Elmin və təhsilin inkişafında
Estoniya təcrübəsi
Estoniyada
təhsil sistemi eston xalqının, o cümlədən
ölkədəki etnik azlıqların qorunması,
inkişafı məqsədlərinə xidmət edir. Ölkə
təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə
əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil
aktına görə təhsil savadlı və müasir
dünyagörüşlü vətəndaş yetişdirməyə,
qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət
formalaşdırmağa xidmət etməli, həmçinin
fasiləsiz təlim üçün imkan yaratmalıdır.
Təhsil
sisteminə rəhbərlik Təhsil və Tədqiqat Nazirliyi
tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət
sahələrinə təhsilin, elmi tədqiqat işlərinin
planlaşdırılması, dövlətin gənclər və
dil siyasətinin həyata keçirilməsi, o cümlədən
məktəbəqədər təhsilin, ümumi orta təhsilin,
texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin
təşkili məsələləri daxildir.
Təhsil
naziri Misir Mərdanov deyir ki, ölkənin təhsil sistemi məktəbəqədər
təhsil, əsas təhsil, orta təhsil və ali təhsil səviyyələrindən
ibarətdir. Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə
cəlb olunur. İcbari təhsil isə uşaqlar əsas təhsil
pilləsini tamamlayana və ya 17 yaşı tamam olana qədər
davam edir. Əsas təhsil pilləsi I-IX sinifləri əhatə
edir. Əsas təhsilin VII-IX siniflərində də
şagirdlər maraq sahələrinə uyğun olaraq peşə
profili üzrə təhsil ala bilərlər. Orta təhsil
pilləsi 3 il olmaqla X-XII sinifləri əhatə edir.
Tədris
dilindən asılı olmayaraq təhsil bütün pillələrdə
ümumi milli kurikulum əsasında təşkil olunur. Məktəblər
ümumi milli kurikulum əsasında öz kurikulumlarını
hazırlayırlar. Tədris ili ən azı 175 tədris
günündən (35 həftə) ibarətdir. Ölkə
üzrə 2008-2009-cu tədris ilində ümumi təhsil məktəblərində
oxuyan şagirdlərin sayı təxminən 148000 nəfər
təşkil edib. Onların 12426 nəfəri I sinif şagirdi
olub.
Ölkədə
təhsil təqaüdlərindən bəhrələnmək
üçün geniş imkanlar yaradılıb. Bunun
üçün şagirdlər, tələbələr və
doktorantlar kurikulumda tədris üçün müəyyən
olunmuş standart müddətdə müvafiq biliklərə
yiyələndiklərini nümayiş etdirməlidirlər. Tədris
proqramlarını mənimsəməyən, akademik icazə və
məzuniyyət götürmüş tələbələrə
təqaüd almaq imkanı verilmir.
Nazirin
dediyinə görə, məktəbəqədər təhsil
məktəbəqədər təhsil müəssisələrində
və ya evdə təşkil olunur. Uşaqların məktəbəqədər
təhsilə cəlb olunması valideynlərin istəyindən
asılıdır. Estoniyada 4 növ məktəbəqədər
təhsil müəssisəsi fəaliyyət göstərir.
Bu sıraya 1-3 yaşlı uşaqlar üçün nəzərdə
tutulan gündüz bağçaları, 1-7 yaşlı
uşaqlar üçün bağçalar, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə
tutulan bağçalar və ibtidai məktəb tipli
bağçalar daxildir. Məktəbəqədər təhsil
müəssisələrinin əksəriyyəti regionlarda fəaliyyət
göstərən 1-3 yaşlı uşaqlar üçün
nəzərdə tutulan gündüz bağçalarından
ibarətdir. Şəhərlərdəki məktəbəqədər
təhsil müəssisələrinə müraciət edənlərin
sayı çox olduğuna görə həmin
bağçalarda qrupların sayı 12-dən az olmur. Bununla
yanaşı, yeni tipli məktəbəqədər təhsil
müəssisələrində qrupların maksimum sayı
6-nı keçmir. Məktəbəqədər təhsil
müəssisələrində adaptasiya qrupunun yaradılması
mümkün olmadığı hallarda bələdiyyələr
və şəhər hökumətləri xüsusi qruplar
yaradır və ya xüsusi bağçalar təsis edirlər.
