Elçin Mirzəbəyli: “Təpədən
dırnağa qədər ədəbiyyat adamıyam”
Müsahibimiz
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair-publisist
Elçin Mirzəbəylidir. Həmsöhbətimiz bu
yaxınlarda nüfuzlu beynəlxalq mükafata layiq
görülüb. Elə bu münasibətlə də dəyərli
ziyalımızı həm təbrik etmək, həm də bədii,
publisistik yaradıcılığı ilə bağlı son
yenilikləri öyrənmək məqsədilə
müsahibimin rəhbərlik etdiyi qəzetin redaksiyasında
söhbətləşdik. Müsahibimizin şəxsən dəmlədiyi
və qonaq etdiyi, mənim qeyd və onun da təsdiq elədiyi
kimi ürəyə ziyan sayılan, amma çox bəyəndiyim
kəkotulu, bir qədər tünd və acı çay
Elçin müəllimlə söhbətimizin şirinliyinə
mane olmadı.
–
Elçin müəllim, əvvəlcə sizi bu yaxınlarda
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
olan TÜRKSOY-un Basın Onur Ödülünə – Mətbuat
Şərəfi Mükafatına layiq görülməyiniz
münasibətilə təbrik edirik. Mükafatlara münasibət
insandan insana dəyişir. Bəs sizin üçün
ümumiyyətlə, aldığınız mükafatlar,
konkretləşdirsək, məhz bu mükafat hansı
anlamı daşıyır?
– Təbrikinizə
görə minnətdaram. Əvvəla, bu günə qədər
aldığım bütün mükafatlar mənim
üçün əziz və doğmadır. İnsanın zəhməti
dəyərləndiriləndə təbii ki, onun
üçün xoş olur. Düşünürəm ki, bu
istənilən insan üçün xoşdur. Burada saxta təvazökarlığa
yol verməyə də dəyməz. Amma mənim
üçün TÜRKSOY-un mükafatı da xüsusi önəm
daşıyırdı. Bu mükafatın mənəvi
anlamı böyükdür. Çünki illərdir məhz
türk dünyası, türkçülük
ideyasının təbliği ilə bağlı həm
publisistik yazılar, həm şeirlər yazıram. 1988-ci ildən
başlayaraq bununla bağlı ortaya qoyduğum xeyli sayda ədəbi
nümunələr var. Bu baxımdan bir neçə dövlətin
təsis etdiyi bu mükafat mənim üçün
böyük əhəmiyyətə malikdir və
qürurvericidir.
– İllər
öncə müsahibələrinizin birində qeyd
etmişdiniz ki, özünüzə söz vermisiniz, daha
şeir yazmayacaqsınız. Söz adamı kimi bəzən
sükutun daha böyük gücə qadir olduğunu qəbul
etmişdiniz. Bəs necə oldu ki, “Poz bu sükutu” kitabı
ilə sükut buzunu qırmağa qərar verdiniz?
– Mənim
qənaətimcə, Azərbaycan ədəbiyyatında uzun
bir müddət sükut hökm sürürdü. Yəni, xatırlasanız,
son on il, bəlkə də bir az çox müddətdə ədəbi
nümunə adına sırınan xeyli sayda yazılar var idi.
Əslində ədəbi mühit söz qəbiristanlığını
xatırladan bir ortama dönmüşdü. İctimai kütləyə
zorla sırınan söz yığınının içərisində
mən bir kənara çəkilməyi məqsədəuyğun
saydım. Səbəb əslində bundan ibarət idi. Efirdə,
mətbuat səhifələrində, – internet portalları yeni
olduğu üçün onların üzərinə getmirəm-
məhz o söz yığınını ortaya qoyan
insanların yazdıqları cızmaqaralar təbliğ
olunurdu, mədhiyyələr söylənilirdi. Buna görə
bir müddət kənarda dayanmağa
çalışdım. Amma bu, o demək deyil ki, həmin
dövrdə susmuşam, yazmamışam. Yazmışam, sadəcə
on illik bir fasiləylə. Onu da deyim ki, bu on illik fasilə ərzində
çox az yazmışam. Amma “Poz bu sükutu” kitabından sonra
daha çox yazmağa başlamışam.
