Şeirimizin poetikası barədə dəyərli
araşdırma
Filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlu
(Qasımov) uzun illərdir ki, Azərbaycan ədəbiyyatının
tədqiqi və tədrisi ilə məşğuldur. Respublikamızın ən
qabaqcıl ali təhsil ocaqlarından olan Azərbaycan Dövlət
Pedaqoji Universitetində çoxillik səmərəli
elmi-pedaqoji fəaliyyəti ilə o, dərin savada, yüksək
səriştəyə malik müəllim və təhsil təşkilatçısı
olaraq böyük hörmət və nüfuz
qazandığı kimi, ədəbiyyatımızın
çoxəsrlik inkişaf yolunun müxtəlif mərhələlərinə
və görkəmli nümayəndələrinin
yaradıcılıqlarına həsr olunmuş qiymətli
monoqrafik tədqiqatları ilə ustad ədəbiyyatşünas,
mötəbər filoloq alim məqamına yüksəlmişdir.
Himalay Ənvəroğlu imzası
çoxdandır ki, ədəbiyyatşünaslıq elmimizin ən
məhsuldar və yetkin nümayəndələri
sırasında öz layiqli yerini tutmuşdur. Bu böyük nüfuz və şöhrətin
arxasında isə, hər şeydən öncə, görkəmli
alimin alicənab, nurlu şəxsiyyəti, dərin elmi təfəkkürdən,
ədəbi fakt və hadisələrə hərtərəfli
və unikal elmi yanaşmadan yoğrulmuş fundamental tədqiqatları
dayanır.
Himalay müəllimi uzun illərdir ki, tanıyıram. Onun
çoxsaylı kitablarının da əksəriyyəti ilə
tanışam. Təəssüratlarımı ümumiləşdirərək
deyə bilərəm ki, görkəmli alimin
araşdırmalarında ədəbi-nəzəri təhlil və
dəyərləndirmələr, bədii mətnlərin
daxili qatına nüfuz etmək, heç də hər tədqiqatçının
aşkarlaya bilməyəcəyi ən incə detalları
üzə çıxarıb ideya-bədii arxitektonikanın
axarı və çoxplanlı konteksti boyunca təhlil etmək,
bu yolla bədii əsəri hərtərəfli şəkildə
və çağdaş elmi düşüncənin nailiyyətləri
fonunda qiymətləndirmək ön planda dayanır. Yəni ədəbi əsərlərə nəzəri-estetik
yanaşma, sosioloji mətləblərin də bu aspektdə
işıqlandırılması alimin özünəməxsus
araşdırma tərzi kimi illərin sınağından
uğurla çıxmış, müəllifə geniş
şöhrət gətirmiş, filologiyamızı
sanballı əsərlərlə zənginləşdirmişdir.
“Ədəbiyyat nəzəriyyəsindən mühazirələr”,
“Bədiiliyin meyarı”, “Müasir Azərbaycan romanı:
janrın poetika və tipologiyası”, “Müasir Azərbaycan
romanının qaynaqları”, “Müasir Azərbaycan ədəbiyyatında
yaradıcılıq meylləri”, “Azərbaycan ədəbiyyatının
yaradıcılıq problemləri”, “Şəhriyarın
lirikası və etiqadı”, “Hüseyn Cavidin lirikası və
dramaturgiyası” ... bu siyahını xeyli davam etdirmək olar. Bunlar professor Himalay Ənvəroğlunun çoxsaylı
kitablarının bir qisminin adıdır.
