Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi

 

Məlum olduğu kimi, müsəlman aləmində ilk məscidlər 623-cü ildə Mədinədə Məhəmməd Peyğəmbərin evinin yerində, 630-cu ildə Məkkədə, yəni Kəbədə, 632-ci ildə Canadiyada, VII əsrin 70-ci illərində Sapedə Əl-Cami, Əl-Kəbir, 687-691-ci illərdə Qüds ətrafında Kubbat əz Səhra, VIII əsrin əvvəllərində Qüdsdə əl-Əksa, 708-ci ildə Dəməşqdə Validə   641-ci ildə Qahirədə tikilmişdir.

VII əsrin ortalarında İslam dininin Azərbaycanda yayılmasını rəsmiləşdirən tarixi dini abidələr içərisində məscidlər xüsusi yer tuturdu. Müsəlmanlar bu ərazilərdə islam dinini geniş yaymaq məqsədilə ilk növbədə cümə məscidləri inşa edirdilər. Bu məscidlərdən birincisi 733-cü ildə Dərbənddə, ikincisi isə 743-cü ildə Şamaxıda inşa olunmuşdur. Dərbənddə hər məhəllənin öz məscidi tikilməklə, 733-cü ildə ümumşəhər Cümə məscidinin inşa olunması başa çatdı. Geniş bir meydanda şərqdən qərbə doğru istiqamətlənən düzbucaqlı daş hasarla (uzunluğu 67 m, eni 17 m.) əhatə olunmuş Cümə məscidi sütun düzülüşü ilə kvadrat formada üç hissəyə ayrılırdı. Cümə məscidinin gümbəzlənmiş üstü dini məzmun daşıyan rəsmlərlə bəzədilmişdi. Zəlzələ nəticəsində ciddi zədə almış Dərbənd Cümə məscidi 1368-ci ildə bakılı memar Tacəddin Musa oğlu tərəfindən şəhər hakimi Əfriburzun göstərişi ilə əsaslı təmir olunmuşdur. İlk ərəb məscidlərinin inşasını nəzərə almasaq, Dərbənd Cümə məscidi müsəlman dünyasının Qafqazda ən qədim ibadət yerlərindən biridir.

Şamaxıda inşa edilən Cümə məscidi Şirvan ərazisində ən çox diqqəti cəlb edən ilk dini tikililərdən biri idi. İslam dininin əzəmətini nəzərə çarpdırmaq üçün Cümə məscidlərinin memarlığına xüsusi diqqət yetirilirdi. Uzunluğu 47 metr, eni 28 metr olan Şamaxıdakı Cümə məscidinin geniş zalı kvadrat şəkilli üç sərbəst hissəyə bölünmüş bunlar bir-birilə enli keçidlərlə əlaqələndirilmişdi.

Azərbaycanda islam dininin yayılması ilə əlaqədar Bakıda Məhəmməd ya Sınıqqala məscidi kimi tanınan, Şirvan-Abşeron memarlığının bir çox cəhətlərini özündə birləşdirən bu məscid 1078-ci ildə ustaların başçısı Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunmuşdur. Zəngin dekorativ elementlərlə bəzədilmiş bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Tağbəndin çərçivəsi Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə ornamentlərlə bəzədilmişdir. Məscidə bitişik şəkildə qaldırılmış silindrik formalı minarə yuxarıdan karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı eyvanı ilə tamamlanır. Minarə daxilində quraşdırılmış vintvari daş pillələr ibadət zalının döşəməsindən başlanır. Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı qoyulmuşdur. Məscidin damı iri daşlarla döşənmiş, skalantik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayəsi yazılmışdır.