– Sizcə,
on illik sükut xeyrinizə işlədimi? Necə
düşünürsünüz, yazdıqlarınızla
sükutdan daha artığını deməyi
bacardınızmı?
– Bu
sükut mənim xeyrimə olub. Düşünürəm ki,
yazdıqlarım sükutdan daha dəyərlidir.
Çünki ən azı, fərqli yaş
kateqoriyasını əhatə edən oxucularımı,
xüsusən gənclər tərəfindən şeirlərimin,
yazılarımın dəyərləndirildiyini görəndə
təbii ki, sevinirəm və hesab edirəm ki, sükutdan daha
çox verə biləcəyim sözlər, deyimlər var.
– Qeyd
etdiniz ki, ədəbiyyatımız bir dönəm “söz qəbiristanlığı”nı
xatırladırdı. Milli ədəbiyyatın indiki vəziyyəti
haqqında qənaətləriniz nədən ibarətdir?
– Məncə,
artıq sözün əsl mənasında ədəbiyyatımızda
sükut pozulub. Son illər ərzində xeyli sayda həm nəsr,
həm poetik janrda diqqətimi cəlb edən çoxsaylı əsərlər
var. Xüsusən də gənclər arasında. Gəncləri
çox oxuyuram. Sözün dəyəri, məncə,
çəkiyə minməyə başlayıb. Artıq
ictimai rəy sözün dəyərini müəyyənləşdirir.
Burada internet medianın və sosial şəbəkələrin
də rolu çoxdur. Yəni, söz daha çox insanlara
çatdıqca, yetişdikcə, təkcə kitab vasitəsilə
deyil, – bildiyimiz kimi, kitabların tirajı çox azdır –
sözün dəyərini artıq oxucu verməyə
başlayır. Bu proses getdikcə ədəbiyyatımızda
həmin o saxta, yalançı, sosial şəbəkə,
internet dili ilə desək, “saxta profillər” sıradan
çıxmağa başlayır. Və əslində mahiyyət
etibarilə mənim üçün söz öldürən
insanlarla saxta internet profillərinin heç bir fərqi yoxdur,
eyni şeydir.
– Bu
gün ədəbiyyatın təbliğində internetin
rolunun böyük olmasını qeyd etdiniz. Fikrinizcə,
kitaba maraq indi hansı vəziyyətdədir, internetin belə
populyar olması kitaba marağı öldürmür ki?
– Kitab klassik bir ənənədir,
kitab əbədidir və əbədi olaraq da qalacaq. Bundan 100
il, 200 yüz il sonra da, insanlıq yaşadıqca kitab
yaşayacaq. Kitabın bir aurası var. İnternet kağız
qoxusu vermir və kağızın gətirdiyi o
doğmalıq duyğusu da internetdə yoxdur. O baxımdan
düşünürəm ki, zaman keçdikcə, bu proses
yenidən kağız müstəvisinə qayıdacaq, yəni,
kitab yenidən populyarlaşacaq. İnternet bumunun ötüb
keçəcəyini düşünürəm. Hələ
həvəs var, bir çox insanlar bu proseslərə yenicə
qoşulurlar, Azərbaycan hələ tamamilə internetlə əhatə
olunmayıb. Zamanında Avropa da, Amerika da bunu yaşayıb.
Birdən-birə oralarda da qəzetlərin, kitabların
tirajları düşdü. Amma internet bumu ötüb
keçdi, insanlar yenidən həmin o klassikaya, o estetikaya
qayıtmağa başladılar, kitabı dəyərləndirdilər.
– Kitabdan
danışmışkən qeyd edim, təqdim olunan son
kitabınızın adı- “Poz bu sükutu” bir az ictimai
müraciəti xatırlatsa da, oxuyanda gördüm ki, əslində
bu, məhz sevgi şeirinin adıdır.
