Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

(Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi)

 

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

 

IV cild

 

(1917-aprel 1918)

 

Ümumrusiya müsəlman syezdi

 

(Xatirat və təəssürat)

 

Birinci gün

 

Məclis rəsmi surətdə fazili-möhtərəm Musa Bikiyev cənabları tərəfindən açılıb İbrahim həzrət tilavəti-Qurani-məcid ilə rəsmi-iftitahi təqdis etdi.

Bədə Musa Bikiyev zamanın əhəmiyyətindən, keçirdigimiz tarixi günlərin qiymətindən, hürriyyət üçün olunan fədakarlıqlardan bəhs edərək dedi ki: “cəmaət, verdigimiz qurbanlar badi-həva sərf olunmadı, nəticə hasil oldu”. Daha sonra məclisdə hazır olan müslimələrə işarə edərək dedi ki, bu vəqtə qədər qurulmuş olan müsəlman nədvələri axsaq idi. Çünki vücudi-milliyyəmizin ancaq bir yarısı tərəfindən qurulmuş oluyordu. Bu dəfə isə artıq millət tam bir vücudla işə girişiyor.

Musa əfəndinin mənaca qiymətli olan bu müxtəsər nitqi alqışlarla qarşılandı.

Musa əfəndidən sonra Əhməd bəy Salikov cənabları Büro naminə haziruni təbrik edərək müxtəsərən syezdin nə surətlə tərtib və təşkil olunduğu həqqində məlumat verdi və azad Rusiya yoluna qurban gedən fədailər yadilə məclisə ayağa qalxmayı təklif edincə minə qərib adam bir adam kibi ayağa qalxdı.

Bədə heyəti-rəyasətə seçiləcək on rəisin adları oxunub məclis tərəfindən bilanifaq qəbul olundu. Bu surətlə rəyasətə Əhməd bəy Salikov, Ayaz İshakov, Əlimərdan bəy Topçubaşov, Fateh Kərimov, İbadullah Xocayev, İlyas Alkin, İbrahim Axtemov, Səlimə Yaqubova, Musa əfəndi Bikiyev, Seyid Cəfər Əhməd, Dustməhəmmədov, İbadullah Həzrət Apanayev daxil oldular.

Sonra söz hökuməti-müvəqqətə naminə məclisdə hazır bulunan qeyri-din əhli işlərinə baxan idarənin komissarı Kutlyarovskiyə verildi. Komissar birinci azad syezdlərindən dolayı hökuməti-müvəqqətə naminə müsəlmanları təbrik etdikdən sonra din işləri, məktəb və sair müsəlman ehtiyacati-milliyyəsi həqqində təhti-idarəsində olan müəssisənin bir takım əsaslı islahat layihəsi hazırladığını söylədi. Dedi ki, bu layihələr yaxında bir qanun surətilə nəşr olunacaqdır. Fəqət eyni zamanda bunu da əlavə etdi ki, müsəlman syezdi öz tərəfindən baxəbər adamlar versə və bu xüsusda hökumətə kömək etsəydi, çox əla olurdu. Federasiya və muxtariyyət kibi əsaslı məsələlər əlbəttə ki, Məclisi-Müəssisan vəzifəsidir. Fəqət hökuməti-müvəqqətə ixtiyarında olan xüsuslarda müsəlmanların tələbi hər zaman nəzəri-etinaya alınacaq. Ancaq yetişər ki, siz bizə kömək edəsiniz, ehtiyacınızı söyləyəsiniz.

