Oralarda kimlər var- Tarıyel Vəliyev

 

SƏHİFƏNİN QONAĞI: YAZAR-DRAMATURQ ASLAN QƏHRƏMANLI

 

SƏNİ BİZDƏN ALDI, GETDİ BU ÖLÜM...

 

Sevimli və unudulmaz rejissor və pedaqoq TARIYEL VƏLİYEVin vəfatının 1 ili aprelin 24-də tamam olur.Sevimli dostum Aslan Qəhrəmanlının aşağıda oxuyacağınız eleqik yazı üçün şəkil axtarışında özüm də gözləmədən bu gözəl insan və rejissor haqqında çox kədərli və insani sözlərə rast gəldim modern.az saytında.Və həmin fikirləri ön söz olaraq bu yazıya əlavə etməyi düşündüm. Təkcə bunu deyə bilərəm ki, Tarıyel Vəliyev mənim çox sevdiym və böyük bir simpatiya duyduğum  SƏNƏT ADAMI idi. Və üstəlik də  GÖZƏLLİK AŞİQİ İDİ.HƏYATDA və SƏNƏTDƏ.Nələr yazıblar onun olmadığı günlərdə.

Südabə Sərvi: Heyf! Belə gözəl bir insan dünyadan köçdü. Onun vəfatı xəbərini eşidəndə çox üzüldüm... İnanmaq istəmədim. Amma bir fakt var ki, bizim bəzi həkimlər içdikləri anda sadiq qalmayaraq xəstəni sonadək vicdanla sağaltmaq əvəzinə ancaq pul-para güdürlər. Çox təəssüf! Hər halda Tariyel müəllim adi adam deyildi; Azərbaycan incəsənəti qarşısında onun nə qədər xidmətləri var!

Allah rəhmət eləsin!

Sevinc : Böyük itkidir... İnsan itkisi və sənətkar itkisi...

...Son vaxtlar şərtləşmişdik ki, bir vaxt tapıb Aydın Qurbanoğlugilə baş çəkək. Vədələşdiyimiz vaxt Aydının işi oldu və təxirə saldıq. Nə biləydik ki, əcəl fürsət gözləyir və üçümüzün görüşümüz baş tutmayacaq. Sonralar mən bir-neçə dəfə Aydıngilə getmək istədim, amma Tariyeli xatırladım və gedə bilmədim.

Son vaxtlar şərtləşmişdik ki, bir vaxt tapıb Aydın Qurbanoğlugilə baş çəkək. Vədələşdiyimiz vaxt Aydının işi oldu və təxirə saldıq. Nə biləydik ki, əcəl fürsət gözləyir və üçümüzün görüşümüz baş tutmayacaq. Sonralar mən bir-neçə dəfə Aydıngilə getmək istədim, amma Tariyeli xatırladım və gedə bilmədim.

 

lll

 

Zəngimə cavab gəlmədi. Adətən zəngi eşitməmişdisə, yaxud əlində vacib işi var idisə (məsələn, dərsdə yaxud iclasda idisə), çox keçməmiş zəng vururdu. Bu dəfə xeyli gözlədim, telefon susurdu. İşdəydim, başım qarışıq idi, gələn-gedən vardı və birdən elə bil ayıldım. Axı bir saatdan da çox vaxt keçmişdi amma o, zəng eləməmişdi. Bəlkə telefonu evdə qoyub, bəlkə hansısa səfərə  (məsələn, xaricə) gedib. Hər halda öyrənməliydim.

Təzədən zəng vurdum. Haçandan haçana qadın səsi eşitdim. Onun həyat yoldaşıydı. Gözlənilməz xəbərdən özümü itirdim:

–Tariyel xəstəxanadadır. Operasiya olunub. Vəziyyəti çox pisdir.

