Elçin Hüseynbəyli ilə Gənc Ədiblər
Məktəbində görüş olub
Axır
ki, aprel ayının 10-u gəlib çatdı. Tanınmış
yazıçı, “Ulduz” jurnalının baş redaktoru, AYB-nin
Gənclər Şurasının sədri Elçin Hüseynbəyli
ilə Gənc Ədiblər Məktəbi (GƏM) üzvlərinin
görüşü baş tutdu.
Amma
görüş, nə görüş? Görüşün
baş qəhrəmanı Elçin Hüseynbəylinin səliqə
ilə geriyə daranmış saçları tədbirin kifayət
qədər ölçü-biçili keçəcəyini
xəbər verdiyi kimi, adi günlərdə taxmadığı
qalstuku və tünd rəngli pencəyi də söhbətin
kifayət qədər rəsmi, ciddi notlar üstündə köklənəcəyinə
işarə kimi görünürdü. GƏM-in koordinatoru, gənc
şair Emin Pirinin öz məşhur kurtkası və cins
şalvarını qara kostyumla əvəzləməsi də bu
ciddiyyəti sanki bir daha təsdiq etmək istəyirdi. Rəşad
Məcid isə öz ənənəsinin əksinə olaraq, qalstuksuz
idi. Bütün məclislərdə dəyirmi masada əyləşən
Əsəd Cahangir və Qulu Ağsəs isə bu dəfə
öz yerlərini gənclərə verdilər. Özlərini
daha haqlı sayan gənc yazarlar dəyirmi masada qərar tutmuş,
nisbətən təvazökarlar isə arxa stollarda əyləşmişdilər.
Məclis üzvləri istər yaş, istərsə də regional
baxımdan zəngin idi. Hətta ayrı-ayrı bölgələrdən
də yazıçının görüşünə gələnlər
var idi. Və bu faktın özü E.Hüseynbəylinin kifayət
qədər populyar olmasından xəbər verirdi. Niyə də
olmasın? Ona qədər romanın, iyirmidən artıq
pyesin, onlarla hekayə və publisist məqalənin müəllifi
olan bir yazıçı üçün populyarlıq nədir
ki?
Görüşü
giriş sözü ilə açan Rəşad Məcid
yorğun səsi, təmkinli danışıq manerası ilə
ənənəvi ağsaqqalıq statusunda
çıxış edirdi:
“Bilirsiniz
ki, Yazıçılar Birliyinin və Mədəniyyət
Nazirliyinin birgə layihəsi olan GƏM 2008-2010-cu illərdən
fəaliyyətə başlayıb. İki ay öncə ikinci
GƏM yaradıldı və qərara gəldik ki, Emin Piri bu məktəbin
koordinatoru olsun. İlk görüşümüzdə
Elçin Hüseynbəyli, Əsəd Cahangir, Qulu Ağsəs
və digər dəyərli dostlar iştirak elədi.
İkinci görüş tənqidçi Əsəd Cahangirlə
keçirildi. Sağ olsun, Əsəd gənclərin
yaradıcılığı ilə bağlı geniş və
məzmunlu bir məruzə ilə çıxış elədi.
Düzdü, qəzetdə bu məruzəni dərc etdirəcəyinə
dair söz versə də, hələki özünəməxsus
templə bu işi gerçəkləşdirməyib.
Bugünkü
görüş gənc yazarlar üçün bir neçə
aspektdən maraqlı ola bilər. Elçin “Ulduz”
jurnalının baş redaktoru kimi dərgini son illər ərzində
dörd dəfə gənclərə verib. Yay nömrələrindən
birini də yenə gənclərin ixtiyarına vermək nəzərdə
tutulub. Qulu Ağsəs də yəqin ki, özünün
müdrik məsləhətləri ilə bu işdə gənclərə
dəstək duracaq. Qulu gərək bu məsələdə
sərt redaktor imicinə yenə də sadiq qalsın. İndi
sizin bu məsələ barədə Elçinlə danışmaq
imkanınız var. GƏM-də ustad dərslərinin
keçirilməsi məsələsi də, məncə,
müzakirəyə layiq mövzudur. Siz yəqin ki,
Elçinin yaradıcılığı ilə
tanışsınız. Onun əsərləri ilə
bağlı sizi maraqlandıran sualların bu gün burda səslənməsini
arzu edərdim”.
