Dingirin ölümü

 

(hekayə)

 

Dünya heç vaxt qeyri-adi insanlardan xali olmayıb. Bəlkə də onlar olmasaydılar, günlərimiz maraqsız, darıxdırıcı və cansıxıcı keçərdi. Belə insanların içərilərində elələri var ki, qeyri-adilikləri və möcüzələri ilə adamı heyrətə gətirməyi bacarırlar. Hərdən də elə olur ki, lap az qalır gördüklərimizdən gözlərimiz hədəqəsindən çıxsın. Bəzilərinə isə elə-belə baxırıq, heç o qədər də heyrətlənmirik. Çünki belələrinin hərəkət və sözlərində heç bir qeyri-adilik hiss olunmur. Sadəcə olaraq onlar özləri özlərini qeyri-adi, dünyanın ən dahi adamları hesab edirlər. Əslində isə belələri dahilikdən, qeyri-adilikdən uzaq olan bir zaddırlar.

Bir müddət əvvəl təzə tanış olduğum iş yoldaşım da ilk baxışdan mənə qeyri-adi adam təsiri bağışladı. Onun hər addımında bir qəribəlik nəzərə çarpırdı. Düzdür, başqaları onu belə qəbul etmək istəmirdilər. Deyirdilər ki, o, normal insandır. Amma bu, mənim fikirlərimin üstünə şübhə kölgəsi sala bilməzdi. Nədənsə, mən ona adilikdən çox-çox uzaq olan, qeyri-adi birisi kimi baxırdım. Və fikrimdən dönmək niyyətində də deyildim. Hərdən mənə elə gəlirdi ki, o, bizim dünyanın adamı deyil. Bura səhvən gəlib düşüb. Buna görə də nə qədər çalışsa, nə qədər vuruşsa da bu dünyada özünə yer tapa bilmir. Yaman əziyyət çəkir. Adamlara uyuşa, isinişə bilmir. Qılaflı adam kimi özünə qapılıb öz işindəydi. Elə hey qırmızı dəftərçəsinə qısa-qısa nə isə yazıb altından uzun xətlər çəkirdi. Bəzən də xətt çəkmirdi, eləcə xırda-xırda dairəyə alırdı. Sonra həmin qırmızı dəftərçəsini çox ehtiyatla şkafının həmişə bağlı qalan gözünə qoyurdu. Soruşanda deyirdi ki, bu qeydlər həyatımın gələcək proqramının yığcam və xırda tezislərdir. İllər sonra bu sətirlərdən böyük-böyük kitablar yazacam. Yaza bilməsəm də, ondan-bundan köçürəcəm. Axır ki, oxucuları kitablarla basdıracam. Bir dəfə iş yoldaşlarımdan biri onun anormal hərəkətlərinə və gic-gic danışmağına hirslənib qeydlər apardığı, xətlər, dairələr çəkdiyi və həmişə şkafın bir gözündə bağlı saxladığı o qırmızı dəftərçəsini möhkəmcə söydü. Bu da onun xətrinə dəydi. Onun o qədər qeyri-adi hərəkətləri var idi ki, vallah, hamısını yadda saxlamaq da olmurdu.

Yadıma gəlir, bizim kənddə də özünü dahi hesab edən buna bənzər bir səfehi var idi. Elə bil bu onun əkiz tayıydı. Deyəsən, dünyaya kəndçimizin qeyri-adi yolunu davam etdirməyə gəlmişdi. İş yoldaşımın qeyri-adiliyi haqqında orda-burda xısın-xısın çox danışırdılar. Elə şeylər deyirdilər ki, bəzən adamın buna heç inanmağı da gəlmirdi. Olanı da, olmayanı da, elədiyini də, eləmədiyini də yıxırdılar yazığın uzun və arıq boynuna. Onunsa kimin nə fikirləşdiyindən, nə danışdığından asılı olmayaraq, heç nə vecinə deyildi. Həmişə özü ilə öz dünyası baş-başa qalırdı. Gecə-gündüz özünə qapılaraq gic-gic fikirlərlə içində o qədər də ağıl olmayan başını yorurdu. Bəzənsə özünü çox savadlı sayıb adamlara üstdən aşağı baxırdı. Bu gen dünyaya sığmayıb göylərdə yer axtarırdı.

