Hüseyn Cavid lirikasında dekadans
Azərbaycan
ədəbiyyatında bədii-estetik fikir cərəyanlarına
meylin ilkin zaman göstəricisi daha çox XX əsrin əvvəllərinə
aiddir. Əslində, nəinki XX əsr, bütün orta əsr
tariximizin poeziyası, bu poeziyanın ən yüksək səviyyəsi-
ürfan şeiri özünəməxsus bədii-fəlsəfi
siqləti ilə seçilmişdir. Tədqiqatçı
Rahid Ulusel Azərbaycan poeziyası tarixində fəlsəfi
şeirin yüksəlişinin üç əsas mərhələsini
müəyyənləşdirir: “1.Orta çağın
klassik fəlsəfi poeziyası. 2. XX yüzilin əvvəllərinin
romantik fəlsəfi şeiri. 3. Yeni və Ən Yeni
Çağın fəlsəfi lirikası”. Belə bir qaynaq
bağını (bağlılığını) elə XX əsrin
əvvəllərində yaşamış ədəbiyyat
tarixçilərimiz də qeyd eləmişdir. Təsadüfi
deyil ki, M.Quliyev “Oktyabr və türk ədəbiyyatı”
kitabında ədəbiyyat tarixi nəzəriyyəsi ilə
bağlı düşüncələrində Nəsimidən
başlayaraq XIX əsrə qədərki orta əsrlər ədəbiyyatına
konseptual baxış üçün meyar olaraq sufizm cərəyanını
məqbul hesab etmişdir”.
Sufizm
cərəyanı XIX əsrdə belə
funksionallığını davam etdirsə də artıq
zamanın ardınca gətirdiyi mövzular, Qərb
maarifçiliyinın tələbləri qarşısında
davam gətirə bilmirdi. Ona görə də “yeni şeir”
uğrunda islahatlar aparılmağa
başlanılmışdı. Amma bu fəlsəfi şeirdən
imtina demək deyildi. Həmin dövrdə belə
poeziyanın fəlsəfi şeirə olan ehtiyacını
maarifçi sənətkar M.F.Axundzadə də duymuş,
şairdən ictimai-fəlsəfi məzmuna malik şeir
yazmağı tələb etmişdir. “Fəlsəfanə xəyal
və ilham sahibləri” olan şairlər Axundzadəyə
görə oxucuya daha çox maarifçilik ruhu
aşılamış olurdular. Axundzadənin böyük
Füzulini inkarının zəminində də məhz bu
amil, onun estet deyil, maarifçi olması və hər şeyə
bu dairədən baxması, qiymət verməsi amili
dayanırdı. Təbii ki, “M.F.Axundov Füzulinin
özünü inkar edə bilərdi, onun və ümumən
romantik ədəbiyyatın ənənələrini bədii
təfəkkürün qanunauyğunluğundan
çıxarmaq heç vaxt mümkün
olmamışdır. ...Təsadüfi deyil ki, XX əsrdə ədəbi
həyat yenidən romantizmə meydan verdi və bu romantizm
birinci növbədə məhz Füzuli ənənələrinə
ehtiyac duydu.” (N. Şəmsizadə)
XX əsrin əvvəllərində
bu tendensiyanı- Füzuli ənənələrini də, “fəlsəfanə
xəyal və ilham” zənginliyini, ictimai-fəlsəfi məzmunu
da öz əsərlərində ehtiva edən sənətkar
Hüseyn Cavid oldu. “Azərbaycanda Nizamidən tutmuş M.
P.Vaqifə qədər yüksək romantik ədəbiyyat
hakim” olsa da poeziyamızda fəlsəfi, “fəlsəfanə
şeir” istilahı daha çox bu şairin adı ilə təmsil
olunur.