Uşaqlar adaptasiya və ya xüsusi qruplara valideynin
yazılı müraciəti, eləcə də məşvərət
komitəsinin qərarı əsasında qəbul edilirlər.
Ölkənin
digər regionları ilə müqayisədə iri şəhərlərdə
məktəbəqədər təhsil müəssisələrinə
daha çox ehtiyac duyulur. Bu baxımdan Tallin, Tartu şəhərlərindəki
vəziyyət daha çox diqqəti cəlb edir: “Məktəbəqədər
təhsil müəssisələrində oxumayan uşaqlar
üçün bağçaların və məktəblərin
nəzdində məktəbə hazırlıq qrupları təşkil
olunur. Bu qruplarda təhsil pulsuzdur və
könüllülük prinsipi əsasındadır”.
M.Mərdanov
bildirib ki, Estoniyada uşaqlar 7 yaşından icbari və ya əsas
təhsilə cəlb olunur. İcbari təhsil I-IX sinifləri
əhatə edir. I-VI siniflər üçün nəzərdə
tutulan ibtidai məktəblər əsas təhsilin
mühüm bir hissəsidir. VII-IX siniflərində şagirdlər
maraq sahələrinə uyğun olaraq təmayüllər
üzrə təhsil ala bilərlər. Əsas təhsil 3 mərhələdə
təşkil edilir: birinci mərhələ – I-III siniflər,
ikinci mərhələ –IV-VI siniflər,
üçüncü mərhələ –VII-IX siniflər. Bələdiyyələr
əraziyə uyğun olaraq əsas məktəbləri müəyyən
edirlər. Həmin məktəblərdə müvafiq əhatə
dairəsində yaşayan hər bir uşaq təhsil ala bilər.
Valideynlər məktəbin himayədarlar şurasında təmsil
olunmaqla təhsil müəssisələrinin inkişafına
mühüm töhfə verirlər.
Əsas təhsil
üç milli kurikulum əsasında təşkil olunur.
Şagirdlərin həftəlik dərs yükü sinfin səviyyəsindən
asılı olaraq dəyişir: I sinifdə 20 dərs, II
sinifdə 23 dərs, III-IV siniflərdə 25 dərs, V sinifdə
28 dərs, VI-VII siniflərdə 30 dərs, VIII sinifdə 32 dərs,
IX sinifdə 34 dərs.
Əsas təhsil
pilləsində eston dili və ədəbiyyatı, iki xarici
dil, riyaziyyat, təbiət elmləri, coğrafiya, biologiya,
kimya, fizika, tarix, humanitar elmlər, ictimai elmlər, musiqi, təsviri
sənət, fiziki təhsil, əmək təlimi kimi icbari fənlər
tədris edilir. Tədris rus və digər əcnəbi dillərdə
təşkil olunan məktəblərdə eston dilinin
ayrıca fənn kimi keçirilməsi icbaridir. Həmçinin
ana dili eston dili olmayan şagirdlərin oxuduğu məktəblərdə
eston dili ikinci xarici dil kimi tədris olunur. Əsas təhsil
pilləsini başa vurmaq üçün şagirdlərdən
müvafiq kurikulumu tamamlamaq və təyin olunmuş 3
imtahanı uğurla vermək tələb olunur. Əsas təhsil
pilləsini tamamlaya bilməyən və ən azı 17
yaşı tamam olmuş şagirdlər ya əsas təhsil
pilləsini başa vurmaq haqqında sənəd tələb
edilməyən peşə təhsili üzrə peşələrə
yiyələnə və ya yaşlılar üçün nəzərdə
tutulan orta ümumi təhsil müəssisələrində əsas
təhsil ala bilərlər. Əsas təhsil pilləsini
uğurla başa vuran şagirdlər 3 illik ümumi orta və
ya 3 illik peşə yönümlü orta təhsil müəssisələrində
təhsillərini davam etdirmək imkanı qazanırlar. Həmçinin
onların 3 illik ümumi orta təhsil verən peşə məktəblərində
və ya ümumi orta təhsil verməyən, ancaq peşə
bacarıqları aşılayan peşə təhsili müəssisələrində
oxuması mümkündür.