Onun əsl adı Qasım idi, amma hamı onu Dingir çağırırdı. Yəqin belə ləqəblə, ayama ilə indiyə qədər heç kəs rastlaşmayıb. Elə mən özüm də yalnız onunla tanış olanda bunu eşitdim. Eşitdiyimi də başqaları kimi qeyri-adi qarşıladım. Gül kimi adını bir tərəfə qoyub uşağa bu ləqəbin qoyulduğunun tarixçəsini kimsə bilmirdi. Heç özü də buna pis baxmırdı. Daha alışmışdı, bəlkə də kimsə onun əsl adını deyəndə çaşıb qalırdı. Çünki öz adını çoxdan unutmuşdu. Yaxından tanıyanlar danışırdılar ki, Dingirin dünyaya gəlişi də gözlənildiyindən qeyri-adi olub. Vaxtından on yeddi gün, on yeddi saat, on yeddi dəqiqə, on yeddi saniyə tez doğulub. Doğulanda da, Dingir özünü çox yaxşı, mədəni və sakit aparıb. Daha başqaları kimi zırın-zırın ağlamayıb, çığır-bağır salıb baş ağrıtmayıb. Camaatın zəhləsini tökməyib. Elə sakitcə, səssiz-səmirsiz dünyaya gəlib. Böyüdükcə, yaşa dolduqca onun qeyri-adilikləri də çoxalıb. Uşaqlıqda da çox şıltaq və dəcəl olub. Amma məktəbə gedəndə dərslərini yaxşı oxuyurmuş. İnsafən başında ağlı olmasa da, az-çox biliyi var idi. Ali məktəbin qapısını asanlıqla açmışdı. Balaca vaxtlarında onun qeyri-adiliyini, anormallığını görənlər valideynlərinə təskinlik verib deyirmişlər ki, əşşi, narahat olmayın, uşaqdı də, böyüdükcə keçib gedəcək. Bir müddətdən sonra hər şey düzələcək, yaxşı olacaq. Dingir böyümüş, amma nə dəyişməmiş, nə də düzəlməmişdi. O, balaca vaxtı necə idisə, olduğu kimi də qalmışdı, elə də böyümüşdü. Hələ mən deyərdim ki, bir az da üstünə qoymuşdu.

Onun səsi də elə fərli deyildi. Belə birtəhər, heç bilmirəm necə deyim, çox qeyri-adi idi. Danışanda elə bilirdin ki, eşşək arısı vızıldayır. Səsini eşitdikcə adamın canında olub-qalan zəhləsi də birdən-birə gəlib tökülürdü yerə. Dingirin səsi nə kişi səsinə, nə də qadın səsinə oxşayırdı. Özü kimi səsi də tez-tez dəyişirdi. Bir qəribəlik də, qeyri-adilik də bu idi ki, onun səsi günortaya qədər bir cür, günortadan sonra isə başqa cür olurdu. Bəzən hirslənəndə olub-qalan cır səsi də boğazında itirdi. Heç cınqırı da çıxmırdı, nitqi quruyurdu, Allahın bir mıkkını da eliyə bilmirdi. Ha hıqqınsa da, ondan səs gəlmirdi. Günlərlə ac qalmış quş balası kimi yalandan ağzını açıb-yumurdu. Bəlkə də ürəyində nəisə deyirdi. Amma biz heç nə eşitmirdik. Cırıldıyan səsi qırx arşın quyunun dibinə düşürdü. Dingir ha çalışırdı səsini çıxara bilmirdi. Əsəbləri soyuyandan sonra yavaş-yavaş özünə gəlirdi. Yenə də əvvəlki kimi cır-cır cırıldayıb zəhləmizi tökürdü.

