Azərbaycanda gənclər siyasəti: varislik, müasirlik, gələcəyə
baxış
İKİNCİ YAZI
2003-cü
ildə İlham Əliyevin hakimiyyətə gəlməsi ilə,
bir çox sahələrdə olduğu kimi, gənclərlə
bağlı dövlətin siyasətində də yeni keyfiyyət
mərhələsi başlandı. Söz yox ki, bu sahədə
artıq müəyyən işlər
görülmüşdü, vəziyyət 90-cı illərin
əvvəllərində olduğu kimi kritik deyildi. Lakin bu
işləri davam etdirmək, bu sahəni daha da inkişaf
etdirmək tələb olunurdu. Heydər Əliyevdən sonra
bu yükü çiyinlərinə götürmək
özü böyük bir məsuliyyət idi.
2003-cü
il prezident seçkiləri ərəfəsində və
sonra, dəfələrlə bəyan etdiyi kimi, İlham Əliyev
ümummilli liderimizin kursuna sadiq qaldı. Onun məqsədi
köhnəni söküb onun yerində yenisini yaratmaq yox, təcrübədə
özünü doğrultmuş işləri davam etdirmək,
əgər zərurət yaranarsa islahat aparmaq və xalqın
ehtiyac duyduğu yeni sahələri inkişaf etdirmək idi.
Bu, islahatçı liderin gənclər siyasəti sahəsindəki
işlərində də özünü aydın büruzə
verirdi.
Qeyd
edək ki, rəsmi statistikaya əsasən Azərbaycan əhalisinin
31 faizini gənclər təşkil edir (“Gənclər siyasəti
haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
gənclər – yaşı 14-dən 29-dək olan şəxslər
hesab olunurlar). Bu, heç də kiçik rəqəm deyildir.
Nəzərə alsaq ki, gənclər əhalinin ən dinamik
təbəqəsi hesab olunurlar, o zaman bu sahədə
aparılan siyasətin ölkənin ümumi sosial-iqtisadi
inkişafına necə böyük təsir göstərdiyini
görmək olar. Buna görə də, ölkənin və
onun regionlarının sosial-iqtisadi inkişafına
böyük əhəmiyyət verən, məşğulluq,
yoxsulluq və ərzaq təhlükəsizliyini ölkə
iqtisadiyyatının prioritet məsələləri hesab edən
İlham Əliyev gənclər siyasətinə, gənclərin
problemlərinə də xüsusi həssaslıqla
yanaşır.
İlham
Əliyevin 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin
Prezidenti olduğunu, onun idmanın və olimpiya hərəkatının
inkişafında göstərdiyi böyük xidmətlərinə
görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif
edildiyini nəzərə aldıqda, məhz onun ölkə gənclərinin
qayğılarından daha yaxından xəbərdar olduğu
öz təsdiqini tapar.
Cənab
prezident dövlət quruculuğunun digər sahələrində
olduğu kimi gənclər siyasətində də milli-əxlaqi
və ümumbəşəri dəyərlərə istinad
edir və bunu öz çıxışlarında dəfələrlə
vurğulayır. 2011-ci ildə Novruz şənliyi zamanı
onun söylədiyi bu fikirlər, hesab edirik ki, gənclər siyasətimizin ideoloji
aspektini çox gözəl ifadə edir: “Biz, bir daha demək
istəyirəm ki, müasir dövlət quruculuğunda ilk
növbədə milli dəyərlərimizə
arxalanırıq. Bu dəyərlər bizim üçün ən
vacib dəyərlərdir. Təbii ki, biz ümumbəşəri
dəyərləri bölüşürük, Avropa dəyərlərinə
hörmətlə yanaşırıq, ancaq bizim
üçün əsas dəyərlər Azərbaycan dəyərləridir.
Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda
böyüsün, tərbiyə alsın. Gənc nəsil vətənpərvər
olsun, Vətəni sevsin, Vətənə ləyaqətlə
xidmət etsin, peşəkar, bilikli, savadlı olsun. Bu məqsədlə
ölkəmizdə aparılan işlər artıq öz nəticəsini
verir. Gələcəkdə biz bu nəticələri daha da
geniş şəkildə görəcəyik.”
İlham
Əliyevin hakimiyyət illərində həyata keçirilən
gənclər siyasətinin əsas xüsusiyyəti onun praktikliyidir.
O, artıq Heydər Əliyev tərəfindən əsası
qoyulmuş normativ-hüquqi baza və müvafiq insitusional
mexanizmlərdən istifadə edərək bu sahədə
konkred addımlara, fəaliyyətə üstünlük
verir. Dövlət idarəçiliyinin elmi-nəzəri əsaslarına
yaxşı bələd olan cənab prezident sosial-iqtisadi məsələlərə
sistemli yanaşır, nəticədə qəbul olunan və
uğurla icra olunan müxtəlif proqramlar müvafiq sahələrin
bir sistem olaraq inkişafına gətirib çıxarır.
