyaya gəlmək istəyən
yazıçının qarşısında o zamankı sovet
quruluşunun qlavlit adlanan senzura aparatı qəti qadağa
qoyur. Həmin əsərin məzmunu və
taleyindən söhbət açsam uzun bir müzakirə
alına bilər. O baxımdan belə bir cümlə ilə
fikirimi ifadə etmək istərdim.Əsər sovet
adamının məişətinə və yaşam tərzinə
zidd olduğu üçün səhnəyə qoyulmur. Son illər
yazdığı “Diaqnoz-D”, ”Ah Paris, Paris”, “Mənim sevimli dəlim”,
“Teleskop” və digər pyeslər
yeni bir formada, fərqli məzmunda yazılan dramaturju əsərlərdi.
Bu yeni formada fərqli məzmunda
tamaşaları tamaşaçılar anşlaqla
qarşıladı.
Mən bir fikrin
üstündən sükutla keçə bilmərəm.
Bu, Azərbaycan dövlətinin və Cənab
Prezidentin incəsənət və mədəniyyət xadimlərinə
göstərdiyi maddi və mənəvi qayğıdı.
Mübaliğəsiz demək lazımdı ki, nəinki
keçmiş sovet respublikalarında, bu gün müstəqil
dövlətlərdə və dünyanın heç bir
inkişaf etmiş ölkəsində teatr və incəsənətin
inkişafı naminə dövlətin bu qədər diqqəti
və qayğısı yoxdur. Sözün
əsl mənasında bu hal alqışa layiqdi. Cənab Prezidentin son imzaladığı sərəncamla
teatr gününün rəsmiləşdirilməsi və Azərbaycan
teatrının 140 illik yubileyinin qeyd olunması bütün
fikirləri tamamlayır.
Belə bir zamanda, belə bir ildə qüdrətli yazar
Elçin böyük rejissor, aktyor Hüseyn Ərəblinskini
XXI əsr tamaşaçısı ilə görüşə
gətirib. Şübəhsiz ki, belə ələmətdar bir
ildə, yubiley ilində Ərəblinskinin teatr
ömrünü, nakam taleyini səhnəyə gətirmək
böyük istedadın, yazıçı
hissiyyatının, vətənpərvərlik duyğusunun, vətəndaşlıq
mövqeyinin təzahürüdü. Bax bu
məqamda xalq yazıçısı Elçin mövzu
seçimi ilə, tarixi şəxsiyyəti səhnəyə
gətirməsi ilə qüdrətli dramaturq İlyas Əfəndiyevin
davamçısıdı. Əslində
140 yaşlı teatrımızın yubiley ilində Hüseyn Ərəbliskini
səhnəyə gətirmək böyük missiyadı.
Bu missiyanı müəllif böyük
uğurla reallaşdırdı. Dramaturq Hüseyn Ərəblinskinin
fədaisi və qurbanı olduğu teatr taleyini qabarıq
yaradıb. Bu, müəllifin haqlı və düzgün
mövqeyidi. Əslində Ərəblinskinin simasında milli
teatrımızın XX əsrin əvvəllərində
cahilliyin, nadanlığın tüğyan etdiyi Azərbaycanda
ziyaya,mədəniyyətə,
insanlığa doğru neçə bir addım
atılıb. Hansı məşəqqətlərə
qatlaşaraq millət və teatr fədailərı xalqı
elmə mədəniyyətə dəvət ediblər. Pyesdə bu məziyyətlər obrazlar vasitəsi ilə müəllif
tərəfindən ustalıqla verilib. Bizim teatr
fədailəri zamanın və dövrün burulğanına
atılaraq milləti cəhalətdən xilas etməyə cəhd
göstərən Ərəblinskinin, Mayanın, Yaqonun,
Bığlı artistin, Poloninin simasında zərgər dəqiqliyi
ilə obraz kimi tamaşaçıya təqdim olunur. Pyesdə o zamankı Bakı mühiti Bibinin, Əbdülün,
Qocunun, Baqqalın, Mollanın simasında epizodik olsa da dramaturq
tərəfindən sənətkarlıqla açılır.