O da diqqətdən
yayınmır ki, Himalay müəllimin tədqiqatlarında mərhələ
və ədəbi növ məhdudiyyəti yoxdur. Görkəmli
alim o tay-bu taylı Azərbaycan ədəbiyyatının həm
klassik, həm də müasir yaradıcılarının əsərlərini
eyni professionallıqla təhlil predmetinə çevirdiyi kimi,
poeziyadan da, nəsrdən də, dramaturgiyadan da, ədəbiyyatşünaslıq
və ədəbi tənqid məsələlərindən də
eyni vəcd və səriştə ilə söz açaraq
mükəmməl elmi-ədəbi qənaətlər irəli
sürür. O, orta əsrlər ədəbiyyatımızın İ. Nəsimi, M. Füzuli kimi
ustadlarından yazanda da, XX yüzilliyin əvvəlləri
romantik poeziya və dramaturgiyamızın böyük nümayəndəsi
Hüseyn Cavidin ezazkar sənətini araşdırmaya cəlb
edəndə də, S. Vurğun, İ. Əfəndiyev, Anar
kimi ədiblərdən söz açıb mötəbər
elmi fikirlər söyləyəndə də, Azərbaycan
romanının poetikasını çoxplanlı aspektdə
incələyəndə də unikallıq, universallıq və
professionallıq nümayiş etdirir. Mükəmməl
nəzəri hazırlığı, geniş mütaliəsi,
dərin elmi erudisiyası Himalay Ənvəroğlunun əsərlərinin
başlıca siqlətini şərtləndirən əsas
faktordur, təyinedici məziyyətdir.
Əlbəttə, görkəmli alimin hər bir
kitabından geniş şəkildə bəhs etmək,
onların məziyyətlərindən ətraflı
danışmaq mümkündür. Bu məqalədə
biz istedadlı alimin “Azərbaycan şeirinin poetikası”
monoqrafiyasından söz açacağıq.
2008-ci ildə Bakıda “Nurlan” nəşriyyatında
çap olunmuş bu monoqrafiyada çoxəsrlik Azərbaycan
şeirinin poetik sistemi əsas araşdırma predmetinə
çevrilmişdir. Uzun müddət ərzində bu aktual
elmi problemin hərtərəfli şəkildə tədqiqi ilə
məşğul olan Himalay müəllimin bu kitabı
çoxillik araşdırmaların məntiqi nəticəsi, əzəmətli
yekunu kimi ortaya çıxmışdır.
Beş fəsildən, 388 səhifədən ibarət
olan monoqrafiyanın ilk üç fəsli poeziyamızdakı
süjetli lirikaya həsr olunmuşdur. Tədqiqatçı
süjetli lirikanın mahiyyəti, qaynaqları, təşəkkülü,
inkişaf yolu, yaradıcılıq problemləri, poetika və
tipologiya məsələləri, ədəbiyyatımızda
müxtəlif mərhələlərdə qələmə
alınmış rəngarəng xüsusiyyətlərə
malik nümunələri barədə dolğun, əhatəli
araşdırma aparmış, mühüm elmi nəticələrə
gəlmişdir.
“Süjetli
lirika Azərbaycan şeirinin yaşarılı poetik
forması kimi” adlanan ilk fəsildə görkəmli alim
haqlı olaraq problemə kompleks elmi yanaşma nümayiş
etdirmiş, əvvəlcə süjet
anlayışının mahiyyətinə nəzər salaraq qədim
yunan alimi Aristoteldən üzü bəri dünya, eləcə
də Azərbaycan filoloji fikrində bu barədə olan
çeşidli elmi baxışları incələmiş,
diqqətəlayiq yekun qənaətlərə gəlmişdir.
Xüsusən süjet ilə fabulanın
müqayisəli səciyyəsi razılıq doğurur.
Bunun ardınca isə lirika haqqında analoji təhlil
və dəyərləndirmələr özünə yer
almışdır. Mövzunun məntiqi davamı olaraq
müəllif əhatəli təhlillər yolu ilə
süjetli lirika anlayışının əsas xüsusiyyətlərini
müəyyənləşdirmiş, belə bir nəticəyə
gəlmişdir ki: “Həyatın geniş vüsətini hadisə
formasında vermək imkanı lirikada yoxdur: fabula və
süjet anlayışları ədəbi növ olmaq
etibarı ilə lirikanın bilavasitə öz daxili məzmununa
ziddir. Lakin lirika epik və dramatik həyat
lövhələrini vermək iddiasına düşəndə
süjet onun məcburi tərkib hissəsinə çevrilir”.
Alimin bu fikri də təqdirəlayiqdir ki,
“Süjetli lirikanın məzmununu təkcə daxili, subyektiv
hiss və duyğu deyil, eyni zamanda, canlı “obyektiv” münasibətlərin
real ifadəsi təşkil edir”.
