Yarpaqlar hara düşür...
(Elegiya)
Onun ölümü
barədə qəzetlərdən
xəbər tutdum. Azərbaycan Dövlət
İqtisadi Universitetinin
maliyyə kafedrasının
əməkdaşları özlərinin
alim dostları, kafedranın dosenti Novruz Quliyevin vəfatından kədərlənərək
ailəsinə başsağlığı
verirdilər. Bütün ölümlərə
inanmaq istəmirəm,
bu ölümə də inanmadım. Axı bu qədər şaqraq gülüşlü,
bu qədər insansevər, həyatsevər,
dostsevər bir insan həyatdan belə tez ayrıla
bilməzdi. Elə həmin
anda da başımı
qaldırıb göylərə,
gözüm yetəri
qədər yaxınlara
və uzaqlara boylandım. Artıq
bu dünya onsuzdur dedim...
Dünyasını dəyişən dostlarımız,
doğmalarımız həmişə
mənə ağacdan
düşən yarpaqları
xatırladıblar. Biri saralıb
köçür, biri
yaşıl, amma bütün hallarda bu yarpaq tökümünün
bircə adı var – ayrılıq. Nə gedir bizdən gedir, bizim yan-yörəmizdən,
bizim ətrafımızdan
gedir. Amma ürəkdən heç nə gedə bilmir, hər şey onun üstünə, içinə gəlir.
Yarpaqlar torpağa düşür,
insanlar çiyinlərə,
ürəklərə. Amma hər bir kəs
özü boyda bu ana torpağı
çiyninə qaldırır.
Qaldırır ki, onu lap uzaqlardan da görə bilsinlər...
Xəyal məni uzaqlara apardı. Bakıya yenicə gəlmişdim,
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ilk kursunda
oxuyurdum. Günlərin bir günü məndən yaşca bir qədər böyük curnalist dostum İnqilab Həsənli məni öz dostugilə apardı. Bu, təxminən
qırx il
bundan qabağın söhbətidir. Səhv etmirəmsə, indiki
Şərifzadə küçəsindən
bir tin burulub, Yasamalın xırda evlərinin bir-birinə pərçim olduğu həyətlərindən birinə
daxil olduq. Bu balaca həyətdə
çoxlu qapı var idi. Adama elə gəlirdi ki, bu qapılar
qapı deyil, hərəsi bir gözdür, gizli-gizli kirpik vurub, gəlib-gedənlərə
baxırlar. Elə bu
dəm həmin qapılardan biri açıldı və kandarında gülərüz,
hündür boylu, enlikürək bir oğlan dayandı. Niyə orada durmusunuz, içəri gəlin – dedi. Əslində biz heç durmağa
macal da tapmamışdıq. Sonralar mənə
məlum oldu ki, Novruz müəllim
bütün anlarda insanları qabaqlamağa çalışır. Hər ikimiz
otağa daxil olduq. Novruz müəllimgilin kirayənişin qaldığı
bu otaq uzunsov
bir vaqonu xatırladırdı. Baş tərəfdə
qoyulmuş çarpayıda
nurlu sifət, üz-gözündən təbəssüm
yağan bir qadın bardaş qurub oturaraq, yorğanını da çiyninə salmışdı.
Bu, Novruzun anası
idi. Ay oğul, məni bağışlayın,
xəstəyəm, – dedi,
– sizi ayaqüstə qarşılayammıram. İnqilab da,
mən də – hər ikimiz minnətdarlıqla narahat olmayın dedik, yastığınız yüngül
olsun. Onu da hiss elədim ki, İnqilab bu ailənin və Novruzun son dərəcə yaxınıdır.
Novruz müdafiəyə hazırlaşırdı,
ayrılanda mənə
öz “avtoreferat”ını
bağışladı. İllər keçəcək,
İnqilab dönə-dönə
mənə deyəcək
ki, biz Novruzla nə dost, nə qohumuq, biz onunla qardaşıq. Qardaşdan
da dost olur. İnqilabın danışdığı
bir xatirə:
“Mən anamın
tək övladı idim. Novruzgil isə bir neçə qardaş-bacıydılar.
Tərtərdə rayon mərkəzində qonşu binalarda yaşayırdıq. Hər ikimiz
də Tərtərdəki
məktəbin eyni sinfində oxuyurduq. O
qədər ünsiyyətimiz
var idi ki,
bir-birimizi danışmadan,
uzaqdan belə duya bilirdik. Orta məktəb illəri arxada qaldı, Novruz avtomobil qəzasında dünyasını
dəyişmiş bank müdiri
qardaşının yolunu
davam etdirərək, İqtisad Universitetinə daxil oldu. Mən isə bir qədər
gec universitetin gurnalistika fakültəsinə
qəbul oldum. Yataqxanada qalırdım. Bir gün
yataqxananın həyətindən
qulaqlarıma Novruzun doğma səsi gəldi. Aşağı düşüb görüşdüm.
