Hər insanı sevmək olmur...
Hər
insanı sevmək olmur, sevdiklərimizdən isə
ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub
varlığını kəşf edəndə sevmişdim.
Onda mənim iyirmi üç yaşım var idi. İndi isə
onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi
üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma
tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu
sevgidən nəyi ala bildim?...
Təqvimdə
6 aprel 2003-cü il idi. Nəhayət ki, böyük çətinliklə
də olsa doğulub boya-başa çatdığım
Sumqayıt şəhərində yaşamış və
yaşayan yurddaşlarımdan bəhs edən “Bir elin
övladları” publisistik kitabı ərsəyə gətirə
bilmişdim. Bu, mənim sayca üçüncü kitabım
idi. Təqdimat gecəsində kitabda yer alan bir sıra
yurddaşlarımla yanaşı sumqayıtlı qələm
dostlarım da iştirak edirdi. Amma dəvətli olsalar da, təqdimat
gecəsinə görkəmli eloğlularımdan təkcə
Sabir Rüstəmxanlı qatılmışdı. Kaş biləydiz,
düşüncələrində “Yardımlı Xeyriyyə
Cəmiyyəti”ni yaratmaq arzusu ilə çarpışan bir gənc
üçün bu, nə qədər böyük mənəvi
haqq idi...
Bir
neçə il keçdi. Bu arzu yelkənli qayıq kimi məni
ağuşuna alıb uğurdan-uğura
ötürürdü. Əslində, Tanrının
yazdığı taleyi yaşayırdım. Və
Tanrının taleyimə yazdığı qismətlə əlli
minə yaxın yurddaşımın yaşadığı
Sumqayıtda, artıq xeyli tədbirlər həyata
keçirmişdim. Ad günləri, ədəbi görüşlər,
tanışlıq məclisləri, kimsəsizləri ziyarət,
xeyir-şərdə elcahanlıq və digər işlər. Əvvəllər
ürək eləyib tədbirlərə qatılmaq istəməyən
eloğlularım da fəallaşmışdı. Hətta
özlərini kimlərəsə cəlilabadlı, lənkəranlı,
biləsuvarlı kimi təqdim edən yurddaşlarım da nəhayət
ki, Yardımlıdan olduqlarını danmırdılar. Amma
“Yardımlı Xeyriyyə Cəmiyyəti” hələ də təsis
olunmamışdı...
Təqvimdə
2006-cı il idi. Qarşıda daha çətin mərhələ
dururdu. Tədbirlərin miqyasını böyüdərək
Bakıda məskunlaşmış yurddaşlarım
arasında da körpü yaratmaq zərurəti
yaranmışdı. Bu səbəbdən qeydiyyatdan
keçmiş rəsmi təşkilata ehtiyac var idi. O vaxtlar
ictimai birlik təsis etmək çətin olduğu
üçün Ədliyyə Nazirliyinin Sumqayıt regional
idarəsində “Tək Dam” məhdud məsuliyyətli cəmiyyətini
təsis etdim. Maliyyə imkanlarım məhdud olduğundan
Bakıda keçirmək istədiyim xeyriyyə tədbirlərini
planlaşdırsam da, onların həyata keçirilməsindən
ötrü məkan problemi ilə üz-üzə
qalmışdım. Və bir gün Sabir Rüstəmxanlı
ilə görüşüb “Tək Dam”ın tədbirlərini
keçirmək məqsədi ilə ondan ofisində yer verməsini
xahiş etdim, etiraz eləmədi. Beləliklə 2008-ci ilin
sonunadək bir neçə tədbiri-İlham
Cankişioğlunun “Dağların söz xəzinəsi”,
Şahlar Göytürkün “Yardımlı şivələri”
kitablarının təqdimatlarını, dünyasını
dəyişmiş alimlərimizdən Mahmur Kərimovun,
Ağoğlan Hüseynovun, Kamil Əliyevin xatirə gecələrini
və nəhayət ki, “Yardımlı Xeyriyyə Cəmiyyəti”
ictimai birliyinin təsis konfransını orada gerçəkləşdirdim.
Doğrudur, 2009-cu ilin fevral ayında “Yardımlı Xeyriyyə
Cəmiyyəti” ictimai birliyi dövlət qeydiyyatından
keçəndən sonra, reallaşdırdığım tədbirləri
Bakı şəhərinin müxtəlif şadlıq evlərində
təşkil etsəm də, mənə təmənnasız
yer ayırdığına görə, ona olan əvvəlki
borcumdan başqa, Yardımlı ilə bağlı olsa da belə,
növbəti borcum yaranmışdı...
