Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
Araşdırıb toplayanı, ərəb əlifbasından
latın qrafikasına çevirəni, ön sözün
müəllifi, lüğətin tərtibçisi
(1917-aprel
1918)
Transliterasiya
redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
IV cild
Qəflət
zamanı degil!
Bu gün seçki günü barəsində hər
uçastokda ictimailər olacaq, orada ayın 21-də
uçastok komitələrindən və onların tərzi-təşkil
və intixabından bəhs ediləcəkdir. Vətəndaşlar! Hamınız o ictimailərə gəlməli, dinləməli,
fəqət tamam zehin və fikriniz ilə dinləməlisiniz.
Məsələ xeyli mühüm məsələdir.
Bu ictimailərdə bir çox məsələlərdən
danışılacaqdır.
Müsəlman arvadlarının seçki həqləri
və onların tərz və təşkili barəsində,
seçkilərin nə cür olması barəsində və
digər bir çox məsələlərdən bəhs ediləcəkdir.
Əvvəla, bu seçkilərdə mütləq
arvadlarımızın seçkidə iştirak etmələrini
tələb etməlidir.
Müsəlman arvadlarından ötrü xüsusi bir mənzildə
və yainki kişilərin seçki seçdikləri mənzillərində
kişilərdən iləri və ya sonra seçki
icrasına nəzarət edənlərin də arvad
olduqlarını tələb etməlidir. Bizim imdiki məhəllə
seçkisi üsulu ilə Bakıda əhalinin əksəriyyətini
təşkil etdigimiz halda əqəliyyət də
qalmağımızın qorxusu vardır. Əgər
arvadlarımız da iştirak etməzsə, o zaman səsimiz
heç dərəcəsinə enəcək, bundan sonra həm
məhəllə komitələrində və həm də
şəhər upravasında əksəriyyət degil, əqəliyyətin
ədna dərəcəsində qalacağız. Gələcəkdə əqəliyyətdə
qalmamaq və işimizin ixtiyarı əlimizdən
çıxmamaq üçün bundan sonra ediləcək
seçkilərdə nisbəti gözləməlidir. Yəni hər millət öz sayına görə səs
verməlidir. O zaman bir yerdə yaşayan millətlərin
heç birinin hüququ itməz. Hər kəs
öz miqdarına, öz hesabına görə öz
seçdigi adamlarını verər və heç kəsin də
ürəgi qalmaz və heç kəsin də hüququna təcavüz
edilməz. Bu üsul Avropanın ən demokratik hesab edilən
İsveçrə məmləkətində də icra
ediliyor. Hərgah Rusiya doğrudan da arvadlara
hüquq verəcək əndazə demokrat məmləkəti
cümləsinə girmişsə, cəmi Rusiyada bu demokratik
nisbi (proportsionalnı) seçki qaidəsini icra etməlidir,
ta ki Rusiyada yaşayan hər bir millət ədalət üzrə
özünün payına düşən adamları bundan
sonrakı Rusiyanın dövləti və məhəlli idarələrinə
verə bilsin.
Rusiya kibi
müxtəlif millətli məmləkətdə bu seçki
üsulundan başqa ədalətə və həqqaniyyətə
layiq heç bir seçki üsulu ola bilməz.
Buna görə də biz bugünki seçkilərdə
imdiki məhəllə seçkilərinin nisbi
(proportsionalnı) olmasını və bundan sonra cəmi
Rusiyada seçkinin nisbi olmasını və
arvadlarımız üçün də kişilərdən
ayrı seçkilərdə iştirak etmək həqqini istəməliyiz.
Bu bizim həqqimizdir və bizim bu demokratik həqqimizi
Rusiyanın azad hökumətindən tələb etməlidir. Əgər bu
tələbimizdə ciddiyyət göstərsək, guşəginlik,
boşluq göstərməsək, yəqin edirəm ki, bu həqqi
bizə verərlər və buna məmaniət göstərməzlər.
Vətəndaşlar!
Unutmayınız, sabah ictimailərə
külliyyətlə gəliniz və bu arzularınızı
o ictimailərdə bir tələb surətində bələdiyyə
idarəsinə veriniz.
Bizim milli ehtiyaclarımıza bu iki şey çarə
edə bilər.
Əvvəlincisi seçkilərdə
arvadlarımızın kişilərdən ayrı iştirak
etməsi, ikincisi öz sayımıza nisbət bizə
seçki həqqi verilməsi. Arkadaşlar! Arvad məsələsində
cahilanə təəssüb etməyiniz. Çünki
bu təəssüb nəinki müsəlmançılığımıza
və millətimizə xidmət etməz, bəlkə bizi
seçkidə əqəliyyətdə buraxmaq ilə
ixtiyarımızı əlimizdən alar ki, bu da ki nə
şəriətə və nə də millətə
müavinət degil, zərər yetirər və bu da bizi
şəriət və milliyyətimiz qarşısında məsul
və xəcil edər. Biz də böylə
məsuliyyətli və tarixi zamanda bu məsuliyyəti və
bu xəcaləti öz öhdəmizə götürməməliyiz.