Adi məişət məsələlərində çox bacarıqsızam. Özümü itirirəm və nə edəcəyimi bilmirəm. Nəyisə öyrənmək, kimdənsə xahiş eləmək, kimi isə tapşırmaq, kimə isə hədə-qorxu gəlmək, kiminsə qəbuluna düşmək və i.a. və s. kimi çox adamın asanlıqla bacardığı işləri görmək mənim üçün cəhənnəm əzabıdır. Bütün bunlara baxmayaraq vəziyyəti öyrənmək zəruri idi. Ağlıma gələn dostlara, tanışlara zəng vurdum, bir neçə təzə telefon nömrəsi öyrəndim və nəhayət, məlum oldu ki, Tariyelin vəziyyəti ümidsizdir, ölümlə çarpışır. Tələsik xəstəxanaya getdim, təsadüfən artist Arif Quliyevlə rastlaşdım. Onun belə məsələlərdə çox diribaş olduğuna baxmayaraq xəstənin yanına girə bilmədik.

Qəfildən Əhməd Cavadın tərcüməsində Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”  poemasından bir beyt yadıma düşdü:

“Uzanmışdı bayğın Tariyel,

gücsüzlükdən göz qapalı,

Dodaqda qan qalmamışdı, ölümcüldü

onun halı”.

Bu xatırlama bəzilərinə qəribə görünə bilər, amma mən diqqətlə oxuduğum əsərlərdən müəyyən parçalar özüm də bilmədən yaddaşımın bir küncündə qalır və gözləmədiyim halda qəfildən üzə çıxır. Şota Rustaveli ilə bağlı bir əhvalatı da xatırladım. Bir dəfə bir məclisdə dostlardan biri  rüşvətxorluğun baş alıb getdiyindən danışırdı. Dedim:

–Elədir. İstəyirsən bir şairdən misal da çəkim: “Rüşvət ki var, iş aşırar cəhənnəmdə versən belə”.

Dostum dilləndi:

–Görürsənmi? Hətta o biri dünyada da rüşvətxorların cəngindən qurtara bilməyəcəyimizi başa düşənlər var. Amma keçmişdə belə deyildi.

Güldüm:

–Eşitdiyin misra XII əsrdə yazılıb, Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərindəndir.

Dostum inanmadı.

Görünür reanimasiya şöbəsində  Tariyelin hansı vəziyyətdə olduğunu təsəvvür etdiyim üçün yuxarıdakı beyt yadıma düşmüşdü.

Bir neçə gündən sonra bu görkəmli sənətkarı itirdik.

Heç ağlıma da gəlməzdi ki, o, bu qədər tez aramızdan gedəcək. Sağlam adam idi. Üzündən təbəssüm əskik olmazdı. Onunla 37 illik tanışlığımız dövründə bir dəfə də səhhətindən şikayətləndiyini eşitməmişdim. Hərdənbir qrip olmağı vardı, bu da elə hamıda olur, öyrəşmişik.

1975-ci ilin yayı idi. O zamanlar televiziyada “Hekayə axşamı” müntəzəm göstərilirdi. Ailə üzvlərimlə birlikdə  həmin verilişə baxırdıq. Gözləmədiyim halda ekranda “Aslan Qəhrəmanlı. Bir otaqda beş nəfər”  yazıldı. “Ədəbiyyat və incəsənət” qəzetində  çap olunmuş hekayəmi səhnələşdirmişdilər. Sevindim. Hekayənin səhnə variantı doğrudan da yaxşı alınmışdı.

Ertəsi gün qəzetin ədəbi işçisi tərcüməçi-yazıçı  Sabir Məmmədov zəng elədi ki, hekayənin televiziya variantını hazırlayanlar səninlə tanış olmaq istəyirlər. Şərtləşib bir axşam görüşdük. Şair Aydın Qurbanoğlu və rejissor  Tariyel Vəliyevlə tanış oldum. Hekayəni Aydın səhnələşdiribmiş, Tariyel də onu tamaşaya qoyub.

Həmin görüşdən sonra mənim televiziya ilə əməkdaşlığım başladı. Bir-birinin arxasınca  tamaşalarım hazırlandı. Tariyel Vəliyevlə yanaşı Ramiz Həsənoğlu, Həsən Əbluç, Tahir Tahirov  bu tamaşaların quruluşçu rejissorları oldular.

