İzdiham–şüurun qara qutusu
“İzdiham” – düşünən hər kəs
üçün onun müəllifini təhlil etməyə
sonsuz imkanlar yaradır”, yaxud, “bu əsər
şüuraltı yaddaş xatırlamasıdı...” kimi
açıqlamalar forma və üslub, həmçinin,
mövzu və məzmun baxımından fərqli nəsr
nümunəsi kimi nəzər-diqqəti cəlb etmiş bu
romanın çoxplanlı və çoxcəhətli ilmələrində
azıb qalmış oxuculardan xəbər verir.
Roman ətrafında aparılan çoxsaylı təhlillər,
yazılan məqalələr arasında əsəri qorxulu
yuxu (ujas) janrına aid edənlərlə yanaşı (Ə.Cahangir
“Yoldan başqa yol yoxdur”), təkliyin faciəsindən,
ekzistensializmdən söhbət açanlar da oldu.
Əsərin
riyazi düsturunu isə Ramiz Rövşən müəyyənləşdirdi:
“...Sadəcə,
eyni mənzildə doğma adamlar bir-birinə mane ola-ola,
sürtüşə-sürtüşə, hər təmasda
bir-birindən nə isə qopara-qopara, ala-ala, amma əvəzində
heç nə verməyə-verməyə yaşayırlar. Bu adamların təkcə bir-birinə hirsi və
nifrəti yox, sevgisi və mərhəməti də
dağıdıcıdır”.
“Afaq Məsud
– şəxsiyyətin təkliyi və ekzistensial yadlaşmadan
çəkilən əzabları təsvir etmək
baxımından müasir nəsrimizdə bir çox
maraqlı nümunələr yaratdı. Onun
yazı tərzindəki ironik çalarlar (özünü
ironiya) bəzən tragizmi, fəci məqamları
yumşaldır. Bəzən oxucuya elə
gəlir ki, müəllif özü bu tragizmi təsvir etməkdən
qorxur və çəkinir”.
(N. Əliyeva. “Tək və
İzdiham”)
Bizə isə məlum olur ki, müəllif, nəinki,
bu səhnələri təsvir etməkdən çəkinir,
əksinə, bundan hətta zövq alır.
“Ədəbi
qəhrəmanlarımı ... psixoloji labirintlərdə dolandırmağıma gəlincə,
bilirsiz ki, psixoloji nəsr yazıram. Bu üslub geniş oxucu
kütləsi üçün rahat həzm olunan əsərlər
yetirmir və ola bilsin, qəhrəmanlarıyla
bir, yarıqaranlıq labirintlərlə, mistik dəhlizlərlə
dolaşan müəllif kənardan qorxu və iztirablar
içində qovrulan insan təsiri bağışlayır. Lakin bu heç də belə deyil. Həmin o dərinliklər, yarıqaranlıq,
qapalı məxfiliklər mənim çoxdandan bəri
temperaturuna öyrəşdiyim doğma yerlərdir”. (A.
Məsud. Seçilmiş əsərləri)
Yəqin
ki, mən də əvvəli və finalı, kuliminasiya
nöqtəsi və sonu cənazə daşımaqdan yorulan,
bir az da qocalan insanların müxtəlif hallarda üzə
çıxması ilə müşayiət olunan “İzdiham”
barədə elə də yeni bir söz deməyəcəyəm.
Sadəcə, romanın canında duyduğum
dörd sözün axtarışına çıxacağam.
Qeyri-ənənəvi yazının tənqidi və təhlil
metodu da fikrimcə, qeyri-ənənəvi olmalıdır. Əks halda, Həqiqətdən – Həyat Həqiqətindən
uzaqlaşmış olarıq.
İlk olaraq, bundan başlayaq ki, əsərin qəhrəmanı
– evi, işi, normal ailəsi olan bir qadındır. Adını əsərin
sonuna qədər öyrənə bilmədiyimiz bu qadın, əslində,
təhtəlşüurun diktəsi ilə ətə-qana
dolmuş real bir insandır... (Axı, təhtəlşüurun
özü də realdır). Lakin o, nə
iləsə o birilərindən fərqlidir. Bu dünyadakı yaşayışı, qəbul
olunmuş çərçivələrə sığmayan hərəkətləri,
sevgisi, nifrəti, gülüşü, doğmalara və
yadlara münasibəti ilə tam başqadır.
