Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi
festivalı
keçirilir
Aprelin
14-də Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən Qara Qarayev adına V Beynəlxalq müasir
musiqi festivalı başlamışdır.
AzərTAc
xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında festivalın təntənəli
açılış mərasimi olmuşdur.
Mərasimdən
əvvəl iştirakçılar filarmoniyanın foyesində
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən
Qara Qarayevə həsr edilən foto və kitab sərgiləri
ilə tanış olmuşlar.
Açılış
mərasimində çıxış edən mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev Qara
Qarayevin 95 illiyinə həsr olunmuş festivalın
iştirakçılarını salamlayaraq demişdir:
"2013-cü il "Mədəniyyət ili" kimi qeyd
olunmalıdır. Ona görə ki, cari ildə xarici ölkələrdə
Azərbaycan mədəniyyət günlərinin keçirilməsi,
"Muğam aləmi" III Beynəlxalq muğam
festivalının reallaşması, ulu öndər Heydər Əliyevin
90 illik yubileyi ilə əlaqədar təşkil olunmuş
silsilə tədbirlər, həmçinin cari ildə
keçiriləcək Qəbələ Beynəlxalq musiqi
festivalı, Üzeyir Hacıbəyli Beynəlxalq musiqi
festivalı, Beynəlxalq caz festivalı, eləcə də
görkəmli incəsənət xadimlərinin və
musiqiçilərin yubiley və xatirə gecələri bunu
deməyə əsas verir".
Nazir
müavini vurğulamışdır ki, bunlarla yanaşı,
2013-cü ilin ən önəmli hadisələrindən biri də
görkəmli bəstəkar və pedaqoq, SSRİ xalq artisti
Qara Qarayevin 95 illik yubileyidir. Bu münasibətlə həm
ölkədə, həm də xaricdə silsilə tədbirlər
keçirilir. Bu tədbirlərin sırasında Qara Qarayev
adına V Beynəlxalq müasir musiqi festivalını
xüsusi qeyd etmək lazımdır.
Diqqətə
çatdırılmışdır ki, Qara Qarayev musiqinin
bütün janrlarında əsərlər
yaratmışdır. Bunlardan "Vətən" operası,
"İldırımlı yollarla", "Yeddi gözəl"
baletləri, "Leyli və Məcnun" simfonik poeması
dahi bəstəkara dünya musiqi sənətində
özünəməxsus şöhrət gətirmişdir.
Bildirilmişdir
ki, Qara Qarayev dahi bəstəkar olmaqla yanaşı, həm də
yaxşı pedaqoq idi. Arif Məlikov, Vasif Adıgözəlov,
Fərəc Qarayev, Azər Dadaşov, Xəyyam Mirzəzadə,
Firəngiz Əlizadə, Polad Bülbüloğlu və digər
tanınmış bəstəkarlar Qarayev bəstəkarlıq
məktəbinin yetirmələridir.
Qeyd
olunmuşdur ki, yalnız müasir musiqinin səsləndiriləcəyi
festivalın rəngarəng və maraqlı proqramı dinləyicilərə
yüksək incəsənətlə yaxından ünsiyyət
imkanı yaradacaqdır. Festivalda Azərbaycan, Almaniya, Avstriya,
Fransa, Hollandiya və Rusiya müasir musiqini mükəmməl
ifa edən solist və kollektivlərlə təmsil olunacaq.
Konsertlərin
proqramında XX əsr musiqi təfəkkürünün
inkişafında yeni yollar açmış Avropanın
tanınmış bəstəkarlarının əsərləri
səsləndiriləcəkdir.
Diqqətə
çatdırılmışdır ki, festival çərçivəsində
Muzey Mərkəzində Azərbaycan Bəstəkarlar
İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyası tərəfindən müasir musiqinin
problemlərinə həsr olunmuş elmi konfrans, Beynəlxalq
Muğam Mərkəzində, Rəşid Behbudov adına Azərbaycan
Dövlət Mahnı Teatrında, Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında və
filarmoniyanın kamera və orqan musiqisi zalında xarici və
yerli musiqiçilərin, musiqi kollektivlərinin ifasında
konsertlər keçiriləcəkdir.
Festivalın
başqa bir orijinal layihəsi Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının səhnəsində
ekstravaqant klassiklərdən biri Mauricio Kagelin musiqisi əsasında
"Variete" tamaşasının nümayişi
olacaqdır. Əsər alman-ispan mənşəli
"Avatara Dance Group" və
Azərbaycandan "Con Tempo" ansamblı tərəfindən
ifa ediləcəkdir.
Festivalın bədii rəhbəri
əməkdar incəsənət
xadimi, professor Fərəc Qarayevdir.
Açılış mərasimində
xalq artisti, dirijor Rauf Abdullayevin
rəhbərliyi altında
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etmişdir.
Konsert proqramında
Dmitri Şostakoviçin, Qara
Qarayevin, Fərəc Qarayevin, Xəyyam Mirzəzadənin və Ottorino Respiginin əsərləri səsləndirilmişdir.
Qara Qarayev adına
V Beynəlxalq müasir
musiqi festivalı aprelin 19-dək davam edəcək.
Günel
525-ci qəzet.-
2013.- 16 aprel.- S.7.