Heyəti-rəyasət naminə Əlimərdan bəy Topçubaşov cənabları professora cavab verdi. Rusca söylədigi bu nitqində Əlimərdan bəy cənabları hər şeydən əvvəl “başqa dillər idarəsi” müəssisəsinin müsəlmanlardan ötrü nə kibi qaranlıq bir mənbə olduğunu və müsəlman tarixində bu mənbəin nə kibi qara işlər işlədigini bildirdi.   6 yüz ildən bəri Rusiya tabeiyyətində bulunan müsəlmanların bu günə qədər hökumət naminə xoş söz və iltifat görmədiklərini əlavə etdi. Bu qədər gözləyən səbirli müsəlmanlar əlbəttə ki, Məclisi-Müəssisana qədər də təhəmmül edərlər. Fəqət bir şey var ki, onu söyləməlidir. Qorxarsan ki, rus cəmaəti də sabiqdəki səhvi təkrar eləsin. Bu vəqtə qədər öylə təsəvvür ediyorlardı ki, müsəlmanlara molla ilə məscid ver, artıq heç bir şey istəməzlər. Fəqət imdi öylə degildir. Müsəlman ləfzi din məfhumunu anlatıyorsa da, təcrübə və istilahca millət məfhumuna malik olmuşdur. Müsəlmanlar müsəlman naminə tələb elədikləri maddələrdə milli tələblərini istəmiş oluyorlar. Əlbəttə ki, muxtariyyət məsələsini Məclisi-Müəssisan həll edəcək. Fəqət hökumət imdidən bu nəzərdə olmalıdır ki, müsəlmanlar din və millət işlərinə aid olan işlərində muxtar olmalıdırlar. Özləri öz müqəddəratlarını həll etməlidirlər. Qoy hökumət əlimizdən alınan vəqf yerlərini qaytarsın. O zaman biz öz milli məktəb və ehtiyaclarımızı özümüz təmin edə biləriz. Biz şübhəsiz ki, Məclisi-Müəssisanı gözləyəcəgiz. Fəqət oraya kəndi muxtariyyətimizi tələb etmək üçün hazırlanıb gedəcəgiz.

Əlimərdan bəydən sonra Moskva xəlq komitəsi naminə Ayaz İshakov haziruni təbrik ediyor. Özünün nəfyidə ikən nə cür qürbət çəkdigini, bu gün isə milləti içində olduğu üçün şadlığından dərisinə sığmadığını zikr edərək rus xəlqinin həqqimizdə yanlış bir fikirdə olduğunu bəyanla məclisə müvəffəqiyyətlər diliyor ki, bu sayədə o yanlış fikirləri dağıda bilsin.

Müttəhid Millətlər Şurası naminə Kenin kürsi-xitabətə çıxaraq rusca söylədigi nitqində müsəlmanları təbrik edərək “Yaşasın millətlər vasitəsi ilə təmin olunan mədəniyyət” deyə kürsüdən eniyor.

Latışlar naminə söz söyləyən zat “Yaşasın Rusiya millətlərinin azad ittifaqı” – diyor.

Litvalılar naminə Liyunas söylədigi nitqində millətlərin müstəqil yaşamaya həqli olduqlarından bəhs edərək müsəlman həyatına nəqli-kəlam elədi. Müslimələrin bu məclisdə hüzurlarını müsəlman millətinin istiqbalı üçün ümidli və işıqlı bir əlamət saydı və Türküstanda çox yaşadığını söyləyərək ora müsəlmanlarının nə dərəcədə müstəid həyat və mədəniyyətli olduqlarını təsdiq ilə “Yaşasın müsəlman millətləri!” nidası ilə kürsüdən endi.

Sonra Polşa milləti naminə Lehistan ədibi Mitsinski alqışlar içində kürsiyi-xitabətə gəldi. Tatarlığın şərqdə Polşa ədəbiyyatındakı təsirlərindən bəhs edərək məşhur Polşa mühərrirlərinin əsərlərində təsvir olunan qəhrəman tatar tiplərindən nümunələr göstərdi. “Gülüstan”ın polyak dilinə tərcümə edildigini, “Yusif-Züleyxa” hekayəsinin polyakca mövcud olduğunu, leh dilinə tərcümə olunan Cəlaləddin Rumi əsərlərinin gözəlligini qeyd elədi. Şərq mədəniyyət beşigidir, o beşikdə böyüyən asari-təməddündən Lehistan çox istifadə eləmiş, o mədəniyyət ruhu ilə ruhlanmış, ondan ziya almışdır.

Şərqin Lehistan üzərindəki ədəbi təsirini ədibanə bir lisanla təsvir elədikdən sonra möhtərəm ədib siyasətdə Lehistan ilə islam aləmi arasında bir mövəddət və irtibat mövcud olduğunu həyəcanlarla zikr elədi. Polyaklar heç unudamazlar ki, zavallı vətənlərinin cəbrlə buluşmasını ancaq müsəlmanlar protesto etdilər.* Yaşasın müsəlmanlar! (Syezd ayaq üstə qalxıb natiqi alqışlıyor. Yaşasın azad Lehistan sədası zalı gumburdatıyor.)

