Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(davam;)
1935-ci ildə İtaliya Efiopiyaya müdaxilə edəndə
böhran xeyli böyüdü, Çörçillin isə
buna pis hazırlaşdığı üzə
çıxdı. O, iki istəyin arasında qalmışdı, bu, Millətlər
Liqasının, kollektiv təhlükəsizlik konsepsiyası
üzrə qurulması və Benito Mussolininin Hitlerin
ağuşuna atılmasından irəli gələn qorxu idi. İspan vətəndaş müharibəsi
(1936-1939-cu illər) dövründə müdaxilə etməmək
fikrinə özünü inandırmışdı. İlk anda Fransisko Frankonun müdafiəçisi, sonralar
isə onun tənqidçisi oldu. 1936-cı
ildə VIII Eduard taxt-tacdan istefa verdikdən sonrakı
böhran vaxtı o, əbəs yerə Bolduinin kral hadisəsinin
ictimai tərəfdarı olmasının əleyhinə
çıxdı.
Nevil Çemberlen Bolduini əvəz etdi, Kassandraya
oxşar Çörçill ilə Mühafizəkar
partiyasının liderləri arasındakı uçurum
genişləndi. Çörçill ardıcıl olaraq
Almaniyanın təcavüzkar qisası haqqında məlumat
verirdi və hadisələr bu prosesin getdiyinin
düzgünlüyünü təsdiq edirdi. Lakin onun xəbərdarlıqlarına ardıcıl
olaraq məhəl qoyulmurdu. Onun bir ovuc
ardıcılı da siyasi cəhətdən kiçik bir
qüvvə olaraq qalırdı. Çemberlen
onlara əhəmiyyət verməməkdə özünü
daha təhlükəsiz hesab edirdi. Bu vaxt
Almaniyanın Çexoslovakiya üzərinə təzyiqi
artırdı.
1938-ci ilin sentyabrında Hitlerlə Münxen sazişi
bağlandıqda, Çexoslovakiya natsistlərə qurban
verildi. Çörçill təkid edirdi ki, bu, “ümumi və
yumşala bilməyən bir məğlubiyyətdir”. Baş nazir Nevil Çemberlen və onun fransız
kolleqası Eduard Deladye Hitlerlə belə mənfur sazişi
imzalamışdılar. Çemberlen
Londona dönərkən özünü məşhur baş
nazir Bencamin Dizraeli kimi aparmaq istəmiş, sazişi hava
limanında nümayiş etdirərək, sülh gətirdiyini
bəyan etmişdi. Bu açıq aldanma
idi. Dizraeli isə 1878-ci ildə Berlin
konfransından uduşla qayıtmışdı, Kipr adası
Böyük Britaniyaya verilmişdi və Londonda o, təntənə
ilə qarşılanmışdı.
Çörçill
isə Çemberlen hökumətinin Hitleri sakitləşdirmək
siyasətini kəskin tənqid edirdi və Münxen sazişi
imzalandıqdan sonra İcmalar Palatasındakı
çıxışında demişdi: “Sizin müharibəni
və şərəfsizliyi seçmək imkanınız var
idi. Siz şərəfsizliyi seçdiniz, indi isə
siz müharibəni alacaqsınız”. 1939-cu
ilin martında Çörçill və onun qrupu həqiqi
milli koalisiyanın yaradılmasını təkid etdi və
ölkədəki bu istəyə görə onu millətin
sözçüsü kimi tanıdılar və onun vəzifəyə
qaytarılmasını təbliğ etməyə
başladılar. Sülh az müddət
ərzində dayana bildi, Çemberlen isə bütün belə
əqidələrə məhəl qoymurdu.
Düşündükdə görünür ki,
Çörçillin bütöv əvvəlki karyerası
müharibə dövründəki liderliyə hazırlanmaq
olmuşdu.
Sarsılmaz vətənpərvər; öz ölkəsinin
böyüklüyünə və Avropadakı, imperiyadakı
və dünyadakı tarixi roluna inanan romantik; özünü
fəaliyyətə həsr etməklə
çağırışlar və böhranlar əsasında
mübarizə aparan; tələbə, tarixçi və
müharibə veteranı; uzun müddətli siyasi
sürgündə olmasına baxmayaraq və ya məhz bu səbəbə
görə dəmir bədənə malik olan; taqətdən
düşməyən enerji və bütövlüklə
özünü cəmləşdirən bir adam kimi o, elə
görünürdü ki, bütün qabiliyyətlərlə
elə bolluqla qidalanmışdır ki, zaman gəldikdə
Britaniyanın və dünyada onun dərdlərinin xilası
naminə onları bədxərcliklə israf etməkdən
çəkinməyəcəkdir.
