Zəlzələdən sonra...
(bədii oçerk)
Armatay dağının geniş düzənlik olan ətəyində yan-yana iki kənd yerləşir. Kəndlərdən birinin ayaq hissəsindən, digərinin isə tən ortasından iki rayonu birləşdirən “köhnə yol” keçir. Bu yerin bir özəlliyi də odur ki, buradan Qax və Zaqatala rayon mərkəzlərinə olan məsafə eynidir. Yolun üstündə neçə-neçə kənd sıralanıb. Kəndlilərin rayon mərkəzlərinə bazarlıq, yaxud iş dalınca gediş-gəlişini təmin etmək üçün hər rayonun avtovağzalından xəttə bir avtobus buraxılır. Sahibkarlar da yola uyğun, bəlkə də üçüncü, dördüncü “ömrünü” yaşayan, “PAZ” avtobusları xəttə çıxarırlar. Məqsədləri də hər kəsə yaxşı bəllidir: gəliri yaxşı olsun, sıradan çıxanda da onları çox xərcə salmasın, xərcə salanda da buna çox heyfslənməsinlər.
Yayda bu yolu getməyin zülmü ayrı, qışda isə tam başqadır. Yayda təkərlərin altından qalxan tozun yarısı avtobusun içinə dolur. Hətta bəzi yerlərdən keçəndə sərnişinlər tozdan ağız-burunlarını tutur, əlacları olsa, heç nəfəs də almazlar. Mənzil başına çatan sərnişinlərin qaşlarına, kipriklərinə qonmuş tozdan ətrafdakılar bilir ki, bunlar hansı yolu gəliblər. Qışda isə kənd adamları evdən çıxanda daha qalın geyinərlər ki, avtobusda onları soyuq tutub sətəlcəm olmasınlar...
May ayının ilk günləri idi. Yadigar uzaq səfərdən
qayıdanda kəndin ayağındakı tut
ağaclarının yanında “PAZ”ı saxlatdırıb
düşdü. Avtobus toz qoparıb yerindən
tərpənməmiş yolun o üzünə keçməyə
tələsmədi. Başını
qaldırıb altında dayandığı tut
ağaclarına baxdıqca uşaqlıq çağları
yadına düşdü. Kəndin
tay-tuşları ilə gəlib bu ağaclardan tut yeyirdilər.
İndi isə o vaxtdan aylar, illər
ötmüşdü. Bu ağaclardan
Yadigardan çox illər əvvəl də, sonralar da tut yeyənlər
olmuşdu. Hələ bundan belə
neçə nəsil də bu ağacların bəhrəsini
görəcəkdi. Gövdəsi yoğun,
şaxəsi iri ağacların uzun budaqları yenicə yarpaq
açıb yaşıllığa qərq olmuşdu. Yarpaqların arasında seyrək, xırda tut dənələr
görsənirdi. Yetişməsinə hələ
xeyli vardı. Yəqin ki, kəndin indiki
“Yadigar”ları tutun yetişəcəyi günü gözləyirdi.
Yadigar idman çantasının uzun və qalın kəmərini
sağ çiyninə keçirib kəndə sarı
addımladı. Yolun sağında və solunda mişar
daşından tikilmiş, bir-birindən fərqli,
yaraşıqlı evlər ucalırdı. Bu təzə
salınan məhəllələr on beş,
iyirmi ilin yenilliyi idi. Ondan əvvəl yolun
üst tərəfi gər bağı olub. Hələ neçə illər qabaq kənddə
baramaçılıq güclü inkişaf edib. Bu məqsədlə də salınmış gər
bağının ipək qurdunun yemlənməsində
böyük əhəmiyyəti vardı. Qara
tut ağaclarından yaşıl yarpaqla
örtülmüş pöhrə budaqlar kəsilər və
ipəkqurduna yedizdirilərdi. Bu da mövsümlə əlaqədar
olan iş idi. Qırx günə davam edən
barama kampaniyası kənddə ən ağır və fasiləsiz
əmək tələb olunan dövr hesab olunurdu. Yadigar da çoxları kimi ipəkqurdu saxlayır və
yarpaq doğramaqdan onun da əlləri qabar bağlayırdı.