Sovet
ideologiyasının hakimi-mütləq olduğu illərdə
Avropada yaranmış cərəyanların
funksionallığına qadağa qoyulmuş,
yaradıcılığında azacıq “sapma” olanlar ciddi xəbərdarlıqlara
və tənqidlərə məruz qalmışlar. Təbii
ki, XX əsr tarixi-tipoloji vahiddir və ona, əsrin yetmiş
ilini çevrələsə belə sovet dövrünün
dominant mövqeyindən deyil, özünəməxsus
inkişaf stixiyasından yanaşsaq dövrü bütün
ziddiyyətləri və parametrləri ilə görməyə
müvəffəq olarıq. Belə ki, “əsrin I Dünya müharibəsi
və dünya inqilabları ilə şərtləndirilən
başlanğıcı elə onunla səciyyəvidir ki, qəti
olaraq tarixi gedişatı çağdaş dünya proseslərinə
cəlb edir; çağdaş dünyada yaşayıb, burda
baş verən proseslərə reaksiyası yoxsa, təcrübəsinə
daxil edib onu dərk etməyə çalışmırsa, belə
bir toplumun, cəmiyyətin, xalqın XX əsr
varlığını, ölçülərini,
atributlarını, o sıradan tipoloji mənada XX əsr ədəbiyyatını
da aramaq çətin olar.” (T.Əlişanoğlu) XX əsrin
ilk iki onilliyində Azərbaycanda qərb cərəyanlarının
təsiri izsiz ötüşməmiş, xüsusilə Ə.Hüseynzadə, M.Hadi, H.Cavid, Ə.Cavad, daha sonra isə
M.Müşfiq, S.Vurğun kimi şairlərin, sənətkarların
yaradıcılığında ehtiva olunmuşdur. Amma bu cərəyanlar,
modernizə cəhdləri bu şairlərdə nə qədər
alınmışdır. Yəni, təcrübələrinə
daxil edib onların həzminə vaqif olmuşlarmı?
Təbii
ki, Hüseyn Cavid ilk növbədə, romantikdir, XX əsrin romantik- fəlsəfi şeirinin
sütun daşıdır. “Mənim Tanrım gözəllikdir,
sevgidir”-tək bu beyt dahi Cavidin Tanrıya da, həyata və
insana da ülvi məhəbbətin
ən yüksək məna qatından nəzər yetirdiyinin
göstəricisidir. Cavid bütün dünyanı, bəşəriyyəti
asudə və hürr, səadət və rifah içində
görmək amacındaydı və gözəlliklə
çevrələnmiş cəmiyyətə, sevgi ilə
süslənmiş kainata Tanrı qədər sitayiş edə
bilərdi. Bütün hallarda- bəşər həyatının
ən mühüm suallarına cavab arayanda da, müharibə və
qəsbkarlığı, xəyanət və
riyakarlığı, qəddarlıq və
amansızlığı inadla tənqid edəndə də
Cavidin məhəbbət, sevgi idealı daim
dominantlığını saxlamış, şairin “gözəllik
və sevgi” aşınalığı insana, insanlığa, Vətənə,
bəşəriyyətə rəğbəti kimi yeni
modifikasiyalarda təsvirini tapmışdır.