Tamaşanın uğurlu alınmasında
yaradıcı heyətin düzgün seçimi əsas
amildi. Bu baxımdan pyesin taleyi gətirib.
Quruluşçu rejissorun, əməkdar incəsənət
xadimi İranə Tağızadənin Azərbaycan Dövlət
Rus Dram Teatrındakı yaradıcılığı hər
birimizə bəllidi. Onun quruluş verdiyi
tamaşaların uğurunu inkar etmək mümkün deyil.
İstər dünya dramaturgiyasından olan, istərsə
də çağdaş Azərbaycan yazarlarının əsərlərinə
verdiyi quruluşlar rejissor yozumu baxımdan parlaq təsir
bağışlayır. Bir haşiyə
çıxmaq istərdim. Bəzən Azərbaycan
Rus Dram Teatrına yad bir baxış var. Bu fikir kökündən
yalnışdı. Bu teatr rus dilli olsa da Azərbaycan mədəniyyətinin , teatr sənətinin
ayrılmaz parçasıdı. Teatrın bu
gün qazandığı sənət nailiyyətləri
birbaşa Azərbaycan teatrının uğurudu. Məhz xalq yazıçısı Elçinin “Sənətkarın
taleyi” pyesinin quruluşçu rejissoru İranə
Tağızadə bu teatrın yetirməsidı. Rejissor dramaturqun ideya, məqsədindən
çıxış edərək tamaşanın hədəfini
düzgün seçmişdi. Rejissor XX -ci əsrin əvvəllərində
yaranmaqda olan Azərbaycan teatrı və milli səhnə sənətini
yaradan insanların mücadiləsini ustalıqla həll edib. Hər
bir aktyorun ifasında rejissor yozumu duyulur. Ən
əvvəl rol bölgüsü dəqiq seçilib. Bu artıq tamaşanın uğurunun 50 faizi deməkdi.
Eyni zamanda İranə Tağızadə qurduğu mizanlarla və
ya səhnədə yardımçı detallarla müəllifin
ideya qayəsinin
ekviavalentini yaratmağa nail olub. Eyni
zamanda aktyorlarla qurduğu mizanlar pyesdəki mətnlərin
diktəsi deyil, məhz rejissor təxəyyülünün məsuludu.
Bu amil çox vacibdi və önəmlidi.
Bəzən tamaşalarda personajların geyimi
baxımdan dövrü qarışdırırlar. Xüsusən tarixi tamaşalarda geyim və
aksessuarlar böyük rol oynayır. Bu tamaşada rejissor
bütün bu amillərə diqqət göstərərək
zamanın və məkanın dəqiq canlanmasına nail oub. Maraqlı cəhətlərdən biri də qəhrəmanların
hər hansı pyesin qiyafəsində, yəni geymində
olmasıdı. Dramaturq obrazları məhşur
əsərlərin qəhrəmanlarının adları ilə
adlandırır. Bu, o insanların fədai
olmalarına müəllif tərəfindən bir işarədi.
Həmin obrazların səhnə libaslarında olmaları (yeyəndə
də, yatanda da,hətta dəfndə də)
o insanların böyük millət
fədailəri olmalarının bariz nümunəsidi.