Bu proqramlara əlavə olunan, konkret
tapşırıqların, icraçıların və icra
müddətinin müəyyən olunduğu tədbirlər
planı məhz praktikliyə xidmət edir.
Ölkə,
onun gələcəyi üçün prioritet əhəmiyyət
kəsb edən digər sahələrdə olduğu kimi, gənclər
siyasətində də bu vasitədən geniş istifadə
olunur. Son illərdə gənclərlə bu və ya digər
şəkildə əlaqəli olan müxtəlif dövlət
proqramları icra olunub və olunmaqdadır. Onların bir
neçəsini, hansı ki, birbaşa gənclərlə
bağlıdır, xüsusi qeyd etmək istərdik.
Cənab
Prezidentin 30 avqust
2005-ci il tarixli Sərəncamı ilə
təsdiq olunmuş,
2005-2009-cu illəri əhatə
edən Azərbaycan Gəncliyi Dövlət Proqramı çərçivəsində
gənclərin inkişafı,
sağlamlığı, onların
cəmiyyətin ümumi
sosial-iqtisadi həyatına
fəal inteqrasiyası,
sosial problemlərinin həlli, təhsili, milli-ideoloji, yüksək əxlaqi və hərbi-vətənpərvər ruhda tərbiyəsi, sahibkarlıq fəaliyyətinə
və dövlət (bələdiyyə) idarəçiliyinə
cəlb edilməsi, vaxtlarının səmərəli
təşkili və sağlam həyat tərzinin təbliği baxımından böyük
işlər görülmüşdür.
Bu işlər ölkənin ümumi sosial-iqtisadi inkişafına
xüsusi rəng qatmış, gəncləri
bu prosesdə fəal iştiraka ruhlandırmışdır. Lakin ölkə rəhbərliyinin
apardığı gənclər
siyasəti uzaq gələcəyə istiqamətlənən
sistemli və ardıcıl bir işdir. Buna görə
də bu iş kampaniya xarakterli, müvəqqəti,
yeknəsək, yaxud plansız aparıla bilməz. Ölkə başçısının 7 iyul 2011-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi
2011-2015-ci illərdə” Dövlət
Proqramı da məhz bu zərurətdən
irəli gəlmişdir.
Bu Proqram birinci
proqramdakı işlərin
davamı və gənclər siyasəti sahəsində dövlətin
fəaliyyətinin genişləndirilməsi,
dəstəyinin artırılması
baxımından böyük
əhəmiyyət kəsb
edir.
Proqramın 2-ci bəndində onun
əsas məqsədi
aşağıdakı kimi
ifadə olunmuşdur:
“Dövlət Proqramının
əsas məqsədi
Azərbaycan Respublikasında
gənclər siyasətini
daha da inkişaf
etdirmək, gənclərin
menecment sahəsində
fəal iştirakına
şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı
və digər sosial-iqtisadi problemlərinin
həllini təmin etməkdir.”
Proqramın qarşıya qoyduğu
vəzifələr isə,
bunlardır: gənclərin
hərtərəfli inkişafı
üçün şəraitin
yaradılması; gənclərin
gələcəyin tələblərinə
cavab verən təhsil almaları üçün bərabər
imkanların təmin edilməsi; gənclərin
məşğulluğunun artırılması,
mülkiyyət formasından
asılı olmayaraq müəssisə və təşkilatlara işə
düzəlmələri üçün
əlverişli şəraitin
yaradılması; əmək
bazarının tələblərinə
cavab verən rəqabətədavamlı gənc
kadrların hazırlanması;
dövlət qulluğunda
və idarəetmədə
peşəkar və bilikli gənclərin sayının artırılması;
gənc alim və tədqiqatçıların
sosial təminatının
gücləndirilməsi və
məişət problemlərinin
həll edilməsi; gənclər arasında sahibkarlığın inkişaf
etdirilməsi; gənc
ailə institutunun möhkəmləndirilməsi; gənclərin
məlumatlılığının artırılması; gənclərin
vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün
təşkilati, maddi və məlumatlandırma
mexanizmlərinin inkişaf
etdirilməsi; gənclərdə
müasir düşüncə
tərzinin formalaşdırılması,
onların idarəetmə
və tədqiqat yönlü fəaliyyətə
cəlb edilməsi; gənclərin regionların
sosial-iqtisadi və mədəni inkişafından
bəhrələnməsi üçün
tədbirlərin həyata
keçirilməsi; gənclərin
özünüidarə və
iqtisadi baxımdan təminetmə bacarıqlarının
inkişaf etdirilməsi;
gənclərin, o cümlədən
gənc əlillərin
sosial müdafiəsinin
gücləndirilməsi; gənclər
arasında zərərli
vərdişlərin yayılmasına
qarşı yönəlmiş
fəaliyyətlərin dəstəklənməsi
və inkişaf etdirilməsi; gənclərin
inkişafında yerli
icra strukturlarının
və bələdiyyələrin
iştirakının artırılması,
yerlərdə gənclərə
diqqətin gücləndirilməsi;
gənclərlə işləyən
mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi; gənclərin və gənclər təşkilatlarının
ictimai həyatda təşəbbüskarlığının və iştirakının
stimullaşdırılması; gənclərin beynəlxalq
mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının
dəstəklənməsi; gənclərin inkişafına
yönəlmiş infrastrukturun
yaradılması.