Buna
baxmayaraq, Hüseyn Cavid
lirikası ilə tanışlıq ondakı dekadansı
da görməyə imkan verir. Cavid əsərlərində
daim yüksək bəşəri mətləblərə, dərin
ictimai-siyasi məsələlərə kökləndiyi
üçün dövrün modernist fəlsəfi cərəyanlarından
təcrid olmaması təbii prosesdir. O bu cərəyanlarda nə
qədər özünü ifadə eləyə bilmişdir,
yaxud o bu bədii-estetik təcrübələrə nə qədər
həssas olmuşdur? İndi, sənətin üzərindən
kölgələrin çəkilib getdiyi bir vaxtda Cavidin, eləcə
də ədəbi irsi təhriflərə məruz
qalmış sənətkarlarımızın
yaradıcılığını daha obyektiv elmi-nəzəri
düşüncədən tədqiq predmetinə çevirə
bilərik. Bu yöndə artıq müəyyən pozitiv
addımlar atılıb. Ustad ədəbiyyatşünas-alim
Y.Qarayev “Azərbaycan ədəbiyyatı: XIX-XX yüzillər”
(Bakı, “Elm”, 2002) kitabında Hüseyn Cavid
yaradıcılığından bəhs edərkən diqqəti
daha çox şairin əsərlərindəki son, absurd problematikasına
yönəldir, Rafael Hüseynov “Əbədi Cavid” ( Bakı,
2007) kitabında Cavid ömrünün gizlinlərinə ayna tutur, Aydın Talıbzadə
H.Cavid-Nitsşe paralelizmi üzərində maraqlı
müşahidələr aparır (“Azərbaycan” jurnalı,
2004, N-6), T.Əlişanoğlu “XX əsr ədəbiyyatı-tarixi-tipoloji
vahid kimi” yazısında (XX əsr Azərbaycan ədəbiyyatı
məsələləri. Bakı, “Elm”, 2006) XX əsr Azərbaycan
ədəbiyyatının tarixi-tipoloji mənasını həmin
dövrün sənərkarlarında, bu sıradan Hüseyn
Cavidin də yaradıcılığında aramağı təməl
prinsip kimi irəli sürür, Ə.Əsgərli “XX əsr
Azərbaycan şeirinin bədii-estetik qaynaqları” məqaləsində
(Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri-metodoloji məsələləri. “Elm” nəşriyyatı,
Bakı, 2010) Hüseyn Cavidin dekadentizm cərəyanı ilə
bağlılığından bəhs edir.
Adını
çəkdiyimiz sonuncu məqalə Cavid
yaradıcılığındakı modernizə cəhdlərini
üzə çıxarmağı təqib
qıldığı, ondakı dekadentizm
çalarlarını sərgilədiyi üçün diqqəti
çəkir. Baxmayaraq ki, H.Cavidin əsərlərindəki
dekadantizm əlamətlərinin mövcudluğundan onun sovet
dövrü tədqiqatçıları-Ə.Nazim, M.C.Cəfərov
da bəhs etmişlər. Ə.Nazim Cavidi “dağılmaqda olan
dekadent burjua türk ədəbiyyatı nümayəndəsi,
mistika əlamətləri daşıyan” şair kimi səciyyələndirir,
M.C.Cəfərov “Hüseyn Cavid” monoqrafiyasında “bu fəlsəfi
çaşqınlıq bəzən şairin lirikasında,
bir çox romantiklərdə olduğu kimi ifrat bir fərdiyyətçilik
qüruru, şəxsiyyəti cəmiyyətə qarşı
qoymaq meyli, bir növ Şərq dekatentizmi ruhu və fəlsəfi
eklektizm gətirirdi” kimi fikirlər səsləndirir, Y.Qarayev
isə onun “ümumbəşəri problemlərdə bədbinlik
göstərdiyini” qeyd edirdi. Digər tədqiqatçılar-
Ə.Mirəhmədov, M.Əlioğlu isə şairin
yaradıcılğındakı bədii-fəlsəfi
axtarışlar sistemindən bəhs etmələrinə rəgmən
ondakı dekadentizmi görməzliyə vurmuşlar.
Tədqiqatçı
Ə.Əsgərli “XX əsr Azərbaycan şeirinin bədii-estetik
qaynaqları” adlı məqaləsində belə bir məsələ
qaldırır: “M.Hadi, H.Cavid yaradıcılığında qərbçilik
problemi varsa, niyə onlarda Qərb ədəbi-fəlsəfi cərəyanlarının
izlərini görməyək?.
“Qoca
bir türkün vəsiyyəti”ndə “Əsr, iyirminci əsrdir!
