“Dəmir ledi” əfsanəsi
Tarixə qovuşur,
amma M.Tetçer həqiqəti yaşayır
Mən
onu ilk dəfə 1992-ci ilin payızında Bakıya səfəri zamanı
“Gülüstan” sarayında yaxından
görmüşdüm. Adamları maraqla seyr edən sərt
baxışları, replikalara ani reaksiyası, üzündən
əskik olmayan təbəssümü, qətiyyətli səsi
və bir də əsl kübar xanımlara xas olan incə
davranışı yadımda
qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP
şirkətinin məsləhətçisi kimi Bakıya xeyli
ümidlər doğuran səfərindən geniş reportaj
hazırlamışdım. Xəbərlərin gecə
buraxılışında isə ayrıca şərhlə
çıxış etmişdim. Şərhin yadımda qalan
təxmini motivi bu idi ki, ingilisləri Bakıya çəkib gətirən
neft qoxusudur və xanım Tetçerin də səfəri
1918-ci ildə ingilislərin yarımçıq qalmış
niyyətlərini gerçəkləşdirmək üçündür.
Belə yanaşmaya “mız” qoyan olmadı. Onda məmləkətimiz
gerçək müstəqilliyin eyforiyasını
yaşayırdı, televiziyada da azadlığın
hüdudları kifayət qədər geniş idi...
lll
Böyük
Britaniya tarixində ilk və yeganə qadın baş nazir, son
150 ildə ən uzunömürlü hökumətin
başçısı olmuş
Marqaret Tetçerin adı ötən əsrin
axırlarında bütün dünyada bir əfsanə kimi
dolaşırdı. Avropada onu
güzəştsiz siyasət cəngavəri sayırdılar,
Amerikada ondan heyrətlə danışırdılar, digər
qitələrdə, xüsusən üçüncü
dünya ölkələrində isə bu ingilis
xanımına, sadəcə qibtə və həsədlə
baxırdılar. Mediada və siyasət mərkəzlərində
ona əbəs yerə “Dəmir ledi” ləqəbini verməmişdilər.
O, ənənəvi siyasətin gücünə və
özünün polad iradəsinə arxalanaraq bütün fəaliyyəti
boyu yaddaşlardan silinməkdə olan orta əsr İngiltərəsinin
möhtəşəm obrazını dirçəldib təqdim
etməyə çalışırdı.
İnadkarlığına və sərtliyinə görə
siyasətçilər onu, həm də “parlaq tiran”
(H.Macmillan) və “İngiltərədə ən yaxşı
kişi” (R.Reyqan) adlandırırdılar.
M.Tetçerin
“Şər imperiyası” adlanan SSRİ-dən zəhləsi
gedirdi, sovet sistemini və kommunizmi bütün Avropa
üçün böyük təhlükə sayırdı.
Lakin M.Qorbaçov “yenidənqurması”ndan sonra münasibətlər
bir az ilıqlaşmışdı. Sovet ictimaiyyəti ilk dəfə
onunla 80-ci illərin axırlarında üz-üzə görüşə
bildi. M.Tetçer həmin dövrdə Moskvaya səfərə
hazırlaşırdı, həmin səfər ərəfəsində
isə Mərkəzi Televiziya Böyük Britaniyanın
baş naziri ilə bir müsahibə
hazırlamışdı.
Həmin
müsahibəni televiziyada sovet ideologiyasını tərənnüm
edən dörd nüfuzlu siyasi icmalçı aparırdı.
Qeyri-bərabər döyüşə bənzəyən və
etik qaydaların tez-tez pozulduğu bu müsahibə mənim
heç yadımdan çıxmır. Kişilər bəhsə-bəhsə
girərək xanım Tetçerə suallar
yağdırır, protokol müsahibəsinin hədlərini
keçərək onunla mübahisəyə girişir, Qərbin demokratiya dəyərləri
barədə baş nazirin arqumentlərini “heçə
çıxarmağa” çalışırdılar. Bu qeyri-bərabər
“döyüşdə” Tetçer nə qədər gözəl,
ağıllı və məğrur görünürdü.
