“İslam dininə xas tolerantlıq və
xoşgörü anlayışı Nizami irsində geniş əks
olunub”
“Aydınlığa
doğru” milli-mənəvi dəyərlərin qorunması
ictimai birliyi növbəti “Ziyalı ünsiyyəti” layihəsi
çərçivəsində filologiya üzrə fəlsəfə
doktoru Siracəddin Hacı ilə görüş təşkil
edib. Görüşün mövzusu “Nizami irsində islami dəyərlər”
olub. Tədbiri giriş sözüylə açan birliyin sədri
Solmaz Əmirli hər dəfə “Ziyalı ünsiyyəti”
çərçivəsində ölkənin ən
sanballı, dəyərli ziyalılarını ictimaiyyət
nümayəndələri ilə görüşlərinin təşkilindən,
bu zaman çox aktual mövzuların müzakirə
olunmasından bəhs edib və bu dəfəki tədbirin dahi
şairin 870 illik yubileyi çərçivəsində
baş tutduğunu deyib. S.Əmirli bu gün dünyada islami dəyərlərin
arxa plana keçirildiyi, islam dininin dünyanın bir sıra
ölkələrində məqsədli şəkildə
gözdən salındığı, terror vasitəsi kimi təqdim
olunduğu və islamofobiyanın yayıldığı bir
dövrdə, gənclərin milli və dini dəyərlərimizdən
müəyyən mənada uzaqlaşdığı bir zamanda
“Nizami irsində islami dəyərlər” mövzusunun aktuallıq
kəsb etdiyinə əminliyini ifadə edib.
Toplantıya
dəvət olunmuş qonaq islami dəyərlərin fəlsəfəsindən,
islamın əslində sevgi dini kimi meydana
çıxmasından, dini və milli ayrı-seçkiliyə
qarşı olmasından, islam əxlaqının fəzilətlərindən
və bütün bunların dahi şair Nizami Gəncəvinin
bədii irsində öz əksini tapmasından ətraflı
söz açıb: “Nizami deyir ki, insan dayansa, tarix dayanar.
Nizamiyə görə mömin insanlığı,
yaxşılığı, sevgini çoxaldan adamdır. Həzrəti Nizaminin
anlayışına görə, insanı doğru yola yönəldən
uca Allahdır. Şair bir misrasında “yol” sözündən
istifadə edərək islam dininin, peyğəmbərlik
anlayışının və Həzrəti Məhəmmədin missiyasının mahiyyətini
açıqlayıb.
Yəni
öncə uca Allah bir insanın doğru yolda olmasına qərar
verir, ilahi buyruqdan sonra insana (topluma) doğru yolun
ölçülərini öyrədən kitab göndərir
və insanlara bu kitabı öyrədən müəllim-peyğəmbər
seçir. İslam dininə görə, doğru yol nemət,
yəni ağıl, iman, iradə, elm verilmiş kimsələrin
yoludur. Doğru yol bir ilahi lütfdür”.
Siracəddin
Hacı Nizami irsində milli, dini və bəşəri dəyərlərin
geniş işıqlandırıldığını bildirib:
“Nizamiyə görə, əsl dəyərlər heç vaxt
köhnəlmir. Bu, həm milli, həm dini, həm də bəşəri
dəyərlərə aiddir. Ədalət, haqq, özündən
başqalarına, səndən fərqli dəyərlərə
tapınan insanlara sevgi də dəyərdir. Sabah olmayan şeylərə də
Nizami dəyər demir. Və Nizamiyə görə də dəyərin
qaynağı Allahdır, Allahın qoyduğu
ölçülərdir”.
Qonaq dahi
şairin irsində Məhəmməd Peyğəmbərin
dövrü ilə sonrakı dövrün fərqindən
söz açıb: “(Bu köhnə) mülkü yenidən bəzə,
cahanı elə təzələ/ Ki, bu (əməlin) səsi
hər iki cahanı tutsun beytində Nizami Həzrəti Məhəmmədin
dövrü ilə ondan sonrakı mərhələnin fərqini
göstərmək və peyğəmbərin gəlişinin
zəruriliyini anlatmaq üçün zidd anlayışlardan
istifadə edib. Birinci
misranın mətninə daxil edilmiş sözlərə və
bu sözlərin məna tutumuna baxaq: “köhnə mülk”,
“yenidən bəzəmək”, “cahanı təzələmək”.