Göründüyü kimi, proqram kifayət
qədər əhatəli
xarakter daşıyır
və ona əlavə olunan tədbirlər planı bu vəzifələrə
çatmaq üçün
icra mexanizmi funksiyasını yerinə
yetirir.
Dövlətin gənclərlə bağlı
siyasətində konkret
sahələr üzrə
proqramlar da böyük rol oynayır. Misal üçün, xüsusi
istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı
(2006-2010-cu illər), yaxud
Azərbaycan Respublikasında
texniki-peşə təhsilinin
inkişafı (2007-2012-ci illər)
kimi dövlət proqramları müvafiq sahələrin inkişafına,
son nəticədə isə,
gənclər siyasəti
sahəsində dövlətin
ümumi məqsədlərinə
xidmət edirlər.
Bu baxımdan cənab prezidentin 16 aprel 2007 ci il
tarixli Sərəncamı
ilə təsdiq olunmuş “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı”nı
xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev ənənələrinin
davamı olan bu siyasət heç bir ayrı-seçkilik olmadan
bütün istedadlı,
elmə, təhsilə
marağı olan gənclərimizin dünyanın
müxtəlif nüfuzlu
təhsil ocaqlarında
təhsil almasına şərait yaradır.
Yuxarıda qeyd etdiyimiz kimi, dövlət idarəçiliyinə sistemli
və kompleks yanaşma nəticəsində
müxtəlif sosial-iqtisadi
inkişaf proqramlarına
da gənclərlə
bağı müəyyən
müddəalar daxil edilmişdir. Belə ki, gənclər
siyasəti ölkənin
ümumi sosial-iqtisadi inkişaf strategiyasına uyğunlaşdırıldığı kimi, sosial-iqtisadi inkişaf proqramları da gənclər siyasətinə uyğun gəlir. Beləliklə, sosial-iqtisadi inkişaf
və gənclər siyasəti ilə bağlı görülən
işlər bir-birini tamamlayır, bu isə, idarəetmənin effektivliyinin artırılmasına
səbəb olur.
Misal üçün,
“2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”nda,
“Azərbaycan Respublikasının
Məşğulluq Strategiyasının
həyata keçirilməsi
üzrə 2011-2015-ci illər
üçün Dövlət
Proqramı”nda, Azərbaycan
Respublikası Prezidentinin
27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramında,
o cümlədən 2004-2008 və 2009-2013-cü illəri
əhatə edən Sosial-iqtisadi inkişaf Dövlət Proqramlarında
gənclərin məşğulluğu,
təhsili, sahibkarlıq
fəaliyyəti və
dövlət idarəçiliyində
iştirakı kimi məsələlər öz
əksini tapmış,
bu məsələlərlə
bağlı müvafiq
icra hakimiyyəti orqanlarının qarşısına
konkret tapşırıqlar
qoyulmuşdur.
Cənab
Prezidentin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı 9 fevral 2007-ci il
tarixli Sərəncamı
və həmin Sərəncamla təsdiq olunmuş Tədbirlər Planı ölkədə gənclərə göstərilən
diqqət və qayğının bariz nümunəsidir. Gənclər
ilinə sadəcə
olaraq bir il ərzində
gənclərlə bağlı
görülmüş işləri
sadalayaraq qiymət vermək düzgün olmazdı. 2007-ci il
ölkədə o dövrə
qədər aparılmış
gənclər siyasətinin,
bu sahədə görülmüş işlərin
qiymətləndirilməsi, gələcək planların
müəyyən olunması,
səhvlərin aradan qaldırılması, müsbət
təcrübənin inkişaf
etdirilməsi baxımından
daha əhəmiyyətli
olmuşdur. 2007-ci il müvafiq dövlət qurumlarına
dönüb geriyə
baxmaq və gələcəklə bağlı
qərarlar qəbul etmək üçün yaxşı fürsət olmuşdur. Bu məntiqlə
çıxış etsək
deyə bilərik ki, “Gənclər ili” 2007-ci illə bitməmişdir. Hər
il ölkə
rəhbərliyi və
gənclərimiz üçün
“Gənclər ili” ruhunda keçir.
Emin HƏSƏNLİ,
politoloq
525-ci qəzet.- 2013.- 16 aprel.- S.5.