İsveçdə elm və təhsil: faktların və rəqəmlərin dili
ilə
Şimali Avropada, Skandinaviya
yarımadasında yerləşən İsveç
Krallığı qərbdən Norveç, şimal-şərqdən
Finlandiya və cənub-qərbdən Danimarka ilə həmsərhəddir.
Ölkə 1995-ci ildən Avropa Birliyinin üzvüdür.
Hamı üçün təhsil İsveç təhsil
sisteminin əsas şüarıdır. Ölkədə
hamı pulsuz, yüksək keyfiyyətli təhsil
imkanlarından istifadə etmək hüququna malikdir.
Professor
Misir Mərdanovun dediyinə görə, İsveçdə
1-5 yaş arasındakı uşaqlar üçün pulsuz
bağçalar mövcuddur. Məktəbəqədər təhsil
və məktəb yaşlı uşaqlar üçün
qayğı sistemi isə həm 1-5 yaşlı, həm də
6-12 yaşlı uşaqları əhatə edir.
İsveçdə icbari təhsilə başlamazdan öncə
6 yaşlı uşaqlar 1-illik məktəbəqədər
hazırlıq siniflərinə gedə bilərlər.
Uşaqlar məktəbəqədər siniflərdə daha
erkən yaşlarında təhsil almaq imkanına da malikdir. Məktəbəqədər
siniflərdə illik dərs yükü minimum 525 saat müəyyən
olunub. Məktəbəqədər siniflər dövlət təhsil
sistemi daxilində pulsuz və könüllü təhsil
formasıdır. M.Mərdanov bildirib ki, sözügedən
ölkədə 6 yaşlı uşaqların təxminən
96 faizi məktəbəqədər sinfə cəlb olunub. Məktəbəqədər
sinfin əsas məqsədi məktəbəqədər təhsil
pilləsi ilə icbari təhsil pilləsi arasında əlaqəni
təmin etməkdir. 2008-2009-cu tədris ilinin statistik məlumatlarına
görə, 3843 məktəbəqədər sinifdə 97000-dən
çox uşaq təhsil alıb. Məktəbəqədər
siniflərə getmədən icbari məktəbə daxil
olmaq da mümkündür: “7-16 yaş arasındakı
uşaqlar 9-illik icbari təhsilə cəlb olunur. Ölkədə
bəzən uşaqlar 6 yaşdan (cəmi 2 faiz) icbari məktəblərdə
oxuyur. İcbari təhsili başa vuran gənclərin 90 faizdən
çoxu 3 il davam edən orta təhsilin yuxarı pilləsində
təhsil alırlar. Yuxarı siniflər gimnaziya (gymnasium)
adlandırılır. Gimnaziyanı bitirənlər həm
işləmək imkanı qazanır, həm də ali təhsil
almaq üçün müraciət hüququ əldə edirlər.
İsveçdə mövcud olan məktəbyaşlı
uşaqlar üçün qayğı mərkəzləri
bir sıra özünəməxsus xüsusiyyətləri ilə
fərqlənir. Ailə gündəlik qayğı evləri və
məktəbdənkənar (asudə vaxtın təşkili) mərkəzləri
adı ilə fəaliyyət göstərən bu
qurumların əsas məqsədi uşaqlara asudə
vaxtın mənalı təşkili imkanı yaratmaq və
onların hərtərəfli inkişafına yardım etməkdir”.
M.Mərdanovun
sözlərinə görə, məktəbyaşlı
uşaqlar üçün qayğı mərkəzlərinə
məktəbəqədər siniflərdə və icbari məktəblərdə
oxuyan 12 yaşa qədər uşaqlar cəlb edilir. Bu mərkəzlərin
fəaliyyətinə bələdiyyələr nəzarət
edir. Ölkə üzrə təxminən 330000 uşaq məktəbyaşlı
uşaqlar üçün qayğı ilə əhatə
olunub: “İsveçdə çoxsaylı universitet və
kolleclər mövcuddur. Onlardan ən məşhurları Uppsala
Universiteti, Göteborq Universiteti, Stokholm Universiteti, Lund
Universiteti və Kral Texnologiya
Universitetidir. Avropa Birliyi ölkələri və
İsveçdən olan bütün tələbələr təhsil
haqqından azaddır. Ölkədə yaşlıların təhsilinə
xüsusi diqqət yetirilir. Hər il müvafiq yaş
qrupundakı əhalinin təxminən yarıdan çoxu
yaşlıların təhsili proqramlarına cəlb olunur”.