Bakının qədim dini abidələrindən biri Bibiheybətdə Şıxlar kəndində inşa olunmuş məsciddir. Həmin məscid dağ döşündə dəniz sahilindən yarım kilometr aralı, yeddinci imam Museyi Kazımın Əməvi xəlifələrinin təqiblərindən qaçıb Bakıya gəlmiş qızının türbəsinin yerində tikilmişdir. Məlum olduğu kimi imam Museyi Kazım 800-cü ildə xəlifə Harun ər–Rəşid tərəfindən Bağdadda öldürülmüşdür. Digər bir məlumata görə Xilafətin mərkəzində hakimiyyət uğrunda gedən mübarizədə məsləklərindən dönməyən insanları öz vətənlərini tərk etməyə məcbur edirdilər. Səkkizinci imam Rza da ailəsi ilə birlikdə doğma yurdunu tərk edənlər arasında olmuşdur. İmam Rza Xorasana, qızı bacısı isə Bakı ətrafına gəlib çıxaraq, indiki Şıxlar kəndinin yerində məskən salmış burada da vəfat etmişlər. Müqəddəslərdən sayıldıqlarına görə onların dəfn olunduğu yerdə türbə məscid tikilmişdir. İmam Rzanın bacısının adı Hökumə xanım idi. 825-ci ildə səkkizinci imam Rza şəhid olduqda Hökümə (Həkimə) xanım üç uşaqla Məşhəddən Ənzəli şəhərinə gəlmiş, burada Babasucad adlı şəxs onu Ənzəlidən gəmi vasitəsi ilə Bakıya gətirmişdir. Vətəni Mədinəyə qayıtmaq təhlükəli olduğuna görə Hökümə xanım Azərbaycanda qalmışdı. Burada Hacı Bədir adlı bir şəxs onları qəbul edib evində gizlətmiş məxfilik olsun deyə, öz adını dəyişərək Heybət qoymuşdu. Bibi Heybət məscidi ilə bağlı rəvayətlərin bir qismində Hacı BədirHeybət nökər kimi təqdim olunsa da, əslində o, varlıdövlətli, başqalarını himayəsində saxlamağa qadir olan bir şəxs olmuşdur. Hacı Bədirin Həzrət Hökümə xanımabibideyə müraciət etməsi isə onun imam övladına hörmət ehtiramının ifadəsi idi. Heybət Hökumə xanımı bibi çağırdığından məscid Bibi Heybət, yəni Heybətin bibisinin məscidi adlandırılmışdır. Məscid tikildikdən sonra yeni təriqətin üzvləri–şeyxlər onun ətrafına toplaşdı kənd onların adı ilə Şeyxlər ya Şıxlar adlanmağa başladı. Məscidin yanında 20 metrlik yaraşıqlı minarə ucalırdı. Məscidə bitişik türbə, sərdabə məzarlar var idi. 1900-cü ildə şimal tərəfdən türbəyə bitişik yeni məscid tikilmiş bununla əlaqədar köhnə məsciddə türbədə bərpa dəyişiklik aparılmışdır.

Köhnə məscidin cənub divarında ərəbcə kitabə mövcud idi. Kitabədə deyilirdi: “Mahmud ibn Sədin əməlidir”. 1301-ci ildə Nardaran kəndində tikilmiş qalada da eyni məzmunda kitabə vardır. Həmin memarın adı İçərişəhərdəki Molla Əhməd məscidinin kitabəsində çəkilir. Beləliklə, Bibiheybət məscidinin tikilmə tarixini XIII əsrin sonlarına aid etmək mümkündür.

Bakı şəhərində diqqəti cəlb edən əzəmətinə görə xüsusi maraq doğuran məscidlərdən biri Təzəpir məscididir. Müqəddəslik Təzəpir məscidinin özülündən başlanır. Tədqiqatlar sübut edir ki, məscidin dərin süxur qatları altında mövcud olan turbeyi-şərif zəmanəsinin görkəmli alimi övliyası Şeyx Əbu Səid Abdal Bakuyi həzrətlərinə aiddir. Həzrət Əlinin nəslindən olan bu insan böyük kəramət fəzilət sahibi, dövrünün tanınmış ziyalılarından biri olmuşdur. Bununla bağlı Abbasqulu ağa Bakıxanov yazır: “Əbu Səid Abdal yoxsul olmasına baxmayaraq, kəramətilə tanınmış son dərəcə əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir sovmədə oturub ibadətlə məşğul olurdu. Əbu Səid azacıq mədaxili ilə yanına gələnləri qonaq edirdi. Sultanların fərmanlarına əsasən Şibani nefti əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Bu ölkənin vəziyyətində əmələ gələn ixtişaş nəticəsində Əbu Səidin məscidi karvansarası dağılaraq, qəbri ibadət etdiyi yer torpaq altında qalmışdır. Bu yerdə olan bir neçə evXəlifə damıadı ilə tanınmağa başlamışdır”.

 

(Ardı var)

 

 

Anar İSGƏNDƏROV,

Tarix elmləri doktoru,

Professor

 

525-ci qəzet.- 2013.- 23 aprel.- S.  6.