Arvadlı kişili seçkilərdə iştirak etməli
və öz işlərimizin ixtiyarını öz əlimizə
almalıyız.
“Açıq söz”, 12 may 1917, ¹471
Ədna –
aşağı, çox az
Nərəyə gediyoruz?
Özümüzünkülər, yaxud başqaları
“müsəlmanlar (türklər) qabili-tərəqqi degil,
çalışqan degil, hürriyyətə layiq degil...”
dedikdə gücəniyoruz, darılıyoruz. Fəqət
azacıq düşünməli, motərezlərimiz pək də
həqsizmi?
Hürriyyət elan edildi. Hər kəs, hər millət
iş başına yügürdü. Vəzifəyə
şəncə qoşdu. Bin dürlü təsisat, təşkilat
yapdı, hər növ maddi, mənəvi dərdlərinə
əlac aradı.
Fəqət bizimkilər?
Təbii
bizimkilər də geri durmayıb bir iş yapmaq istədi.
Lakin təbii hiss ilə, mədəni tərbiyə ilə, həqiqi
iqdamat degil, yalnız görənək üzərinə, təqlid
üzərinə hər kəs yerindən
qımıldadı, qımıldamaq istədi. Məsələn,
qomşu bir millət bir təşəbbüsdə bulunur,
çalışıb çabalar, kəskin və
sarsılmaz addımlarla bir həqiqətə, bir nura, bir
ideala qoşmaq istər. Baxırsan bizimkilər
də qomşularını yamsılayaraq dərhal gurultulu
seçkilərə başlandı. “Sən
degilsən, bənəm” – deyə hər kəs kəndini
seçdirməgə müvəffəq oldu. Həm də bir cəmiyyətə, bir heyətə
degil, bir çox mühüm mövqelərə ihza intixab
olunmaq şərəfinə nail oldu. Fəqət iki
gün sonra!?
İştə,
məsələnin ən nazik, ən mühüm nöqtəsi!...
Əvət, iki gün sonra bir də baxarsan ki, filan əfəndi,
filan ağa özünü seçdirmək üçün
həftələrlə boğazını yırtmış
olduğu halda, artıq gözə görünməyərək
bin türlü bəhanələrlə ortadan sovuşdu. Bəzi yerlər bəlkə
müstəsna ola bilir. Fəqət
bir çox şəhərlərdən alınan xüsusi məlumata
görə tamamilə eyni sönüklük, eyni gövşəklik,
eyni vəzifəsizlik hökmfərma olmaqdadır.
Əcəba, bu təəssüf olunacaq halə səbəb
nə?!
Təbii,
səbəblər pək aydın... Əvvəla, hərif gecə-gündüz
yalnız bir şey sayıqlayordu, o da seçilmək, ad
qazanmaq, bir çox yerlərdə sandaliyə qapanmaq!
İştə,
sandaliyəyi buldu, arzusuna nail oldu...
Təşəbbüs, fəaliyyət?!
Zatən
o, sonraki bir məsələ!.. Yaparsan da olur, yapmazsan da olur. İkinci səbəb:
tərbiəyi-mədəniyyədən, cəsarəti-mədəniyyədən
məhrum bulunmamızdır. Çünki böylə işlərə
öncədən hazırlığı olmayan bir millət
istədigi şeyə nail olsa belə təbii, böyük
bir şaşqınlığa düçar olur, nə
yapacağını bilməz. Üçüncü səbəb
– ki, ən mühüm də budur – bir iş üçün
bir həqq təyin edilməmək məsələsidir. Bir çox şəhərlərdə icraiyyə
heyətləri, bələdiyyə əzaları seçilir.
Fəqət həpsi pulsuz, parasız... Çünki
millət işidir. Millət yoludur. İştə, bu adət ata-babadan bizim kəmiklərimizə
işləmiş və bu dilənçilik təbiəti
yalnız bizim dərvişlərdə, dilənçilərdə
degil, hər sinfimizdə, hər fərdimizdə kökləşmiş
bir nəqisədir. Və bunun
üçün də seçdigimiz əfəndiləri
heç bir işdə məsul tutamayız, xidmət edəməyiz.
Çünki hərif pulsuz, parasız olaraq “fəxri”
çalışıyor. Halbuki o
dürlü məccani, fəxri, ən nəhayət ya xəyanət,
yaxud gövşəklik və etinasızlıqla nəticəpəzir
olur. Fəqət bu nəticələrdən – yarınki
gün duyacağımız bir duyğu var isə, o da
müdhiş və acı bir fəryaddan başqa bir şey
olmasa gərək...
