Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(davamı)
Müttəfiqlər
Şimali Afrikada sahilə çıxdılar,
Çörçill və Ruzvelt arasında yeni bir
görüş baş verdi. Görüş 1943-cü ilin yanvarında Kasablankada
keçirildi. Stalin Moskvada qalmağın
vacib olduğunu əsas götürərək konfransda
iştirak etmədi. Ruzvelt və
Çörçill müttəfiqlərin
qoşunlarının 1943-cü ilin iyulunda Siciliyada sahilə
çıxarılmasına razılaşdılar. Bu plan yalnız Çörçillə xoş gəlirdi,
onun xeyrinə idi. Ruzvelt İtaliya, Yaponiya
və Almaniyanın danışıqsız təslim
olmasını və ideologiyanın məhv edilməsini tələb
etdi. Bu ideologiya ilə digər xalqların
işğal və qul edilməsi məqsədindən irəli
gəlirdi. Beləliklə, müttəfiqlər
hansısa bir alman hökuməti ilə, hətta Hitler devrilsə
belə, barışıq imkanını istisna etdilər.
Çörçillin
uzun müddətli səfəri, bura Tripoli və Əlcəzair
daxil idi, onu sətəlcəmlə
xəstələndirdi. May ayında o, yenidən
Vaşinqtonda idi, avqustda isə Kvebekdə oldu, burada o,
“Overlord” planı üzərində işləyirdi, bu
La-Manşı keçməklə hücum demək idi. Eşidəndə ki, amerikanlar 1944-cü ildə
Birmaya müdaxilə planlaşdırırlar, o, qorxdu ki, birləşmiş
resurslar “Overlordun” uğurlu olması üçün adekvat
olmayacaqdır. 1943-cü ilin noyabrında
Qahirədə o, Ruzveltlə Aralıq dənizindəki
sonrakı hücumların prioritet əhəmiyyət
daşıdığını sübut edirdi.
28 noyabr – 1 dekabr 1943-cü ildə Tehranda SSRİ,
Böyük Britaniya və ABŞ hökumət
başçılarının konfransı keçirildi. Burada Almaniyaya
qarşı müharibədə birgə hərəkətlər
etmək və müharibədən sonrakı əməkdaşlıq
məsələləri müzakirə edildi.
Tehranda “böyük üçlüyün” ilk
görüşündə Çörçill Ruzveltin birləşmiş
ingilis-amerikan cəbhəsinə tərəfdarlığını
saxlamaqda uğursuzluğa düçar oldu. Ruzvelt Stalinlə
özəl qaydada məsləhətləşməsinə
baxmayaraq, Çörçillə təklikdə
görüşməkdən imtina edirdi. Onların
bütün dostluğu ilə yanaşı, burada həmçinin
iki Qərb liderinin arasında rəqabət elementi də var
idi və Stalin bundan məharətlə istifadə edirdi.
Ümumiyyətlə Stalin bolşevizmə nifrətinə,
inqilabi Rusiyaya müdaxilənin təşəbbüskarı
olduğuna görə Çörçillə o qədər
də loyal münasibət bəsləmirdi və daim onu
cırnatmağa səy göstərirdi. Tehran
konfransında Ruzveltlə daha yaxşı münasibət quran
Stalin Çörçilli hövsələdən
çıxartmaq imkanını da əldən
buraxmırdı. Baxmayaraq ki,
Çörçill sovet ordusunun Stalinqraddakı böyük
qələbəsinə görə kralın hədiyyəsi
olan qılıncı ona təntənəli şəraitdə
təqdim etmişdi və xoş sözlər söyləmişdi,
Stalin yenə də ona sataşmaqdan əl çəkmirdi.
Sovet səfirliyində Stalin iki dövlət rəhbərinin
şərəfinə ziyafət verdikdə, birdən bəyan
etdi ki, Almaniyanı tam sülh şəraitinə qaytarmaq
üçün qələbədən sonra 50 min yüksək
rütbəli alman hərbi cinayətkarını güllələmək
kifayət edəcəkdir. Çörçill
buna öz etirazını bildirdi ki, məhkəməsiz
heç kəsi cəzalandırmaq, güllələmək
olmaz. Bu ədalətə ziddir və
ingilislər bununla heç cür razılaşmazlar. Stalin yenə öz təklifində israr etdi. Çörçill bildirdi ki, o, buna razılıq
verə bilməz, çünki parlament qarşısında məsuliyyət
daşıyır. Bu vaxt Ruzvelt söhbətə
qarışıb, Çörçilli hiddətləndirmək
üçün istehza şəklində bildirdi ki, 50 min yox,
49 min alman hərbi xadimini güllələmək kifayətdir.