Şübhəsiz ki,quruluşçu
rejissor yozumu bunu biz tamaşaçılara diktə edir. Hətta
epizodik obrazlar belə rejissor yozumunda bütöv,dolğun təqdim olunur. Bu
baxımdan Mirzə Ağabəylinin oynadığı Baqqal,
Hicran Nəsirovanın Bibi obrazı, Anar Heybətovun
İntelligenti belə tamaşada hadisənin həlledici
qüvvəsinə çevrilir. Bəli,
onlar məhz köməkçi yox, həlledici qüvvə
olurlar. Şübhəsiz ki,
quruluşçu rejissor yozumunun nəticəsində. Tamaşa boyu hadisələr bir məkanda- teatrda cərəyan
edir. Tamaşaçı isə səhnədə
bir-birini əvəz edən şəkillər, rəngarəng
dekorlar gözləyir. Düzdü muasir
dövrdə rejissorlar şərti dekora üstünlük
verirlər. Amma bu, yenilik deyil. Həllə 60 –cı illərdə görkəmli
rejissor Tofik Kazımov quruluş verdiyi tamaşalarda
ağır, iri dekorları şərtiliklə əvəz
etmişdi. Əsas məsələ dekorun
çoxluğu və ya azlığı deyil. Ən başlıca şərt tamaşanın qayəsini
səhnədə canlandırmaqdır. “Sənətkarın taleyi” tamaşasında hadisənin
bir məkanda baş verməsinə baxmayaraq quruluşçu
rejissor səhnədə maraq doğuran rəngarəngliyə nail olub. O, aktyorlara verdiyi mizanlarla bərabər
dramaturqun sətiraltı mənalarını rejissor yozumunda
qabardaraq obraza çevirməsinə nail olur. Bu
baxımdan səhnədə oyunun eyni məkanda ifa olunması
yorucu deyil, əksinə tamaşaçıda maraq yaradır.
Şübhəsiz ki, bu İranə
Tağızadənin rejissor məharətinin nəticəsidi.
Əslində pyes bir sənətkarın taleyini
nümayiş etdirəcək qədər sadə və adi
deyil. Dramaturq Elçinin bütün əsərlərində
olduğu kimi bu pyesdə də ümumbəşəri
ideyalar, vətən və millət təəsübkeşliyi
ilə bərabər insan ucalığı tamaşada ikinci
planda deyil, məhz öndədi. Bax bu amil
də qurluşçu rejissorun nəzər- diqqətindən
kənarda qalmayıb. Səhnədə
personajlar xalq, millət deyə bar-bar bağırmırlar.
Aktyorların baxışlarında ,
gülüşlərində, göz yaşlarında, bəzən
də hayqırmaq əvəzinə, lal baxışlarında
çığırtının şahidi oluruq.
Rejissor
işindən söhbət açarkən baş rolun
ifaçılarını qeyd etməmək mümkün
deyil. Mənim diqqətimi Ərəblinski, Qrafinya Anna, Poloni və
Əbdül obrazları daha çox cəlb etdi. Ona görə
yox ki, onlar baş rollardı. Sözün düzü Ərəblinski
rolunun ifaçısı Əməkdar artist Firdovsi
Atakişiyev haqqında müxtəlif rəylər vardı.
Eləki tamaşa başlandı, pərdə
açıldı, Ərəblinski obrazının
ifaçısı aktyor Firdovsi Atakişiyev səhnəyə
çıxdı, mənim şübhələrimə son
qoyuldu. Bir nüansı yaddan çıxarmamalıyıq ki,
müəllif Ərəblinski
obrazını Azərbaycan teatr fədailərinin ümumiləşdirilmiş
obrazı olaraq səhnəyə gətirib. Aktyor da Ərəblinski
obrazını düzgün olaraq ümümiləşdirilmiş
ifada təqdim edir. Aktyor ifası boyu oynadığı
obrazın zamanını, mühütini düzgün yarada
bilir. Teatr sənətinin sevinc və kədərini, uğur və
bədbəxtliyini mən deyərdim ki, heç də zəif
və sönük vermir, əksinə lazımınca
qabardır. Məhz müəllifin XX əsr teatr həyatına
güzgü tutmaq məqsədini aktyor hərtərəfli
çalarlarla səhnədə
yaradır. Səhnədə bir anda haldan- hala düşərək
obrazın çılğınlığını, sevgisini,
kədər və məyusluğunu məharətlə
oynayır. Bu anda tamaşadan bir səhnəni
xatırladım. Mayanın dəfn səhnəsi. Firdovsi
sevginin kədərini daxilən oynayır. Eyni zamanda Ərəblinski
olaraq tamaşanın taleyini düşünməsini çox
təbii, teatr həyatında olduğu kimi reallıqla səhnədə
canlandırır. Bu bir həqiqətdir ki, aktyorlar əzizlərini
gündüz dəfn edib, axşam komediya oynayıblar. Bu da
teatr sənətinin yazılmamış qanunlarından biridi.
