Tolerantlıq Şərqdə, xüsusən
də Azərbaycanda mədəni dəyərə, əxlaq
normasına çevrilib”
PROFESSOR ŞAHLAR ƏSGƏROV:
“ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA
BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ
ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”
Azərbaycanın tanınmış elm adamlarından və
ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla
söhbətimizdə onun ölkəmizdə dini və etnik
tolerantlığın – dözümlülüyün ənənələri,
həmçinin qarşılıqlı
xoşgörünün müasir səviyyəsi barədə
fikirlərini öyrəndik. Bu mövzuda
özünəməxsus düşüncə və
mülahizələrini dilə gətirən müsahibimiz
tolerantlığın ölkədə milli birliyin bərqərar
olunması baxımından əhəmiyyəti, həmçinin
dövlətin bu sahədə yürütdüyü siyasət,
apardığı işlər haqqında da fikirlərini
açıqladı.
–
Yaxın keçmişə və müasir dövrə baxanda
ümummilli ideyanın meydana gəlməsi, mövcudluğu
barədə nələr demək olar?
–
Keçən əsrin 90-cı illərində
hamımızın qəbul etdiyi bir ideya var idi. Bu ideyanı həm iqtidar, həm müxalifət, həm
yaşlı, həm də gənc nəsil, həm bitərəflər,
həm də siyasi partiya nümayəndələri qəbul
edirdi. Bu ideya müstəqillik ideyası
idi. Hamı qəbul etdiyi
üçün, bu ideya həm də ümummilli ideya idi.
Əqidə birliyi nəticəsində Azərbaycan
müstəqilliyini qazandı. Dövranın
gedişi də bizə kömək oldu. İndi
bizi inkişafa aparan, bütün əhalini səfərbər
edən, ən əsası əldə etdiyimiz şirin nemət
olan müstəqilliyi qoruyan yeni bir ümummilli ideyaya
ehtiyacımız vardı. Çünki
milləti qabağa birləşdirici ümummilli ideya apara bilər.
Bu ideya o zaman ümummilli ola bilər ki, onu
hamı: həm iqtidar, həm müxalifət, həm ölkə
daxilində, həm də ölkədən kənarda
yaşayan həmvətənlər, həm bu gün
yaşayanlar, həm də gələcək nəsillər qəbul
etmiş olsun. Hamının qəbul edəcəyi
ümummilli ideyanı formalaşdıran çox mürəkkəb
və çətin problemdir. Əgər
ideya ümummilli deyilsə, onu hamı qəbul etməyə və
ictimai qüvvələr parçalana bilər.
Milli ideya tarixi taledə mühüm rol oynayır və
Spenserə görə, milləti ideya yaradır. İdeya
kütləni ələyib, millətə çevirir. Belinski də hesab edirdi ki, cəmiyyət üzərində
möhkəm hakimiyyətə söz yox, ancaq ideya malikdir.
Yəni ideya kütləni səfərbər edə
bilər. İdeyanın gücünü
biz keçən əsrin 90 –cı illərində
gördük. Milli ideya siyasi
özünüdərkdən sonra yaranır. Siyasi özünü dərk üçün, millət
tarixi yol getməli, qurbanlar verməlidir ki, özünü dərk
edə bilsin. İtilmiş
torpaqlarımız, şəhidlərimiz verdiyimiz
qurbanlardandır. Ayılmamağa
haqqımız yoxdur. Qərb fəlsəfəsində
də ideya inkişafın əsas mənbəyi və səbəbi
hesab edilir. Çünki yeni milli ideya
toplumu səfərbər etməklə yanaşı, ona ruh
verir, siyasi fəaliyyəti istiqamətləndirən ideoloji
müddəalar sistemi yaradır. Nəticədə
milli birlik yaranır, dövlət isə qüdrətli olur.
Milli ideya çox sadə ifadə
olunmalıdır. Skotnikova görə,
ideya nə qədər sadə olarsa, bir o qədər
çox kütləyə hakim olar. Bu deyilənlərdən
və tarixi təcrübədən ümumilli ideyanın səciyyəvi
cəhətlərini və xüsusiyyətlərini
formalaşdırmaq olar: bu, hamı tərəfindən qəbul
edilməlidir, cəmiyyət üzərində möhkəm
hakimiyyətə söz yox, ancaq ideya malikdir, ümumilli ideya
xalqı millətə çevirir.
– Ölkəmizin
qonşuları olan millətlər arasında milli ideya məsələsi
hansı səviyyədədir?
