“Tolerantlıq Şərqdə, xüsusən
də Azərbaycanda mədəni dəyərə, əxlaq
normasına çevrilib” (davamı)
PROFESSOR ŞAHLAR ƏSGƏROV:
“ÖLKƏDƏ ÜMUMMİLLİ İDEYA
BİRLİYİNİN ƏLDƏ OLUNMASINDA DİNİ VƏ
ETNİK TOLERANTLIĞIN BÖYÜK ROLU VAR”
Azərbaycanın tanınmış elm adamlarından və
ictimai xadimlərindən olan professor Şahlar Əsgərovla
söhbətimizdə onun ölkəmizdə dini və etnik
tolerantlığın – dözümlülüyün ənənələri,
həmçinin qarşılıqlı
xoşgörünün müasir səviyyəsi barədə
fikirlərini öyrəndik. Bu mövzuda
özünəməxsus düşüncə və mülahizələrini
dilə gətirən müsahibimiz tolerantlığın
ölkədə milli birliyin bərqərar olunması
baxımından əhəmiyyəti, həmçinin dövlətin
bu sahədə yürütdüyü siyasət,
apardığı işlər haqqında da fikirlərini
açıqladı.
Heydər
Əliyevin bəzi fəlsəfi fikirləri ilə tanış olanda görürük ki, milli
birlik və qüdrətli dövlət ideyası onun milli
dövlətçilik fəlsəfəsinin əsas qayəsidir.
Heydər Əliyev fərd-kütlə kontekstində
xalqımızla bağlı belə bir fikir söyləyib: “Əgər
bir azərbaycanlı ilə bir ermənini təkbətək
meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə
verməz. Heç vaxt! Amma millətimizi bu
cür qəhrəman etmək bir-iki adamın işi deyildir.
Bu, xalqın hamısının birlikdə
işidir və xalqa rəhbərlik, başçılıq,
sərkərdəlik edən adamların işidir. Xalqımızda bu qüdrət, cürət, qəhrəmanlıq
keyfiyyətləri var”.
Bu fəlsəfi baxışın milli özünüdərk
üçün əhəmiyyəti çox
böyükdür. Bu kəlamda uğurumuz və qüsurumuz
bir yerdədir. Fərddə olan qəhrəmanlıq
potensialını topluma ötürməyin vacibliyini diqqət
mərkəzinə çəkir və bu niyyətlə
hamını, xüsusilə, elitar təbəqəni səfərbər
olmağa çağırır.
Heydər Əliyev hadisələrin “şirin” yox,
“acı” tərəflərini də görmək istəyirdi. Onun “Mənə
şirin yalan söyləməyin, mənə acı həqiqəti
deyin” fikri hamımıza yaxşı tanışdır.
Geniş zaman kəsiyində Azərbaycan – Ermənistan
münasibətini belə qiymətləndirib: “Bir həqiqəti
də qəbul etmək lazımdır. Həmişə
Ermənistan qəsbkarlıq siyasəti yeritmiş, biz isə
müdafiə olunmuşuq, bəzən də geri çəkilmişik.
İndi də belə mövqe tuturuq”.
Bu kəlama fəlsəfi yüksəklikdən baxsaq, acı
həqiqəti qəbul etməli oluruq. Son yüz ildə
Azərbaycan-Ermənistan münasibətinin və ya
münaqişəsinin subyekti ermənilər olmuşdur.
Biz bu prosesin passiv tərəfi
sayılmışıq. Nəticədə
torpaqlarımız 116 mindən 86,6 min
kvadrat kilometrə qədər azalıb və bunun da 20 faizi hələ
işğal altındadır.
– Bu itirmələr
tarixdən nə kimi ibrət dərsləri
almağımızı şərtləndirir?
– Bu
tarixi-fəlsəfi müddəa tələb edir ki, proseslərin
və hadisələrin inkişaf istiqamətini dəyişmək,
onların obyekti yox, subyekti olmaq lazımdır. Heydər Əliyev
1991-ci ilin fevralında Ali Sovetin iclasında deyib: “Bundan sonra
Ermənistan barəsində biz müdafiə mövqeyi deyil,
hücum mövqeyi tutmalıyıq və burda deputatların
dediyi kimi, verilmiş bütün torpaqların
qaytarılması uğrunda mübarizə aparmalıyıq. İndi biz hücuma keçməliyik və mən də
bu mübarizəyə hazıram”.
