“O qədər ifasını bəyənmədiyim, qulaq asa bilmədiyim müğənni var ki...”  

 

BƏSTƏKAR AYGÜN SƏMƏDZADƏ: “SON VAXTLAR İNSANLARIN NİYƏ EYNİ TİPLİ, MELODİK XƏTLƏRDƏN UZAQ MAHNILARA ÜSTÜNLÜK VERMƏSİYLƏ MARAQLANIRAM” 

 

 – Aygün xanım, müsahibələrinizin birində demisiniz ki, “Bakı haqqında nağıl” indiki Bakı üçün yazılmayıb. Bəs son mahnılarınızdan biri olan “Bakım” (Elvin Rəcəbov) mahnısı hansı Bakı haqqındadır?

– Bakı mənim üçün cazibə nöqtəsidir. Çox insandan “haralısan” soruşanda sanki kompleks yaranır, acıqlarına gəlir. Düzdür, Vətənimiz Azərbaycandır, amma, məncə, insan doğulduğu yerdən başlamalıdır Vətəni sevməyə və yaşadıgı yeri də doğulduğu yer qədər sevməlidir. Mənim üçün də Bakı hər baxımdan doğmadır. Xatirələrimdə olan Bakı tamam başqadır. Əvvəllər yaşlı insanlar söhbət edəndə deyirdilər ki, bizim vaxtımızda Bakı elə olub, belə olub... Həmişə bunu eşidəndə gülürdüm ki, bu yalnız yaşla, həyata baxışın dəyişməsiylə bağlıdır. Amma bizim dövr, sözün əsl mənasında Bakını tam dəyişdi, keçmişlə bağlı bir çox körpülər qırıldı. Şəhərimizin bir çox əraziləri gündən-günə gözəlləşir, abadlaşır, bunları görməmək və ya görüb deməmək olmaz. Amma insanların davranışı, mədəni səviyyəsi daha yaxşını arzulamağa vadar edir. Şəhər mədəniyyətini kənd qanunlarına tabe eləmək olmaz. Şəhərdə şəhərli kimi davranmaq lazımdır. Bütün bunlar düzələnə qədər mahnılarımı içimdə qoruduğum Bakıya yazacağam yəqin.

– Siz həm də, Bakı Musiqi Akademiyasında dərs deyirsiz...

– Avropa ölkələrinin musiqi tarixi və musiqi tənqidindən dərs deyirəm..

– Musiqi tənqidinə tələbələriniz həvəslidirlərmi? Azərbaycanda musiqi tənqidçisi olmaq kimi bir istəkləri varmı?

– Mən tələbələrə də deyirəm ki, bizdə musiqi tənqidçisi kimi formalaşmaq çətindir. Çünki Azərbaycan mühiti, insanların bir-birinə münasibəti fərqlidir. Sağlam tənqidi çox vaxt təhqir kimi qəbul edə bilərlər və yaxud təhqir edib onu tənqid kimi qələmə verə bilərlər. Yəni sərhədlər itib, insanlarda “üz üzdən utanar” psixologiyası daha dərindir. Heç kəs “dost”, “qardaş”, “yaxşı oğlan” münasibətində olduğu musiqiçini, zəif ifasına görə tənqid etmir. Musiqi tənqidi də elədir ki,  gərək obyektiv olasan, eyni zamanda həm o musiqi mühitinin içində olmalısan, həm də sənin o musiqi mühitiylə əlaqən olmamalıdır ki, onu tənqid edə biləsən. Məsələn, ixtisasca həm də musiqişünas, tənqidçiyəm, amma bu dəqiqə heç kimi tənqid eləmərəm. Əslində, deməyə sözüm çoxdur. Amma özüm də bu sahədə çalışdığım üçün mənim dediklərimi obyektiv qəbul etməyəcəklər. Bu gün Azərbaycan estradasında 90 faiz mahnıları bəyənmirəm. Ona görə yox ki, mən onlardan yaxşı yazıram, özüm haqqında yüksək fikirdəyəm. Sadəcə, mənim aldığım musiqi tərbiyəsi başqadır. İndi mən bunu hardasa desəm,deyəcəklər Aygün Səmədzadə qərəzlidir. Bir- iki dəfə olub ki, hansısa müğənniyə “sən bu mahnını oxuma, filan xalq mahnısı sənin üçün deyil”, ya da “xalq və klassik mahnılarımız da digər sənət abidələrimiz kimi  toxunulmazdır, onları hər kim gəldi  oxuya bilməz” – demişəm.

