BDU dahi məzununun və böyük
qayğıkeşinin 90 illiyini uğurlarla qeyd edir
Ümummilli
lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti”
adlandırdığı Bakı Dövlət Universiteti Şərqin
ilk dünyəvi ali məktəblərindən
biri kimi mənəvi böyüklüyümüzün simvolu
hesab edilir. Mövcud olduğu illər ərzində universitet ölkədə
ziyalı təbəqəsinin, elmin, milli
özünüdərkin formalaşmasında, beynəlxalq
nüfuzumuzun yüksəlməsində misilsiz xidmətlər
göstərib. Hər bir ölkənin iqtisadi, mədəni və
intellektual səviyyəsinin barometri hesab edilən milli
universitet missiyasını ölkədə şərəflə
həyata keçirən Bakı Dövlət Universitetinin 16
fakültəsində bu gün 18 mindən çox tələbə
təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 1500-ə yaxın professor-müəllim heyəti məşğul
olur.
HEYDƏR ƏLİYEVİN
HAKİMİYYƏTƏ GƏLİŞİ BDU-nun FƏALİYYƏTİNİN
DÖNÜŞ NÖQTƏSİDİR
Bakı
Dövlət Univeristetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov
deyir ki, Bakı Dövlət Universiteti bugünkü səviyyəsinə,
beynəlxalq nüfuzuna, dünya şöhrətli məzunlarına
və yüksək elmi potensialına görə Heydər Əliyevə
borcludur: “Bakı Dövlət Universiteti özünün
dünya şöhrətli məzunu, xalqın ümummilli
lideri Heydər Əliyevlə fəxr edir. Bu ali təhsil
ocağına yüksək qiymət verən, onu
xalqımızın milli sərvəti adlandıran dahi şəxsiyyət
Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr
etdiyini dəfələrlə bildirib, onun fəaliyyətini,
Azərbaycanda elmin, təhsilin və mədəniyyətin
inkişafında böyük rolunu yüksək qiymətləndirib”.
A.Məhərrəmov bildirib ki, ölkənin həyatında
dönüş mərhələsinin başlanğıcı
olan 70-ci illər BDU-nun tarixində də əlamətdar olub. 1969-cu ildə
Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə
Azərbaycan özünün həqiqi inkişaf yolunu
tapdı. O dövrdə ən geridə qalan ölkələrdən
hesab edilən Azərbaycanın inkişaf və tərəqqisinin
əsası məhz bu tarixdən qoyulub. Bu plenum
Azərbaycan xalqının tarixi müqəddəratında
mühüm hadisə oldu, ölkənin gələcək
inkişafında əhəmiyyətli rol oynadı. Bununla da Azərbaycan xalqının tarixində Heydər
Əliyev dövrü – böyük dönüş mərhələsi
başlandı. Heydər Əliyevin milli
oyanış siyasəti sahəsində təhsil, elm, mədəniyyətin
tərəqqisi üçün geniş imkanlar
açıldı. Xalqın milli mənlik
şüurunun formalaşması, Azərbaycan dilinin, tarixinin
öyrənilməsi, ali təhsil sisteminin
daha da demokratikləşməsi sahəsində ciddi irəliləyiş
baş verdi. Məhz bu dövrdə Azərbaycan ali məktəblərinin bayraqdarı olan
Bakı Dövlət Universitetinin həyatında da
böyük dönüş yarandı. Onun ölkənin ali məktəbləri içərisində
tutduğu aparıcı mövqe, Azərbaycan təhsil sisteminə,
onun inkişaf istiqamətlərinə göstərdiyi təsir
daha da gücləndi. 1969-cu ildə BDU-nun 50 illik yubileyi
dövlət tərəfindən yüksək səviyyədə
keçirildi: “70-80-ci illər Bakı Dövlət
Universitetinin tədris və elmi həyatına
dönüş illəri kimi daxil olub. Heydər
Əliyevin bilavasitə qayğısı sayəsində
universitetin maddi-texniki bazası möhkəmlənib, yeni tədris
korpusu istifadəyə verilib, hesablama mərkəzi
yaradılıb, yeni fakültələr, ixtisaslar, elmi-tədqiqat
laboratoriyaları açılıb. Tədris
prosesinin təkmilləşdirilməsində də
mühüm yeniliklər baş verib. Tədrisin
texniki vasitələri üçün laboratoriya
yaradılıb və laboratoriya üçün əldə
edilən texniki vasitələr, hesablama materialları, kino
aparatları tədris prosesinin
avtomatlaşdırılmasında istifadə edilməyə
başlanıb”.
