Azərbaycanda gənclər siyasəti:
varislik, müasirlik və gələcəyə baxış
Cəmiyyətin ən fəal təbəqəsi olan gənclər
milli və qlobal səviyyədə inkişafa böyük
dinamizm verirlər. Onlar mədəni-ideoloji və əxlaqi
tendensiyaların formalaşmasına təsir göstərir, istehsalatda,
eləcə də iqtisadiyyatın digər sahələrində,
ictimai həyatda öz yeni baxışları və təşəbbüsləri
ilə mühüm rol oynayır, silahlı qüvvələrin
şəxsi heyətini təşkil edirlər. Buna
görə də, əhalisinin ümumi statistikasında qocalma
meyli hiss olunan Qərbin inkişaf etmiş sənaye ölkələrində
gənclər böyük diqqət və qayğı ilə əhatə
olunur, gənc ailələrlə bağlı məsələlər
və gənclər siyasəti ölkənin ümumi
sosial-iqtisadi strategiyasının, demoqrafik siyasətin
ayrılmaz tərkib hissəsinə çevrilir.
Zəngin tarixə və mədəniyyətə malik
ölkəmizdə isə, gənclərə qayğı ənənə
halını almışdır. Azərbaycan ailəsində
cavanlarla yaşlılar arasında mövcud olan
qarşılıqlı hörmət və mehriban münasibət
nəsildən-nəsilə ötürülərək cəmiyyətin
həyatına dərindən nüfuz etmişdir. Küçədə, ictimai yerlərdə öz
valideynləri ilə gəzən körpə uşaqlar Azərbaycan
mühitində hamının diqqətini cəlb edir, onlar ətrafdakı
insanların xoş nəvazişi və oxşatmaları ilə
əhatə olunurlar. Yaşlı insanlar gənclərə,
öz övladı kimi öyüd-nəsihət verir, gənclər
isə, ağsaqqallara hörmət edir, ağsaqqal olan məkanda
davranışlarına
fikir verirlər. Ağsaqqal danışarkən
susub onu dinləmək, yaşlı adamlara yer vermək, onlar
otağa daxil olduqda ayağa qalxmaq – bütün bu adətlərlə
qarşılaşan xarici qonaqlar öz təəccübünü
gizlədə bilmir, bəzən normal hesab etmədikləri bu
qarşılıqlı hörmətə bəlkə də
qibtə edirlər.
Azərbaycan
dövləti milli ənənələrə sadiq qalaraq
yaşlıları, gəncləri, uşaqları xüsusi
qayğı ilə əhatə edir, bu siyasəti ölkə
siyasəti səviyyəsinə yüksəldir. Ulu öndər
Heydər Əliyevin gənclərə qayğısı, gənclərlə
bağlı siyasəti də məhz bu zəngin irsdən
qaynaqlanır. Beləliklə, ölkəmizdə gənclər
siyasəti yuxarıdan aşağı yox, aşağıdan
yuxarı diqtə olunur. Lakin bu işin düzgün, sistemli təşkil
edilməsi, dövlətin ümumi strateji maraqlarına
uyğunlaşdırılması, bir sözlə onun siyasət
səviyyəsinə yüksəldilməsi məhz
ümummilli liderimizin tarixi xidmətidir. Təsadüfi deyildir
ki, Azərbaycanda gənclər siyasətinin əsasını
qoyan məhz Heydər Əliyev hesab olunur.
Hələ
sovet dövründə respublikaya rəhbərlik edərkən
yüzlərlə azərbaycanlı gəncin ittifaqın
qabaqcıl ali təhsil müəssisələrində təhsil
almasını təşkil etmiş müdrik dövlət
xadimi Müstəqil Azərbaycan Respublikasının Prezidenti
olaraq bu ənənəni davam etdirmiş, gənclər siyasətimizin
əsasını qoymuşdur.
