Sənətşünaslığın
çətin yolu
Azərbaycanda sənətşünaslığın tarixi çox qədimdir. Bu sahənin ilk qaranquşu 1533-cü ildə Təbrizdə dünyaya göz açmış Sadiq bəy Əfşar olub. Hələ gənc yaşlarından: “Əgər sənətə və peşəkarlığa can atırsansa, nə qədər bacarsan, özünü kamilləşdirməyə çalış. İncəsənətsiz həyat ömür-gün deyil” deyimini özü üçün həyat və yaradıcılıq devizi seçən Sadiq bəy Əfşar hərtərəfli yaradıcılıq imkanlarına malik bir sənətkar idi. O, milli incəsənət tarixi səhifələrinə qüdrətli miniatürçü rəssam, şair və sənətşünas kimi düşüb.
Keçmiş sovetlər dönəmində də xeyli milli sənətşünas kadrlarımız fəaliyyət göstərmişlər və araşdırmalar aparıb bir-birindən maraqlı yazılar, toplular, kitablar ortaya qoymuşlar. Əlbəttə onların gördükləri bu işlər xüsusi diqqətəlayiqdir. Ona görə diqqətəlayiqdir ki, bu sahə olduqca çətin, səbr tələb edən, savad tələb edən, bunların müqabilində bu sahə ilə məşğul olan sənətşünasları maddi və iqtisadi cəhətdən yetərincə təmin etməyən bir sahədir. Bu sahədə hər adam yox, yalnız sənətşünaslığa sonsuz sevgi və məhəbbətləri olan fanatlar duruş gətirib fəaliyyət göstərə bilərlər. Çağdaş günlərimizdə belələri barmaqla sayılacaq qədər az olsalar da vardır və bu çətin yolda inamla irəliləyirlər. Onlardan biri də Əsəd Quliyevdir.
Əsəd Quliyev hələ çox gəncdir.
O, 1985-ci ildə anadan
olub. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının Sənətşünaslıq fakültəsinin
Təsviri incəsənət tarixi və nəzəriyyəsi
ixtisasının bakalavr (2006) və magistr (2008) pillələrini
fərqlənmə diplomu bitirib. Hazırda Azərbaycan Milli
Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun dissertantıdır, incəsənətimizin tədqiqi
ilə məşğuldur. Onda bu sahəyə maraq hələ
Rəssamlıq Akademiyasında təhsil aldığı illərdən
başlayıb. Tələbə olduğu dövrlərdə
bir çox rəssam və heykəltəraşların
yaradıcılıqlarını araşdırıb qəzet
və jurnallarda onlar haqda maraqlı analitik yazılarla
çıxış edib. Ali məktəbi bitirdikdən sonra
yaradıcılıq sahəsində daha məhsuldar işləyib.
Və nəticədə “XX əsr Azərbaycan incəsənəti
haqqında oçerklər” kitabı meydana gəlib. Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə “Təhsil”
nəşriyyatında çap olunmuş bu kitabda gənc sənətşünasın
iyirmi beşə qədər rəssam və heykəltəraş
barədə seçmə oçerkləri toplanıb.
Kitabdakı yazılar Azərbaycan rəssamlıq məktəbinin
görkəmli nümayəndələri Bəhruz Kəngərli,
Səttar Bəhlulzadə, Fuad Əbdürrəhmanov, Cəlal
Qaryağdı, Ömər Eldarov, Mikayıl Abdullayev, Tokay Məmmədov,
Asəf Cəfərov, Vəcihə Səmədova, Maral Rəhmanzadə,
Elmira Şahtaxtinskaya, Tahir Salahov, Böyükağa Mirzəzadə,Toğrul
Nərimanbəyov, Nadir Əbdürrəhmanov, Rasim Babayev,
Oqtay Sadıqzadə, Nəcəfqulu İsmayılov, Altay
Hacıyev, Oqtay Şıxəliyev, Cəmil Müfidzadə,
İsmayıl Məmmədov və başqa fırça və
tişə ustalarının həyat və
yaradıcılığını əhatə edir.
