“Sərbəstlik ən böyük
xoşbəxtlikdir!”
Pərvinin
həmsöhbəti Bədən tərbiyəsi və
İdman Akademiyasının rektoru, millət vəkili, professor Ağacan Abiyevdir.
Pərvin:
Ağacan müəllim, həyatınızın böyük
bir hissəsi idmanla bağlıdır. Necə
oldu ki, məhz bu sahəyə meyliniz, marağınız
yarandı?
Ağacan
Abiyev: Əvvəla onu deyim ki, mənim atam neftçi idi. Suraxanı neft mədənlərində işləyirdi.
Böyük qardaşım boksla məşğul
olurdu, ona baxıb həvəsləndim. 16 yaşımdan
məşq etməyə başladım və bir il sonra yeniyetmələr arasında Bakı
birinciliyini qazandım. Bu mənim
üçün böyük stimul oldu, boksa daha da möhkəm
bağlandım. Ürəyimdə boksa elə
böyük istək yaranmışdı ki, başqa heç
nə ilə məşğul olmaq istəmirdim. Amma ali məktəbə qəbul məsələsi
ortaya çıxanda ailəm, daha çox da atam İdman
İnstitutuna sənəd verməyimə etiraz etdilər. Atam çox zabitəli idi. Hamımız
qorxurduq ondan (gülür). Ona görə
də sənədlərimi indiki Neft Akademiyasına verdim və
qəbul oldum. Riyaziyyatı yaxşı
bilməyim çox kömək olurdu mənə. Bütün tələbələr “Tərsimi həndəsə”
fənnindən çətinlik çəkirdilər, amma mənim
üçün cox asan idi. Müəllimimiz
professor Mirzəbəyli idi. Demək olar
ki, o, məni assisenti kimi qəbul edirdi. Bir
neçə imtahan və məqbulları mexaniki
almışdım.
Pərvin:
Amma bütün bunlar idmanı, boksu fikrinizdən
çıxartmadı...
Ağacan
Abiyev: Elədir. Gündüzlər oxuyurdum.
Axşamlar isə özüm məşq edirdim.
Amma bu çox çətin idi... Gecəm-gündüzüm
yox idi. Həm də insan üçün
istəmədiyi, arzulamadığı işlə məşğul
olmaq çətin olur. Mən də
neftçi olmaq istəmirdim. İdman
İnstitutuna girmək arzulayırdım. Nəticədə
qərar verdim ki, institutu atım... Belə də elədim!
Pərvin:
Bəs atanız? Onu necə razı
saldınız?
Ağacan
Abiyev: (gülür) Hə. Bax bu çox çətin məsələ
idi. Ailədə kimə yaxınlaşıb fikrimi deyirdimsə,
deyirdi ki, get dədəyə de. Atamıza dədə
deyirdik. Mən razıydım məni döysün, amma
icazə versin. Ona görə həyəti, filanı tərtəmiz
yığışdırmışdım,
gül-çiçək əkirdim, qulluq edirdim ki, bir az yumşalsın. Amma axırda
onun da razılığını ala bildim və növbəti
1956-cı ildə İdman İnstitutuna daxil oldum. Sərbəstlik ən böyük xoşbəxtlikdir.
Sərbəst qərar verdiyim üçün
xoşbəxt idim və 1957-ci ildə o dövrdə hər
bir idmançının arzusu olan “SSRİ idman ustası”
adını aldım. Oxumağa çox həvəsli
idim. İdman İnstitutunu bitirəndən
sonra 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunun
“Avtomatika və hesablayıcı texnika” fakültəsinə
daxil oldum.
Pərvin:
Və bu sahədə kifayət qədər böyük
uğurlar əldə etdiniz. Bütün
uğurlarınızla paralel olaraq idmandan, boksdan da əl
çəkməməyiniz, uzaqlaşmamağınız
qeyri-adi görünür.
Ağacan
Abiyev: Mən boksu sevirdim. İnsan sevdiyi işdən
necə uzaqlaşa bilər?! Politexnik
İnstitutunu bitirənə qədər yarışlarda
iştirak edirdim.
Diplom alandan sonra Politexnik İnstitutunda Avtomatika və
hesablama texnikası fakültəsində müəllim kimi
çalışmağa başladım. Daha sonra
1967-ci ildə Moskvada ixtisasım üzrə aspiranturaya daxil
olub 1970-ci ildə elmlər namizədi dissertasiyası
müdafiə etdim. 1971-ci ildən Lipetsk
Politexnik İnstitutunun dosenti, sonra isə kafedra müdiri vəzifəsində
çalışırdım. Orada 10 ildən
çox işlədim. Heç bir maddi
problemim yox idi, evlə də təmin olunmuşdum.
