Sibir toyu

 

(hekayə)

 

“Dədə, mənim halımı-əhvalımı xəbər almaq istəsən, bu qərib eldə – Stalinin rəhmətlik Salman babamı sürdüyü Sibirdə başımı birtəhər girləyirəm. Urusetdə əsgərlik çəkmək zırıltı şeymiş. Burda din-məzhəb qanıb-qandıran yoxdu, hamını bir gözdə görürlər, hamıya da donuz əti yedizdirirlər. Dədə, ta xış dirənib kötüyə. Qapının qoyununu-keçisini, itini-pişiyini sat, məni burdan qurtar, yoxsa təlim vaxtı özümü bağlayacam raketin quyruğuna, uçub gedəcəm bu dünyadan...” – Temiri qəhər boğduğundan, məktubun ardını oxuya bilmədi.

Gecə yuxusunu qarışdırdı, gördü ki, oğlu Qaryağdı ayaqlarını aşırıb oturub raketin burnunun ucunda, qalxır göyün yeddinci qatına. Uçub düşür Ayın belinə və ordan haylayır, deyir, dədə, sənə nə yazmışdım, deməmişdim ki, məni bu gavurların əlindən qurtar? İndi mən burdan – Ayın belinnən nə təhər düşüm?..

Temiri dərd götürmüşdü, əlində əlacı olsaydı, günü bu gün tərpənərdi Sibirə, amma necə getsin: nə yol-riz tanıyır, nə də dil bilirdi. Gümanı qonşusu Bərşada gəldi ki, bişmiş adamdı, diribaladı, gedib uşağa baş çəkər, baxar görər nədi, nə məsələdi?

Bərşad belə işlərdə doğrudan da səriştəliydi. Əsgərliyini o yanlarda çəkdiyindən rus dilində alababat qırıldadırdı. Oğul-uşağının, qohum-əqrabasının o tərəflərdə işi düyünə-dolaşığa düşən yapışırdı Bərşaddan, cibinə puldan-paradan basıb göndərirdilər ki, getsin işi yoluna qoysun. İnsafən, yoluna qoyurdu da. Kişinin oğlunun dilinə görə dilçəyi vardı, getdiyi yerdən əliyalın qayıtdığı olmamışdı, vəkildən çox bilirdi, aşırmadığı “dağ” yox idi. Bilal müəllimin oğlunun cəncəlindən sonra isə Bərşadın hörməti birə-beş artmışdı, deyilənə görə, hansı yollasa üçillik məhbusluğu əlli manat cəriməylə əvəzlətmişdi. Bilal müəllim onun hünərinə heyran qalmışdı. Demişdi, Bərşad, sən diplomsuz yuristsən, kəllən cuhud kəlləsidi, bu hünərnən 37-də Mikayıl Müşfiqi, Əhməd Cavadı, Hüseyn Cavidi də qurtarardın, vallah...

Üç-dörd günlük yolçuluqdan sonra Bərşad yorğun-arğın gəlib çıxdı tayqadakı ucqar kəndə. Çayın bəri üzündə xaçlı qübbəsi sozalan kilsədən zəng səsi yayılırdı. Bərşada elə gəldi ki, onu görüb zəng çalırlar, kəndi duyuq salırlar ki, bəs tayqaya yad adam gəlib.

Yuxusuzluq kələyini kəsmişdi, ayaqları sözünə baxmırdı. Özünü güc-bəla çatdırdı kəndin girəcəyindəki daxmaya. Pəncərəni döydü, hay verən olmadı. Yavaşca itələdi, pəncərə taybatay açıldı. İçəri girdi. “Pust menyə boq prəstit” – deyib yayxandı çarpayıya. Gözlərini yummağıyla yuxuya getməyi bir oldu. Yuxu gördü, gördü ki, Qaryağdı tayqada sarı-saman saçlı bir qızla qolboyun gəzir, kefdə-damaqdadı. Bərşadı görüb sevinir, boynunu qucaqlayır. Deyir, elli, Uruset yaxşı yerdi, bura soldatlıq çəkməyə yox, kefə gələsən, Sibiri matışqalar götürüb gedir. Başımız onlara qarışır, yoxsa havalanıb düşərik tayqanın canına, yem olarıq ayılara. Yaxşı eləyib gəlmisən, sən  də havanı-suyunu dəyişərsən...