Vəzifəsi pək ağır...Arş iləri! Qomşular
yol aldı, geri qalmayın!” deyərək zamanla
uzlaşmağı məqsəd sayan H.Cavidin baş verən
yeniliklərə açıq sənətkar olmasını
onun bütün yaradıcığının estetik qayəsi
təsdiqləyir. Azər Turan “Cavidnamə” kitabında Cavidin
İstanbulda Məhməd Akifin rəhbərliyi ilə nəşr
olunan “Sıratı-müstəqim” jurnalındakı fəalliyətindən
bəhs edərkən onun bir
çox şeirlərinin, o cümlədən bədbin ovqat sərgiləyən
“Yadi-mazi”, “Son bahar”, “Elmi-bəşər” kimi şeirlərinin
də burada çap olunmasını bildirir. Belə bir fakt nəyin
göstəricisidir? Bəllidir ki, İstanbul həyatı
şairin dünyagörüşünün müəyyənləşməsinə
müstəsna xidmət göstərmiş, onun filosof şair
kimi yetişməsinin, geniş bilik və idrakı
hüdudsuzluq əldə etməsinin zəmini olmuşdur. O
cümlədən, İstanbulda Hüseyn Cavid sufizmlə
bağlı təsəvvürlərini genişləndirməklə
bahəm dünya elminin qabaqcıl meyllərindən də xəbərdar
idi. Dünya bədii-estetik fikrinə bələdlik Caviddə
onlardan eklektik şəkildə bəhrələnmək səciyyəsi
daşımırdı. Bu estetik-fəlsəfi bilik arsenalı
onda ilk növbədə, planetar düşüncə mədəniyyəti
formalaşdırırdı, şairin dünyaya, bəşəriyyətə,
təbiətə, insana münasibətdə dərin, vüsətli,
həmçinin skeptik, tərəddüdlü yanaşma
nümayiş etdirməsinə gətirib çıxarırdı.
Təsadüfi deyil ki, şairin müasiri olmuş
cavidşünas H.Zeynallı da Cavidi “daima şübhələr
və tərəddüdlər içində
çırpınaraq şeirlər” yazan filosoflar
sırasında qeyd edirdi.
Hüseyn
Cavidin narahat poeziyasının ritmi daim dünya problemlərinə
köklənmiş, bəşərin qayğı və dərdlərini
düşünmək qayəsindən qalmamışdır.
Bu cahanşümul məsələlər, həqiqət və
azadlıq uğrunda axtarışlar onda istər-istəməz,
intuitiv olaraq ekzistensial düşüncə, pessimist ovqat
yaradırdı. Həyata, yaşamağa inamla sarılan
şair sanki birdən birə heçliyə, boşluğa
yuvarlanırdı:
Bəncə,
xilqət şimdi bir əfsanədir,
Kim
ki, həll etmək dilər, divanədir.
Bir
oyuncaqdı cahan başdan-başa,
Qafil insanlarsa bənzər sərxoşa.
Səndələr
hər kəs əməlsiz, qayğısız
Həpsi kəndindən xəbərsiz,
sayğısız.
Söyləşirlər
anlaşılmaz sözləri
Həp baxarlar, görməz amma gözləri.
(“İştə
bir divanədən bir xatirə”)
“Elmi-bəşər”,
“Küçük sərsəri”, “Hərb və fəlakət”,
“Məzlumlar için”, “Qüruba qarşı”, “Hərb
ilahı qarşısında” və bir sıra başqa
şeirlərində H.Cavid ifrat fərdiyyətçi
düşüncə sistemindən çıxış
etmiş, həqiqət, cahanın xilası
axtarışlarında tərəddüdlərə,
inamsızlığa qapılmışdır. Şair
“gönül məhzun, hava məhzun, günəş məhzun,
səma məhzun” kimi sürreal əhval-ruhiyyədə ifadə
etdiyi bu şeirlərdə bədbinliyə qapılaraq bütün
kainata münasibətdə ümidsizlik, ağrı, kədər
ovqatından çıxış edir:
Cahan bir qətlgah
olmuş,
aman yoq
zülmü vəhşətdən,
Bu insan məzbəhindən
kimsə
çıqmaz, kimsə qurtulmaz.