Bundan sonra Kazan müəllimələr qurultayı naminə İffət Tutaş Burnaşova fəsih və səlis bir lisan ilə müəllimələr qurultayı tərəfindən müsəlman syezdini təbrik edərək “bu kişidir, bu qadındır ləfzi qalxar da, ancaq insandır sözü işlənər” – deyə müxtəsər nitqini alqışlarla tamam ediyor.

Bundan sonra heyəti-rəyasət əzasından birisinin təklifi ilə müvəqqəti hökumətə və soldat vəkilləri şurasına, Buxaraya, Xivəyə, Kəndistan syezdinə, Dağıstan qurultayına, Vusaq qırğız ictimainə, Türküstan və Krım komitələrinə teleqraflar göndərilməsi rəyasətə tapşırılıyor.

Bundan sonra Əlimərdan bəy Topçubaşov kürsi-xitabətə keçərək millətdaş, dindaş, vətəndaşlar – deyə başladığı türkcə nitqinə Qafqasiya müsəlman qurultayı naminə Ümumrusiya müsəlman syezdini təbrik edir və sizə bir hədiyyə gətirmişəm diyor. Bu hədiyyə Qafqasiya qurultayında məzhəb ixtilaflarının  bərtərəfi xüsusunda hasil olan fotoların mənzəreyi-ittihadı təsvirdən ibarət Əlimərdan bəyin bu hədiyyəsi gurultulu alqışlarla qəbul olunuyor.

Əlimərdan bəydən sonra Dağıstan diviziyası tərəfindən Hacı Murad cənabları syezdi təbrik ediyor və Dağıstan naminə söz söylədigi üçün ümidvarız diyor ki, müsəlman syezdi Dağıstandakı xırda millətləri də unutmaz.

Sonra Rusiyadakı müsəlman mətbuatı naminə “Vəqt” baş mühərriri-möhtərəm Fateh Kərimov cənabları məclisi təbrik ediyor. Şeyxülmühərririn böyük İsmayıl bəy Kasprinski tərəfindən təsis olunan qəzetənin başında “Fikirdə, dildə, işdə birlik” – deyə üç kəlmə yazılmışdır. İmdi bu üç mətləbin hüsuluna imkan var – diyor. Bu üç əsaslı mətləbə xidmət edən mətbuat xadimlərindən Həsən bəy Məlikzadə Zərdabilə İsmayıl bəy Kasprinskini yad ediyor. Bu münasibətlə məclisdə bulunan Şəfiqə xanım Kasprinski cənablarına məclis böyük bir ehtiram göstərərək onu alqışlıyor.

Kərimov cənablarından sonra Osman Qutumbəkov müsəlman soldatları naminə məclisi təbrik ediyor və üç ildən bəri akoplarda bulunan milyondan ziyadə müsəlman soldatının daima millətlə bərabər olduğu və bundan sonra dəxi onunla bərabər olacağını əsgərcəsinə söyliyor.

Nəhayət, ümumrusiya müsəlman müəllimləri naminə Mustafin cənabları syezdi təbrik ediyor və bu təbriklə syezdin birinci günü tamam oluyor.

 

İkinci məclis

 

İkinci məclis İbrahim Axtemov cənablarının rəyasətində açılır. Hər şeydən əvvəl dövlət nümayəndəsi professor Kutliyarovskiyə vida üçün söz veriliyor. Kutliyarovski bu nitqində kəndisinə verilən sualları izah yolunda diyor ki:

Ruhani idarələri islah həqqində hazırki hökumətin hazırlanmış layihələri ilə sizi tanışdırmış idim. Bu məsələ bu gün də qalxdığından öz izahımı vermək məcburiyyətindəyəm. Bizim əlimizdə əvvəlki müsəlman syezdlərinin materialları var. Lakin biz hazır sizin sonki səsinizi, sonki sözünüzü eşitmək istiyoruz. Çıxaracaq qərarlarınızı bizə məlum ediniz, diləklərinizi məişətə çıxarınız. Məktəb məsələsinə gəldikdə bunu demək lazımdır ki, bən buraya gəlməkdən əvvəl məarif vəzarətində oldum. Çünki bu məsələnin sizcə nə dərəcədə əhəmiyyətli olduğunu nəzərə alaraq sizin tərəfdən veriləcək həqli suala cavab hazırlayıb gəlməli idim.