Təqvimdə
2009-cu il idi. Altı il bundan öncə düşüncələrimdə
mənə rahatlıq verməyən “Yardımlı Xeyriyyə
Cəmiyyəti”ni yaratmaq arzusu həyata keçmişdi.
Borcları ödəmək zamanı idi. Tezliklə Sabir
Rüstəmxanlının 63 yaşı tamam olacaqdı. Məktubla
şəhər rəhbərliyinə müraciət edib, uzun
illər Sumqayıtda ədəbi-bədii
görüşü keçirilməyən şairlə
ictimaiyyətin görüşünə icazə aldım və
bütün maliyyə xərclərini ödəyərək
Nəriman Nərimanov adına mədəniyyət evini icarəyə
götürdüm, eləcə də Hüseyn Ərəblinski
adına Sumqayıt Dram Teatrının aktyorlarından tədbiri
aparmalarına razılıq aldım. Ssenari yazıldı,
çıxış edəcək ziyalılara əvvəlcədən
zəng vurub hər birinə
çıxışlarının mövzusunu elan etdim.
Dörd yüzdən çox adam dəvətnamə ilə tədbirə
dəvət olundu ki, bu sırada şəhər rəhbərliyinin
nümayəndələri də var idi. Görüşü
özüm açdım ki, içimdə bir təskinlik
tapım. Tədbir bitəndən sonra Sabir Rüstəmxanlının
çöhrəsindəki məmnuniyyət hissini görəndə
gözlərim yaşardı. Bəlkə də bu
görüş onun üçün sıradan bir
görüş idi, amma mənə görə mənəvi
borcumun ödənilən bir hissəsi...
Borclu
borclunun sağlığını istər. 2008-ci ilin
noyabrında təsis etdiyim “Yardımlının Səsi” qəzetində
bir neçə il onun haqqında davamlı olaraq gedən
yazılar oxucularımızda elə bir rəy
yaratmışdı ki, guya bu qəzet Sabir Rüstəmxanlının
maliyyə dəstəyi ilə çıxır. Həmin
dövrdə qəzetimizin saylarında həmçinin,
rayonumuzda baş verən haqsızlıqları sərt şəkildə
tənqid edirdik. El arasında dolaşan bu söz-söhbətə
hər hansı bir yazı ilə aydınlıq gətirmək
isə ucuzluğa aparardı. Ona borclu olduğumu oxuculara izah
etmək mənim üçün o zaman heç də asan
deyildi. Düşünüb çıxış yolu
tapdım. Qəzetin arxa hissəsində “Qəzet təsisçinin
şəxsi vəsaiti hesabına işıq üzü
görür” kəlmələrini yazmaqla hər şey bitdi.
2009-cu il
yanvarın 9-da Nardaran qəsəbəsindəki “İmam
Hüseyn” meydanında İsrailin Fələstində
keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti
olaraq aksiya keçiriləndə çıxış edən
Nardaran sakini Hacı Əli Hüseynov Azərbaycanın bəzi
ziyalılarının xalqa yalan məlumat verdiklərini
söyləmişdi: “Sabir Rüstəmxanlı “Səhər”
kanalına böhtan atır. Sabir Rüstəmxanlının
bu hərəkətlərinə görə, onun barəsində
Nardaran ağsaqqallarından biri tərəfindən
ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı,
sən bundan sonra cangüdənlərinin sayını
artır”. Onda da, “Yardımlı Xeyriyyə Cəmiyyəti”
bir vaxtlar tədbirlərinin keçirilməsinə öz
ofisində yer vermiş Sabir Rüstəmxanlının
müdafiəsinə qalxdı və verilmiş fitvaya
qarşı bəyanatla çıxış elədi...
Təqvimdə
2010-cu il idi. Deputat seçkiləri ərəfəsində,
daha dəqiqi həmin ilin 15 sentyabr tarixində işlədiyim
Sumqayıt Qaz İstismarı Sahəsinə növbəti dəfə
işə gələrkən şöbə rəisim məni
çağırıb, söylədi: “İşdən
çıxarılmağından ötrü rəhbərlikdən
mənə tapşırıq verilib ki, təqdimat yazım. Təqdimatın
bir hissəsini yazsam da içimdə bir narahatlıq hiss etdim,
ardını yaza bilmədim. Bəlkə rəislə
görüşəsən, nə isə
anlaşılmazlıq var burda”.