Sonra
Rəşad müəllimin söz əsgərlərinin yeni
komandiri Emin Piri söz aldı və subordinasiya prinsiplərinin
nöqtə-vergülünəcən gözlənildiyi
qısa çıxışı ilə təkcə
koordinator yox, həm də subordinator olduğunu sübut elədi.
Amma bu nəzakətli çıxışın altında
onun vaxtilə orduda xidmət etməsindən irəli gələn
diktator maneralarını da gizləmədi:
“Elçin
Hüseynbəyli ilə görüşün üç səbəbi
var: birincisi, o, gənclik dərgisi olan “Ulduz”un baş
redaktorudur; ikincisi, AYB Gənclər Şurasının sədridir;
üçüncüsü və ən vacibi gözəl yazıçıdır.
Elçin müəllimin yazı dili şəxsən məndə
həmişə sözün yaxşı mənasında bir
paxıllıq hissi oyadır. Xüsusilə də, sonuncu
romanlarından olan “Don Juan”ın dili. Romanın adını
eşidən, dərhal burda açıq-saçıq səhnələrin
olacağını düşünür. Belə səhnələr
doğrudan da var. Amma romanın müəllifi onları elə
formada verir ki, oxucu proqnozları yaxşı mənada
puça çıxır. Elçin müəllim
sözün yaxşı mənasında oxucunu aldatmağı
və onu əvvəldən axıracan intizarda saxlamağı
bacarır. Bu isə şübhəsiz ki, professionallıq əlamətidir.
Mən Elçin müəllimin
yaradıcılığından geniş danışa bilərəm.
Amma istəyirəm ki, daha çox GƏM-in üzvləri
danışsın, onları maraqlandıran suallarla
yazıçıya müraciət etsinlər. Ümid edirəm
ki, tədbirimiz maraqlı keçəcək.”
Sonra
söz Elçin Hüseynbəyliyə verildi:
– Rəşad
Məcidə və Emin Piriyə bu tədbirin keçirilməsi
üçün minnətdaram. Tədbirə gələn gənc
yazarlar da sağ olsunlar. Amma bu görüşün gənc
yazarların özü üçün də əhəmiyyəti
var. Hərdən diri yazıçı da görmək
lazımdır.
“Ulduz”
jurnalının gənclər tərəfindən
hazırlanması yaxşı ideyadır. Ümid edirəm ki,
bu layihə vasitəsilə gənclər onlara verilən bu
şansdan maksimum yararalanraq yeni ədəbi mənzərəni
göstərə biləcəklər.
Gəncliyə
iddia xasdır. Bu, təbiidir. Cavandırlar, enerjiləri
aşıb-daşır. Bizim elə yaşımızdır
ki, bu enerjini artıq yavaş-yavaş xərcləyib
qurtarırıq. Gənclərin meydana çıxması bizə
də yeni bir enerji verir, çalışırıq ki, ikinci
enerji dövriyyəsinə başlayaq.
Mənim
yaradıcılığım haqqında öz ədəbi nəslimin
kifayət qədər məlumatı var. Gənclərin son nəslinin
isə ola bilsin ki, məlumatı azdır. İndi gənclik
kitab oxumaqdansa, sosial şəbəkələrdə vaxt
keçirməyə daha meyllidir. Onlara elə gəlir ki,
status yazmaqla yazıçılıq eyni şeydir. Biz onlar
üçün, bəlkə, qocalmışıq. Bəlkə
də, onlar bizi köhnə nəsil sayırlar. Amma istənilən
halda bizi və bizdən əvvəlkiləri də oxumaq
lazımdır.