Sənətşünas
Əsəd Quliyevin “XX əsr Azərbaycan incəsənəti
haqqında oçerklər” kitabının uğuru ondadır
ki, Bəhruz Kəngərli haqqında yazdığı “Azərbaycan
rəssamlıq sənətinin banisi” adlı oçerkində
diqqətçəkən yeni faktlar ortaya qoyur. Hətta
ayrı-ayrı dönəmlərdə, ictimai-siyasi və ideoloji
formasiyalarda Bəhruz Kəngərli
yaradıcılığına sənətşünasların
şübhəli yanaşmalarına son qoyur. Müəllif
yazır: “...Bəhruz Kəngərlinin
yaradıcılığının böyük bir hissəsini
mənzərə janrında yaratmış olduğu əsərlər
təşkil edir. Bunu əsas götürən əksər sənətşünaslar
nədənsə, əslində, səhv olaraq rəssamı mənzərə
rəssamı kimi xarakterizə edirlər. Fikrimizcə belə
dəyərləndirmə rəssamın əhatəli
yaradıcılığının məhdudlaşdırılması
deməkdir. Bu yerdə rəssamın mənzərə əsərlərinin
bir çoxunun tariximizin ən
parlaq dövrlərinin özündə əks etdirilməsini
də vurğulamağa ehtiyac duyuruq. Belə ki, rəssamın
bu əsərlərini təkcə mənzərə
janrında yaradılmış əsərlər kimi yox, real
tariximizin canlı əksi kimi xarakterizə etmək
lazımdır”.
Müəllif
belə bir paraleli ünlü rəssam Səttar Bəhlulzadə
haqqında yazdığı “Əsrin dahisi, sənətin fədaisi”
oçerkində də aparır. Qeyd edir ki, çoxları Səttar
Bəhlulzadə yaradıcılığından söz
açarkən nədənsə Azərbaycan təbiətindən,
güldən, çiçəkdən və s. dən
danışmağa başlayırlar. Sənəti belə dəyərləndirmək
ən azı insafsızlıqdır. Rəssamın 60-cı
illərdən sonra yaratdığı hər hansı bir əsərinə
tamaşa etsək orada real təbiət təsvirinə-materiyaya
rast gəlmək mümkün deyil. Düzdür rəssam
mövzu olaraq Azərbaycan təbiətini seçmişdir,
ancaq mahiyyət etibarı ilə rəssamın
yaratdığı əsərlər Azərbaycan təbiətinin
zahiri mahiyyətindən qat-qat yüksəkdə dayanır.
...Əgər azərbaycanlı rəssamın əsərləri
bu cür yüksək bədii dəyərli olmasaydı, Səttar
Bəhlulzadəni dünya səviyyəsində qəbul etməzdilər.
Keçmiş
SSRİ-nin Xalq rəssamı, Dövlət və Cəvahirəl
Nehru mükafatları laureatı, akademik Mikayıl Abdullayev hələ
öz sağlığında ümumxalq məhəbbəti
qazanmış bir sənətkar idi. Təsviri sənətin
bütün sahələrində yaradıcılıq
uğurları qazanmış bu sənətkar, rəngkarlıq,
monumental divar rəssamlığı, səhnə tərtibatı
və kitab qrafikası, eləcə də heykəltəraşlıq
sahəsinə böyük töhfələr bəxş
etmişdi. Müəllif bu universal rəssamın
çoxçalarlı yaradıcılığını “Azərbaycan
rəssamlığının Mikayıl Abdullayev zirvəsi”
adlı oçerkində hərtərəfli araşdıraraq
onu zaman kontekstində dəyərləndirməyə
çalışıb. Və bu ünlü rəssam barədə
təxminən belə bir düstur yaradıb. Düstur belədir:
“...Hansı dövrdə, hansı şəraitdə
yaşamasından asılı olmayaraq, sənət
ideallarını daha uzaq zamanlara hesablayaraq yaradan sənətkar”.
