Tarixçi  Boran Əzizin Türkiyədə yeni kitabı  nəşr edilib

  

Tanınmış tarixçi Boran Əzizin yeni kitabı işıq üzü görüb. Türkiyədə nəşr olunan “Azərbaycanda ermənilərin türk soyqırımı: mart faciəsindən Xocalıya” kitabı alimin davamlı araşdırmalarının, mənbələrin və arxiv sənədlərinin müqayisəli, obyektiv və qərəzsiz təhlilləri nəticəsində ərsəyə gəlib. Əsərdə 20-ci əsr boyunca – 1905-1907, 1918, 1948-1953 və 1988-ci ildən sonra ermənilərin Şimali və Cənubi Azərbaycanda törətdiyi qırğınlardan bəhs olunur. Müəllif sadəcə yazılı qaynaqlardan deyil, rəsmi məlumatlar və canlı şahidlərin verdiyi bilgilərdən də yararlanıb. 

www.kitapyurdu.com qeyd edir ki, əsərin Türkiyə türkçəsinə çevirilməsinin səbəbi Qərb dünyasında daim gündəmdə tutulan qondarma erməni soyqırımı fonunda türk dünyasının bir parçası olan Qarabağda yaşanan vəhşilikləri türk oxucusuna çatdırmaqdır.

Boran Əziz 1954-ci ildə Ağdamın Mərzili kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini Bakı Dövlət Universitetinin aspiranturasını bitirib. Tarix elmləri namizədi, dosentdir. 50-yə yaxın elmi məqalənin, bir neçə kitabın müəllifidir. Əsas tədqiqat sahəsi Azərbaycan tarixinin XIX -XX əsrin əvvəli dövrüdür. Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda ikinci respublikanın qurulması, müstəqil Azərbaycan Respublikasının yaranması inkişafı məsələlərinə xüsusi diqqət yetirir. Tədqiqat işlərində 1920-1991-ci illərdə Azərbaycanda sovet işğalına qarşı mübarizə, ADR dövründə qaçqınlar probleminin həlli, Azərbaycanda milli-azadlıq hərəkatı tarixinin öyrənilməsi digər məsələlər mühüm yer tutur.

 

 

Günel

 

525-ci qəzet.- 2013.- 20 aprel.- S.16.