“Aç gözlərini, elmü maarif
çağıdır...”
HƏSƏN MƏCİDZADƏ
SAVALAN HAQQINDA
Güney Azərbaycanda xalq həyatının tərcümanlarından
biri də Ərdəbil şəhəri
yaxınlığında, Savalan dağının ətəklərindəki
Nir qəsəbəsində dünyaya göz açan (1947) Həsən
Məcidzadədir. Şairin doğulduğu 40-cı illərdə
İranda mürəkkəb ictimai-siyasi hadisələr baş
verməkdəydi. Rza şah Pəhləvi hakimiyyətinin
zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına,
çinovnik və ərbabların
özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş
əhali mövcud rejimə qarşı etiraz səsini
qaldırır, milli haqq və hüquqları uğrunda
mübarizəyə qalxır, Güney Azərbaycanda Güney
Azərbaycanın milli-azadlıq hərəkatının yeni
dalğası kükrəyirdi. Bütün bu
hadisələrin şahidi olan balaca Həsən də məhrumiyyətlərə,
sıxıntı və ehtiyaclara məruz qalırdı.
Atası hərəkatın fəallarından
biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin
düşmüşdü. Ailənin
başçısı qanlı hadisələr zamanı həlak
olduqdan sonra babası Baratəli kişi
külfəti Tehrana köçürmək məcburiyyəti
qarşısında qalır. Çünki Təbriz
qan gölündə üzürdü. 1946-cı il 21 Azər hərəkatının, Demokratik
Hökumətin irticaçı qüvvələr tərəfindən
qan dənizində boğulması, kütləvi qətl və
qırğınların törədilməsi, azadlıq fədailərinə
divan tutulması dəhşətli milli faciə idi.
Həsən də erkən yaşlarından işləməyə,
başsız qalmış ailəyə çörək pulu
qazanmağa məcbur olur. Elektromexanika
emalatxanasında şagirdlik edir və qısa müddətdə
çilingərlik sənətini öyrənir. 12
saatlıq ağır iş rejimi onun ədəbiyyata, Azərbaycan
dilinin tarixinə, türkcənin incəliklərinə olan
tükənməz həvəsini boğa bilmir. O, Azərbaycan
ədəbiyyatının Nizami, Füzuli, Həbibi, S.Ə.Şirvani,
M.Ə.Sabir, S.Vurğun, S.Rüstəm, Ə.Vahid və b.
yaradıcılığından ilham alır. Onların
əsərlərindən təsirlənərək şeirlər
qələmə alır, eyni zamanda, soydaşları arasında
ədəbiyyatı təbliğ edir, ədəbiyyatşünaslığa
dair məqalələr yazır. S.Ə.Şirvani,
M.H.Rüşdiyyə, M.Müşfiq, Nəbi Xəzri kimi sənətkarların
həyat və yaradıcılığına yeni ədəbi
dəyərlər prizmasından yanaşaraq qələmə
aldığı məqalələri “Varlıq” dərgisində
dərc etdirir.
Tehran, Təbriz,
Ərdəbil radiolarında, Rudəki salonlarında, şeir-sənət
məclislərində ardıcıl olaraq
çıxışlar edir. Başı
qarlı Savalan dağına, ana Vətənə uca məhəbbətinin
ifadəsi kimi, şeirlərini “Savalan” təxəllüsü
ilə yazmağa başlayır. O, bütün türk
dünyasında da elə bu imza ilə tanınır və
sevilir.
Yaradıcılığı. Elini, dilini, torpağını
ürəkdən sevən, odlar yurdu Azərbaycanın
aydın gələcəyinə inanan, xalqına və Vətəninə,
onun mədəniyyətinə, adət-ənənələrinə,
bir sözlə milli-mənəvi dəyərlərinə
düşmənçilik mövqeyindən yanaşaraq xəyanət
edənlərə, milli varlığına xor baxanlara qənim
kəsilən Savalan ana dilinin saflığı,
varlığının qorunması uğrunda bütün
ömrü boyunca mübarizə aparmışdır. Şairin əsərlərində ana dilinə, Vətənə,
el-obaya, türk ruhuna dərin sevgi, sonsuz məhəbbət
qırmızı xətt kimi keçir. Ana dilini milli
varlığın əsası sayan şair yazır:
Ey
böyük ulusun anası anam!