Bu fikirdə iki məqam diqqəti cəlb edir. Birincisi, hadisənin
obyektindən çıxıb, subyektə çevrilmək məsləhət
bilinir. İkincisi, indiyə qədər
itirilmiş torpaqların qaytarılması uğrunda
mübarizə aparmalıyıq. Həm
birinci, həm də ikinci məqam qüdrətli dövlət
olmağımızı şərtləndirir. XX əsrdə torpaqlarımızın itirilməsini
Heydər Əliyev fəlakət adlandırmışdı.
Çağdaş dövrümüzdə
dövlətlərarası münasibətdə ikili
standartlardan çox söhbət gedir. Sovetlər dönəmində
bu düşüncə gündəmdə olmayanda belə, ulu
öndər bir dövlət daxilində ikili standartların
olmasını sadə dildə belə ifadə edib:
“İyirminci ildən başlayaraq biz vaxtaşırı Azərbaycan
torpaqlarını hissə-hissə itiririk. İyirmi
ikinci ildən SSRİ-nin tərkibindəyik. SSRİ-nin tərkibinə daxil olan heç bir
respublika belə bir fəlakətlə üzləşməyib.
Heç bir müttəfiq respublika başqa
müttəfiq respublika tərəfindən təcavüzə
məruz qalmayıbdır”.
– Şahlar müəllim, bu da faktdır ki, nə qədər
birləşsələr, torpağımızı
işğal etsələr belə, Ermənistan əslində
bizimlə müqayisədə zəif tərəfdir. Sizcə,
burada üçüncü subyekt rol oynamayıbmı?
– Şübhəsiz, həm iqtisadi baxımdan, həm də
insan potensialı baxımından Azərbaycandan zəif olan
Ermənistana kənardan kömək olmasaydı, o təkbaşına
bu üstünlüyü əldə edə bilməzdi. Deməli, erməniləri
bu prosesin subyekti edən üçüncü qüvvə
var. Sovetlər zamanında bu qüvvəyə rəhbərlik
edən keçmiş ittifaq rəhbərliyi və
hal-hazırda isə Minsk qrupunun üzvləridir. Rusiya sosialist sisteminin və SSRİ-nin dağılmasına
razı oldu, ancaq özünə zərərli mövqeyindən
əl çəkmədi. 1994-cü ildə Azərbaycan
parlamentinin vitse-spikeri mərhum Cəlilovla BDU-ya gəlmiş
Rusiya parlamentinin üzvü, IV çağırış
Rusiya Dövlət Dumasının vitse-spikeri, hazırda “Xalq
İttifaqı” partiyasının lideri Sergey Baburin dedi ki,
Çauşesku ölümqabağı “lənətə gəlsin
Qarabağ” sözünü demişdi. Yəni,
bu o anlama gəlirdi ki, Çauşeskuya dəyən güllə
öz başlanğıcını Qarabağla bağlı
erməni ideyasından götürüb. Bu onu göstərir
ki, ermənilərin yaratdığı Qarabağ bəlası
lokal yox, qlobal bir bəladır. Son yüz ildə
başımıza gələn faciələri,
soyqırımıları, saysız-hesabsız terror
aktları, böhtanları, törədilən digər əməlləri
və hadisələri, nəinki maddi, həm də mənəvi
dəyərlərin oğurlanmasını bir yerə
yığıb “səbəb-nəticə” kontekstində təhlil
edərək ulu öndər onların gizli bir plan əsasında
fəaliyyət göstərdikləri qənaətinə gəlmişdi:
“Düşmənin Azərbaycanı parçalamaq,
dağıtmaq, torpaqlarımızın bir qismini ələ
keçirmək planlarının qarşısını almaq
üçün, buna sinə gərmək üçün,
bu planları pozmaq, Azərbaycanı qorumaq üçün
hamının bir məqsədi olmalıdır”. Deməli, ulu öndər
Azərbaycanı zəiflətməyə yönəlmiş
belə bir məkrli planın varlığını nəinki
qəbul edir, hətta bizi xəbərdar edirdi ki, düşmən
Azərbaycanı içəridən dağıtmaq istəyir.
Qüdrətli dövlət naminə bu planı
pozmaq üçün “hamının bir məqsədi
olmalıdır” məsləhətini verir.
– Sizcə,
erməni planının tərkib hissələri nədən
ibarətdir?
– Hesab etmək
olar ki, gizli erməni planının vacib taktiki müddəası
qəsbkarlıq məqamını seçməkdir. Tarixin dönüş nöqtələrində-
çar və sovet dövlətinin yıxılması,
İkinci Dünya müharibəsinin başlanması
qonşuların başı ictimai-siyasi proseslərə
qarışanda, müharibə elan etmədən onların
torpağının tutulmasıdır. Bu
planı reallaşdırmaq yolunda ölməyə və öldürməyə
qadirdilər. Amerika yazıçısı Pol Eldricin
maraqlı bir fikri var: “İnsan ideya uğrunda ölümə
gedə bilər, bir şərtlə ki, onu aydın başa
düşməsin”. Deməli, ermənilərin
bu planlarının əsasında qəsbkar bir milli ideya durur.