Yuxunun şirin yerində hiss elədi ki, kimsə onu dümsükləyir. Gözlərini açdı, gördü belibükük bir qarıdı.

– Tı kto takoy, sınok?! Kak tı popal suda?1 – qarı soruşdu. Çağırılmamış qonağın nə yuvanın quşu olduğunu anışdırmaq istəyirmiş  kimi xoflu gözlərini Bərşadın üzünə dikib durdu.

Bərşad belə hallara az düşməmişdi, odur ki, yağlı dilini saldı işə, dedi soldat yanına gəlib, neçə gündü yollardadı, yuxusuzdu...

– Moy imyə Bərşad, a po-urusski Boris, – özünü təqdim elədi.

Nə zülmlə, əzab-əziyyətlə gəlib buralara çıxdığını danışdıqca, qarı ah çəkir, “bednıy tı moy Boris” deyib çağırılmamış qonağın halına yanırdı.

Yemək-içmək almaqdan ötrü Bərşad qarıya pul təklif elədisə də, amma ev sahibəsi götürmədi, dedi qonaqsan, soldat yanına gəlmisən. Pendirdən, duzlu xiyardan, bişmiş kartofdan, donuz piyindən əlinə keçəni düzdü masaya. Bir şüşə də qənddən çəkilmiş samoqon gətirdi, dedi iç, üstünü də axşam qonaqlıqda düzəldərsən, qonağı nəvəsi Nastyanın  toyuna çağırdı.

Bərşad araq dolu stəkanı qaldırdı.

– Pust ona budet sçəsliva! – deyib üzünü görmədiyi Nastyanın xeyir işinə xeyir-dua verdi. Fikrindən ötürdü: “Boris, “neqodyay”, qədəmin yüngüldü, hər yanda toy-düyün üstünə çıxırsan...” Çantasından püstəyi rəngli bir Şəki kalağayısı çıxardıb bükdü ki, toya əliboş getməsin...

 

lll

 

Məclis həyətin ortasında, açıq havada qurulmuşdu. Qızardılmış çoşka, donuz piyi, duzlu xiyar, içki və cürbəcür məzələrlə dolu uzun-uzunnama stolun başında bəylə gəlin, sağdış-soldış oturmuşdu, qonaqlar da üz-üzə əyləşmişdilər. Sazanda iki kişiydi – biri akkordeon çalır, digəri balalayka dınqıldadırdı. Məclisdəkilər çalğıya züy tutub oxuyur, qocalı-cavanlı, arvadlı-kişili ortalığa atılıb diringə gedirdilər. Başlar-beyinlər dumanlandıqca, toyun ab-havası da dəyişir, ortalıq qızışırdı.

Bərşad kəndin keşişiylə – Georgi atayla yanaşı oturmasaydı, bəlkə də bu qədər içməzdi. Uzun, qara libas geymiş, boynundan iri taxta xaç asmış, üst-başından kilsə havası, yanmış şam iyi gələn bu yekəpər, ləndəhor adam ağına-bozuna baxmırdı, bulanıq “samoqondan” süzür, dümləyirdi. Qonağı da unutmurdu, hər dəfə onun da stəkanını silələyirdi. Qafqazlı balası Georgi atanın ürəyinə yatmışdı, ona qanı qaynayırdı. Bərşada “zemlyak” deyirdi. Deyirdi cavanlıqda əsgərliyimi sizin tərəflərdə çəkmişəm. Hərdən Bərşadı sorğu-suala tutur, çözələnib hardasa uzaqlarda qalmış xatirələrini təzələmək istəyirdi.