Görünür bu qanunu bizim fədailər teatr sevgiləri
ilə qanuniləşdiriblər. Firdovsi Atakişiyev baş qəhrəmanın
ifaçısı olaraq tərəfmüqabilləri ilə səmimi
oyun sərgiləyir. Bu hal tamaşanın xeyrinə olan amildi.
Aktyor tərəfmüqabilləri ilə qurduğu oyun
müstəvisində fərdi oyun deyil, həmkarları ilə
rabitə yaradır. Bəzən aktyorlar səhnədə “tək”görünməyə
üstünlük verirlər. Firdovsi Atakişiyevin ifasında
bu eqoizm hiss olunmur. Bəlkə də bu hala quruluşçu
rejissor nail olub , bilmirəm. Hər halda səhnədə Ərəblinski
baş qəhrəman olaraq uğurludu. Firdovsi olaraq Ərəblinskinin
pyesdəki aktyorluğunu özü tərəfindən aktyor
kimi vermir. Bu böyük şəxsiyyətin
istedadının bir tərəfi olaraq oynayır. Düzdü
biz səhnədə Ərəblinskini bir şəxsiyyət
kimi görmürük. Bu, aktyorun yanlışlığı
deyil. Əksinə müəllifin ideyasından, yaranmaqda olan
teatrımızın daşlı- kəsəkli, tikanlı
yolda ilk addımlarını Ərəblinski obrazı vasitəsi
ilə verməsindən yaranan ifadı. Firdovsi Atakişiyevin
ifasındda Ərəblinski obrazı əsərin baş qəhrəmanı
olaraq tamaşanın önündə getməyi
bacarır.
Şübhəsiz
ki, tamaşa kollektiv əməyin
məhsuludu. Dramaturq, quruluşcu rejissor, bəstəkar,
rəssam və görünməyən, lakin əməyi əvəzolunmazlar.
Bu da bir həqiqətdir ki, son anda aktyor tamaşaçı ilə
üz-üzə qalır. Və son anda aktyor tamaşanın
taleyini tamaşaçının gözləri önündəcə
həll edir. Bu tamaşada həlledici aktrisa olan Şükufə
Yusupovanın Qrafinya Anna obrazına laqeyd qalmaq mümkün
deyil. Şükufə xanım səhnəmizin aristokrat sənətkarıdı.
Onun yaratdığı bütün obrazlarda, istər Həmidə
xanım olsun, istər İokasta olsun, istərsə də Sara
Bernar olsun hər birində bir nəciblik duyulur. Bu baxımdan
bu aktrisanın oynadığı irili- xırdalı obrazlar
tamaşaçının qəlbində silinməz iz
qoyur.Şükufə xanımın qrafinyası zədagan ədabazlığı
ilə deyil, qadın olaraq insani keyfiyyətləri ilə
parlaqdı. Aktrisa, Annanı Peterburq zədagan aləminin
simvolu olaraq təqdim edir.Bilirsiniz ,Şükufə xanım
bir aktrisa, bir sənətkar olaraq səhnədə
özünü sevmir, səhnədə sənəti sevir. Bu
baxımdan o, ən zəif tərəfmüqabili ilə belə
səmimi oyun münasibəti qurur. Bu da tamaşanın
uğuruna xidmət edən amildi. Aktrisa, Anna obrazını
yaradarkən bu prinsipə sadiq qalıb. Mən zəif tərəfmüqabil
dedikdə əsla baş rolun ifaçısını nəzərdə tutmuram. Bu, ümumiləşdirilmiş fikirlərdi.