Bütün
tarixi gözdən keçir ta
büdi-xilqətdən,
Əvət,
bir böylə hüznavər,
ələmpərvər bahar olmaz.
Gönüllər
qan, çiçəklər qan,
bütün çöllər, çəmənlər qan,
Dənizlər
qan, bulutlar qan,
hava qan,
iştə hər yer qan...
(“Qüruba
qarşı”)
Cavidin bədbinliyinin kökündə dayanan amil nə
ilə bağlı idi? Bu bədbinliyi, tərəddüdü
şərtləndirən səbəblərdən biri
sözsüz ki, şairin Sovet dövrünün yazarı
olmaq qismətini yaşaması idi. Bu zaman
artıq ziddiyyətin Cavidlə hakim ideologiya arasında yox, bəlkə
daha çox “Cavidlə Cavid arasında” (Y.Qarayev) olan mahiyyətindən
danışmaq lazımdır. Bu dövrdə
Cavid “öz fikirlərindən də, duyğularından da eymənir.
Neyçün ki, qadağalar, yasaqlar
dövründə düşünür, varlığın,
olumun mənasını, dəyərini, cövhərini
dönə-dönə təftiş edir və konkret bir qərar
verməyə çəkinir. Gəldiyi
ötəri nəticələrsə onu üzgünləşdirir,
ruhunu ağrıdır, bu adamı anbaan axirət ideyasına
doğru aparır, esxatoloji ovqat burulğanında
batırmağa çalışır, içində bir
Uçurum oyub açır.”
Amma axı şairin lirikasındakı dekadans Sovet
İttifaqının qurulması proseslərindən xeyli əvvəl
başlamışdı. O zaman deyə bilərik ki, bu pessimizmin səbəbi onun
yaşadığı zamanın, həyatın antitezalar
üzərində qurulması, ümumbəşəri ziddiyyət
və əksliklər idi. “Hər qaranlıqda
çırpınır bir nur, / Hər həqiqətdə bir
xəyal uyuyur.” İşıqla qaranlığın, həqiqətlə
xəyalın bir-birini əvəz edən fasiləsiz
dövriyyə çarxında Cavid üçün dünən
(dün), keçmiş(mazi) bu günə, onun
yaşadığı zamana qaynayıb-qarışmış
şəkildə gerçək bir məna kəsb edirdi və
o, müdrik bir həssaslıqla zəmanənin,
dünyanın ziddiyyətlərini, təbəddülatlarını
görə bilirdi:
Dünki
xəndan könül bu gün sızlar,
Dün sönən bir əməl bu gün parlar.
Mərhəmətsizdir
iştə köhnə fələk,
Bəşəriyyətlə əylənir daim.
Bəşəriyyətlə
əylənir gülərək...
Dünki
bədbəxt olur bu gün məsud,
Dünki məsud olur bu gün mərud.