Samoqonun dəhşətli iyini, təlx tamını Bərşadın təbi götürməsə də, dişini canına tutub içirdi, üstündən də duzlu xiyar gəvələyirdi, yoxsa ödü-öfkəsi qalxardı boğazına. Gedib o dünyanı görüb qayıdırdı. “Sən ölmüyəsən, rus millətini yıxsa, içki yıxacaq. Amerikanın ağlı yoxdu vallah, rusu atom bombasıynan hədələyir. Soruşan gərək, a başıboş, atomu neynirsən, yepyekə bir samoqon bombası at, onnan da hər şey qurtarsın getsin...” – özlüyündə mülahizə elədi. Əməlli-başlı hallanmışdı, o boyda yolu basa-basa Sibirə niyə, nə illətlə gəldiyini unutmuşdu, ucsuz-bucaqsız tayqanın qalınlığındakı gözdən-qulaqdan uzaq bu miskin kəndə necə düşdüyünü qanıb-qandıra bilmirdi. Baxırdı ki, iyi burun deşən içki təkcə onun yox, hamının ağlını başından eləyib. Ağız deyəni qulaq eşitmirdi, hər kəs gödən hayındaydı, bəylə gəlinə belə məhəl qoyan yox idi. Sağdış, soldış da gözə dəymirdi, aradan çıxmışdılar. Keşiş hərdən stəkanı qaldırıb “Qorko!” deyib bağırmasaydı, məclisdəkilər bu həyətə nə illətlə yığışdıqlarını tamam unudar, başına çöl çiçəklərindən çələng qoymuş ağ paltarlı sarışın qızla qara kostyum geyib, əzik qalstuk bağlamış kürən oğlanın uzun masanın başında nə səbəbə yanaşı oturduqlarını anışdırmazdılar.

Keşişin boğuq, kal səsi elə bil o dünyadan gəlirdi.

 

– Qorkoo!..

 

Yeni evlənənlər həvəssiz-həvəssiz ayağa qalxıb, dodaq-dodağa yüngülcə öpüşdülər. Gəlin gözlərini hərləyib Bərşadı qıyğacı süzdü, xəfifcə qəmli-qəmli gülümsədi. Bərşad gəlinin gözlərindəki o qüssəni öz bildiyi təki yozdu, yəni bu oğlana könlüm yoxdu, dədəm məni zorla ona ərə verir. Gəlin gəlinlik geyimini özünə yaraşdırmırdı elə bil, qınayan olmasaydı, əynindəki bəyaz libası məclisin ortasındaca soyunub atar, bircə qafqazlı qonağın bağışladığı hədiyyəni – çiyninə atdığı püstəyi rəngli kalağayını saxlardı. Üz-gözünə çəkdiyi ənlik-kirşan göz yaşlarından islanıb qarışmışdı. Məclisdəkilər isə bunun fərqində deyildilər, yetərdi ki, yeyib-içsinlər, deyib-gülsünlər, şənlənsinlər.

Cavan bir gəlinlə xrom çəkməli kişi ortalıqdan yığışmırdı, ayaqlarını yerə döyüb dingildəyirdilər. Gəlin çastuşka deyirdi:

 

Menya milıy ne seluet

Qovorit, çto ne pora

A lyubov bez poseluya

Çto v lesu bez topora    

 

Belinə qırmızı bəzdən qurşaq bağlamış bəy atası ayağa qalxıb, kefli beyinlə tost izhar elədi, yeni evlənənlərə “qoşa qarıyın” dedi. Təzə gəlin qəribə bir ədayla ağzını büzüb, laqeydcəsinə əlini havada yellədi, yəni bu sözlər cəfəngdir, onun sarı-kürən gədəylə qoşa qarımaq niyyəti  yoxdur.

