Murad Hüseynov: “Azərbaycan piano
ifaçılığı məktəbi dünyada
özünü çoxdan təsdiqləyib”
Müsahibimiz
– beynəlxalq müsabiqələr laureatı, əməkdar
artist Murad Hüseynov hazırda Azərbaycanın ən mahir və
tanınmış pianoçularından biridir. Azərbaycan
musiqi ifaçılığını, pianoçuluq məktəbini
həm ölkəmizdə, həm də onun
hüdudlarından kənarda, dünya səhnələrində
layiqincə təmsil edən sənətkarlar sırasında
onun adı tez-tez çəkilir. Onu bir sənətkar kimi
xarakterizə edərkən, adətən, belə deyilir ki, bu
istedadlı musiqiçi piano ifaçıları arasında təkrarsız
dəst-xətti, yüksək peşəkarlığı, sənətinə
sonsuz məftunluğu və təvazökarlığı ilə
seçilir.
– Musiqiyə marağınız necə,
nə zamandan yaranıb? Ümumiyyətlə, Murad Hüseynov
necə bir mühitdə böyüyüb?
– Musiqi ilə
altı yaşımdan məşğul olmağa
başlamışam. Altı yaşımda Bülbül
adına məktəbin birinci sinfinə daxil olmuşam. İlk
musiqi təhsilimi orda almışam. Qohumlarım arasında
musiqiçilər çoxdur. Demək olar ki, peşəkar
musiqiçilərin olduğu bir mühitdə
böyümüşəm mən. Atamın nənəsi
Kövkəb xanım Səfərəliyeva çox məşhur
pianoçu olub. Hətta Azərbaycanda pianoçu kimi professor
olan ilk qadındır. Kövkəb xanım uzun illər
Bülbül adına musiqi məktəbinin direktoru işləyib,
Üzeyir Hacıbəyovla həmkar olublar və çox
yaxşı münasibətləri olub. Bildiyiniz kimi mən
Sovet dövründə dünyaya gəlib, o dövrdə
böyümüşəm. Hamıya məlum olan və
çox sevindirici bir faktdır ki, Bakı şəhəri
dünya mədəniyyəti paytaxtlarından biridir və o
dövrdə də Bakıya Moskvadan, Sankt-Peterburqdan dünya
şöhrətli pianoçular, musiqiçilər, dirijorlar
gəlirdilər. Bu musiqiçilərin mütəmadi olaraq
Filarmoniyada, Konservatoriyada çox gözəl konsertləri
keçirilirdi. Əlbəttə ki, ailədə həmişə
çalışıblar, məni mümkün qədər
bütün konsertlərə, operalara aparsınlar və mən
o ifaçıları dinləyim. Bülbül adına məktəbi
bitirdikdən sonra mən Konservatoriyaya daxil oldum, daha sonra onun nəzdində
aspiranturanı bitirdim. Azərbaycanda təhsilimi başa
vurduqdan sonra iki illik Fransaya getdim, orda dövlət təqaüdçüsü
oldum. Ümumiyyətlə, uşaqlığımdan bəri
Fransa musiqisi ilə çox maraqlanmışam. Elə oldu ki,
şansımı sınamaq istədim, imtahan verdim və qəbul
olundum Fransa Dövlət Konservatoriyasının
aspiranturasına. Üçüncü aspiranturanı isə
Moskvada Çaykovski adına
Dövlət Konservatoriyasında bitirdim. Bir neçə beynəlxalq
müsabiqəyə qatıldım, laureat oldum. Ən
axırıncı beynəlxalq müsabiqənin isə qalibi
seçildim. Fransada “Fransız bəstəkarların əsərlərinin
ən yaxşı ifaçısı” diplomu ilə təltif
olunmuşam. Bundan başqa, Fransa və Macarıstanın ordenlərilə
təltif edilmişəm. Artıq 12- ci ildir ki, Konservatoriyada dərs
deyirəm. Hazırda dosent vəzifəsində
çalışıram.
– Uzun illər
təhsilinizi ölkə xaricində almısınız.
