Böyük Orta Şərq layihəsində
yeni mənzərə
Böyük Orta Şərq Mərakeşdən Pakistana,
Türkiyədən Sudana qədər böyük bir ərazidə
yeni siyasi mənzərənin formalaşdırılmasına
yönəlmiş geosiyasi layihədir. ABŞ-ın 43-cü
Prezidenti Corc Buşun 2003-cü ildə irəli sürdüyü
“Böyük Orta Şərq” konsepsiyası ABŞ-ın “beynəlxalq
terror” adlandırdığı düşmənlə
mübarizəyə, Orta Asiyadan körfəz bölgəsinə
qədər uzanan neft mənbələri üzərində
idarəçiliyə, yeni fövqəlgüc mərkəzlərini
(Çin, Rusiya və Hindistan) neytrallaşdıraraq islam
dünyasında nüfuz sahibi olmağa yönəlmişdir.
Məlum olduğu kimi, bu coğrafiya əsasən müsəlman
ölkələrini əhatə edir. Yeni minillikdə geosiyasətdə islam faktoru daha güclü bir məna
daşımağa başlamışdır. Tarixən Qərbin
hegemon dövlətlərinin müdaxiləsi ilə islam ideologiyasından siyasi faktor olaraq istifadə
olunması bir gerçəklikdir. Vəhabilik təriqətinin,
Taliban hərəkatının, Əl-Qaidə terror təşkilatının
yaradılmasında Qərb öz iştirakının
olduğunu əslində heç vaxt inkar da etmir.
Təəssüflər
olsun ki, günümüzdə islam və
radikalizm, hətta islam və terror anlayışlarını
yanaşı çəkənlər Qərbin bu müdaxilələrini
xatırlamaq belə istəmirlər. Lakin tarixi faktlar sübut
edir ki, əksər radikal islam təşkilat
və təriqətləri hər zaman Qərbdəki müəyyən
qüvvələrin himayəsinə söykənmişdir. İngilislərin himayəsində yaradılan Vəhabilik
bu gün digər Qərb havadarlarının dəstəyi ilə
yaradılan yeni radikal dini cərəyanların timsalında həmin
geosiyasi trendi davam etdirir.
Hətta
davam etməkdə olan ərəb oyanışının əsas
siyasi aktorlarından olan “Müsəlman qardaşları”nın da Qərblə
bağlılıqları haqqında çoxsaylı məlumatlar
günümüzün dünya mətbuatının səhifələrini
bəzəyir. Lakin siyasi ssenarilərin mövcud vəziyyətindən
fərqli “B planı” zamanı “Müsəlman
qardaşları”na hansı rolun veriləcəyini əvvəlcədən
müəyyənləşdirmək olduqca çətindir.
Tarixdə
analoji müqayisə etdikdə, Sovetlərin Əfqanıstan
kompaniyası zamanı Taliban hərəkatının
oynadığı rolla bu gün Ərəb
oyanışında sələfilərin və ya “Müsəlman
qardaşları”nın rolu arasında bir
oxşarlıq müşahidə edilir. Ərəb
dünyasında və bütövlükdə Yaxın Şərqdə
siyasi hadisələrin fərqli axarında bu dini qruplara Taliban
kimi terrorçu adın verilib-verilməməsinə isə
heç kim zəmanət vermir.
Region ölkələrində baş verən hadisələr
kənar müdaxilə hesabına cərəyan etsə də,
tam idarə oluna bilmir. Proseslər olduqca sürətlidir, xarici
qüvvələrin və daxildəki oyunçuların məqsədləri
və əldə etdikləri çox zaman fərqli olur.
Hətta proseslərin əks-effekt verəcəyini,
Qərbin maraqlarının əleyhinə çevrilə biləcəyini
belə gözləmək olar.
Qərb və İslam – transformasiya
dövrü
Beləliklə, son yüzillikdə Qərbin İslam
dünyasına münasibətində ciddi transformasiyalar
baş verir. II dünya müharibəsinədək Qərbin
müstəmləkə şəbəkəsinə daxil olan
müsəlman ölkələri sonrakı dövrdə yenə
həmin Qərbin dəstəklədiyi rejimlərlə əvəz
olundu. Əsasən hərbçilərin əlində
olan bu rejimlər soyuq müharibə dövründə Sovetlər
İttifaqına və onun regiondakı müttəfiqlərinə
qarşı əsas platsdarm oldu.