Məarif vəzarətində məlum olduğuna görə məarif vəziri məktəb məsələsində rus olmayan millətlərin həqli tələbləri əlbəttə, etibara alınacaq. Bu məsələdə sizin syezdə də işlənib çıxacaq diləkləriniz də etibara alınıb, çıxarılan qanunlar bu diləkləri qənaətləndirməgə məxsus olacaq. Demək, məsələdə də hökumət sizin səsinizə qulaq veriyor.

Məclisi-Müəssisan seçkilərində tənasüb üsulu qəbul etmək məsələsinə gəldikdə Məclisi-Müəssisan çağırmaq komissiyasında əza olduğumdan bən bu xüsusda sizə cavab verməliyəm. Fitri tərəfdən bu tənasüb üsulu ən məqbul üsul. Bu üsul hər bir millətin nə qədər az olsa da, o millətin vəkillərinə hökumət işlərinə qatışmağa yol açıyor. Lakin xəlq bərabər olmayan yerlərdə onu əmələ qoymaq olduqca çətin olacaq. Lakin böylə olsa da müxtəlif millətlər yaşayan yerlərdə bu tənasüb üsulu ilə seçki əsasını qəbul etməlidir. Məsələn, Qafqazda, İdil boyunda bu üsulu əmələ gətirmək mümkündür. Bu səbəbə görə onu qəbul etməlidir.

Fəqət bu sözləri rəsmi surətdə söyləmiyoram. Çünki komissiyanın müəyyən bir qərara gəldigi yoxdur. Bular bənim şəxsi fikir və diləklərimdir (azca alqış).

Vida etmək üzrə Kutliyarovski söyləyir ki: “Sizə səmərəli işlər diləyirəm. Müvəqqəti hökumət nəzərində sizin şıxaracağınız olduqca mühümdür. O qərarlar sizlər həqqində düzələcək qanunlara əsas olacaq. Biz syezddən qərarlar gözləyiriz. Burada bahadır müsəlman əskərlərinin vəkillərini görmək, həm sizin syezdə xatun vəkilələrin işğal etdikləri mövqeyi görüb şadlığımı izhar etməyə bilmiyoram. Şərq ilə Qərbi bu günə qədər ayıran bir məsələ varsa, o da Şərqdə xatun qızların qulluqda əsarətdə yaşamaları, onların Adəm balası həqqindən məhrumiyyətləri idi. İştə, siz bu Şərq ilə Qərbi ayıran hasarı uçurmuşsunuz. Bu mühüm məsələni mədəni xəlqlərin şanına münasib bir halda həll qılmanız üçün mən könüllə Rusiya müsəlmanlarını təbrik ediyoram. Yaşasın Rusiya müsəlmanları! Rusiya müsəlmanlarına “ura!” (şiddətli alqışlar).

İbrahim Axtemov – rəis sifətilə syezd ismindən Kutliyarovskiyə bəyanatı üçün təşəkkür edirəm, həm müvəqqəti hökumətə bunu söyləməsini rica ediyoram. Rusiya müsəlmanlarının hamısı Rusiyanın xoşbəxt olmasını bütün millətlərin öz işlərində sahibi-ixtiyar olmasında görüyorlar.

Kutliyarovski sağa, sola təzim edərək şiddətli alqışlar daxilində məclisi tərk ediyor.

Bundan sonra Yədisu vilayətinin vəkili Tacəddin Zeynəddinov bu vilayət qırğızları həqqində növbə xaricində söz alaraq diyor ki: Yədisu vilayəti qırğızlardan ibarət. Onlar bundan 60 il əvvəl öz rizalıqları ilə Rusiya tabeətinə keçmişlər. Fəqət onlar o zaman yerlərin öz əllərində qalmalarını şərt qoymuşlardı. Fəqət hökumət bu vədəsini pozdu. Qırğızların yerini alıb Rusiyadan köçürülən mühacirlərə verdi. Bu səbəbdən qırğızların bir çoxu Çinə qaçdılar. Hürriyyət elan edildikdə Çinə qaçan qırğızlar geri qayıtmağa başladılar. Fəqət rus mühacirləri bu geri qayıdan qırğızları qılınc gücü ilə qarşıladılar. Qırğızları qırmağa başladılar. Biz Almatada bu məsələnin həll edilməsini tələb ilə Almata icra komitəsinə müraciət elədik. Fəqət onlardan gərəkincə kömək olmadı. Bən bu məsələdə sizin köməginizi və lazım yerinə müraciətinizi tələb ediyoram.