Nazirin
sözlərinə görə, orta təhsil milli kurikuluma
uyğun olaraq həyata keçirilir. Hər bir məktəb
milli kurikuluma əsasən öz kurikulumunu hazırlayır. Orta
təhsil pilləsində bir tədris ili 35 həftə, bir tədris
həftəsi isə ən azı 32 dərs saatından ibarətdir.
Bu pillədə şagirdlər seçmə fənlərlə
yanaşı, müvafiq sahə, o cümlədən təbiət
elmləri, humanitar elmlər və digər sahələr
üzrə dərin biliklərə və ya peşə məktəblərində
oxumaqla hər hansı peşəyə yiyələnə bilərlər.
Orta təhsil pilləsinin sonunda şagirdlər 5 fəndən
imtahan verir. Bu imtahanlardan ən azı 3-ü dövlət
imtahanıdır.
2008-2009-cu
tədris ilində Estoniyanın orta məktəblərində
təhsil alan şagirdlərin sayı 31265 nəfər olub.
2011-2012-ci tədris ilindən başlayaraq Estoniyada rus dilində
tədris aparılan bütün orta təhsil müəssisələrində
tədris eston dilində təşkil olunur. Orta təhsil pilləsini
tamamladıqdan sonra şagirdlər aşağıdakı
istiqamətlər üzrə təhsillərini davam etdirə
bilərlər: peşə təhsili müəssisələrində
peşə təhsili (0,5-3 il), kolleclər və ya universitetlərdə
ali peşə təhsili (3-4,5 il), universitet və ya digər
ali təhsil müəssisələrində bakalavriatura təhsili
(3 il), magistratura təhsili (2 il) və ya doktorantura təhsili
(3-4 il).
Texniki
peşə təhsili haqda söz açan M.Mərdanov
vurğulayıb ki, həm əsas, həm də orta təhsil
pilləsində təmayüllər üzrə texniki peşə
təhsili proqramları peşə biliklərinin və
bacarıqlarının inkişaf etdirilməsinə əlverişli
zəmin yaradır. Əsas təhsil pilləsini başa vurmaq
tələb olunmayan peşə təhsili proqramlarında əsas
təhsil pilləsini başa vura bilməyən və 17
yaşı tamam olmuş şəxslər yalnız müvafiq
peşələrə yiyələnir. Bu zaman təhsil
müddəti 0,5-2,5 ildir. Həmin proqramları seçən
şəxslər peşə təhsilini tamamladıqdan sonra
da icbari əsas təhsillərini davam etdirə bilərlər.
