“MDB müsəlmanları sülh və
stabil inkişaf tərəfdarıdırlar”
BAKIDA BU MÖVZUDA BEYNƏLXALQ
ELMİ-PRAKTİK KONFRANS TƏŞKİL OLUNUB
Dünən
Bakıda MDB Müsəlmanları Məşvərət
Şurasının “MDB müsəlmanları sülh və
stabil inkişaf tərəfdarıdırlar” mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirilib. Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) və MDB Müsəlmanları Məşvərət
Şurasının sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadənin sədrliyi ilə
keçən konfransda Beynəlxalq İslam Missiyasının
prezidenti Şafiq Pşixaçev, Tacikistanın, Ukraynanın,
Qırğızıstanın, Serbiyanın, Moldovanın,
Belarusun, Baltikyanı ölkələrin,
Çeçenistanın, Dağıstanın, Adıgeyin,
Başqırdıstanın, Tatarıstanın müsəlman
liderləri iştirak ediblər.
Konfransa
Rusiya Pravoslav Kilsəsinin, Rusiya Baş Ravvinin nümayəndələri,
Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi
Marek Solczynski, Azərbaycan Prezident Administrasiyası
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov,
deputatlar, dini icma liderləri də qatılıblar.
Tədbirdən
əvvəl konfrans iştirakçıları Fəxri
Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər
Xiyabanını ziyarət ediblər.
Konfrans
Qurani-Kərimdən ayələrin oxunması ilə
açılıb.
Mərasimdə
çıxış edən Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam Hacı
Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda
dini icmaların fəaliyyəti dövlət tərəfindən
ən yüksək formada dəstəklənir. O qeyd edib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin xalqın milli mənəvi dəyərlərinə,
dini irsinə ehtiramı sayəsində ölkədəki
bütün dini icmaların fəaliyyəti yüksək
formada dəstəklənir: “Dövlət ilə din
arasında həmrəylik olarsa, bir çox təhlükələrin,
o cümlədən terrorizmin və ekstremizmin də
qarşısının alınmasında göstərilən
səylər uğurla nəticələnər, təhlükələrin
qarşısı alınar. Ölkədə din ilə
dövlət arasında münasibətlərin yüksək səviyyədə
olması cəmiyyətdə mənəvi sabitlik deməkdir”.
O həmçinin
vurğulayıb ki, MDB Müsəlmanları Məşvərət
Şurası MDB məkanında bütün münaqişələrin
tezliklə həll olunmasını istəyir və konfliktlərin
sülh yolu ilə həll olunmasına tərəfdarıdır.
QMİ sədri Dağlıq Qarabağ münaqişəsinin
tezliklə həll olunmasının vacibliyini vurğulayıb:
“Biz istəyirik, tələb edirik ki, erməni
işğalçıları tərəfindən başlanan
Qarabağ problemi beynəlxalq konvensiyanın tələb
etdiyi, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə
də göstərildiyi kimi ədalətli formada həll
olunsun və Azərbaycan torpaqları geri qaytarılsın”.
Bakıda
keçirilən “MDB müsəlmanları sülh və stabil
inkişaf tərəfdarıdırlar” mövzusunda konfransda Azərbaycan,
Rusiya, Belarus və Qırğızıstan prezidentlərinin,
Moskva patriarxı Kirillin konfrans iştirakçılarına təbrik
məktubları oxunub. Azərbaycan Prezidenti İlham Əliyevin
təbrik məktubunu Prezident Administrasiyasının
ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov
oxuyub.
Məktubda
bildirilir ki, Azərbaycan İslam dünyasının tarixi mədəni
mərkəzlərindən biri olmaqla dünyəvi və
çoxkonfessiyalı bir dövlətdir: “Ölkəmizdə
tarixən müxtəlif xalqlar və dinlər arasında
qarşılıqlı hörmət və ehtirama əsaslanan
mehriban dostluq, əməkdaşlıq münasibətləri
mövcud olub. Cəmiyyətimizdə belə mütərəqqi
münasibətlərin bərqərar olmasında İslam
dininin müstəsna rolu danılmazdır. İslam dini öz
bəşəri missiyası ilə insanları daim sülhə,
əmin-amanlığa, humanizmə və həmrəyliyə
dəvət edir. Bu gün ölkəmizdə tarixi mənəvi
irsin, etnik mədəni müxtəlifliyin qorunub saxlanılması
və daha da inkişafı həyata keçirilən dövlət
siyasətinin başlıca istiqamətlərindən biridir.
Hazırda qloballaşan dünyada mürəkkəb ictimai
siyasi proseslər yaşanır. Etnik dini zəmində
münaqişələr, etnik ayrı seçkilik, dini
ekstremizm və islamafobiya kimi arzuolunmaz təzahürlər
müşahidə olunur. Belə hallara qarşı
sivilizasiyalararası dialoqa və əməkdaşlığa
dini mənəvi liderlərin nüfuzlu sözlərinə bu
gün ehtiyac var. Dinin cəmiyyət həyatında xüsusən
də gənclərin mənəvi əxlaqi tərbiyəsində
yeri və rolu düzgün istiqamətləndirilməli,
mütərəqqi islami dəyərlərin təbliği və
təşviqi müasir tələblər səviyyəsində
aparılmalı, dindən siyasi məqsədlər
üçün istifadəyə yol verilməməlidir”.