BDU-nun MƏZUNLARI ARASINDA DÜNYA
ŞÖHRƏTLİ BİR ŞƏXSİYYƏTİN –
HEYDƏR ƏLİYEVİN ADI VAR
A.Məhərrəmov
qeyd edib ki, H.Əliyevin rəhbərlik etdiyi nümayəndə
heyətinin tərkibində xarici ölkələrdə dəfələrlə
səfərdə olub: “2001-ci ildə EKO-nun İranda
keçirilən toplantısında iştirak edirdik. Heydər Əliyevin beynəlxalq aləmdəki
nüfuzunun, geniş intellektual
dünyagörüşünün, insanlara
qayğıkeşliyinin, diqqətinin şahidi oldum. Ümumiyyətlə, ulu öndərlə birlikdə
belə səfərlərimiz çox olub. Hər dəfə də Heydər Əliyevin
yaddaşına, hadisələri əvvəlcədən hiss
etmək fəhminə, insanların daxili aləmini duymaq hissinə,
bununla yanaşı, yüksək mədəniyyətinə,
nüfuzlu siyasi xadim üçün tələb olunan məziyyətlərinə,
həmçinin sadə adamlarla ünsiyyət qurmaq məharətinə,
diqqət və qayğıkeşliyinə analoq tapa bilməmişəm.
O, böyük bir dərya idi. Əgər, biz bu
ümmandan bir damla götürə bilmişiksə, nə qədər
xoşbəxtik. O, bizə çox inanırdı. İndi elmi, ictimai və siyasi fəaliyyətimlə
bu inamı doğrultmağa çalışıram.
Ölkədə ali məktəblər
çoxdur. Amma Bakı Dövlət Universitetinin
bu təhsil ocaqları sırasında xüsusi yeri var.
Çünki onun məzunları arasında dünya
şöhrətli bir şəxsiyyətin Heydər Əliyevin
adı var”.
A.Məhərrəmov
vurğulayıb ki, onun elmə bağlanmağında, bu sahədə
daha da inamlı addımlar atmağında, böyük
uğurlar qazanmağında məhz H.Əliyevin danılmaz
xidməti var: “Əgər ümummilli liderin təşəbbüsü
ilə 1973-cü ildə Moskvaya aspiranturada təhsil almağa
göndərilməsəydim, elmin dərin qatlarına yiyələnməsəydim,
kim bilir, bəlkə də sıradan bir
ziyalı idim. Amma indi adımın yanına yazılan
titulları, elmi dərəcələri görəndə
yalnız o böyük şəxsiyyətə – Heydər Əliyevə
minnətdaram! Bu görkəmli,
qayğıkeş rəhbərin diqqətini görənlər
isə yüzlərlədir.... 1999-cu ilin yanvarında Heydər
Əliyevin sərəncamı ilə mən Bakı Dövlət
Universitetinə rektor təyin edildim. Sərəncamdan
öncə ulu öndərin qəbulunda oldum və bir saata
yaxın söhbət etdik. Bu ünsiyyət
zamanı ümummilli liderin universiteti yaxından
tanıması, burada baş verən proseslərdən ətraflı
xəbərdar olması istər-istəməz adamda o təsəvvürü
yaradırdı ki, ulu öndərin elə özü də
universitetdə çalışıb. Çünki
universitetlə bağlı hər bir detalı
xırdalığına qədər dərindən bilirdi.
Məni universitetə rektor göndərərkən təhsil
ocağının gələcək inkişaf strategiyası
haqqında elə tövsiyələr verdi
ki, bu, bir elmi institutun görə biləcəyi işlərdən
də çox idi”.
