Qafqazşünaslıq elminə dəyərli
yeniliklər gətirən alimlə müsahibə
Müsahibim BDU-nun
“Qafqaz xalqlarının tarixi” kafedrasının müdiri, tarix
elmləri doktoru, professor, Azərbaycanın Əməkdar
müəllimi İradə Mehtiqulu qızı
Hüseynovadır.
Azərbaycan
Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Elmi
Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurasının, Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya Komissiyası Ekspertlər
Şurasının, Rusiya Federasiyası Pedaqoji
Akademiyasının və Nyu-York Akademiyasının həqiqi
üzvü, Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, Bakı Dövlət
Universitetində YAP Qadınlar Şurasının sədridir.
2002 – 2011-ci illərdə Azərbaycan Respublikası təhsil
nazirinin müavini vəzifəsində
çalışıb. 2006-cı ildə Azərbaycan–Belarus
və Azərbaycan–Moskva şəhəri arasında hökumətlərarası
komissiyalarının üzvüdür.
“Azərbaycan bayrağı” və “Qızıl qələm”
mükafatlarına layiq görülüb. “Sokrat” mükafatını alan ilk azərbaycanlı
qadın alimdir. 2007-ci ildə Avropa Komissiyası TEMPUS Fərdi
səfərlər qrantının qalibi, 160-dan çox elmi əsərlərin, monoqrafiyaların
və dərsliklərin müəllifidir.
– İradə
xanım, Siz Ümummilli liderimiz Heydər Əliyev irsinin tədqiqatçısı
kimi tanınır və bu sahədə ilk doktorluq dissertasiyası müdafiə
edən alimsiz . Təbii ki, H. Əliyev elə
tarixi şəxsiyyətlərdəndir ki, haqqında bundan
sonra da neçə-neçə elmi, siyasi, bədii əsərlər
yaranacaq. Bu sahədə Sizin apardığınız
elmi tədqiqatlar Azərbaycanın bu günü və gələcək
tarixi üçün ən samballı əsərlər hesab
edilə bilər. Azərbaycan xalqı tarix boyu
bəşəriyyətə böyük dühalar bəxş
edib. Görkəmli şəxsiyyətlər
sırasında Heydər Əliyev zirvəsini bir vətəndaş
kimi necə səciyyələndirərdiz?
– Mən
Ümummilli lider Heydər Əliyev irsinin tədqiqatçısı
olan alim, eyni zamanda Azərbaycanın sıravi vətəndaşı
olaraq qətiyyətlə deyirəm, – XVI əsrdə Azərbaycanı
vahid dövlət kimi dünya
siyasətində tanıdan Şah İsmayıl Xətainin
davamçısı Heydər Əliyevi XX əsrdə Azərbaycan
dövlətinin banisi və qurucusu hesab edirəm. Onun xalq, tarix
qarşısında xidmətlərindən biri də parçalanmaqda olan Azərbaycanın
dövlətçiliyini bərpa etdi, müstəqilliyimizi
qoruyub saxlaya bildi. Bu gün ölkə boyu vüsət alan
quruculuq işləri, sivil, demokratik, müstəqil AZƏRBAYCAN Heydər
Əliyev dühasının şah əsəridir. Bu baxımdan Müstəqil Azərbaycan
Respublikasının keçdiyi qısa tarixi yolu dərindən
dərk etmək və gələcək perspektivləri müəyyənləşdirmək
üçün Heydər Əliyevin dövlət idarəçiliyi
işinin elmi cəhətdən araşdırılması və
geniş ictimaiyyətə çatdırılması
böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə apardığım tədqiqatlar,
gördüyüm işlər göz qabağındadır.
Nəticələr məni qane etməklə,
eyni zamanda daha fundamental əsərlərə imza atmağa səfərbər
edir. Heydər Əliyev ideyalarına xidmət
etmək, dahi şəxsiyyətin irsini tədqiq və təbliğ
etmək həyatımın başlıca məqsədidir.