Onun qrafinyası zərif qadın olmaqla bərabər yüksək
intellektə və insanı keyfiyyətə malik
qadındı. Annanın Ərəblinskiyə olan sevgisi
qadın şəhvəti deyil, bir istedada olan dəyərə
çevrilir. Aktrisa qrafinyanın Ərəblinski ilə
yaşadığı sevgidə belə onun fanatı
olduğunu israr edir. Eyni zamanda Şükufə xanım –Anna Ərəblinskiyə
vurulur. Qəhrəmanın bənd olmasını ustalıqla
onun yaratdığı obrazlara yönəldir. Aktrisa bu
nüansı incə bir oyun manerası ilə nümayiş
etdirir. Şükufə xanım aktyor texnikasını
çox da qabardan aktrisalardan deyil. Onun baxışı da,
gülüşü də, etirazları da, təkidləri də
oynadığı hadisəni inandırmağa xidmət edir. Məhz
obrazın uğurlu alınmasında bu amil mühüm rol
oynayır. Bu baxımdan teatral tamaşaçılar xalq
artisti Şükufə Yusupovanı səmimi aktrisa olaraq qəbul
edirlər. Bu baxımdan qrafinya
Annanı tamaşaçıların inanaraq qəbul etməsinin
əsas səbəblərindən biri və birincisi
aktrisanın bu cəhətidir. Mən xatırlayıram
Annanın- Şükufə xanımın Qubernatorla Ərəblinski
haqqında olan dialoqunu. Şükufə xanımda qətiyyətlə
bərabər hökm, ittiham və tənə. Bu üç
məziyyəti aktrisa sənətkarlıqla özündə
birləşdirir. Məhz bu an Anna imperiyanın ucqarı hesab
olunan bir məmləkətdə xalqına ziya olacaq bir
istedadın vəkilinəmi deyim, müdafəçisinəmi
deyim yoxsa hamisinə çevrilir, deyə bilmirəm. Qərarsız
deyiləm fikirimdə. Şüküfə xanımın
oyununda bu məziyyətlər çox güclüdü. Bir
az əvvəl dialoqda dünyanın ən gözəl və
mədəniyyətin inkişaf etdiyi şəhərlərini
görüb bəhrələnən
xanım qrafinya bir haqq olan istedadın naminə sərt və
amansızdı. Şüküfə xanım bu səhnələrdə
nə yersiz bağırtı sərgiləyir nə də səhnədə
gərgin görünür. Əsasən aktrisalar bu vəsitələrə
tamaşaçı diqqətini üzərinə yönəltmək
məqsədi ilə əl atırlar. Nə xoş ki,
Şükufə xanımın oyununda və aktrisa xarakterində
bu cür süni fəndlər yoxdu. Daha bir diqqət çəkən
səhnə qrafinya Annanın Ərəblinski ilə
görüş səhnəsidi. Qrafinya Anna böyük bir
istedadın qarşısında. Bu qarşılaşmada
Şükufə xanım- Anna bir sənətkar olaraq Ərəblinskidən-
Firdovsi Atakişiyevdən nə
qədər güclü olsa da oyun zamanı əsla tərəfmüqabilini
üstələməkdən uzaqdı. Mən bu fikirimlə
Firdovsi Atakişiyevin istedadına kölgə salmaq məqsədində
deyiləm, əsla. Sadəcə mənimlə
razılaşarsınız ki, Şüküfə
xanımın istedadı və təcrübəsi
böyükdü və danılmazdı. Bilirsiniz, Ərəblinski
ilə səhnədə fanat qadınla sevən xanım birləşir.