Məclisdəkilərin əksəriyyəti qadın xeylağı idi. “Balam, deyəsən, bu kənddə də kişi qıtlığıdı axı...” – Bərşad mülahizə elədi. Başını dikəldib ortalıqdan yığışmayan, çastuşka deyən fətirsifət cavan gəlini heyranlıqla süzdü. Xrom çəkməli kişi bunu sezmişdi, deyəsən, dingildəməyinə ara vermədən söz atdı:

– Hə, nədi, Qafqaz qartalı? Gözünü çəkmirsən, yoxsa xoşun gəlir arvadımnan?.. Rusiyanı balaca-balaca qarabalalar götürüb gedir, əkib-tökür, sonra da çıxırsınız aradan. Bədbəxt Rusiya, dərdin böyükdür!..

Bərşad bədbəxt Rusiyanın dərdinin üstünə daha bir dərd gətirmək niyyətində olmadığını göstərmək istəyirmiş kimi, gözünü fətirsifət gəlindən yayındırdı. 

Keşiş ağzını Bərşadın qulağına tutub pıçıldadı:

– Boris, Allah eşqinə, sən bu əyyaşa baş qoşma. Bivec adamdı. Meşəbəyi İqnatın oğludu. Dədəsini inişil ayı parçalayıb. Qol-qola oynadığı o qadın – Serofima üçüncü arvadıdı...  – Georgi ata xrom çəkməli kişinin atmacasını cavabsız qoymadı: – Stepan, İsa eşqinə, hər sözü danışma, – tənbeh elədi, – bil ki, sənin dediyin o qarabalalar böyüyüb mənsəb yiyəsi olurlar. Axtarsan, qanı qarışıq olmayan təmiz rus tapa bilməzsən. Bəli... Götür Cukovskini2 – anası türk qızıydı. Puşkinin özü... Elə bir dahi üçün biz ruslar şairin ulu babasına  müsəlman həbəşə minnətdar olmalıyıq. Təsəvvür edirsənmi matuşka Rusiya Puşkinsiz nə qədər yoxsul və miskin görünərdi...

Deyilənləri haqlı bilən xrom çəkməli kişi sözü çevirmədi. Günahını yumaq istədi, üzünü tutdu sazandalara.

– Kavkazskiy tanes, blin! – əmr elədi. – Exx! – hayqırdı. Kepkasını başından alıb çırpdı yerə, əllərini uzunboğaz çəkməsinə vura-vura dingildədi. Gəlib Bərşadın qarşısında oynadı, yəni qafqazlı balası, sənin havandı, buyur, hünərini göstər.

Bərşad çətinliklə də olsa anışdırdı ki, deyəsən, çalınan “Ləzginka” havasıdı... Qaçan yeri yox idi, girdi meydana: sağ əlini apardı peysərinə, sol qolunu gen açdı, “assa” deyib hayqırdı, süzdü o baş-bu başa. Məclis əhli özgə planetdən gələnin rəqsinə tamaşa edirmiş kimi, heyrətlə baxırdılar. Ayağı yer tutan qoşuldu qafqazlı balasına. Bərşad olmuşdu yalan, əhli-Sibir olmuşdu gerçək, yad havaya elə sındırırdılar, elə bil çoxdandı belə çal-çağırdan ötrü sümükləri yanırdı. Kefli qız-gəlin oynaya-oynaya qarabalanın başına fırlanır, onu öpür, duz kimi yalayırdılar. Bərşad cuşə gəlmişdi, yoruldum demir, qol götürüb süzürdü, oynayanlar da onun hərəkətlərini yamsılayır, havanın hənginə uymağa çalışırdılar. Bərşada elə gəldi süzə-süzə həyətdən çıxıb özünü yaxındakı çaya vursa, bəyli-gəlinli hamı ellikcə onun dalınca düşəcək, özlərini atacaqlar suya...