Heç bilmirdim ki, bu Dingir nə üçün belə gic-gic hərəkətlər edir? Bütün bunlar onun ağlına haradan gəlir? Niyə hamımız kimi o da bu gen dünyada rahat yaşaya bilmir? Axı bu qeyri-adiliklər onun nəyinə lazımdır? Nə itirib, nə axtarır bu gen-bol dünyada? Niyə adam balası kimi başını aşağı salıb ömrünü sürmür? Ha fikirləşsəm də, bu suallara cavab tapa bilmirdim. Bizim qeyri-adi və gic adam kimi baxdığımız Dingir hərdən özünü dahi, yerdə qalanlarını isə ağılsız və savadsız hesab edirdi. Mənə elə gəlirdi ki, o özü də bilmədən müalicəsi mümkün olmayan qeyri-adi bir xəstəliyə tutulmuşdu. Elə buna görə də belə anormal hərəkətlər edir, ağlına və ağzına gələnləri necə gəldi qırıldadırdı. Dingir arıq bədəni ilə yer kürəsinə sığmırdı. Elə hey göylərlə əlləşirdi. Daha çox ulduzların müharibəsindən, palanetlərin toqquşmasından, günlərin birində ulduzların bir-biri ilə toqquşub yerə töküləcəyindən, dünyanın yaxın vaxtlarda dağılacağından, dəniz və okeanların quruyacağından, bir sözlə bəşəriyyətin məhv olacağından danışırdı. Amma nə dənizlər, okeanlar quruyur, nə də dünya dağılırdı. Ulduzlar da ki, öz yerində – səmanın ənginliklərində aram-aram sayrışır, Dingirin acığına par-par yanır, şölə saçırdılar. Bəlkə də qeyri-adilikləri axtarmasaydı, Dingir bilikli, bacarıqlı bir adam ola bilərdi, nə isə bir işə yarayardı. Amma bu qeyri-adiliklər axtarışına marağı və aludəliyi iş yoldaşımızı rahat buraxmırdı. Zaman keçdikcə bütün bunlar onu yaramazın birinə çevirirdi. Fikirləşirdim ki, bir gün bu qeyri-adiliklər Dingirin həyatına qeyri-adi surətdə son qoyacaq. Hələliksə o, qeyri-adilikləri axtara-axtara qeyri-adi vəziyyətdə, qeyri-adi şəraitdə yaşayırdı. Əgər buna yaşamaq demək mümkün idisə.

Dingir özünü belə qeyri-adi hiss etdiyindən həyatının hər addımında qeyri-adilik axtarırdı. Axı həyatda da o qədər qeyri-adilik hardaydı ki, Dingir hər gün onu tapıb görsün. Bu qeyri-adilik xəstəliyi özü də bilmədən onu üzürdü. Qeyri-adılik axtara-axtara bir xeyli iş yeri dəyişmişdi. Hələ indiyə qədər heç yerdə özünə bir rahatlıq, bir dinclik tapmamışdı. İşləmədiyi, çalışmadığı yer qalmamışdı. Bəzən heç nə axtardığını, nə istədiyini özü də bilmirdi. Eləcə hullanıb gic-gic gəzirdi. Dediyinə görə, müharibədə iştirak etmişdi, veteran idi. Amma mən fikirləşirdim ki, o, burada necə işləyirsə, yəqin cəbhədə də elə vuruşmuşdu. Onun iş cədvəli beləydi: səhər-səhər saat on-on bir arası işə gəlib dəyir, qızların süzdüyü çaydan bir stəkan içir, ağlına gələnləri, yuxuda gördüklərini gic-gic danışır, bir az da internetə girib bəzi saytlardakı axmaq-axmaq şeylərə baxıb çıxıb gedərdi. Həmişə fikirli olurdu, alnının sıralanmış qırışları heç vaxt açılmırdı. Sanki bu dəqiqələrdə dünyanın bütün problemləri onun çiyinlərində idi. Guya kişi indi nə isə fikirləşir, düşünür və götür-qoy edirdi. Düşüncəsiz, fikirsiz dəqiqəsi olmazdı. Hətta, səhər ertədən oyanıb işə gələndə də fikirli olurdu. Axşam hansı fikirlə yatırdısa, tezdən o fikirlə də oyanırdı. Otağa girəndə heç kəsə Allahın bir salamını da verməzdi. Eləcə, lal-dinməz içəri girib sakitcə yerində oturar, gözlərini bir nöqtəyə zilləyib qalar, baş barmağı ilə burnunu qurdalıyardı. Bir müddətdən sonra isə qəflətən ayağa qalxar, tələm-tələsik otaqları gəzər, bir-bir iş yoldaşları ilə salamlaşıb görüşərdi. İş yoldaşları onun bu cür anormallığına, qeyri-adiliyinə alışmışdılar. Onu görməyəndə darıxır, sıxılırdılar. Dingir işə gələndə hamı bilirdi. Çünki dəhlizdən möhkəmdən öskürə-öskürə keçirdi. Səsini hamı eşidirdi. Onun öskürəyi də qeyri-adi idi. Hiss olunurdu ki, heç öskürəyi gəlmir. Amma o özünü məcbur edir, boğazını güclə dartır ki, mütləq öskürsün. “Öhö-öhö”sü, “bühö-bühö”sü baş aparırdı. Bu məcburi öskürmək nəyinə lazım idi onun? Dingir öskürə-öskürə özünü işə çatdırandan sonra otaqlarda canlanma yaranırdı. Söz-söhbət, gülüş sədaları, öskürək səsi bir-birinə qarışıırdı. Bu səs-küy nəşriyyatın elə də uzun olmayan darısqal dəhlizini başına götürərdi. Həmişə qaşqabaqlı olan yaşlı və keçəl rəisimiz hirslənib özündən çıxsa da, Dingirə heç nə demirdi. Otaqdakıların onunla belə zarafatlaşmaları tez-tez olurdu. Dingir iş yoldaşlarının danışığında da, səsində də bir qeyri-adilik axtarırdı. Amma nə yazıq ki, tapa bilmirdi.