Bu vaxt Çörçill bildirdi ki,
özünün güllələnməsinə razı olar,
ancaq belə ədalətsizliyə razılıq verməz.
O, incik halda zalı tərk edib, qonşu otağa keçdi,
bura isə qaranlıq idi. Az sonra kiminsə
əlinin çiyninə dəydiyini hiss etdi, bu SSRİ-nin
xarici işlər naziri V.M.Molotov idi. Sonra Stalin də ona
yaxınlaşıb bunun zarafat olduğunu dedi və onu ziyafət
süfrəsinin arxasına qaytardı. Çörçill
bu hadisəni özünün məşhur fundamental əsəri
olan “İkinci Dünya müharibəsi” kitabında təsvir
etmişdir.
Tehran konfransında Avropanın cənubuna müttəfiqlərin
hücum yürüşü barədəki təklif məsələsində
də Çörçill təklikdə qaldı. Bu səfərdən
də o, sətəlcəmlə qayıtdı. Sağalma tez getsə də, o, yalnız 1944-cü
ilin yanvarında tam sağaldı. May
ayında o, təklif etdi ki, D-Day (desant günü) hücumunu
döyüş kreyserindən müşahidə etsin. Yalnız şəxsən kral onu bundan çəkindirə
bildi.
Hərbi uğurlar Çörçillin siyasi məşğulluğa
heç də biganə qalması demək deyildi. 1944-cü ilin
sentyabrındakı Kvebek konfransından sonra o, Moskvaya
uçdu ki, Rusiyanı və Polşanı
barışdırmağa cəhd etsin və Balkanlarda nüfuz
sferalarının bölünməsini
razılaşdırsın. Yunanıstanda
o, Britaniya qüvvələrini kommunistlərin hakimiyyətə
gəlməsinə mane olmaq üçün istifadə etdi və
Milad bayramında Afinaya uçdu ki, məsələnin həllinə
kömək etsin.
1945-ci ilin 4-11 fevralında Yaltada Krım konfransı
keçiriləndə Uzaq Şərq məsələsi həll
olundu, bununla yalnız Ruzvelt və Stalin razılaşdı,
Çörçill isə müdaxilə etmədi. O, polyakları müdafiə
etmək üçün döyüşürdü, lakin
gördü ki, Sovetləri öz vədlərini yerinə
yetirməyə məcbur etməyin heç bir yolu yoxdur. Sonra o, Birləşmiş Ştatlardan xahiş etdi
ki, Rusiya ordusu girməmişdən əvvəl müttəfiq
qüvvələrinin nə qədər mümkünsə o qədər
Şərqi Avropaya girməsinə icazə versin,
çünki alman hakimiyyəti oranı tərk etdikdən
sonra ruslar vakuumu dolduracaqlar. Lakin o, nə
Ruzvelti, nə sonralar Trumeni, nə də onların
generallarını öz nöqteyi-nəzərinə
inandıra bilmədi. Krım konfransının
rəsmi məlumatında qeyd olundu ki, “natsist Almaniyası məhvə
məhkumdur”.
12 aprel
1945-ci ildə natsist Almaniyası üzərindəki qələbənin
kandarına çatılmış və militarist Yaponiya
üzərində isə yaxınlaşan qələbənin
müəlliflərindən biri, hərbi və maddi yardımı
ilə həm Britaniyaya, həm də SSRİ-yə
böyük kömək göstərmiş ABŞ prezidenti
Franklin D.Ruzvelt vəfat etdi. Müharibə dövrünün
ağırlığı və aramsız iş onun səhhətini
pozmuşdu və artıq Yalta konfransında onun taqətdən
düşdüyü hiss olunurdu. Ruzvelt erası
“izolyasionizmdən” faşizm üzərində qələbəyə
qədər uzanmışdı.
Hələ 1944-cü ildə qələbə perspektivi
aydın görünəndə İngiltərədə
partiyaların siyasi fəallığı xeyli canlandı və
1945-ci ilin mayında müharibə dövründə
koalisiyada olmuş bütün partiyalar vaxtından əvvəl
seçki keçirilməsi istəklərini bildirdilər. Çörçill
isə koalisiyanın ən azı Yaponiyanın məğlubiyyətinə
qədər davam etməsini istəyirdi. Leyboristlər
öz müstəqilliklərini təzələmək istəyirdilər.