Məktəbəqədər
təhsil haqda söz açan professor qeyd edib ki, məktəbəqədər
təhsil 1 yaşdan 5 yaşa qədər olan dövrü əhatə
edir. Məktəbəqədər təhsil məktəbəqədər
və açıq məktəbəqədər təhsil
müəssisələrində, eləcə də ailə
gündəlik qayğı evlərində həyata
keçirilir. Məktəbəqədər təhsilin məqsədi
uşaqların hərtərəfli inkişafını və
təlimini təmin etməkdən ibarətdir: “Ölkə
üzrə təxminən 800000-dən artıq uşaq məktəbəqədər
təhsilə, asudə vaxtın təşkili mərkəzlərinə
və məktəbyaşlı uşaqlar üçün
qayğı sisteminə cəlb olunur. Onların 433000-dən
çoxu məktəbəqədər təhsil müəssisələrində,
25000-i ailə gündəlik qayğı evlərində,
346000-i isə asudə vaxtın təşkili mərkəzlərində
təhsil alırlar. Məktəbəqədər təhsil
müəssisələrində təxminən 94000
işçi çalışır. 1998-ci ildən məktəbəqədər
təhsil müəssisələrində yeni kurikulum əsasında
tədris aparılır. Yeni kurikulum fasiləsiz təhsilin
ilkin mərəhələsi kimi məktəbəqədər
təhsilin səviyyəsini yüksəltməyə xidmət
edir. Məktəbəqədər təhsil kurikulumunda müxtəlif
oyunların uşaqların təlim və
inkişafındakı əhəmiyyəti, uşaqların fəal
özünüifadə qabiliyyətinin artırılması məsələləri
daha qabarıq əksini tapıb. 2010-cu ildə
aparılmış müəyyən təkmilləşdirmə
nəticəsində məktəbəqədər təhsil
kurikulumunda uşağın dil və riyazi, təbiət elmləri,
texnologiya sahəsindəki bacarıqlarının inkişaf
etdirilməsi məsələləri də nəzərə
alınıb. Bununla da məktəbəqədər təhsil
sahəsində çalışanların, müvafiq təhsil
müəssisələri rəhbərlərinin
qarşısında duran vəzifələr daha dəqiq
müəyyən olunub”.
M.Mərdanovun
sözlərinə görə, İsveçdə icbari təhsil
9 il davam edir. Uşaqlar 7 yaşdan etibarən pulsuz icbari təhsil
almağa başlayırlar. İcbari təhsilin əsas məqsədi
bütün şagirdlərə ictimai həyatda fəal
iştirak etmək və fasiləsiz təhsilə cəlb
olunmaq üçün lazım olan bilik və
bacarıqları verməkdir.
Statistik məlumatlara
görə, 2008-2009-cu tədris ilində icbari təhsilə cəlb
olunmuş 900000 şagirdin təlim-tərbiyəsi ilə 88000
müəllim məşğul olub. Onların 90 faizi bələdiyyə
məktəblərində oxuyub. Məktəbdə çətinlikləri
olan şagirdlərə xüsusi diqqət verilir. Məktəb
təhsili pulsuz olsa da, bəzən bir sıra xidmətlər
üçün kiçik miqdarda haqq tələb oluna bilər.
