Prometey qayəsi və ya
Şərqdən Şərqə baxış
Naxçıvan Dövlət Universitetinin
on beş yaşlı,
fəaliyyəti boyu parlaq sənət uğurları qazanmış
Tələbə Teatr
Studiyası Azərbaycan
məktəb teatrı
tarixində ilk dəfə
olaraq qədim yunan dramaturqu, faciə ustası Esxilin (e.ə.525-456) yaradıcılığının
zirvəsi sayılan “Zəncirlənmiş Prometey”
faciəsini səhnələşdirib.
Qədim
yunan mifologiyası əsasında yazılmış
bu əsər Tələbə Teatr Studiyasının yaradıcısı,
mənəvi hamisi olan universitetin rektoru, akademik İsa Həbibbəylinin ideyası və elmi məsləhətçilyi
ilə səhnəyə
vəsiqə qazanıb.
Repertuar seçimi zamanı əsərin bəşəriyyətin
mübariz, azadlıq və həqiqət sevən yaradıcı qüvvələrini tərənnüm
edən ideyası əsas götürülüb.
Bu qədim yunan faciəsi rejissorlar – Teatr və mədəniyyətşünaslıq
kafedrasının müdiri,
Azərbaycan Respublikasının
Əməkdar mədəniyyət
işçisi Gülxarə
Əhmədova və kafedranın aktyorluq sənəti ixtisası üzrə müəllimi Tofiq Seyidovun yozumunda müəyyən ixtisarlarla,
müasir milli təfəkkürün işığında
uğurlu səhnə
təcəssümünü tapıb. Tamaşadakı dekorasiya, butaforiya
işi, qədim yunan mədəniyyətini
əks etdirən eskiz və geyimlər,
işıq effektləri
əsərin qayəsini
tarixilik zəminində,
eyni zamanda müasirlik kontekstində,
yeni düşüncənin
işığında tamaşaçıya
çatdırmağa uğurla
xidmət edir. Musiqi tərtibatçıları Tofiq
Seyidov və Elnur Rzayevin seçdiyi, Prometeyə həsr olunmuş qədim yunan musiqiləri uğurlu səhnə tərtibatını
tamamlayaraq səhnədə
mifik aura yaradır.
Səhnə-zal arasında əlaqə
də bunu qüvvətləndirən rejissor
uğurudur. Naxçıvan
MR Bəstəkarlar Təşkilatının
sədri, Naxçıvan
Muxtar Respublikasının
Əməkdar incəsənət
xadimi, kafedranın baş müəllimi Şəmsəddin Qasımovun
skripka və xor üçün yazdığı musiqilər,
səhnədə ilk dəfə
A kapella xordan istifadə teatrın tarixində mühüm yenilikdir.
Tamaşanın ən böyük uğuru antik ədəbiyyat nümunəsi
olan, gərgin və mürəkkəb psixoloji situasiyalarla zəngin, düşüncə,
təfəkkür, ideyalar
mübarizəsi olan mənzum bir dramda qeyri-professional aktyorların öz obrazları üzərində
professionalcasına işləmələridir. Bəzi məqamlarda
diksiyadakı qüsurlar,
hərəkətsizlik, quru
deklamasiya kimi nöqsanlar sənətdə
ilk kövrək qədəmlərini
atan, bəziləri
ilk dəfə səhnəyə
çıxan tələbə
aktyorlar üçün
real görünə biləcək,
təbii nöqsanlardır.
Baş qəhrəman
Prometey – Teatr və mədəniyyətşünaslıq
kafedrasının müəllimi
Elnur Rzayev tamaşanın əsas yükünü fiziki və mənəvi-psixoloji
cəhətdən tamaşa
boyu məharətlə
öz çiynində
daşıyır. Elnurun Prometeyi iztirab, məşəqqət çəkməkdən
çox məğrur,
mübariz, işgəncələrindən
xeyirxahlığının cəzası kimi zövq almağı bacaran, əqidəsinə,
mübarizəsinə, öz
haqq yoluna inanan, bu yoldan
heç Zevsin qəzəbi hesabına da dönməyən bir obraz kimi
uğurlu alınıb.
O, insanlara ümid, etiqad, təfəkkür, iradə bəxş etməyindən heç də peşmançılıq
çəkmir. Okean Prometeyi
Zevsə itaətə,
barışığa, məğlubiyyətə
səsləyir və bu qarşılaşma səhnəsində Prometey
obrazının daxili aləmi bütün məğrurluğu, əyilməzliyi,
dəyanəti ilə
açılır.
Od allahı dəmirçi Hefest –Tofiq Seyidov Zevsin
qərarına boyun əymək məcburiyyətində
qalaraq öz doğma allahı – Promoteyi zəncirləməklə
iztiraba məhkum edərkən acizliyi, təəssüfü uğurla
yaradır. Azərbaycan
Respublikasının Əməkdar
mədəniyyət işçisi
Gülxarə Əhmədovanın
oynadığı Okeanidlərin
böyüyü isə
nəsihətkəranəliyi, acıması ilə yaddaqalan obrazlardır. Tələbə aktyorların sənət
müəllimlərinin onlarla
eyni səhnəni ilk dəfə paylaşmalarından
aldıqları mənəvi
dəstək, inam və ruh yüksəkliyi
tamaşada açıq-aşkar
sezilir. “O ustad ustad deyil ki,
şagirdi özündən
qabağa getməsin!”
deyimini əsas götürərək belə
bir fikri qürurla söyləyə
bilərik ki, istedadlı tələbələr
səhnədə onları aktyor kimi yetişdirən müəllim-rejissorlardan
heç də geri qalmırlar.