– Dediklərinizi normal qarşılayırlar?

– Əlbəttə ki, yox. İnsanlarda kompleks var. Mən bunu çıxıb efirdə desəm, qalmaqal yaranacaq, o da cavab verəcək. Məncə özünə hörmət edən insan istəməz ki, bəzi sözləri kütlə də eşitsin. Ümumiyyətlə, bir-birinə üzbəüz deyə biləcəkləri iradları efir vasitəsilə söyləyən adamlara heç hörmət eləmirəm. Efirdən pozitiv gəlməlidir, neqativ yox, mərhəmət hissi aşılanmalıdır, savad, sənət görünməlidir. Bizdə isə ya mügənniləri vuruşdururlar, ya da küçə adamlarını. Bu da xoruz döyüşlərinə bənzəyir.

– Sizin daha çox işlədiyiniz müğənnilər də qalmaqaldan uzaqdırlar...

– Azərbaycan estradasının sözün yaxşı mənasında, üzdə olan müğənnilərinin hər birinin səsi var mahnılarımda. Amma iş prosesində həmişə mən şəxsi münasibətə üstünlük verirəm, yəni insanın davranışı, ünsiyyəti, səmimiyyəti mənim üçün ön plandadır.  Düzdür, səs birincidir, amma o səsin arxasında bəstəkara, şairə hörmət durmursa, mən onunla işləmirəm. Elə müğənnilər olub və mən də eyni mahnını başqa müğənniyə oxutmuşam.

– Mahnını müğənniyə verib, sonra aldığınız hallar çox olub?

– Bir çox bəstəkarların mahnılarıyla bağlı belə hallar baş verir. Görünür mənim mahnılarım daha çox yadda qalır ki, müzakirə olunur. (gülür)

Bir də ki, Azərbaycanda  elə bir ifaçı yoxdur ki, o mahnının bütün hüquqlarını əldə edəcək qədər məbləğ ödəsin. Mahnı mənim olduğu üçün ürəyim istədiyi müğənniyə verə bilərəm. Bəzi mahnılarım var ki, müğənninin ifası xoşuma gəlməyib, ondan sonra ona mahnı verməmişəm. İfa xoşuma gəlməsə mahnını başqasına verə bilərəm. Hələ planda belə mahnılar çoxdur (gülür).

– Bəs qarşı tərəfin narazıçılığı nə tərzdə olur?

– O səsin mənim üçün əhəmiyyəti yoxdursa, onun dedikləri də önəmli deyil.

– Öz bəstələrinizə qulaq asırsınız?

– Mahnı lentə alındıqdan sonra, ürəyimcədirsə, bəli.

– Kimə qulaq asırsınız?

  Ən çox maşında gedə-gedə radioya qulaq asıram. Bəyəndiyim ifanı tapana kimi dalğaları dəyişirəm.  O qədər ifasını bəyənmədiyim, qulaq asa bilmədiyim müğənni var ki, yolun 15 dəqiqəsini mahnıları dəyişməyə sərf edirəm. Klassik musiqi, caz, muğam, retro-estrada ...ümumiyyətlə hər saatın öz əhvalı,hər əhvalın da öz musiqisi var. Bir də ki, indi nəyə qulaq asmağım vacib deyil. Əsas odur ki,vaxtında dinləmişəm lazımi informasiyanı. Bilirsiz, körpə doğulandan hər ana imkan daxilində onun normal vitamin balansını təmin etməyə çalışır. Çünki sağlam görmək istəyir övladını. Yaxşı musiqi də şüurun, zövqün formalaşmasında rol oynayan vitamindi, ya vaxtında almalısan, ya da böyüyəndə çoooox böyük dozalarda... Mənimçün bu A.İslamzadə, B.Dadaşova, Z.Xanlarova, H.Hüseynov, N.Qasımova, R.Behbudov, M.Babayev, Ş.Ələkbərova, R.Muradova, V.Mustafazadə, S.Aksu, A.Pekan, Ququş, A. Puqaçova, X.İqlesias, D.Russos, Stinq, ABBA... Və şübhəsiz ki, klassik Avropa və Azərbaycan musiqi olub.