Oğuz ellərindən qalan nişanam.
Eşqinlə
yaşıyam, eşqinlə yanam
Sənsən bu bağrımda çırpınan, dilim.
Ana dili,
qadağan edilmiş, milli haqq və hüquqları
tapdalanmış doğma xalqının var
olduğunu-varlığını “Varlıq”ın səhifələrində
ləyaqət və qürurla təcəssüm etdirən
jurnalın təsisçisi və baş redaktoru, görkəmli
alim-cərrah, dilçi və ədəbiyyatşünas Cavad
Heyət, türkoloq-şair Həmid Nitqi, folklorşünas
alim Məhəmmədəli Fərzanə və xalq ədəbiyyatının
yorulmaz tədqiqatçısı Əli Kəmali,
istedadlı şairlər-Kərim Məşrutəçi
Sönməz, Əziz Möhsüni, İsmayıl Hadi, Əbdülkərim
Mənzuri Xamneyi, professorlar-Qulamhüseyn Bəydili və Həmid
Məmmədzadə və bir çox başqa ziyalılar kimi
Savalan da uzun illərdən bəri milli haqq və hüquqlar,
vahid ədəbi dil, vahid yazı mədəniyyəti yaratmaq
uğrunda mübarizə aparır. Savalan Cavad Heyətin el-oba,
Güney Azərbaycan xalqı və ədəbiyyatı
qarşısındakı xidmətlərinə yüksək dəyər
verərək ustada həsr etdiyi şeirində:
Sən
elin daimi bir qayğıkeşi, məhrəmisən,
Vətənin
xadimi, yurd aşiqi, el görkəmisən,
– yazır.
Savalan yaradıcılığının müasir
Güney Azərbaycan ədəbiyyatında özünəməxsus
yeri var. Onun yüksək ideyalı əsərlərində
bir çox mətləblər sətiraltı və ya
açıq təsvirlər vasitəsilə oxucunun
idrakına, düşüncələrinə sirayət edir. Əsərlərində fərdi
üslub və ehsasatlı bədii dil də diqqət çəkən
əsas cəhətlərdəndir:
Deyim
bağlayıblar mənim dilimi,
Axı, bundan ayrı sözüm varmı?
-Ya əskik
sayırlar doğma elimi?
Sözdədir, deyirlər bərabər bəşər.
Yurdumuz
bölünmüş bir ürək kimi,
Odur ki, qan gedir ürəyimizdən.
(Savalan bu
şeiri
1970-ci ildə
yazmışdır)
“Azərbaycanın Xalq şairi Süleyman Rüstəmin
“Yasin əvəzinə” şeirinə cavabından gətirdiyimiz
bu nümunədən də göründüyü kimi,
Savalanın ədəbi düşüncələrinin
inkişaf istiqaməti bədii fakt kimi oxucu qəlbini ehtizaza gətirir. Nadanlığa
və cahilliyə qarşı mübarizə aparan şairin əksər
əsərlərində məhz həqiqət üzərində
qurulmalı olan bir cəmiyyətin yalnız elm, təfəkkür,
Sözün işığı və iman nuru ilə hərtərəfli
tərəqqi və kamilliyə nail olacağına əminlik
özünü göstərir. Əsərlərini təsirli,
emosional bir formada qələmə alan, həyatda
və bədii yaradıcılıqda bütün ömrü
boyunca Vətən və İnsan idealını-həqiqətini
axtaran müəllifin mövcud hadisələrə konkret
münasibətinin təzahürü olan şeirləri məhz
bu üzdən inandırıcı təsir
bağışlayır.
