Sülh adamı
Bu həftə Müstəqil
Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin
müsəlmanları Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) təşəbbüsü ilə Bakıda
toplaşdı. İştirakçılar Azərbaycan və
postsovet məkanı üçün vacib hesab edilən
“sülh və sabitlik” mövzusu ətrafında fikir
mübadiləsi apardılar. Konfrans QMİ və onun rəhbəri
Hacı Allahşükür Paşazadənin region
üçün əhəmiyyət kəsb edən və həssas
mövzu ilə bağlı keçirdiyi ilk toplantı deyil.
Belə ki, regionda sülhün bərqərar olması məsələsi
Dağlıq Qarabağ münaqişəsi başladığı
vaxtdan qurum və şəxsən onun üçün
prioritet mövzu olub. Artıq uzun illərdir ki, Şeyx bu
mühüm missiyanı öz rütbəsinə uyğun, səlahiyyəti
çərçivəsində yerinə yetirir.
Beynəlxalq
konfranslarda, eləcə də dini liderlər və dövlət
başçıları ilə görüşlərdə Qarabağ
həqiqətlərini dünya ictimaiyyətinə
çatdıran Hacı A.Paşazadə bölgədə
sülhün möhkəmləndirilməsində hər dəfə
yeni-yeni təşəbbüslərlə
çıxış edir. Ermənistanın dini rəhbəri
ilə dəfələrlə danışıqlar aparması
da buna sübutdur. Danışıqlarda işğal
altındakı Azərbaycan torpaqlarında ermənilərin mədəni-dini
abidələri dağıtmasını önə çəkir.
Bu yaxınlarda bütün Qafqazın Şeyxi ermənilərin
Şuşa və İrəvan məscidlərini
dağıdaraq heyvanxanaya çevirmələrinə
etirazını bir daha kəskin şəkildə bildirib.
İnsanlığa, həmçinin heç bir dövlət
qanunlarına sığmayan bu hərəkətlərin qətiyyətlə
pislənildiyi Şeyxin xəbərdarlıq məktubu erməni
dini liderinə çatdırılıb.
A.Paşazadənin
fəaliyyəti dini sahədə problemlərin həlli sahəsindəki
çalışmalarla bitmir, ölkənin ictimai-siyasi həyatına
da töhfəsini vermək üçün mümkün vasitələrdən
maksimum istifadə edir. O, qanlı tariximizlə bağlı,
xüsusən də 20 Yanvar faciəsinin, Xocalı və 31
Mart soyqırımları ilə əlaqədar hər il
dünya ölkələri rəhbərlərini, parlamentlərini,
beynəlxalq təşkilatları erməni vəhşiliklərinə
hüquqi qiymət verməyə çağırır.
Xatırlatmaq
yerinə düşər ki, 20 Yanvar faciəsi baş verdiyi
dönəmdə xalqını tək qoymayan Hacı
A.Paşazadə şəhidlərimizin torpağa
tapşırılmasında yaxından iştirak edib və
onların dualarını şəxsən özü oxuyub.
Qanlı faciədən sonra da Şeyx çaşqın və
matəm içində olan Azərbaycan xalqını tək
qoymadı, hətta qısa müddətə olsa da,
başsız qalmış xalqa rəhbərlik etməklə
onu əlavə gözlənilməz təhlükələrdən
qorudu.
Azərbaycanla
yanaşı Şeyx, bütün Qafqazda sabitliyin hökm
sürməsinə çalışır. 20 il əvvəl
Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar,
Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz
və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə
Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən
Qazqafın dini lideri, Çeçenistan və İnquşetiyada
qızğın döyüşlər getdiyi bir vaxtda dinc əhalinin
müdafiəsinə qalxdı. O, qan tökülməsinin, eləcə
də silahlı radikal qüvvələrin dinc əhaliyə
qarşı yönəlmiş əməllərinin,
çeçen xalqının məhv edilməsinin
qarşısını almaq istiqamətində fəal və səmərəli,
eyni zamanda tarixi rol oynadı.
A.Paşazadə
İraq, Fələstin, Livan və münaqişə
aparılan digər müsəlman ölkələrində də
hərbi təcavüzə qarşı etiraz səsini
ucaldıb və bu yolundan bir addım da geri çəkilməyib.
Döyüş gedən ərazilərdə, xüsusilə,
İraqdakı müqəddəs ziyarətgahların
qorunması üçün dəfələrlə beynəlxalq
təşkilatlara, dövlətlərə müraciət edib.
Onun səyləri və nəzarəti nəticəsində Azərbaycan
vətəndaşları hər il rahat şəkildə
müqəddəs torpaqları Həcc, Ümrə, habelə,
digər ziyarətgahları maneəsiz və heç bir təhlükə
yaşamadan, rahat şəkildə ziyarət edirlər.
Bütün
varlığı ilə Həcc ziyarətinə getməyi
arzulayan, amma maddi imkanı məhdud insanların istəyinin
reallaşmasına da Şeyxülislam həmişə həssaslıqla
yanaşıb. Bilavasitə onun yaxından köməyi sayəsində
neçə-neçə jurnalistə də müqəddəs
torpaqları ziyarət etmək qismət olub. Bu cür xeyirxah
və savab əməllər onun çoxşaxəli fəaliyyətinin
tərkib hissəsidir.