O, briqada üsulu ilə üzərinə
tökülmüş sovet jurnalistlərinin hücum xarakterli
suallarına ağılla, təmkinlə, məntiqlə və
həm də onu bir az da gözəlləşdirən təbəssümlə
cavab verirdi. Uzun illər sovet adamlarına “mənfur”
imperializmin dayaqlarından biri kimi təqdim edilən dövlətin
təmsilçisi tamaşaçıların gözü
qarşısında sülh göyərçini kimi qanad
açıb uçurdu. O, ingilis hiyləgərliyi ilə
deyil, dərin ağlının, zəkasının
işığı ilə insanların qəlbini fəth
edirdi. Həmin illərdə Tetçer təkcə ekran
müsahibəsi ilə yox, Moskvaya səfəri, bu səfərin
gedişində qeyri-standart davranışı ilə də
sovet adamlarının gözündə böyük siyasətçi
obrazını təsdiqlədi.
Hakimiyyətə
gələndən iki il sonra, 1981-ci ildə keçirilmiş
ictimai rəy sorğusunda məlum oldu ki, M.Tetçer Britaniya
tarixində ən az sevilən baş nazir imiş (rəqibləri
onu cəmiyyəti varlılara və kasıblara bölməkdə
ittiham edirdi, lakin sonralar o, qaza, neftə, polada, telefona, hava
yollarına dövlət monopoliyasını ləğv edərək
bu sahələri özəlləşdirdi). Ancaq bircə il
keçdi və Argentinaya qarşı Folklend müharibəsini
udandan sonra onun Mühafizəkarlar partiyası parlament
seçkilərində çox parlaq qələbə
qazandı. Məhz bu müharibə onun siyasi bioqrafiyasında
və İngiltərənin müasir tarixində möhtəşəm
səhifəyə çevrildi.
Xanım
Tetçer, bu müharibədə, sözün əsl mənasında,
qibtəediləsi qətiyyət, güclü xarakter və
tükənməz enerji nümayiş etdirdi. Folklend sahillərində
Britaniyanın iki hərbi gəmisini batırması Argentinaya
baha oturdu. Tetçer bütün hərbi-dəniz
donanmasını və ölkə kəşfiyyatını
ayağa qaldıraraq, müstəmləkəçi əcdadlarının
ruhunu dirçəltdi. O, təkcə Argentinanı dizi üstə
qoymadı, həm də onunla gizli əlaqəsi olan Avropa
dövlətlərinin gözünün odunu aldı, ilk
növbədə Peruya gəmivuran raketlər satmış
Fransanı divara dirədi, qos-qoca Mitteranı hədələdi,
NATO üzrə müttəfiqlərinə sərt mesajlar
verdi. Qarşı tərəfə gizli rəğbətinə
görə SSRİ-ni də cavabsız qoymadı. Nəticədə
artıq 1982-ci ilin iyulunda Britaniya Folklend adalarına yenidən
sahiblənmişdi.
lll
Xanım
Tetçeri ikinci dəfə 1995-ci ilin oktyabrında ABŞ-da
gördüm. BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə
iştirak etmək üçün Nyu-Yorka gəlmişdi. O
vaxt az qala bütün dünya BMT-yə
toplaşmışdı və sanki görkəmli siyasətçilərin
qeyri-adi paradı idi. Tədbirdə iştirak edən
keçmiş sovet liderlərindən – Eduard Şevardnadze və
Heydər Əliyev də burada diqqət mərkəzində
idilər. Azərbaycan prezidenti H. Əliyevin həmin günlərdə
C. Meycor, J.Şirak, İ.Rabin, U.Kekkonen, M.Olbrayt kimi nəhəng
siyasət adamları ilə görüşləri indi də
bir kino lenti kimi gözlərim önündən gəlib-keçir.
İqamətgahı Nyu-York otellərinin birində yerləşən
H.Əliyevlə görüşə xanım M.Tetçer də
gəlmişdi.