Əsas təhsil əsaslı peşə təhsili elə bir
təhsil növüdür ki, burada yalnız peşə təhsili
ilə əlaqəsi olan ümumi təhsil fənləri tədris
edilir. Bu təhsil proqramlarını başa vuran şagirdlər
müəyyən peşəyə yiyələnməklə
yanaşı, əsas təhsil pilləsini də bitirmiş
hesab olunurlar. Orta peşə təhsilinə əsas təhsil
pilləsində təhsil almış şagirdlər
müraciət edə bilərlər. Orta peşə təhsilini
başa vuran şagirdlər orta təhsil sertifikatına və
müəyyən peşəyə yiyələnir. Orta peşə
təhsilinin müddəti minimum 3 il təşkil edir. Peşə
məktəblərində orta peşə təhsili kurikulumunu
tamamlamış şagirdlər öz seçimlərinə əsasən
əlavə olaraq 1 illik ümumi təhsil fənn
proqramlarını da öyrənə və müvafiq dövlət
imtahanları verə bilərlər. Bu, həmin peşə məktəblərini
bitirən məzunların təhsillərini ali məktəblərdə
davam etdirmələrinə imkan verir. Orta təhsil əsaslı
peşə təhsilinə isə orta təhsil pilləsini
tamamladıqdan sonra yiyələnmək mümkündür. Həmin
tədris ocaqları 0,5-2,5 il müddətdə peşə
bacarıqlarına yiyələnmək imkanı yaradır.Əsas
və orta məktəblərdə təşkil olunan peşə
təhsili ümumi təhsil məktəblərinin şagirdləri
üçün nəzərdə tutulur və peşə təhsili
müəssisələri tərəfindən həyata
keçirilir. Tədris ayrıca bir kurikulum əsasında ən
azı 15 tədris həftəsi müddətində təşkil
olunur. Təhsili başa vurduqdan sonra şagirdlər
seçdikləri peşə üzrə əsas bilik və
bacarıqlara, həmçinin peşə təhsilinin
tamamlanmasına dair sertifikata yiyələnirlər.
2008-2009-cu
tədris ilində Estoniyada 45 peşə təhsili müəssisəsi
fəaliyyət göstərib. Onların da 31-i dövlət,
3-ü bələdiyyə və 11 özəl əsaslı
peşə təhsili müəssisələridir. Həmin təhsil
müəssisələrində oxuyan 27239 şagirdin 11456 nəfəri
dövlət sifarişli ixtisasları seçib.
Nazir qeyd
edib ki, orta təhsil pilləsini uğurla başa vuran
bütün şagirdlər ali təhsil pilləsində oxumaq
hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə
və ali peşə təhsili müəssisələrində
tədris edilir. Tələbələr ali təhsilin birinci mərhələsində
iki növ kurikulumdan birini seçə bilərlər:
nəzəri
prinsiplərə əsasən peşə
bacarıqlarının inkişaf etdirilməsinə xidmət
edən nəzəriyyə əsaslı bakalavr təhsili,
praktiki prinsiplərə əsasən nəzəri biliklərin
inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü
ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun 30
faizini təşkil edir.
Ali
peşə təhsili proqramı üzrə tədrisin
müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4
ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə
tutulan tədris yükü 120-160 kredit arasında dəyişir.
Ali peşə və bakalavr təhsili proqramını başa
vuran tələbələr magistratura səviyyəsində təhsillərini
davam etdirə bilərlər. Magistratura təhsili üzrə
tədrisin müddəti 1 və ya 2 ildir. Nəzərdə
tutulan tədris yükü isə 40-80 kredit arasında dəyişir.
Bakalavriatura və magistratura səviyyəsində təhsilin
müddəti ümumilikdə 5 ildir. Kurikulumda nəzərdə
tutulan tədris yükü isə ümumilikdə 200 kredit təşkil
edir.Tibb ixtisası üzrə təhsilin müddəti 6 ildir.