(“Dün
və bu gün”)
“Fəlsəfi lirikasında H.Cavidi bəşərin
taleyi, cəmiyyətin mənəvi həyatı, əqlü-zəkanın
əhatə etdiyi mürəkkəb problemlər
düşündürürdü” (Məsud Əlioğlu). Bu mürəkkəblikləri
dəf etmək, əbədi harmoniya və mənəvi
kamillik, həqiqət və inam axtarışları
yönündə üdrakın hüdudlarından yararlanmaq
Cavid şeirinin stixiyası idi. Təbii ki,
Cavid bütün Şərq mədəniyyətinin zəminində
yetişən sənətkar idi və bu mədəniyyətin
bədii-fəlsəfi fikrini dərindən əxz eləmiş,
ona daxilən bağlanmışdı. Bəşər
oyunlarının mürəkkəbliyi içində
çaşıb qalan, dəhşətə gələn
Cavidin içində baş verən təlatümlərin, mənəvi
qovğaların səbəbini öyrənmək
üçün üzünü Tanrıya tutub, “Bu qəsvətlər
niçin bilməm? “Niçin, Ya Rəb, niçin?” deyə
sual edərək metafizik düşüncə kontekstindən
çıxış etməyi də, ümumən üsyankar
ruhu ilə seçilən Cavid idrakının bəzi məqamlarda uçuruma
yuvarlanması, sövq-təbii onun ideal gözəlliklə
bağlı təsəvvürlərinin “xəyali-inkisarə”
uğraması ilə əlaqədar idi. Bu dekadans ovqat
şairin hətta sevgi mövzulu şeirlərinə belə
hakim kəsilmiş, onun küskünlüyü, bədbinliyi
şəklində meydana çıxmışdır:
Hər məhəbbət
bir xəyanət, hər gülüş bir hiylədir,
Hər səadət quşu oqşar pək sönük
bir şölədir.
Bəlkə var səhvim? Fəqət gördüklərim həp
böylədir...
Görmədim, əsla bəladan başqa bir şey
görmədim.
(“Görmədim”)
Romantizm Cavidə görə bilmədiklərini xəyalında
qurmaq, canlandırmaq üçün lazım idi. “Yaşarsa bir
könül, az-çox xəyal içində yaşar” – bu
misralar təsadüfi yaşantının bəhrəsi
deyildi. Şair ümumbəşəri
ideallarla yaşayan bir sənətkar idi, onun xəyallarındakı
bəşər daha sivil, azad və humanist, insan daha müstəqil,
qayğısız və xoşbəxt idi. Hər halda Cavid bütün bunların belə
olmasını arzulayırdı.”Bən fəqət
hüsnü-xuda şairiyəm, Yerə enməm də səma
şairiyəm”- “bu sözlərlə şair öz
ayağını göylərdən üzdüyünü
elan etmir, bəlkə, əksinə: torpağı da,
insanı da səmaya qaldırmağı və ona yüksəkdə
–zirvədə nəzər salıb qiymət verməyi bir sənət
prinsipi kimi irəli sürür”dü. Hüseyn
Cavidin ədəbi səma şairi olmasının, bu yola, bu
ünvana bələdçilik etməsinin bir sirri, məğzi
də bunda idi. Səma böyük şairə
insana, zamana yüksəkliyin zirvə-məna qatından nəzər
yetirmək üçün lazım idi. Bu
həm də ona əsərlərində bədii
ideallaşdırma yolu tutmasına, həyata, dünyaya
münasibətdə romantik bir ruh sərgiləməsinə
imkan verirdi. Cavidin “Bən istərim ki...” şeiri
şairin səma səltənəti ilə bağlı
duyğularını uğurla sərgiləyir:
Bən
istərim ki, gözəllər, bütün gözəlliklər
Uzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin.
Uzaq və
incə təbəssümlərlə şamü səhər
Həyata nuri-səfa sərpərək çiçəklənsin.
Əvət,
uzaqda səadət var, eşqə hörmət var,
Yaqın
zəhərlidir, amma uzaqda cənnət var;
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.
Uzaqlar, “bəşərdən uzaq, gizli bir fəzaya
qoşmaq” meyli Cavidi ona görə çəkirdi ki, burada o,
romantik duyğularına qanad verə bilirdi. Amma o zaman ki,
şair xəyalı göylərdən yerə enirdi, bu xəyallar,
arzu və pərvərişlər sərt həyat həqiqətləri,
bəşər çaxnaşmaları önündə
fiaskoya uğrayırdı. O zaman Cavidin
poeziyasındakı qanadlı romantikanı nisgil və bədbinlik
əvəz edirdi. Bu mənada, Cavidin şeirlərinə
“uçurum” leytmotivinin hakim olduğunu vurğulayan Aydın
Talıbzadə şairin bu ruhsal çevrilməsini “gerçəkliyə
nifrət: oradan qaçmaq, uzaqlaşmaq, uçmaq, yaxud
uçurumlarda yox olmaq!” kimi mənalandırmaqda tam
haqlıdır. Ya səmaya doğru pərvəriş
etmək, ya da uçurum-“bəla bəhrinə yuvarlanmaq”-
Cavidin fikir oyunlarının simvolik sonucudur.