Eyni zamanda tamaşaçı Annanın səmimiyyətinə
inanır. Bu da Şüküfə xanımın
ustalığının nəticəsidi. Təklifdən Ərəblinskinin
imtinası isə tamaşaçıda bir tərəfdən
qürur yaradır ki,vətənini sevən və
özünü fəda edən sənətkar olub. Digər tərfdən
təəsüf hissi yaranır ki, təklifdən imtina etməklə
böyük bir istedad məhvə gedir. Hər iki hiss
Şükufə xanımın oyunundan yaranır. Şükufə
xanımın qrafinya – Annası tamaşada mükəmməl və parlaq obrazdı.
Tamaşada
nəzər diqqəti cəlb edən obrazlardan biri də
Polonidi. Bilirik, Poloni Şekspir qəhramanının
adıdı. Dramaturq pyesdəki şəxsi ələ salmaq və
ya təxəllüs mənasında adlandırmayıb. Bəlkə
ilk baxışda bu təxəllüs və ya ləqəb
kimi qəbul oluna bilər. Hadisələr cərəyan etdikcə
gün kimi aydın olur ki, Poloni ləqəb deyil. Poloni
özünü teatr sənətinə fəda edən
insanın rəmzi adıdı. Bu rəmz onun özünü
fəda etdiyi sənətdən gəlir. Cünki o, Polonidən
kənarda həyat görmür. Səbəb budu. Və bu bir
həqiqətdir ki, XX əsrin əvvəllərində
yaranmaqda olan teatrımızın fədailəri məhz bu
cür düşünürdülər və
yaşayırdılar. Bu baxımdan Hüseynqulu Sarabski –Məcnunlaşdı,
Əhməd Ağdamski-Leyliləşdi. Siyahını uzatmaq
olar.Gələk mətləbə. Poloni də bu qəbildən
insanlardandı. Bu rol dramaturq tərəfindən mükəmməl
və bitkin obraz kimi yazılıb. Poloninin səhnə təqdimatına
gəldikdə isə demək olar ki, obraz aktyor Cəfər
Namiq Kamal tərəfindən zərgər dəqiqliyi ilə təqdim olunur. Əməkdar artist
Cəfər Namiq Kamalı tamaşaçılar komik
obrazların mahir ifaçısı kimi tanıyır və
sevir. Elçin müəllimin bir çox satirik
komediyalarında mükəmməl komik obrazlar yaradıb.
Sözün düzü mən Cəfəri səhnədə
görəndə fikirləşdim ki, Elçin müəllim bu əsərdə
də onun üçün məxsusi komik obraz yazıb. Amma
belə olmadı. Cəfər bu dəfə fərqli obrazda,
başqa xarakterdə səhnədə idi. Aktyor tamaşada bir
insanın faciəsini və səfalətini oynayırdı.
Deyim ki, məharətlə oynayırdı. Cəmiyyətdə
lazımlı və gərəkli insan teatra gəlməklə sənətin sehrinə düşərək “mütrüfə” çevrilir. Bu
fikirlərin müəllifi o zamanın cahilləri və
nadanlarıdı. Cəfər qazancını,dırnaq
arası hörmətini itirən insanın faciəsini
çox sakit və təmkinli oynayır. Poloninin Yaqo ilə
maraqlı dialoqu var.- “Mən şəhərin milyonerlərinin
bərbəri idim. Ardımca fayton gələrdi. Pula pul
demirdim. Bir dəfə teatra gəlməklə ayrıla bilmədim
səhnədən. Teatra gəlməsəydim ailəm
olardı. Nəvələrim olardı. Mən indi kimə
lazımam”. İlk baxışda Poloninin dediyi bu sözlər
adi bir etiraf kimi qəbul oluna bilər. Amma Cəfərin təqdimatında
bir insanın faciəsi kimi səslənir. Ən
başlıcası Cəfər Namiq Kamal gülüş aktyoru olaraq qəbul
edildiyinə baxmayaraq tamaşaçılar onun təqdimatında
faciəni qəbul etdi və inandı. Bu inam aktyorun
istedadının bəhrəsi idi. Bilirsiniz, aktyor
üçün janr bölgüsü olmamalıdı. Məhz
Cəfər də aktyor olaraq bu obrazla sübut etdi ki, onun
üçün amplua məfhumu yoxdu. Yetər ki, mükəmməl
dramaturju material olsun.