Gələlim məarif
işlərimizə?!
Dövrani-istibdadın pəncəyi-mənhusində
tırmalanıb gedən məktəblərimiz, daima
hüquqsuzluq ruhundan gizli-gizli fəryadlar qopararaq, nə
yapacağını bilməyərək
bütün-bütünə pusuləyi
şaşırmışdı.
Fəqət şimdi?!...
Şimdi
hürriyyətə nail olmaqla bərabər nə
yapıyoruz? Nərəyə gediyoruz?
Qafqasiya qurultayı yapıldı. “Milli lisan,
milli məktəb” – deyə qərarlar verildi.
Tələbələr qurultayı da eyni qərara gəldi
və bütün Qafqasiyadakı türk şəriət
müəllimlərindən milli ruhu, milli hissiyyatı
inkişaf etdirəcək dərslər tələb
olunacağı təhti-qərarə alındı. Lakin ya in: “kəndiniz nə
istiyorsunuz, yapınız” – denildikdə nasıl ki öylə
də deniliyor və öylə də olacaq. Əcəba,
müəllim əfəndilər hanki proqram ilə dərs verəcəklər?
Və nasıl bir qərarə gəlmişlər?..
Əcəba, iştiraki-arayi ilə tənzim edilmiş
proqramlarımız, seçilmiş kitablarımız nərədə? Yoxsa yenə onlar da
olduğu kibi müəllimlərimiz bir-birindən bixəbər,
hər kəs sapa bir yolu, əgri bir cığırı kəndi
milləti üçün bir şahrah tərəqqimi zənn
edəcək?!.. Yenə də bir şəhər
digər şəhərdən, bir köy digər köydən
xəbərsiz olaraq müxtəlif qayələr, müxtəlif
ideallar arxasıncamı qoşulacaq?!..
Hələ
müəllimlərimiz, mütəllimələrimiz?..
İştə,
onların halı daha fəna, daha acınacaq bir hal!..
Zavallı cocuqlarımız – intibah naminə olaraq – evlərindəki
xortdan, damdabaca masallarından qurtulmaqda ikən, məktəblərdə,
tərbiyə ocaqlarında pulkalara rast gəldilər və o
kibi bir yığın mənasız, münasibətsiz
etibarlara düçar oldular. Gündən-günə
milli adətlərdən uzaqlaşaraq yabançı çərçivələrin,
yabançı əllərin qorxunc təzyiqləri altında
sıxılmağa, əzilməgə başladılar. Təbii bu hallar, kokutmalar ilə iftixar edən ailələr
üçün pək də şayani-təəssüf
olmaya bilər. Lakin bu hal kəndi millətini,
kəndi bənligini düşünənlər
üçün, şübhəsiz ürəkləri
dağıdar edəcək müdhiş bir zərbə deməkdi.
İştə, məzkur zərbələrdən,
o qorxunc nəsnələrdən hasil olacaq yaraları
sağaltmaq üçün bəzən xüsusi və səmimi
fəryadlar qopurdu. Yeganə mane olaraq
yalnız mühit, mühitdəki gövşəklik və
istibdad ortaya sürülüyordu. Şimdi
artıq istibdad devrildi. Əcəba, yenəmi
abdalca, şaşqınca bir nəzərlə durub
baxacağız?
Əcəba, “ana şəfqət qucağı” deyə
pərəstiş etdigimiz həmşirələrimizi
şappalaq və kokutluqdan başqa bir şey ögrənməyən
zəif və sönük proqramları izləməgəmi təşviq
edəcəgiz? Halbuki qadın həyatı
üçün, ana yetişdirmək üçün
yapılacaq proqramlar, yazılacaq kitablar daha başqadır,
daha əhəmiyyətlidir.
Fəqət
o kitablar, o proqramlar nərədə?!..
Ruslar, fransızların örsələnmiş,
çürük, münasibətsiz, hoppaca tərbiyələri
sayəsində kəndilərini unutdular, kəndi bənliklərini
qeyb edəcək bir halə gəldilər.
Rus alimləri, rus mütəfəkkirləri bu sui-təsirdən
şikayətlənib də daima fəryadlar qopardılar,
şimdi də qoparıyorlar. Halbuki biz əsla
bunları duymuyoruq, düşünməyirik. Daima hissiyyatə qapılıyoruz, həm də
başqalarının yuvarlanmaqda olduğu uçurumlarda məhv
olub getmək istiyoruz. Şübhəsiz bu
qüsurları aramızda dərk edənlər az degil. Fəqət çarə
arayanlar yox hökmündədir, desək də xəta etməmiş
oluruz.
Əvət, qadın həyatı son dərəcə
dolanbaclı və kolay-kolay həll edilməz bir məsələdir. Həm də
son dərəcə diqqət ediləcək bir məsələdir.