Syezd bu məsələni mühüm, həm qeyri-qabil təxir bularaq bu xüsusda müvəqqəti hökumətə, Daşkənd icra komitəsinə, Petroqraddakı Əmələ və Soldat Vəkilləri Şurasında Türküstan vilayəti komitələrinə Almatanın vilayət idarəsi komitəsinə və Yədisu vilayət komitələrinə teleqraf göndərib bu məsələnin təhqiqi ilə müsəlmanların müdafiəsini və onların ayaqları altında tapdanmasının saxlanmasını istəməgə dair qərar çıxardı.

 

Üçüncü məclis

 

Məclis İlyas Alkin rəyasətində açılıyor. Zantukin cənabları gürcülər naminə syezdi təbrik ediyor. Diyor ki: gürcülər ilə müsəlmanlar əski idarə zamanında ülfətlə yola getdilər. Müqəddəratlarının birligi səbəbilə onlar arasında təbii ittifaq var idi. Bundan sonra da bu ittifaqın davamı mətlubdur. Bizim federasiya tələb etməmiz siz tərəfdən yaxşı, gözəl görülüyor. Bizim əlimizdən gəldigi qədər sizə kömək edəriz. Hər millətə kamil muxtariyyət verilməlidir. Yaşasın qoşma xəlq cümhuriyyəti. Yaşasın alicənab müsəlman xəlqi (şiddətli alqışlar).

Rəis bu gün məclisdə üç daklad oxunacağını elan ediyor.

1) Məmləkəti idarə üsulu həqqində (bir neçə doklad) 2) Nəşri-məarif işlərinə dair   3) Ruhani məsələlərə aid daklad.

 

lll

 

Syezdin üçüncü məclisi siyasi dokladlara (məruzələrə) münhəsir olmuşdu. Əvvəlcə Əhməd bəy Salikov cənabları rusca yazmış olduqları uzun məruzələrini oxudular. Məruzənin oxunması təqribən saətyarım davam elədi. Məruzə aşağıdakı əsasları havi idi.

İntibah (oyanmaq) iki qism olur. 1) Mədəni intibah, 2) Siyasi intibah. Rusiya inqilabı bu iki cəhətdən də müsəlmanlara böyük və geniş yol açıyor. Biz Rusiya müsəlmanları bu fürsətdən faidələnməliyiz. Fəqət bununla bərabər iki mədəniyyətin, Şərq ilə Qərb mədəniyyətinin biri-birisinə gəlib çatdığı bir yerdəyiz. İslam mədəniyyəti ilə işıqlanıb yaşadığımız halda Qərbdəki böyük fikir və qayələr təsiri altındayız. Biz o Qərb qayələrini, Qərb mədəniyyətini müsəlman Şərqinə peyvənd etməgə, o qayələri özümüzün Asiyadakı qardaşlarımıza bildirməgə borcluyuz. Demək, əvvəlcə islam mədəniyyətinin tazələnməsinə, sonra da müsəlmanları avropalıların istibdadından qurtarmağa borcluyuz. Bu məqsədlərə yetişmək üçün bizə 1) mədəni, həm 2) güclü siyasi mərkəz – mərcə gərək. Mədəni mərkəz düzəltmək üçün bizə mədəni muxtariyyət lazım olsa, ikincisi üçün də öz siyasi qüvvətlərimizi bir tərtibə salmaq lazım. Doğrudur ki, siyasi mərkəz düzəltmənin ən doğru yolu ayrı hökumət düzəltməkdir. Ancaq bu xüsusda bizə xəyal etmək də müvafiq degildir. Bunun üçün də yalnız bir yol qalıyor ki, o da: Rusiya hökumətinə təsir edib öz məqsədlərimizin həyata çıxmasına çalışmaqdır. Biz Rusiyadakı müsəlmanlar öz çoxluğumuz və birligimiz sayəsində hökumət işlərində mühüm mövqelər tuta biləriz. Əski hökumət bizi saya salmıyordu. Lakin tazə xəlq hakimiyyətinə binaən qurulan idarə bizim diləklərimizi etibara alacaq. Fəqət yeni Rusiya öz məqsədinə yetmək və bütün millətlərinə hürriyyət verə bilmək üçün onun bir və bütün qalması lazımdır.