– Siz
qafqazşünaslıq sahəsində bir sıra fundamental elmi
araşdırmaların müəllifisiz. Vaxtilə “Qafqaz evi”
yaradılması ideyası ətrafında gərgin mübahisələr,
elmi diskussiyalar,
siyasi müzakirələr aparılırdı.
Qafqazşünaslıq elmində bu ideyanın irəli sürülməsində
və formalaşmasında
Ümummilli liderin fəaliyyəti hansı yeri tutur?
–
Bütün tarixi reallıqları, zəmanəmizin gerçəkliklərini,
çağdaş dünyada baş verən qlobal və
regional hadisələri düzgün qiymətləndirən
Heydər Əliyevin xarici siyasət kursunda “Vətəndə
sülh, bölgədə sülh, dünyada sülh”
konsepsiyası mühüm yer tutur. Həmin konsepsiya əsasında
həyata keçirdiyi qlobal tədbirlər sayəsində
Heydər Əliyev “Ümumi Qafqaz evi” ideyasının əsas
müəlliflərindən biri, “Ümumqafqaz evinin ağsaqqalı”
kimi nəinki Qafqazda, eləcə də dünyada
tanınmış və şöhrət
qazanmışdır. Geniş oxucu kütləsi və həm
də tələbələr üçün nəzərdə
tutulmuş bu kitab Cənubi və Şimali Qafqaz
xalqlarının XIX əsrin 20–60-cı illərində
müstəmləkəçilik əleyhinə, eləcə
də XX əsrin əvvəllərində
milli-azadlıq uğrunda apardıqları mübarizənin
tarixi köklərinin çox qədimliyindən söhbət
açılır. Bütün bu tarixi,
sosial-siyasi, iqtisadi və mədəni amillər onu deməyə
əsas verir ki, Heydər Əliyev modeli bu gün beynəlxalq
aləmi düşündürən, dünyanı narahat edən
qlobal problemlərdən biridir. Məncə
Azərbaycanda bu istiqamətdə hələ çox işlər
görülməlidir.
Bakı Dövlət Universitetində “Qafqaz xalqları
tarixi” kafedrasının yaradılmasını
Qafqazşünaslıq elminin tədrisi istiqamətində
çox vacib bir mərhələ hesab etmək olar. Ümumiyyətlə
qafqazşünaslığa dünya miqyasında – Amerikada,
Kanadada, Avropa ölkələrində çox böyük
önəm verilir, çünki bu gün Qafqaz regionu dünya
siyasətində əhəmiyyətli və aparıcı
mövqelərə malikdir. Yeraltı,
yerüstü sərvətlərinin zənginliyi, Avropa ilə
Asiyanın – Qərblə Şərqin birləşdiyi bir məkan
olduğundan geostrateji və coğrafi mövqe
baxımından da əhəmiyyəti çox
böyükdür. Müasir dövrdə
artıq bu məsələ gündəmə gəldi.
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü
ilə İpək
yolunun bərpası ilə bağlı Azərbaycanda bir
çox vacib beynəlxalq əhəmiyyətli toplantılar,
layihələr həyata keçirildi. TRASEKA proqramının
işıq üzü görməsi, qaz və neft ixracı ilə
bağlı böyük proyektlərin reallaşması
regionun əhəmiyyətinin yüksəldilməsindən xəbər
verir.
Qafqazın tarixinin, mədəniyyətinin öyrənilməsi
son dərəcə vacib məsələdir. Azərbaycanda gedən
bütün ictimai-siyasi hadisələrin, elmi nailiyyətlərin
önündə gedən təhsil ocağı Bakı
Dövlət Universiteti
bu istiqamətdə ali məktəblərin
flaqmanı olub. Universitetdə Qafqaz xalqları
kafedrası təşəkkül tapıb və bu
kafedranın nəzdində erməni araşdırmaları
laboratoriyası fəaliyyət göstərir. Qafqaz
xalqları tarixinin ayrı-ayrı dövrlərinin tədqiqi,
ermənilərin Qafqaza köçürülmə xalq
olması, onların Azərbaycana qarşı ərazi
iddiaları, qonşu dövlətlərə qarşı təcavüzkar
siyasəti, tarixi türk torpaqlarının
işğalı kimi məsələlərin
obyektiv tədqiq edilməsi bu gün son dərəcə
aktualdır. “Qafqaz xalqlarının tarixi”
kafedrasının müdiri, alim, pedaqoq olaraq hesab edirəm ki,
mənim qarşımda kifayət qədər məsul vəzifələr
durur.