“Azərbaycan
poeziyasında süjetli lirikanın təşəkkülü”
adlanan ikinci fəsildə çoxəsrlik ədəbiyyatımızın
zəngin, çoxşaxəli inkişaf yoluna nəzər
salınmış, əvvəlcə epik-lirik poeziyada
süjetli lirika ünsürləri
araşdırılmış, bu məsələ
özünün elmi təhlilini bəzi dastanlardakı
şeir parçalarının, Nizami Gəncəvi, Məhəmməd
Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi ədiblərin
müxtəlif əsərlərinin timsalında
tapmışdır. Bu nəticəyə gəlinmişdir
ki, “epik-lirik janrlarda verilmiş lirik parçaları
süjetli lirikaya bir hazırlıq, onun zəmini kimi qiymətləndirmək”
daha məqsədəuyğundur. Bayatı,
rübai, qoşma, xüsusən qəzəl kimi ənənəvi
şeir formalarındakı süjetli lirika nümunələrini,
yaxud elementlərini folklorun və yazılı
poeziyamızın müxtəlif örnəkləri əsasında
araşdırmaqla müəllif ədəbiyyatımızda
süjetli lirikanın qaynaqları və təşəkkülü
barədə dolğun elmi mənzərə yarada bilmişdir.
“Çağdaş Azərbaycan şeirində süjetli
lirika” adlanan üçüncü fəsil həm həcminə,
həm də elmi tutumuna görə xüsusi razılıq
doğurur. Müəllif mövzuya kompleks yanaşma
nümayiş etdirmiş, poeziyamızın son bir əsrlik təcrübəsində
süjetli lirikanın inkişaf yolunu, yaradıcılıq
problemlərini müxtəlif müəlliflərin
çoxsaylı əsərlərinin təhlili yolu ilə
araşdırmış, hər mərhələnin və hər
şairin süjetli lirikasının ümumi və fərdi
poetik xüsusiyyətlərini yetərincə incələmişdir.
Burada H. Cavid, A. Səhhət, S. Rüstəm, M. Müşfiq,
S. Vurğun, R. Rza, M. Rahim, O. Sarıvəlli, Ə. Cəmil,
Z. Xəlil, B. Vahabzadə, N. Xəzri, H. Arif, Ə. Kərim,
F. Qoca, M. Araz, S. Rüstəmxanlı və digər
tanınmış şairlərin
yaradıcılığında süjetli lirikanın ədəbi-estetik
mövqeyi, müxtəlif tematikaya malik əsas nümunələri
hərtərəfli şəkildə
araşdırılmışdır.
Xüsusən ayrı-ayrı şairlərimizin
yaradıcılıqlarında müharibə mövzusunda qələmə
alınmış çoxsaylı süjetli şeirlərin
geniş yer tutması, yeni keyfiyyətlər qazanması
geniş təhlillər yolu ilə
aşkarlanmışdır.
Ümumiyyətlə, bu fəsildə Azərbaycan
poeziyasında süjetli lirikanın həm mövzu-ideya, həm
də sənətkarlıq xüsusiyyətləri yetərincə
tədqiq olunmuşdur. Bu fəsildə süjetli lirika ilə mənsur
şeirin müqayisəli səciyyələndirilməsi
istiqamətində aparılan təhlillər də
özünəməxsus elmi əhəmiyyət kəsb edir.
Obyektiv elmi həqiqətin aşkarlanması, ədəbi
fakt və hadisələrin dəqiq dəyərləndirilməsi
naminə monoqrafiya müəllifin apardığı uğurlu
polemikalardan sonra gəldiyi qənaətlərin
dolğunluğu da ayrıca vurğulanmalıdır.
Süjetli
lirikanın çağdaş poeziyamızda önəmli yer
tutduğunu, getdikcə öz ədəbi arsenalını
qüvvətləndirdiyini vurğulayan Himalay müəllim
yazır: “Çağdaş poeziyamızı yaradanlar içərisində
elə bir şairə rast gəlmək olmur ki, süjetli
lirikadan yan keçsin, onda qələmini sınamasın”.