– Mənim
siyasi lirikaya uyğun sayılan şeirlərimin əhəmiyyətli
hissəsi 1988-1990-cı illərdə, milli azadlıq hərəkatı
dövründə qələmə alınıb. Bunu
zamanın, dövrün aurası diqtə edirdi. Zaman
keçdikcə, həm biz özümüzü insan kimi
tapmağa başlayırıq, həm də cəmiyyət
artıq bütün bu proseslərdən uzaqlaşır. Həmin
dövrdə yazdığım şeirlər içərisində
əbədi olaraq qalanlar da oldu, yəni, “Azadlıq”
marşı, “Salam, məmləkət” kimi. Amma bununla belə,
siyasi lirikanın içərisində hətta
özümün də unutduğum şeirlər var. Amma zaman
sözü ələdikcə hər şey üzə
çıxmağa başlayır, ədəbiyyatda nəyin
qalacağı, nəyin unudulacağı bəlli olur. Amma
düşünürəm ki, məndən daha çox sevgi
şeirləri qalacaq.
– Sizin
sevgi poeziyanız hansı fəlsəfəyə söykənir?
–
İnsan yaşlaşdıqca, müdrikləşdikcə,
hissləri cilalandıqca həm sözün, həm də
sevginin dəyərini bilməyə başlayır, sevginin
yükü də, çəkisi də insanın qəlbində
artır. Hər yaşda sevmək olar, hər yaşda sevginin
gözəlliyini duymaq olar. Mənim qənaətimə görə,
son illər yazdığım şeirlər mənə daha
doğmadır, daha əzizdir. Söhbət motivləşdirmədən
getmir, sadəcə büruzə verdiyim hisslərin çəkisindən
gedir. İnsan yaşa dolduqca emosiyalar ikinci plana keçir. Yəni,
burada söhbət bəsit, primitiv, reflektiv emosiyalardan gedir.
Daha yüksək hisslər, daha ali duyğular önə
çıxmağa başlayır.
– Bəzi
sevgi şeirlərinizə mahnılar bəstələnib. Təsadüfən
radiodan, televiziyadan həmin mahnıları eşidəndə
hansı hissləri keçirirsiniz?
– Adiləşib,
artıq bu mənim üçün keçilmiş mərhələdir.
Müəyyən dövr ərzində bu, mənim
üçün qeyri- adi idi, təqdim etməyə həvəsli
idim. Ancaq sizə deyim ki, özümü təbliğ etməyimlə
bağlı- həm şeirlər, həm marşlar, həm
mahnıları nəzərdə tuturam, uzun illər boyu
sükuta qərq olmuşam. Bir çox insanlar hətta mənim
şeir yazdığımı belə unutmuşdular. Mən
özümü təbliğ etməmişəm. Ancaq həmkarlarımın,
o cümlədən də dostum Rəşad Məcidin mənim
yaradıcılığımın təbliğində rolu
böyükdür. O həmişə məni
özümütəbliğlə məşğul olmağa, ədəbi
yazılarımı üzə çıxarmağa məcbur
eləyirdi. Sualınıza gəlincə, indi şeirlərimə
yazılmış bəstələri çox rahat dinləyirəm,
həmin dövrü xatırlayıram. Mən çox az
musiqiyə sonradan mətn yazmışam, əsasən, mənim
şeirlərimə yazılan mətnlərdir. Ona görə
də sonuncularda poetik çəki daha çox olur və onlar
mənə daha doğmadır. Üzərinə mətn
yazdığım mahnıları isə unutmağa
çalışıram. Əlbəttə, onların içərisində
də uğurlusu da, uğursuzu da var. Son dövrlərdə isə
üymumiyyətlə, musiqi üzərinə mətn yazmaqdan
imtina edirəm.
– Siz həm
siyasətçi, həm şair, həm də media təmsilçisisiniz.
Saydıqlarımın birincisi insandan ambisiyalı, ikincisi
hissiyyatlı, üçüncüsü isə vicdanlı, qərəzsiz,
düzgün olmağı tələb edir. Bunları bir arada
yaşamaq çətin deyilmi?
–
Çox, həddən artıq çətindir. Əvvəla
onu deyim ki, mən siyasətə həm təsadüf nəticəsində,
həm də zamanın doğurduğu zərurətdən gəlmişəm.