Sovetlər İttifaqı dağıldıqdan sonra isə
yeni bir münasibətə ehtiyac yaranmışdı. Proses 2 istiqamətdə
özünü daha qabarıq göstərirdi. Birincisi,
Qərb cəmiyyətinin daxilində islam
dini dəyərlərinə və müsəlmanlara
qarşı olan münasibət.
Məlum olduğu kimi müstəmləkə siyasəti
iflasa uğradıqdan sonra Qərb ölkələrinin təşviq
etdiyi miqrasiya siyasəti nəticəsində Avropada müsəlmanların
sayı dəfələrlə artdı. Müsəlmanlar
artıq Qərb cəmiyyətinin içərisinə daxil
olmağa başladılar və burda özünəməxsus
yer tutdular. Bu gün Fransa, İngiltərə,
Almaniya və digər Avropa ölkələrinin artıq vətəndaşı
olan müsəlman miqrantlar Qərb cəmiyyəti daxilində
öz bərabər hüquqlarını təmin etməyə
çalışırlar.
Hələlik ümumi tendensiya belədir ki, Avropada
mövcud hakim qüvvələr bu miqrantları onların
milli və dini dəyərlərini nəzərə almadan Qərb
dəyərləri ideyası ətrafında birləşdirməyə
çalışırlar. Lakin bu siyasət
artıq özünü doğrultmur. Buna
görədir ki, Fransada hicabla bağlı, İsveçrədə
minarələrlə bağlı xoşagəlməz presedentlər
ortaya çıxmışdır. Təsadüfi
deyil ki, Qərb liderləri özlərinin təşəbbüskarı
olduqları multikulturalizm siyasətinin iflasa
uğradığını bəyan edirlər. Beləliklə, müsəlman miqrantların nəsillərinin
artıq Qərb cəmiyyətinin daxili komponentinə
çevrilməsini və Qərbdə islamın rolunun və
imicinin gün-gündən artmasını Qərb-İslam
münasibətlərində birinci istiqamətin əsas
xarakterik xüsusiyyəti hesab etmək olar. O da qeyd edilməlidir
ki, uzun əsrlər islam dini
daşıyıcılarına düşmən kimi baxan Qərb
cəmiyyəti üçün bu reallığın qəbul
edilməsi heç də asan deyil.
Qərb-İslam
münasibətlərində ikinci istiqamət isə islam dünyasının dünya nizamında
rolunun dəyişməsi ilə bağlıdır. Artıq bu bir reallıqdır ki, böyük
karbohidrogen ehtiyatlarına malik və strateji coğrafi
mövqedə yerləşən Yaxın Şərq regionu
ölkələrinin əvvəlki metodla yönləndirilməsi
mümkün deyil. Eyni zamanda islam
artıq geosiyasi faktor olaraq da geosiyasətdə öz
ağırlığını qoymaqdadır. Belə
olan halda Qərb uzun illər əməkdaşlıq etdiyi
rejimlərə üz çevirdi və yaranan boşluğu
artıq hərbi rejimlərə deyil, dini-siyasi qüvvələrə
verməli oldu. Bu transformasiyanı isə artıq
möhkəmlənmiş rejimlərə qəbul etdirmək
asan olmadığı üçün proses qanlı “ərəb
oyanışı” ilə müşayiət olunur.
Paralel
olaraq qlobal miqyasda ictimai fikirdə islam və
terror, islami radikalizm kimi kənardan idarə olunan proseslərin
əks-təbliğatı istiqamətində işlər
aparılır. Yəni, reallıq və
görüntü bir-birindən tamamilə fərqlidir. Bu fərqin daha da artmasında Qərbin media
monopoliyası və qeyri-hökumət təşkilatları
şəbəkəsinin yaratdığı illüziya da
öz rolunu oynayır.
Beləliklə, bütün bu geosiyasi trendlərin
işığında Böyük Orta Şərq layihəsi
yeni minillikdə İslam dünyası ölkələri
coğrafiyasında yeni mənzərənin konturlarını
müəyyənləşdirməyə yönəlmişdir.
Böyük Orta Şərq layihəsi
çərçivəsində Türkiyə-Suriya münasibətləri
Regionda baş verən hadisələr Böyük Orta
Şərq layihəsində dəyişikliklər edilməsini
zəruri edir.
Bu layihənin hazırlanmaqda olduğunu nəzərə
aldıqda, çevik reaksiya üçün taktiki dəyişikliklərin
edilməsi heç bir çətinlik yaratmır. Bu baxımdan Suriyada müharibənin vaxtının
Qərbin gözlədiyindən daha artıq uzanması və
xarakterinin dəyişməsi (rejim tərəfdarları və
əleyhdarları arasında vətəndaş müharibəsinə
çevrilməsi) Böyük Orta Şərq layihəsində
yeni addımlara səbəb olur.