Bunun üçün də əsaslı mənbələr
bularaq, gecəli-gündüzlü çalışmaq,
alman-ingilis kibi ciddi millətlərin qadın tərbiyəsi həqqində
yazmış olduqları bir çox kitabları gözdən
keçirərək və onlardan alacağımız fikri kəndi
milli ruh, milli adətimizlə aşılayaraq əsaslı
proqramlar, istifadəli kitablar vücudə gətirməliyiz.
Yoxsa bu xüsusda azacıq müsamihə edəcək
olursaq, əmin olmalı ki, gələcəgimiz
keçmişimizə nisbətlə daha əsəfnak, daha
qorxunc bir şəkil almış olur.
İştə,
bugünki vəziyyət meydanda?!..
Bugünki zərbədən mütəəssir
olmayanlar, yarın üçün kəndi əllərilə
kəndi məzarlarını qazımış olurlar.
Əvət,
bugünki seçki məsələsində
qadınlarımızın bizdəki qadın həyatının
sönüklügü iyicə anlaşılsa gərək...
Və onların həyati-ictimaiyyəmizdə
doğuracağı təhlükə, kəndi
simasını, simai-zəif və yetimanəsini göstərməgə
başladı. İştə, həyati-mədəniyyəmizin
nə halda olduğunu şu ilk addımlar isbat etdi. Artıq gələcəkdə bugünki kibi
gülünc təcrübələrə bir daha rast gəlməmək
üçün ayılmalı, iləri atılmalı, həqiqəti
aramalı, dörd gözlə aramalı, həm də
yorulmadan, usanmadan qoşmalı və daima
qoşmalıdır.
Millətimiz yarın bir fəlakətə uğrarsa, səbəb
qadınlardır. Qadınlardakı məarifsizlikdir. Türk övladı yarın cəval, fəal
addımlarla şəhrahi-tərəqqi və mədəniyyətdə
ilərilərsə, yenə səbəb qadınlardır.
Onlardakı məarifpərvərlikdir. Milli və mədəni işlərimizdə hər
hanki məsələyə ətfi nəzər etsək – əmin
olmalı ki, – ilk baxışda, ilk addımda
analarımızı görəcəgiz. Onunçun
hər şeydən əvvəl qadın məsələsinə,
tərbiyəsinə, qadın məarifinə baxmalı,
xanım qızlarımızı ciddi, sabit, sarsılmaz bir fəaliyyətlə
məarif və tərəqqi üfüqlərinə doğru
sövq etməli, yüksəltməli və hürriyyət
günəşindən kəcbi-nur etmələrinə daima səy
və qeyrət etməlidir. Və bunu da əsla
unutmamalı ki, pəriyi-hürriyyətin ruhəfza təbəssümləri,
şəmsi-hürriyyətin həyatpərvər şölələri
hər kəs üçün, əvət, bütün
insanlar üçün müsavidir. Yalnız
üç firqə var ki, o hariqəmunis nuri, o nuri-səadəti
dərk edəmməz.
İştə,
onlar da korlar, yatmışlar və sərxoşlardır?!.. Artıq düşünməli,
düşünməli ki: nə yapıyoruz? Nərəyə
gediyoruz?!..
“Açıq
söz”, 19 may 1917, ¹477
Motərez
– tənqidçi
Ruhəfza
– ruhlandıran, könül açan
Müsamihə
– səhlənkarlıq, başısoyuqluq
Əsəfnak
– heyfsilənmək, təəssüf etmək
Pulka –
preferans və başqa qumar oyunlarında bir əl oynama
Bizim
nöqteyi-nəzərdən Rusiyada cümhuriyyəti-ənam
Şərq ilə Qərb arasındakı “Çin
hasarı” uçuruldu. Rusiya istibdadı yıxıldı. Bu istibdadın sonuncu bədbəxt nümayəndəsi
Nikolay bütün Rusiya millətlərinin alqışları
içində təxtindən düşürülüb
arvadı ilə bərabər həbsə alındı.
Romanov sülaləsi getdi. Onunla
bərabər qaba rus imperializmi də səhnəyi-siyasətdən
çəkildi.
Bu vaqeə yalnız Rusiya təqdiratı degil,
tarixi-ümumi nöqteyi-nəzərindən dəxi son dərəcədə
mühüm bir məsələdir.
Rusiya
tarixi digər Avropa millətlərinə nisbət həmişə
geridə qalmış, Rusiya kəndçilərinin
azadlığı Avropadan tam yüz il
sonra gəlmiş, üsuli-idarədəki cəmaətçilik
fikri dəxi burada o nisbətdə ağır
yayılmışdır. Hər bir ağır
kütləyə məxsus olan bu hərəkətsizlik
yalnız Rusiyaya degil, Rusiyaya mərbut olan Şərq aləminə
də böyük zərərlər toxundurmuşdur. Şərq aləmi deyincə, burada hər şeydən
əvvəl müsəlman və türk aləmindən bəhs
etmək lazım gələcək.