Tibb ixtisası üzrə kurikulumda nəzərdə tutulan tədris
yükü 240 kredit müəyyən
olunub. Stomatologiya, əczaçılıq, tikinti mühəndisliyi
və müəllimlik ixtisası üzrə təhsil müddəti
isə 5 ildir. Bu ixtisaslar üzrə kurikulumda nəzərdə
tutulan tədris yükü isə 200 kredit təşkil edir. Təhsilin
ən yüksək səviyyəsi olan fəlsəfə
doktoru proqramı üzrə təhsil müddəti 3-4 il davam
edir. Fəlsəfə doktoru proqramı üzrə kurikulumda nəzərdə
tutulan tədris yükü 120-160 kredit arasında dəyişir:
“Qeyd etdiyim kimi, Estoniyanın ali təhsil sistemi iki növ ali təhsil
müəssisələrindən ibarətdir: universitetlər və
ali peşə təhsili müəssisələri. Universitetlər
elmi-tədqiqat, inkişaf, təhsil və mədəniyyət
əsaslı müəssisələrdir. Universitetlərin fəaliyyəti
beynəlxalq standartlara uyğun əsas və tətbiqi tədqiqatın
aparılmasından ibarətdir. Universitetləri şərtləndirən
əsas cəhət bu təhsil müəssisələrində
ali təhsilin ikinci və üçüncü səviyyəsi
üzrə nəzəriyyəyə əsaslanan tədqiqatların
və mütəxəssis hazırlığının həyata
keçirilməsidir. Ali peşə təhsili müəssisələrində
isə ali təhsilin birinci səviyyəsi üzrə peşə
bacarıqlarına yiyələnmiş mütəxəssislər
əmək bazarının tələblərinə uyğun
olaraq hazırlanır. Kurikulum çevikliyi və təcrübəyə
üstünlük verilməsi, eləcə də şirkətlər,
peşə assosiasiyaları, ictimai tərəfdaşlar ilə
əməkdaşlıq edilməsi ali peşə təhsili
müəssisələrini şərtləndirən əsas cəhətlərdir.
Ali peşə təhsili müəssisələrində
magistratura səviyyəsi üzrə mütəxəssis
hazırlığına hökumətin
razılığı əsasında icazə verilir. 2008-ci
ilin statistikasına görə, Estoniyada 6 ali peşə təhsili
müəssisəsində magistratura pilləsi üzrə
mütəxəssis hazırlığı həyata
keçirilib. Müəllimlik peşəsi üzrə
kadrların hazırlanması universitetlərdə və
kolleclərdə həyata keçirilir. Məktəbəqədər
təhsil üzrə müəllimlərin
hazırlığı isə həm universitet, həm də
ali peşə təhsili müəssisələrində təşkil
edilir. Ölkədə dövlət əsaslı universitetlər
və ali peşə təhsili müəssisələri ilə
yanaşı, özəl universitetlər, ali peşə təhsili
müəssisələri və peşə kollecləri də
kifayət qədərdir. Ölkədə 6 dövlət, 4
özəl universitet və 10 dövlət, 11 özəl ali
peşə təhsili müəssisəsi olub. Həmçinin
2 dövlət və 1 özəl peşə kolleci fəaliyyət
göstərir. 2009-cu ilin statistik məlumatına görə,
ali təhsil müəssisələrində oxuyan tələbələrin
sayı təxminən 68000 nəfər olub.Tələbələr
həm dövlət sifarişli, həm də ödənişli
ixtisaslara qəbul ola bilərlər. Dövlət sifarişli
və ödənişli ixtisaslar arasındakı nisbət əhəmiyyətli
dərəcədə dəyişib. 2008-2009-cu tədris ilində
ali məktəblərə qəbul zamanı dövlət
sifarişli ixtisaslara qəbul edilən tələbələr
ümumi tələbə sayının 46 faizini təşkil
edib.Artmaqda olan əmək bazarının tələblərinə
uyğun olaraq ali təhsil pilləsi üzrə müəyyən
olunmuş prioritet sahələrə-mühəndislik,
istehsalat və emal, kompüter elmləri, ətraf mühitin
mühafizəsi, fizika, səhiyyə xidməti və digərləri
aiddir. Bu sahələrə tələbat böyük
olduğuna görə, müvafiq ixtisaslara qəbul prosesi
yüksək rəqabət şəraitində keçirilir”.