Müstəqilliyimizin
ilk illərində gənclər hakimiyyət uğrunda
amansız mübarizə aparan müxtəlif siyasi
qruplaşmaların ucuz sosial bazasına, bir sözlə,
ölkəyə heç bir faydası olmayan, əksinə,
ziyan gətirən vətəndaş müharibəsinin
qurbanına çevrilmişdilər. Digər tərəfdən
onlar, kifayət qədər təlim keçmədən və
təcrübə qazanmadan işğalçı erməni
ordusuna qarşı hərbi əməliyyatlarda, çox zəif
təşkilatlanmış, sistemsiz, yeknəsək mübarizə
aparan Milli Orduya, könüllü özünümüdafiə
batalyonlarına cəlb olunur, rus ordusunun dəstəyi ilə
yüksək təlim keçmiş və silahlanmış
erməni hərbi birləşmələrinin asan hədəfinə
çevrilirdilər. Hər iki halda gənclər elmdən, təhsildən
uzaq düşür, gəncliyin faciəsi
yaşanırdı.
1994-cü
ildə Azərbaycan gəncləri və müstəqil
dövlətçiliyimiz üçün iki mühüm
hadisə baş verdi: mayda Ermənistanla atəşkəs
müqaviləsi imzalandı; iyulda isə Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi
yaradıldı.
Bu iki
hadisənin gənclər siyasəti baxımından əhəmiyyəti
ondadır ki, atəşkəs müqaviləsi yüzlərlə
gəncimizin ucuz düşmən gülləsinə tuş gəlməsinin
qarşısını aldı, bu sahədə mənfi
tendensiyanı dayandırdı, ölkədə siyasi sabitlik və
o dövr üçün çox vacib olan sosial-iqtisadi
inkişaf üçün zəmin hazırladı. Ölkəyə
xarici investisiya cəlb olundu, yeni birgə müəssisələr
yaradıldı, iş yerləri açıldı və gənclərdə
təhsil alıb kadr kimi formalaşmağa stimul yarandı. Azərbaycan
gəncləri xarici ölkələrdəki həmyaşıdları
ilə bilik və təcrübə mübadiləsi aparır,
ölkənin inkişafında dinamik bir qüvvəyə
çevrilirdilər.
Cəbhə
xəttində atəşkəsin əldə olunması
Silahlı Qüvvələrimizdə ciddi islahatların
aparılmasına, ordunun təchizat məsələsinin
yüksək səviyyədə həll olunmasına,
döyüş hazırlığının yüksəldilməsinə,
hərbi qanunvericiliyin təkmilləşdirilməsinə də
zəmin yaratdı. Cəmiyyətdə ordunun nüfuzu
artmağa başladı. Gənclərin də orduya inamı
artdı. Nəticədə 90-cı illərin əvvəllərində
bəlaya çevrilmiş fərarilik halları azalmağa
başladı.
1994-cü
ildə Gənclər və İdman Nazirliyinin
yaradılması ilə ölkədə gənclər siyasətinin
sistematik şəkildə tətbiqinə başlandı.
Artıq bu sahəyə nəzarət edən ayrıca bir
orqan mövcud idi.
26 iyul
1994-cü il tarixli, 179 nömrəli Fərmanda Nazirliyin fəaliyyət
istiqamətləri aşağıdakı kimi müəyyən
olunur: Azərbaycanın sosial, iqtisadi və mədəni
inkişafının ümummilli strateji siyasətinə
uyğun gənc nəslin tərbiyəsi; gənclərlə
iş sahəsində cəmiyyətin demokratik inkişafı
tələblərinə uyğun gələn milli siyasətin
həyata keçirilməsi; gənclərin qüvvə və
bacarığının, yaradıcılıq
imkanlarının milli dövlət quruculuğu vəzifələrinin
yerinə yetirilməsinə, ölkədə həyata
keçirilən islahat proqramlarının gerçəkləşdirilməsinə
səfərbər olunması; gənclər arasında
ümumbəşəri və milli dəyərlərin təbliğinin
təmin edilməsi; gənclərin yüksək sosial, mənəvi
və sağlam fiziki inkişafını təmin edən
bütün fəaliyyət sahələrinin istiqamətləndirilməsi;
gənclər arasında Azərbaycanın tarixi və mədəni
irsini yaymaqla onların vətənpərvərlik, vətənə
sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin,
torpağımızın müdafiəsinə daimi
hazırlıq ruhunda tərbiyə edilməsi; gənclər
arasında işsizliyin aradan qaldırılması
üçün başqa dövlət orqanları ilə birgə
fəaliyyət göstərilməsi; aztəminatlı ailələrdəki
və yetim uşaqların sosial problemlərinin həllinə