Filosof Bulunçli “hər millət ayrı hökumət qurmalıdır. Dünya millətlərin sayı qədər dövlətlərə bölünməlidir. Hər dövlət milli bir hökumət, hər hökumət də milli bir üzviyyət vücuda gətirməlidir” diyor. Əgər bu əsas qəbul edilsə, o zaman bizim Rusiyadan ayrılmağımız məsələsi doğacaq. Lakin bu ayrılmaq məsələsi hazırki gündə heç bir partiyanın proqramına girəməz. Çünki Rusiya müsəlmanları Rusiyanın bütün yerlərinə dağılmış, onların sanları da müxtəlif yerlərdə müxtəlif miqdardadır. Müsəlmanlar cəmən 96 quberniyadadırlar. Bunlardan 6-sında yüzdə 90, 3-ündə yüzdə 75, 6-sında yarı olub qalanlarında çox azdırlar. Müsəlman çox olan yerlər ancaq şərq, həm cənub-şərqi tərəflərdədir. Əgər o yerləri istiqballı el-milli olsaq açı həqiqət qarşısında qalacağız. Hökumət işlərinə hazırlığı olan adamlarımız yox. Bu xəyal degil, həqiqət. Müvəqqəti Büroya Xivə ilə Buxaradan müraciət edib də kömək istiyorlar.

 

Hökumətlərin əsas üç qismi  olur:

 

1) Bir neçə ayrı müstəqil hökumətlərin bir araya gəlib də öz hakimiyyətlərini itirmədən biri-birisi ilə ittifaq bağlıyorlar ki, bütün federasyondur. 2) Bir neçə siyasi təşkilat (hökumətlər) öz aralarında müahidə bağlayıb hakimiyyətə şərik olurlar və ümumi məsələlərdə hakimiyyəti ortaq bir məclisə tapşırıyorlar, bu federasyondur. 3) Ayrı idarələr olmayıb bütün xəlq ancaq bir siyasi mərkəzə tabe olub, həm bütün hakimiyyət bu mərkəzi hökumət əlində oluyor ki, bu da mərkəziyyətdir.

Rusiyanın ayrı hökumətlərə bölünməsi Rusiya dövlətinin həlak olması deməkdir. Biz Rusiya müsəlmanları Rusiyanın həlakını özümüzə qayə edə bilmiyoruz. Bizim siyasi və mədəni qayələrimizin qövldən-felə gəlməsi Rusiya həlak olmasilə müvafiq degildir. Bizim mədəni intibahımız həm Asiya səhralarına yayılan bütün islam aləminin oyanması üçün Rusiya dövlətinin tamam qalması lazımdır. Buna görə konfederasiya üsulunu əslindən rədd ediyoruz.

Federasiyaya gəlincə: bu üsulu hal-hazırda Rusiyada olan qeyri-rus millətlər, bu cümlədən də müsəlmanlar iləri çəkiyorlar. Rusiyadakı müxtəlif millətlərin milli məsələləri bu surətlə milli oluna bilir, diyorlar. Federasiya üsulu Rusiyayı bir çox ayrı ştatlara böləcək. Hakimiyyəti ikiyə bölüb bir qismini bu ştatlara verəcək, o biri qismini də öz əlində saxlıyacaq.

Hökumətlərin tarixinə baxanda görüyoruz ki, məsələn, Amerika Cümhuriyyəti əvvəl konfederasyon idi. Ondan sonra federasiya oldu. Sonki zamanlarda mərkəziyyət üsuluna tərəf meyl edib bu iş Almaniya ilə Avstriyada da böylədir. Bəni-bəşərin bütün tarixi xırda dövlətlərin bir mərkəzə doğru hərəkət etməsi yolunda cərəyan ediyor. Əgər federasiya üsulu qəbul edilsə, o zaman Rusiya müsəlmanları Türküstan, Qafqaz, Qazaxıstan, Volqaboyu ayrı-ayrı muxtariyyətlər təşkil edəcək, o zaman ümumi və bir mədəniyyət vücudi mümkün olmayacaq. Həm də siyasi qüvvələrimiz xırdalanacaq. Federasiya üsulunun bəzi müsəlman muxtariyyətlərində tərəqqiyə mane olmasına ehtimal vardır. Biz müsəlmanlıq əvəzinə kazanlıyıq, azərbaycanlıyıq, Türküstan və qırğızıstanlıyıq söhbəti gələr. Bundan başqa muxtariyyət yerə bağlı olduqda Rusiyanın sair nöqtələrinə yayılıb da yeri olmayan müsəlmanlar bu muxtariyyətdən məhrum qalarlar. Buna görə də müsəlmanların milli mənfəətlərini lüzumunca həll etmək üçün bir yol qalıyor, o da bütün Rusiya müsəlmanlarına ümumi mədəni muxtariyyət vermək. Bu üsul bir quberniya, uyezd mülahizə etməyib hər şəxsin milliyyətinə binalanacaq.