BAKI DÖVLƏT
UNİVERSİTETİ BÜTÜN UNİVERSİTETLƏRƏ
ÖRNƏKDİR
Təhsil
naziri, BDU-nun keçmiş rektoru Misir Mərdanovun dediyinə
gərə, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının
və incəsənətinin inkişafında böyük xidmətləri
olan Bakı Dövlət Universiteti öz elmi-intellektual
potensialı və tədrisin yüksək keyfiyyəti ilə
ölkənin hüdudlarından çox-çox uzaqlarda
tanınaraq böyük beynəlxalq nüfuz qazanıb. Yarandığı gündən indiyə qədər
BDU-da elm, texnika, iqtisadiyyat və xalq təsərrüfatının
müxtəlif sahələri üzrə 120 mindən artıq
yüksəkixtisaslı kadr hazırlanıb. Böyük iftixar hissi ilə deyə bilərik ki,
universitetin məzunlarına təkcə Azərbaycanda deyil,
dünyanın bir çox ölkələrində rast gəlmək
olar. M.Mərdanov bildirib ki, ali təhsilin
inkişafında universitetin müstəsna rolu var və BDU digər
universitetlrə örnəkdir. İndi ölkədə onlarla
ali məktəbin mövcud olması, Azərbaycanın
böyük ali təhsil potensialına malik olması məhz
Bakı Dövlət Universitetinin fəaliyyəti nəticəsində
mümkün olub. Azərbaycan elminin fizika, riyaziyyat, tətbiqi
riyaziyyat, informatika, geologiya, biologiya, fiziologiya, kimya,
coğrafiya, hüquq, tarix, etnoqrafiya, arxeologiya,
regionşünaslıq, psixologiya, pedaqogika, fəlsəfə,
sosiologiya, şərqşünaslıq,
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq,
kitabşünaslıq, jurnalistika, filologiya, ədəbiyyatşünaslıq,
dilçilik, türkologiya, iqtisadiyyat, beynəlxalq hüquq,
beynəlxalq əlaqələr
kimi müxtəlif sahələrinin inkişafında
BDU-nun böyük rolu var. Göstərilən elmlər
haqqında geniş tədqiqatlar aparılıb, namizədlik,
doktorluq dissertasiyaları müdafiə edilib, yüzlərlə
monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, minlərlə
elmi məqalələr yazılıb çap edilib: “BDU alimlərinin
yaradıcılığı ölkənin elmi həyatının ayrılmaz tərkib
hissəsi olmaqla, xalqımızın qədim tarixinin, mədəniyyətinin
araşdırılmasında, milli mədəniyyətimizin,
milli dilimizin qorunub-saxlanılmasında, vətənpərvərlik,
azərbaycançılıq ideologiyasının təbliğində
böyük rol oynayır”.
Nazir qeyd
edib ki, müstəqilliyin ilk illərində Azərbaycan ali təhsilində baş verən böhran vəziyyəti
BDU-dan də yan keçməyib: “Ancaq universitetin kollektivi bu
böhrandan çıxmağı bacardı. Ulu öndər
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra
bütün ali məktəblərdə, o
cümlədən Bakı Dövlət Universitetində
baş verən böhran vəziyyəti tədricən aradan
qalxdı, universitet öz ənənəvi iş rejiminə
qayıtdı. Tədris prosesinin təşkilində, elmi-tədqiqat
işlərində əhəmiyyətli irəliləyişlər
baş verdi. Universitet təhsil
sahəsində aparılan islahatların səmərəli təşkilində
öncül mövqe tuturdu.
Müstəqillik
illərində Heydər Əliyev Bakı Dövlət
Universitetini həmişə diqqət mərkəzində
saxlayıb, onu Azərbaycan ali məktəblərinin
bayraqdarı hesab edib, universitetin məzunu olmağı ilə
fəxr etdiyini bildirmişdi. BDU-nun çoxminlik
kollektivi Heydər Əliyev kimi dünyəvi şəxsiyyət
yetişdirməsi ilə qürur hissi keçirir. Heydər Əliyevin universitetdə təhsil
aldığı illərdə və ölkəyə rəhbərlik
etdiyi dövrdə universitetlə əlaqələri
universitetin şanlı tarixinin böyük və əlamətdar
bir mərhələsini təşkil edir. BDU-nun
tərəqqi və inkişafının ən məhsuldar
dövrü olan son 30 il məhz onun adı və fəaliyyəti
ilə qırılmaz tellərlə bağlıdır”.