Bütün
Qafqazın Şeyxinin əməyini, sülhsevər
missiyasını əksər xalqlar və dövlətlər
yüksək qiymətləndiriblər. Bunun nəticəsidir
ki, o, bir çox dini və beynəlxalq təşkilatlara həmsədr
və üzv seçilib. Onların arasında Ümumdünya
İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi,
Ümumdünya Sülh Şurası, Avrasiya İslam
Şurası, “Vicdana çağırış” Beynəlxalq
Fondu, Katolik-Pravoslav məzhəblərarası əlaqələr
Komissiyası, İordaniya İslam Mədəniyyəti Kral
Akademiyası, Beynəlxalq Fiqh Akademiyası, YUNESKO yanında
yaradılan din xadimlərinin məşvərət qrupu və
s.var. A.Paşazadə MDB-nin Dinlərarası
Şurasının həmsədri, qurumun müsəlman Məşvərət
Şurasının sədridir.
Şeyxin
təbii ki, Azərbaycanda xüsusi çəkisi, nüfuzu
var. O, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan
Respublikası Prezidenti yanında Əfv və Ali Attestasiya
Komissiyalarının Ekspertlər Şurasının
üzvüdür. Onadək kitabın elmi redaktoru, bir çox
məqalələrin müəllifidir. “Şeyxülislam
ordeni”nin və Bakı İslam İnstitutunun təsisçisi
A.Paşazadə ölkə rəhbərliyi və dünya
dövlətləri tərəfindən 30-a yaxın medal,
onlarla mükafatla təltif edilib, haqqında kitablar
yazılıb, filmlər çəkilib.
Beynəlxalq
konfranslarda xristian və digər icmaların rəhbərləri
Azərbaycanda dövlət – din münasibətləri sahəsində,
etiqad azadlıqlarının təminatı, dini icmaların sərbəst
fəaliyyəti, milli azlıqların dinc şəraitdə
yaşaması istiqamətində əldə olunmuş
uğurlarda Şeyxin əməyinə yüksək qiymət
verirlər. Roma Papası II İohan Pavel, Moskva və
bütün Rusiya Patriarxı,
II Aleksi və digər dini xadimlər, eləcə də
nəhəng dövlətlərin başçıları
Şeyxin təkcə öz bölgəsinə deyil,
bütün dünya xalqlarına dəstək və köməyini
xüsusi vurğulayıblar.
Son
dövrlər dünyada dini tolerantlıq zəminində
problemlər yaşanır, amma Azərbaycanda vəziyyət fərqlidir.
Bizdə bu sahədə mövcud durum bir çox məsələlərdə
dünyaya öz sözünü diktə edən nüfuzlu
dövlətlər üçün nümunədir və bu,
onların özləri tərəfindən də etiraf edilir.
Regiondakı gərginliyə baxmayaraq, Azərbaycanda dini zəmində
heç bir münaqişə baş qaldırmayıb. Bu
işdə dövlətin yürütdüyü uğurlu
daxili və xarici siyasətlə yanaşı, Hacı
A.Paşazadənin də rolu danılmazdır. Ölkə,
“din dövlətdən ayrıdır” prinsipi ilə
addımlasa da, QMİ-i həmişə dövlətin mənafeyini
qorumağa çalışır. Bunun da nəticəsində
respublikada dini sahədə vəziyyət daim sabitdir.
Azərbaycanda
tolerantlığın daha da möhkəmləndirilməsi sahəsində
çoxsaylı işlər görülür, milli
azlıqlara, başqa dinlərə mənsub vətəndaşlara
münasibətə görə ölkə artıq dünyada
multikulturalizm məkanı kimi tanınır. Bu səbəbdəndir
ki, bir çox mühüm dini konfrans və forumlar rahat şəkildə
məhz Azərbaycanda keçirilir.
Azərbaycanda
bütün dinlərin nümayəndələrinin öz dini
ayinlərini azad şəkildə icra etməsi nümunəvi
tolerantlıq modelidir. İslam dininə məhəbbəti
aşılayan, onu olduğu kimi sevdirməyə və bu
sevgini digər insanlara ötürməyi öyrətməyə
çalışan A.Paşazadə Aşura günündə
vətəndaşların savab qazanmalarının təşəbbüskarıdır.
Onun sayəsində artıq neçə ildir həmin gün,
simvolik qan çıxarılması ayininin mahiyyətini
saxlamaq şərtilə, qan xəstəliklərindən əziyyət
çəkən insanların, xüsusən də,
talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi
məqsədilə qanvermə aksiyaları təşkil edilir.
Uzun illər
sülh və sabitlik uğrunda işgüzar və səmərəli
fəaliyyəti nəticəsidə Hacı A.Paşazadə
Qafqaz müsəlmanlarının XI qurultayında
ömürlük Şeyxülislam seçilib. Bu yerdə Azərbaycan
Prezidenti İlham Əliyevin onun haqqında dediyi sözləri
xatırlamaq yerinə düşür: “Şeyxülislam
Allahşükür Paşazadə təkcə Azərbaycanda
və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə
geniş tanınan, çağdaş dünyamızın
nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən
ehtiramla qəbul edilən, böyük hörmətə və
nüfuza sahib olan şəxsiyyətdir”.
Tofiq VƏZİROĞLU
525-ci qəzet.-
2013.- 19 aprel.- S.5.