Bununla yanaşı bir çox ölkələrdə konsert
proqramları ilə çıxışınız olub, Beynəlxalq
müsabiqələrdə iştirak etmisiniz. Çox rahat
şəkildə təhsil aldığınız Rusiyada,
Fransada qalıb fəaliyyətinizi davam etdirə bilərdiniz.
Yenidən Azərbaycana qayıdıb, burda
yaradıcılığınıza davam etmək mövzusunda
tərəddüdləriniz oldumu heç?
– Əslində,
mən həmişə qeyd edirəm ki, təhsilimi tam şəkildə
Azərbaycanda almışam. Həm Fransada, Rusiyada oxuduğum
illərdə, həm də indi tez- tez dünyanın bir
çox ölkələrində səfərlərdə
oluram. Allaha şükürlər olsun ki, indi bizim
ifaçılarımız, musiqiçilərimiz bütün
dünyada öz sənətlərini nümayiş etdirirərək
ölkəmizi və ifaçılıq məktəbimizi
layiqincə təmsil edirlər. Bilirsiniz ki, azərbaycanlılar
öz torpağına, dostlara, ailəyə çox
bağlı olurlar. Mən də sözün əsl mənasında
öz torpağıma bağlı bir azərbaycanlıyam. Həmişə
istəmişəm ki, xarici ölkələrdə aldığım
təhsili gəlib Azərbaycanda tədris edim. Təhsilinin əsas
hissəsini burda alan bir sənətçi kimi mən də
çalışıram ki, Azərbaycan üçün nəsə
edim. Ümumiyyətlə, xaricdə təhsil alan hər bir azərbaycanlı
gəlib onu öz torpağında tədris etməlidir.
Dünya səviyyəli konsertlərdə nə qədər
çox iştirak etsək, Azərbaycanı, onun musiqilərini,
bəstəkarlarının əsərlərini dünyaya bir
o qədər geniş şəkildə təqdim edə bilərik.
Həm Fransada, həm də Türkiyədə işləmək
üçün təkliflər almışam. Hətta
üç il ərzində Türkiyədə master klaslar
keçmişəm. Ümumiyyətlə, mən xaricdə
oxuduğum illərdə də cəmi üç-dörd ay
Azərbaycanda olmamışam. Onda da beynəlxalq müsabiqələrə
hazırlaşırdım və bilirdim ki, üç
–dörd ay heç yerə tərpənməməliyəm,
öz üzərimdə çalışmalıyam. Ustad
kurslarını qəbul etdim, ancaq orda qalıb müəllim,
professor kimi çalışmaq istəmədim. Ona görə
ki, mən orda müəllim kimi qalıb işləsəydim,
bir il heç yerə tərpənməli deyildim. Bildim ki, o
müqavilənin şərtlərinə riayət edə bilməyəcəm.
Amma ustad kurslarında mənim özümün şərtim
var idi. O şərt də bundan ibarət idi ki, iki həftəlik
gəlib tələbələrə öz biliklərimi
çatdırıb sonra yenidən Azərbaycana qayıdacam.
Xaricdə olmağı çox xoşlayıram, konsertlər
verməyi sevirəm, amma Azərbaycandan kənarda
yaşamağa heç vaxt xüsusi istəyim, həvəsim
olmayıb. Bu gün özünüz də şahidsiniz ki, mədəniyyətimizin
inkişafı üçün nə qədər işlər
görülür, şərait yaradılır. Təkcə
burda yox, Fransada, Rusiyada, İngiltərədə, İtaliyada
Heydər Əliyev Fondu çox gözəl konsertlər təşkil
edir. Mən də fəxr edirəm ki, o konsertlərin
iştirakçısı olmuşam. Və bu tədbirlər
həmin ölkələrin ən gözəl konsert
salonlarında keçirilib. Bizdə istər klassik
musiqiçilərin, istər caz ifaçılarının,
istərsə də pianoçularımızın səviyyəsi
yüksəkdir. Mən də fəxr edirəm ki, burda fəaliyyət
göstərirəm, lazımam, gələcəkdə də
istərdim ki, Azərbaycan musiqisini xarici ölkələrdə
olduğu kimi, Azərbaycanımızda da təmsil edim.