Gənclərə
bir məsləhətim var – milli ədəbi-bədii ənənələrə
dərindən yiyələnsinlər. Məsələn, mən
ov ətini çaxırda bişirməyi bacarıram. Bu, bizim
milli mətbəxdə yoxdur. Xarici ədəbiyyat mətbəxini
bilmək, əlbəttə ki, yaxşıdır. Amma öz mətbəximiz
də var və ilk öncə onu bilməliyik. Məsələn,
M.Cəlilin yazı texnikası, dili bu gün köhnə, hətta
primitiv təsir bağışlayır. Amma bu, onun
böyük yazıçı olmasını qətiyyən
inkar etmir. Onun əsərlərində elə böyük məsələlərə
toxunulur ki, mən onun üslubi köhnəliyini artıq
görmürəm. Eləcə də Axundov. Dediyim odur ki,
özündən əvvəlkiləri oxumaq lazımdır. Və
vacib deyil ki, onları oxuyub, hökmən bəyənəsən.
Bəyənmək sənin şəxsi haqqındır.
Hamını eyni dərəcədə bəyənmək,
hamıya ləbbeyk demək də yaxşı deyil. Amma bilmək
vacibdir.
Nəsə,
bununla da, mən öz müdrik
çıxışımı tamamlamaq istəyirəm.
Çünki sizləri eşitmək istəyirəm.
Çıxışımda sizə qaranlıq qalan,
şübhəli görünən məqamlara aydınlıq
gətirməyə hazıram.”
Rəşad
müəlimin ikinci çıxışı nisbətən
kəskin notlar üstündə kökləndi:
“Hər
yazıçı mətbəx sirlərini danışmaqda
mahir deyil. Nizami Cəfərov deyir ki, bir dəfə Qabili
universitetə dəvət etdik ki, yaradıcılıq sirlərindən
danışsın. Təxminən 40 dəqiqə
danışıb, dedi ki, mənim ədəbiyyat haqqında
bildiklərim bunlardır.
Məncə,
yazıçının, xüsusən gəncin iddiası
lazımdır. Amma bu iddia yalandan olmamalıdır. Saxta
hay-küy bir yerə aparıb çıxarmır. İddianın arxasında savad, istedad
durmalıdır. İyirmi il əvvəl
ədəbiyyat mühiti tamam başqa idi. Yazı
ortaya çıxarmaq böyük problem idi. Ədəbiyyat
qəzetləri az idi. İndi
gənclər axşam yazır, gecə qoyur facebooka,
beş-altı layk alır, özünü məşhur
sayır. Məncə, bu, xaos yaradır.
Özündənrazılıq
formalaşdırır. Gənc bir yazara deyirsən,
niyə belə biabırçı dildə yazırsan? Deyir ki, mən dili sındırıram. Amma biri var bunu bacarıqla edəsən, bir də var
naşılıqdan. Məsələn,
Sabir Əhmədlinin də nəsr dilində zahirən dil
qaydaları pozulur. Amma bu, onun üslubu idi.
Gənc yazıçılar çox zaman dilin
adi qaydalarını bilmirlər. Dil ədəbiyyatın
birinci şərtidir. Sınıq-salxaq
dillə ciddi ədəbiyyat bir araya sığmır.
Belə yazını bir az oxuyursan
atırsan o yana. Amma insan zəhmətkeş və
istedadlıdırsa, uğur qazanır. Ulduz
xəstəliyinə tutulmaq və 5-10 laykla havalanmaq lazım
deyil.”
Axır ki, bayaqdan passiv görünən gənclər
yavaş-yavaş aktivləşir. İlk cəsarəti Vəfa
Mürsəlqızı göstərdi: “Ulduz”da dizayn
formatı dəyişə bilərmi?
Elçin
Hüseynbəyli: Biz “Ulduz”un daha müasir
dərgiyə çevrilməsi üçün yeni layihələr
düşünürük. Məsələn,
jurnalın saylarından birini erotik seçmələrə həsr
etmək fikrindəyik.
Amma nəzərə alın ki, bu qədər informasiya
bolluğu içində 500 tirajlıq bir jurnalla inqilab etmək
olmur.
Rəşad
Məcid: Məncə, jurnalın formatını kiçiltmək
pis olmazdı.