Məktəblərdə heç bir şagird müəllimin
diqqətindən kənarda qalmır. Müntəzəm bilik
testləri tətbiq edilməklə şagirdlərin müvəffəqiyyət
göstəriciləri izlənilir. Təhsildə çətinliklə
qarşılaşan şagirdlər qısa zamanda müəyyən
edilir və onlarla müəllimlər əlavə məşğul
olur, belə uşaqlara biliyin gücləndirilməsinə
xidmət edən əlavə tapşırıqlar verilir. Təhsilin
məzmunu kurikulum və fənn proqramları əsasında
müəyyən olunur. Şagirdlərə 8-ci sinifdən
başlayaraq qiymətlər verilir. Bələdiyyə
(dövlət) məktəbləri ilə yanaşı,
İsveçdə müstəqil məktəblər də fəaliyyət
göstərir. Müstəqil məktəblərin fəaliyyətinə
Təhsil üzrə Milli Agentlik tərəfindən icazə
verilir. Müstəqil məktəblər bələdiyyə məktəbləri
ilə eyni statusa malik olsa da, belə məktəblərdə əlavə
fənlər də tədris edilə bilər. Fiziki qüsurlu
uşaqların əksəriyyəti icbari məktəblərdə
digər şagirdlərlə bərabər təhsil
alırlar. Buna baxmayaraq, daha ciddi qüsuru olanlar xüsusi
ehtiyaclı uşaqlar üçün məktəblərdə
oxuyurlar. Xüsusi ehtiyaclı uşaqlar üçün məktəblərdə
eşitmə, görmə, dil zəifliyi olan uşaqlara əlavə
qayğı göstərilir. Belə məktəblərdə
təhsil 10 il davam edir ki, bu da icbari məktəblərdə
verilən təhsilə ekvivalent hesab olunur.Təlim çətinlikləri
olan şagirdlər üçün məktəblərdə
isə əqli qüsurlu uşaqlar təhsil alır. Təlim
çətinlikləri olan şagirdlər üçün
icbari təhsil 9 il müəyyən edilib: “İsveçdə
Sami dillərində (Sami dil ailəsinə Ərəb,
İvrit, Aramey, Suriya (Aysor) və Tunis dilləri, Həbəş-zənci
dilləri və ölü dil sayılan akkad dili daxildir)
danışan milli azlıqların təhsil almasına imkan
yaratmaq məqsədilə Sami məktəblər fəaliyyət
göstərir. Sami məktəblərdə icbari təhsilin
ilk altı ilini əhatə edən Sami təmayüllü təhsil
verilir”.
M.Mərdanov
vurğulayıb ki, İsveçdə icbari təhsili başa
vuran şagirdlərin demək olar ki, hamısı orta təhsilin
yuxarı pilləsində təhsilini davam etdirir.
Könüllülük prinsipinə əsaslanan orta təhsilin
yuxarı pilləsində də təhsil pulsuzdur. Müvafiq
qaydalara əsasən, ölkədə icbari təhsili
tamamlayan hər bir gənc 20 yaşının ilk 6 ayına qədər
orta təhsilin yuxarı pilləsində oxuya bilər:
“Statistik məlumatlara görə, 2008-2009-cu tədris ilində
orta təhsilin yuxarı pilləsində oxuyan 396000 şagirdin
təlim-tərbiyəsi ilə 38400 müəllim məşğul
olub. Orta təhsilin yuxarı pilləsində təhsil müxtəlif
proqramlar üzrə həyata keçirilir. Bu təhsil pilləsi
3 illik 17 milli proqrama bölünür. Onlardan 13-ü peşə
təhsili (xüsusi təyinatlı proqramlar) proqramları,
4-ü isə ali təhsilə hazırlıq
proqramlarıdır. Bütün proqramlar ali təhsil
almağa imkan verir. Qeyd olunan proqramlardan 11-i orta təhsilin
yuxarı pilləsinin ikinci ilindən başlayaraq
ixtisaslaşmalara ayrılır. Pilot peşə təhsili
proqramlarında tədris saatının yarısından
çoxu istehsalat müəssisəsində keçirilən
təcrübəyə əsaslanır.
İsveç
hökuməti orta təhsilin yuxarı pilləsini daha da təkmilləşdirmək
məqsədilə davamlı islahatlar həyata keçirməkdədir.
Bu islahatlar orta təhsilin yuxarı pilləsinin yeni strukturunun
yaradılmasını, orta təhsilin yuxarı pilləsinə
qəbul qaydalarını, yaşlıların orta təhsilin
yuxarı pilləsində təhsil almasına dair məsələləri,
peşə və ali təhsilə hazırlıq
proqramlarını əhatə edir”.
Professor
bildirib ki, İsveçin davamlı inkişafı, əhalinin
məşğulluğunun təmin olunması, müasir
texnologiyalardan istifadənin genişləndirilməsi ali təhsilin
keyfiyyəti və elmi-tədqiqat işlərinin səmərəli
təşkili ilə sıx bağlıdır. Ölkədə
36 dövlət və təxminən 10 özəl ali təhsil
müəssisəsi fəaliyyət göstərir.