– Bir
neçə il öncə Əfqanıstanda da konsertiniz oldu.
İstərdim, bir az o konsertdən danışaq. Necə oldu
sizin orda konsert verməyiniz, Əfqanıstanda Azərbaycan
musiqisi necə qarşılandı?
–
Fransanın mədəniyyət naziri Əfqanıstana gedirdi və
nümayəndə heyətindən mənə təklif gəldi
ki, gedib orda konsert proqramı ilə çıxış edim.
Mən də bu təklifi qəbul etdim. Bu konsert Azərbaycanın
tarixinə yazıldı, çünki Əfqanıstanda mədəni
missiya kimi birinci konserti Azərbaycan pianoçusu verdi. Məlumdur
ki, Əfqanıstanda ümumiyyətlə 30- 40 il ərzində
heç bir konsert olmamışdı. Hətta bir maraqlı
faktı da qeyd etmək istəyirəm ki, biz burdan birbaşa
“Petrof” royalını da Əfqanıstana aparmışdıq.
O royal hazırda Fransa səfirliyinin konsert salonunda qalır. Bu
çox gözəl bir faktdır ki, 30- 40 il sonra Əfqanıstanda
ilk solo konserti məhz azərbaycanlı musiqiçi verdi.
Konsertdə dünya şöhrətli rejissor Klod Leluş da
iştirak edirdi. Mən repertuarıma Raxmaninovdan tutmuş, Qara
Qarayev, Fikrət Əmirova qədər görkəmli bəstəkarların
əsərlərini daxil etmişdim. Konsert çox gözəl
qarşılandı. Hətta Fransada bir çox məşhur
aktyorlar, rejissorlar, musiqiçilər maraqlandılar bizim
musiqimizlə. Sonra biz onlarla Fransada konsert zamanı
görüşdük və disklər, notlar istədilər.
Alen Delon, Pyer Kardin kimi ünlü şəxslər bizim musiqi
ilə maraqlanırdılar, konsertlərdə iştirak etməyə
çalışırdılar.
– İndi
dünyada musiqilərin sintezinə böyük
üstünlük verilir. Bu yeni ənənə Azərbaycana
da nüfuz edib. Bu barədə Siz nə fikirdəsiniz?
– Musiqidə
sintez çox gözəldir və lazımlıdır. Bunu hələ
ilk dəfə 100 il əvvəl dahi Üzeyir Hacıbəyov
edib. O bizim xalq musiqimizi Qərb musiqisilə qovuşdurub, misilsiz
əsərlər, operalar, operettalar və başqa əsərlər
yazıb. Bununla həm musiqimiz inkişaf edib, həm də Azərbaycan
mədəniyyəti dünyaya çıxıb. Cazı isə
əsasən Vaqif Mustafazadə, həmçinin Tofiq Quliyev
kimi görkəmli sənətkarlar sintez edib. Vaqif Mustafazadə
çox gözəl şəkildə cazla muğamı sintez
edən birinci sənətkardır. Sintezlə bağlı bir
maraqlı epizodu danışım. Mən Muğam Mərkəzinə
gəldikdən sonra burada Macarıstanın xalq
çalğı alətlərindən ibarət konsert
keçirildi, həm də onların milli rəqsləri
nümayiş olundu. Konsertdən əvvəl televiziyada səhər
proqramında birlikdə qonaq olduq. İstedadlı muğam
ifaçılarımız çıxış etdilər. Və
mən gördüm ki, gözləmədiyimiz halda, bizimkilər
muğam ifa edəndə macarlar da improvizəyə
başladılar. Baxmayaraq ki, onlar ilk dəfə idi bizim
musiqini eşidirdilər, amma çox gözəl bir sintez
alınmışdı. Sonra konsertdə də bu sintezi etdilər
və olduqca maraqla qarşılandı. Bizim musiqimiz onların
o qədər xoşuna gəlmişdi ki, gedəndə bizdən
disklər, notlar alıb apardılar. Yaxşı, peşəkar
səviyyədə nümunələr var. Məsələn,
Alim Qasımov başqa ölkələrin musiqiçilərilə
belə uğurlu sintezlər edir. Əgər bu bizdə
yüksək səviyyədə alınırsa, niyə mahir
ifaçılarımız hansısa ispan, macar, yaxud başqa
ölkələrin musiqiçiləri ilə sintez etməsinlər?!