Bir müsəlman milləti varmı?deyə sora bilərsiniz, müsəlmanlıq millətmi? Bir millət olmaq üçün bir xəlqin başqalarından ayrılığını göstərən sifətləri olmalıdır. Müsəlman xəlqləri Qərbi Avropa xəlqindən müsəlman olmaları ilə ayrılırlar. Demək ki, müsəlmanlıq millət mənasına da şamildir. İslam bizi başqa millətlərdən ayıran bir sifət halını da almışdır.

Milliyyət əsası üzərinə bina olunan şəxsi muxtariyyət nə surətdə oluyor. Avstriya alimi Şpirenger hər millət 3 qism siyasi müəssisəyə malik olmalıdır. 1) Şurayi-milli, 2) milli vəzarət, həm də 3) milli hüquqları müdafiə edən müəssisələr.

1907-ci ildə milli sosialist partiyalarının konfransiyasında bu üsul həqqində böyük bir doklad oxunmuşdu. Bu doklada görə 1) Muxtariyyətin əsası bir teritoriya degil, milliyyət olacaq. 2) Hər milləti idarə edən bir müəssisə məzkur millət mənsubları tərəfindən seçilib gələn vəkillərdən ibarət bir şura olur. 3) Ayrı millətlərdən işlərini birgəlikdə idarə edə bilmək üçün hər oblastda millətlər arasında müştərək bir müəssisə tərtib edilir. 4) Milli işlərə baxan fövqüzzikr müəssisə milli seym (millət məclisi) adlanır.

Böylə bir milli muxtariyyəti ancaq mərkəziyyət üsuluna bina olunan cümhuriyyətdə vücuda gətirmək olar. Demək, bəncə Rusiya dövləti mərkəziyyətə bina edilməli, hər millətə və o cümlədən də müsəlmanlara milli muxtariyyət verilməlidir. Fəqət siz bəni Fransada mərkəziyyət tərəfdarlarından saymayınız. Bən geniş hüquqlu məhəlli idarələr tərtibinə, məsələn, Qafqasiya, Türküstan səhra vilayətləri ilə Sibirya kibi ölkələrə ümumi məhəlli idarə işində geniş hüquqlar verilməsi rəyindəyəm.

Məhəlli muxtariyyətlə bu geniş hüquqlu məhəlli idarələrin fərqi nədir? O ayrıca bundan ibarət: məhəlli muxtariyyət üsulunda ümumi vəkillər palatasından başqa muxtariyyətli məclislərdən seçilib göndərilən vəkillərdən ibarət olacaq ikinci yuxarıkı palata (məclis) olacaq. Bəncə bu iki məclislik demokratiya ənənəsinə ziddir. Yuxarıkı palatada milli hüquqları müdafiə etmək də müşkül olacaq.

Məruzənin xülasəsi bu: 1) Rusiya federasiyalara bölünməyib də geniş hüquqlu məhəlli idarələri olan bir xəlq cümhuriyyəti olmalıdır. 2) Müsəlmanların milli, mədəni muxtariyyətləri qanuni-əsası üzrə təyin və təhkim edilməlidir”.

Mübəttərdən enərkən Əhməd bəy dedilər ki, Asiyanın böyük mədəniyyəti tazələnmək naminə bütün islam aləmini Avropa burjuaziyası istibdadından xilas etmək naminə bugünki gündə moda hökmündə olan məhəlli federasiya üsuluna uymalıyız. Əgər də Rusiyada hazır hürriyyət məşəli alovlanıb işıq salsa, bu işığın şöləsi bütün Şərqi-İslama yayılacaq, bu isə bizim mədəni borcumuzdur (alqışlar).

Məhəmməd Əmin Rəsulzadə cənablarının məruzəsi yarınki sayımızda.