Bütün bu ali məktəblərdə ümumilikdə,
400000-dən artıq tələbə təhsil alır, 63000-ə
yaxın işçi çalışır.Ölkə
üzrə orta məktəbi bitirənlərin 40 faizindən
çoxu ali təhsilə yiyələnir. Ali təhsilə
ayrılan illik vəsaitin ümumi məbləğı 50
milyard kron təşkil edir. Bunun da 65 faizi dövlətin
birbaşa ayırdığı vəsaitlərdən ibarətdir.İsveç
ali təhsil müəssisələrində oxumaq
üçün sənəd vermiş abituriyentlərin
sayı yerlərin sayından artıq olduqda müvafiq
seçim proseduru həyata keçirilir. Seçim abituriyentin
orta təhsilin yuxarı pilləsi üzrə
aldığı qiymətlərə, könüllü
qabiliyyət testinə və ali təhsil müəssisəsinin
müəyyən etdiyi meyarlara əsaslanır.Pulsuz ali təhsilin
mövcudluğu İsveçi əcnəbilər
üçün olduqca cəlbedici ölkə kimi şərtləndirir.
Bu baxımdan yaradılmış olduqca əlverişli
imkanlardan yalnız Avropa Birliyi ölkələri və
İsveçdən olan tələbələr istifadə edə
bilərlər. 2010-cu ilin iyun
ayında İsveç parlamentində qəbul edilmiş qanuna
görə digər ölkələrin vətəndaşları
üçün ali təhsil pulludur. Bu dəyişikliyin əsas
məqsədi ali təhsil müəssisələrinin beynəlxalq
rəqabətə davamlılığını pulsuz təhsilə
görə deyil, keyfiyyətə görə təmin etməkdir.
İsveç
əhalisinin sayına görə dövlət
resurslarını elmi-tədqiqatlara ən çox yatıran
ölkələrdən biridir. 2010-cu ildə elmi-tədqiqatlara
29,47 milyard İsveç kronu ayrılıb ki, bu da təxminən
ölkənin ümumi daxili məhsulunun 1 faizinə
yaxındır. İsveç elmi-tədqiqatlara və
inkişafa ayırdığı vəsaitin həcminə
görə dünyada yalnız İsraildən geri qalır.
İsveçdə tətbiq olunan modelə əsasən,
elmi-tədqiqatlara yönəldilən dövlət vəsaitlərinin
böyük əksəriyyəti universitetlərə verilir.
İsveçdə dövlət tərəfindən maliyyələşdirilən
elmi-tədqiqatların üçdə ikisi ali təhsil
müəssisələrində həyata keçirilir. Mərkəzi
hökumətin ayırdığı vəsaitlərlə bərabər,
İsveç Tədqiqat Şurası, müxtəlif agentliklər,
tədqiqat fondları, Avropa İttifaqı, bələdiyyələr,
Dairə Şuraları da elmi-tədqiqat işlərini maliyyələşdirirlər.
Böyük sənaye sahələrində tədqiqat və
inkişafa mərkəzi hökumətdən daha çox vəsait
ayrılır. 2009-cu ildə İsveçin biznes sektoru elmi-tədqiqatlara
78 milyard İsveç kronu həcmində vəsait
yatırıb ki, bu da ümumi daxili məhsulun 2,6 faizini təşkil
edir.Bir çox proqramlar, təqaüdlər vasitəsi ilə
xaricdə təhsil alan İsveç vətəndaşlarının
sayı ilbəil artmaqdadır. Xarici ölkə universitetlərinin
verdiyi diplomlar kvalifikasiyaların tanınması üzrə
qeydiyyatdan keçirildikdən sonra İsveçdə daimi
işləmək mümkündür.