M.Mərdanov
deyir ki, yaşlıların təhsilinin təşkili
üçün Estoniyada çevik sistem və geniş
imkanlar yaradılıb. Yaşlıların təhsili proqramları
formal, peşə təhsili və qeyri-formal peşə təhsili
formalarında həyata keçirilir. Yaşlıların
formal təhsilinə əsas və orta təhsil pilləsində
təhsil almaq üçün distant təhsil, axşam
kursları vasitəsilə yaşlıların təhsili
aiddir.Peşə təhsili və ali təhsil müəssisələrində
fasiləsiz təhsil və yenidən hazırlanma kursları təşkil
olunur. Bu kurslar yaşlıların peşə və ixtisas
biliklərini, bacarıqlarını, eləcə də təcrübələrini
təkmilləşdirməyə və dərinləşdirməyə
xidmət edir. Peşə təhsili və ali təhsil müəssisələrində
yaşlıların təhsili qiyabi təhsil formasında təklif
olunur.
Qeyri-formal
təlim kursları tələbələrin
yaradıcılığının, istedadının və
sosial fəallığının inkişaf etdirilməsinə
imkan yaradır. Yaşlıların qeyri-formal təhsili bir
çox qeyri-formal təhsil mərkəzlərində, xalq
universitetlərində (qeyri-formal təhsil müəssisələrində)
və mədəniyyət mərkəzlərində təşkil
olunur. Yaşlıların əsas, orta və orta peşə təhsili
pulsuz olduğu halda, qiyabi ali təhsildə ödəniş tələb
edilir. Dövlət sifarişli yerlərə müraciət etmək
üçün əyani təhsil formasını seçmək
lazımdır. Milli prioritet hesab edilən ixtisaslar üzrə
yaşlıların qiyabi ali təhsili dövlət tərəfindən
maliyyələşdirilir. Müvafiq qaydalara görə
pedaqoji sahədə çalışanlar 5 ildə 160 saat
fasiləsiz təhsilə cəlb olunmalıdırlar.
Yaşlıların təhsili haqqında qanunvericilik
aktlarına əsasən müəllimlərin fasiləsiz təhsili
dövlət büdcəsi hesabına maliyyələşir:
“Xüsusi ehtiyaclı uşaqların təhsili
üçün dövlət mühüm öhdəliyə
malikdir. Qanunvericiliyə uyğun olaraq xüsusi ehtiyaclı
uşaqlar öz yaşadıqları ərazidəki məktəbdə
oxumaq hüququna malikdir.
Dövlət
və bələdiyyə məktəblərində xüsusi
ehtiyaclı uşaqların təhsili üçün siniflər
aşağıdakı şəkildə
qruplaşdırılır: fiziki, nitq, görmə və əqli
qüsurlu uşaqlar üçün siniflər, digər təlim
çətinlikləri olan uşaqlar üçün
motivasiya sinifləri, yüngül təlim çətinlikləri
olan uşaqlar üçün siniflər, orta səviyyəli
təlim çətinlikləri olan uşaqlar
üçün siniflər, ciddi təlim çətinlikləri
olan uşaqlar üçün siniflər.Siniflərin
qruplaşdırılmasında əsas məqsəd tədrisin
təşkilində fərdi xüsusiyyətlər nəzərə
alınmaqla uşaqların şəxsi inkişafını təmin
etməkdir. Xüsusi məktəblərdə
uşaqlar üçün aşağıdakı
yardımçı sistemlər təklif olunur: fərdi
kurikulum, korrektiv qruplar, nitq terapiyası, uzunmüddətli qruplar,
ev təhsili, davranış problemləri olan uşaqlar
üçün siniflər, sosial problemləri olan uşaqlar
üçün internat tipli məktəblər. Estoniyada 48
xüsusi məktəb fəaliyyət göstərir.