– Bu
gün ölkəmizdə klassik musiqinin təqdimatı
hansı səviyyədədir, ümumiyyətlə, ona maraq
necədir?
– Mən
sizə deyim ki, Muğam Mərkəzinin konsert zalının
tamaşaçı tutumu 350 nəfərdir. Ancaq Muğam
Festivalı zamanı buraya 500-600 nəfər adam gəlirdi. Bu
çox yaxşı göstəricidi. Ümumiyyətlə, təkcə
paytaxtda deyil, həmçinin Gəncədə, Qəbələdə,
Lənkəranda da bu göstərici yüksək səviyyədədir.
Mən Alban kilsəsində çıxış edəndə
zal dolu idi. Sevindirici haldır ki, təkcə musiqiçilər
deyil, həm də sıravi insanlar gəlirlər konserti dinləməyə.
Qəbələdə min nəfərlik zalda hətta əlavə
stullar qoyulmuşdu. Məncə, bu onu göstərir ki, Azərbaycanda
klassik musiqiyə maraq heç də az deyil.
– Opera və
Balet Teatrında, premyeraları çıxmaq şərtilə,
adi günlərdə nümayiş olunan operalara
tamaşaçı az gəlir. Hətta bir çox
tamaşaçı yeni bir əsərin olmamasından
şikayətlənir ki, nə qədər “Leyli və Məcnun”
a, “Koroğlu” ya baxmaq olar...
– Məncə,
bu düzgün yanaşma deyil. “Leyli və Məcnun”
operasını mən uşaqlığımdan dinləyirəm
və demək olar ki, o musiqilərin içərisində
böyümüşəm. Bəlkə də adi
tamaşaçıdan dəfələrlə çox dinləmişəm.
Amma “Leyli və Məcnun”a nə qədər çox qulaq
assam da, doymuram dinləməkdən. Çünki dahiyanə əsər
heç vaxt insanı bezdirmir. Mən ildə iki-üç dəfə
Fransaya, Rusiyaya gedirəm. Parisin, Moskvanın opera
teatrlarında ayda bir neçə dəfə “Karmen”, “Aida”
kimi 200-300 yaşı olan operaları nümayiş etdirirlər.
İnandırım sizi, bəlkə də bir tamaşaya 50- 60
dəfə baxmış tamaşaçılar var, amma yenə
də bezmirlər, gəlirlər. Yeni əsərlər də
yazılır. Bizim kifayət qədər istedadlı bəstəkarlarımız
var ki, onların içərisində gənclər də az
deyil. Ümumiyyətlə, bizim xalq istedadlı xalqdır. Amma
əgər indiki tamaşaçılar Qara Qarayev, Fikrət Əmirov
kimi dahilərin yetişməsini gözləyirlərsə, bu
olmayacaq. Belə şəxsiyyətlər hər dəfə
doğulmur. Amma yeni operada yazılıb. Görkəmli bəstəkarımız
Firəngiz xanım Əlizadənin əsərləri
nümunə ola bilər. Bəstəkarlar İttifaqı
Filarmoniyada müsabiqə keçirmişdi. Orda simfonik musiqilər
yazan gənc bəstəkarlar iştirak etdilər. Bu işin
içərisində olduğuma görə əminliklə
deyə bilərəm ki, kifayət qədər istedadlı bəstəkarlarımız
və gözəl əsərlər var.
– Əcnəbi
dinləyicilərdən istədiyiniz səviyyədə
müsbət rəylər ala bilirsinizmi? Ümumiyyətlə,
xarici ölkələrdə Azərbaycana, onun musiqisinə, mədəniyyətinə
münasibətdə ən çox nəyi müşahidə
etmisiniz?