dair dövlət proqramının həyata keçirilməsinə
yaxından kömək göstərilməsi; hamılıqla
qəbul edilmiş beynəlxalq hüquq sənədlərində
əksini tapan uşaqların hüquqlarının müdafiəsinə
yönəldilmiş tədbirlər həyata keçirilməsi;
bazar iqtisadiyyatı mühitində gənclərin
sahibkarlığa cəlb edilməsi sahəsində başqa
dövlət idarəetmə orqanlarının işinin əlaqələndirilməsi;
gənclər təşkilatlarının formalaşmasında
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq iştirak edilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi;
gənclərin problemləri ilə bağlı beynəlxalq tədbirlərdə
onların fəal iştirakına kömək göstərilməsi;
Azərbaycan Respublikasında bədən tərbiyəsi sahəsində
milli proqramın həyata keçirilməsi; Azərbaycan
xalqının milli-mənəvi dəyərlərinə əsaslanan
sağlam həyat tərzinin əhali arasında
yayılmasının təmin edilməsi, bədən tərbiyəsinin
geniş təbliğinin təşkil edilməsi; əhali,
xüsusən böyüməkdə olan nəsil arasında
idmanın və bədən tərbiyəsinin kütləviliyinin
təmin edilməsi məqsədilə digər dövlət
orqanları və ictimai təşkilatlarla birlikdə
idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi;
Azərbaycanın beynəlxalq idman əlaqələrinin
genişlənməsinə kömək göstərilməsi.
Göründüyü kimi burada, ölkənin ümumi
sosial-iqtisadi inkişaf prosesinə gənclərin fəal
şəkildə cəlb olunmasına, onların milli vətənpərvərlik
ruhunda tərbiyəsinə, sağlamlıq, təhsil və məşğulluq
problemlərinə xüsusi diqqət ayrılır.
26 yanvar
1996-cı ilə Heydər Əliyev müstəqil Azərbaycan
Respublikasının gənclərinin birinci forumunun
keçirilməsi haqqında Sərəncam imzaladı və
həmin il, fevralın 2-də ilk gənclər
forumu keçirildi. Forum gənclərimizin bir
araya gəlməsi, öz fikirləri, təklifləri və
problemlərini ölkə başçısına
çatdırmaları, fikir, təcrübə mübadiləsi
aparmaları, gələcəkdə fəaliyyətin əlaqələndirilməsi
və əməkdaşlıq məsələlərinin
müzakirəsi üçün gözəl imkan yaradır.
Buna görə də, indiyədək keçirilmiş 6
forumun hər biri gənclərin mütəşəkkilliyi və
təşkilatlanması baxımından olduqca faydalı
olmuş, onların dövlətin ümumi strategiyası ətrafında
səfərbər olunmasına xidmət etmiş, ölkə
rəhbərliyi və müxtəlif dövlət orqanları
ilə əməkdaşlığın genişlənməsinə
böyük töhvə vermişdir. Bu tədbirlər
eyni zamanda ölkə rəhbərliyinin gənclərə
qayğısının və diqqətinin nümunəsidir.
Təsadüfi deyildir ki, ölkə
başçısının müvafiq sərəncamına əsasən,
2 fevral hər il ölkəmizdə “Gənclər
günü” kimi qeyd olunur.
1996-cı ildə Azərbaycan gəncləri
üçün daha bir əlamətdar hadisə ölkəmizin
müstəqil dövlət kimi ilk dəfə olimpiya
oyunlarına qatılması olmuşdur. Müstəqilliyimizin
mühüm əlamətlərindən biri olaraq milli olimpiya
komandamızın formalaşması və onun ölkəmizi
bü cür yüksək səviyyəli idman tədbirində
təmsil etməsi cənab Heydər Əliyevin böyük zəhmətinin
nəticəsi idi. Hələ 26 fevral
1995-ci ildə onun imzaladığı “1996-cı ildə
Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində
keçiriləcək XXVI Yay Olimpiya oyunlarına
hazırlıq haqqında” Sərəncamına əsasən,
hazırlıq işləri ilə bağlı təşkilat
komitəsi yaradılmış və müvafiq qurumlara konkret
tapşırıqlar qoyulmuşdur. Aparılan gərgin
iş nəticəsində Azərbaycan milli olimpiya
komandası ilk dəfə qatıldığı Atlanta Yay
Olimpiya Oyunlarında ölkəmizi 23 idmançı ilə
yüksək səviyyədə təmsil etdi və bir
gümüş medal qazandı.