Böyük
yazıçı- dramaturq Elçinin “Sənətkarın
taleyi” dramı elə bir məqamda səhnəyə gəldi
ki, Azərbaycan teatrı 140 illik yubileyini qeyd edir. Məhz
yubiley ilində belə bir əsərin yazılması əslində
Azərbaycan teatrının, milli səhnə sənətinin
yaranışında keçməkeşli, məşəqqətli
bir yol keçən, təhqirlərə
və təqiblərə məruz qalan fədailərin xatirəsinə
qoyulan əbədi abidədi. Bu əsər abidə olaraq
müəllif tərəfindən zərgər dəqiqliyi ilə
işlənib. Əsərin ən böyük uğuru milli
teatr sənətimizin cahil, nadan bir cəmiyyətdə yaranma
məşəqqətlərinin təsvir olunmasıdı.
Dramaturq bir sənət fədaisinin-
böyük rejissor, aktyor Hüseyn Ərəblinskinin
simasında o zamanın mənzərəsini məharətlə
yaradıb. Bu əsər bir insanın, bir səntkarın XX əsrin
əvvəllərində yaşadığı məşəqqətli
taleyi deyil. Bəlkə ilk baxışda bu belə bir rəy
yaradır. Tamaşaya baxdıqca, hadisələri izlədikcə
gözlərin önündə böyük bir era yaranır.
XX əsr, Rus imperiyasının köləsi olan Azərbaycan
və əsarət altında cahil, nadan və xurafat altında
əzilən məzlum bir xalqın taleyi və
yaşadıqları. Dramaturq Elçin bütün bu nüansları elə
incə amillərlə səhnəyə gətirir ki..
Tamaşa oynanıldıqca hadisələri özündə, ətrafında
lap yanında hiss etməmək mümkün deyil. Eyni zamanda
düşünürsən, bu gün yüksək səviyyədə
yaradıcılıq ömrü yaşayan milli səhnə sənətimizin
yaranışı bu şəkildə, əziyyətlər və
məşəqətlərləmi başlayıb və indiki
səviyyəyə çatıb? Əfsuslar olsun ki, bu bir həqiqətdir.
Nadanlığı, cahilliyi əks etdirən səhnə
tamaşanın finalında çox dəqiq verilib. Ərəblinskinin
bibisi oğlu Əbdülün səhnəyə gəlişi
çox mətləblərə aydınlıq gətirir. Mən
əvvəlcə Əbdül rolunun ifaçısı gənc
aktyor Hikmət Rəhimovun oynadığı obrazdan və
yanaşma tərzindən söhbət açmaq istərdim.
Sözün düzü Əbdül obrazı o qədər də
geniş imkanlara malik rol deyil. Aktyorun
öz imkanlarını, bacarığını,
istedadını nümayiş etdirmək üçün
xüsusı səhnələr yazılmayıb.
Görünür “rolun böyüyü- kiçiyi yoxdu,
aktyorun böyüyü- kiçiyi var” fəlsəfəsi həqiqətdir.