Əldən düşənəcən oynadılar, sonra hər kəs çəkildi yerinə. Məclis öz axarında gedirdi və yeni sağlıq yetişmişdi. Sağlıq uzaq eldən gəlmiş qonağın şərəfinə idi, özü də bu sağlığı keşiş söylədi. Georgi atanın “zemlyak” bildiyi qonağın şərəfinə söz deməyə haqqı çatırdı.

Keşiş bir anlığa duruxdu, ötən illərin xatirələrini xəyalında canlandırmağa çalışırdı, deyəsən. Nəsə xatırladı, gülümsədi, ancaq onun gülümsədiyini heç kim duymadı, üz-gözünü örtmüş çal saqqalı buna imkan vermədi.

– O yanlar ayrı həngamədi! – dedi, – orda baş çıxarmaq elə də asan iş deyil, ələlxüsus da biz xaçpərəstlərə...

Georgi ata daha sonra soldatlıq vaxtı bir qıza baxmağının üstündə Yevlax uşaqlarının stansiyada onu necə çırpdıqlarını dib-dəhnədən danışdı, özü də elə ürək ağrısıyla danışdı, sanki onu otuz-qırx il bundan əvvəl yox, indicə çırpmışdılar. Dedi o döyülmək mənə dərs oldu, qandım ki, buraların qayda-qanunları özgədir. Millətdən millətə fərq çoxdu, biz rusların qəlbi doğrudan da genişdir. Baxın, kəndin qız-gəlini qafqazlı balasını qucaqlayır, öpür, amma ona gözün üstdə qaşın var deyən yoxdur. Yoxdur, vəssalam!.. Müsəlmançılıqla xaçpərəstliyin bir fərqi də bax bundadır.

Müqəddəs ata digər fərqli cəhətlərdən də söhbət saldı və deyəndə ki, müsəlman qanunlarına görə oğlan uşaqları sünnət olunurlar, arvadlı-kişili hamı bir ağızdan içini çəkib vaysındı.

– Kakaya dikost! – təzə bəy özünü saxlaya bilmədi, eşitdiyini gözünün qabağına gətirməsin deyə əllərilə üzünü örtdü. Qanı qaçdı, qıçlarını bir-birinə sıxdı, guya indicə onu da sünnət edəcəkdilər və qonaq da Sibirə guya bu illətlə gəlib.

Maraq dolu nəzərlər dikilmişdi Bərşada, yəni bu qarabala özgə biçimdə bəni-insandı, bu kəndin kişilərindən fərqlidi və sən demə, fərq yalnız onun qaraşın, qaraqaş-qaragöz olmağında deyilmiş...

– Ağlıma sığışdıra bilmirəm! – gəlin heyrətlə içini çəkdi. – Amma yox, bunun da mənası olmalıdır, yoxsa uşaqları niyə boşuna sünnət eləsinlər axı? – yanında oturmuş şüyüm gədədən – bəydən soruşdu. – Maraqlıdır. Qafqaz kişiləri niyə çılğın, temperamentli olurlar, hə?

– Mən hardan bilim? – bəy, çiyinlərini dartıb narazı halda donquldandı. – Bunu qarabaladan soruşsan, daha yaxşı olar.

– Soruşaram, niyə soruşmuram... Onun bağışladığı hədiyyədən olmaz, belə kalağayıdan Sibirdə kimdə var?.. Öz aramızdı, yaraşıqlı kişidi, necə də qaynar qara gözləri var. Allah ər qismət eləyəndə, beləsini qismət eləyə, yoxsa...

Təzəbəy kişilənib gəlinin gəlinlik geyiminin ətəyini dartdı.

– Nə sayaqlayırsan, Nastya!? – səsinin tonunu dəyişdi. – Əgər o sənin xoşuna gəlirsə, bu başqa məsələ, durum yerimi dəyişim. Çağır o qarabalanı, otursun yanında, olsun təzəbəy...