Savalan sözə vurğun şairdir və bu
vurğunluq onun bütün yaradıcılığında
özünü göstərir. Onun sevgi şeirləri
hər bir sevən kəsin qəlbindəki göynərtiyə,
ürəyindəki ağrıya şəfa verən məlhəmə
çevrilə bilir. Şair lirik-fəlsəfi
əsərlərində xeyirxahlıq və humanizmin,
yaxşılığın-işıqlı aləmin spesifik
cəhətlərini həssaslıqla oxucuya
çatdırır. İnsanın meyar,
ölçü kimi səciyyələnməsi, bu
ardıcıllıqda İnsan adlandırılan bir
varlığın Tanrı elçisi olduğu Savalanın əsərlərində
fəlsəfi boyalarla verilir. İnsan mahiyyət
etibarı ilə müqəddəslik xüsusunda boy verirsə,
şairin qənaətində onun müəyyən mənada dəyişdiyini
görürük. İnsan formaca dəyişən
olsa da, xarakter etibarı ilə dəyişməzdir. Məhz bu dəyəri anlayan Savalan da artıq
imtahan-sınaq məqamını yaşayan və bir-birinə
qış-yaz münasibəti ilə baxan aşiq-məşuqun
hələ səbəbi məlum olmayan
ayrılığın tezliklə onların qəniminə
çevriləcəyi faktının
ağrı-acısını tək yox, eyni zamanda, aşiqanə
hisslərin narahatçılığını vaxtilə
yaşamış oxucu ilə bölüşmək istəyir.
Qətiyyətlə deyə bilərik ki,
şair bu məqsədinə nail olur və müraciət
etdiyi şəxsin insan timsalında nədən belə bir
hala düşdüyünü fakt olaraq oxucu
qarşısına qoyur. Aydınlaşdırmağa
çalışır ki, bu dəyişkənliyi yaradan səbəblər
hansılardır? Cavab qısa və konkret, son dərəcə
aydındır: – Cahillik, dini fanatizm, milli zülm və əsarət,
doğma dilin qadağan edilməsi, yaxud ləhcə
sayılması, milli təhsilin yoxluğu, elm və maarifin
aşağı səviyyəsi, yaxud heç olmaması... Halbuki Savalan hətta qəzəllərində belə
soydaşlarını elm və maarifi öyrənməyə,
elin-ulusun, ana dilinin qədrini bilməyə, el
üçün can yandırmağa, xalqın işinə
faydalı, gərəkli olmağa səsləyir. O,
insanın həyatda mütləq mənada özünü
tapmasının, doğru-düzgün yaşamasının
onun gələcək yolunu müəyyənləşdirməsində
həlledici amilə çevriləcəyini bəyan edir:
Sən
yurduna yan, yan elüvə, yanmalı vaxtdır,
Doğma dilüvə yansan əgər bisəmər
olmaz.
Sən tut
elini, tap özünü, bil, yaşa düzgün,
Hər
iş görəsən, bil ki, hədərsiz əsər
olmaz.
Aç
gözlərini, elmü maarif çağıdır, bax,
İnsan tanınan kimsə belə bibəsər olmaz.
Ərəb ədəbiyyatında yaranan və klassik
Şərq şeirində aparıcı mövqe tutan qəzəl
janrı, şübhəsiz ki, Azərbaycan poeziyasında da ən
çox işlənən lirik şeir forması olmuşdur. Ərəb-fars
dillərini mükəmməl bilən və əruz vəzninin
müxtəlif bəhrlərində şeirlər yazan
Savalanın qəzəlləri isə daha çox
ictimai-siyasi, fəlsəfi məzmunu ilə yadda qalır.
İctimai məzmun onun qəzəllərində
də aparıcı xətdir. Hakim Pəhləvi
xanədanının məmurları tərəfindən
xalqın başına gətirilən müsibətlər,
milli zülm qəzəllərində də önə çəkilir.
Savalanın şeir və poemalarında məcazların,
folklor nümunələrinin çoxluğu onun xalq ruhuna,
soykökünə nə qədər bağlı
olduğunun, şifahi xalq ədəbiyyatından yüksək
sənətkarlıqla bəhrələndiyinin təzahürüdür. Şair yüksək bədii-poetik
fikrin ən yığcam ifadə forması olan lakonik şeirlərini-bayatıları
da əsl sənətkar məharətilə qələmə
almışdır:
Əzizim,
qara gözlər,
Baxırsan hara, gözlər?