Uçar,
uçar, yenə ruhum diyari-hüznə qoşar;
Uzaq, uzaq, çox uzaq bir mühit içində
yaşar.
Soyuq,
soyuq!..gecə keçmiş, bütün
cahan susmuş,
Uzaqda inləyir ancaq zavallı bir bayquş.
(“Hərb
və fəlakət”)
“Yadi-mazi”
şeirində şair təsəvvüründə
yaratdığı gözəlliyi həqiqətə
qarşı qoymaqla əslində, iki dünya mənzərəsini
diaxron olaraq poetik müstəviyə çıxardır:
Əfsus!.. O gözəl günləri etdikcə təxəttür,
Coşmaqda bu gün duyğularım böylə dəmadəm.
Məhv
etmədə şimdi bəni alami-təhəssür;
Hərdəm qara xülyalar olub qəlbimə məhrəm.
Ləhzan
ediyor ruhumu bin dürlü məzalim,
Əfsus
ki, mazi ədəm, ati isə müzlim...
Cavidin pessimizminin digər zəminini onun təsvir elədiyi
Şərq-Qərb kontekstində aramaq lazımdır. Hələ gənc
yaşlarından dünya elminə, Qərb mədəniyyətinə
dərindən bələd olan Cavid bu iki qütb arasında
ziddiyyətləri görür, xüsusilə, “Azər”
poemasında bu ziddiyyətlərin kökünə, mahiyyətinə
vararaq iki həyat tərzini üz-üzə qoyurdu:
Çox
düşündüm bunu dəmindən bəri,
Hər
zöqü bir acı bəslər düşünsən!
İştə
Qərbin azğın səadətləri
Alır qida Şərqin fəlakətindən.
Yaxud:
“Şərq
uğraşır yalnız “ölməyim” deyə,
Qərb
elləri maildir öldürməyə”
Skeptisizm
şairi daim müşayiət etmiş, Cavid xəyallar
dünyasının yer üzündə alternativ mənzərəsini,
real təzahürünü görmədikdə tərəddüdlərə
varmış, ifrat fərdiyyətçi mövqedən
çıxış etmişdir:
Hər
günəşə vardım ləkəli gördüm,
Hər
vicdana girdim kölgəli gördüm,
Parlaq
imanları şübhəli gördüm,
Məgərsə hər cilvə bir xülya imiş.
I Dünya müharibəsinin fəsadları,
insanlığa qarşı yürüdülən amansız
qərarlar Cavid yaradıcılığına təsir
göstərirdi və planetar miqyaslı narahatlığın
daşıyıcısı olan şairin lirikasında
insanın psixoloji yaşamları boşluq, təklik, son problematikası
ilə müşayiət olunmağa başlayırdı. Təsadüfi deyil ki, bir
çox şeirlərdə
Hüseyn Cavidin hədəf götürdüyü
ünvanlar absurd situasiyalardır- “Cavan ömrüm fəryad
içində keçdi, “Səadət”- əməli bir
röya imiş”-bu şairin mənəvi
dünyasındakı əsl dekadansın göstəricisi,
mövcudluğudur.
Hüseyn
Cavid yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı
hadisələrindən biridir və bu sənətkarın hər dəfə yeni
“oxunuş”lara yol açan irsinin tədqiqi
qarşıdadır.
Akimova Elnarə
525-ci qəzet.-
2013.- 13 aprel.- S.24.