Görkəmli aktyor Əli Zeynalovun 100 illiyi qeyd olunub

 

2013-cü il aprelin 16-da Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Əli Zeynalovun (1913-1988) 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində görkəmli sənətkarın yaradıcılığından bəhs edən fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.

Tədbirin aparıcısı, Xalq artisti Nurəddin Mehdixanlı görkəmli aktyorun sənət yolundan söz açıb. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vilayət Qafarov, kinoşünas, professor Aydın Dadaşov, xalq artistləri Amaliya Pənahova, Rafiq Əzimov və başqa çıxış edənlər Əli Zeynalovun teatr və kino yaradıcılığından danışdılar, xatirələrini bölüşüblər. Gecədə musiqilər səsləndi, Əli Zeynalovun rol aldığı tamaşa və filmlərdən parçalar nümayiş olunub.

Əli Zeynalov Akademik Milli Dram Teatrında çalışdığı 30 il ərzində bir-birindən maraqlı rollar yaradıb, 9 bədii filmdə irili-xırdalı rollar ("Kölgələr sürünür"də İmamzadə, "Bir qalanın sirri"ndə Simnar xan, "Səhər"də Abuzər bəy) yaradıb, 25 bədii, 5 sənədli filmi səsləndirib. Azərbaycan dublyaj sənətinin inkişafında Əli Zeynalovun xidmətləri əvəzsizdir. Xalq artisti Nodar Şaşıqoğlunun ekran obrazlarının çoxunu ("Uzaq sahillərdə" - Mehdi), ("Telefonçu qız" - Zakir), ("Əsl dost" - Fərman) Əli Zeynalov səsləndirib. Uzun illər Dövlət İncəsənət İnstitutunda "səhnə danışığı" fənnindən dərs deyən Əli Zeynalov eyni zamanda əvəzolunmaz pedaqoq kimi yadda qalıb.

 

 

Günel

 

525-ci qəzet.- 2013.- 18 aprel.- S.7.