BDU-nun TARİXİ AZƏRBAYCAN TƏHSİLİNİN
VƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAF
TARİXİDİR
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri, professor Hicran Hüseynova deyir ki, milli
kadrların hazırlanmasında, Azərbaycan dilinin bir tədris,
elm və ədəbi dil kimi formalaşmasında, onun
saflığının qorunmasında Bakı Dövlət
Universitetinin böyük rolu olub: “BDU-nun tarixi Azərbaycan təhsilinin
və mədəniyyətinin inkişafı tarixidir”.
H.Hüseynova bildirib ki, XX əsrin son illəri və XXI əsrin
əvvəllərində təhsilin, elmin inkişafı sahəsində
universitetin qazandığı nailiyyətləri əvvəlki
onilliklər boyu əldə edilən nailiyyətlərlə
müqayisə etsək, o zaman qazanılan uğurlar daha
aydın görünər. Son illərdə Bakı Dövlət
Universitetinin maddi-texniki bazası xeyli möhkəmləndirilib,
geniş abadlıq işləri aparılan, idman kompleksi,
örtülü stadion, dünya standartlarına cavab verən
üzgüçülük hovuzu tikilib istifadəyə
verilib, tədris binaları demək olar ki, yenidən qurulub,
böyük mədəniyyət və istirahət
parkını xatırladan universitet şəhərciyi
yaradılıb. Aparılan əsaslı təmirdən
sonra universitetin tədris korpusları dünya standartlarına
cavab verir. Son zamanlar BDU-da dünya elm və
tədrisinin son nailiyyətlərini öyrənməyə
imkan verən elmi laboratoriyalar və kafedralar, bütün tədris
binalarında zəngin kitabxanalar və oxu zalları
yaradılıb, universitetin fundamental kitabxanasının maddi
bazası zənginləşib, kitab fondu xeyli çoxalıb.
Mövcud tədris və elmi laboratoriyalar
dünya standartlarına cavab verən ən müasir
avadanlıqla təchiz edilib.
ÖLKƏDƏ ALİ TƏHSİLİN
İNKİŞAFINDA BDU-nun MÜSTƏSNA ROLU VAR
BDU-nun məzunu
olan millət vəkili Qənirə Paşayevanın dediyinə
görə, ölkədə ali təhsilin inkişafında
Bakı Dövlət Universitetinin müstəsna rolu var.
İndi ölkədə onlarla ali məktəbin mövcud
olması, Azərbaycanın böyük ali təhsil
potensialına malik olması məhz Bakı Dövlət
Universitetinin fəaliyyəti nəticəsində
mümkün olub: “Azərbaycanda ilk ali təhsil və elm
ocağı olan Bakı Dövlət Universiteti
yarandığı gündən bu günə qədər
şərəfli bir ömür yaşayıb, əhəmiyyətli
tarixi yol keçib. 90 illik dövr ərzində
məşəl kimi Azərbaycan təhsilinin, Azərbaycan
elminin yolunu işıqlandıraraq qüdrətli elm
ocağına çevrilib. BDU öz elmi-intellektual
potensialı və tədrisin yüksək keyfiyyəti ilə
ölkənin hüdudlarından çox-çox uzaqlarda
tanınaraq böyük beynəlxalq nüfuz
qazanıb.Universitet auditoriyalarında, kafedralarında işləyən,
dərs deyən müəllimlər Azərbaycan
xalqının mənliyinin, milli şüurunun, milli ruhunun
inkişaf etdirilməsi prosesində müstəsna rol
oynayırlar”.
Q.Paşayeva
bildirib ki, BDU-nun görkəmli məzunu olan Heydər Əliyev
deyib: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri
sırasındadır. Onun inkişafında
Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir”.
Doğrudan da Bakı Dövlət Universiteti
yarandığı gündən Azərbaycanda elmi inkişaf
etdirən mərkəzə çevrilib.
Sevinc QARAYEVA
Yazı Bakı Dövlət
Universitetinin keçirdiyi müsabiqəyə təqdim olunur.
525-ci qəzet.-
2013.- 12 aprel.- S.4.