– Mən
həmişə onu müşahidə edirəm ki, bizim musiqiyə
çox böyük maraq var. Məsələn, Fransa bəstəkarı
o qədər bizim musiqimizə vurulub ki, ondan sonra Xocalıya
aid əsər yazıb. Bu başqa nəyin göstəricisi
ola bilər? Ötən il Pyer Tiloy ilə Fransada
görüşdük, bir az söhbət etdik. O bilirsiniz nə
çıxartdı öz əl çantasından? Üzeyir
Hacıbəyovun muğam və xalq musiqisi barədə
kitabını. Mən fəxr etdim və gözlərimə
inana bilmədim ki, məşhur fransız bəstəkarı
çantasında öz musiqiçilərinin yox, Azərbaycan
bəstəkarının əsərlərini gəzdirir. 3-4
ay sonra o, Xocalıya həsr olunmuş əsərini yazdı. Əsər
Fransada, İngiltərədə yüksək səviyyədə
qarşılanmışdı və bu faktlara da əsaslanıb
deyirəm ki, bütün dünyada Azərbaycan musiqisinə,
mədəniyyətinə çox böyük maraq var. Pyer
Tiloy o əsəri elə-belə yazmamışdı. Deməli,
bizim musiqimiz onu maraqlandırıb ki, iki il ərzində
ölkəmizə gəlib- gedib və nəticədə də
o əsəri yaradıb. Bir insan o qədər musiqini
xoşlamalıdır ki, ondan sonra belə bir əsər yaza
bilsin. Öz konsertlərimə də çox böyük
maraq görürəm. Məsələn, 2007-ci ildə
Budapeştdə möhtəşəm “Dunay” sarayında
Yalçın Adıgözəlovla birlikdə Vasif
Adıgözəlovun 4 saylı fortepiano konsertini ifa edirdik.
Hazırlıq üçün vaxt az olduğundan bizim cəmi
üç, ya dörd məşqimiz olmuşdu. Amma konsert elə
yüksək səviyyədə keçdi ki, bizi altı dəfə
səhnəyə çağırdılar. Əvvəlcə
Vasif Adıgözəlovun əsərlərini, sonda isə
Şopenin polonezini ifa etdim. Zalın reaksiyasını görəndə
keçirdiyim qürur hissi təkcə ifamla bağlı
deyildi. Mən həm də Azərbaycanın
ifaçılıq məktəbi, onun ölməz sənətkarları,
bəstəkarları üçün qürur hissi
keçirirdim. Konsertdən sonra müxtəlif xalqların
nümayəndələri mənə yaxınlaşıb
ürək sözlərini söyləyirdilər, bəziləri
ifa etdiyim əsərlərin notlarını istəyirdilər.
Yəni bu marağı görəndə adam istər-istəməz
qürurlanır, sənətinin insanlara bəxş etdiyi
sevincə görə fərəhlənir. Mən bunu təkcə
özümə olan maraq saymıram, bu bizim musiqimizə,
ifaçılıq məktəbimizə olan maraqdır. Tofiq
Quliyevin, Qara Qarayevin, Cövdət Hacıyevin, Fikrət Əmirovun,
Azər Dadaşovun, Vaqif Mustafazadənin, Firəngiz Əlizadənin,
Xəyyam Mirzəzadənin və bir çox başqa bəstəkarlarımızın
əsərləri xarici ölkələrdə çox
böyük maraqla qarşılanır və bu bəstəkarlar
dünya səviyyəsində öz sözünü demiş
musiqiçilərimizdir.
– Siz rus və
fransız ifaçılıq məktəbi
görmüsünüz. Onlarla
qarşılaşdırdıqda Azərbaycan
ifaçılıq məktəbinin üstünlükləri
nələrdir?