Sonra Novruz çıxıb getdi. Səhərisi bir də gördüm ki, o, məni yenə səsləyir. Dünən ayaqqabımın
köhnə olması
onun diqqətindən yayınmamışdı, mənə
təzə bir ayaqqabı alıb gətirmişdi. İllər keçdi,
bu həyatın daşlı-kəsəkli yollarında
neçə-neçə ayaqqabılar
geyinib, ayaqqabılar köhnəltdim. Amma Novruzun
aldığı o dəri
ayaqqabı qədər
isti, rahat ayaqqabıya rast gəlmədim. Görünür,
o dost payı olduğundan
bu qədər əziz olub, mənim üçün unudulmaz xatirəyə çevrildi...”
Bəli, Novruz müəllim insanlara, qohum-qardaşa son
dərəcə diqqətli
və həssas idi. Yadımdadır, bir
neçə il bundan əvvəl şəmkirli
dostum, eloğlum Müseyibin oğlu İqtisad Universitetində
təhsil alırdı.
Xırda
bir tələbə problemi yaranmışdı.
Müseyiblə Novruz müəllimin
yanına getdik.
O, bu problemi tezliklə qaydasına qoydu. Bundan sonra, necə
deyərlər, mən
yalan oldum, Müseyib, bir də onun qardaşı
Səməd gerçək.
Beləcə, hamımızın birgə olan dostluğumuz, ünsiyyətimiz
yarandı. Novruz müəllim
ailə həyatı qurdu, övladları dünyaya gəldi. Ömür-gün yoldaşı Rəna
xanım dəfələrlə
qarşımıza çay-çörək
gətirdi.
Ömrün elə çağları
gəlir ki, özündən asılı
olmadan neçə-neçə
dürlü qayğıların
əlində ələk-vələk
olursan. Bunlara da dözmək
olur, amma üstümüzü kəsən
qəfil ağrı-acılar,
xəstəliklər aman
vermir ki, dost-tanışı vaxt-vədəsində
axtaraq. Bir ara mən
xəstələndim, bir
ara İnqilab xəstələndi, Müseyibin
ayağı amputasiya olundu, görüşlərimizə
payız qırovu düşdü. Gümanımız telefonlara qaldı.
Elə bax beləcə günlərin birində müəllim, alim dostumuz Novruz Quliyevin həyatdan köçməsindən xəbər
tutdum. Rəna xanım deyir
ki, elə bir ciddi xəstəliyi
yox idi, bir balaca şəkəri
var idi. Moskva altındakı sanatoriyaların
birindən yenicə qayıtmışdıq. Bir qədər
əvvəl bədənini
yüngülvari dalamış
iflicin əlamətləri
əllərində qalmışdı.
Bir gün evə qayıdıb gördüm
ki, masanın arxasında oturub dərin xəyala dalıb. Sənə nə olub, gəmilərin batıb?
– dedim. Köksünü ötürüb mən həmişə bu əllərimin çörəyini yemişəm.
Onunla yazıb-yaratmışam, müdafiə
eləmişəm, neçə-neçə
kitablar bu əllərdən keçibdi.
İndi əvvəlki
gözəl xətlə
yaza bilmirəm, Rəna, dedi və gözlərində
yaş gilələndi.
Üstündən o qədər də ötmədi, günlərin
bir günü evimizə gələn dostlarla oturub şən-şaqraq zarafatlar
eləyib, xatirələr
danışdı. Səhərisi
gün isə bir quş kimi
uçub getdi...
Həmişə Novruz müəllimin barəsində yaxşı
sözlər eşitmişəm. Qayğıkeş
dost idi, qayğıkeş
insan, gözəl ailə başçısı,
zəhmətkeş alim.
Uzun illər – lap gənclik illərindən Azərbaycan
Dövlət İqtisad
Universitetinin maliyyə
kafedrasında çalışıb,
neçə-neçə nəsillərə
sevdiyi peşənin incəliklərini öyrədib,
məsuliyyətini andırdı.
İnsanlar da yarpaqlar kimidir. Amma yazqabağı ağacların
yarpağı olmur, tumurcuğu, bir də göynəyi olur. Novruz müəllimin itkisi yaz ağacının göynəyinə bənzədi...
Taleh HƏMİD
525-ci qəzet.- 2013.- 12 aprel.- S.2.