Ən uğurlu,
mükəmməl ifalardan
biri çay allahı İnaxın qızı İonu yaradan Aktyorluq ixtisası üzrə II kurs tələbəsi Çinarə Feyzullayevaya
məxsusdur. Çinarə obrazdakı çılğınlığı,
taleyi ilə barışmazlığı, gələcək
aqibətinə marağı
son dərəcə emosionallıqla,
triumfla yaratmışdır.
Obrazın psixoloji ağırlığını
var gücü ilə yaşaması onun istedadından, çoxcəhətli aktyor
ampulasından xəbər
verir. Bu uğurlu ifanın öz emosionallığı,
plastikası ilə Xalq artisti, şedevr
sənətkarımız Hökümə
Qurbanovanın Kleopatrasına
(V. Şekspir. “Antoni və Kleopatra”), dolğunluğu
ilə Xalq artsiti Zemfira Əliyevanın Elektrasına
(Sofokl. “Elektra”) bənzəyişi var.
Zevsin əmrinə müntəzir,
Prometey qarşısında
isə əksinə, amiranə, təkəbbürlü
və kinli Ulu Qüvvət obrazı fizianomiyası, səs tembri, ifa tərzi ilə Pedaqoji fakültənin Bədən
tərbiyəsi və
idman ixtisasının
II kurs tələbəsi
Xatın Ağayevanın
lap boyuna biçilib.
Hermest rolunun ifaçısı – Tarix-filologiya
fakültəsinin Azərbaycan
ədəbiyyatı ixtisası
üzrə III kurs tələbəsi Cavid Kazımbəyli Prometeyə
təsir istəyini jestlərdən istifadə
ilə tamaşaçıya
çatdırmağa müvəffəq
olur. Tamaşada digər tələbə
aktyorlar Bəhruz Quliyev və Rza Zeynalov, okeanidlər
səylə iştirak
edirlər. Okeanidlərin
səhnə davranışları,
teatr tarixində ilk dəfə olan A kapella xor
ifası mütəşəkkilliyi,
tamlığı, nizamı
ilə uğurludur.
Tamaşaya ictimai baxış
zamanı Tarix-filologiya
fakültəsinin dekanı,
filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərlinin də vurğuladığı kimi,
Tələbə Teatr
Studiyası antik yunan ədəbiyyatının
şah əsərlərindən
birinə müraciət
edənədək özünəməxsus
inkişaf yolu keçmiş, “Beyrəyin
taleyi” (1999) ilə oğuzun, “Türklərin
Atatürkü” (2000) ilə
türkün, “Anamın
kitabı” (2003) ilə
Azərbaycanın, “Ölülər”
(2009) ilə Şərqin
taleyini yaradaraq nəhayət “Zəncirlənmiş
Prometey”lə insanlığın
taleyini uğurla səhnələşdirməyə müvəffəq olmuşdur.
Beləcə, dağdan aldığı
vüqar və əzəməti ilə, zəncirdə tapdığı
polad iradəsi ilə Prometey əbədiyyət zirvəsindən
bizlərə sarı
boylandı...
“Azadlığı istəmirəm Zərrə-zərrə,
qram-qram Qolumdakı zəncirləri
qıram gərək Qıram! Qıram! Azadlığı
istəmirəm Bir həb kimi, dərman kimi İstəyirəm
səma kimi, Günəş
kimi! Cahan kimi”!
Bu ideya ilə yaşayan xalqımızın
məşəqqətli, şərəfli
azadlıq mübarizəsi,
istiqlal savaşı canlandı sanki gözümüz qarşısında!
Bu yolda hansı
sınaqlardan keçmədik,
nələr qurban vermədik, nələri itirmədik? İllər
boyu təşnəsi
olduğumuz azadlıq
atəşini nəhayət
xalqın Prometeyi, xalqın xilaskarı öz qayıdışı
ilə “Müstəqillik,
İstiqlal!” adlı əbədiyyət günəşi
kimi qaytardı xalqımıza! Bu varidatı
qorumaq gərək! Vaxtilə Prometeyin nicat, xilas naminə
bəxş etdiyi odu insanlığın qəniminə çevirən,
bütün fəlakətlərə
bais olan, hərb və terror düşkünü insan
qatillərinə, milli
varlığı ilə
insanlığa asi olan milli düşmənimizə
qarşı amansız
olmaq gərək! Budur tamaşanın əsas ideyası, əsas qayəsi!
“Hər daşından alov dilli ox ola
bilən” Odlar yurdu Azərbaycanda, yaranışın beşiyi,
Nuh yurdu, Qoca Şərqin qapısı, sənət
məbədi Naxçıvanda
mədəniyyətlər beşiyi
Şərqin antik sənət incisinin səhnəyə qoyulması
Azərbaycan mədəniyyət
tarixində, Naxçıvan
Dövlət Universitetinin
incəsənət tarixində
HADİSƏDİR! Bu tamaşa Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il
tarixli sərəncamı ilə
dövlət səviyyəsində
qeyd olunan, Azərbaycanda peşəkar
milli teatrın yaradılmasının 140 illiyinə
qiymətli töhfədir.
Tamaşaçı qavrayışında
əqidəlilik, xilaskarlıq,
mübarizlik, məğlubedilməzlik
toxumu səpəcək
“Zəncirlənmiş Prometey”
tələbə aktyorların
qəlbində haqdan yanan, sönməz bir atəş, bir od qaladı! Vətənə, insanlığa, həqiqətə,
sənətə sevgi atəşi!...
M. Sultan.
525-ci qəzet.-
2013.- 17 aprel.- S.2.