Prezident məktubunda
bildirib ki, bütün bunlar müasir mərhələdə
Azərbaycanın daxili və xarici siyasətinin, demokratik
dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin
prioritet xəttini təşkil edir: “Ölkəmiz bu sahədə
nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o
cümlədən İslam Əməkdaşlıq Təşkilatında
uğurla fəaliyyət göstərir. Son illərdə MDB
Dinlərarası Şurasının, MDB Müsəlmanları
Məşvərət Şurasının, Qafqaz Xalqları Ali
Dini Şurasının toplantılarının, xüsusən
dünya dini liderlərinin sammitinin Bakıda keçirilməsi
Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini və
ifadə azadlığını bütün dünyaya bir daha
bariz şəkildə nümayiş etdirib. Azərbaycan
dövləti dinlərarası dialoqun dinamik inkişafına
müsbət təsir göstərən bütün səyləri
bundan sonra da dəstəkləyəcək”.
Rusiya səfiri
Vladimir Doroxin isə prezident Putinin konfrans
iştirakçılarına müraciətini oxuyub. Müraciətdə
bildirilir ki, MDB məkanında milyonlarla müsəlman
yaşayır, onlar cəmiyyətin inkişafına
mühüm töhfə verir və aktiv dialoq aparır: “Bu
cür fəaliyyət ölkələrimizin inkişaf
maraqlarına tam şəkildə cavab verir, cəmiyyətin
konsolidasiyasına xidmət edir, MDB məkanında inteqrasiya
prosesləri üçün mühüm əsas rolunu
oynayır”.
Vladimir
Putin konfrans iştirakçılarının ekstremizmə və
radikalizmə qarşı mübarizə aparmasının
vacibliyini qeyd edib: “Ardıcıl şəkildə dini
fanatizmin inkar edilməsi atmosferi formalaşdırmaq zəruridir.
Çünki dini fanatizm mərhəmət,
qarşılıqlı yardım və
dözümlülük prinsiplərinə əsaslanan
islamın mənəvi tarixini təhrif etməyə
çalışır”.
“Azərbaycanda
dövlət-din münasibətləri dünyəvilik prinsipləri
ilə tənzimlənir”. Trend-in məlumatına görə,
bu barədə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin sədri Elşad İskəndərov MDB müsəlmanları
Məşvərət Şurasının 2-ci iclası və
“MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır”
mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı
zamanı deyib: “Din və hökumət qurumları bir-birlərindən
ayrı olduqlarına baxmayaraq, dini və dünyəvi dəyərlərin
inkişafına hökumət qurumlarının yaxından dəstəyi
var”.
O qeyd edib
ki, bu, öz ifadəsini ən gözəl şəkildə
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin
“Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz
dindən ayrı deyilik” sözlərində tapıb.
E.İskgəndərov
bildirib ki, Azərbaycan dövləti dini dəyərlərin
qorunmasına xüsusi diqqət ayırır. “Dini dəyərlər
xalqımızın mənəvi irsi hesab edilir. Bu istiqamətdə
bütün müvafiq qurumların xətti ilə işlər
aparılır. Yenə də ulu öndərimizin “dinimiz
xalqımızın milli-mənəvi sərvətidir”
sözü aparılan bu strateji xəttin nəzəri-praktiki əsasını
təşkil edir. Sovet dövründə
dağıdılmış dinin abidələrin yenidən tikilməsi,
bərpası işi sürətlə aparılır”.
O bildirib
ki, dövlət qurumları dini icmaların problemlərinin həlli
yolunda bir sıra işlər görür ki, bu da Azərbaycanda
pozitiv dünyəviliyin əsas təzahürlərindən
biridir: “Azərbaycanda fəaliyyət göstərən
başlıca dini icmaların rəhbərlərinin ali
dövlət tədbirlərində, dini icmaların
bütün səviyyəli dövlət tədbirlərində
yaxından iştirakı, Prezident İlham Əliyevin təşəbbüsü
ilə dini icmalara maliyyə yardımının illik əsaslarla
göstərilməsi bunun təzahürüdür”.
MDB
müsəlmanları Məşvərət
Şurasının II iclası çərçivəsində
keçirilən “MDB müsəlmanları sülh və stabil
inkişaf tərəfdarıdırlar” mövzusunda beynəlxalq
konfransın yekun sənədi qəbul olunub.