– Mahnılarınızda bəzən sizin ifanızı da eşidirik. Həmin ifaların sayını artırmağı fikirləşirsinizmi?

– Mən iki teatr tamaşasında rejissorların məsləhətiylə ifa etmişəm. “Qatil” və “Yad qadının məktubları” – hər iki tamaşadakı ifam hələ də səsləndirilir. “Qatil” tamaşasında oxuduğum mahnını bizim müğənnilər dəfələrlə məndən istəyiblər, verməmişəm. Teatr musiqisi başqadır, onu konsert ifası kimi oxumaq olmaz. Bir neçə mahnı da var ifamda, yəqin ki davamı olacaq.

– Ziyad Səmədzadənin qızı olmaq sizdə siyasətə maraq yaradırmı?

– (gülür) Ziyad Səmədzadənin qızı olmaq məndə musiqiyə maraq yaradıb. Çünki atam gözəl musiqiçidi. Mahnılarımın ifasında istədiyim nizam-intizam anamdan, həssaslığımsa atamdan gəlir. O ki qaldı siyasətə, bir azərbaycanlı kimi məni Azərbaycanın xarici siyasəti və mədəni siyasəti maraqlandıra bilər.

– Övladlarınız hansı peşəylə məşğuldurlar?

– Oğlum iqtisadçıdır. Qızım mədəniyyətşünas.

– Aygün xanım, son dövrlərdə mahnı mətnlərində bayağılaşma, musiqilərdə standartlaşma, eyniləşmə baş verir. Elə mahnılar yaranır ki, heç üslubunu, janrını təyin etmək olur. Kütləvi şəkildə başlayan bu xaos nəylə bağlıdır?

– Yəqin, bu qloballaşmayla bağlıdır. Son vaxtlar insanların niyə eyni tipli, melodik xətlərdən uzaq mahnılara üstünlük verməsiylə maraqlanıram. Düşünürəm ki, insanların yaşam tərzi necə sürətlənibsə, musiqi də elə xırdalanıb. İnsanlar necə danışırsa, necə geyinirlərsə elə də musiqiyə qulaq asırlar. Bu təəccüblü deyil. İnformasiya çıxışları, əyləncə kanalları çoxdursa elə də olmalıdır. Əvvəllər bir telekanal vardı, o da dövlətə bağlıydı. İndi hamı şikayət edir ki, bu müğənnilər hardan yaranır. Amma elə həmin müğənnilərə mahnı yazan, şeir yazan, efirlərə, toylarına çağıran, pul verən də elə şikayət edənlərdi... Bu zövqünün formalaşmasında təhlükəlidir, amma biz ondan da təhlükəli problemlərin əhatəsindəyik. Nə qədər savadsız müəllimlər, savadsız həkimlər var... Bu dəqiqə bir iynə vurub insanları öldürə biləcək həkimlər “yetişdirmişik”. Musiqi zövqü korlayır, amma bu biri sahədə  insanların savadı, həyatı təhlükədədir. Müəllimlərin savadı yüksək olsa, musiqi fənni ən aşağı fənn hesab olunmasa müəyyən zövq formalaşar. İlk sinifdən dünya musiqisiylə tanış olmağa başlayarsa, o böyüyəndə maşınlarda səslənən, insan səsinə oxşamayan ifalara qulaq asmaz. O mahnılara qulaq asan insanları müalicə etmək lazımdır.

  Bəs dərs dediyiniz tələbələrin savadlarından, dünyagörüşlərindən razısınızmı?