3 sentyabr 1939-cu ildə Britaniya Almaniyaya müharibə
elan etdiyi gün Çemberlen Çörçilli Admiralteydə
– köhnə vəzifəsinə qaytardı. Donanmaya siqnal yollandı:
“Uinston geri qayıdır”. 11 sentyabrda Çörçill
prezident Franklin D.Ruzveltdən teleqram aldı və ona “Donanma
personu” imzası ilə cavab verdi. Bu vaxtdan onların arasında tarixi yazışma
başlandı. Nəhayət,
Çörçillin yorulmaz enerjisi bütün administrasiyada
hiss olundu. Onun bütün cəhdlərinə
baxmayaraq, apatiyada olan ingilis-fransız Antantasını “telefon
müharibəsi” kimi adlanan dövr ərzində gücləndirmək
səyləri uğursuzluğa uğradı.
Almanlar 1940-cı ilin mayında Norveçi
tutmamışdan əvvəl Avropa müharibəsi staqnasiya
(durğunluq) mərhələsində idi. Narvik və
Trondheym ekspedisiyaları dəniz qüvvələrinin köməyindən
asılı olduğu və bu kömək göstərilmədiyindən
uğursuzluqla üzləşdikdə, Çörçill
Birinci Dünya müharibəsində taleyüklü məsələ
olan Dardanel və Qalliopoli xatirələrini yada saldı.
Buna baxmayaraq bu vaxt əsasən Çemberlen məzəmmət
edilirdi və Çörçill onu müdafiə etməyə
səy göstərdi.
10 may
1940-cı ildə almanların Çökək ölkələrə
(Niderlandlara) müdaxiləsi norveç fiaskosunun başına
dəyən çəkic zərbəsinə bənzəyirdi.
Çemberlen istefa verdi. O, xarici işlər
naziri Lord Halifaksın özünün varisi olmasını istəyirdi.
Lakin Halifaks müdrikcəsinə bu vəzifədən
imtina etdi. Bu əvvəlcədən məlum
idi ki, yalnız Çörçill milləti birləşdirə
və ona başçılıq edə bilərdi. Həmin zərurət öz təsdiqini tapdı və
Çörçill baş nazir oldu.
Leyborist partiyası isə anti-sosializminə görə
Çörçillə köhnə qaydada inanmırdı. Koalisiya
hökuməti radikal sağ və sol qüvvələrdən
başqa bütün elementlərdən təşkil
edilmişdi. Ona beş nəfərlik
müharibə hökuməti başçılıq edirdi. Bura əvvəlcə Çemberlen və Halifaks, həm
də Leyborist partiyasının liderləri – Klement Ettli və
Artur Qrinvud daxil idi. Tred-yunion lideri Ernest
Bevinin əmək naziri təyin olunması bu həyati cəbhə
ilə əlaqəyə təminat verirdi. Lloyd
Corca da təkliflər edildi, lakin o, onlardan yayındı.
Çörçill özü həm də üstəlik
İcmalar Palatasında, Müdafiə Nazirliyində liderlik
edirdi. Bu nümunə müharibə vasitəsi ilə dəstəklənirdi.
Baş nazir öz diqqətini cəmləşdirmişdi,
o, heç vaxt kollektiv rəy əleyhinə
çıxmırdı. Bütün
bunlarda parlament həyati əhəmiyyətli rol
oynayırdı.
13 mayda Çörçill İcmalar Palatası
qarşısında ilk dəfə baş nazir kimi dayandı. O, qarşıdakı
çətin yol barədə parlament üzvlərini xəbərdar
etdi.
“Mən qandan, ağır zəhmətdən, göz yaşlarından
və tərdən başqa heç nə təklif etmirəm”. Çıxışında
o, özünü və bütün milləti qazanılacaq qələbəyə
qədər müharibənin bütün çətinliklərini
dəf etməyə həsr olmağa çağırdı.
Məqsədin sadəliyinin arxasında onun sadiq
qaldığı dəqiq strategiya dayanırdı. Bütün müharibə dövrü diqqət buna
cəmlənmişdi. Hitler Almaniyası
düşmən idi. Heç nə
bütün Britaniya xalqını almanları məğlubiyyətə
çatdıracaq vəzifədən yayındıra bilməzdi.