İslam məmləkətlərinin axırıncı
tarixləri daima Rusiya ilə çarpışmaqdan ibarət
olub türkl qismi-mühümmi bu dövlətin qələmrovuna
daxil olmuşdur. Müsəlman təbəəsinin çoxluğuna nəzərən
məcazi məna ilə İngilis hökumətinə birinci islam hökuməti adını verənlər
var. Bu mülahizə ilə Rusiya hökumətinə də
birinci türk və ikinci müsəlman hökuməti demək
olar. Sayı 60-70 milyona varan türk cinsinin 25-30
milyonu, təqribən yarısı Rusiya vətəndaşıdır.
Ən böyük müsəlman
padşahlığı olan Türkiyə müsəlmanlarının
sayı 25 milyona varamaz. Bütün
İran 10 milyondan artıq degildir. Bu iki müstəqil islam məmləkətlərindəki
türklügün cəmi belə Rusiya türkləri qədər
olamaz. Bir o qədər türk və müsəlman
təbəəyə malik olduğu halda əski Rusiyanın
siyasəti müsəlman məmləkətləri üzərinə
icrayi-təzyiq etməkdən ibarət olmuş, Rusiya
istibdadı daxildə təmsil, xaricdə də istila
politikasını yeritmişdir. Bir vəqt bu istila
politikası “müdafiə” ünvanını almışsa
da, axırda haman qaba imperializmdən
başqa bir şəkil almamışdır.
Rusiyanın ən iləri gələn namdar hürriyyətçiləri,
rus millətinin səlamət ruhuna inanan tərəqqipərvər
pişrovları Rusiya səltənəti üçün Qərb
naminə Şərqdə bir mədəniyyət amalı
olmaq vəzifəsini təsəvvür edərlər. Azad Rusiyadan
böylə bir vəzifə gözlənməkdədir.
Müstəbid Rusiya isə Şərqi-islamda
göstərdigi siyasəti ilə qərb mədəniyyətinə
ancaq ayı xidməti göstərə bilmişdir. “Debi-Əkbər” səmimi olmaq istədigi zamanlarda belə
məşhur Krılov əfsanəsindəki milçək
qovan ayıdan o tərəfə keçməmişdir.
Dini siyasət oyuncağı edən çarizm
bütün Rusiyayı rəhbanxanəyə döndərmək,
bütün rusiyalıları bir ikonaya ibadət etdirmək və
bu geniş ölkəyə daxil olan bütün millətləri
dəxi bir cinsiyyətə qəlb etdirib var qüvvəsilə
ruslaşdırmaq istiyordu. Bu məqsədlə hərəkət
edən rus çarizmi təmsil politikasında o qədər
iləri gediyor, o qədər ğəllu ediyordu ki, başqa məzhəb
və dil sahibi olmaq günahına batan insanlar heyvanların belə
malik olduqları ən təbii hüquqdan – azadlıqla bir tərəfdən
o tərəfə hərəkət etmək həqqindən məhrum
edilir, kəndi dindaşları yanına buraxılmıyor və
babaları yurdunda yer-yurd almaqdan belə mən ediliyorlardı.
Təmsil politikası yolundan bütün qeyri millətlərlə
bərabər Rusiya müsəlmanlarının dini, milli və
hüquqi nə kibi təzyiqat və təhqiratə
uğradıqları isə əyandır və möhtaci-bəyan
degildir.
Daxilən böylə bir irtica ruhuna malik olan dövlətdən
müsəlmanların nə kibi bir tərbiyəyi-mədəniyyə
ala biləcəkləri məlumdur. Vəqtilə əcnəbilərdən
məhfuz qalmaq üçün hətta məmləkəti,
ölkəsini məşhur “Çin hasarı” ilə
sarmışdı. Bu hasarı cəbr ilə
sındırıb çinlilərin “bəkarətini” zail edən
avropalılar daha yaxındakı digər bir hasarı görməmiş,
yaxud görməgə meyl etməmişlərdi.
Yaxındakı bu hasar uzaqdakı o hasardan daha
keçilməz, daha sarsılmazdı. Bu, Rusiya
istibdadı idi. Türküstan kibi
geniş bir məmləkət sənələrcə bu hasar
arxasında qalıb mədəniyyət aləmindən
ayrılmış Vanperi kibi elm və fənn
müştaqları belə ancaq qiyafələrini dəgişmək
surətilə buralara nüfuz edə bilmişlərdi.