Qonaq onsuz da diqqət mərkəzindəydi, amma məclis əhli biləndə ki, Boris deyilən bu adam, “Ağdam” çaxırının həmyerlisidi, o eldən-obadan gəlib, uğultu qopdu. Ab-hava yenidən qızışdı.

Nalbənd Kuzma bu şərəfə söz söyləmək istədiyini bildirdi. İçki dolu stəkanı qapıb, ayağa qalxdı.

– Bu kənddə – Proxorovkada, bəlkə də matuşka Rusiyada o çaxırı mənim qədər çox içən olmayıb! – qürurla əlini sinəsinə döyəclədi. – Mənim içdiyimi dərəyə axıtsan, böyük göl əmələ gələr – Ağdam gölü. Bəli!.. Ona görə də haqqım çatır söz deməyə! Müqəddəs ata da eşidir, onnan təvəqqəm budur ki, mən gəbərəndə qəbrimin üstündə xaç yerinə “Ağdam” butılkasının daşdan yonulmuş heykəlini qoysunlar, onda ruhum şad olar.

– Yarımlitrlik butılka olsun, yoxsa nol yetmişbeş? – kimsə söz atdı.

– Fərq etməz, – Kuzma vecsizcəsinə əlini yellədi. – Bax, mən sözümü dedim, vəsiyyətimi də elədim!..

Nalbənd o cənnət içkisindən ağızdolusu danışdı: birinci badədən sonra nə hisslər keçirdiyini, ikincinin-üçüncünün ardından nələr yaşadığını, nə kökə düşdüyünü həvəslə nağıl elədi. Millət ağzını açıb nalbəndin nağılına qulaq asırdı, əslində o təamın dadını bilməyən yox idi və indi xəyalən də olsa o günləri, o hissləri yaşamaq məclisdəkilərə ayrı həzz verirdi.

– Eh!.. O çaxırdan, çox demirəm, bircə stəkan gillətsəydim dərdim olmazdı, bunnan belə iyirmi-otuz il də yaşayardım, – Kuzma yazıq-yazıq zarıdı. – Dünyada bərəkətli torpaqlar var. O torpaq var olsun ki, o cür üzüm yetirir və o cür üzümdən də o cür cənnət içkisi  düzəldirlər. Təklif edirəm bu sağlığı ayaq üstə içək!

Məclisdəkilər yerlərindən dikəldilər, şirin “Ağdam” şərabının şəninə acı “samoqon” içdilər, amma bu dəfə arvadlı-kişili heç kim üz-gözünü turşutmadı, heç kim bu bulanıq içkinin ürəkbulandıran iyini duymadı – hər kəs xəyalında şirin mey içirdi, hər kəs özünü bir anlığa cənnətdə hiss eləyirdi. Görürdülər ki, cənnətdəki çaylardan birində axan “Ağdam” şərabıdı və kəndin bütün sakinləri qocalı-cavanlı, kişili-arvadlı çay boyu sərələniblər yerə ağızlarını dirəyib şərabdan sümürürlər, qarın doyur, göz doymur, iç ki, içəsən, sümür ki, sümürəsən...

Müqəddəs ata Bərşadı salmışdı çənəsinin altına, ürək-dirək verib deyirdi ki, darıxıb eləməsin, sabah onu üççarxlı motosikletdə həmyerlisinin xidmət elədiyi hərbi hissəyə aparacaq, iki saatlıq yoldur. Müqəddəs atanın təpərli danışığı Bərşadın ovqatını əməlli-başlı dəyişdirmişdi, kefi kökəlmişdi, bu axşam özgə heç nə barədə düşünmək istəmirdi.