Pərvin:
Buna baxmayaraq, Bakıya qayıtdınız və
uğurlarınız burada da səngimədi.
Ağacan
Abiyev: Bakıya qayıtmağım mütləq idi. Ömrüm boyu xaricdə qala bilməzdim. Rusiyada ailəmlə yaşayırdım. Tətillərdə valideynlərə baş çəkməyə
gəlirdik. Bir gün anam dedi ki, Ağacan, Bakıya
dönmək vaxtıdı, qızların böyüyüb,
orada qalıb rusla ailə qurmaq fikrinə düşərlər...........
biabır olarıq. (gülür)
Pərvin:
Belə bir fikrə düşsəydilər, mane
olmayacaqdız?
Ağacan
Abiyev: Adam sevirsə, ona nə demək olar ki? Sadəcə
şərait yaratmaq lazım deyil. Ona
görə də anamın sözü ağlıma batdı.
Bakıya qayıtdıq. 1983-cü
ildə hələ Lipetskdə işləyərkən o
zamankı Azərbaycan İnşaat Mühəndisləri
İnstitutunun Elektrotexnika və Elektronika kafedrasının
müdiri vəzifəsinə müsabiqəyə sənədlərimi
verdim və keçdim. 1987-ci ilə qədər
bu işdə çalışdım. O illərdə
rektorları seçkiylə seçirdilər. 1987-ci
ildə Bədən tərbiyəsi və İdman
Akademiyasının rektoru vəzifəsinə müsabiqə
elan olunmuşdu. Mən də müsabiqəyə
qoşuldum və rektor seçildim. Və
bildiyiniz kimi hal-hazıra kimi bu vəzifəni icra edirəm.
Pərvin:
Məncə, sizin işiniz ən çətin işlərdən
biridir. İdmançılar bəzən dəcəl, çərçivəyə
sığmayan olurlar. Onlarla
çalışmaq, onları yola gətirmək də
çox çətindir. Sizin bu sahədəki
uğurunuzun sirri nədədir?
Ağacan
Abiyev: Tamamilə haqlısınız!
İdmançıları zaldan sonra toparlamaq, auditoriya
aurasına uyğunlaşdırmaq sadə iş deyil. Şübhəsiz, təcrübəli müəllimlərimiz
işin böyük hissəsini görürlər. Amma mənim üçün bir rektor kimi
bütün bu işlərə rəhbərlik eləmək hər
şeydən öncə məsuliyyətdir. Sualınıza gəldikdə isə deyə bilərəm
ki, əsas sirrim idman sahəsini, tədris və pedaqoji
üsulları yaxşı bilmək və bir də səbrli
olmağımdır. Təkcə bu yox,
bütün işlərdə beləyəm. Səbrlə istənilən dolaşıq işi
açmaq, həll etmək mümkündür, həm də səbr
problemləri həll etmək üçün insana əlavə
zaman da verir.
Pərvin:
Ağacan müəllim, keçdiyiniz yola nəzər
saldıqca bütün bunlara nail olmuş adamın möhkəm,
iradəli xarakteri açıq-aydın görünür.
Ağacan
Abiyev: İlk növbədə qismət, tale məsələsidir.
Mən sadəcə yaxşı idmançı
və məşqçi olmaq arzulayırdım. Amma həyat özü hər şeyi yönləndirdi,
öz axarına saldı. Mənimsə
xidmətim budur ki, zəhmətdən qorxmadım. Hər bir insanın getdiyi yolda qarşısına
müxtəlif maneələr, çətinliklər
çıxır. Bax məhz burda insan
xarakteri özünü göstərir. Zəhmətkeş
adam qorxmur, geri çəkilmir, əziyyət
çəkib o baryeri aşır. Mənim də
həyatımda, xüsusən gəncliyimdə belə məqamlar
olub. Çox yorulduğum anlar az
olmayıb. Amma heç vaxt yolumdan dönməmişəm,
çətinlikdən qorxmamışam.
Pərvin:
Ümumiyyətlə, idman insan xarakterinə necə təsir
edir?
Ağacan
Abiyev: Maraqlı sualdır... Sağlam bədəndə
sağlam ruh olar deyirlər. İdman
insanı möhkəmləndirir, özünə
inamını gücləndirir, iradəli edir. Amma bu bir resept deyil. İdmançının
iradəsizliyinin də şahidi olmuşuq. Xarakteri
formalaşdıran bir çox başqa amillər də var...
Pərvin:
İdmançı iradəsizliyindən danışanda bir
sual yerinə düşür. Bəzən idmançılar
bir-iki uğur qazanandan sonra bu sahədən
uzaqlaşırlar... Sizcə, bu, nə ilə
bağlıdır?