Bu qadın körpəlikdən, bəlkə hətta lap
ondan da əvvəl ata-anasının, nənə-babalarının,
onların da ata-analarının... yaşadığı nifrətin,
sevginin, qorxunun mənəvi və fiziki
daşıyıcısıdır. Amma nədənsə,
elə onlar tərəfindən də xəstə, anormal hərəkətlər
edən birisi kimi qəbul edilir. Hamı ona
məsləhət verməyə, başına ağıl
qoymağa tələsir, canfəşanlıq edirlər.
Hətta atasının tabutunu göz bəbəyi kimi
qoruya-qoruya çiyinlərində daşımaqdan yorulmayan
qaranlıq izdihamın içində olanlar belə...
Bizim bu
binəva qəhrəman isə, əvvəl hər hərəkətinin
məntiqi izahını verməyə, özünü
qorumağa çalışırsa da, getdikcə, qüvvəsinin
tükəndiyini, məsləhətlərdən və ibrətlərdən
bezib yorulduğunu, bütün cəhdlərinin mənasız
və əbəs olduğunu anlayır və artıq kimsənin
danlağına, təpkisinə məhəl qoymadan, bildiyi
şəkildə yaşamağa çalışır. Sadəcə,
çalışır...
Qarmaqarışıqlığında azıb
qaldığı bu dünyanın, anasını
axtardığı qəbrin dibindən tapdığı min
bir xırdavat, yəni heçlik olduğunu anladıqca, Həqiqi
Reallıqda – cansız varlıqların hərəkətə
gəldiyi, insanların cansızlığa çevrildiyi,
Qiyamət Gününün nişanəsi olan “bütün
qohumluq əlaqələrinin kəsildiyi”, doğmaların
domino daşlarına çevrildiyi qatda yaşamağına
davam edir...
Romanı
fərqli ədəbi nümunəyə çevirən cəhətlər
– əsər boyu izlənən ən ağlasığmaz
çevrilmələrin və yerdəyişmələrin real
məntiqə dayaqlanması, obrazların, hadisə və
situasiyaların sürrealist priyomlar və elmentlərlə təsviri,
zahirən sanki heç bir məntiqi izahı olmayan
absurdluğun alt qatındakı həqiqilik, bütün bu
ağlasığmazlıqların riyazi sistemliliklə ifadəsi
və sair və ilaxırdır.
Zəncirvari ardıcıllıqla üzə
çıxan bütün qeyri-adiliklər bizləri,
işıq şüasından, səsdən, atmosferdə gedən
ən xırda dəyişkənlikdən təlatümə
düşən bu qadının bir reallıqdan başqa
reallığa, bir vəziyyətdən başqa vəziyyətə
düşdüyünün şahidinə çevirir. Bu sirli çevrilmələr
təkcə qəhrəmanın zahirində yox, onun hiss və
düşüncələrində, davranışında da
baş verir. Və bu baxımdan, Afaq Məsudun qəhrəmanının
bəxti, onunla tez-tez müqayisə edilən Kafkanın
Zamzasından daha çox gətirir. Belə
ki, Kafkanın Zamzası zahirən həşərata
çevrilsə də (hissi hallüsinasiya səviyyəsində),
şüur etibarı ilə insan olaraq qalır. Yəni ətafında baş verənləri insan
kimi qavrayıb, düşünə bilsə də, insan kimi hərəkət
edə bilmir. (Bu, ayrı bir söhbətin
mövzusudur ki, ona bu məqalədə toxunmuruq.) Bizim qəhrəman isə, ən
ağlasığmaz hissi çevrilmələrlə
yanaşı, həm də cismində asanlıqla baş tutan
operativ metamorfozların daşıyıcısına
çevrilir. Bu sayaq çevrilmələr
onun ətrafında da (izdiham, məktəb direktoru, müəllimlər,
nənəsi, anası və xalaları və sair) baş versə
də, sonradan bunların zahiri, yəni görüntü
xarakteri daşıdığı, qəhrəmanın
yaşadığı ikili ölçüyə
çatmadığı məlum olur. Yəni kimsə
pişik kimi miyoldayırsa da, pişik ola
bilmir və sair və ilaxır.
Bu adsız qadın-qəhrəman isə unikal cisim və
ruh vəhdəti ilə budaqda almaya, bələkdə
çağaya çevrilə bilir. Bu, yalnız onda alınır... Ötəri bir hal, yaxud, hadisə onu bir məkandan
ayrı məkanlara və zaman ölçülərinə
salır.
Ən qəribə
olanı isə onun, hər cəhətdən ona yöndəmsiz
gələn bu qəddar sosiumda da, heç nə baş verməmiş
kimi, rahat yaşamaq qabiliyyətidir...