Kilsə zənginin soyuq səsi eşidildi, səs elə bil başqa bir aləmdən, başqa dünyadan gəlirdi. Məclisdəkilər əllərini yeməkdən çəkdilər. “Slava tebe – Qospodi – saryu nebesnıy!”deyib xaç vurdular. Bərşad da qeyri-ixtiyari onları yamsıladı, yalan-gerçək xaç çəkdi, öz hərəkətinə gülməyi tutdu. Çönüb keşişə baxdı. Georgi ata öz işindəydi, içki damlaları dodaqlarından axıb, cod saqqalında ilişib qalmışdı. Çal saqqalı keşişi sinli göstərsə də, qıvraq davranışından elə də yaşlı olmadığı bəlliydi. Elə hey danışırdı və danışığından belə çıxırdı ki, dünya dediyin fanidir, nə qədər bacarırsan ye-iç, kef elə. Bərşad belə sözləri çoxlarından eşitmişdi, müqqəddəs atanın bu sayaq danışığı isə onu çaşdırmışdı.

Nəsə soruşmaq istədi, amma keşiş onun sözünü ağzında qoydu.

– Ex, Boris-Boris!.. Övladım! İsa eşqinə, hər şeyə məhəl qoyma! – xaç vurdu. Yağlı donuz qabırğasını iştahla dişinə çəkdi. – Sizdə nə təhərdi, mollalar içki məsələsinə necə baxırlar? – Georgi ata ağzını sürüyə-sürüyə soruşdu. – Pis baxırlar, bilirəm ki, pis baxırlar, – öz sualını özü çavablandırdı.

Bərşad keşişin dediklərinə əlavə elədi:   

– Bunun tarixcəsi var, müqəddəs ata, – dedi. – Bir gün Məhəmməd peyğəmbər yol gedəndə görür bir dəstə adam oturub mey içir, onlara “nuş olsun” deyir. Qayıdan baş baxır ki, sərxoş adamlar dalaşırlar, peyğəmbər bu dəfə “haram olsun” deyir... Bizdə də içənlər çoxdu, amma siz sibirlilərə çatmarıq.

– Ona görə ki, buranın təbiəti sərtdir, xristianlıq da ki, içkini haram buyurmayıb, – Georgi ata əlini saqqalına çəkdi. – Bəşəriyyətin problemi yalnız içki olsaydı, nə vardı? – dediklərini sübuta yetirmək istəyirmiş kimi samoqonu birnəfəsə dümlədi, sanki göstərmək istəyirdi ki, bax, içkinin elə bir müşkülü yoxdur. – Övladım, – dedi, – dünyanın dərdi-azarı başqadı. İnsan vəhşilərin vəhşisidi, adamlar qana yerikləyirlər. Ta binayi-qədimdən üzü bəri həyat qəddarlıqdan xali olmayıb, bunnan belə də olmayacaq, bax, məsələ bundadır! Bu gördüyün tayqada bəlkə də ağacların sayı qədər insan sümüyü var. Məşəqqətli, qanlı-qadalı olub Sibir. Buranın soyuğu-şaxtası tökülən qanları dondurub buza çevirir, amma yuya bilmir... Ayrı həngamədi Sibir, üzü üzlər görüb – Dostoyevskidən belə. Sürgün çəkməsəydi, Sibir havasını udmasaydı, insanın iztirablarını, faciəsini o cür təsvir edə bilərdimi? Əlbəttə, yox. Dostoyevskini oxuyan fikirləşir ki, görəsən ruslar nə vaxtsa gülüblərmi?.. O binəvanı rus ədəbiyyatının burnundakı sızanağa bənzədirdilər, – keşiş sözünə ara verib şəkləndi, sağ əlini qulağına aparıb dinlədi. – Boris, eşidirsən meşədən gələn nəriltini? – soruşdu. – Ayıdı, ova çıxıb, qarnını doyurmaq istəyir. Ax, görüm sənin başın batsın, əyripəncə!.. Amma Sibirin yaraşığıdı, yaraşığı...

Bərşad diksindi, keşişi indi görürmüş kimi onu xoflu-xoflu süzdü. Gen xaşanı xatırladan uzun, qara libasda bu saytal, korbuz adam birdən-birə zırpı ayıya döndü elə bil. Arxa ayaqları üstə qalxıb, bəyirdi, nərildədi, nəriltisi tayqanı titrətdi...