Bu gənc aktyor kiçik obrazla səhnədə baş
rolların ifaçıları qədər parlaq
görünürdü. Onun obrazı daxildən oynaması
çox üstünlük qazanırdı. “Dəliqanlı”
xarakteri olan Əbdül hadisələrə müdrikcəsinə münasibət bildirir. Faciəni
törədəndə o, bu dəhşəti canlı və
inandırıcı oynadı. Hətta mətndən gələn
peşmançılığı real oynadı. Sanki Əbdül
kimi “Dəliqanlı” xalqı, milləti üçün
hansı faciəni işlədiyini dərk edərək
peşmançılıq çəkirdi. Mənə elə
gəlir ki, gənc aktyor Hikmət Rəhimovun
yaradıcılığında Əbdül kiçik obraz
olaraq boyük uğur yazdı. Əbdül obrazından
söhbət açarkən tamaşanın final səhnəsindən
söhbət açmaya bilmərəm. Sonda Əbdül
teatra, Ərəblinskinin yanına gələrək onu tənbeh
etmək istəyir. Ərəblinski deyir: - Mən
bığımı qırxıb oyunbazlıq edirəm. Arvad
paltarı geyinib nəslimin ,hamınızın adını
batırıram. Bu xəncəri mənə Qarabağ xanı
Mehdiqulu xanın nəvəsi bağışlayıb. Al bu xəncəri
öldür məni. Şübhəsiz ki, səhnəni
Firdovsi də Hikmət də çox təsirli oynayırdı.
Və mən aktyor oyunundan deyil, dramaturqun məharətindən
söhbət açmaq istərdim. Biz bilirik ki, ata-
babalarımız qeyrətli, namuslu kişilərə ya at, ya
da qılınc, xəncər bağışlayardılar.
Müəllif çox incə siyasətlə o zamanın
cahillərinə,
nadanların çürük cəmiyyətinə cavab olaraq
belə bir finalı qələmə alıb. Siz ey Neftxuda Hacı Məmməd
Tağılar, Baqqallar, Mollalar, Qoçular, Əbdüllər.
Mehdiqulu xan kimi mərd, əsilzadə istedada dəyər verən kişilər sizin nakişi hesab
etdiyiniz Ərəblinskiləri əsl kişi bilərək kişi
hədiyyəsi verirlər. Elçin müəllimin belə
bir səhnə ilə pyesi bitirməsi bizim fədailərə
atılan çirkablara ən layiqli müəllif
cavabıdı. Bu səhnədən təsirlənməmək
və müəllifin fikirlərini qiymətləndirməmək
mümkün deyil. Belə bir sonluq həm Ərəblinskilərin
dəyərini əks etdirir, həm də müəllifin vətəndaşlıq
təəssübünün nümayişidi.
Böyük
yazar Elcinin “Sənətkarın taleyi” tamaşası Akademik
teatrın səviyyəsinə layiq tamaşa oldu. Biz teatrsevərlər
isə bir sənət bayramı yaşadıq. O gecə
tamaşanın yaradıcı heyəti gül- çiçəyə
qərq olmuşdu. Əslində o gül- çiçəklər
Nəcəf bəy Vəzirova, Həsən bəy Zərdabiyə,
Abbas Mirzə Şərifzadəyə, Hüseynqulu Sarabskiyə,
Hüseyin Ərəblinskiyə, Cahangir Novruzova, Üzeyir
Hacıbəyova , Əhməd Ağdamskiyə
ünvanlanmışdı. Zal alqış sədasından lərzəyə
gəlirdi. O sürəkli alqışlar da min bir əzab əziyyətlə
xalqımıza, millətimizə nur, işıq, ziya olan o
böyük millət və vətən fədailərinə
ünvanlanmışdı. Bütün bu alqış və
gül çiçəklərin fonunda xalq
yazıçısı Elçin öz ideya və məqsədi
ilə bir nida səsləndirirdi: “Sənətkarın
ölmür və ya ömür yenidən başlayır. 140
yaşlı teatrımızın fəth edəcəyi yeni
zirvələrlə!”
Vidadi Hüseynov
525-ci qəzet.- 2013.- 11 aprel.- S.6.