Görkəmli
alimin poeziyamızdakı çoxsaylı süjetli lirika
nümunələrinin ətraflı
araşdırılmasından sonra gəldiyi
aşağıdakı nəticə ümumiləşmiş
elmi qənaət kimi tutumlu və konseptualdır: “Süjetli
lirika ədəbi prosesin axarında poetik hadisələri
aramaqda poeziyanın digər janrlarından daha həssasdır.
Çünki bu janr şairin poetik
istedadını sınağa çəkməkdə yüksək
çevikliyə malikdir. Tərənnüm, ritorik pafos,
hətta lirik-assosiativ “təhkiyə” tərzi və
özünüifadə üstündə köklənən fərdi
poetik üslublar çox zaman süjetli lirikanın tələblərinə
dözə bilmir, “hüdudsuzluğa” can atırlar... Süjetli lirikada süjet epik poeziyadakı kimi “həyat
forması”nda deyil. Buradakı “soyuqluq”
subyektin qəlb aləmindən, düşüncəsindən
keçərək hərarət kəsb edir. Eyni zamanda, subyektin hərarəti “miniatür
süjet”in, “mikro əhvalat”ın zatındadır, cövhərindədir”.
O da dərhal
diqqəti çəkir və razılıq doğurur ki,
müəllif süjetli lirikanın tədqiqi sahəsində
dünya ədəbiyyatşünaslığındakı
fundamental əsərlərə, eləcə də Azərbaycan
filoloji fikrinin müvafiq mülahizələrinə yaxından
bələddir. Məhz belə bir bələdlik
zəminində və çağdaş elmi təfəkkür
işığında aparılan araşdırma Azərbaycan ədəbiyyatında
süjetli lirikanın uzunmüddətli tarixinin mükəmməl
elmi mənzərəsinin yaradılması ilə nəticələnmişdir.
Tam qətiyyətlə deyə bilərik ki.
Azərbaycan ədəbiyyatşünaslığında
süjetli lirika anlayışının kompleks şəkildə
elmi müstəviyə gətirilməsi, bütün əsas
parametrləri ilə tədqiqi məhz Himalay müəllimin
adıyla bağlıdır. Bu məqamı
o, çoxsaylı elmi məqalələri və haqqında
danışdığımız fundamental
araşdırması ilə qazanmışdır.
Klassik şeirimizin poetikasının öyrənilməsi
istiqamətində aparılan axtarışlar monoqrafiyanın
“Hikmət və məhəbbət poeziyası” adlı
dördüncü fəslində öz ifadəsini
tapmışdır. Bu fəslin ilk bölümündə
böyük şairimiz, hürufi poeziyasının ustadı
İmadəddin Nəsiminin əısrarəngiz sənət
dünyası diqqət mərkəzinə çəkilmiş,
onun mübariz ruhlu, fəlsəfi mündəricəli
lirikasının ideya-bədii özəllikləri yüksək
professionallıqla araşdırılmışdır. Xüsusən şairin ədəbi
yaradıcılığının poetik sistemində, ideya-bədii
arxitektonikasında hürufi düşüncə tərzinin və
simvolikasının təqdim üsulları yönündə
aparılan incələmələrin mahiyyət və mündəricəsini
ayrıca vurğulamaq istərdim. Bu
mövzuda tədqiqat aparmaq heç də asan görünməsin.
Bunun üçün klassik Şərq lirikasının poetik
və semantik özəlliklərini, islam fəlsəfəsini,
dini hədis və ayələri, hürufilik təriqətinin
mahiyyətini dərindən bilmək gərəkdir. Sevindirici haldır ki, H. Ənvəroğlu bu çətin
işin də öhdəsindən layiqincə gəlmiş,
İ. Nəsiminin lirikasının əsl məğzini, poetik
strukturunu orijinal və tutarlı şəkildə
aydınlaşdıra bilmişdir. Razılıq
doğuran cəhət həm də odur ki, Himalay müəllim
ümumi mülahizələr, səthi dəyərləndirmələr
ardınca qaçmamış, bədii mətnlərin, hətta
ayrı-ayrı beytlərin daxili mahiyyətinə nüfuz
etmiş, Nəsiminin ifadə etdiyi əsl qayəni
lazımınca aşkarlamağa nail olmuşdur.