Daxildəki
türklərini böylə qara pərdə altında saxlayan
rus istibdadı xaricdəki müsəlmanlarla türklərə
dəxi hər zaman əngəl olmuş, buralarda zühura gələn
hürriyyət hərəkatını basdırmağa tələsmiş,
can atmışdır. Midhət Paşa məşrutiyyəti
İqnatov intriqası, Aleksandr istilası ilə qanlara qərq
edilmiş, Müzəffərəddin məşrutiyyəti də
Lyaxov idarəsindəki kazak topları ilə
dağıdılmış və bu gün mehmanımız
olan Məhəmmədəli şah məhbusumuz bulunan
Nikolayın ən səmimi iltifatlarına və ən ciddi təhriklərinə
məzhər olmuşdur.
Şübhəsiz
müasir Qərb ilə əski mədəniyyət sahibi
Şərq arasında bulunan Rusiya bu iki aləmi yekdigərilə
tanışdıracaq bir amili-mədəni ola
bilər. Fəqət o Şərq hər halda
imperialist Rusiyaya, qanlı çarizmə degil, demokrat və
işıqlı Rusiyaya aiddir. O Rusiya ki, bu gün:
–
Yaşasın cümhuriyyəti-ənam! – deyə
bağırıyor və bu şüar ilə bütün
qövm və millətləri – hətta kəndisilə hali-hərbdə
bulunan millətləri belə – ittihada dəvət ediyor.
1905-ci ildə Rusiya ancaq təprənmiş və bu təprənişdən
17 oktyabr fərmanının kölgəsi ilə iyunun
üçü cəzasına uğrayan bir Duma
qalmışdı. Bununla bərabər 1905 inqilabı daxilindəki
millətlərin həyatına təsirsiz qalmadığı
kibi xaricdə də Çin, İran və Osmanlı
inqilablarını törətmişdi. 1917-ci il inqilabı həm zaman, həm də nəticə
etibarı ilə 1905-ci ildən binlərcə faiq və
layiqdir. Şübhəsiz ki, böyük
dünya müharibəsi qədər əhəmiyyətli olan
bu böyük vaqeənin böyük də təsirləri
olacaq, bu təsirlər indidən görünməkdə və
yuxarıdan bəri mütaliə etdigimiz türk və müsəlman
baxışından nə qədər böyük faidələrə
şamil olduğu dərk olunmaqdadır.
Böyük vaqeələr böyük də nəticələr
verir, dedik.
Böyük Rusiya inqilabının ən böyük nəticələrindən
birisi, heç şübhəsiz ki, İslam Şərqi ilə
Türk Asiyasının intibahından və bu iki böyük
aləmin bir an əvvəl hərəkətə
gəlib də müasir Avropa mədəniyyəti ilə
ünsiyyət tapmaq üzrə əl-qol açmalarından
ibarət olacaqdır.
Fəqət təkrar ediyoruz, bu ancaq o zaman hasil
olacaqdır ki, bu gün elan olunan azadlıq əsasları
bütün səmimiyyət və saffiyyəti ilə baqi
qalıb Rusiya dövlətinin əldəyməz əsaslarını
təşkil eləsin. Bunu təmin edəcək bir qüvvət varsa, o da
qüvvəti-ənam və bir şəkli-idarə varsa, o da
cümhuriyyəti-ənamdır!
Var olsun
cümhuriyyəti-ənam!
M.Ə.Rəsulzadə
“Qardaş
köməgi”, may 1917, ¹1
Ğəllu
– riyakarlıq
Məhfuz
– mühafizə edilmiş
Ümumrusiya müsəlman syezdi
(Xatirat və təəssürat)
Hürriyyətdən sonra birinci Rusiya müsəlman
ictimaini Moskvada yığan müəssislər buna nə nəduvə,
nə qurultay deməyib syezd adı vermişlərdi.
Mayın əvvəlində
yığışacaq bu syezdə müvəqqəti Rusiya mərkəzi
bürosunun təsəvvürünə görə ən
çoxu beş yüz vəkil gəlməli
imiş. Halbuki həqiqət intizarın çox fövqünə
çıxmış, beş degil doqquz
yüzə qədər vəkil gəlmişdi. Rusiyanın ən hücrə guşələrindən,
Volqaboyunun böyük, kiçik şəhərləri degil,
hətta kəndlərindən belə vəkillər göndərmiş.
Həm də bir degil, öylə kənd cəmaəti
vardı ki, ikişər, üçər vəkil göndərmişlərdi.
Beş
yüzə qədərlik adam göndərilənədək
hazırlanan Əsədullayev binası bu qədər
“izdihamı” sığışdıracaq hövsələdən
məhrum. Fəqət başqa bir bina bulmaq dəxi
əngəlsiz degildir. Çünki burası hər cəhətcə
syezd ehtiyacına görə hazırlanmış, bu
hazırlığa nəzarət edən Zahid Şamil əfəndinin
səyi və bacarığı ilə syezd adətən
mükəmməl bir parlaman kibi şöbələrə,
bölmələrə, rəyasət otağı, katiblər
bölməsi, qruplar yığınacağına
bölünmüş, divarlara xəritələr, diaqramlar
asılmış, böyük Rusiya xəritəsi üzərinə
qırmızı bayraqlı sancaqlarla hanki tərəflərdən
vəkillər gəldigi göstərilmiş və bu lentalar
(şəritlər) haman gətirilib də mərkəzə rəbt
olunmuşdur. Salonlardan birisində böyük Rusiya müsəlman
mətbuatına məxsus bir stol
qoyulmuş, bir az aralı əlifba üsul və qaidəsilə
xanələrə bölünmüş iki qutu qoyulmuşdur
ki, bunlardan biri kağız, o birisi də teleqraflara məxsusdur.