Situasiya diqtə edib, diqtə olunan şərtlər əsasında
siyasətə gəlmişəm. Amma mənim qənaətimə
görə, əslində yaradıcı adamın siyasətdə
olması, onun özündən daha artıq ölkə siyasətinin
xeyrinədir. Azərbaycanın siyasi mühitində hər
şeyin bomboz rəngdə olmasının əsas səbəblərindən
biri də siyasətdə yaradıcı adamların
sayının az olmasıdır. Bəzən şairləri
siyasətlə məşğul olanda qınayırlar. Bizdə
belə bir yanaşma tərzi var ki, filankəs şairdirsə,
deməli, siyasətlə məşğul ola bilməz, ciddi
danışa bilməz. Bu, düşüncə tərzi sovet
dövründə formalaşmış, məqsədyönlü
şəkildə bizə zorla sırınmış
düşüncə tərzidir. Sovet tezisilə yanaşanda
şair belə olmalı idi; içki düşkünü, səliqəsiz,
anormal həyat tərzi sürməli idi. Azərbaycanın
milli düşüncəsi və təfəkkürü ədəbiyyatda
yaşayırdı. 60-cı illərin ədəbiyyatı
olmasaydı, milli istiqlal mücadiləsi də olmayacaqdı.
Bu baxımdan sovetlər dönəmində şairin süni və
məqsədyönlü yaradılan belə obrazı həmin
rejimə sərf edirdi. Məqsədyönlü şəkildə
şairlər içki düşkününə
çevrilirdi və onlara cəmiyyətdə fərqli bir
münasibət ortaya qoyulurdu. Sovet rejimi kimləri satın
alırdısa, həm mükafatlandırırdı, həm də
onları mənən insan kimi, şəxsiyyət kimi
sındırırdı. Amma mənim qənaətimə
görə, şairlər bütün dövrlərdə
zamanın öndə gedən insanları olub. Siyasətlə
də məşğul olublar. Dünyanın bir çox
tanınmış siyasətçiləri şeirlər
yazıblar. Tarixə nəzər salsaq, Osmanlı
padşahlarının hamısı şeir yazıb. Azərbaycan
tarixinin ən şərəfli simalarından olan Şah
İsmayıl Xətai də şair olub. Bu baxımdan da əslində
siyasətdə hiss, intuisiya çox önəmli rol
oynayır. İnsanın duyğusu yoxdursa, prosesləri
duymağı bacarmırsa, necə siyasətçi ola bilər?
Elə məqamlar var ki, orada analitik, sətr, soyuq məntiq rol
oynamır. Onda situasiyanı hiss eləməlisən,
duymalısan və buna uyğun qərar qəbul eləməlisən.
Bu aspektdən yanaşanda hesab edirəm ki, siyasətdə
yaradıcı adamların çox olması insanların, elə
siyasətin də xeyrinədir. “Siyasət iyrəncdir, ədəbi
sözün müqəddəsliyini siyasətə gətirmək
olmaz” fikrini qəbul etmirəm. Onu da deyim ki, mən siyasətdə
ədəbiyyatla, ədəbiyyatda da siyasətlə məşğul
olmuram. Hər yerin sərhədləri düzgün
cızılırsa, qızıl orta tapılarsa, o zaman
heç bir problem yoxdur, insan istədiyi sahə ilə məşğul
ola bilər.
– Bəs
özünüzü daha çox hansı sahəyə aid
edirsiniz?
– Mən
təpədən dırnağa qədər ədəbiyyat
adamıyam. Çünki hara qaçmışamsa, yenə
ora qayıtmışam. İnsana Tanrıdan verilən bir
missiya olur. Mənim təyinatım və missiyam ədəbiyyatla
bağlıdır. O sapa bilər, ayrı-ayrı istiqamətlərə
gedə bilər, amma son nöqtə, ünvan yenə
Tanrının verdiyi təyinata olur. Mənim də gedəcəyim
sonuncu mənzil ədəbiyyatdır. Ədəbiyyat mənim
içimdədir.
– İndi nə yazırsınız?
– Son
dövrlərdə çoxlu şeirlər yazmışam. Bir
adamın xatirəsinə yazdığım şeir istisna
olmaq şərtilə, hamısı sevgi mövzusundadır.
– Yenidən
sevgiyə qayıdışa sizi ilhamlandıran motivasiya var,
yoxsa?
– Yox, yox,
(gülür) xüsusi bir anlamı yoxdur. Əslində fikir
versək, ətraf hər tərəf sevgidir. Məncə, bu gün cəmiyyətə sevgi
daha çox lazımdır. Hazırda virtual məkanda
insanların daha çox vaxt keçirdiyi, bir-biriləri ilə
canlı ünsiyyətdən, dialoqdan
uzaqlaşdığı, cəmiyyətdə sərt
qaydaların hökm sürdüyü bir zamanda sevgiyə və
bu sevginin insan hisslərinə toxunacaq şəkildə ifadə
olunmasına, insanın ilkin başlanğıcına
qayıtmasına daha çox ehtiyac var.