 

lll

 

Əhməd bəy Salikov cənablarından sonra acaralı Lordkipanidze cənabları rusca federasiya lehində müxtəsər məruzədə bulunub sonra söz Məhəmməd Əmin Rəsulzadə cənablarına verilir. Alqışlar içərisində minbəri-xitabatə gələn natiq ədəbi türkcə ilə əzbər söylədigi və dəfələrlə alqışlanaraq kəmali-diqqətlə dinlənilən bəyanatında aşağıdakı əsasları şərh elədi.

Millətdaşlar! Həll etmək istədigimiz məsələ olduqca mühümdür. Şəkli-idarə məsələsidir. Bu məsələyə həm mədəniyyəti-bəşəriyyə, həm də mənafeyi-milliyyə nöqteyi-nəzərindən baxmalıdır. Cəmaət bilməlidir ki, mədəniyyəti-bəşəriyyə milli mədəniyyətlərin məcmuindən hasil olma bir yekundur. Mədəniyyəti-bəşəriyyə öylə bir sərgidir ki, orada bütün millətlərin xəlq etmiş olduqları asari-nəfisə toplanmışdır. Buna görə də hökumətlərin şəkli-idarəsi mədəniyyəti-bəşəriyyənin təkmilinə xadim olmaq üçün millətlərin istiqlalını təmin etməlidir.

Əfəndilər, Böyük Fransa inqilabı şəxslə vətəndaşın hüququnu elan etdikdə bir camiyyəti-şəxsiyyə olan millətin də hüququnu elan etmiş idi. Bir şəxs nasıl hürr və hər növ təcavüzdən saklı isə, bir millət də o dərəcədə azad və hər bir təcavüzə qarşı məhfuz bulunmalıdır.

Mədəni dövlət azad vətəndaşların azadlıqla vücuda gətirdikləri etilafdan ibarətdir. İstibdaddakı rəiyyətlərlə cümhuriyyətdəki vətəndaşların fərqi ondadır ki, birincilər öz rəy və arzularına rəğmən cəbrən bir nöqtəyə məhkumdurlar. İkincilər isə tamamilə azad olduqları halda öz xahişlərilə vücuda gətirdikləri idarəyə və öz iştiraklarilə yazdıqları qanuna tabedirlər.

Bir cins və bir millətə mənsub vətəndaşlardan ibarət olan dövlətin mədəni bir şəkildə təşkili vətəndaşların azadlığı ilə məşrut olduğu kibi, müxtəlif millətlərə bölünən bir dövlətin mədəni bir şəkil ala bilməsi üçün də bittəbii oradakı millətlər, digər təbirlə, şəxsiyyət cameələrin tamamilə muxtariyyətləri və azadlıqla müəyyən bir etilafa gəlmələri mətlubdur.

Şəxslə dövlət, öylə də millətlərlə dövlət münasibətlərində bir növ ayrılmaq və eyni zamanda da birləşmək xassəsi vardır. Bu xassə bir tərəfdən muxtariyyətlərə, digər tərəfdən muxtariyyətlərin irtibatına səbəb oluyor. Ayrı fərdlərlə millətlərin xüsusiyyətlərini nəzəri-etibarə almayıb mərkəziyyət üsulu ilə idarə olunan böyük hökumətlərə, böyük hökumətlərlə fatehlərin vücuda gətirdikləri məmləkətlər davam etməyib dağıldı. İstibdad və mərkəziyyət əsası üzərinə qurulan və qələmrovlarına daxil olan ayrı-ayrı millətlərin mənafeini nəzərə almayan dövlətlərin uçurulduğunu tarix bizə nişan veriyor. Bu tarix eyni zamanda bunu da bizə göstəriyor ki, dövlətlərin idarəsində bir növ təkamül əmələ gəliyor. Böyük dövlətlər muxtariyyətlərə bölünüyorlar. Çünki bir mərkəzdən hər növ məhəlli, bilxassə milli ehtiyacların rəf olunmuyacağını dərk ediyorlar.

Böyük müslihlərin təsəvvür elədikləri səadəti-bəşər məsud bir gün gəlib də feliyyətə çıxsa və bütün dünya böyük bir səltənəti-mədəniyyə şəklində təcəlli etsə bu səltənətin milli və məhəlli muxtariyyətlər ittifaqından başqa bir şəkildə olması qeyri-mümkündür. Çünki mədəni bir dövlətin ən müvafiq şəkli mədəni dövlət şəklidir. Heç şübhəsiz ki, müsavati-bəşər salonuna hər millət kəndi qapısından girəcəkdir.

 

(Ardı var)

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 20 aprel.- S.26-27.