Professor
deyir ki, bu gün yüksək inkişaf etmiş dünya təhsil
məkanında İsveç ali təhsil müəssisələri
mühüm rol oynayır. Avropanın hüdudlarından kənarda
yerləşən ölkələrdən
(üçüncü ölkə) gələn tələbələrin
İsveçdə təhsil almaq marağı son illər daha
da artıb. Statistik məlumatlara görə, 2009-cu ildə
Avropa İttifaqından kənar ölkələrdən
İsveçdə oxuyan tələbələrin ümumi
sayı 120000 nəfər olub: “Onu da qeyd edim ki, İsveç
hazırda Avropa İttifaqı ölkələrindən gələn
tələbələri pulsuz ali təhsil imkanları ilə təmin
edən azsaylı ölkələrdən biridir. Avropa
İttifaqı hüdudlarından kənarda yerləşən
ölkələrdən gələn tələbələr
üçün təhsil haqları bakalavr və magistratura
pillələri üzrə ayrılıqda müəyyən
olunur. Ancaq İsveçdə yaşayış icazəsi olan
üçüncü ölkə vətəndaşları da
pulsuz ali təhsil almaq hüququna malikdir. Doktorantura pilləsi
üzrə isə istənilən ölkənin vətəndaşları
pulsuz təhsil ala bilərlər.Hər bir ali təhsil müəssisəsi
təhsil haqqının səviyyəsini özü müəyyən
edir. Təhsil haqları təhsil proqramından asılı
olaraq dəyişir. Təhsilə başlamaq üçün
təhsil haqqının müəyyən bir hissəsi və
ya tam olaraq qabaqcadan ödənilməlidir. Təhsil haqqı
kimi daxil olan vəsaitlərin istifadəsində ali təhsil
müəssisələri tam sərbəstdir. Əcnəbi tələbələrin
daha çox olması İsveçdə ali təhsil sisteminin
əlavə üstünlüyü kimi qəbul edilir. Hesab
olunur ki, əcnəbi tələbələr ali təhsil
müəssisələrində beynəlmiləl mühitin
formalaşmasını və mədəni müxtəlifliyi
gücləndirir. Bir çox ölkələr savadlı,
bacarıqlı üçüncü ölkə vətəndaşları
üçün müxtəlif təqaüdlər təklif
edirlər. İsveç hökuməti də öz ali təhsil
müəssisələrinə yüksək intellektli əcnəbi
tələbələri cəlb etmək üçün təqaüdlərin
veriməsində maraqlıdır.İllik dəyəri 30
milyon kron təşkil edən bir təqaüd proqramı
İsveç ilə uzunmüddətli əməkdaşlıq
tarixinə malik olan ölkələrin istedadlı tələbələri
üçün nəzərdə tutulur. Bu təqaüd həm
yaşayış, həm də təhsil xərclərini tam əhatə
edir.
Həmçinin
Avropa İttifaqına daxil olmayan üçüncü ölkə
vətəndaşları üçün təqaüd
proqramı nəzərdə tutulub. Bu təqaüd yalnız təhsil
xərclərini əhatə edir. Təqaüdün illik həcmi
60 milyon kron təşkil edir. Bu vəsait ali təhsil müəssisələri
arasında bölüşdürülür”.
M.Mərdanovun
dediyinə görə, İsveçdə
yaşlıların təhsili əsasən, bələdiyyə
əsaslı, təlim çətinliyi olanlar
üçün yaşlıların təhsili və miqrantlar
üçün İsveç dilindən təhsilə əsaslanır.
Bələdiyyə əsaslı yaşlıların təhsilinin
əsas məqsədi cəmiyyətdə və iş həyatında
iştirak etmək üçün yaşlılara müvafiq
bilik və bacarıqlar verməkdir.Təlim çətinliyi
olanlar üçün yaşlıların təhsilinin əsas
məqsədi əqli qüsura malik olan yaşlılara orta məktəblər
səviyyəsində bilik və bacarıq aşılamaqdan
ibarətdir. Miqrantlar üçün İsveç dilindən
təhsilin əsas məqsədi isə yaşlı miqrantlara
İsveç dili üzrə əsas bilikləri öyrətməkdir.
Tamamlayıcı təhsil dövlət təhsil sistemi
yaşlıların iş və peşə sahələri
üzrə bilik və bacarıqlarının
artırılmasına və ənənəvi peşə
bacarıqlarının qorunmasına xidmət edir.
Yaşlıların təhsilinin digər formalarından fərqli
olaraq, bu təhsil fiziki şəxslər və ya təşkilatlar,
özəl idarələr tərəfindən də təşkil
oluna bilər.