Fəslin ikinci bölümü isə ustad Füzuli sənətinə
güzgü tutur. Əlbəttə, Məhəmməd
Füzulinin əsrarəngiz yaradıcılığı, zəngin,
bənzərsiz şeiriyyəti barədə yüz illərdir
ki, söz açılır, bundan sonra da bəhs olunacaq.
Çünki Füzuli sənəti elə bir
möhtəşəm xəzinədir ki, onun əsl qiymətini
vermək əslində imkansızdır. Hər
gələn elmi, ədəbi nəsil şairin sənət dəryasında
yeni-yeni gövhərlərin varlığını
aşkarlayır. Bu sırada professor H. Ənvəroğlunun
da öz xidmətləri var. Monoqrafiyanın “Füzuli
lirikasında “eşqi-ruhani” məqamı” adlı
bölümü bunu deməyə tam əsas verir. Bu bölümdə qəlb şairinin
lirikasının təsəvvüflə əlaqələrinin
yeni təfəkkür işığında dəyərləndirilməsi
həm də gələcək tədqiqatlara yön verə
bilmək imkanlarına malikdir.
Monoqrafiyanın son fəsli isə iyirminci əsr Azərbaycan
şeirinin poetik xüsusiyyətlərinin
araşdırılması ilə əlamətdardır. “Azərbaycan poeziyası
yeni ideya-poetik axtarışlar mərhələsində”
adlanan bu fəsil dörd böyük sənətkarın –
Hüseyn Cavidin, Səməd Vurğunun, Məhəmmədhüseyn
Şəhriyarın və Bəxtiyar Vahabzadənin
lirikasının poetik məziyyətlərinin incələnməsinə
həsr olunmuşdur. Təqdirəlayiq haldır
ki, müəllif quru nəzəriyyəçilik, mücərrəd
mühakiməçilik yolunu tutmamış, təhlilə cəlb
olunan bədii nümunələrin ideya-tematik xüsusiyyətləri
ilə poetik özəlliklərini üzvi vəhdətdə
araşdırmışdır. Bu isə həmin
əsərlərin, bütövlükdə adı çəkilən
ustad şairlərin yaradıcılığının
dürüst və əhatəli səciyyələndirilməsinə
əlverişli imkan formalaşdırmışdır.
Bəllidir ki, çoxəsrlik Azərbaycan poeziyası
tarixində mütəfəkkir ədibimiz Hüseyn Cavidin
xüsusi mövqeyi vardır. Onun böyük ilham və
istedadla yazılmış fəlsəfi-romantik əsərləri
ideya-bədii mündəricəsi ilə ədəbiyyatımızda
yeni hadisədir. Beşinci fəslin ilk
bölməsi də məhz H. Cavid lirikasının mövzu və
ideya düzəninin romantik poeziya üçün xarakterik
olan bütün əsas tematik parametrlər üzrə tədqiqinə
həsr olunmuşdur. İnsan, onun taleyi, cəmiyyətdə
mövqeyi, ruhi-mənəvi təbəddülatları,
kamillik və həqiqət axtarışları,
keçmiş, bu gün və gələcək barədə
fəlsəfi-romantik düşüncələr, məhəbbətin
ülviyyəti, mənəvi ucalığa yönələn
xilaskarlıq missiyası, sosial ədalət, xəyal və
gerçəklik, təbiət mənzərələrinin vəsfi
və s. kimi məsələlərin H. Cavid lirikasının
ideya-tematik strukturunda önəmli yer tutması bu
bölümdə özünün dərin elmi təhlilini
tapmışdır. Müəllif haqlı olaraq bu nəticəyə
gəlir: “Şairin sevgi lirikasında məhəbbət və
gözəllik bir-birini tamamlayır və poetik tədqiq
müstəvisində “cahanı xilas edəcək” ülvi
qüvvə olaraq yer alırlar. Bu kontekstdə H. Cavidin lirik qəhrəmanlarının
keçilməmiş yollar qət edərək özlərini
təsdiq məqamına yetmələri təbii qəbul edilməlidir...