Onların 3-ü eşitmə qüsurlu, 1-i fiziki qüsurlu,
1-i görmə qüsurlu, 3-ü ümumi qüsurlu, 5-i
davranış qüsurlu,
qalanları isə digər təlim çətinlikləri
olan uşaqlar üçün nəzərdə tutulub. Əqli
qüsuru olan uşaqlar üçün tədris sadələşdirilmiş
milli kurikulum əsasında təşkil edilir. Bundan əlavə,
orta səviyyəli və ciddi təlim çətinlikləri
olan uşaqların tədrisi üçün də milli
kurikulum mövcuddur. Fiziki qüsurlu uşaqların tədrisi
və inkişafı ilə bağlı bütün məsələlərdə
valideynin razılığı tələb edilir.Səhhəti
ağır olan uşaqlar valideynin razılığı ilə
evdə də icbari təhsil ala bilərlər. Uzun müddət
müalicə alması tələb olunan uşaqların təhsili
isə xəstəxanada təşkil edilir”.
Nazir
bildirib ki, Estoniyada elmi tədqiqat sahəsinin müasir tələblər
səviyyəsində inkişafına xüsusi diqqət
yetirilir. Hökumət elmi tədqiqat və inkişaf
planını hazırlayır, parlamentə təqdim edir,
müvafiq proqramları təsdiq edir, nazirliklərarası əlaqələndirməni
tənzimləyir. Tədqiqat və İnkişaf Şurası
elmi tədqiqat və inkişaf məsələləri ilə
bağlı hökumətə tövsiyələr verir. Təhsil
və Tədqiqat Nazirliyi isə milli tədqiqat strategiyasını
həyata keçirir, elmi tədqiqat və inkişaf müəssisələrini
maliyyələşdirir, onların fəaliyyətini dəyərləndirir,
beynəlxalq əməkdaşlığın genişləndirilməsini
təmin edir.Ölkənin elmi tədqiqat və inkişaf siyasətinin
əsas məqsədləri “Bilikyönümlü Estoniya
2007-2015” adlı tədqiqat, inkişaf və innovasiya
strategiyasında dolğun şəkildə əks olunub.
Strategiyada əsas üç məqsəd bəyan edilib:
keyfiyyətin rəqabət əsasında yüksəldilməsi,
elmi tədqiqat və inkişaf fəaliyyətinin məhsuldarlığının
artırılması, qlobal iqtisadiyyata töhfə verən
innovativ biznes fəaliyyətinin yaradılması, uzunmüddətli
davamlı inkişafı təmin edəcək innovativ cəmiyyətin
formalaşdırılması.
Estoniyada
18 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir
ki, onların da 6-sı dövlət universitetlərinin nəzdindədir.
Ən böyük elmi-tədqiqat müəssisələri
Tartu Universiteti, Tallin Texnologiya Universiteti və Tallin
Universitetinin nəzdində fəaliyyət göstərir.
Universitetlərdən kənar fəaliyyət göstərən
ən böyük dövlət elmi-tədqiqat müəssisəsi
Estoniya Biomərkəzi, Tartu Rəsədxanası, Estoniya Ədəbiyyat
Muzeyi hesab edilir. Müstəqil fəaliyyət göstərən
tədqiqat müəssisəsinə isə Milli Kimya və
Biofizika İnstitutunu aid etmək olar: “Ölkə üzrə
582 ümumi təhsil məktəbindən 517-si bələdiyyə,
31-i dövlət, 34-ü isə özəl məktəblərdir.
31 dövlət məktəbinin 27-si xüsusi ehtiyaclı
uşaqlar üçün nəzərdə tutulan, digərləri
isə adi təhsil müəssisələridir. Ümumi təhsil
məktəbləri əsasən yerli hökumətin büdcəsi
hesabına maliyyələşir. Son illərdə Estoniyada
ümumi dövlət xərclərinin 14-15 faizi təhsilə
sərf olunur. Ümumi təhsil sisteminə ayrılmış
xərclər ümumilikdə təhsil sisteminə yönəldilən
vəsaitin yarıdan çox hissəsinə bərabərdir.