Əldə etdiyi gəlirlə özünə böyük,
yaraşıqlı ev ucaltmışdı.
Kəndin mərkəzi hissəsində ayrı-ayrı
illərdə çay daşından tikilmiş evlər
vardı. O
zaman mişar daşının bu tərəflərə gətirilməsi
müşkül məsələ idi. Bu səbəbdən
də bölgədə yaşayanlar evlərini adətən
dağlardan selin gətirdiyi iri çay daşları ilə
tikərdilər. Müxtəlif dövrlərdə
tikilən həmin evlər həm keyfiyyət
baxımından, həm də arxitektura sarıdan fərqli
idi.
Yolun alt
hissəsi isə vaxtilə Saleh dayının bağban
olduğu alma bağları idi. Sonradan qiymətli
növ alma ağacları məhv edilib
torpağın təyinatını insan həyatı
üçün zərərli olan
tütünçülüyə yönləndirmişdilər.
Bu sahəni daha gəlirli bilib, bir hissəsində
tütün üçün istixanalar quraşdırıb,
qalan sahəni isə tütün əkini üçün
ayırmışdılar. Bir sözlə, yaz girəndən
kənddə iş adamın başından aşırdı. Bir tərəfdən ipəkqurdu, digər tərəfdən
isə istixanalardan tütün şitillərini sahələrə
köçürmək eyni vaxta təsadüf edirdi. Kənddə hamı kimi Yadigar da bu
qayğıları yaşamışdı. İndi isə kənddə nə ipəkqurdu saxlayan
vardı, nə də tütün becərən. Bir vaxtlar Saleh dayının əkib-becərdiyi
bağdan əsər-əlamət qalmamışdı. Yerində evlər tikilmiş, kənd daha da
böyümüşdü. Yadigar da çoxları kimi
el-obadan uzaqda dolanışıq üçün bir iş
tapmışdı, ora gedib-gəlirdi. Ancaq iki,
ya da üç aydan bir evinə, ailəsinə baş çəkməyə
vaxt tapa bilirdi.
Yadigar evinə çatıb darvazadan həyətə
keçincə məhlənin o biri başında on iki
yaşlı son beşiyi olan oğlunun anası ilə birlikdə
dirrikdə işlədiyini görüb ürəyi dağa
döndü.
Oğlunun böyüyüb anasına kömək
etməyi ona qol-qanad verirdi. Yadigar bir qədər
aralıda dayanıb oğlunun işinə göz qoyurdu.
O isə bundan xəbərsiz idi. Bir az
keçdi, oğlu darvazaya tərəf baxdı. Və özündən bir qədər aralıda
atası Yadigarın ona tamaşa etdiyini görüb əlindəki
beli yerə sancıb, “atam gəldi” – çığıraraq
ona tərəf yüyürdü, atılıb atasının
boynuna sarıldı.
Yadigar: –
Afərin oğlum, həmişə belə ol! – dedi. –
Maşallah, artıq böyümüsən, daha anana kömək
edə bilərsən.
– Hə,
ata elədi hələ bu nədi ki, sən olmayanda
ağacların dibini boşaltmışam, qurumuş
ağacların yerinə təzə tinglər də əkmişəm,
– deyə oğlu gördüyü işlər barədə
atasına sanki hesabat verdi.
...Ancaq elə
işlər də var ki, onları uşağa tapşırmaq
hələ tezdi...
Ertəsi gün səhər Yadigar kəndin mərkəzinə
gəldi. Kənddə
kimin nə işi olsa, yaxud kimisə görmək istəsə, ilk olaraq baş
çəkdiyi yer mərkəz və yanındakı iki
çayxana olardı. Yadigarın bu gün gəlib-görüşəcəyi
adam kəndin icra nümayəndəsi
olacaqdı. Kəndin icra nümayəndəsi də
səhər ertədən xoş ovqatda idarəsində işə
başlamışdı. Otağında
xırda təmir işləri gördüyündən hələlik
müavinlə darısqal bir yerdə otururdu. Yadigar içəri keçəndə kənd məktəbinin
müəllimi Əhməd Qurbanov, bir-iki cavan və kəndin
yuxarı başında yaşayan Rəhilə xanımı
gördü. Aralarında bir nəfər
qadın olduğundan hamı onun tez yola salınmasını
istədi. Rəhilə xanım
qızına aztəminatlı ailə olduğundan dövlətdən
sosial yardım almaq üçün arayış istəyirdi.