Dingirin yerişi də bir yeriş deyildi. Özünü əyə-əyə elə yeriyirdi ki, zalım oğlu zalımın elə bil ayaqları top kimi yerə dəyib tez də göyə qalxırdı. Hərdən mənə elə gəlirdi ki, o həm özünün, həm də başqalarının yerişində də nə isə bir qeyri-adilik gəzirdi. Özü də hamıdan fərqlənmək üçün qeyri-adi yeriməyə çalışırdı. Vallah, o, elə addım atırdı ki, deyirdin bəs elə indicə böyrü üstə yerə yıxılıb baş-gözünü əzəcək. Yeriyirdi: sağ əlini qaldırıb vururdu böyrünə, sol əlini isə sürətlə yellədir, gövdəsini də bir az sağa əyir, başını isə sol tərəfə döndərirdi. Doğrudan da, Dingirin yerişi-duruşu başdan-ayağa qeyri-adi idi. Başqa heç nə əlindən gəlməsə də o, qeyri-adi yeriməyi çox yaxşı bacarırdı. Kim belə yerisəydi, bəlkə də iki-üç metrdən sonra ayaqları dolaşar, yıxılıb aşardı. Amma Dingir bu işdə kişilik göstərirdi, aşmırdı. Eləcə, böyrünü yellədə-yellədə bala-bala addımlayırdı. Hələ bu azmış kimi o, qeyri-adi yeriməyindən zövq də alırdı.

Amma deyəsən, Dingir son vaxtlar qeyri-adilik axtarmaqdan daha təngə gəlmiş, yorulmuşdu. Elə bil bu dünyada axtardığını tapmadığından tezliklə ölüb o dünyaya getmək, qeyri-adilikləri oralarda axtarmaq istəyir. Günlərin birində Dingir işə gəlmədi. Çox gözlədik, ondan bir xəbər çıxmadı. Dəhliz və otaqlara sakitlik çökdü. Bir neçə saatdan sonra öyrəndik ki, o, axşam vəfat edib. Tələm-tələsik yığışıb onu dəfn etmək üçün evlərinə getdik. Həyətlərində xeyli adam var idi. Yas yerində olan qonşuları danışırdılar ki, Dingirin ölümü də çox qeyri-adi olub. Heç xəstələnib-eləməyib, elə sadəcə olaraq uzanıb evdəkilərə deyib ki, dünyanın axırının gəldiyini hiss edirəm: “Ulduzlardan, planetlərdən qulağıma qeyri-adi səslər gəlir. Bir neçə gündən sonra günəş tutulacaq, yer üzünə qaranlıq çökəcək. Ulduzlar qeybə çəkiləcək. Artıq həyatın sonudur. Çox ləngimək olmaz, tezliklə yığışıb getmək lazımdır. Daha mənə toxunmayın, ölürəm. Məni oraya çağırırlar. Bir azdan arxamca gələcəklər...”