– Mən müxtəlif musiqiçilərlə çıxış edəndə onları müşahidə etmişəm və deyə bilərəm ki, fransızların gözəl ifaçılıq üslubu olsa da, rus piano məktəbi təkrarsızdır. Azərbaycan ifaçılıq məktəbinin üstünlüyü isə ondan ibarətdir ki, burada həm rus, həm Avropa ifaçılıq məktəbləri, həm də Şərq musiqi ənənələri cəmlənib. Mənim aldığım təhsildə də həm Rusiya, həm də milli musiqi məktəbləri son dərəcə orqanik şəkildə sintezləşdirilib. Yəqin elə buna görədir ki, Fransada fransız bəstəkarlarının əsərlərinin ifasına görə müsabiqədə qalib gəlmişəm. Bir azərbaycanlının belə müsabiqədə qalib gəlməyi mənim üçün son dərəcə qürurverici amildir. Ümumiyyətlə, deyə bilərəm ki, Azərbaycan piano ifaçılığı məktəbi dünyada özünü çoxdan təsdiqləyib. Bilirsiniz ki, Fərhad Bədəlbəyli ilk dəfə beynəlxalq müsabiqədə birinci olub, böyük uğur qazanıb. Uğurlar indi də davam edir.
– Özünüzün əsər yazmaq, musiqi bəstələmək fikriniz, istəyiniz varmı?
– Mən hesab edirəm ki, bəstələmək sözü çox ağır, məsuliyyətli sözdür. Özüm üçün nə vaxtsa nə isə yazaram bəlkə də, amma geniş auditoriyaya çıxara bilmərəm. Əgər bir əsər yazılacaqsa, o təkcə yaxşı yox, çox yüksək səviyyədə yazılmalıdır. Mən hesab edirəm ki, incəsənət elə bir sahədir ki, bu sahədə çox peşəkar, dolğun təhsil almalısan. Ondan sonra sən yox, başqaları, müəllimlər, professorlar, bu sahədə öz sözünü demiş adamlar deməlidirlər ki, sənin buna haqqın var, ya yox. Çünki bu çox böyük məsuliyyətdir. Mən pianoçu kimi 6 yaşımdan bəri çıxış edirəm, amma hər dəfə görürəm ki, bilmədiklərim var. Hələ də öyrənirəm və yenə də öyrənəcəm. Hətta yaxşı tələbədən də müəllim nə isə öyrənə bilər. Musiqi yazmaq isə mənə həddindən artıq çətin, məsuliyyətli iş kimi gəlir.
–Gənc pianoçularımız barədə nələr düşünursünüz?
– İstər caz ifaçısı, istərsə klassik musiqi ifaçılarının hər birini bəyənirəm, mümkün qədər dəstəkləyirəm. Onları dəyərli həmkarlarım kimi qəbul edirəm. Şahin Növrəsli, İfsar Sarabski, Emil Əfrasiyaboğlu və başqa istedadlı ifaçılarımızın uğurları məni sevindirir. Hər il Montrö kimi dünya şöhrətli festivalda ilk yerləri tutanlar bizim gənc pianoçularımız olurlar. Bununla ancaq fəxr etmək olar. Klassik musiqidə də eyni dərəcədə yüksək nailiyyətlər əldə edilir.
– İfaçılıqdan əlavə, Muğam Mərkəzinin direktoru kimi muğamlarımıza, onların yaradıcılığındakı yerinə dair fikirlərinizi bilmək istərdim.
– Pianoçu kimi onu deyə bilərəm ki, ifa etdiyim Azərbaycan klassik musiqilərinin əksəriyyətində muğamlarımızın, milli musiqilərimizin elementləri var. Mən peşəkarların əsərlərini ifa edirəm, o əsərlər də əsasən muğam üzərində yazılıb. Fikrət Əmirovun əsərlərində çoxlu muğam melodiyaları var. Məndən əvvəl də onu gözəl pianoçularımız ifa ediblər. Elə oldu ki, mənə də qismət oldu və mən Fransada, Paris şəhərində o əsəri böyük simfonik orkestrlə birlikdə ifa etdim. Gələcəkdə də ifa edəcəyim əsərlərin sırasında muğamla səsləşənlər mütləq öz layiqli yerini tutacaq.
– Yaxın gələcək üçün planlarınızda xaricə qastrollar varmı?
– Fransa, Latviya, Macarıstan və Rusiyaya qastrol təklifləri almışam və mən onları ardıcıllıqla dəyərləndirmək fikrindəyəm. Mayın 7- də Fransada, Madlen kilsəsində konsertim olacaq. Konsert ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Günel MUSA
525-ci qəzet.-
2013.- 13 aprel.- S.16.