Kim qələbə məqsədini
güdürsə, hətta qoy lap kommunistlər olsun, müttəfiqlik
üçün qəbul ediləcəkdi. Bu cəhddə heç bir müqayisəyə gəlməyən
müttəfiq isə, istər müharibə olsun ya
olmasın, əlbəttə ki, Birləşmiş Ştatlar
idi. Onun dəstəyini almaq və ona tərəfdar
çıxmaq Çörçill düşüncəsinin
mərkəzi prinsipi idi. Çörçill
qələbə mehrabına hər şeyi qurban verməyə
hazır idi. Parlamentin qəbul etdiyi qanuna
görə “adamlar, onların xidmətləri və mülkiyyəti
Tacın sərəncamında” olmalı idi. Bu, Britaniya tarixində hökumətə fövqəladə
hakimiyyət vermək demək idi.
Alman aviasiyasının Böyük Britaniya şəhərlərini
“yer üzündən silməyə” hazır olduğu barədə
Hitlerin hədəsindən bir neçə gün sonra, alman hərbi-hava
qüvvələri güclü hücuma keçdilər. Lakin almanlar
ingilislərin müqavimətini qıra bilmədilər.
Almaniya öz məqsədlərinə nail ola
bilmədi.
Çörçill bu qərara gəldi ki, natsizmə
heç bir güzəştə getmək olmaz. O, inanırdı ki,
Britaniyanı qəti qələbəyə apara bilər: “Mən
düşünürəm ki, bunların hamısı barədə
böyük işləri görməyi bilirəm”. O, elə
bil ki, Böyük Uilyam Pittin sözlərini təkrar edirdi.
Böyük Uilyam Pittə 1756-cı ildə başlanan yeddi
illik müharibə bir dövlət xadimi kimi ali
imkan verdi. Müharibə ağır itkilərlə
və siyasətin xeyli qarışıqlığı ilə
başlandı. O, bəyan etdi: “Mən əminəm ki,
bu ölkəni xilas edə bilərəm və başqa
heç bir kəs bunu bacarmaz”. Bu özünə
güvənmənin arxasında hər iki halda yüksək
potensiala və ondan səmərəli istifadə etmək
bacarığına tam əminlik var idi.
Fransanın sürətli məğlubiyyəti ilə
üz-üzə gəldikdə Çörçill bir
neçə dəfə fransız hökuməti ilə
görüşmək üçün oraya səfərlər
etdi ki, Fransanı müharibədə saxlamağa cəhd
etsin, bunun yüksək nöqtəsi 16 iyun 1946-cı ildə
məşhur ingilis-fransız ittifaqının təklif edilməsi
oldu. Bütün bunlar uğursuz cəhdlərə
çevrildikdə Britaniya döyüşü
başlandı. Çörçill atəş xəttində
olurdu, qərargahlara gedir, təyyarələrdən müdafiə
batalyonlarını və sahil müdafiə qüvvələrini
yoxlayırdı, “blits”(ildırım
sürətli) müharibənin bombalarının zərər
vurduğu yerlərə və ya qurbanlar səhnələrinə
nüfuz edirdi. Daim siqarını tüstülədir,
iki barmağı ilə qələbəni bildirən “V”
işarəsi (victory – “qələbə”) ilə adamları
salamlayır, yaxud da radio ilə xalqa açıq məlumatlar
verirdi. Bu söhbətlərində o, yumor
hissindən də qalmırdı. Millət onu öz
ürəyində gəzdirirdi: hər ikisi “özlərinin ən
yaxşı saatında” idilər.
Digər ağrılı və daha mübahisəli qərarlar
Çörçillin üzərinə
düşürdü. Fransız donanmasına hücum edildi ki,
onun Hitlerə təslim olmasının qarşısı
alınsın. Müdaxilə təhlükəsi
qorxulu olduqda, Şərqi Aralıq dənizində qüvvələri
gücləndirmək barədə qərar qəbul olundu.
Yunanıstana da qoşunlar göndərildi,
ağır başa gələn qurbanlar verildi. Krit adasından evakuasiya digər Qalliopolini yada
salırdı və belə hadisələrə görə
Çörçill parlamentdə ağır atəş
altına düşürdü.
Britaniya Karib boğazını Birləşmiş
Ştatlara verməyə və əvəzində lend-lizin tətbiq
edilməsinə görə Çörçill
lovğalanırdı ki, “Bizə alət verin və biz
işimizi başa çatdıracağıq”. 1941-ci ilin
avqustunda Nyu-Faundlenddəki Plasentiya körfəzində
Çörçillə Ruzveltin dramatik keçən
görüşü münasibətləri möhkəmləndirdi.
Atlantik Xartiyası qəbul olundu, bu, Birləşmiş
Ştatlarla Britaniya arasında ümumi prinsiplər barədə
bəyanat idi.
