Oralarda kimlər var- Ənvər Məmmədxanlı-100

 

“HƏYATIM AĞRIYIR” (3)

 

30 İL ÖNCƏKİ ƏNVƏR MƏMMƏDXANLI

 

—Sizdən əvvəlki Azərbaycan nasirlərindən fərqli olaraq bir yazıçı kimi əsərlərinizdə poetiklik, sözün tutum dəyərləri və haradasa kökü torpağa bağlı romantiklik (“Karvan dayandı” hekayəsi) üstünlük təşkil eləyir. Əgər şərti olaraq “poetik nəsr” məfhumunu qəbul eləmiş olsaq, bunun əsas yaradıcısı sizsiniz. Deyə bilərsinizmi poetik nəsrin hansı üstünlükləri var və bu janrda monumental əsərlər yazmaq mümkündürmü?

—Dediyiniz kimi, “poetik nəsr” ifadəsi şərti bir ifadədir, bu və ya digər bir yazıçının yaradıcılığında məzmun və forma xüsusiyyətlərilə əlaqədar olaraq belə bir epitetdən istifadə edilir. Lakin poetik nəsrin üstünlüyü haqqında yox, mahiyyəti haqqında nə isə demək olar, çünki ümumiyyətlə bədiilik problemi var, bu isə çox mürəkkəb bir problemdir ki, heç bir nəzəri və birtərəfli hökm ilə bu və ya digər bədii metodu, stili, dil xüsusiyyətlərini mütləqləşdirmək olmaz! Digər bir müsahibəmdə qeyd etdiyim kimi, qısaca olaraq bunu deyə bilərəm ki, elə həqiqi sənət əsərləri var ki, “çılpaq” nəsr ilə yazılmışdır. Və yenə elə həqiqi sənət əsərləri var ki, “ziynətli” nəsr ilə yazılmışdır. Beləliklə, bədii söz sənəti yalnız sönük, sürtük və yoxsul ədəbi dili rədd edir, sonra isə istər “sakit və təmkinli” təhkiyə vasitəsilə olsun, istər “ehtiraslı və əsəbi” yazı manerası ilə olsun, böyük sənət əsərlərini meydana gətirən əsas amil bədii istedadın səviyyəsidir.

—Toplumuz bilavasitə incəsənəti əhatə elədiyindən suallarımızın çoxu da Sizin pyesləriniz və kino sənətinizlə bağlı olacaq. Məlumdur ki, Sizin dəyərli səhnə əsərləriniz var. Və bu əsərlər 30-40 il əvvəl yaranmışdır. Sonralar bu janrda işləməmisiniz. Bilmək istərdik ki, bu yadlaşmanın səbəbi nədir?

—Son illərdə teatrlara yeni səhnə əsərləri təqdim etməmişəmsə, bu, dramaturgiyadan uzaqlaşmaq kimi bir hadisə ilə bağlı deyil. (Hazırda gənc bir rejissor çoxdan yazılmış bir komediyanın səhnə həlli üçün “açar” axtarır). Amma yeri gəlmişkən bunu da qeyd etmək istərdim ki, ürəyimə ən yaxın və doğma bir sahə varsa, o da bədii nəsrdir.

—Bizim fikrimizcə, Sizin gözəl ssenariləriniz olan “Leyli və Məcnun”, “Babək” müstəqil əsər kimi oxucuların böyük marağına və sevgisinə səbəb olub. Bu əsərlərin ekran həyatı barədə fikirlərinizi bilmək istərdik.

—Yazdığım ədəbi ssenarilər əsasında çəkilən filmlərin hər biri kinorejissorla sonsuz mübahisə və anlaşılmazlıqla dolu xatirələrlə bağlıdır.Ümumiyyətlə, nadir hallarda bu yazıçı öz xəyalında, öz “beyin teatrında” özünün “tamaşaya qoyduğu” bir əsərini, sonra ekranda görərkən məyus olmamışdır. Səhnə və ekran! Biri üç divar arasındakı kiçik bir meydançadan ibarətdir, min illər arxasından bu günə qədər yol gəlmişdir, amma qocalmamışdır, həmişə gəncdir və hər dəfə üzündən pərdəni atanda hamletləri ilə, dramatik monoloqların nəğmələr nəğməsi olan “Olum, ya ölüm”lərilə bizi öz fəlsəfi dərinliyinə qərq etmişdir. Amma geniş ekranlı möhtəşəm filmlərin hamletləri coşğun dəniz sahilində yalçın qayalıqlar üstündən eyni monoloqla bizə müraciət edəndə, şəxsən mənim üçün bu bir diklamatsiya kimi səslənmişdir. Öz məhdud imkanlarına baxmayaraq səhnədə bir əbədilik var, ekran isə gündən-günə zənginləşən texniki imkanlarına baxmayaraq, nə isə bir ötərilikdən xilas ola bilmir.

