Mənim sevdiyim Türk

 

Türkiyə ilə hər görüş nağıllı bir dünyadır. O da ola Xoca Nəsrəddinin göz açıb dünyaya gəldiyi Əskişəhər. Qədim tarixi abidələriylə açıq səma altında canlı muzey olan bu əsrarəngiz şəhərə gəlişimiz baharın gəlişiylə bir vaxta təsadüf etmişdi.

2013-cü ildə Əskişəhərin türk dünyasının paytaxtı elan olunması ilə bağlı burada keçirilən beynəlxalq tədbirə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qatılması görüşə xüsusi bir ahəng, təntənə vermişdi. Onun türk dünyasını birliyə, bərabərliyə çağıran hərarətli çıxışı böyük alqışlarla qarşılandı.

Azərbaycan nümayəndə heyətinin tərkibində Əskişəhərə gələn mətbuat şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, qəzetin əməkdaşı Pərvin, “Bakı-Xəbərqəzetinin baş redaktoru Aydın Quliyev, “Spasetelekanalının əməkdaşları İman Məcidov, Etibar Qurbanov bu sətirlərin müəllifiTürksoy”un rəhbərliyi ilə keçirilən çoxsaylı mədəniyyət tədbirlərinə qatıldılar.

İzləri miladdan əvvəl 3 min illik tarixə gedib çıxan Əskişəhər bura qədəm basan hər bir kəsə doğma ana kimi qucaq açmışdı. Yuxularımızın şəhəri Əskişəhərdə nələri görmədik, nələri eşitmədik. Əl ağacını yerə vurub: “Dünyanın mərkəzi buradır”, – deyən Türk-İslam mədəniyyətinin yumor, gülməcə ustası Xoca Nəsrəddin babamızın möhtəşəm abidəsindən tutmuş, antik sənət əsərləri, möhtəşəm qalalar, camelər, əfsanəvi lülə daşları...

Əskişəhər Xoca Nəsrəddinin dünyaya göz açdığı yerdir. Bizim Molla Nəsrəddin dediyimiz Xoca Nəsrəddin 1208-ci ildə Əskişəhərin Sivrihisar ilçesinə bağlı olan Hortu kəndində doğulub. Atası Abdullah əfəndi, anası isə Sidiqə xanımdır. Nəsrəddin Xoca ilk bilgilərini din nümayəndəsi olan atasından almış, sonra Sivrihisar Konya mədrəsələrində, daha sonra isə Ağşəhərə gedərək Seyid Mahmud Heyrani, Seyid Hacı İbrahim Vəli kimi öz dövrünün tanınmış alimlərindən dərs almışdır. Əsl sənəti müəllimlik olmasına baxmayaraq, Xoca Nəsrəddin katiblik, müdərrislik etmiş, məhkəmələrdə çalışmışdır. Maddi durumunu yaxşılaşdırmaq üçün əkin-biçinlə, bağçaçılıqla, xırda ticarətlə məşğul olmuşdur. Xoca Nəsrəddin iki dəfə evlənmişdir. Xanımı rəhmətə getdikdən sonra ikinci dəfə ailə qurmuş, Fatma, Dürrü Mələk Xatın adlı qızları, Ömər adlı oğlu olmuşdur.

Xoca Nəsrəddin 1284-cü ildə 76 yaşında Əskişəhərdə vəfat etmiş, şəhərin ən qədim Səlcuqlu məzarlığında dəfn edilmişdir. Bir müddət sonra türbəsi ucaldılmış, məzarı ziyarət yerinə çevrilmişdir.

Əskişəhərin insanları bir keçmiş havasına, nostalji duyğulara köklənmiş kimidirlər. Hər bir kəs doğma məmləkəti ilə fəxr edir, qürur hissi duyur. Burada, bu əfsanəvi şəhərdə, müxtəlif mədəniyyətlərin qovuşduğu yerdə, adam özünü uzaq keçmişin qoynunda hiss edir. Alban, Bizans mədəniyyətinin ən gözəl nümunələri burada qorunub saxlanılır.

Yürüşlərdə at üstündə qılınclarla tarix yazan, zəfərlər qazanan türkün keçmişə bu qədər sayğı göstərməsi, Əski mədəniyyəti sevə-sevə qoruması təbiidir. Tarixi ancaq tarixi yazmağa haqqı olanlar yaşada, ucalda bilərlər. Türkiyənin, Anadolunun hər qarışının altı-üstü tarixdir, canlı muzeydir.

İnsan bu məmləkətdə nürk olması ilə qürur duyur. Sivilizasiyanın mərkəzlərindən biri olan bu məmləkətə addımbaşı qara yaxmağa çalışanlara demək istəyirsən: “Türkiyəni-Anadolunu başdan-ayağa gəzib dolan, görüb, heyrət etdiklərin barədə ədalətli konuş!”