Ümumi təhsil xərclərinin 11 faizi peşə təhsilinə,
21 faizi isə ali təhsilə yönəldilir. Dövlət
təhsil xərclərinin 15 faizi isə məktəbəqədər
təhsil və digər təhsil xidmətləri, layihələr
üçün nəzərdə tutulur. Ali təhsilə
ayrılmış xərclərə nəinki dövlət
sifarişi üzrə təhsil xərcləri, həmçinin
investisiya, təqaüdlər və digər xərclər
daxildir. Ali təhsil üçün nəzərdə tutulan
vəsaitlərin böyük hissəsi (67 faizi) dövlət
ali təhsil müəssisələrinə verilir. Dövlət sifarişi ilə
oxuyan tələbələrin 66 faizi dövlət ali məktəblərində
təhsil alır. Ali peşə təhsili xərcləri
ümumilikdə ali təhsil üçün nəzərdə
tutulan xərclərin 22 faizini təşkil edir. Estoniyada elmi tədqiqat
layihələri dövlət büdcəsi, bələdiyyə
və şəhər büdcəsi, ünvanlı
yardımlar, qrantlar, milli tədqiqat və inkişaf
proqramları, elmi-tədqiqat müəssisələrinin
iqtisadi fəaliyyət nəticəsində əldə etdiyi
qazanc və digər mənbələr hesabına maliyyələşir.
2007-ci ildə Estoniyada elmi tədqiqat və inkişafa
ayrılmış vəsaitin miqdarı ÜDM-un 1,14 faizini təşkil
edib ki, bu da Avropa İttifaqı üzrə nəzərdə
tutulmuş 1,84 faizlik orta göstəricidən
aşağıdır.Təhsil xərclərinin ödənilməsi
üçün nəzərdə tutulan vəsait dövlət
büdcəsindən bələdiyyə və şəhər
büdcələrinə köçürülür. Əməkhaqqı,
fasiləsiz təhsil, investisiya, dərslik və əyani vəsaitlər
ilə bağlı xərclər məktəb
üçün ayrılan vəsaitin böyük hissəsini
təşkil edir. Eyni qayda ilə özəl ümumi təhsil
müəssisələrinə də vəsait ayrılır.
Estoniyada son illər ərzində müəllimlərin minimum
əməkhaqlarının artırılaraq orta əməkhaqqı
səviyyəsinə çatdırılması təhsilin
yüksək inkişaf ahəngi ilə irəliləməsinə
zəmin yaradıb”.
M.Mərdanovun sözlərinə əsasən, Estoniyada təhsillə bağlı qanunlar və strategiyalar parlament tərəfindən qəbul edilir. Parlament, həmçinin təhsil haqqının həcmini müəyyən edir. Təhsil və Tədqiqat Nazirliyi bütövlükdə təhsil siyasəti və strategiyasının həyata keçirilməsini əlaqələndirir. 15 dairə hökumətinin tabeliyindəki təhsil idarələri yerli təhsilin idarə olunmasına cavabdehlik daşıyır. Yerli təhsil idarələri dairə üzrə təhsilin inkişaf planını hazırlayır, məktəbəqədər və ümumi təhsil məktəblərinin fəaliyyətinə nəzarət edir, eləcə də bələdiyyələrə təhsil məsələləri ilə bağlı tövsiyələr verir. Bələdiyyələr isə öz səlahiyyətləri dairəsində məktəbəqədər, əsas, orta təhsil müəssisələrinin, axşam məktəblərinin, mədəniyyət mərkəzlərinin fəaliyyətini tənzimləyir və icbari təhsil yaşlı uşaqların sayını müəyyən edir. Bələdiyyələr təhsil müəssisələrinin rəhbərlərini təyin edir, məktəblərin tibb, təminat və təchizat xidmətlərini yerinə yetirir. Bələdiyyələr, həmçinin ümumi təhsil məktəblərinin təsis edilməsi, təkrar təşkili, bağlanması və şagirdlərin nəqliyyatla təmin edilməsi məsələlərinə cavabdehdir.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2013.- 13 aprel.- S.14-15.