—Siz dramaturgiya ilə, incəsənətlə çox bağlısınız. Dramaturgiya və kinomuzun sabahını necə görürsünüz?

—Son illər bədii nəsrimizdə olduğu kimi, dramaturgiya və kino sənəti sahəsində də uğurlu hadisələrə şahid oluruq. İnanıram ki, bu proses dönümsüzdür və getdikcə daha artıq inkişaf edəcəkdir.

—Siz yubileyə, yubiley şənliyinə və neçə-neçə bu cür tədbirlərə çox da meyl eləyən adam deyilsiniz. Və ümumiyyətlə şöhrət hissi sizi heç vaxt özünə əsir etməyib. Şəxsiyyətin bu cür formalaşması və özünə münasibəti haqqında nə deyə bilərsiniz?

—Şöhrətpərəstlik hissi yaradıcılığa təkan verən ilkin amillərdən biri kimi müsbət rol oynamağa qadirdir. Lakin bu hissin əsiri olub ucuz şöhrət düşkünlüyünə qapılmaq, yaradıcılığı yüngül müqavimət cığırına salıb güzəştlərə, dayazlığa və tükənişə doğru sürükləyə bilər, o yaradıcılığı ki, təbiəti etibarilə daim axtarış, daim nəcib risq, daim ideala doğru hərəkətdədir və sənətkar bəzən bu yolda təklik, anlaşılmazlıq, uğursuzluq ilə üz-üzə gələndə belə geri dönmür. Şəxsiyyətin özünə münasibəti haqqında isə vaxtilə Tolstoy riyaziyyatdan çıxış edərək, çox dürüst bir formul irəli sürərək demişdir ki: “Hər bir insan kəsirdir və bu kəsirdəki surət o insan həqiqətdə nə isə odur, məxrəc isə həmən o insanın özünün özü haqqında düşündüyüdür, beləliklə, məxrəc nə qədər böyükdürsə kəsir bir o qədər kiçik olur, nə olursa-olsun, kəsir həmişə sıfra bərabərdir”.

—Azərbaycanın tarixi keçmişinə tez-tez müraciət edirsiniz və bu sahədə gözəl əsərləriniz var. Deyə bilərsinizmi xalqımızın hansı dövrü və həmin dövrün hansı şəxsiyyətləri xalqın simasını müəyyənləşdirir və hansı şəxsiyyətləri nümunə hesab eləyirsiniz?

—Tarixdə hər bir dövr gələcək qarşısındakı borcunu necə və nə dərəcədə yerinə yetirdiyi ilə öz simasını müəyyən edir. Və hər bir xalqın tarixində elə dövr olmuşdur ki, uzun və ağır əsarətə davam gətirməklə, yaşarlığının qüvvəsi ilə gələcək qarşısında borcunu ödəmişdir, həmçinin elə dövr də olmuşdur ki, gələcəyi uğrunda ən yaxşı oğullarını qurban verməyi əsirgəməmişdir, bütün bunların üstünə xalqın mənəviliyini xarakterizə edən yaradıcılıq hünərlərini gəlsək, o zaman xalqın siması və taleyi barədə təsəvvür yaranmış olar.Tariximizin parlaq simalarına gəldikdə, babəklərin, yaxud füzulilərin adlarını çəkərək böyük və ölməz adları bir-bir sadalamaqdan vaz keçirəm.

—Eşitdiyimizə görə Siz ən çox mütaliə eləyən yazıçısınız. Hansı ədəbi janr, hansı yazıçılar, hansı əsərlər daha çox xoşunuza gəlir?