Nicat Zal
Qaraxanlının “Şah Abbas” romanının müəllifinə
sualı isə bir az qəribə səsləndi:
Azərbaycanda tarixi romanlar yox dərəcəsindədir. Tarixlə
bağlı əsərlər dilimizə çevrilmir. Sizcə, niyə?
Elçin
Hüseynbəyli: Alimlər bu məsələdə
maraqlı deyil. Çünki o əsərlər
tərcümə olunsa, onların ömrü boyu etdiyi
plagiatlar üzə çıxacaq.
Gözlənilmədən
söhbətə qoşulan Əsəd Cahangirin – Mən
görürəm ki, cavanlar bir az passivlik
göstərir. Elçinə özüm bir
sual verəcəm. İndi ədəbiyyata
həddən artıq gənclər gəlir. Bu, hətta
bir az neqativ tendensiyadır. Amma
görəsən, qələm öz sahibini
dolandırırmı? İnsan gələcəyinə
maddi təminat verirmi? – sualına
cavabı E.Hüseynbəyli zarafatla başlasa da, sonra ciddi simlərə
vurmağa başladı:
– “Qələm” nəşriyyatından söhbət
gedir? Mən başa düşürəm, Əsəd nə
deyir. Azərbaycan kimi balaca ölkədə
yazıçı pul qazana bilmir. Ortaq kitab
bazarı Güney və Türkiyə ilə birlikdə
yaradılmalıdır. Bunlar əhatə
olunsa, oxucu kontingenti 150 milyona çatar. Biz
də dolana bilərik. Ancaq, məncə, ədəbiyyata
gələn adamın özünə yazığı gəlməməlidir.
Deməməlidir ki, niyə mən yazıram,
onsuz da qiymət verən yoxdur. Depressiyaya
düşməməlidir. Deməlidir ki, mən
yazıram – çünki xoşum gəlir. Yazıram, çünki bu, mənim görəvimdir.
Amma gərək yazmaq üçün də dili biləsən. Təəssüf
ki, cavanların yazı dili qüsurludur. Türkiyə
ləhcəsi ilə yazırlar. Dili
ağırlaşdırırlar. Baxırsan
ki, Azərbaycanlıdır, amma dili bilmir. Mənim
yaradıcılıq karyeramda ən böyük rolu Gertruda
Stayn oynayıb. Onun bir sözü var: ədəbiyyat xəbər
və mübtədadan ibarət olmalıdır. Yəni dillə təfəkkür arasındakı məsafə
çox qısa olmalıdır. İstəyərdim
ki, gənclər bu məsələlərə diqqət
versinlər.
Samir Səyyadoğlu
isə Elçin Hüseynbəyli ilə bağlı
sualını birbaşa verdi: Erməni
yazıçısı sizin “Gözünə gün
düşür” hekayənizi plagiat etmişdi. Bu
işin axırı necə oldu?
Elçin
Hüseynbəyli: Erməni müəllifi Poqasyan özü bu
haqda açıqlama verdi. O, yazır ki,
guya süjetlərimiz çox da oxşar deyil. Demək,
o, bununla da oxşarlıq olduğunu etiraf edir. Və erməni bicliyi ilə sonra yazır ki, hər
iki hekayədə ağac sülhü rəmzləşdirir.
Əgər belədirsə, niyə mübahisə
etməliyik. Onlar bu hekayə əsasında
çəkilən filmi “Oskar”a təqdim etdilər. Amma bunu ala bilmədilər.”
Fikirlərini yekunlaşdıran Elçin Hüseynbəyli
gənclərə uğurlar arzu etdi.
Dörd saata
yaxın davam edən tədbirin ikinci hissəsində GƏM
üzvlərindən Taleh Mənsur, Rüfət Axundlu, Vəfa
Mürsəlqızı, Samir Səyyadoğlu, Gülnar Səma,
Arzu Hüseyn, Günay Ümid, Ülvi Aydın, Rəşid Səfərov,
Kamran Şeyxzamanlı və digərləri şeirlərini
oxudular. GƏM üzvləri səslənən
şeirlər haqqında fikirlərini bölüşdülər.
Ramil Əhməd
525-ci qəzet.- 2013.-
12 aprel.- S.8.