– Hərdən çox savadlı, maraqlı tələbəylə, hərdən də, ən primitiv bir şeyi bilməyənlə rastlaşırıq. Əvvəllər bir tələbənin primitiv cavabını başqa tələbəyə deyəndə o gülürdü, indiysə gülmür, çünki o özü də bunu bilmir. Əksəriyyət kitab oxumur, mütaliə sıfırdır.

– Avropada tez-tez olursunuz, orda insanların musiqiyə yanaşmalarıyla bizim aramızda fərq çoxdur?

– Azərbaycanda gözəl musiqi festivalları, konsertlər, simpoziumlar keçirilir, bəlkə də Avropa ölkələrindən daha çox keçirilir. Musiqinin istənilən sahəsində yüksək səviyyəli ifaçılarımız var. Onlar sözün əsl mənasında bütün dünyanı heyran qoyurlar. Bizdə kübar mədəniyyət tərəf öz işini görür. Fərqlər,sadəcə, dinləyicilər arasındadır. Bizim ana musiqimiz başqadır, muğamdır, aşıq musiqisidi. Klassikanı, cazı, muğamı, estradanı sevən dinləyicilər fərqlidirlər. Bu fərqi musiqi təhsili və musiqi tərbiyəsi yaradır, insanı formalaşdıran mühit yaradır. Ona görə hər kəs öz sevdiyi və anladığı musiqiyə qulaq asmalıdır. Heç kəs özünü nəyəsə qulaq asmağa məcbur etməməlidir. Dəbli görünmək xatirinə caza qulaq asmazlar, operaya getməzlər. Çünki bu səhnədə olan ifaçıya da pis təsir edir, çünki həmin dinləyicilərdən neqativ enerji alır. Bəzən simfonik musiqilərdə zalı doldurmaq üçün həmin musiqidən xəbəri olmayanları yığırlar ora və bu çox pis mənzərədir. Avropa dinləyicisi ilə fərqimiz budur. Avropada konsertə getmək  xüsusi təmtəraq deyil, bu onların həyat tərzidir.

– Aygün xanım, plagiatçılıqla yəqin ki çox rastlaşırsınız. Ermənilərin bizim mahnıları oğurlamaları da artıq adiləşib. Bəs yerli bəstəkarlar, müğənnilər sizin musiqilərdən bəhrələndiyi hallar olubmu?

– Əslində heç kəs heç nə kəşf etmir, dünyanin musiqisi lap çoxdan yazılıb.  Sadəcə musiqini yazanda bacardığın qədər digərlərinə oxşatmamalısan.  Yerli müğənnilərə qulaq asıb öz musiqimə bənzədiyini görəndə əsəbləşirəm. Təkcə özümü demirəm.  Çox bəstəkarlarımızın musiqilərini oğurlayıb yeni mahnı yazırlar, yeni mahnılar tanınır, köhnə mahnılar “arxivə” gedir. Bir dəfə mən müğənnilərdən birinə dedim ki, sənin yeni mahnı kimi oxuduğun  mahnı Elza İbrahimovanın məşhur  mahnısıdır. Dedi ki, mən heç onu tanımıram... Təkcə musiqini yox, mahnının mövzusunu, klipin süjetini oğurlayırlar. Onlar bilirlər hansı mahnıları oğurlayırlar. Bizimkilər də oğurlayırlar da əcnəbi müğənnilərdən. Amma mənim fikrimcə mahnı və ideya oğrusuyla, məişət oğrusunun heç bir fərqi yoxdu və onlar eyni şəkildə cəzalanmalıdı.

– Xarici ölkələrdən təklif alırsınızmı?

– Maraqlı təkliflər olub və var. Bir neçəsi artıq reallaşmaq üzrədir.

– Azərbaycanda serial və film musiqisi hansı səviyyədədir?

– Mən “Əlavə təsir” filminə, “Sirr” serialına musiqi yazmışam. Və hər iki əsərin yaradıcı heyətilə maraqlı, gözəl təəssüratlarla dolu iş birliyimiz olub. Yaxşı filmin, serialın musiqisi tez yadda qalır. Ona görə bu sahəyə barmaqarası baxmaq olmaz. Filmə yaxşı musiqi yazmaq azdır, onun ifasını yüksək keyfiyyətdə təmin etmək, səsləndirmək vacib şərtlərdəndir. Bunlar yoxdursa ad xatirinə işləməyə dəyməz. Bir də yaxşı nəticə üçün stimul olmalıdır. Yaradıcı heyətin qonorarı da layiqincə ödənməlidir.