—Xəbərlər, adətən, mübaliğəli olur... Lakin ümumiyyətlə, dünya ədəbiyyatında baş verən hadisələri izləmək, hər bir yazıçının gördüyü və görəcəyi işin bir hissəsidir.Roman janrı diqqətimi həmişə daha artıq cəlb etmişdir və bu janr bir yazıçı kimi ürəyimə daha yaxındır.Hansı sənətkarlar mənim üçün böyük sənətkarlardır və hansı əsərlər mənə daha çox təsir etmişdir və daha çox düşündürmüşdür — bu barədə danışmağa başlamaq olar, amma qurtarmaq olmaz... konkret olaraq axırıncı iki-üç ildə rusca oxuduğum əsərlərdən birinin adını çəkmək lazımdırsa, gürcü yazıçısı Otar Çiladzenin “Və kim qarşıma çıxarsa...” romanını çox qüvvətli bir nəsr əsəri kimi qeyd etmək istərdim.

—Ənvər müəllim, XX əsrin 20-ci illərində rus jurnallarından (“Naçalo”) birində “Etiraf albomu” deyilən bir rubrika varmış. Və həmin rubrikada o dövrün ən tanınmış və hörmətli sənətkarlarına eyni suallarla müraciət edirlərmiş, həmin şəxsiyyətlərdən birinə — Afanasi Fetə verilən suallarla Sizə müraciət eləyirik. Çox arzu eləyirik ki, bu suallara cavab verəsiniz. Harda yaşamaq istərdiniz?

—Uşaqlıq illərim doğma və göyçək şəhərim Göyçayda qalmışdır. On üç yaşından bu günə kimi Bakıda yaşayıram, sevdiyim, vurulduğum bu şəhərdə ki, bəzən çox xoşbəxt olmuşamsa, burada olmuşam, çox acı duymuşamsa, burada duymuşam. Dağlar çağıranda getmişəm, sinəm dolusu nəfəs almışam, sonra geri dönmüşəm, bu şəhərlə uzun ayrılığa tab gətirməmişəm. Bakı ilə ilk görüşüm haqqında gəncliyimdə bir hekayə yazmışam, sonralar taleyim və mənəvi istinadım olan bu şəhər haqqında deyiləcək sözlərimi hələ ürəyimdə saxlayıram.

—Hansı xalqa mənsub olmaq istərdiniz?

—Qəribə sualdır... Çox xalqlar var ki, tarixləri, yetişdirdikləri böyük simalar, milli xarakterləri və parlaq mədəniyyətlərilə hər dəfə hörmət və məhəbbətlə yad edilirlər. Amma hər bir insan üçün dünyanın ən gözəl qadını öz anasıdır. Və öz yurduna, öz xalqına sədaqətlə, birinci növbədə mənsub olduğu xalq uğrundakı fədakarlığı ilə hər birimizin alnı açıq, üzü ağdır.

—Uzun ömür sürməyi çoxmu arzulayırsınız?

—Orta əsr islam ilahiyyatçılarına görə həyatı insana sevdirən şeytandır. Əslində bütün dünya dinləri min illərdən bəri bu fikri insana təlqin etməyə çalışmışdır, amma insanın ürəyindəki həyat eşqini söndürə bilməmişdir. Nə qədər ki, çiynimdə böyük bir borcun yükünü hiss edirəm və düşüncələrimdə mühafizəkarlıq yuva salmamışdır, yazı stolunun arxasında hələ uzun zaman külüng çalmaq istərdim.

—Bu suallara cavab verdiyiniz vaxt ürəyinizdə hansı ovqat, hansı əhval-ruhiyyə var?

—Bu günlər və suallarınıza cavab verdiyim indinin özündə xəyalımdakı bir rəqəm ilə, 70 rəqəmilə bağlanmış və davam edən daxili dialoqların ziddiyyətidir, əhval-ruhiyyəmi müəyyən edən bu əhvalı isə “etirafnamə” kimi bir janrda ifadə etmək olardı...

 

 “Qobustan” toplusu.

2003-cü il.¹ 1

 

 

525-ci qəzet.- 2013.- 13 aprel.- S.23.