Çörçill qələbənin populyar
arxitektoru kimi məğlubedilməz tək
görünürdü, lakin o, seçki kampaniyasını
aparanda özünü özünün ən pis düşməni
kimi göstərdi. Biverbrukun dediyi kimi, o,
Leyborist partiyasının qələbəsinin dəhşətli
bir nəticə olacağı barədə qeyri-adi peyğəmbərliyə
girişdi və özünü bütünlüklə
mühafizəkar kimi göstərdi. Onun
seçki kampaniyasına həsr olunmuş turları zəfər
qaydasında inkişaf edirdi, lakin o, partiya lideri deyil,
müharibə lideri idi, onu camaat, adətən,
alqışlarla qarşılayırdı. Leyborist partiyasının isə ehtiyatlı, lakin
geniş iqtisadi və sosial islahat proqramı milli rəğbəti
qazanmaq yarışında, Çörçillin parlaq
çıxışlarından daha təsirli idi. Seçkilərdə onun partiyasının
mövqeyi parlamentdəki ümumi 640 yerdən 213 yeri tutmaqla nəticələndi.
Platon yazır ki, “İnsanlar öz bədbəxtliklərində
taleyi, allahları və özlərindən başqa istənilən
hər şeyi günahlandırmağa meyl edirlər”. Çörçill də bu qaydadan kənara
çıxmırdı.
Alman faşizmi üzərində qələbə
miqyasına görə müqayisə edilməz idi. Çörçillin
bəlkə də buna hamıdan çox sevinməyə
haqqı var idi. Lakin o, bədbin hisslər
də yaşayırdı. Müharibə başa
çatanda Çörçill yazmışdı: “İndi
Avropa nədir? Qaraguruh yığını, qəbir, zəhəri
çoxalan və kinli torpaq”.
Millət tərəfindən inkarolunma
Çörçillə ağır təsir göstərdi. Markiz Astolf de
Kyustin yaxşı demişdi ki, “Tarix tərifli söz deyildir
və ən böyük kişiləri də kamil kimi təqdim
etmir”. Çörçill öz üzərinə
parlament müxalifətinin lideri rolunu götürməli oldu.
O, heç vaxt Vətənində bütünlüklə bu
rolda olmamışdı. Daxili siyasətdə
aparıcı rol oynayan iqtisadi və sosial məsələlər
heç də onun maraqlarının mərkəzində
deyildi. Öz imperial baxışına
görə Hindistana və Birmaya müstəqillik verməkdə
gözə çarpan, özünün “kömür vedrəsi”
adlandırdığı leyborist siyasətini bəyənə
bilərdi. Lakin xarici siyasətdə
nöqteyi-nəzərlərə görə skamyalar
arasında geniş fərqlər var idi və bu,
Çörçillin əvvəldən özünü həsr
etdiyi bir sfera idi.
5 mart
1946-cı ildə Çörçill ABŞ-da, Missuri
ştatındakı Fultondakı universitetdə prezident Trumenin
iştirakı ilə çıxış edərkən
müharibədən sonrakı dünyaya baxışın iki
mərkəzi mövzusuna toxundu: Sovet kommunizminin təhlükəsinə
qarşı sülhün mühafizəçiləri kimi
Britaniyanın və Birləşmiş Ştatların birliyinə
olan ehtiyac barədə danışdı, bu, Avropanın sifətini
çarpaz qaydada bürümüş “dəmir pərdəni”
aradan götürməlidir.
Fultondakı çıxışında o, “dəmir pərdənin”
azad dünyanı kommunist imperiyasından
ayırdığını iddia edirdi. Çörçill
SSRİ-ni “müharibənin bəhrələrindən” istifadə
etmək və öz qüdrətinin və doktrinasının
qeyri-məhdud qaydada yayılması imkanını əldə
etmək arzusuna görə ittiham edirdi. SSRİ-nin
ekspansiyası və onun özünə yeni müttəfiqlər
cəlb etmək cəhdləri barədə
Çörçillin ideoloji postulatlarından Qərb “soyuq
müharibənin” məqsədləri üçün istifadə
edirdi.
1941-ci ildə
Uinston Çörçill demişdi: “Mən Əlahəzrətin
baş naziri ona görə olmamışam ki, Britaniya
imperiyasının ləğvinə başçılıq
edim”. 1946-cı ilin martında isə amerikan auditoriyası
qarşısında çıxış edən
keçmiş Britaniya baş naziri bəyan etmişdi ki,
bütün qitə boyu “dəmir pərdə”
salınmışdır, Almaniya və Avropa iki düşmən
cəbhəyə bölmüşdür. Stalin
Çörçillin çıxışını “Sovet
İttifaqı ilə müharibəyə
çağırış” kimi qiymətləndirdi. Bu sözlərdən yalnız bir neçə ay
sonra dünya yenidən daha acı şəkildə
bölünmüş kimi görünürdü. Belə bir fikir yaranırdı ki, görəsən
Qərb sivilizasiyasının XX əsr böhranı heç
vaxt qurtarmayacaqdırmı?