Ağacan
Abiyev: Bunu da iradəsizlik hesab etmək olar. Bir də
özünə inamsızlıq. İdmançı
uzun müddət əziyyət çəkir, məşq edir,
uğur qazanır. Deyək ki, dünya,
yaxud Olimpiya çempionu və ya mükafatçısı
olur. Amma bu uğuru davam etməyə
gücü çatmır. Həm də özünə
tam əmin olmadığından fikirləşir ki, növbəti
illərdə eyni nəticəyə nail ola
bilməyəcək. Ona görə idman
arenasından qalib kimi ayrılmaq istəyir. Amma mən həmişə bu idmançılara
deyirəm ki, əvvəl bir hazırlaşırdınsa, indi
daha artıq məşq elə, hazırlaş, yenə də
böyük uğurların olacaq. Bu isə
güc, zəhmət, səbr tələb edir. Bəzi idmançılarımız bunu edə bilirlər,
bəziləri isə yox.
Pərvin:
Ümumiyyətlə, Azərbaycanda idmanın vəziyyətindən
razısınız?
Ağacan
Abiyev: Bilirsiz, məncə, bəzi insanlarda idmana münasibətdə
bir qədər qeyri-dəqiqlik var. Elə
düşünülür ki, bu il
Olimpiadada 3 medal qazanmışıqsa, gələn dəfə
bu say artmasa, deməli geriləmişik. Amma elə
deyil. İdman ətalət qanunu ilə irəliləyir.
Hökumət ölkədə idmanın
inkişafı üçün bütün lazım olan şəraiti
yaradıb. İstər paytaxtda, istərsə
də bölgələrdə tikilmiş Olimpiya kompleksləri
göz qabağındadır. Yəni bu
gün məşq etmək, bacarıqlarını artırmaq
istəyən hər bir gəncə lazımi imkanlar
yaradılıb. Bütün görülən
işlər də öz nəticəsini verir. İdmançılarımız dünya, Avropa və
Olimpiya yarışlarından medallarla qayıdırlar.
Lakin yaxşı idmançı hər ay, hər il yetişə bilməz. İstedadlı
gəncləri arayıb axtarmaq, necə deyərlər üzə
çıxarmaq lazımdır. Bu isə əsasən,
məşqçilərin üzərinə düşən vəzifədir.
Lakin bir daha vurğulamaq istəyirəm ki, idman
sahəsində uğurlarımız yetərincədir.
Pərvin:
Amma nədənsə komanda idman növlərində nəticələrimiz
zəifdir. Siz bir mütəxəssis kimi bunu nə
ilə əlaqələndirərdiniz?
Ağacan
Abiyev: Bu sualla əlaqədar sizə bir məqamı söyləyim.
Dünyanın bir çox ölkələrinə səfərlərimdə
onların mədəniyyəti ilə tanış
olmaq üçün ilk öncə muzeylərinə, tarixi
abidələrinə baş çəkir və əsasən
də şəhər gəzintilərində daha diqqətli
olmağa çalışıram. Bu gəzintilərdə
diqqətimi hər zaman bir məqam çəkirdi. Heç bir xarici ölkədə evlərin ətrafında
tikilmiş hündür hasarlara rast gəlmədim. Biz də isə həyətlərimizə 3-4 metrlik
daş hasarlar çəkərək, cəmiyyətdən,
adamlardan uzaq dururuq. Təbii olaraq bu cox
düşündürücü və psixoloji faktordur. Əgər
biz gündəlik həyatda insanlarla normal ünsiyyət qura
bilmiriksə və aramızdakı sərhədlərin
hündürlüyünü gündən günə
artırırıqsa, o zaman hansı komanda oyunundakı
uğurlardan danışmaq olar? Amma mən
çox inanıram ki, bu da müvəqqəti haldır və
zamanla millətin psixologiyasında dəyişiklik baş verəcək
və həmin məsələ də həll olacaq. Buna
inanıram!
Pərvin:
İdman sahəsindəki uğurlardan, idmana diqqətdən
danışdınız. Məncə, idmana aid
böyük işlərdən biri də İdman
telekanalının yaradılması oldu. Siz
özünüz İctimai televiziyanın Yayım
Şurasının üzvüsünüz. Ümumiyyətlə, televiziyanın, medianın
idmana münasibətindən razısınızmı?
Ağacan
Abiyev: Əlbəttə, İdman telekanalının
yaradılması və fəaliyyəti idmana böyük fayda
verir. Əvvəl başqa kanallar xəbər
verilişlərinin sonunda 3-5 dəqiqə idman xəbərlərinə
vaxt ayırırdılar. İndi isə
bir kanal bütün günü idmandan danışır.