Bu yaşamaq imkanını ona, qocalıb
ölmüş palıdın oyuğunda göbələk
bişirib yedirən cırtdan-adamın, yaxud, uşaq
bağçasında onu gözlərindən tanıyan girdəbaş
oğlanın yaratdığını da düşünmək
olar. Bunun,
onun taleyinə yazılmış alın yazısı –
“lilepudlar ölkəsində” yaşamaq məhkumluğu
olduğunu da...
Dahi Lev Tolstoy yazırdı ki, “insan haqqında ən
yanlış mülahizələr ondan ibarətdir ki, biz
insanı aqil, səfeh, rəhmdil, zalım, qüdrətli, zəif
adlandırırıq, insan isə bütün bu cəhətləri
özündə birləşdirən dəyişkən
varlıqdır”. Bu mənada, Afaq Məsudun bu qadın qəhrəmanının
da cəmiyyət tərəfindən, hətta ən yaxın
doğmaları tərəfindən qəbul olunmamasının
səbəbi – onun, sadalanan bütün cəhətləri ilə yanaşı, həm də
mütəmadi dəyişkənliyə uğraması, fərqli
bir varlıq olaraq, oxucunu öz həyat həqiqətinə
inandırmasıdır.
Romanın “İzdiham” adı da, düşünürəm,
təsadüf deyil. İzdiham, həm də iztirabın özüdür... İzdihamda var olmağı bacaran bu qadın –
müxtəlif ziddiyyətli hissləri eyni anda özündə
yaşadan, eyni anda sevib, eyni anda nifrət etməyi, eyni anda zəifləyib
– yüksəlməyi bacaran möcüzəvi bir
varlıqdır.
Əsərdə baş verənlər bir sıra tədqiqatlarda
(həmçinin, “İzdiham” dan şüuraltı
reallığa keçid”. – 1996, Qərbi Berlin, Ədəbiyyat
Evi) real həyat və yuxu qisimlərinə bölünsələr
də, baş qəhrəmanın əsər boyu cəmi bir
neçə dəfə gördüyü yuxu mənzərələri
əsərin janr “təmsilçisinə” çevrilmir. Burda yuxu ilə reallıq arası məsafələri
konkret detallarla ayıran bədii təsvir və ştrixlərin
qabarıqlığı qəhrəmanın təhtəlşüurunda
baş verən hadisə və situasiyaların (nə vaxtsa
baş vermiş, yaxud, baş verməkdə olan real həyat
hadisələrinin) yuxu kimi qəbul olunmaması
üçün kifayət qədər imkan yaradır.
“Romanının digər fərqli cəhəti –
yazıçı təhkiyəsinin
aparıcılığı, baş verən bütün
ağlasığmazlıqların obyektiv yanaşma
bucağından nəqlidir. Məhz bu səbəbdən
hekayəçinin, onunla bərabər, baş qəhrəmanın
da həqiqiliyi oxucuya hakim kəsilir”. (Muxtar
İmanov – Müasir Azərbaycan nəsrində psixologizm
(60-70-ci illər.)
Həqiqətən də, “İzdiham” zərrə qədər
də olsun, reallıqdan qaçmır.” –desək,
yanılmarıq. Əks halda, əsərdə
obyektivliklə təsvir olunanlarda uyğunsuzluqlara təsadüf
etmiş olardıq. Burda isə bunun əksi
ilə rastlaşırıq. Baş qəhrəmanın
şüuraltısındakı zədələr fərdlərarası
qırılmış mənəvi bağların bərpası
cəhdlərində üzə çıxır. Fərdin (baş qəhrəmanın) şərti
metamorfozlarla təsviri ilə yanaşı, onun daxili
dünyasının reallıqları, baş verən hadisə
və situasiyalara obyektiv baxış bucağında təzahür
edir.
Cəmiyyətdə baş verənlərin, ictimai
münasibətlərin dərinliyinə varmağın vasitələrindən
biri, fərdin daxili dünyasının Dostoyevskisayağı
realistcəsinə təsviridir. A.Məsudun özünün bu barədə
fikirləri də maraqlıdır:
“Ədəbiyyatın
insanların sarsıntı və ağrılarını müalicə etmək
gücü var. Daha doğrusu, əslində bu, onun birbaşa
vəzifəsidir. İnsanlar doğulan andan ölənəcən
yaşadıqları real həyatlarında da, öz iç
dünyalarında da baş verən qəzalardan yayına
bilmirlər. Və ən qorxunc qəzalar
çox vaxt insanın öz içində – rahat kreslosuna
yayxanıb televizora baxdığı, yaxud,
çarpayısında uzanıb xəyala daldığı məqamlarda
baş verir”.