Əskişəhərə ayağım dəyən andan mən dünənin qoynundaydım. Hər şey, hər şey mənə keçmişi xatırladırdı. Buranın ab-havası eynən təsis etdiyimYada düşdüjurnalının ab-havasıydı. Hər addımdan keçmiş, üstünü xəzəllər örtmüş xatirələr boylanırdı.

Əskişəhərdə, ümumiyyətlə Türkiyədə, ən çox xoşuma gələn qanunlara hörmətdir.Yerli bələdiyyələrin işləri məni heyrətə gətirdi. Burda köhnə bir eksponatı elə ustalıqla təqdim edirlər ki, baxdıqca baxmaq istəyirsən.

Təsəvvür edin , uçmuş tarixi binanı elə həmin vəziyyətdə saxlayıblar, onu göz bəbəyi kimi qoruyurlar ki, tarix yaşasın. Turistlərə, qonaqlara da onu əsl tarix kimi təqdim edirlər.

Əskişəhər həm müasirliyin simvoludur. Burda gözəl, göz oxşayan modern tikililər qədimi binalarla bir uyarlıq təşkil edir. Yəni müasir qədim arxitekturanın keçidi çox ustalıqla işlənib. Düşünürəm ki, şəhərsalma, abidələrə münasibət məsələsində biz Türkiyədən çox şeyləri öyrənməliyik. Bu, həm biznes yoludur. Turistləri cəlb etməyin ən gözəl üsuludur.

Əskişəhərdən qaysaq bağlamamış yaramı köz-köz edən bir xatirə ilə qayıtdım. Ürəyimi şan-şan edən, məni göz yaşlarına qərq edən o qızlaAnemonotelinin resepsionunda tanış oldum. O, bu oteldə çalışır. Səliqə-sahmanı, şirinliyi, xoş təbəssümü, doğmalığı, simsarlığı, gülər üzü ilə könlümü oxşayan Gülər adlı bu qız həmyerlimizdir.

Bəlkə nakam valideynləri adını Gülər qoyublar ki, üzü gülsün. Amma onun üzü gülsə qəlbi qəm pəncərəsiydi. Bu talesiz qız sən demə bizim QarabağdanXocalıdan Əskişəhərə gəlib çıxıb. Atası, anası, babası, qohum-əqrabası Xocalı qətliamında şəhid olublar. O dəhşətli müdhiş gecədə 2 yaşı olan bir təsadüf nəticəsində sağ qalan Güləri qohumlarından biri öz körpəsiylə bir yerdə böyüdüb, tərbiyə edib. TürkiyədəƏskişəhərdə yaşayıb işləyən Gülər (şəkildə sağda) Azərbaycan türkcəsində danışa bilmir. Gözüyaşlı bu balamızın başına gələn müsibətləri dinlədikcə ürəyim qan ağladı. Mən onu Azərbaycana dəvət etdim. Elə bilirdim ki, sevinəcək, dəvətimi qəbul edəcək. Lakin gözləmədiyim bir cavabı aldım: “Nəzakət xanım, Azərbaycandan ötrü bağrım çatlayır, ancaq mən ora Qarabağın, Xocalının azad olduğu, qisasımızın alındığı gün gedəcəm. O günü gözləyirəm. Anamın, atamın, babamın, qohum-əqrabamın, şəhid olmuş xocalıların ruhunun şad olacağı günü, anı gözləyirəm, ağaclar baharın yolunu necə gözləyirlərsə, mən elə gözləyirəm”.

23 yaşlı Gülərlə görüşmək ümidiylə sağollaşdım. Qəlbimdə kədər, qüssə, nisgillə bərabər, həm sabaha bir inam işığı gətirdim özümlə. O işıq 2 yaşında vətəndən ayrılmış indi 23 yaşı olan Gülərin tutaş kirpiklərindən asılmış göz yaşlarının işığı idi.

Əskişəhərdən ayrılanda dönüb şəhərə baxdım. Yadıma Arif Nihat Asyanın misraları düşdü:

 

Nazlarda dilek vardı, edalarda sihir,

Sevdim seni hər şeyinlə ey Eskişehir.

Gül gibi tüten akşamla ne şahaneydi

Ufkunda duman dağları, koynunda nehir!

 

2013-cü il türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Əskişəhərdən sevgi, kədər dolu bir dünya xatirə gətirdim özümlə. Bu xatirələrin qoynundan işıqlı, xoşbəxt, firavan sabahı olan qüdrətli, möhtəşəm türkiyəmiz boylanır. Tanrı Türkü qorusun!

 

 

NƏZAKƏT

 

525-ci qəzet.- 2013.- 12 aprel.- S.7.