– Ssenarini oxuyub musiqini sonra bəstələyirsiz?

– Hə, “Sirr” serialının da ssenarisini oxuduqdan sonra musiqini bəstələdim. Hətta Ülviyyə Könül təəccüblənmişdi ki, çəkilişləri görmədən musiqini necə bu qədər dəqiq yazmışam.

– Şərtlərdən biri də işlədiyiniz adamın kimliyidir yəqin....

– Mən Elxan Cəfərovla işləmişəm “Əlavə təsir” filmində və onun dərin musiqi duyumuna, musiqi savadına, bərabər çalışdığı kollektivə münasibətinə vəən əsası təvazökarlıgına heyran  qalmışam. “Qatil”də Mehriban Ələkbərzadəylə çalışmışam və düşünürəm ki, o, kimdən nə istədiyini bilən və istədiklərini bəstəkardan peşəkarcasına almaq qabiliyyəti olan ən güclü rejissorlardan biridi.

– Aygün xanım, Azərbaycan musiqisində insanın ruhunu sakitləşdirə biləcək, düşündürəcək musiqilər yazan bəstəkarlar çox azdır. Məncə, müasir musiqimizdə siz bu mənada birincilərdənsiz. Klassik ənənələri özünüzə tərz şəkildə musiqidə hiss elətdirirsiz. Maraqlıdır, dünya klassiklərindən daha çox kimi ideal olaraq görürsünüz?

– Məni tərifləyə bilərsiz, hamı kimi mən də tərifi sevirəm. Amma arxalandığımız böyük bəstəkarlıq məktəbi var. Nəhəng adlar siyahısı var. Bunları dərk edən kəs nə birincilik iddiasında olar, nə də sonuncu olmaq fikrində. Ürəyim istəyəndə yazıram, kiminsə, nəyinsə xatirinə yox. Özüm üçün yazıram, real həyatda olmasa da, öz dünyamda rahatam və musiqimdə bu hiss olunursa,  deməli özümü ifadə edə bilirəm hələ ki... Klassiklərə gəldikdə isə demək istərdim ki, onlar haqlarında fikir söylənilə biləcək mərhələni aşdıqlarına görə klassikdirlər və hər birinin musiqi dünyamda öz yeri var. Amma deyim: İ.Brams, Q.Maler, M.Ravel, K.Debüssi çox dinlədiyim bəstəkarlardır. Müqəddəs musiqi məbədimiz Ü.Hacıbəyov və onun yaratdığı Azərbaycan Bəstəkarlıq məktəbi, Q.Qarayevin “Alban rapsodiyasını” “Don-Kixot“ simfonik qravürlərini sevirəm, F.Əmirovun “Kürd-Ovşarı”nın sehrindən çıxa bilmirəm. A.Məlikovun kino musiqisini sevirəm, A.Əlizadə musiqisinə münasibətim doğmadı, müəllimim olub həm də... Və s... Düşünürəm ki, əslində bu gün heç nə yazılmasaydı belə, R.Hacıyev, T.Quliyev, C.Cahangirov, V.Adıgözəlov, E.Sabitoglu, Ə.Tağıyev, E.İbrahimova  və adlarını həyəcandan unutduğum neçə bəstəkarın yaratdıqları 100 illiklərə kifayət edərdi. Yəni mahnı qıtlıgı olmazdı, təki onları normal ifa edən mügənnilərin sayı da çox olsun!..

– Hər bir insanın həyatında bir musiqi olur və sanki onun bütün həyatının fonunda o mahnı səslənir. Sizin həyatınızda belə musiqi varmı?

– Mənim həyatımın yox, həyatımın hər dəqiqəsinin öz musiqisi var, yığıb-yığışdıra bilmirəm (gülür).

 

 

Pərviz SADIQOV

 

525-ci qəzet.- 2013.- 20 aprel.- S.20-21.