Qolların
sal boynuma,
Çatdıq ilqara, gözlər.
Və
yaxud:
Firuzə
üzük qaşı,
Göy daşdır üzük qaşı.
Kişidə
qeyrət olsa,
Atmaz qohum-qardaşı.
Bu bayatılarda, eləcə də lirik şeirlərində
həyati-ictimai gerçəklik təcəssüm olunur. Şair həyati
dəyərlərin və real hadisələrin, xalq ənənələrinin
dolğun şəkildə inikasına
çalışmışdır. O, yaxşı
gündə də, çətin, ağır çağlarda
da xalqının yanında olmağı bacaran, millətinin
sevincinə sevinib kədərinə kədərlənməyi
bacaran vətəndaş şair, vicdanlı ziyalıdır.
Şair sənətkarlıqla qələmə
aldığı qəzəllərində də onu
düşündürən, narahat edən milli məsələləri,
müşkülləri, xüsusilə ana dilinə qoyulan
qadağaları qabardır, bu məhrumiyyətlərin
çox çəkməyəcəyinə, zülm evinin nə
vaxtsa bərbad olacağına, zalımların,
zülmkarların qurduğu xanimanın öz başlarına
uçacağına da inanır:
Daim
yaşayış oldu bizə bir qara dustaq,
Əl-qol yerinə bəndə vurulduq dilimizdən.
Ancaq bilirəm,
zülm evi odlanacaqdır,
Xəlq üsyanı, el ahı, bizim nisgilimizdən.
Məhz bu səbəbdən “Savalanın şeirlərini
xalqın həsrət və hicranının ədəbi səlnaməsinin
çox oxunan səhifələri sırasına daxil etmək
heç də yanlış olmazdı”.
Poemaları. 1945-46-cı illər milli-azadlıq hərəkatının
yatırılması, milli hökumətin məğlub edilməsi,
inqilab fədailərinə divan tutulması onun
yaddaşında tarixin qanlı səhifəsi kimi
yazılmışdır. Savalan “Ana” poemasında məhz
Milli Demokratik hökumət məğlub edildikdən sonra Cənubi
Azərbaycanda baş verən hadisələri, canlı
şahidi olduğu və ağrısını illər uzunu qəlbində
yaşatdığı faciələrdən birini, qəhrəman
ananın öz idealı uğrunda canını fəda etməsini
qələmə almışdır. Şair
üçün ədəbiyyat bütün tarixi dövrlərdə
xalqın yaşadığı gerçək həyatın,
bu həyatda baş verən yeni keyfiyyət dəyişikliklərinin,
onun duyğu və düşüncələrinin,
başından keçən hadisə və olayların bədii
inikasıdır.
“Dinlə, gəlin qayası” poemasının, adından
da göründüyü kimi, mövzusunu Azərbaycanın
xalq əfsanəsindən alsa da, şair əsərdə
orijinal bir sevgi hekayəti qurmuş, qəhrəmanlarının
simasında oxucusunu saf və əbədi məhəbbətin
varlığına inandırmağa
çalışmışdır. “Bahar bayramı” poemasında
bütün yaradıcılığının baş
mövzusu Vətən, ana dili, xalqının azadlıq,
istiqlal duyğularının tərənnümü olan Savalan
Azərbaycan xalqının qədim adət-ənənələrinə,
tarixən yurdumuzda xüsusi məhəbbət və
coşğunluqla qeyd olunan bahar bayramının özəlliklərindən
və gözəlliklərindən bədii dilin qüdrətilə
söz açmışdır. Min bir rəngli,
min naxışlı ana təbiətin
ecazkarlığından, gözəlliyindən söz
açdığı poemada mövzunu yenə də
ümummilli məsələlərin üstündə, ictimai
məzmunda kökləyir. Haqqı söylədiyinə,
həqiqəti yazdığına görə böyük
Sabirə rəhmət oxuyur, ancaq bir xalq mahnısından
iqtibas verərək “Sən deyən olmayıb hələ,
Arxa su dolmayıb hələ, Köhnəlikdən çox
şey durur, Rəngi də solmayıb hələ” yazır və
oxucuya sətiraltı mənada çatdırır ki,
Güney xalqı qolundakı buxovlardan hələ də
qurtulmayıb, arzuladığı istiqlala qovuşmayıb.