Bu
prizmadan yanaşdıqda Türkiyə-İsrail münasibətlərinin
normallaşdırılması, Yaxın Şərq sülh
prosesində Türkiyəyə verilən rolun
artırılması, Türkiyədə PKK terror təşkilatı
ilə sülh danışıqları, PKK-nın Suriya
müharibəsində aktiv iştirakçıya çevrilməsi
Böyük Orta Şərqdə yeni mənzərənin
konturlarını göstərir.
Hazırkı mərhələdə Suriyada müharibənin
gecikməsi yeni taktiki gedişlərə səbəb oldu. Bu baxımdan, ABŞ
dövlət katibi Con Kerrinin son 1 ayda 2 dəfə Türkiyəyə
səfərinin Türkiyə-İsrail münasibətlərinin
normallaşması prosesinin başlaması ilə
üst-üstə düşməsini təsadüfi saymaq
olmaz. Türkiyənin regionda rolunun
artırılmasının qarşılığında Suriya
ilə bağlı həlledici mərhələdə bu
ölkənin üzərinə müəyyən tələblərin
qoyulmasını güman etmək olar.
Bəzi ekspertlər hesab edirlər ki, C.Kerri Türkiyəyə
səfəri zamanı rəsmi Ankaranı İsrail-Fələstin
sülh danışıqlarına dəvət etmişdir
(Aslı Aydıntaşbaş. Ortadoğuda
barış için Türkiyeye davet. Milliyet
gazetesi. 8 aprel 2013). Yəni,
Türkiyə-İsrail münasibətləri Türkiyənin
tələbləri yerinə yetirilməklə
normallaşdırılır. Əlavə
olaraq isə Türkiyə İsrail-Fələstin
münaqişəsinin həllində daha yaxına
ötürülür.Türkiyə İraq münasibətlərində
də istiləşmə müşahidə olunur. Bir
müddət əvvəl Türkiyəni İraqın daxili
işlərinə qarışmaqda ittiham edən İraqın
baş naziri Nuri Əl-Maliki aprelin 5-də jurnalistlərə açıqlamasında
bildirmişdir ki: “İraq ümumi maraqlar,
qarşılıqlı hörmət və qonşuluq əsasında
Türkiyə ilə yaxınlaşma istiqamətində istənilən
addımı alqışlayır”. Son dövrlər
iki ölkə arasında münasibətlərin kəskinləşməsi,
eləcə də ənənəvi sünni-şiə
qarşıdurması kontekstində Nuri Əl-Malikinin bu bəyanatı
siyasi proseslərinin pərdəarxası məqamlarından xəbər
verir.
Digər tərəfdən Türkiyədə “kürd
açılımı” adlı hazırkı
danışıqlar prosesində PKK terror təşkilatı
üzvlərinin ölkəni silahları ilə birgə tərketmə
tələblərini ortaya qoymaları Suriya hadisələri ilə
bağlı addımdır. Çünki təxminən
eyni vaxtda Suriyada müharibə başlayandan bəri ilk dəfə
olaraq B.Əsəd rejimi kürdlərin yaşadığı
Qamışlı (Türkiyə sərhədi) və Hələbin
kürd məhəllələrini vurdu. PKK
terror təşkilatının Suriya qanadı PYD aktiv
müharibəyə qoşuldu. Görünən
odur ki, terrorçu kürd qruplaşmaları müharibəni
bir ölkədə davam etdirmək
tapşırığı alıblar və buna görə də
öz silahları ilə bərabər Suriyaya keçmək
istəyirlər.
Beləliklə, Türkiyənin regional lider olması bir
reallıqdır və bu bölgədə nüfuz müharibəsi
aparan bütün qüvvələr bu faktorla
hesablaşırlar. Sadəcə Böyük Orta Şərq
layihəsində əsas hədəf ölkələrdən
birinin Türkiyə olduğunu nəzərə aldıqda,
hazırkı ssenarilər Türkiyənin xeyrinə işləmir.
Görünür Türkiyənin regionda
müstəqil siyasət aparması fövqəldövlətlərin
maraqlarına uyğun deyil. Məhz bu səbəbdən
də Böyük Orta Şərq layihəsi Türkiyənin
bütün qonşu dövlətlərlə problemlərinin
artmasına yönəlmişdir.
Ərəstü Həbibbəyli,
iqtisadiyyat üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2013.- 19 mart.- S.5.