Yaşlıların
humanitar təhsili İsveç cəmiyyətində
böyük bir ənənəyə malikdir. Bu təhsilə əhalinin
öz həyat səviyyəsinə təsir etmək
imkanlarının genişləndirilməsi və
ayrı-ayrı fərdlərin cəmiyyətin
inkişafındakı məsuliyyət hissinin
artırılması daxildir. Demokratiyanın inkişafı, mədəni
həyata olan marağın artırılması və ictimai həyatda
iştirak səviyyəsinin yüksəldilməsi
yaşlıların humanitar təhsilinin əsas məqsədlərindəndir.
Yaşlıların humanitar təhsili xalq orta məktəbləri
və tədris assosiasiyaları tərəfindən təşkil
olunur.
M.Mərdanovun
sözlərinə əsasən, İsveç parlamenti
(Riksdaq) və hökumət təhsil sisteminin inkişaf istiqamətlərini,
əsas məqsədləri və müvafiq təlimatları
müəyyən edirlər. Qəbul olunmuş qaydalar
bütün məktəblərə şamil edilir, ölkə
üzrə hamı üçün yüksək səviyyəli
və bərabər təhsil imkanları yaradılır. Təhsil
və Tədqiqat Nazirliyi isə hökumətin təklifləri
əsasında müvafiq qərarların verilməsinə və
icrasına cavabdehdir.
Bələdiyyələr
dövlət tərəfindən qəbul edilmiş Təhsil
Aktı, milli kurikulum və digər normativ-hüquqi sənədlər
çərçivəsində təhsil sisteminin idarə
olunmasını yerinə yetirirlər. Bələdiyyələr
məktəbəqədər təhsil xidmətlərinin
müxtəlif formalarının müəyyənləşdirilməsi
və təşkilinə dair qərar qəbul etməkdə
tam sərbəstdirlər. Hamı üçün bərabər
təhsil imkanlarının yaradılması baxımından məktəblərə
lazım olan resursların verilməsinə və müvafiq
şəraitin yaradılmasına da yerli özünüidarəetmə
qurumları cavabdehdir. Məktəblərin yoxlanılması və
təhsil müəssisələrinin fəaliyyətinin dəyərləndirilməsi
də bələdiyyələr tərəfindən həyata
keçirilir.İsveçin Təhsil və Tədqiqat
Nazirliyində 200 işçi çalışır.
Nazirliyin strukturunda Məktəblər, Orta təhsilin
yuxarı pilləsi, Tələbələrə maliyyə
yardımı, Yaşlıların təhsili və təlimi,
Ali təhsil, Tədqiqat siyasəti, Gənclər siyasəti və
vətəndaş cəmiyyəti, eləcə də Gender bərabərliyi
şöbələri fəaliyyət göstərir.Əsas
işləri birbaşa təhsil nazirinə tabe olan dövlət
katibləri icra edir. Nazirlikdə həmçinin siyasi
müşavirlər və mətbuat katibləri fəaliyyət
göstərir. İnzibati və Hüquqi məsələlər
üzrə baş direktorlar ümumi fəaliyyətin idarə
olunmasına və əlaqələndirilməsinə
yardım edir, qanun layihələrinin hazırlanmasına
cavabdehlik daşıyırlar.İsveçdə təhsil sahəsində
fəaliyyət göstərən agentliklər təhsil
standartlarının müəyyən edilməsi prosesinə və
müvafiq məqsədlərə nail olunmasına yardım
edir.Təhsil üzrə Milli Agentlik məktəbəqədər
təhsil müəssisələri, dövlət məktəbləri
və məktəbyaşlı uşaqlara qayğı sisteminə
rəhbərlik edən inzibati orqandır.İsveç Məktəblər
İdarəsi məktəbəqədər təhsil müəssisələrinin,
məktəblərin və məktəbyaşlı uşaqlar
üçün qayğı sisteminin fəaliyyətində
keyfiyyətə nəzarəti həyata keçirir. Məktəblər
İdarəsi, həmçinin müstəqil məktəblərin
fəaliyyətinə icazə verilməsi baxımından səlahiyyətlərə
malikdir. Xüsusi ehtiyaclı uşaqların təhsili üzrə
agentlik dövlət və dövlət tərəfindən nəzarət
edilən müstəqil məktəblərdə xüsusi
ehtiyaclı uşaqların təhsili ilə bağlı məsələləri
həyata keçirir, pedaqoji heyətə dəstək verir.Təhsil
üzrə Apelyasiya Şurası orta təhsilin yuxarı pilləsində
tədris olunan proqramlarla bağlı mübahisə doğuran
qərarları nəzərdən keçirir və müvafiq
düzəlişlərin aparılmasını təmin edir.