– Həyatınızı
elmə, tədqiqatlara, pedaqoji fəaliyyətə həsr
etmisiz. İndi də Sizin üçün
doğma olan Bakı Dövlət Universitetində gənclərin
əhatəsindəsiz. Müasir Azərbaycan gəncliyinin
düşüncəsi, onların elmə, təhsilə münasibəti Sizi qane edirmi?
– Bizdə istedadlı
gənclik formalaşmaqdadır. Sadəcə, onları zəhmətə,
elmə, biliyə
həvəsləndirmək, potensialından səmərəli
istifadə etmək, bu günki informasiya bolluğunda
düzgün istiqamətləndirmək lazımdır. Tarix boyu hər bir xalq üçün elm, təhsil
və mədəniyyət strateji mahiyyət
daşıyıb, bu gün də belədir. Bu sahədə
ölkədə mühüm işlər görülür, dövlətin gənclərə
qayğısı kifayət qədər yüksəkdir.
Müasir
gənclikdə
yüksək qiymətləndirdiyim cəhət
sosial sifarişi öncədən təyin etmək, gələcəyə
açıq gözlə baxmaq bacarığıdır. Gənclik
dünyada gedən prosesləri kifayət qədər
düzgün təhlil edir və bu proseslərə sürətlə
qoşulur, inteqrasiya olunur. Heydər Əliyevin gənclər
siyasəti bu gün uğurla həyata keçirilir. Mən gələcəyimizə çox nikbin
baxıram.
– İradə
xanım, ictimai işlərə, elmi
yaradıcılığa elə qapanmısız, adama elə
gəlir ki, bu xanım özünə, şəxsi həyatına
sərf etməyə vaxt tapa bilməz... Vaxt Sizin
üçün nədir?
– Sonuncu
sualınızdan başlayaq. Vaxt mənim
üçün şürətlə axan dağ
çayıdır. Qarşısını
ala bilmirsən. Vaxt qəddardır,
amansızdır. Biganəliyi, tənbəlliyi,
məsuliyyətsizliyi bağışlamır. Eyni zamanda, həyatda bir insan ömrünə
ayrılan vaxtı dəyərləndirmək
üçün elə bir qiymətli nəsnə yoxdur.
Odur ki, ömürdən saymazyana ötüb
keçir. Amma zaman vaxtın qiymətini
bilənləri, səmərəli fəaliyyət göstərənləri
həmişə mükafatlandırır. Ona xalq məhəbbəti,
hörmət və ucalıq bəxş edir...(Fikrə
gedir).
Bilirsiniz,
hesab edirəm ki, mənim üçün yarım əsr
hardasa bir həyati hesabat, keçilən yola nəzərdir. Düşünürəm ki, ürəyimdən
keçən bir çox arzularım çin olmaq mərhələsindədir.
Xarakter etibarilə hər zaman usanmadan işləmişəm,
çalışmışam, maneələrə, şərtlərə
baxmayaraq inkişafa doğru istiqamətlənmişəm.
Bu, yəqin ulu Tanrının mənə bəxş etdiyi həyat tərzidir.
Hesab edirəm bu daha düzgündür.Vay o
günə ki, insan dünyaya nə üçün gəldiyinin
mahiyyətini anlamasın, ideyasız, süstlük və
durğunluq içində yaşasın, həyatda izi
olmasın, dünyadan köçəndə yeri görünməsin.