Şair “köhnə mülk, dünya” deyərkən həm
dünyanın köhnə, qədim olduğunu, həm də
Həzrəti Məhəmməddən
sonra dünyanın nizamının pozulduğunu nəzərdə
tutub. Şairə görə, dünya Həzrəti Məhəmməddən
sonra uca Allahın müəyyən etdiyi, buyurduğu prinsiplərdən
uzaqlaşıb, “köhnəlib” və təravətini, təzəliyini,
ətrini itirib. Şairə görə, dünyanın yenidən
gözəlləşməsi, islami dəyərlərlə
idarə olunması üçün Həzrəti Məhəmmədin
gəlişi zəruridir. Nizamiyə görə, bu elə bir
vəzifədir ki, onu ancaq hz. Məhəmməd yerinə yetirə
bilər. Bu nizamı pozulmuş dünyanı qaydaya salmaq
işi elə önəmlidir ki, bu vəzifənin yerinə
yetirilməsinin nəticəsi bu dünya və axirətdə
qiymətləndiriləcək”.
Siracəddin Hacı Nizami irsində islamın bütün fəzilətlərinin öz əksini dolğunluğu ilə tapdığını qeyd edib. Qonaq doğru yaşam tərzinin bütün şərtlərinin İslamda və onun müqəddəs kitabında qeyd olunduğunu qeyd edib: “Əgər insanlar İslamın əsl mahiyyətini dərk etsələr onda dünyada nə dini, nə də milli təfriqə olmaz, insanlar qardaşlaşar, bir-birilərinə sevgi, xoşgörü, dözümlülüklə yanaşarlar. Nizami də irsində dəfələrlə qeyd edir ki, möminlər qardaşdır. Deməli islam elə bir dindir ki, insanları bir dini inanca gətirərək qardaşlaşdırır, milli dünyagörüş vahid ümmət adı altında formalaşır. Nizami də islami dəyərlərə söykənərək iman qardaşlığının qan qardaşlığından da önəmli olduğunu yazır. Deməli, buradan bu nəticə çıxır ki, əgər biz bir insanı qardaş hesab ediriksə, deməli, Somalidəki müsəlman da bizim qardaşımızdır. Yəni bir ayda 7 min somalili uşaq acından ölürsə, özünə müsəlman deyən insanın qəlbinin titrəməsi lazımdır, əgər imkanı varsa, əlinin cibinə getməsi, ona yardım etməsi lazımdır. Bax, bu mərhəmət, sevgi dini olan islamın əsl mahiyyətidir. Müsəlman müsəlmanın qardaşı olduğu üçün onun önündə məsuliyyət hiss etməlidir”.
İslamda tolerantlıq və xoşgörü anlayışının geniş vüsət tapdığını da qeyd edən Siracəddin Hacı bunun Qurani-Kərimdə də, eyni zamanda da Nizaminin əsərlərində ifadə olunduğunu deyib: “Bütün bunlar Nizami irsində geniş əks olunub. İslamda deyilir: Allahın mərhəmətini qazanmaq istəyirsinizsə, insanlarla xoş davranın. Heç bir insan və ya zümrə başqa bir insanı və zümrələri ələ salmasın, onları xor görməsin. Bəlkə onların ələ saldıqları sizdən daha yaxşıdırlar?”
Digər millətlərə, fərqli dinə malik insanlara da islamda zorakılıq yoxdur. İmana, islama dəvət də insanların öz istəyinə buraxılır. Nizami də bu kimi vacib mətləblərə diqqət ayırıb. Bir dəfə Həzrəti Məhəmmədin yanına müşriklərin (dinsizlərin) uşaqlarını gətirdilər. Peyğəmbər soruşduqda dedilər ki, bunlar kafir uşaqlarıdır. Bunları nökər kimi istifadə edəcəyik, qul kim satacağıq. Yəni, əshabələri bunlara bu sözlərlə istehza etmiş oldular, onları aşağılamaq istədilər. Peyğəmbərimizin onlara cavabı o oldu ki, bir zaman siz də kafir uşaqları deyildinizmi? Sizin də ata-babalarınız Allaha şərik qoşmurdularmı? Bax, bu əsl ədalətli davranışın, özündən fərqlilərə xoşgörülü münasibətin ideal təzahürüdür”.
Siracəddin Hacı Nizami irsindən gətirdiyi bədii nümunələr əsasında islami dəyərlərin fəlsəfəsindən, islamın hər zaman üstün fəzilətlərə sahib olmasından, İslamda insanlara, qeyri-millətlərə, qeyri-dinlərin nümayəndələrinə bəslənilən münasibətin yalnız dözümlü deyil, sevgiylə dolu, xoşgörülü olmasından ətraflı danışıb.
Sonda qonaq görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 16 aprel.- S.6.