Bir dəfə Tariyel mənə dedi ki, iki nəfərin iştirak etdiyi təzə bir pyes olsa, məmnuniyyətlə hazırlayar. Mən onun bu istəyini nəzərə alıb, “Səni axtarıram” pyesini yazdım. Pyes onun çox xoşuna gəldi, bəzi tənqidi qeydlərini də söylədi. Onun dediklərini də nəzərə aldım. Elçin rolunda ikimiz də Yaşar Nurini görürdük. Yaşar mənim iki tamaşamda da çəkilmişdi. “Spektr” və “Bir payız axşamı” tamaşalarında. O zaman adətən Yaşarı komediya səpkili rollara dəvət edirdilər. Bizim tamaşalarda isə o, tamamilə ciddi rollar oynamışdı.

Digər qəhrəman – Gülnar rolunda çəkilməyə  Tariyel heç kəsi dəvət etməyə risk eləmirdi. Axtarış uzun çəkdi. Nəhayət günlərin birində  məni muştuluqladı: “Gülnarı tapmışam”. Televiziya verilişlərinin birində o, Firəngiz Mütəllibovanı görmüşdü. Sonra teatra gedib onunla danışdı və məşqlərə başladı.  O zaman  1980-ci ilin payızı idi.

Əvvəlki tamaşalarımda  mən adətən yalnız  sonuncu məşqə Ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru  Nahid Hacızadə ilə birlikdə gedirdim və Nahid müəllim çəkilişə icazə verirdi. Bu dəfə isə məşqlər başlanandan  montaj prosesinədək bütün görülən işlərdə Tariyellə birlikdə oldum.  

“Səni axtarıram”  tamaşası gözləmədiyimiz halda çox böyük uğur qazandı. Sonra onun 2-ci və 3-cü hissələri – “Bağışla” və “Səndən xəbərsiz” yazıldı və Tariyel çox böyük həvəslə bu pyeslərin də quruluşçu rejissoru oldu. Beləliklə Azərbaycan televiziyasında ilk üç seriyalı tamaşa hazırlandı.

Şübhə yoxdur ki, bu üç tamaşa Tariyel Vəliyevin ən yaxşı əsərləridir. Lakin onun müxtəlif vaxtlarda rejissoru olduğu tamaşalardan İsi Məlikzadənin “Qaranquş yuvası”  və Əzizə Əhmədovanın “Pəncərədə işıq” da gözəl alınmışdı. Bunlardan əlavə o, Ramiz Həsənoğlu ilə birlikdə Anarın “Ötən ilin son gecəsi”, “Evləri köndələn yar”, Vaqif Səmədoğlunun “Yaşıl eynəkli adam” pyeslərinin quruluşçu rejissoru olmuşdur. Həmin tamaşalar  indiyə qədər  maraqla baxılır.

O, çoxsaylı bayram konsertləri hazırlamış, sənədli filmlər çəkmişdir. Lakin o, daha çox iş görə bilərdi, hayıf, ömür vəfasız çıxdı.

Tariyel Vəliyev yaxşı dost idi, həddindən artıq təvazökar idi, mübahisə etməyi xoşlamırdı, Azərbaycan poeziyasını gözəl bilirdi, qeyri-adi musiqi duyumu vardı. Lakin bütün bunların heç birindən danışmasa da çox söhbətcil idi. Onunla saatlarla adi çay süfrəsi arxasında söhbət edirdim və bir dəfə də yorulduğum, bezdiyim yadıma gəlmir. Bəzən bir yerdə ikimiz də metroya düşürdük, yollarımız əks istiqamətlərdə idi, amma heç birimiz vaqona minməyə tələsmirdik. Adi yaradıcılıq söhbəti bitib tükənmək bilmirdi. Həmin söhbətlərdə onun necə hərtərəfli biliyə malik olduğunu  hiss etmişəm, zövqünü bəyənmişəm. 

Bir dəfə dedi ki, bir gözəl mahnı var, musiqisinə söz ola bilməz, amma sözləri o qədər də yaxşı deyil, şairin özüylə danışıb icazəsini almışam, istəyirəm ona babat şeir yazılsın, tamaşada istifadə edək. Bir neçə variant yazıldı, amma heç biri Tariyelin xoşuna gəlmədi və beləcə indi unudulmuş həmin mahnı onun tamaşalarında səslənmədi.

Çoxlu şeir bilirdi, amma heç vaxt oxumazdı. Dəfələrlə birlikdə yas yerlərində olmuşduq, ölümdən danışmazdı. Amma bir dəfə...çox fikirli vaxtında astadan pıçıldadığını eşitdim:

 

Bulut kimi ölmək,

Bir yaz yağışında.