Fultonda Çörçill
demişdi:
“Baltik dənizi üstündəki Ştettindən
Adriatik dənizi üstündəki Triestədək qitə
üzərinə dəmir pərdə çəkilmişdir. Xəttin
arxasında Mərkəzi və Şərqi Avropa dövlətləri
qalmışdır, onların əhalisi sovet sferasına
düşmüşdür. Bu, təkcə
sovet təsiri deyildir, çox yüksək və artan dərəcədə
Moskvanın nəzarəti deməkdir”.
Çıxışının daha təsirli olması
üçün o, boyaları tündləşdirməkdən
də çəkinmirdi. Əlavə etmişdi ki, “Avropanın on qədim
paytaxtı indi “dəmir pərdə” arxasındadır. Qitənin böyük hissəsi
asılılıqdadır. Onlar natsizmdən
yalnız ona görə yaxa qurtardılar ki, kommunizmin
ifratçılığı altına düşsünlər”.
Hitlerin və onun dostlarının gətirdiyi alman irqi nəzəriyyəsi
belə bir nəticəyə gəlirdi ki, yalnız tam
yararlı millət olan almanlar digər bütün xalqlar
üzərində ağalıq etməli, onları idarə
etməlidir. Çörçillin irəli sürdüyü
ingilis irqi nəzəriyyəsi isə belə bir nəticəyə
gəlirdi ki, ingilis dilində danışan millətlər tam
yararlı millətlər olmaqla, dünyanın qalan digər
xalqları üzərində ağalıq etməli, onları
idarə etməlidir. Eyni
qızğınlıqla o, Avropa birliyinin tərəfdarı
kimi çıxış edirdi.
Altı ay sonra, 19 sentyabr 1946-cı ildə isə
İsveçrədəki Sürixdə o, “Avropa
Şurasının” yaradılmasının vacibliyini sübut
edirdi və özü 1949-cu ildə Şuranın Strasburqda
keçirilən ilk yığıncağına gəldi. Özəl həyatında
bu vaxt o, böyük tarixi əsəri olan altı cildlik
“İkinci Dünya müharibəsi” kitabını
yazırdı (1948-1954-cü illər).
1950-ci ilin ümumi seçkilərində
Çörçill şəxsi mandat qazanmaq
üçün uzun müddət gözlədiyi imkandan
istifadə etməli oldu.
Seçki hücumu leyboristləri silkələdi, lakin
onları yenidən hakimiyyətdə saxladı. Bu,
Çörçillin dediyi kimi “daha bir dəfə qalxmaq”
olub, 1951-ci ilin oktyabrında ikinci seçkilərdə
onları məğlubiyyətə apardı. İranda
Britaniya neft şirkətinin özəlləşdirildiyinə görə orada yaranan
böhran üçün hökumətə təzyiq göstərilirdi.
Mühafizəkarlar 26 səs çoxluğu ilə yenidən
qayıtdılar və Çörçill ikinci dəfə
baş nazir oldu. Onun təşkil etdiyi hökumətdə
liberal mühafizəkarlar üstünlüyə malik idi.
Entoni İden xarici işlər naziri oldu.
Yerli leyboristlər və administrasiyadakı
döyüşlər Çörçillin maraq dairəsindən
uzaq idi. O,
artıq qoca idi, qüvvəsini xarici işlər, sülh və
müharibə məsələləri üçün qoruyub
saxlayırdı. Britaniya Koreya müharibəsində
iştirak etmədi, diqqətini Almaniyanın yenidən
silahlanmasına yönəltmişdi.
1953-cü
ildə kraliça II Elizabetə tac
qoyulması mərasimi baş verdi. Həmin ili
Çörçill iki müxtəlif mükafat aldı –
Qarter ordeninin sahibi və ədəbiyyat üzrə Nobel
mükafatı laureatı oldu. O, müttəfiq orduların
köhnə baş komandanı Duayt Eyzenhauerin prezident kimi
Ağ Evə gəlməsinə çox sevindi. İden aprel ayında xəstələndikdə
Çörçill xarici işlər naziri vəzifəsini də
öz üzərinə götürdü. 27 iyulda onu insult zərbəsi vurdu və bədəni
müəyyən dərəcədə iflic oldu. Buna baxmayaraq, o, sağala bildi və oktyabrda yenidən
işinə qayıtdı.
(Ardı var)
Orucov Telman
525-ci qəzet.-
2013.- 20 aprel.- S.18.