–Əvvəlcə,
“Qonşularımız da belə problemlə
yaşayırmı” ? – sualına
cavab axtaraq. Şimal qonşumuz “yeni rus
ideyası” ətrafında baş sındırır. Köhnə rus ideyası beyinlərdə elə
kök salıb ki, onu yenisi ilə əvəzləmək
çətindir. Köhnə rus ideyası
Hind okeanının isti suları kimi torpaqları tutmaqdır.
Bunun üçün güclü olmaq
lazımdır. Əsgəri gücün,
hərbi gücün çox olmalıdır. Bu səbəbdən də katyuşa kimi,
Kalaşnikov avtomatı kimi silahlar, atom və nüvə
bombaları kimi kütləvi qırğın silahların bu
qonşumuz icad edibdi. Axtarış yenə
də bu istiqamətdə gedir. 2004-cü ildə
“İzvestiya” qəzetinin yazdığına görə
prezident Putinin sədrliyi ilə keçən Elm və
Texnologiya Elmi Şuranın iclasında bütün qocaman akademiklər ”Oboronka”nı gücləndirməyi
təklif etdilər. Otuz yaşlı cavan akademik Çernodub
isə bir az da qabağa gedərək deyir
ki, cənab prezident, Siz bizə pul verin, biz atom və kosmos
proyektləri kimi masştablı layihələr həyata
keçirək. Akademiklərin ikinci təklifi
bu oldu ki, Universitetlər Akademik İnstitutlara birləşdirilsin.
Məlumdur ki, bütün dünyada
araşdırma mərkəzləri Universitetlərin nəzdində
fəaliyyət göstərir. Rusiyada isə
bunun tərsini istəyirlər. Adətən,
Universitetlər açıq, Elmi tədqiqat mərkəzləri
isə çox vaxt qapalı müəssisələrdir.
Rus alimləri qapalı müəssisələrdə
çalışmağa daha üstünlük verirlər.
Çünki qapalı müəssisələrə
dövlətin diqqəti daha çox olur. Beləliklə,
Rusiyada da yeni rus ideyası elə köhnə ideyanın
davamıdır: Silah düzəldib, torpaq tutub qüdrətli
görünmək.
Kütləvi informasiya vasitələri tez-tez qeyd edirlər
ki, ermənilərin diaspora təşkilatları bizimkindən
güclüdür, mütəşəkkildir. Səbəbini
də bunda görürlər ki, onların təşkilatlanma
tarixi qədimdir. Arqumentə etirazım
yoxdur. Məncə, tarixilik vacibdir, amma kafi
şərt deyil. Əsas şərt budur
ki, onların istənilən siyasi quruluşda, hamı tərəfindən
qəbul olunan ümumilli ideyası mövcuddur.
Dünyanın harasında yaşamasına baxmayaraq onları səfərbər
edən ümummilli ideyaları var: “Dənizdən dənizə
böyük Ermənistan” İdeya sadədir, cəlbedicidir və
sadə ermənilər tərəfindən də başa
düşülən, dəstəklənəndir. Bu ideya artıq əqidəyə çevrilib və
öz işini görərək gündəlik həyatda
işləyir. Onlar, ümummilli ideyanın
xüsusiyyətlərinə uyğun olaraq, bu yolda həm
ölümə gedirlər, həm də öldürürlər.
Digər bir qonşumuz gürcülərin əsas milli
ideyası gürcü ruhunu, gürcü
varlığını qorumaqdır. Bu qonşumuz XXI əsrin
səciyyəsini, ruhunu düzgün tutublar. Bu əsrdə onlar bazara maddi məhsuldan daha
çox, intellektual məhsul çıxarmaq niyyətindədirlər.
Toplum az və unikal olduğundan tarixi məqamlarda
ən amansız gücə qarşı çevik milli birlik
nümayiş etdirilir. Məhv olmaq qorxusu,
onları birləşdirir.
Yeri gəlmişkən qeyd edək ki, sanki qonşu
gürcülər üçün xarakterik olan son qorxunun bizə
“dəxli” yoxdur. Bəzi psevdopatriotların dediyi kimi,
axı biz 40 milyondan çoxuq. Bu səbəbdən
də dünyada gedən təlatümlərdən qorxumuz
yoxdur. Özümüzü situasiyaya
adekvat aparmırıq.
İndi də, bizim belə bir ideyaya ehtiyacımız
varmı? Ümumilli ideya ən azı bizə ona görə
lazımdır ki, əldə etdiyimiz şirin nemət olan
müstəqilliyi qoruya bilək. Qloballaşma
şəraitində bu, çox çətin bir problemdir.
Bu problem bir də ona görə çətindir ki, biz,
yumşaq desək, dost olmayan dövlətlərin əhatəsindəyik.