Umut kimi ölmək,

Bir qız baxışında.

 

Orfoqrafiya lüğətimizdə yazıldığı kimi “bulud”,”ümid” demirdi, Türkiyədəki qardaşlarımızın dediyi kimi “bulut”, “umut” deyirdi. Mənim də bu sözlərin belə deyilişindən xoşum gəlir.  Diqqətlə qulaq asdığımı görüb bir az ucadan davam elədi:

 

Bir yel qanadında,

Yarpaq kimi ölmək.

Bir qəbir altında,

Torpaq kimi ölmək...

 

Susdu. Hiss elədim ki, şeirin hamısını bilir, amma oxumadı. Heç vaxt şeir oxuduğunu eşitmədiyim Tariyel üçün bu da çox idi. Dedi:

 

–Yaxşı şeirdir.

Ramiz Rövşənin bu şeirini mən də bilirdim. Razılaşdım:

–Düz deyirsən. Gözəl şeirlərimiz çoxdur, oxuyan azalıb.

 

Neçə il keçib o vaxtdan. İndi fikirləşirəm ki, görəsən, bu ölüm söhbətini niyə saldı, o qəmli  şeiri niyə oxudu və həmin gün onun qanı niyə qara idi? Əlbəttə, mən dilxorçuluğunun səbəbini soruşdum, amma demədi, bir az yorğun olduğunu bəhanə elədi və dedi ki, evə çatan kimi yatacam. Getdi və mən həmin söhbəti unutdum. Sonralar heç vaxt bu barədə danışmadıq. Ölüm haqqında fikirləşmək belə istəmirdik.

Onun bu cür qəmli vaxtını çox az görmüşəm. Təbiətən nikbin adam olduğundan, onunla görüşəndə adam özünü daha yaxşı hiss edirdi.

Amma onu sevinən vaxt görmək daha maraqlı idi. Ən çox sevindiyini oğlu Vüqarın toyunda görmüşəm. Elə bil dünyanı ona bağışlamışdılar. Demək olar ki, bütün televiziya işçiləri ordaydılar, çoxlu artist dəvət eləmişdi. Oxuyan kim, oynayan kim, zarafat eləyən kim... Çox maraqlı bir gecə idi.

Əməkdar incəsənət xadimi adı alanda da çox sevinmişdi. Çəkdiyi tamaşa ürəyincə olanda da, çoxlu tamaşaçı məktubu alanda da, yaxşı bir mahnı eşidəndə də, dostları çox kiçik uğur qazananda da sevinirdi. Belə bir sağlam və üzügülər adam gərək çox yaşayaydı.

Son vaxtlar şərtləşmişdik ki, bir vaxt tapıb Aydın Qurbanoğlugilə baş çəkək. Vədələşdiyimiz vaxt Aydının işi oldu və təxirə saldıq. Nə biləydik ki, əcəl fürsət gözləyir və üçümüzün görüşü baş tutmayacaq. Sonralar mən birneçə dəfə Aydıngilə getmək istədim, amma Tariyeli xatırladım və gedə bilmədim.

Onun ən çox xoşuna gələn mahnılardan biri də Ramiz Rövşənin sözlərinə bəstəkar  Mobil Babayevin yazdığı “Bu qatarın dalınca baxma” mahnısı idi. Üç seriyalı tamaşamızın sonunda Flora Kərimovanın ifasında səslənir. İlk misrası belədir: “Məni aldı səndən, getdi bu qatar”. İndi elə bilirəm ki, bunu Tariyel oxuyur. Lakin onu bu dəfə qatar yox, ölüm aparmışdır. Qatar nədir ki? Gülnar kimi stop-kranı basıb qatarı saxlaya bilərsən. Yaxud getdiyin yerdən elə həmin qatarla geri qayıda bilərsən. Amma...ölüm birdəfəlik aparır.

 

Tariyel bir ildir ki, aramızda yoxdur.

Balaları atalarını itiriblər.

Nəvələri babalarını itiriblər.

Mən bir dost itirmişəm.

Xalqımız görkəmli bir rejissor itirib.

Ruhu şad olsun!

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 20 aprel.- S.23.