Bunlardan əlavə yemək yeri, bufet, yataqxanalar dəxi
hazırlanmış. Moskvada yer tapmaq müşkül bir məsələ
olduğundan mehmanxanələrdə yer bulamayan qonaqlar
xüsusi evlərdə, məktəb binasında və sair məkanlarda
yerləşdirilmişlər. Moskva müsəlmanlarının
mehmannəvazlıqlarından istifadə etmişlərdir.
Xülasə tərtibat və təşkilatca
syezddə nöqsan yox. Görülüyor
ki, təcrübəli və səykar bir əl hər şeyi
qabaqcadan görmüş, hazır eləmişdir. Yalnız ki, yapsın birdən bu qədər vəkil
gələcəgini biləməmişdir. Ona görə də vəkillərdən
qismi-mühümi ayaq üstə qalıyor. Digər bir qismi də kalyorkada
tamaşaçılar içində oturuyordu.
Biz Bakı vəkilləri aprelin 29-da Moskvaya
çatdıq. Gecə saət 12 idi. Kursk
vağzalında qollarında müsəlman syezdi yazılı
cavanlar bizi istiqbal etdilər. “Syezdəmi gələmiz?”
– deyə sordular. Yol göstərdilər,
fayton tutdular, adresi verib bizi yola saldılar. O gecə məscid
cünbindəki məktəb binasında müəllimin
odasında dərvişanə sabah elədik.
Bildik ki, “xəlq” çox gəlmiş, yer yurd
bulunmayır. Sabahkən müəllim əfəndiyə
təşəkkür edərək Moskva çayı ötəsindəki
Əsədullayev yeni binasına, qurultayın qurulacağı
məkana gəldik, bir həyatdır qaynayır,
qarışıyordu. Dörd qatlı
binanın hamısında girintilər,
çıxıntılar, qiylü qal. Anladıq
daha imdidən syezd qruplara bölünmüş. Kəndçi, əmələ, soldat, molla, qadın
və ətraf qrupları. Qruplardakı
mövzu həp yarınkı rəsmi məclisin nə cür
açılacağı və kimlərin rəyasətə
keçəcəkləri həqqində, müvəqqəti
Büro odasına keçdik, təqdim olunduq. Tanış olduq. Burada da bəhs,
təklif var ki, Əhməd bəy Salikov birinci rəis, Ayaz əfəndi
İshakov da ikinci rəis olsun. Bu təklif
əleyhində bulunanlar da var. Hər iki tərəf yek-digərini
qane etmək meylində, fəqət nəticə
alınmıyor.
Bu gün ayın 30-da axşam saət 7-də
görüş məclisi xüsusi iclası təyin
olunmuş. Görüş məclisi məktəb uşaqlarının
tatarca marselyoz, milli nəğmələr oxumasilə
açılıyor. Sonra rus operası
aktrisalarından “müsəlman” müğənnisi Xanım
Muxtarova rus romansları oxuyaraq hazirunə bir “zövqi-ədəbi”
veriyor.
Sonra yarınkı məclisin əhəmiyyəti sərkər
natiqlər tərəfindən anlatılıyor. Əhməd bəy
Salikov cənabları diyorlar ki, imdi degil yalnız otuz milyonluq
Rusiya müsəlmanlıq degil Rusiya cəmaəti,
bütün dünyanın gözü bizdədir. Amerika qəzetələrinin müxbirləri öz
idarələrindən əmr almışlardır ki, müsəlman
syezdi həqqində qəzetələrinə məlumat versinlər.
Demək müsəlmanlar böyük imtahan verməkdədirlər.
Sabahkı gündən bu imtahana
başlanacaqdır. Kömək ediniz ki, bu
imtahanı yaxşılıqla verəlim.
Sabah
çox söz və danışıq olmasın – deyə bu
gündən sabah kimlərin rəyasətə
seçiləcəklərini təhti-qərara alınması
lüzumi ortaya gəliyor. Nəzərlər
çarpaşıyor. Əhməd bəy
Ayazı siyahısı elan edilmiş kibi oluyor. Protestolar gəliyor. Büro
müxtəlif qrupların nümayəndələri ilə
birlikdə xüsusi məşvərətə gediyorlar.