Bu həm də “Dənizdən dənizə” –
dövlət qurmaq ideyasıdır. Çox
güman ki, bu ideyanın müəllifi
üçüncü, dördüncü dövlətlərdir.
Çünki onlar bu ideyanın reallaşmasına ermənilərdən
az çalışmırlar. Bu ideya bizim cəmiyyət
üçün yeni deyil. Biz bunu dəfələrlə
eşitmişik. Ancaq bizim qüsurumuz bundan
ibarətdir ki, bu fikrin statusu cəmiyyət üçün
düzgün dəyərləndirilməyib. Biz bunu ciddi,
uzun müddətli-200-300 illik bir erməni planı yox,- sərsəm erməni düşüncəsi
hesab edərək tarixən səhv mövqe tutmuşuq. Müdriklərin dediyi “əgər düşmənin
zəifdirsə, sən onu çox qüdrətli bil” kəlamını
diqqətdən qaçırmışıq. Milli birlik məsələsindən danışanda
Heydər Əliyev məqsəd birliyinin vacibliyini həmişə
diqqət mərkəzinə çəkib. Birlik prezident ətrafında olar. Azərbaycan
Prezidenti cənab İlham Əliyev isə bu işə öz
münasibətini aşkar bəyan edib: “Mən bütün vətəndaşların
prezidentiyəm və Azərbaycanda yoxsul adam
olmamalıdır”. Bu artıq güclü
dövlətə gedən yolun başlanğıc nöqtəsidir.
Birləşmək üçün problemlərimizin incəliklərini
araşdırmaq, öyrənmək lazımdır ki, onun nəzəriyyəsini,
ideologiyasını hazırlayıb, sonra isə cəmiyyətin
bütün təbəqələrini birləşdirə bilən
“sosial yapışqanı” hazırlayıb, milli birliyin təməlini
möhkəmləndirmək
mümkün olsun.
Azərbaycanda “birlik problem”- inə sosial tələbat
1990-cı illərin əvvəllərindən kosmopolit
–komprodor düşüncəyə alternativ olaraq yarandı. Əvvəlcə,
Qarabağ probleminin həllinin çətinliyi, sonra müstəqillik
arzusu, daha sonra müstəqilliyi əldə saxlamaq problemi
birliyə milli tələbat və ehtiyac olduğunu gündəmə
gətirdi. Bu səbəbdən də
birlik problemi publisistikanın gündəmdə olan aktual
mövzusuna çevrildi. Ziyalılarımız,
jurnalistlərimiz, alimlərimiz, ictimai – dövlət xadimlərimiz
bu fenomen ilə bağlı fikirlərini zaman – zaman qəzet səhifələrinə
çıxarmışdılar. Dünyagörüşlü
insanlar yaxşı bilirlər ki, keçid dövrünü
yaşayan gənc dövlətin ayaq üstə möhkəm
dayanması üçün əvvəlcə ona birlik
lazımdır. “Demokrat
dostlarımız” isə
müstəqilliyin ilk illərində büdrəməmiz
üçün bəzilərinin xaos və başıpozuqluq
mənbəyi kimi başa
düşdüyü “demokartiya”nı məsləhət bilərlər.
Amerikalı psixoloq alim Deyl Karnegi öyrədir
ki, sənin nə istədiyin hələ əsas deyil, əsas
odur ki, o biri tərəf, yəni tərəf-müqabil nə
istəyir. Bu fikrin işığında birlik problemini
araşdırsaq, görərik ki, biz azad, müstəqil olmaq,
firavan yaşamaq istəyirik. O biri tərəf (o biri tərəf
deyəndə, Azərbaycanın varında, torpağında
gözü olan dövlətlər və düşmən
qüvvələr nəzərdə tutulur) isə bunun əksini
istəyir. Onlar istəyirlər ki, bizdə
birlik olmasın, bu səbəbdən də dövlətimiz zəif
olsun ki, bizim var dövlətimizin bir hissəsini öz ölkələrinə
apara bilsinlər. “Parçala və hökmranlıq et” prinsipi (deved en inperiya) istismarçı
qüvvələrin ən etibarlı ideoloji silahıdır.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.-19 aprel.- S.6.