50 ili hardasa
cavanlığın müdrik çağı və ya yeni bir
mərhələnin başlanğıcı
adlandırırlar. Mən bu dövrü yeni
yaradıcılıq ideyalarının, emosiyaların
sıçrayışlı şəkildə həyata
keçirilməsi, yeni işlərə təkan dövrü
kimi qarşılayıram. Necə deyərlər,
ikinci nəfəs dövrü başlayır. Cavanlıq
dövründəki çılğınlıq, enerji,
qüvvət bir qədər səngisə də, indiki
yaşda həyat təcrübəsi artıq mənim fəaliyyət
arsenalıma daxildir. İndi səriştə,
hadisələrə analitik baxış, müdrik və təmkinli
mülahizə əvvəlki
çılğınlığı, emosional enerjini əvəz
edir. Baş verən olaylara təmkinlə
yanaşmağa başlayır,özüm
üçün bir çox həqiqətləri aşkar edirəm...
Ailəmə
xanımlıq, övladlarıma analıq borcumu bir an da unutmuram. İki qız
övladım elmi işlə məşğuldur. Bütün ev
sahibələri kimi qayğılarım var. Xeyir-şərdən
qalmıram. Mənə ehtiyacı olanlardan diqqətimi
əsirgəmirəm. Bədii ədəbiyyatı,
musiqini sevirəm. Muğamlarımızın
vurğunuyam, xalq mahnılarımızın çoxunu əzbərdən
bilirəm. Bəzən tək olanda özüm
üçün asta-asta zümzümə də edirəm...(Gülür).
– Eyni
coşqu ilə müxtəlif işləri görmək iqtidarında
olan İradə xanımı hər biri özlüyündə
böyük məsuliyyət daşıyan paralellər yormur ki?
– Xeyr, bu artıq vərdişdir,
mənim həyat tərzimdən qaynaqlanır...
– Uzun illərdir
BDU-YAP Qadınlar Şurasının sədrisiniz. Bir çox beynəlxalq tədbirlərdə
qadınların hüquqlarının müdafiəçisi
kimi çıxış edibsiz. Maraqlıdır,
özünüz ailədə bu balansı qoruya bilirsinizmi?
–
Qadın hüququ və güzəştlər. Yaxşı bir tandemdə qoyursunuz bu məsələni.
Çünki qadının hüquqi tələbləri
ifrat dərəcəyə çatanda, necə deyərlər,
əndazədən çıxanda mən artıq onu hüquq
deyil, hardasa başqasının (kişiləri nəzərdə
tutur) hüququnun pozulması kimi qəbul edirəm. Bu məsələyə
dərrakə ilə yanaşılmalı, burada da
bir tarazlıq olmalıdır. Qadın ana,
qadın həyat yoldaşı, qadın nənə, qadın
ziyalıdır. Qadın əmək fəaliyyəti
ilə məşğul olur, gənc nəsli
formalaşdırır, sevir-sevilir, qadın incə məxluqdur.
Təbii ki, o bütün bu keyfiyyətləri
özündə təcəssüm etdirməyi, bir toplum
halında həyata keçirməyi bacarmalıdır. Onun ambissiyaları ailədə problem yaradırsa,
hesab edirəm ki, bu düzgün yanaşma deyil. Ailədə də, işdə də bu məsələləri
tənzimləyən, problemlərdən düzgün
çıxış yolu tapmağı bacaran qadın
olmalıdır. Yəni qadın həmişə
sülhün carçısı kimi özünü təsdiq edib.
Ümumiyyətlə, ailə məfhumu mənim
üçün çox müqəddəsdir.
Bunların üzərinə nəvələrin şirinliyi də
gələndə insan cavanlaşır...
– İradə
xanım, Siz qadın, ana məsuliyyətindən
danışdıqca,
bir neçə il bundan əvvəlki
görüşümüz yadıma düşdü. Rəhmətlik ananız Sona xanımın nurlu
siması indi də gözümün önündədir.
Açdığı süfrənin gözəlliyi, bişirdiyi plovun
ətri məni valeh etmişdi. Hətta şuxluq edib zarafatla dedim: Sona
xanım, sizin məşhur, şəfqətli həkim olduğunuzu
eşitmişdim, amma bu cür ətirli plov bişirdiyinizi
bilmirdim. Bundan sonra xəstə olduğumu bəhanə edib hər
həftə sizə gələcəm...