İki-üç saət məşvərətdən
sonra qərar elan olunuyor. Qərar veriliyor
ki, məclisin bir və ya iki sədri olmayıb rəislər
özləri öz aralarından günü-gününə
rəis seçəcəklər ki, məclisi idarə eləsin.
Buna razı oluyorlar.
Mayın 1-də məclis rəsmən
açıldı. Zal xıncaxınc dolmuş. Göz başqa bir mənzərə qarşısında.
Rusiya müsəlmanlığının
hamısı burada. Müxtəlif sima və
qiyafələr göstərən bu böyük məclis
Rusiya müsəlmanlığını bütün
xüsusiyyət və şöbatilə təmsil etməkdə.
Uzun cübbəli ağ əmmaməli
türkmankənd papaqlı, geniş qurşaqlı
qırğız, başqırd, qaraşinli, gözəl boylu
qafqazlı, yapon baxışlı işlək duruşlu tatar
mülkdarı, kəndli, sahibkar, əmələ, molla, əvam,
kişi, arvad hamısı hazır. Sanki bir qələyə
çıxmışsan da böyük Rusiyanın
böyük müsəlman vilayətlərinə nazir bir
mövqedə oturmuşsan. İştə,
səhralarda, dağlarda, ovalarda, istilərdə, soyuqlarda
müxtəlif iqlim və şərait altında yaşayan, fəqət
bir qan və bir ruhla canlanan türk tatarlığı, Rusiya
müsəlmanlığını seyr ediyorsun.
Bu böyük mənzərəyi daha müvafiq bir surətdə
seyr edə bilmək üçün yəqin ki, Moskva qülləsinə
degil, başqa bir qülləyə çıxmaq daha
müvafiq olurdu. Ehtimal ki, Sevim Bikə minarəsi bu
xüsusda da əlverişli olurdu. Fəqət
bu nöqsanı ilə bərabər Moskva qülləsi dəxi
Rusiya müsəlmanlığının nə kibi mənazirə
malik olduğunu bir dərəcəyə qədər göstərmiş
oldu.
Büronun əvvəlcə elan elədiginə görə
syezddə hər kəs türkcənin hanki şivəsi ilə
və ya rusca istəsə danışa biləcək. Bu əsasa görə
“Moskva qülləsi” eyni zamanda bir növ “Babil qülləsi”nə
bənzəməkdə müxtəlif türk-tatar şivələri,
kəndilərinə məxsus şivə və ahənglərlə
eşidilməkdə. Fəqət bu ixtilaf-numa
bir musiqi dəstgahındakı müxtəlif nəğamat qəbilindən
bir ixtilaf olduğu üçün türk sameəsini təxriş
degil, oxşamaqda. Fəqət heyhat ki,
rusca danışanlar ruscayı kəndi şivələrinə,
ümumi türkcəyə tərcih verənlər bu ahəngi
xələldar etməkdədirlər. Bunlardan
daha ziyadə saməyi təxriş edən şey vardır
ki, tatarca ilə ruscadan qarışıq “Volqaboyu volepuki”dir.
“Svabodnı
Asiyanın svabodnı qrajdanları, bu xüsusda iki mneniye
bıt ne mojet” kibi cümlələr bu “volepuk”a
məxsus cümlələrdəndir. Fəqət
əlbəttə, zənn olunmasın ki, bütün tatar
böylə danışıyor. Əstəğfürullah,
bu cinayəti-tarixiyyənin məşum əsərlərindən
hala baqi qalmış parçalarıdır. Yoxsa müəllimlər,
mollalar və ədiblər tərəfindən söylənən
tatarca nə qədər fəsih, nə qədər türkcədir...
Fəqət heyrət olunacaq, canı sıxacaq bir
şey var ki, onu bəncə heç bir “bəhanə” ilə
müdafiə etmək olmaz. Bu da məclisin əksərən
rusca ilə idarə olunmasından ibarətdir. Sədrlər rusca danışıyor. Sonra lazım görüldükdə tatarcaya tərcümə
ediyorlardı. Həmçinin Büro tərəfindən,
Büro və naminə hazırlanan məruzələrin əksəri
rusca tərtib edilmiş və surətlə ərz olunuyordu.
Xülasə, qiyafələr qədər dillər də
müxtəlif. Fəqət ruhlarda ittihad, qiyafələrdəki
ixtilafa mane olmadığı kibi başlı və əsaslı
nöqtələrdəki mənalara, dillərdəki
ixtilafın dəxi məmaniəti görülmüyor.
Hər kəs acı məcburiyyətlə müxtəlif
dildə danışıyor. Fəqət ürəkdə
ümumi və ədəbi bir türkcənin lüzumunu da
hiss ediyor.
(Ardı var)
Hüseynov Şirməmməd
525-ci qəzet.- 2013.-
13 aprel.- S.26-27.