– Bismillah! – deyib Bərşad kefli gözlərini ovxaladı...

– Övladım, dünyanı dərk eləmək elə də asan məsələ deyil, müşküldü, – keşiş mıqqıldandı. – Hərdən oturub fikirləşirəm ki, yaxşı, uca Tanrı haqsızlıqların qabağını niyə almır? Yoxsa, buna hünəri çatmır?.. İstəmirəm kimsə bu barədə mənnən nəsə soruşsun, çünki cavab tapa bilmərəm.

Georgi ata danışıb ürəyini boşaltmaq, yüngülləşmək istəyirdi. Kefli olmasaydı, bəlkə də başqa söz-söhbət eləyərdi. Ağzı qızışmışdı:

– Adamlar dar ayaqda təsəlli tapmaq ümidiylə kilsəyə gəlib dua edir, günahlarını yumaq istəyirlər. Bizim işimiz onları ovundurmaqdı, uşağı ovunduran kimi.

– Həə? – Bərşad maraqlandı.

– Bəs necə? Dua oxuyuruq, guya bu nəyisə dəyişir. Eh!.. Nələr eşitmirsən, nələrin şahidi olmursan?.. Dünən kilsəyə bir qadın gəlmişdi, öz baldızına şər atıb. O, başıbatmış da durub canına qəsd eləmək istəyib. Qadın əməlinin peşmanlığını çəkir, gəlib ki, batuşka, günahımı yumaq üçün Allah eşqinə mənə dua eləyin, qoy, Tanrı təqsirimdən keçsin... Tanrı neyləsin axı, bəndəsinin bəd əməli o qədərdi, hansını bağışlasın? İnsan çox qəliz bəndeyi-xudadır, övladım. Adamları başa düşmək olmur, hərə bir xasiyyətdə, bir qılıqda. Səninsə borcun yaxşılı-pisli hamını bir gözdə – Allah bəndəsi kimi görməkdir – oğrunu da, doğrunu da, əyrini də, düzü də. Sənin ittiham eləməyə, hökm çıxarmağa ixtiyarın çatmır, ilahidən bu haqq sənə verilməyib... Hər kəsin içində bir şeytan gizlənib və şeytan istəyəndə çox asanlıqla insanı yoldan çıxarır. İnsanı içindəki şeytandan qurtara bilmiriksə, biz nəyə gərəyik? Bax, bəla da bundadır, övladım.

Georgi ata söhbətinə ara verdi, dolu badəni qaldırıb “Qorko!” deyib bağırdı. Məclis əhli də ona qoşuldu, bir ağızdan səsləndilər: “Qorko!..Çoxsəsli xorun sədası içindən bu dəfə Bərşadın yad şivəsi eşidilmədi. Ayağa qalxıb öpüşən də olmadı: sərxoş təzəbəy başını stolun üstünə qoyub yatmışdı, gəlinsə yerində yox idi.

Keşiş çönüb qonağa nəsə demək istədi, baxdı ki, yanındakı kətil boşdu.

Qəfildən göyün üzü allandı. Yer lərzəyə gəlib əsdi, titrədi, sanki indicə dünya-aləm dağılacaq, altı üstünə çevriləcəkdi. Tayqadan qalxan raketin odundan-alovundan qaranlıq doğranıb paramparça oldu, aləm qırmızımtıl işığa  bələndi...

Müqəddəs ata üzünü göyə tutdu: “Pomiluy, Qospodi – sar nebesnıy!..” – deyib xaç vurdu. Dolu stəkanı götürüb başına çəkdi...     

 

1. Sən kimsən, oğlum?

Bura necə düşmüsən?

 

2.  V.A.Cukovski  rus şairi. (1783-1852)

 

 

Kamil ƏFSƏROĞLU  

 

525-ci qəzet.- 2013.-20 aprel.- S.28-29.