Çox təbii ki, müəllif bu düstur-aforizmi elə-belə
işlətməyib. Onun arxasında sətiraltı fəlsəfi
bir məna var. Bu fəlsəfi məna belədir: onların
yaratdıqlarının
zamanın dönəmi dəyişdikcə öz əhəmiyyətini
daha da artıracağı və düçündürə
biləcəyi və yaxud əksinə olacağı qorxusu
mövcuddur. Düşünürük ki, müəllifin gəldiyi
bu qənaət olduqca məntiqi qənaətdir. Sənətkarın
yaratdıqları yalnız yaşadığı zaman kəsiyi
və yaxud ictimai-siyası və ideoloji formasiya
üçün yox, bütün zamanlar üçün
hesablanmalıdır. Bizə belə gəlir ki, bu
düstur-aforizm gənc sənətşünasın
bütün yaradıcılıq sahələrində
çalışan yaradıcı adamlara
ünvanladığı bir mesajdır. O, istəmir ki, sənət
adamlarının yaratdıqları əsərlərin
ömrü qısa olsun. Əksinə çalışır
ki, Azərbaycan rəngkarlarının və tişə ustalarının
yaratdıqları da ünlü dünya rəssamlarının
əsərləri kimi bütün zamanlara hesablansın...
Təsviri
sənətdə daim göz önündə olan, həm
özünü, həm də müəllifini yaşadan bir
sahə var. Bu monumental heykəltəraşlıq sahəsidir.
Düzdür, heykəltəraşlığımızın
tarixi o qədər də qədim deyil. Amma buna baxmayaraq
qısa zaman içində bu sahədə böyük
uğurlar əldə etmişik. Bunu ölkəmizin və onun
paytaxtı Bakının timsalından da aydınca görmək
olar. Fikir verin Bakının bütün diqqətçəkici
guşələrində Nizaminin, Füzulinin, Nəsiminin,
M.F.Axundzadənin, C.Cabbarlının, M.Ə.Sabirin,
S.Vurğunun, X.B.Natəvanın, Y.Məmmədəliyevin, Ə.Vahidin,
Ü.Hacıbəylinin, M.Maqomayevin, Bülbülün,
Koroğlunun, H.Cavidin, N.Nərimanovun, Ə.Əzimzadənin və
onlarla başqalarının monumental heykəl və büstləri ucaldılıb. Əsəd Quliyevin
“XX əsr Azərbaycan incəsənəti haqqında
oçerklər” adlı kitabında bu abidələri
reallaşdıran tişə ustalarının bir neçəsi
haqqında oçerklər verilib. Bu baxımdan Azərbaycan
milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi
və bu məktəbin əsasını qoymuş Xalq rəssamı
Fuad Əbdürrəhmanova həsr edilmiş “Azərbaycan heykəltəraşlığının
banisi” incəsənətimizin müasir mərhələsində
özünəməxsus yaradıcılıq yolu ilə
seçilən Xalq rəssamı Ömər Eldarovun həyat
və yaradıcılığından bəhs edən
“Görkəmli heykəltəraş Ömər Eldarovun
yaradıcılıq dühası”, eləcə də Azərbaycan
heykəltəraşlıq məktəbinin
formalaşmasında və inkişafında müstəsna xidmətləri
olan Xalq rəssamı Cəlal Qaryağdının
çoxçalarlı yaradıcılığından bəhs
edən “Görkəmli tişə ustası Cəlal
Qaryağdı”, Xalq rəssamı Tokay Məmmədov
yaradıcılığından söz açan “Xalq rəssamı
Tokay Məmmədovun yaradıcılığı” adlı
oçerkləri xüsusi maraq doğurur. Çünki sənətşünas
Əsəd Quliyev bu nəhənglərin
yaradıcılıqlarını hərtərəfli
araşdırıb və obyektiv dəyərləndirib. Heykəllərin
kompozisiya orijinallığı, plastikası, daxili və xarici
ekpressiyası və nəhayət fəlsəfi-estetik mahiyyəti
araşdırılıb üzə çıxarılıb.
Müəllif bu tendensiyanı haqqında söhbət
açmadığımız digər sənətkarların
yaradıcılığını araşdırarkən də
davam etdirib.