Anayasa, konstitusiya ana dilində təhsil hüququ versə də,
Güney xalqı bu gün də bu haqq və hüquqdan məhrumdur:
Anayasa yazıb
ki, biz
Doğma dildə dərs oxuyaq.
Doğrudan
insan sayılıb,
Dilimizdə təməl qoyaq.
XX əsrin II yarısında İranda, eyni zamanda
Güney Azərbaycanda formalaşan ədəbiyyatda da bu meyllər
daha aydın görünməkdə idi. Bu dövr ədəbiyyatında
bir sıra maraqlı və mürəkkəb proseslər
baş verirdi. Məhz bu dövrdə
yazıçı və şairlər xalq həyatına
üz tutur, öz əsərlərində xalqın tarixi
keçmişinə, yaşantılarına, əsrlərin
sınağından keçərək mövcudluğunu
qoruyub saxlamış ağız ədəbiyyatına, folklor
qaynaqlarına müraciət edirdilər. Şifahi
xalq yaradıcılığı, xalq əfsanə və rəvayətlərinin,
mahnılarının motivləri əsasında yaranan əsərlərdən
biri də Savalanın “Apardı sellər Saranı”
poemasıdır. Şair bu məşhur
poemanı hələ 1978-79-cu illər İslam inqilabından əvvəl,
1966-cı ildə yazmışdı. Lakin o, poemanı 12
il nəşr etdirə bilmir. Səbəb
isə aydın idi: Əsərdəki milli-ictimai motivlər,
xalq ruhunun inikası və ən başlıcası, Azərbaycan
dilində qələmə
alınması... Savalanın döymədiyi nəşriyyat
qapısı qalmır, əsəri heç olmasa folklor
nümunəsi kimi çap etdirmək istəyir, lakin heç
bir naşir bu məsuliyyəti boynuna götürmür.
Poemanın üçüncü çapına
Gəncəli Səbahinin yazdığı ön sözdən
məlum olur ki, “Apardı sellər Saranı” Savalanın
1967-cı ildən qabaq yazdığı
üçüncü poemasıdır. Onlardan biri
mövzusunu Azərbaycanın xalq əfsanəsindən aldığı “Dinlə, gəlin
qayası”, digəri isə Milli hökumətin fədailərindən
olan, öz idealı uğrunda canından keçən bir
ananın parlaq obrazını yaratdığı “Ana”
poemalarıdır ki, onların da çapı gerçəkləşməmişdi.
Çünki 1947-1978-ci illərdə İranda
və Güney Azərbaycanda Azərbaycan dilində kitab, qəzet,
jurnal nəşri, uşaq bağçası və məktəblərdə
bu dilin tədrisi qadağan idi. Və həmin
tarixi mərhələdə “Fars dilinin İranın qeyri-fars əhalisi
arasında yayılmasına aid şahın özünün
xüsusi göstərişləri mövcud idi. Hələ
1958-ci ildə hökumət kabinəsi üzvlərinin
iclaslarının birində İran şahı maarif nazirinə
müraciətində ona belə bir göstəriş
vermişdi: – Elə et ki, fars dili uşaq
bağçalarında, məktəblərdə və mətbuat
orqanları vasitəsilə yayılaraq bir müddətdən
sonra xalqın adət və vərdişinə çevrilsin və
onlar tədricən öz ana dillərini unutsunlar” (5.324). Savalanın əli hər yerdən üzülür,
çıxış yolu tapmaq üçün
türkoloq-alim, şair Həmid Nitqiyə müraciət edir.
Əsəri oxuyub redaktə edən doktor H.Nitqi “Ruzən” nəşriyyatının
sahibi İbrahim Gülüstana yazır: ”Öz
türkcəmizdə son illər bu gözəllikdə əsər
oxumamışam. Hər necə olursa-olsun
çap elə”. Və məsləhət görür
ki, əsər fars dilinə tərcümə
edilsin və hər iki dildə çap olunsun.