H. Cavid lirik qəhrəmanı məhz
ağrıdan və ruhi-mənəvi yaşantılardan
qaynaqlanan təmənnasız məhəbbətin aşiqidir”.
Hüseyn Cavid lirikasının poetik xüsusiyyətlərini
ayrıca yarımfəsildə araşdıran Himalay müəllimin
həm problemə elmi yanaşmasının
konseptuallığı, həm də gəldiyi qənaətlər,
irəli sürdüyü müddəalar tədqiqatdan
alınan yüksək təəssüratı daha da
tamamlayır və dolğunlaşdırır. Görkəmli ədibin
poeziyasında lirik qəhrəmanın təqdim
üsulları, lirik “mən”in daxili aləmi, şairin bədii
təsvir və ifadələr sistemi, işlətdiyi qafiyə
modelləri, müraciət etdiyi şeir şəkilləri,
xüsusən mürəbbe, qəzəl, nəğmə,
rübai, qoşma və s. barədə dolğun qənaətlər
maraq doğurur. H. Cavidin bədii forma sahəsində də
novator bir şair olduğunu vurğulayan monoqrafiya müəllifi
onun sonet janrına müraciətini, eləcə də Şərq
və Qərb poetik sistemlərinin elementlərindən
yaradıcılıqla istifadəsinin uğurlu nümunəsi,
yenilik axtarışlarının mükəmməl təzahürü
olan “Qəmər”, “Neçin?”, “Çəkinmə, gül!”,
“Mən istərəm ki” və digər şeirlərini bu
aspektdə ideya-bədii təhlil süzgəcindən
keçirmiş, səciyyəvi məziyyətləri
aşkarlamışdır.
Monoqrafiyada Xalq şairi Səməd Vurğunun
lirikası barədə aparılan təhlil və dəyərləndirmələr
də maraq doğurur. Görkəmli sənətkarın məhəbbət
lirikasını əhatəli şəkildə
araşdıran müəllif onun lirikasında fərdi
yaşantıların poetik təcəssümü, avtobioqrafik
məqamlar, kövrək məhəbbbət
duyğularının yüksək emosionallıqla təqdimi,
ictimai mündəricə və s. barədə tutarlı nəticələrə
gəlmişdir. Ələlxüsus S.Vurğun
poeziyasında məhəbbət mövzusunun bədii təqdiminin
klassik lirika ənənələri kontekstində təhlilə
cəlb olunması indiyədək ədəbiyyatşünaslığımızda
lazımınca dəyərləndirilməyən bir sıra mətləblərin
elmi şəkildə aşkarlanmasına şərait
yaratmışdır. Şairin
lirikasının Nizami, Nəsimi, Füzuli poeziyası ilə
müqayisəli səciyyəsi bu baxımdan əlamətdardır.
Təhlil zamanı təkcə Səməd
Vurğunun şeirlərinin yox, bəzi poema və
dramlarındakı lirik parçaların da önə çəkilməsi
kompleksliyə xidmət edən uğurlu vasitədir.
Professor H. Ənvəroğlu S. Vurğun
poeziyasının bir sıra poetik məqamlarını da
ayrıca yarımfəsildə tədqiqat predmetinə
çevirmişdir. Burada şairin ayrı-ayrı
poemalarının bədii strukturu, janr-üslub özəllikləri
barədə aparılan təhlillər, gəlinən əsaslandırılmış
qənaətlər tutarlı və
inandırıcıdır. Ustad sənətkarın
poemalarını həmin aspektdə incələyən alimin
aşağıdakı fikri bu baxımdan xarakterikdir:
“Bakı”nın dastanı” və “Muğan”a fəsil-nəğmələr,
yol təəssüratları sintetizm, liro-epik xüsusiyyət
aşılamışdırsa, “Ölüm kürsüsü”
və “Zəncinin arzuları”nda lirik-publisistik pafos, “Acı
xatirələr” və “Macəra”da təhkiyənin xatirə səpkisi
janra özəllik gətirmişdir”.