Professor söyləyib ki, Nordplus Proqramı Skandinaviya ölkələrinin Nazirlər Şurasının fasiləsiz təlim sahəsində ən tanınmış proqramı hesab olunur. Skandinaviya regionunda hər il təxminən 10000 nəfər Nordplus Proqramından bəhrələnir. Bu proqramın Nordplus Junior, ali təhsil, yaşlıların təhsili, horizontal və Skandinaviya ölkələrinin dili və mədəniyyəti adlı bölmələri mövcuddur. Skandinaviya Magistratura Proqramı Skandinaviya ölkələrində magistratura pilləsində təhsl almaq istəyənlər üçün nəzərdə tutulub.Transmilli Çeviklik Proqramı peşə təhsili proqramları üzrə oxuyan və ya peşə hazırlığını davam etdirən şagirdlər, tələbələr, gənc işçilər, eləcə də təlimçilər üçün nəzərdə tutulan iş təcrübəsi və mübadilə proqramıdır. Proqramın əsas məqsədi Avropa ölkələrinin təhsil əlaqələrini inkişaf etdirmək, təcrübə və nəzəriyyə vasitəsi ilə fərdlərin müəyyən bacarıqlara yiyələnmək imkanını artırmaq, iş təcrübəsi və peşə təhsili arasındakı əlaqəni möhkəmləndirməkdir: “Orta təhsilin yuxarı pilləsinin I və ya II ilində oxuyan şagirdləri bir tədris ili Fransa, İspaniya, Almaniya və ya Avstriyaya göndərmək məqsədilə yaradılmış 1 illik proqram da İsveçdə kifayət qədər məşhurdur. Bu proqram şagirdlərin dil bacarıqlarını inkişaf etdirməyə və Avropa ölkələrinin vətəndaşları arasında təhsil sahəsi üzrə mövcud olan münasibətlərin daha da yaxşılaşdırılmasına xidmət edir. Orta təhsilin yuxarı pilləsində oxuyan şagirdlər, həmçinin ildə iki dəfə Təhsil üzrə Milli Agentliyin təsis etdiyi Xaricdə istehsalat təcrübəsi qrantı üçün müraciət edə bilərlər.1998-ci ildə başlanmış və 2006-cı ildə tamamlanmış iyirmi ölkənin məktəbəqədər təhsil fəaliyyəti üzrə Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi tədqiqatlarda (Erkən uşaqlıq təhsili və qayğı strategiyası) İsveç də iştirak edib. Tədqiqat zamanı ölkədə məktəbəqədər təhsil almaq imkanı, məktəbəqədər təhsilin keyfiyyəti, maliyyələşməsi və digər sahələr üzrə araşdırmalar aparılıb. Nəticədə iki hesabat hazırlanıb və İsveç təhsil sistemi bütün pillələrdə digər ölkələr üçün nümunəvi model kimi qəbul edilib”.
İsveçdə təhsilin bütün pillələri üzrə müasir yeniliklərin uğurla tətbiq olunduğunu vurğulayan M.Mərdanov bu təcrübə ilə yaxından tanışlığın ölkə üçün əhəmiyyətli olacağına əminliyini bildirib: “Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində onlarla azərbaycanlı gənc İsveçin nüfuzlu universitetlərində təhsil alır. Sevindirici məqam odur ki, ildən ilə bu tələbələrin sayı artır. Burada maraqlı məqablardan biri də odur ki, İsveç Azərbaycanla bütün istiqamətlərdə, həmçinin təhsil sahəsində əməkdaşlıqda maraqlıdır. Həmçinin bu ölkənin universitetlərində azərbaycanlı tələbələrin sayının artmağında da. Qeyd edim ki, İsveçdə əcnəbi tələbələr üçün yeni təqaüd proqramı həyata keçirilir. Azərbaycanlı tələbələrin də bu proqramdan istifadə imkanları var”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2013.- 20 aprel.- S.14-15.