– Yəqin
bu şeirlərin kitab halında nəşrini nəzərdə
tutursunuz?
– Mənə
elə gəlir ki, təxminən növbəti il, inşallah
yalnız sevgi şeirlərindən ibarət bir kitab olacaq.
–
Publisistik yaradıcılığınızda vəziyyət
nə yerdədir?
– Son dövrlərdə publisistik məqalələri çox az yazıram. Publisistikaya vaxt yoxdur. Gündəlik qəzet işi adamı yeyir, udur. Mümkün deyil. Ancaq bununla belə yenə də ən çox publisistik yazılar yazan baş redaktorlardan biriyəm. Son dövrlərdə Türkiyə səfərimlə bağlı bir reportajım, daha doğrusu, səfər qeydlərim olub. Ondan sonra ciddi bir yazı yazdığımı düşünmürəm. İstedadlı bir əclafdan bəhs edən roman üzərində işləyirdim, onunla bağlı gurultulu bir anons da vermişdim. (gülür) O da vaxt çatışmazlığından yarımçıq qalıb, bitirməyə vaxt tapa bilmirəm. Jurnalistlər də heç nəyi unutmurlar, (gülür) hər dəfə də eyni sualı verirlər, roman haqqında soruşurlar, mən də artıq utanmağa başlamışam ki, görəsən bunu nə vaxt bitirəcəyəm? Bir məqamı da qeyd edim ki, jurnalistika bədii yaradıcılığı arxa plana keçirsə də, bu zaman yazanda ən yaxşısını yazırsan. Hər gün beynimdən onlarla şeir keçir, çox böyük bir tapıntı içərisində olanda seçib yalnız yaxşısını qələmə alırsan. Onu da deyim ki, oturub fikirləşib şeir yazmıram, onu əvvəlcə uzun müddət beynimdə bişirirəm, tam hazır olandan sonra ya kağıza, ya bilgisayara köçürürəm. Heç vaxt oturub sətir-sətir şeir yazmamışam. Fikrimcə, ya kağıza, ya kompüter monitoruna yazmağın elə də fərqi yoxdur. Rəşad Məcidlə söhbətimizdən sonra yazdığım “Qatar” şeirini məhz kağıza yazmışam. Məncə, əsl ovqata köklənəndə qarşındakının qələm, yaxud bilgisayar olduğunun fərqinə belə varmırsan. Onlar sadəcə vasitədir. Qələmlə səfər qeydləri eləməyin isə öz yeri var.
– Övladlarınızdan hansısa bir sahədə yolunuzu davam etdirən varmı?
– İki oğlum var, heç birinin də
bu sahələrə
marağı yoxdur. Bəlkə bir az böyük
övladımın sənət seçimində müəyyən
qədər uyğunluq var. O, beynəlxalq münasibətlər
üzrə təhsil alıb. Uzun müddət beynəlxalq
ekspert kimi fəaliyyətimi nəzərə alsaq, bir az burada
uyğunluq, siyasi yönə meyil var. Digər oğlum isə
səkkizinci sinifdə oxuyur, daha çox idmana meyillidir.
Övladlarımın yolumu davam etdirmədiklərinə
görə qətiyyən kədərlənmirəm, əsas
odur ki, əsl vətəndaş kimi Vətənə layiqli
övlad olsunlar. Mənə qədər olan ailə üzvlərimin
əksəriyyəti hərbçi, məndən fərqli sahənin
adamları olublar. Düzdür, dayım şair olub, yəqin,
bir az dayıma çəkmişəm. Vacib deyil ki, hamı
şeir yazsın, yaxud siyasətlə məşğul olsun. Mənim
iradəmə zor eləyən olmayıb, öz yolumu
özüm seçmişəm, ona görə
övladlarımın sərbəst seçiminə
qarşı çıxmıram.
Əsas olan odur ki,
insan seçdiyi sahədə özünü tapa bilsin.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 13 aprel.- S.10-11.