Bu
bölmədə həmçinin Səməd Vurğunun
süjetli lirikasına geniş diqqət yetirilmiş, onun
“Konsert axşamı”, “Ananın dərdi”, “İgid şahin”,
“Ananın öyüdü”, “Alman bənnası və sovet
zabiti” və digər əsərləri süjetli şeirin
dolğun nümunələri kimi
araşdırılmışdır. Bütövlükdə
aparılan təhlillər S. Vurğunun poetik
dünyasının bir sıra qatlarına yeni təfəkkür
müstəvisində işıq salır.
Güney Azərbaycanda yaranan ədəbiyyatın misilsiz
ustadı Məhəmmədhüseyn Şəhriyarın bənzərsiz
sənət dünyasının poetik məziyyətləri də
Himalay müəllimin diqqətindən kənarda
qalmamışdır. Əvvəlcə Şəhriyar
lirikasının poetik qaynaqlarına üz tutan alim haqlı
olaraq yazır ki, “Şəhriyar klassik şeirin, milli folklorun
yaşarılı poetik ənənələri zəminində
boy atan, XX əsr Azərbaycan, İran, ümumən Şərq
poeziyasında insan mənəviyyatının sadəliyini,
ülviliyini, əzəli paklığını vəsf edən
ən qüdrətli şairdir”.
M. Şəhriyarın
məhəbbət lirikasını, ictimai məzmunlu şeirlərini
tematika, problematika və poetika baxımından araşdıran
müəllif şairin klassik ənənələrə
münasibəti, folklor motivlərindən istifadəsi, əsərlərində
zəmanənin, cəmiyyətin reallıqlarının bədii
təqdimi, dünyanın və insanın bədii-fəlsəfi
dərki istiqamətində rəngarəng
yaradıcılıq axtarışları, ifadə olunan
avtobioqrafik məqamlar, inam və əqidənin mahiyyəti, vətəndaşlıq
duyğularının poetik təcəssümü, təbiət
gözəlliklərinin vəsfi və s. barədə
dolğun fikirlər irəli sürmüşdür ki, bunlar
da elmi-ədəbi təhlilin vüsəti və məntiqi ilə
seçilir.
Kitabın “Şəhriyari-qəzəl, yaxud qəzəlin
Şəhriyarı” adlı bölümünü ayrıca
qiymətləndirmək gərəkdir. Yüksək
professionallıqla yazılmış bu bölmədə
Himalay müəllim ustad Şəhriyarın qəzəl
yaradıcılığını geniş şəkildə
araşdırmışdır. Təsəvvür
tamlığı naminə əvvəlcə Şərq ədəbiyyatında
qəzəl janrının keçdiyi çoxəsrlik
inkişaf yoluna müfəssəl nəzər
salınmış, səciyyəvi məqamlar ümumiləşdirilmişdir.
Sonra isə Şəhriyarın qəzəlləri
ideya-bədii təhlil prizmasından dəyərləndirilmişdir.
Şairin qəzəllərində bir sıra məqamlarda
Nizami, Nəsimi, Füzuli, Seyid Əzim kimi ustadlardan gələn
ənənələrin davam və inkişaf etdirildiyini yazan
müəllif onun qəzəl sahəsində mühüm xidmətlər
göstərdiyini, Şərq poeziyasının bu qədim janrına
bir sıra yeni xüsusiyyətlər gətirdiyini
vurğulamış, fikrini konkret nümunələr əsasında
izah etmişdir. Şəhriyarın qəzəllərində
avtobioqrafik notlar, hissi-mənəvi yaşantıların
yüksək bədiiliklə təcəssümü, müəyyən
məqamlarda boy verib önə keçən ictimai motivlər
və s. barədə kitabda oxuduğumuz təhlillərdən
aldığımız təəssürat tam və
dolğunluğu ilə yadda qalır.