Şair
poemanı fars dilinə çevirir, lakin
yenə də nəşrinə nail ola bilmir. Yalnız
1978-79-cu illər İran İslam inqilabından sonra poema
işıq üzü görür. “Apardı
sellər Saranı” poemasının əsas məziyyətlərindən
biri və ən başlıcası əsərin doğma dildə,
Azərbaycan türkcəsində yazılması, güclü
milli ruha malik olması idi. Xalqımızın
şanlı-şövkətli keçmişinin, milli mədəniyyətinin,
çoxəsrlik zəngin ədəbi irsinin, milli-mənəvi
sərvətlərinin inkar edilərək dilinin
unutdurulduğu bir dövrdə bu səpkili əsərlərin
araya-ərsəyə gətirilməsi böyük önəm
daşıyırdı.
Savalan sələflərinin
yaratdığı ənənəyə sadiqlik göstərərək
Azərbaycan adlı qədim diyarın, Azərbaycan
xalqının bədxahlarına poemada bir daha göstərirdi:
Azərbaycan!
Sənin ucadır başın,
Tarixlə
bərabər başlanıb yaşın,
Keçmişdən
söz açır hər dağın, daşın
Çox
sayın tarixə malik torpağın
Hər dərən, hər düzün, hər
çayın, bağın.
Şair epik və lirik poemanın məziyyətlərini özündə təcəssüm etdirən əsərdə Azərbaycan xalqının tarixi kimliyini, şərəfli bir inkişaf, tərəqqi yolu keçdiyini bir daha xatırladaraq, ana yurdun füsunkarlığını, əsrarəngiz gözəlliklərini vəsf edir, iki sevən gəncin bədbəxtliyinə səbəb olan, atanı balasından edərək ocağını söndürən zalım, qəddar, yadelli hakim obrazı yaratmaqla yaşadığı dövrün eybəcərliklərini, insanlar arasındakı ayrı-seçkiliyi, qeyri-bərabərliyi, zalımın məzlumu əzmək, hüquqlarını boğmaq, tapdalamaq hərsliyinin bədii poetik təsvirini vermişdir. Savalan fars şovinizminin Domokl qılıncı tək Güney Azərbaycan türklərinin başı üstündə asıldığı çətin bir şəraitdə qədim xalq əfsanəsini doğma türkcədə, ancaq öz fikir və düşüncə ampulasında qələmə alaraq çağımızla əfsanənin yarandığı dövrün müqayisəsini aparır. Oxucuya anladır ki, hakimlər üçün bu gün də heç nə dəyişilməyib, həyat da, qanunlar da onların-“güclülərin”, cahil hakimiyyət məmurlarının diktəsilə idarə olunur, məhkum insanların, məzlumların, xalqın taleyi onların əlindədir...
Əsər “Xan çoban və
Sara” qədim xalq əfsanəsinin və bu əfsanənin
mahiyyətini özündə yaşadan “Apardı sellər
Saranı” xalq mahnısının motivləri əsasında
yaradıcı şəkildə qələmə
alınmışdır. Əməkçi insanların,
sevgisində, eşqində pak və son nəfəsədək
sədaqətli olan sadə zəhmət adamlarının
parlaq obrazları əsərə xüsusi təravət və
oxunaqlılıq verir. Bu insanların qurduqları ailə –
öz balaca dünyaları saf, təmiz, ləkəsiz, fərəhlidir.
Lakin bu saf ailənin mizanını yadelli hakim qəddarcasına
pozur. Saranı ailəsindən və nişanlısı Xan
Çobandan zorla ayırıb aparmaq, əşya kimi ona sahiblənmək
istəyir. Lakin mənən cılız güc
sahibinin arzusunu qızın atası Soltan gözündə
qoyur, namusu ləkələnib yaşamaqdansa, verdiyi sözə
xilaf çıxmaqdansa, qızının şərəflə
ölməsini üstün sayır və sevimli
Sarasını Arazın təlatümlü sularının
qoynuna atır. Çoşqun dalğalar gözəl
Saranı, namus qurbanını qəbul edir. Təbiətin
qəflətən coşaraq lərzəyə gəlməsi,
Arazın qızı bağrına basması dünyanın sərvətindən,
var-dövlətindən məhəbbət və ləyaqəti,
şərəf və namusu üstün, müqəddəs
tutan iki namus mücəssəməsini izzəti-nəfsinin
alçaldılmasından qoruyur. Savalan poemanı xalqın
yaratdığı varianta uyğun bir sonluqla bitirir.