“Trend”in məlumatına
görə, sənəddə bildirilir ki,
görüşün əsas məqsədi postsovet məkanı
müsəlman icmaları arasında qarşılıqlı əlaqələrin
möhkəmləndirilməsi, dini radikalizm əleyhinə mənəvi
qarşıdurma işində müsəlman din xadimlərinin
birgə əməkdaşlığı, multikulturalizm və
tolerantlıq ənənələrinə sadiqliyin
nümayişi olub: “Bəzi postsovet məkanı ölkələri
bir sıra daxildən və xaricdən yönləndirilən
ekstremizm, radikalizm və destruktiv məzmunlu müxtəlif
ideoloji təxribat təhlükələri ilə üz-üzə
qalmışlar. Postsovet məkanının müsəlman din
xadimləri dəfələrlə bəyan etmişlər ki,
terror, istənilən forma və şəkildə – İslam
nöqteyi-nəzərindən cinayətdir. Dini icmalar dövlət
qurumları ilə yanaşı mənəvi dəyərlərin
aşılanması, ekstremizm və terrorizm əleyhinə
mübarizə aparmalıdırlar”.
Din xadimləri
siyasi xadimlərin mövcud problemlərin sülh yolu ilə həllinə
yönəlmiş səylərini dəstəklədiklərini,
baş verən bütün konfliktlərin beynəlxalq
hüququn norma və prinsipləri əsasında, həmçinin
beynəlxalq təşkilatlar tərəfindən qəbul
edilmiş müvafiq qətnamələrə uyğun olaraq həll
edilməsinin vacibliyini vurğulayıblar.
“Bizi həmçinin
qloballaşmanın neqativ nəticələri, miqrasiya prosesləri,
gənclərin tərbiyəsi, ailə institutunun qorunub
saxlanılması, gender məsələləri ilə
bağlı problemlər narahat edir. Buna görə də dinlərarası
və konfessiyalararası dialoqun genişlənməsi ilə
yanaşı, dövlətlərimizin siyasi rəhbərləri
ilə səylərimizin birləşdirilməsini, sülh, əmin-amanlıq
və ali mənəvi dəyərlərin bərqərar
olması naminə dini potensialdan istifadəni əhəmiyyətli
amil kimi dəyərləndiririk”.
Qeyd olunur
ki, MDB müsəlmanları Məşvərət
Şurası dövlətlər tərəfindən dinlərarası
dialoqa verilən önəmi dəstəkləyir və öz
fəaliyyətində dini mərkəzlərlə, həmçinin
beynəlxalq cəmiyyətlərlə əlaqələrin
genişlənməsinə səy göstərir.
Yekun sənəddə
vurğulanır ki, konfrans iştirakçıları
konfessiyalararası və mədəniyyətlərarası
dialoqun inkişafını vacib sayır, bütün forma və
təzahürləri ilə terrorizmi kəskin pisləyir, dini
dözümsüzlük səbəbi ilə təcavüz və
vandalizm faktlarını, dini inanc yerləri və rəmzlərinin,
həmçinin dindarların dini hisslərinin təhqir
olunmasını yolverilməz hesab edir, postsovet məkanında
radikal dini təmaüllərin qarşısının
alınması üçün xüsusi mexanizmlərin
işlənib hazırlanmasını vacib hesab edir, bir sıra
ölkələrdə müsəlmanlara qarşı
dözümsüzlük və islamofobiya hallarının
mütəmadi davam etməsindən narahatlıqlarını
bildirir, Həcc, Ümrə və digər müsəlman ziyarətgahlarına
ziyarətlərin təşkilində əməkdaşlığa
hazır olduqlarını bəyan edir, İslamın informasiya
məkanında geniş təbliğ olunması
üçün ümumi təkliflər
hazırlanmasını, miqrasiya problemləri və gənclərlə
iş sahəsində, həmçinin dini təhsil və
maarif sahəsində postsovet məkanı müsəlman
icmalarının sıx əməkdaşlıq
aparmasını, müvafiq ədəbiyyat və təqvimlərin
müştərək nəşrini, informasiya, iş təcrübəsi,
müəllim və tələbə mübadiləsini vacib
sayır, bu tədbirləri həyata keçirmək, eləcə
də MDB və digər ölkə müsəlmanları ilə
əlaqələri və əməkdaşlığı
inkişaf etdirmək, dinlərarası əməkdaşlığı,
ictimai təşkilatlarla münasibətləri tənzimləmək,
Birliyin müxtəlif ölkələrində, həmçinin
xarici dövlətlərdə Məşvərət
Şurasının kofransları arasındakı müddətdə
görüşlər, elmi simpoziumlar təşkil etmək
üçün Məşvərət Şurasının nəzdində
işçi qrupunun yaradılmasını məqsədəuyğun
hesab edir, tədbirlərin reallaşması üçün
MDB müsəlmanları Məşvərət
Şurasının Fondunun yaradılmasını təklif
edir, bütün dünyanın dini liderlərini bəşəriyyətin
rifahı naminə sülhə, əmin-amanlığa və əməkdaşlığa
dəstək olmağa dəvət edirlər.
525-ci qəzet.-
2013.- 17 aprel.- S.6.