Sabahın xeyir, əziz Aydın müəllim!

 

 Düz 21 ildir ki, hər gün işə gələndə Tərcümə Mərkəzinin divarda vurulmuş xatirə lövhəsinin qarşısında bir anlıq dayanıram, Aydın müəllimlə salamlaşıb əvvəllər olduğu kimi, lakin ruhən söhbət edib sonra binaya daxil oluram.

Sağlıq olsun, gələn ilin yanvar ayında Aydın Məmmədovun 70 illik yubileyi qeyd olunacaq.

Aydın Məmmədov 1944-cü il yanvar ayının 16-da Şəkinin Kiş kəndində anadan olmuşdu. Orta məktəbi qonşu Oxud kəndində qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu. 1965-ci ildə universiteti bitirən Aydın keçmiş Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına daxil olmuşoradan Moskvaya ezam edilmişdi (1966-1969). Sonra həmin institutda qısa fasilələrlə elmi işçi vəzifəsində işləmişdi (1969-1981). Ağdaş rayonunun Ağcayazı kənd 8 illik orta məktəbində müəllim, Bakı Dövlət Universitetinin hesablama mərkəzində baş mühəndis vəzifələrində çalışmışdı. Bundan sonra o, Azərbaycan SSR EA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin elmi katibi və Nəsimi adına Dilçilik İnstitutunun ümumi və tətbiqi dilçilik şöbəsinin müdiri olmuşdu (1981-1986).

A.Məmmədov 1980-ci ildə SSRİ Yazıçılar İttifaqının üzvü idi. Filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı. Ədəbi fəaliyyətə 1979-cu ildə “Ulduz” jurnalında çıxan “Bugünkü nəsrimizin poetik mənzərəsi” məqaləsi ilə başlamışdı. A.Məmmədovun 1978-ci ildə müdafiə etdiyiTürk dillərində samit səslərin dəyişmələri” adlı namizədlik dissertasiyası, 1985-ci ildə çapdan çıxmış “Türk dillərində samit səslər: sözönü və səs birləşmələri” monoqrafiyası və türk dillərinin ilkin vəziyyətinin bərpasına aid məqalələri, tarixi müqayisəli türkologiyada tamamilə yeni bir baxışın formalaşmasına təkan verdi. Ondan sonrakı illər A.Məmmədovun yaradıcılığının ən məhsuldar dövrü oldu. Respublikamızın bir sıra nüfuzlu qəzet və jurnalları onu ədəbiyyatımızın bilicisi kimi bir çox redaksiya heyətlərinə üzv seçdilər.

1987-ci ildən etibarən A.M.Məmmədov “Sovetskaya türkologiya” jurnalının baş redaktorunun I müavini kimi çalışdı.

A.Məmmədov uzun illər tərcüməçilik sahəsində də səmərəli fəaliyyət göstərib. Son vaxtlar Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsində çalışırdı. O, əsl vətəndaş qayəsi ilə respublikamızda baş verən hadisələrə biganə qala bilmirdi.

Azərbaycan xalqının şanlı elçisi, xalqın çətin günlərində canından, qanından keçən, xalqını ürəkdən sevən və xalqı tərəfindən dərin məhəbbətlə sevilən sadə bir insan. O insan ki, xalqının bütövlüyü, azadlığı uğrunda canından keçir, haqq-ədalət, xalqının, millətinin sabahı uğrunda vuruşurdu.

Aydın müəllim bizim qəlbimizdə həmişə yaşayır. Onun nurlu siması heç vaxt gözümüz önündən getməyəcək.

 

 

Nəriman Veysəloğlu

 

525-ci qəzet.- 2013.- 19 aprel.- S.7.