Otağa girəndə qapının sol küncündəki
bir neçə qat kağızdan hazırlanmış
ağzı tikili kisə diqqəti cəlb edirdi. İcra
nümayəndəsi şəhadət barmağı ilə
küncdəki kisəni göstərib dedi:
– Kisədəki
qarğıdalı toxumudu. Kim arayış istəyirsə,
ondan mütləq almalıdı.
Bunu
eşitcək Rəhilə xanım dilləndi:
– Neynirəm
onu? Axı mən bura qarğıdalı toxumu
üçün gəlməmişəm... – Belə
görünürdü ki, Rəhilə xanım
qarğıdalı toxumu məsələsindən halidir.
– Bir də ki, mən əkiləsi qarğıdalını əkmişəm,
birinci alaqdan da keçirmişəm. Sizin satmaq
istədiyiniz toxumun isə yurdu-mənşəyi bəlli
deyil. Bizlərdə bunun bitib-bitməyəcəyi,
məhsul verib-verməyəcəyi qaranlıqdı. Qiyməti
də ki, od bahasına. Bunun bir kilosuna verəcəyim
pulla yerli toxumun on qat artığını almaq olar...
İcra
nümayəndəsi ciddi görkəm alıb: – Başa
düşürəm sizi, – dedi, – amma mənə də bunu
veriblər, üstəlik tapşırıblar ki, satıb
pulunu sahibinə çatdırım. Mənə çoxmu
lazımdı sizinlə üz-göz..
...Sözü
yarımçıq qaldı. Anidən gurultu
qopdu, oturduqları otağın tavanı yerindən oynadı,
pəncərələr, yan divarlar silkələndi,
cırıldadı. Bu an otaqda kimsə “zəlzələ!”
– deyə qışqırdı və hər
kəs bayıra atıldı.
Binanın həyətinə çıxanda
gördükləri mənzərə qorxuncdu. İcra
nümayəndəsinin otağının bir küncündə
divar yuxarıdan yerə kimi aralanmışdı. Elə
bil bu çat indi yox, bina inşa olunandan vardı. Ani olan zəlzələ adamda belə təsəvvür
yaradırdı. Bir az vaxt keçəndən
sonra təkrar otağa keçəndə divardakı və
tavandakı suvağın qopub töküldüyünü hər
kəs görəndə müavin istədi ki, əvvəlcə
iş yerini süpürüb sahmana salıb işinə davam
eləsin. Amma bu zaman yenə də yüngül
silkələnmə oldu və o, qorxusundan otağı tərk
etdi.
Yadigar bundan sonra evə tələsdi. Küçə
boyu evlərə baxırdı. Bir
çox evlərin damları çökmüş,
divarları yerbəyerdən aralanmışdı. Sakinlər dəhşətli silkələnmədən
sonra bir də içəri girməyə risk eləmirdilər.
Onlar sanki həyətdə donub
qalmışdılar. Kənddə zəlzələnin
təsirindən insanlar hələ də özlərinə gələ
bilmirdilər. Yadigar evə çatanda onun da
uşaqları həyətdə nəsə gözləyirmiş
kimi həyəcan içində dayanıb ən xoş
günlərini keçirdikləri və bir az
öncə isə onları ölümlə üz-üzə
qoyan evə tamaşa edirdilər. Çöl tərəfdən
evin çox zədə almadığını görüb
bir qədər rahat oldu. Evə qalxıb
otaqları bir-bir gəzdi, yenicə təmirdən
çıxan evin künc-bucaqlarında nazik çatlar əmələ
gəldiyini görən Yadigar yenidən necə təmir edəcəyini
götür-qoy elədi. Elə bu vaxt yenə
yüngül təkanlar oldu və o tez özünü həyətə
atdı. Neçə illər qazancını qoyub
ucaltdığı doğma divarlar bir anın içində
sahibinə ölüm qorxusu yaşatdığı
üçün sanki
gözdən düşdü. Uşaqlara
təkanlar tam səngiməyənə qədər evə girməyi
qadağan etdi.