Sənətşünas
Əsəd Quliyevin “XX əsr Azərbaycan incəsənəti
haqqında oçerklər” kitabında bir neçə
xanım sənətkarımız barədə də
yazılar yer alıb. Belə yazılardan biri özünü
xüsusi yaradıcılıq istedadı ilə həmkarlarından
fərqləndirən və dövrünün sənət
adamlarının diqqətini cəlb edən Əməkdar incəsənət
xadimi Vəcihə Səmədovaya həsr edilmiş “Azərbaycan
təsviri sənətinin kraliçası” adlı
oçerkdir. Bu gün gənclərin çoxlarının
yaradıcılığına az bələd olduqları Vəcihə
Səmədova milli təsviri sənətimizdə yeni ab-hava
yaratmış bir sənətkardır. Müəllif rəssam
barəsində yazır: “Rəssamın
yaradıcılığının səciyyəvi xüsusiyyətləri
kimi forma və məzmun dolğunluğunu, mövzuya sərbəst
yanaşma ustalığını və professional kompozisiya
qurma məharətini, zəngin kolorit həllini və sərbəst
yaxı manerasını, ritmik rəng keçidlərini,
plastikanın dinamikliyini və işıq kölgə
münasibətlərinin mahiranə əlaqələndirilməsi
bacarığını qeyd etmək olar”.
Göründüyü kimi bu yanaşma müəllifin obyektinə
dərindən yanaşmasının və
professionallığının nəticəsidir.
Əsəd
Quliyev ölkəmizdə və onun hüdudlarından kənarda
yetərincə tanınan Maral Rəhmanzadənin və Elmira
Şahtaxtinskayanın yaradıcılıqlarına hərsr
edilmiş oçerklərində paralellər aparıb və
onların yaradıcılıqlarında özünü biruzə
verən bəzi xarakterik xüsusiyyətləri
araşdırıb üzə çıxarır. Bu, sənət
əsərlərinin obyektiv qiymətləndirilməsində ən
önəmli, ən diqqətçəkən cəhətdir.
Bildiyimiz
kimi Xalq rəssamları, Dövlət mükafatları
laureatları Tahir Salaov və Toğrul Nərimanbəyov dünya miqyasında tanınan və
qəbul edilən fırça ustalarıdır. Sərt və
poetik üslubda işləyən bu sənətkarların ən
böyük uğurları yaradıcılıqlarında
milliliklə bəşəriliyin harmoniyası və ifadə
yönünün orijinallığı, rəng
yaxılarının ritmik ahəngidir. Əlbəttə, hər
iki rəssamın yaradıcılığında
özünü qabarıq biruzə verən bu keyfiyyətlər
barədə həm ölkəmizdə, həm də onun
hüdudlarından kənarda çox yazılıb.
Sözsüz ki, yaradıcılıqları barədə
tez-tez yazılan, sənətşünas alimlər tərəfindən
elmi təhlildən keçirilən bu sənətkarlar barədə
yazmaq, təzə söz demək çox çətindir. Gənc
sənətşünas Əsəd Quliyevin uğuru ondadır
ki, o, qorxmadan, çəkinmədən hər iki dünya
şöhrətli rəssamın yaradıcılıq
dünyasına daxil ola bilmiş və yeni rasional fikirlər
söyləməyə nail olmuşdur.
Kitabda
toplanan hər bir oçerk barədə geniş söhbət
açmaq, onları analitik elmi təhlildən keçirmək
o qədər də asan deyil. Ona görə belə qərara
gəldik ki, bir neçə oçerk qəhrəmanının
timsalında yeni çapdan çıxmış bu sənətşünaslıq
nümunəsinin rəssamlıq sənətimizdə
oynayacağı rolu müəyyənləşdirək. Bununla
əlaqədar cəsarətlə onu deyə bilərik ki, gənc
yaşında sənətşünaslıq aləminə
kitabla qədəm qoyan Əsəd Quliyevin “XX əsr Azərbaycan
incəsənəti haqqında oçerklər” kitabı təsviri
sənətimizə yeni müasir baxışın bəhrəsidir.
Bu kitab rəssamların və tişə ustalarının təbliğində,
eləcə də gənc nəslin təsviri sənət sahəsində
yetişib formalaşması işində bir dərslik kimi
önəmli rol oynayacaq.
Möhbəddin Səməd
525-ci qəzet.- 2013.- 23 aprel.- S.8.