Müəssisənin
rəisi cəmi iki ay idi ki, təyin olunmuşdu. Qəbuluna
girib ədəb-ərkanla işdən nə üçün
çıxarıldığımın, özü də təqdimatla,
səbəbini soruşdum. Cavab verməyə çətinlik
çəkirdi, bircə onu öyrənə bildim ki,
yuxarıdan göstəriş verilib. Kiminsə
qarşısında mənə görə cəzalandırılmaq
istəmir. Dedim, başa düşürəm, bu sifariş
kimdən gəlib, amma gəl kişi kimi danışaq, fərz
elə ki, əlinə silah verib tapşırıblar ki, bu
adamı vurmalısan. Bəs vicdanınız sizə nə
deyir? Bizim ki, aramızda heç bir problem yaşanmayıb. Mən
cavanam, əmək kitabçamı ləkələsəniz
Allah qarşısında cavab verə biləcəksinizmi?
Duruxdu və təklifin nədir, deyə soruşdu. Dedim, ərizə
yazıb öz xahişimlə çıxaram, siz də
yuxarı məlumat verərsiniz ki, tapşırıq icra
olundu. Razılaşdıq və həmin tarixdən mən
işimi itirdim. Səhəri gün əmək
kitabçamı əlimə alan kimi ümid yeri bilib ilk zəng
etdiyim insan Sabir Rüstəmxanlı oldu. Əvvəlcə
xahiş etdim ki, mənim işdən
çıxarılmağım barədə rayon rəhbərinə
heç nə demədən bu haqsızlığın
SOCAR-ın rəhbərliyi səviyyəsində aradan
götürülməsində mənə
yardımçı olsun. Çünki mən işimi rayonun
problemlərini qabartdığım, tənqidi yazılar
verdiyim üçün itirmişdim. Bir də ki, yurddaşlarının
haqqına təcavüz ediləndə səsini ucaldan
“Yardımlının Səsi” qəzetinin baş yazarı,
“Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri
özü haqsızlıqla üzləşəndə və
haqqının bərpası üçün el-obanın
qüdrətli oğullarına güvənməyib kimə
güvənməliydi?...
...Nə
isə, o gündən artıq üç ilə yaxın bir
vaxt keçir, hələ də öz işimə bərpa
ola bilmirəm...
Qarşıdan növbəti deputat seçkiləri gəlirdi. Düşündüm ki, təbliğat kampaniyasında ona dəstək olsam heç də pis olmaz. “Tanrının seçdiyini seçin!” şüarı ilə “Yardımlının Səsi”nin xüsusi buraxılışını çap etdirib rayona göndərdim və seçkilərə bir qədər qalmış özüm də rayona gedərək görüşlərinin birində çıxış edib seçiciləri Sabir Rüstəmxanlıya dəstək olmağa çağırdım. Görüşdən sonra, mənə minnətdarlıq edib, hər şeyə görə çox sağ ol, əsas təşəkkürümü elə-belə yox, mətbuatda bildirəcəm, söyləyəndə vədinə görə deyil, mənəvi borcumdan daha bir hissə ödədiyim üçün məmnun oldum...
2011-ci ildə 65 yaşı tamam olanda gücüm bir dəstə gülə və rəhbərlik etdiyim təşkilatın şanlı təbrikinə, eləcə də Bakıda yaşayan ziyalılarımızın filarmoniyanın binasında keçirilən həmin tədbirə qatılmaları üçün dəvət mesajlarına çatdı...
Təqvimdə 2012-ci il idi. Növbəti ad gününə az qalırdı. Biləndə ki, on beş ildən artıq bir müddətdə onun Yardımlıda bir dəfə də olsun ədəbi-bədii görüşü keçirilməyib, rayonumuzun icra başçısına rəsmi müraciət edib 23 may tarixində rayon mərkəzindəki Nizami adına kinoteatrda görüşünün keçirilməsinə icazə aldım və bu dəfə də tədbir baş tutdu...
Budur, yenə də Sabir Rüstəmxanlının
doğum günü yaxınlaşır. Mayın 20-də 67 yaşı tamam
olacaq. Gücüm sadəcə təbrikə çatır...
...Hər
insanı sevmək olmur, sevdiklərimizdən isə
ayrılmaq. Onu, “Ömür kitabı”nı oxuyub
varlığını kəşf edəndə sevmişdim.
Onda mənim iyirmi üç yaşım var idi. İndi isə
onu sevdiyim vaxtdan iyirmi üç il keçir. İyirmi
üç ildir ki, bu sevgi xərclənir-xərclənir, amma
tükənmir. Bəs bu sevgiyə nəyi verə bildim, bu
sevgidən nəyi ala bildim?..
Elman ELDAROĞLU
525-ci qəzet.- 2013.- 16 aprel.- S.4.