Savalanın “Apardı sellər Saranı” poemasında həsrət və ayrılığın nə qədər dözülməz, ağır olduğunu oxucu dərindən dərk edir. Çünki şair “bir ailənin faciəsini tarix boyu bir-birini əvəz edən qanlı işğalçı müharibələri, talan və vəhşilikləri nəticəsində Vətənə üz verən fəlakət kimi mənalandırmışdır. Zəhmətkeş insana xas olan əxlaqi gözəllik elin heç bir zaman əhəmiyyətini itirməyəcək adət-ənənələri vətərpərvərlik, əməksevərlik kimi mənəvi keyfiyyətlər əsərdə həm alimanə, həm də şairanə ifadəsini tapmışdır.”
Savalanın “Bahar bayramı” poeması da dövrünün ictimai ruhunun bədii dərkini özündə ehtiva edir. Poemada utopik əhvali-ruhiyyə yoxdur, təbii, bəlkə də oxucuların əksəriyyəti müəllifin çətin şəraitdə azad mühitdən yazmasını və azadlığı arzulamasını yalnız arzu, xoş bir xəyal kimi başa düşə bilər, amma şairin nəzərində oxucunun gəldiyi qənaət heç də gerçək məqam kimi təzahür edə bilməz. Çünki o dövr şairlərinin hər biri mübarizə ruhunun sonda inqilabla nətcələndiyini öz gözləri ilə görmüşlər. Ona görə də Cənubda yaşayıb-yaratmış bütün şairlərin qələm nümunələri gerçək həyatın ən çətin məqamlarını inandırıcı şəkildə, aydın əks etdirmişlər.
“Bahar bayramı” poemasında Savalanın sənətkarlıq məharəti bir daha özünü göstərir. Metaforik xüsusiyyətlərin qabarıqlığı ilə seçilən əsərdə bədii təsvir vasitələrindən, xüsusilə məcazlardan, müdrik kəlamlardan, atalar sözlərindən də yerli-yerində istifadə olunması fikrin daha təsirli ifadəsinə xidmət edir: Qızıl günəş işıq salıb, Min çiçəklə gəlib bahar. Atalardan bir söz qalıb:”Hər gecənin gündüzü var”.
Dilini, elini, dinini sevən, bu müqəddəsliklərin dəyərini, qədrini bilən və qələmilə onların keşiyində duran Savalan yaratdığı zəif və ya güclü əsərlərində xalq ədəbiyyatına, folklora, əfsanə və rəvayətlərə müraciət etməklə göstərir ki, onun qəlbi yüksək bədii, həm də çox mühüm tarixi, ictimai-siyasi əhəmiyyəti olan Azərbaycan xalq yaradıcılığına məhəbbətlə boyaboy doludur. Bu məhəbbətin diqtəsilə Həsən Məcidzadə Savalan “Apardı sellər Saranı”, “Divani-həbibi”, “Əliağa Vahidin divanı”, “Türk mahnıları (İki cilddə)” kitablarını araya-ərsəyə gətirmiş, Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərini müasir əlifbaya çevir-miş, “Nəhcül-bəlağə”ni isə müasir əlifba ilə yığaraq tərtibatını vermişdir.
Savalan və qələmdaşları dərindən dərk edirdilər ki, Güney Azərbaycan ədəbiyyatının güclənməsi orada milli-intellektual şüurun güclənməsinə ciddi təkan verəcək, istiqlala qovuşmaq arzusuna xalq bir az daha yaxınlaşacaq.
Esmira Fuad,
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 18 aprel.- S.7.