Nəhayət, monoqrafiyanın beşinci fəslinin son
iki bölümü istedadlı şairimiz Bəxtiyar Vahabzadənin
lirikasına həsr olunmuşdur. “B. Vahabzadə poeziyasının
daxili məna zənginliyinə bir nəzər” adlanan
bölümdə şairin yaradıcılıq yoluna müfəssəl
nəzər salınmış, səciyyəvi cəhətlər
ümumiləşdirilmişdir. Alimin haqlı qənaətinə
görə, “ İnsanın qəlb həyatını
vəsf edən B. Vahabzadənin lirik qəhrəmanı
ümuminsani dəyərlərə bağlı vətəndaş
və milli təəssübkeşdir. Bu dəyərlər
onun sənəti üçün əbədi qayə
olmuşdur”. Xüsusən şairin lirikasında,
ümumən bütün yaradıcılığında Vətən
və xalq taleyinin üstün tutulması, önə çəkilməsi,
ciddi sosial-mənəvi problemlərin cəsarətlə bədii
müstəviyə gətirilməsi və s. barədə təhlillər
və irəli sürülən mühakimələr
razılıq doğurur.
Bəxtiyar Vahabzadəni “böyük və təmiz məhəbbət
nəğməkarı” sayan Himalay müəllim onun sevgi
şeirlərinin bir sıra məqamlarda ictimai mündəricə
ilə də çulğaşdığını dəqiq
müəyyənləşdirmiş, bu fikrə də
müvafiq mətnlərin lazımi təhlili yolu ilə gəlmişdir.
Sonuncu bölmədə isə Bəxtiyar Vahabzadənin
lirikası müdrik fikirlər, mənəvi-əxlaqi qənaətlər,
fəlsəfi ümumiləşdirmələrlə zəngin
olan, xalqımızın əsrlərin sınağından
çıxmış baxışları ilə səsləşən
düşüncələr toplusu kimi dəyərləndirilmişdir. Şairin müxtəlif illərdə
qələmə aldığı bir çox fəlsəfi
şeirlərin ideya-bədii məziyyətlərini
araşdıran alim bu əsərlərdə ifadə olunan
yüksək duyğuların, ali ideyaların özünəmüvafiq
dolğun sənətkarlıq biçimində təzahürünü,
yəni B. Vahabzadənin müdrik fikirləri, fəlsəfi
mühakimələri həm də mükəmməl bədii
qiyafətdə oxucuya çatdırmağı bacaran
böyük söz ustası olduğunu ayrıca
vurğulamışdır. Ədəbiyyatşünas alimin
aşağıdakı fikri B. Vahabzadə lirikasının əsas
məğzinə diqqəti yönəldir: “Bəxtiyar Vahabzadə
... lirikada da, epik poeziyada da, dramaturgiyada da filosofdur, milli və
bəşəri dərdləri deyəndir. Çünki
şair idrakdan özəl qəlbini yandırır, dindirir”.
Bütövlükdə bu bölmə B. Vahabzadə
lirikasının əsas ideya-bədii məziyyətlərini
yetərincə səciyyələndirir.
Tədqiqatın başlıca yekunları kitabın nəticə
hissəsində ümumiləşdirilmiş şəkildə
ifadə olunmuşdur.
Bu qısa qeydlər də göstərir ki, tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Himalay Ənvəroğlunun (Qasımovun) “Azərbaycan şeirinin poetikası” monoqrafiyası tədqiqata cəlb olunan ədəbi problemin çoxsaylı elmi qaynaqlara və bədii materiallara istinadən əsl professionallıqla və əhatəli şəkildə araşdırılması, ən incə məqamların aşkarlanması, çoxəsrlik poeziyamızın poetik xüsusiyyətlərinin yeni təfəkkür işığında öyrənilməsi, müxtəlif şairlərin yaradıcılığının bu aspektdə dəyərləndirilməsi baxımından diqqəti cəlb edən sanballı əsərdir. Yüksək elmi-nəzəri səviyyədə yazılmış bu fundamental monoqrafiya Azərbaycan ədəbiyyatşünaslığının son illərdəki ən dəyərli nümunələrindən biridir.
Sonda keçmiş şagirdim, əziz dostum, çox hörmətli Himalay müəllimə yeni uğurlar və möhkəm cansağlığı diləyirəm!
mart 2013
Yavuz Axundlu,
Professor
525-ci qəzet.-
2013.- 17 aprel.- S.7.