Görüşün təxminən 5-6 dəqiqəsi
jurnalistlərin iştirakı ilə keçdi, sonra bir xeyli
çəkən qapalı söhbət oldu. Görüş
bitəndən sonra baronessa Azərbaycan jurnalistlərilə
müsahibəyə razılaşdı. Otelin kiçik dəhlizində
səslənən və hərəsi bir batman gələn
sualların çoxluğuna baxmayaraq, əslində buna
müsahibə demək olmazdı. Açıqca hiss olunurdu
ki, siyasətçi xanım sadəcə xətrimizə dəyməmək
üçün bizi yola verirdi, o səbəbdən də
bütün sualları ümumi sözlərlə, həm də
qısa cavablandırırdı, heç bir ciddi mətləbə
toxunmurdu. Mən əlimdə mikrofon onunla lap üzbəüz
dayanmışdım, “Dəmir ledi”nin üz cizgilərini,
gözlərində bir anlığa parlayıb-sönən
qığılcımları, sualları dinləyərkən
bəzən təəccüblə qaşlarını
çatmasını, soyuqqanlı davranışını və
bir də çoxmənalı siyasətçi təbəssümünü
rahatca müşahidə edirdim...
Britaniyanın
baş naziri C.Kameron M.Tetçerlə vida mərasimində onu
böyük lider, böyük baş nazir və böyük
britaniyalı adlandırdı. Bəli, 87 il ömür
sürmüş, bir çox siyasi burulğanlardan məharətlə
keçmiş baronessa, həqiqətən böyük ölkənin
böyük lideri idi. Onun şərəfli siyasi
bioqrafiyası ölkəsi üçün
başucalığına çevrildi, çünki bütün varlığı ilə
sevib-xidmət göstərdiyi xalqının tarixdən
qaynaqlanan milli qüruruna yeni və silinməz çalarlar əlavə edə bildi. Baronessa təkcə
Britaniya siyasi həyatında deyil, dünya siyasi tarixində
bütöv bir mərhələ oldu.
Xanım
Tetçer dövlət idarəçiliyi və siyasət sahəsində
bir çox dəyərlər yaratdı, həm də Qərbin
az qala unudulmuş dəyərlərini gün
işığına çixararaq onlara yeni həyat verdi.
Bütün bunları o, “Dövləti idarəetmə sənəti”
kitabında əks etdirib, müddəalar vardır. Tetçerə
görə, məhz şəxsiyyətə, onun ləyaqətinə
hörmət, mülkiyyətin toxunulmazlığı,
müstəqillik və azadlığın qorunması,
hüquqi zəmin, demokratiya kimi dəyərlər Avropanı
hökmran mövqeyə çıxarmışdı. Ona
görə də ağıllı və
düşünülmüş hüquqi təminat həm cəmiyyət,
həm də iqtisadiyyat üçün misilsiz əhəmiyyət
kəsb edir. O, dövlət – vətəndaş
münasibətlərinə də çox orijinal yanaşaraq
hesab edir ki, dövlət cəmiyyətdən fərqlidir.
Dövlət insanların ağası deyil, nökəridir,
ona görə də dövlət
hökmranlıq etməməli, yalnız xidmət etməli
olduğuna inanmalıdır.
Müasir
dünya üçün aktual olan “hərb və sülh” məsələsinə
də demokratiya prizmasından yanaşması Baronessanın
orijinallığı sayılır. Onun bu barədə irəli
sürdüyü müddəalar çox əhəmiyyətlidir.
M.Tetçer bütün ölkələrdə və qitələrdə
demokratiyanın bərqərar olmasını ölkəsinin
xarici siyasətinin əsas qanunu və üstəlik də
fundamental aspekti hesab edir. Eyni zamanda “Dəmir ledi”yə görə,
ağlabatan və sabit beynəlxalq qayda, yalnız millətlərə
və milli dövlətlərə hörmət üzərində
qurula bilər. Bunsuz sabitlik həmişə qala bilər.
Əlbəttə,
demokratiya və idarəçilik haqqında o siyasətçilərin
fikirləri qəbul edilir ki, onlar öz fəaliyyətləri
ilə bu müdrikliyi nümayiş etdirirlər. Yəni
sözləri ilə əməlləri arasında fərq
yoxdur. Müasir dünya tarixində bir epoxa olmuş
M.Tetçer məhz o siyasətçilərdəniydi ki,
haqqında danışdığı dəyərlərə
sadiq idi, bəzəkli şüarlar yox, tarixi dəyərlər
yaradırdı. Tarix də ona görə tarixdir ki, öz səhifələrində,
məhz belə nəhənglərə qucaq açır,
onları həm əfsanə, həm də həqiqət kimi
yaşadır.
Qulu Məhərrəmli,
professor
525-ci qəzet.-
2013.- 23 aprel.- S.5.