Bizim yerləşdiyimiz geosiyasi məkan çox
mürəkkəbdir. Heç uzaqda da
dostlarımız çox deyil. Böyük
Britaniya, Danimarka və ya Yaponiya kimi ada dövlətləri də
deyilik. Deməli, siyasi mühit bizim
üçün çox mürəkkəbdir. Yer kürəsinin bətnində olan neftin
axırıncı litri çıxarılana qədər bu
mürəkkəbliyin günbəgün artacağını
düşünürəm.
Müstəqillikdən
sonrakı dövr üçün bizim üçün
ümummilli ideya nə ola bilər? Söhbət ideyadan və ələlxüsus milli
ideyadan getdiyi üçün bu milli elitanın,
ziyalıların öhdəsinə düşür. Bizə də milli birlik və uğrunda ölməyə
qüdrətli dövlət lazımdır. Belə bir dövlətin yuxarıdakı şərtləri
ödəyə bilən milli ideyasını ulu öndər
Heydər Əliyevin fəlsəfəsi əsasında yaratmaq
olar.
Amerikanın
Qudzon İnstitutunun elmi əməkdaşı, politoloqu Enders
Vimbuş Azərbaycanda olanda maraqlı bir fikirlə
çıxış edib: “Əgər siz güclü
olsanız, sizin düşməniniz də bunu bilər və
öz strategiyasını dəyişər”. Fikrimcə,
amerikalı politoloq açar fikir söyləyib. Bu fikri
belə də ifadə etmək olar: Biz gücləndikcə
ermənilər sakitləşəcək, biz zəiflədikcə
ermənilər aktivləşəcək. Deməli, Azərbaycan
üçün aparıcı ideya güclü dövlət,
qüdrətli dövlət ideyası ola
bilər.
Qüdrətli
dövlət yaratmaq, düşməni (və ya düşmənləri)
neytrallaşdırmaq və Qarabağ yarasını
sağaltmaq üçün lazım olan ümumilli ideya ulu öndər
Heydər Əliyevin bəzi fəlsəfi fikirlərində əks
olunub. Bir neçə misal gətirək: “Düşmənin
Azərbaycanı parçalamaq, dağıtmaq,
torpaqlarımızın bir qismini ələ keçirmək
planlarının qarşısını almaq
üçün, buna sinə gərmək üçün,
bu planları pozmaq, Azərbaycanı qorumaq üçün
hamının bir məqsədi olmalıdır”.
Bu fikirdən əxz edəcəyimiz nəticə bundan
ibarətdir ki, düşmənin planlarını pozmaq
üçün bizdə məqsəd birliyi olmalıdır. Məqsəd
birliyi ümummilli ideya tərkib hissəsidir və
güclü dövlətə aparan yoldur. Ümummilli
ideyaya yol, milli birlikdən keçir. Bu
niyyətlə də Heydər Əliyev məqsəd birliyinin
vacibliyini diqqət mərkəzinə çəkib. Hesab etmək olar ki, ümummilli ideyanın mərkəzində
məqsəd birliyi durmalıdır. Ulu öndərin bir
fikri var: “Borcumuz odur ki, Azərbaycan müstəqil bir dövlət
kimi daha da inkişaf etsin, daha da qüdrətlənsin, Azərbaycanın
müstəqilliyi hər bir vətəndaş
üçün xoşbəxtlik gətirsin, səadət gətirsin”.
Buradan anlaşılır ki, hər bir kəsin
xoşbəxt yaşamasının kökündə qüdrətli
dövlət ideyası durur. Bu niyyət
hamı tərəfindən qəbul olunandır və belə
fikirlər Heydər Əliyev fəlsəfəsində
çoxdur. Ancaq bu iki kəlam da
ümummilli ideya sərhədlərini cızmağa kifayət
edir. Ölkə əhalisinin və ondan kənarda
yaşayan bütün azərbaycanlıların və həm
də gələcək nəsillərin qəbul edəcəyi
ümummilli ideya elə olmalıdır ki, o həm də ermənilərin
ümummilli ideyasını neytrallaşdıra bilsin. İdeyanı güllələyəndə o
ölmür, əksinə o daha çox beyinlərə yol
tapır və populyarlaşır. İdeyanı
öldürmək üçün ondan daha yaxşı
ideyanı ortaya qoymaq lazımdır. Biz
bunu formalaşdıra bilsək, onda düşmən tərəf
onu “güllələyəcək”, bu isə bizim ideyanı
daha qüdrətli edəcək və populyarlaşdıracaq.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.-
13 aprel.- S.22.