– (Kövrəlir)... Hə... Yaddan çıxmaz analı günlərim...Yaşadıqca,
həyatı dərk etdikcə çalışmışam
ki, anamın mənə verdiyi öyüdü, nəsihəti,
tərbiyəni, aşıladığı ideyaları
başa düşüm, qəbul edim, həyatda
reallaşdıra bilim. Böyüyə hörmət,
başqasına pislik etməmək, imkan olduqca insanlara əl
tutmaq, arxa
durmaq – bizim ailəmiz bu əzmdə yaşayıb...
( Bu yerdə
11 iyul 2008-ci il tarixli “Mir jenşinı” qəzetində
jurnalist Tamilla Siracın İradə xanımın ailəsi ilə
bağlı xatırlamaları yadıma düşdü.
Tamilla xanım yazır: “...Xalam deyirdi ki, İradə
xanımın nənəsi Tubu xanımın bütün
qızları gözəl və ağıllı idi, ancaq Sona
xanım hamısından fərqlənirdi. O çox gözəl
olmaqla bərabər, yüksək intellektə malik, öz
ixtisasını mükəmməl bilən həkim idi. Kollektivdə böyük nüfuzu vardı. Uzun müddət Həkimlərin Təkmilləşdirmə
İnstitutunun terapiya kafedrasına rəhbərlik edib.
Atası tanınmış alim Mehtiqulu müəllim, əmisi
Meşə Təsərrüfatı İnstitutunun direktoru,
alim Ələddin Hüseynov,
babasının qardaşı Xalq Təsərrüfatı
İnstitutunda uzun müddət dekan işləyən professor
Abas Nəbiyev, elə əmiuşaqlarının
əksəriyyəti elmlə məşğul idilər.
Yaxşı
yadımdadır, bizim gənclik illərində Raya xala
İradənin babası İsrafil kişi
ilə nənəsi Tubu xanımın toyundan mənə
danışıb. Sevgilisini ona verməyəcəklərindən
ehtiyatlanan İsrafil kişi elçiləri
göndərərkən ən yaxın dostu Üzeyir Hacıbəyovu
da ağsaqqalların tərkibinə daxil edir. Əlbəttə,
Üzeyir Hacıbəyovdan heç kəs heç nəyi əsirgəməzdi.
Tubu xanımın atası Mirmehdi Talıbov isə çox sayılıb-seçilən
və varlı adam olub. Elmə
həvəs göstərən gənclərə həmişə
köməklik göstərərdi. Onun
qayğısı nəticəsində bir çox gənclər elmin müxtəlif
sahələrində tanınmış mütəxəssislər
oldular...”)
– Sizə
gözləmədiyiniz bir sual verəcəm, 100
yaşınızı necə təsəvvür edirsiz?
– İnsana ömür payını Allah verir. İnsanın
nə qədər yaşamaq imkanı qalıbsa gərək
onu faydalı işlərə sərf eləsin ki, həyatdan
köçəndə onun haqqında xoş sözlər
desinlər. Eyni zamanda o özündən sonra
böyük bir irs – hər hansı
bir elmi məktəb
yaratsa, hər hansı bir uzun perspektiv illərə tuşlanan
işlər görə bilsə özünü hardasa realizə
etmiş hesab edəcək. İnsan hər zaman
harmoniyada, daxilən özü və ətrafı ilə
barışda olmalıdır. Məhz belə
müstəvidə, belə tandemdə o bütöv bir şəxsiyyət
kimi fəaliyyət göstərə bilər. İnsan xasiyyətini dəyişə bilmir. Sizə deyim ki, elə indi necəyəmsə, 100
yaşımı da o cür təsəvvür edirəm.
– İradə xanım, Sizə yeni yarıməsrliyin
başlanğıcında yüzilliyə doğru uzaq bir yolu
müdrikcəsinə layihələndirməyi və bu yolda qətiyyətli
addımlar atmağı arzulayıram. İnanıram ki, ulu öndər
Heydər Əliyev kimi dahi bir şəxsiyyətin məktəbini
keçmiş bir insan istədiklərinə şərəflə,
ləyaqətlə nail olacaq!
Saminə Hidayətqızı
525-ci qəzet.-
2013.- 19 aprel.- S.4.