Olimpiya infrastrukturunun sonrakı illərdə də
ardıcıl olaraq inkişaf etdirilməsi olimpiya
komandamızın daha yüksək nəticələr əldə
etməsinə və ölkəmizin idman nüfuzunun
artmasına şərait yaratdı. Bu, eyni zamanda ölkə
rəhbərliyinin gənclərimizin
sağlamlığına verdiyi böyük töhfə və
diqqətdir.
9 aprel 2002-ci ildə qəbul edilmiş “Gənclər
siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu
bu sahənin normativ-hüquqi tənzimlənməsi sahəsində
aparılan islahatların nəticəsi olaraq bir sıra məsələlərə
aydınlıq gətirdi və hüquqi boşluqları aradan
qaldırdı. Qanunun qəbul olunması ilə,
respublikada bu sahədə artıq müəyyən hüquqi
mexanizm və sistem yarandı.
Qanunun 3.1-ci maddəsinə əsasən, “Azərbaycan
Respublikasında gənclər siyasətinin əsas məqsədi
gənclərin fiziki, əqli və mənəvi
inkişafına şərait yaratmaq, onların imkan və
bacarıqlarının reallaşdırılmasına, sosial
problemlərinin həllinə və hüquqlarının
müdafiəsinin təmin olunmasına kömək etməkdir.”
Qanunun
2-ci Fəslində isə, gənclər siyasətinin
aşağıdakı istiqamətləri müəyyən
olunur: gənclərin mənəvi-əxlaqi tərbiyəsi və
mədəni həyatda iştirakı; istedadlı gənclərə
dövlət qayğısı; gənclərin
sağlamlığının qorunması və fiziki
inkişafı; gənclərin məşğulluğunun təmin
edilməsi; gənc ailələrə dövlət
yardımı; gənclər təşkilatlarına dövlət
yardımı.
Gördüyümüz kimi, Heydər Əliyevin
uzaqgörən siyasəti sayəsində bu sahədə
mükəmməl hüquqi baza və fəaliyyət mexanizmi
formalaşmışdır. Məhz bu xidmətlərinə
görə o, haqlı olaraq ölkədə gənclər
siyasətinin banisi hesab olunur. Ulu öndər
gənclərin qayğısına qalır, öz
övladları kimi onların problemləri ilə
maraqlanırdı. Ulu öndər
istedadlı gənclərə böyük dəstək olur,
onlara stimul verirdi. O, müstəqillik illərində də,
gənclərimizin xaricdə təhsilinə xüsusi maraq
göstərirdi. Xarici səfərləri zamanı həmin
ölkədə təhsil alan azərbaycanlı
tələbələrlə görüşlər onun səfər
proqramının ayrılmaz hissəsi idi. Bu
görüşlər olduqca səmimi keçir və hər
bir gəncin xatirəsində əbədi izlər qoyurdu.
Xaricdə təhsil alan hər bir gənc
öz prezidneti ilə görüşərkən qürur
duyur, onunla fəxr edirdi, qərib diyarlarda yalqız
olmadığını, hiss edirdi. Ümummilli
liderimiz sanki öz ürəyində ölkəmizin,
xalqımızın hərarətini onlara aparır və
onlarla paylaşırdı. Heydər Əliyevin
timsalında o gənclər sanki öz valideynlərini
görür, sanki onların öyüdlərini, tövsiyələrini
dinləyirdilər. Azərbaycan gəncliyi
o günləri xoş hisslərlə xatırlayır və
onun kimi vətənpərvər, savadlı və ən əsası
qayğıkeş olmağa çalışırlar.
Emin HƏSƏNLİ
politoloq
525-ci qəzet.-
2013.-11 aprel.- S.5.