İnsanın
iç dünyasında baş verən hadisələr, gizli
reallqlar “İzdiham” romanında çevrilmələr vasitəsi
ilə üzə çıxır. Ayrı
cür desək, yazıçı bundan ədəbi priyom kimi
istifadə edir. Çevrilmənin
özünə gəlincə, bu, bir varlıqdan başqa bir
varlığa çevrilmə məqamı – psixoloji bir akt,
tam qeyri-şüuru, fitri bir olaydır. Bu,
eyni zamanda, həm də mifoloji hadisədir. Lakin yazıçı baş verənlərin
metamorfozasını açıqlamır. Oxucunu,
eləcə də romanın baş qəhrəmanını
faktlar qarşısında qoyur. Səbəbləri
izah etmədən, sadəcə, təsvir edir.
Kafka insan taleyini, mənasız və absurd
adlandırdığı həyat qarşısında aciz və
çılız təsvir etməklə kifayətlənirsə,
A.Məsud baş verənlərin mahiyyətini qəhrəmanın
gizli psixoloji qatlarında, “şərti həqiqətlər”
reallığında axtarır. Və məhz bu səbəbdən
onun qəhrəmanı soxulcana, almaya, çağaya
çevrilirsə də, son ucda məhvə düçar
olmur. Bayaqdan bura ona diktə edib səhvlərini,
ayıblarını tutanları, yol göstərib, tənbeh
edənləri havaya vızıldatdığı
ayaqqabısının bir tayı ilə domino daşları
kimi yerə sərir.
Bütün bu şərtiliklər hərəkət və
məkan şərtilikləri ilə yanaşı zaman şərtiliyini
də ehtiva edir. Elçinin “Mahmud və Məryəm”,
Yusif Səmədoğlunun “Qətl günü” romanlarında
da bu sayaq zaman şərtiliklərinə rast gəlinsə də,
“İzdiham”dakı zaman və məkan keçidlərinin
sürətliliyi, fantasmaqorik düşüncə və təsvir
imkanları tam fərqlidir. Burada həyat
üçölçülü reallıqda təsvir olunur
(dünya rəssamları iki ölçüdə işləyirlər)
şərti-metaforik qəhrəman həmin bu üç
ölçünün hər birində
ayrı-ayrılıqda üzə çıxır ki, buna əsaslanaraq,
A. Məsudun şərti-metaforik psixoloji nəsrin
yaradıcısı olduğunu deyə bilərik.
Romandakı lokaniklik də maraq doğuran fərqli
üslub, müstəsna ədəbi hal kimi nəzər-diqqəti
cəlb edir.
“...Liftin qapıları bağlandı və onlar
havasızlığın içində boğulub
sıxıla-sıxıla harasa yuxarı qalxdılar...” (A.Məsud
“İzdiham”) Göründüyü kimi,
yazıçı üçün qəhrəmanının
liftə necə mindiyi, ora hansı formada keçdiyi
maraqlı deyil. “...Liftin qapıları açılanda
onlar güzgü döşəməli geniş zala
keçdilər...” deyən yazıçı ətraflı təsvirə
ehtiyacı olan bu səhnəni qısaca bir ştrixlə verməklə
kifayətlənir.
Əsərləri, yaradıcı baxışları
tez-tez müqayisə olunan Kafkanın qəhrəmanı əsərin
sonunda ölsə də, Afaq Məsudun qəhrəmanı
yaşamağa davam edir. Üstəlik, yazıçının
digər əsərlərinə də ayaq açıb,
başqa adlarda və formalarda üzə çıxır.
Bu keçidlər hərfi mənada yox,
ruhsal-duyğu köçürmələri ilə baş
verir. Bizim bu qadın-qəhrəman şüalanır...
Ona yazıçının növbəti əsərlərində,
ayrı forma və məzmun çalarlarında, ayrı zaman və
məkan ölçülərində yenidən rast gələcəyik...
İzdiham
da qayıdacaq... Onu yazının əvvəlində
axtarışına çıxdığımız dörd
söz geriyə qaytaracaq. İzdiham, İztirab, Olum və
Ölüm...
Aygün Əliyeva,
Qafqaz Universiteti II kurs
magistr tələbəsi
525-ci qəzet.-
2013.- 20 aprel.- S.25.