Səhər güclü zəlzələdə kənddə
neçə-neçə evin dağıldığı və
məktəbin bir hissəsinin uçduğu xəbəri
yayıldı.
Şagirdlər sinif otaqlarından xəta-bəlasız
çıxarılmışdı.
Gün axşama olurdu. Hamı bayırda, həyət-bacada
qalmışdı. Şər
qarışandan sonra yeraltı təkanların səngiyəcəyini,
sakitlik çökəndən sonra evlərə
yığışacaqlarını
düşünürdülər. Elə
bu vaxt təkrar gurultu qopdu, insanlar özlərini torpaq
üstündə yox, sanki dənizdə, dalğaların
qoynunda hiss edirdilər. Ayaq üstdə
dayananlar müvazinətini saxlaya bilməyib yerə
yıxılırdılar. Bu, səhərkindən
həm fərqli, həm də güclü təkan idi. Bir anın içində kəndin hər yerindən
ocaqdan qalxan tüstü təki qalın toz qalxdı. Dağılmış evlərin divarlarından
yüksələn toz bir müddət sonra kəndin
açıq səmasını bulud tək örtdü.
Camaat böyüklü-kiçikli ev-eşiyini, həyət-bacasını
tərk edib Tapüstü və Dördçöl adlanan
açıq sahəyə üz tutdu... Fövqəladə
Hallar Nazirliyinin əməkdaşları gecə ilə
çadırları gətirib quraşdırdılar. Həmin gecə fasilələrlə səhərə
qədər kiçik təkanlar davam elədi və qulaqlardan
uğultu çəkilmədi.
Ertəsi gün təbii fəlakətin baş verdiyi
zonada Fövqəladə Hallar Nazırliyinin komissiyaları
icra nümayəndəliyinin hazırlayıb təqdim etdiyi
siyahı üzrə evlərə baxış keçirdi. Evlərin əksəriyyətinin
qəzalı olduğu müəyyənləşdirildi və
komissiya üzvləri lazımı qeydlər aparmaqla
dağılmış evlərin sənədlərini qərarın
qəbul edilməsi üçün yuxarıya göndərdilər.
Zəlzələdən evlər və
yardımçı təsərrüfatlar ciddi zərər
görsə də, həyat davam edirdi. İnsanlar sabaha ümidlə
baxırdılar...
Çox keçmədi ki, zəlzələ bölgəsindəki
insanlara baş çəkmək üçün şəxsən
ölkə rəhbəri özü buraya gəldi. Dağılmış evlərə
və sosial obyektlərə baş çəkdi, dəymiş
zərərin dərhal aradan qaldırılması,
insanların normal həyatının tezliklə bərpa
olunması barədə lazımi orqanlara qəti göstərişlər
verdi.
Təbii fəlakətdən günlər, həftələr
keçdi və tikinti qurumları dağılmış evləri
tamam sökərək yerlərini təmizlədilər. Yeni evlərin
dövlət tərəfindən tikilməsinə daha
çox sevinən gənclər olsa da, bundan təssirlənib
göz yaşlarını saxlaya bilməyənlər də
vardı. Səksən yaşlı İsa
dayı indi qəzalı hala düşmüş
yarıuçuq evdə ömrünün ən gözəl
çağlarını keçirmişdi. Qız köçürüb, gəlinlər gətirdiyi
yurdda nəvələri ilə şirin həyat
sürdüyü bir vaxtda qəfil fəlakət onun da evini
yerindən oynatmışdı. Neyləmək olardı,
bəla bütün el üçün gəlmişdi...
Ötən
il qəfil fəlakətin pərən-pərən
saldığı insanların qorxu içində tərk
etdikləri, yarısı dağılan, yarısı da
bünövrəsindən sarsılıb çatlayan evlərin
yerində indi sıra-sıra, yaraşıqlı, daha
böyük, möhkəm evlər ucalır. Sayı
da gündən-günə artır. Müasir
tipli, altı yüz şagirdlik məktəb, yeni uşaq
bağçası açılıb. Köhnə
kənddə başlanan yeni həyat insanların gələcəyə
inamını, dövlətə etimadını daha da
artırıb.
Bəxtiyar ƏLİYEV
525-ci qəzet.-
2013.- 19 aprel.- S.8.