Şübhəsiz ki, bu gənclər
arasında idmana marağın yaranmasına, meylin artmasına
da kömək olur. Həm də idman
insanda pozitiv ovqat yaradır. Tamaşaçı oyunlara baxanda, kiminsə
qalibiyyət sevincini görəndə özünün də əhvalı
yaxşılaşır. İdman telekanalı
idmançılarımızın, xüsusən xarici ölkələrdəki
qələbə sevincini bütün ölkəmizə, idman
sevərlərə çatdırır. Başqa
telekanallarımız da idmana kifayət qədər yer verirlər.
Lakin məncə təkcə mənim yox,
çoxlarının bəzi kanallarımızdan müəyyən
narazılıqları var. Bu da şit, bayağı proqramlara
yer verilməsiylə bağlıdır. Mən
bəzən təəccüb edirəm, bütün bunlar kimə
maraqlıdır, kimin üçündür, anlaya bilmirəm.
Məsələn, falçıları efirə
buraxıb, boş, mənasız mövzularda, cin-şeytandan
danışdırmaq nəyə lazımdır? Hər kəs
bilir ki, bu cadu, fal, filan boş söhbətdi... Amma
nədənsə telekanallar bunlara geniş yer verirlər, hətta
bəzilərini reklam edirlər, qabağa çəkirlər.
Mən bu məsələni iclaslarda hər zaman
qaldırıram və ümid edirəm ki,
tamaşaçıları səhv istiqamətləndirən
verilişlər efirdən yığışdırılacaq.
Pərvin:
Bədən tərbiyəsi və İdman Akademiyasının
rektoru, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin
baş katibi, Azərbaycan Boks Federasiyasının
vitse-prezidenti... Bütün bu işləri necə
çatdırırsınız?
Ağacan
Abiyev: (gülür) Gənclik illərindən dinamik həyata
öyrəncəliyəm. Yəni bir işdən o birisinə
tələsməyə... İndi də işlərimi
yalnız ciddi rejimin hesabına çatdıra bilirəm.
Səhərdən işə başlayıram.
Akademiyadan evə ən tez getdiyim vaxt axşam
8-dən sonra olur. O da ancaq nəvələrimə
görə. Həftə sonları onlarla vaxt
keçirmək üçün işdən 8-də
çıxıram. Amma qalan günlər
saat 10-a kimi işdə oluram. Çalışıram
tempdən düşməyim. Passivlik
adamı qocaldır. Hələ
bütün bu dediyiniz işlərdən başqa əlavə
məşğuliyyətlərim də var. Məsələn,
rəsm çəkmək...Amma bunlar bayram və bazar günlərinə
təsadüf edir.
Pərvin:
Siz mənim sualımı qabaqladınız... Bilirəm
ki, rəssamlıqla da məşğul olursunuz. Nə vaxtdan başlamısız rəsm çəkməyə?
Ağacan
Abiyev: Özümü rəssam adlandıra bilmərəm. Bu, sadəcə hobbimdir. İncəsənətin
müxtəlif sahələri ilə maraqlanıram və
yenilikləri araşdırıram. Bir
müddət əvvəl professor Fərhad Bədəlbəyli
ilə söhbətdən sonra Bakı Musiqi Akademiyasında bu
barədə mühazirə ilə çıxış etdim.
Çox böyük maraqla qarşılandı.
Pərvin:
Maraqlıdır, yeniliklər nədən ibarətdir?
Ağacan
Abiyev: Yəqin musiqi ilə müalicə eşitmisiniz. Mən
bu müalicə növünün qaydasını, yəni
musiqinin, rəsm əsərlərinin insana necə, hansı
yolla təsir etməsini tapmışam...Deyim ki, mənim
özümün rəssamlığa “yoluxmağım” həmin məsələləri
araşdırarkən baş verdi. Gördüm
ki, incəsənətə aid bilmədiyimiz xeyli maraqlı məqamlar
var. Onları axtarıb tapmaqdan, öyrənməkdən
zövq alıram. İndi soruşacaqsınız ki,
bunları nə zaman çatdırıram... Ona görə
sizi bir daha qabaqlayıb deyirəm:
– Nə yaxşı ki, insanın ürəyi və beyni
24 saat işləyir.
Pərvin:
Ağacan müəllim, maraqlı, səmimi söhbətə
görə sizə təşəkkür edirəm. Son olaraq
idmana aid arzularınızı eşitmək istərdik...
Ağacan Abiyev: (gülür) Bütün tərcümeyi-halımı öyrəndiniz. Mən də sizə təşəkkür edirəm. İdmanımıza isə yalnız inkişaf etməyi, yüksəlməyi diləyirəm. Çoxlu qələbələr, nailiyyətlər arzu edirəm. Ümidvaram ki, belə də olacaq.
525-ci qəzet.-
2013.- 20 aprel.- S.10.