Heç həkim çağırmağa da icazə verməyib. Və bir azdan dediyini eləyib – keçinib. Fikirləşirdim ki, Dingirin ömrü boyu gördüyü yeganə yaxşı və düzgün iş yalnız bu oldu ki, vaxtında ölüb getdi. Məncə, hələ bəlkə bir az gecikdi də. Çünki belə gic-gic qeyri-adiliklər axtara-axtara yaşamaqdansa, vaxtında ölüb getmək daha yaxşıydı. Yaşı qırxı keçsə də, hələ ailə qurmamışdı. Söz-söhbətindən hiss olanardı ki, heç qurmaq fikri də yoxdur. Heç kəsin də xeyir-şərinə yaramırdı. Xəsisin biriydi, heç vaxt əli cibinə girməzdi. Həmişə aradan çox məharətlə və qeyri-adi fəndlə çıxardı. Dingirin varlığı, bu cür yaşamağı özündən başqa kimsəyə lazım deyildi. Artıq və lazımsız bir şey kimi keçmişdi camaatın boğazına. Yəqin ki, özü də bunu hiss eləmişdi. Ona görə də çox baş ağrıtmadan, çox qeyri-adiliklər axtarmadan sakitcə uzanıb öldü. Bu cür ölümü ilə sanki o özünün qeyri-adiliyini son dəfə olaraq bizə göstərmək istədi. Və mən deyərdim ki, göstərdi də. Ömründə birinci və sonuncu dəfə yalnız bunu qeyri-adi elədi. Guya ki, ölməsə, qalıb yaşasaydı, neynəyəcəkdi ki? Elə yenə də həmişəki kimi gic-gic gəzib qeyri-adiliklər axtaracaqdı.

Onun dəfn mərasimi də çox qeyri-adi keçdi. Kimsə onu ağlamadı, üz-gözünü cırmadı, qışqırıb səs-küy salmadı. Eləcə, onu çox sakitcə məzara qoydular. Dünyaya necə sakitcə gəlmişdisə, elə də çıxıb getdi. Özünün vəsiyyətinə görə Dingirin qəbrini də qeyri-adi – tərsinə qazmışdılar. Elə onu o cür də basdırdılar. Dingir, qeyri-adi ölümü və qeyri-adi məzarı ilə son dəfə bizi heyrətləndirdi. Yəqin ki, uzun müddət Dingiri və onun qeyri-adi hərəkətlərini unutmayacağıq.

Vəfat etdiyi vaxtdan illər keçəndən sonra nədənsə mənə elə gəlirdi ki, heç məzara qoyulanda deyəsən, Dingir ölməmişdi. Sap-sağlam idi, kefi də yüzbiri vururdu. Alnının qırışları da elə olduğu kimi idi. Hələ sifətində gülüş cizgiləri də hiss olunurdu. Yəqin Dingir bununla ya bizə gülürdü, ya da bizdən gülə-gülə ayrılırdı. Özü belə diri ölmüşdü ki, o biri dünyada da qeyri-adilik axtarmağa can-cəsədi olsun. İndi bəlkə də qazıb baxan olsa, heç onu məzarında tapmaz. Allah bilir, yəqin Dingir yenə də yanını basa-basa o dünyanı gəzir, qeyri-adiliklər axtarır. Mən ondan qorxuram ki, birdən Dingir o dünyada da qeyri-adiliklər tapmayıb, gəzə-gəzə təzədən gəlib çıxa bu dünyaya. Ona nə var, qayıtdı, qayıtdı də. Budur ha, birdən gördün getdiyin yerdə yanını basa-basa qeyri-adiliklər axtara-axtara, yanını basa-basa çıxdı qarşına. Mən onu yaxşı tanıyıram. Vallah Dingirdən nə desən gözləmək olar...

Bilirəm e, ölənin dalınca danışmazlar. Doğrudan da, bu, heç yaxşı bir iş deyil. Amma mən əlacsız qalıb onun dalınca bir az giley-güzar elədim. Bəlkə də heç düz eləmədim. Vallah, məni bu işə Dingirin qeyri-adiliyi məcbur etdi. Həm də qorxdum ki, bir az keçər onun bu qeyri-adilikləri yaddan çıxar. Yoxsa, vallah, heç ağzımı da açmaz, əlimə qələm götürüb bunları yazmazdım. Bu sətirləri qələmə alınca elə mən özüm də xeyli qeyri-adi əziyyətlər çəkdim. Görəsən Dingirin bu qeyri-adiliklərini, yaza bildimmi? Fikirləşirəm ki, heç yazmamaqdansa, nə isə yazmaq yaxşıdı ...

 

 

Vahid MƏHƏRRƏMOV

 

525-ci qəzet.- 2013.- 19 aprel.- S.7.