Hitler Sovet İttifaqına qəflətən hücum
etdikdə, Çörçillin cavabı sürətli və
ikibaşlı idi. 22 iyun 1941-ci ildəki radio ilə
çıxışında kommunizmin hansısa tənqidini
dilə gətirməkdən imtina etdi və israrla dedi ki,
“Rusiyanın təhlükəsi bizim təhlükəmizdir” və
Rusiya xalqına kömək göstərmək vədini verdi. Bu “böyük alyans”
yaratmaq barədə onun siyasəti olmaqla, Sovet
İttifaqını və Birləşmiş Ştatları
birləşdirirdi. Lakin 1942-ci ilin
mayına kimi qarşılıqlı kömək barədə
20 illik ingilis-sovet paktı barədə danışıqlar
aparıldı.
7 dekabr 1941-ci ildə yaponların Pörl-Harbora hücumu
Çörçillin gözündə müharibənin
bütün perspektivini dəyişdirdi. Nəhayət
o, Vaşinqtona (Kolumbiya mahalı) yollandı və Ruzveltlə
birlikdə ingilis-amerikan razılaşmalarını möhkəmləndirdi.
Müharibənin bütün təhlükələrinə
qarşı birləşmiş komandanlıq yaradıldı.
Təməl strategiya
razılaşdırıldı ki, Almaniyanın məğlubiyyəti
Yaponiyanın məğlubiyyətinə görə prioritet əhəmiyyət
daşıyacaqdır. Böyük alyans
artıq mövcud idi. Çörçill
özünü onun memarı hesab edə bilərdi. Onun
qorunub saxlanması Çörçillin sonrakı
üç il yarımlıq dövr
üçün başlıca marağına çevrildi.
Onunla Ruzvelt arasındakı ehtiram və
bağlılıq həlledici əhəmiyyətə malik
idi. Çörçill təkbaşına, Stalinin
aramsız təzyiqlərinə baxmayaraq, “ikinci cəbhənin”
1942-ci ildə açılması təklifindən imtina etdi.
1942-ci ilin avqustunda Moskvaya uçub Stalinlə
görüşdü və onun narazılığının
ağırlığını xeyli müddət
daşımalı oldu. 8 avqustda Çörçill
Moskvaya səfərinin yekunları barədə Britaniya
parlamentində çıxış edərkən demişdi:
“Rusiyanın bəxti gətirmişdir ki, aqoniya vəziyyətində
olanda onun başında belə bir sərt rəhbər
dayandı. O, belə ağır, çətin dövrlərə
yarayan görkəmli şəxsiyyətdir. Bu adam
tükənməz dərəcədə cəsarətli,
hökmlü, öz rəylərində açıq və hətta
sərtdir. Lakin o, yumor hissini də qoruyub
saxlamışdır, bu isə bütün adamlar və xalqlar
üçün, xüsusilə böyük adamlar və
böyük xalqlar üçün vacibdir. Stalin özünün soyuqqanlılığı,
müdrikliyi ilə, həm də hansısa bir
illuziyasının tamamilə olmaması ilə mənə
yaxşı təsir bağışladı. Mən ümid edirəm ki, onu inandırmağa
müvəffəq oldum ki, bu müharibədə biz sədaqətli
və etibarlı silahdaşlar olacağıq, ancaq bu, nəhayət
etibarilə, sözlə deyil, işlərlə sübut
edilir”.
1945-ci il noyabrın əvvəlində
Çörçill İcmalar Palatasındakı nitqində
demişdi: “Mən bu həqiqətən böyük insan barədə
yüksək heyranlıqdan başqa şəxsən
hansısa digər bir şey hiss etmirəm. O, öz ölkəsinin
atasıdır, dinc dövrlərdə ölkənin taleyini
idarə etmiş, müharibə dövründə isə
qalibiyyətin müdafiəçisi olmuşdur”. Bu sözləri o, Stalinə
ünvanlamışdı.
Tədqiqatçılar güman edir ki,
Çörçillin Stalinə münasibəti kəskin
qaydada neqativ idi. Stalin barədə tərifli sözləri
isə o, müharibə vaxtı, xüsusilə 1942-ci ildə
söyləmişdir, o vaxt isə situasiya tam başqa cür
idi.
Çörçill vətənə atəş
altında döndü. İyun ayında Şimali Afrikadakı
Tobruk, onun Vaşinqtona ikinci səfəri vaxtı almanlara təslim
oldu. 1942-ci il Kabinet sola tərəf bəzi
dəyişikliklərə məruz qaldı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2013.- 13 aprel.- S.18.