Azərbaycan milli peşəkar dünyəvi
teatrı: 140 illik şanlı tarixə bir nəzər
Qədim
Misirdə məşhur bir deyim var: “Keçmişi öyrən,
çünki o, gələcəyin müəllimidir”. Bu deyimi bir sıra mədəniyyət sahələri
kimi teatr prosesinə də şamil etmək olar. Çünki əksər hallarda teatrın gələcək
inkişaf perspektivlərinin təyin olunmasında
keçmişin praktikası həlledici rol oynayır.
Azərbaycanda “teatr” anlayışının yaranması
qədim dövrə gedib çıxır. Açıq
havada insanların gur məskunlaşdığı ərazilərdə
nümayiş etdirilən kütləvi xalq tamaşaları sənət
növü kimi “Meydan teatrı” adını
daşıyır. Bu teatr xalqın mənəvi
varlığını, idrakının təkamül mərhələlərini,
əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini
müxtəlif məzmun və formalarla təcəssüm etdirən
oyun vasitələrinin, üslub və janrların bədii
toplumudur. Meydan tamaşalarını şərti olaraq “mərasim
və əsatir şənlik oyun tamaşaları”, “kütləvi
həyat və məişət, etno-mədəni
oyun-tamaşaları”, “tamaşa-teatr estetikası anlamına
yaxın olan əyləncə-səhnə oyunları” və
“dini-mistik xarakterli şəbih tamaşaları” qruplarına
ayırmaq olar. Başlanğıc rolunu oynayan “Qodu-qodu”, “Bəbəkoyunu”,
“Kəvsəc”, “Yuğ”, “Kilimarası”, “Qaravəlli”, “Şəbih”,
“Laloyunu” və digər xalq teatrı nümunələri
zamanla püxtələşərək peşəkar
teatrın yaranmasında tramplin rolunu oynadı.
Milli xalq
oyun-tamaşalarımızın yaranma tarixi bir neçə
min il əvvəllərə dayansa da,
peşəkar teatrımızın yaranması və təşəkkülü
XIX əsrin ortalarına təsadüf edir. Yazılı
mənbələrdə (“Kavkaz” qəzetində) Azərbaycanın
müxtəlif bölgələrində fəaliyyət
göstərən sirk (Şuşada Lamberkerin sirki) və ilk
teatr binasının (Şamaxıda) mövcudluğu
haqqında məlumatlar ayrı-ayrı bölgələrdə
insanların incəsənəti dərk edə bilən
yüksək zövqə malik olduqlarının əsas
göstəricisi idi. 1873-cü ildə
martın 10-da səhnələşdirilən M.F.Axundzadənin
“Hekayəti – Vəziri Xani Lənkəran” tamaşası Azərbaycanda
professional teatr tarixinin əsasını qoydu. Elə həmin gün Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının təşəkkülü kimi
tarixə düşüb. Başda dramaturgiyamızın
banisi M.F.Axundzadə olmaqla, görkəmli maarifçi Həsən
bəy Zərdabi və Nəcəf bəy Vəzirov, daha
sonrakı mərhələlərdə Cəlil Məmmədquluzadə,
Əbdürrəhim Bəy Haqverdiyev, Nəriman Nərimanovun əvəzsiz
xidmətləri bu sahənin inkişafında
danılmazdır. M.F.Axundzadənin səhnə
sənəti haqqındakı fikirləri teatr tariximizin
bünövrəsi rolunu oynayaraq, nəsil-nəsil peşəkar
dramaturqlar və səhnə xadimlərinin yetişməsi və
tərbiyələnməsində əvəzsiz rol oynayıb.
O dövrün görkəmli səhnə ustaları Hüseyn
Ərəblinski, Hüseynqulu Sarabski, Cahangir Zeynalov, Mirzə
Muxtar Məmmədov, Əbülfət Əlvəndi, Rüstəm
Kazımov, Cəlil Bağdadbəyov və digər
istedadlı insanlar öz adlarını Azərbaycan teatr
tarixinə qızıl hərflərlə yazmışlar.
M.F.Axundzadənin təbirincə desək: “Teatrda bütün
təbəqələrdən olan ayrı-ayrı siniflərə
mənsub insanların – əfşardan, tacirdən tutmuş
kasıblaradək hamının baxmasına imkan yaranır. Bu sənətin məqsədi insanların əxlaqını
yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir”.
Bu müdrik fikirləri özünə hədəf
seçən Azərbaycan teatrı aram-aram, lakin mətin
addımlarla irəlilədi. Müsəlman Şərqində
ilk dünyəvi peşəkar teatr olan Azərbaycan teatrı
zaman keçdikcə şaxələnərək
ayrı-ayrı müstəqil teatrların yaranmasına gətirib çıxardı.
Daha böyük uğurlara imza atdı, tamaşaçı
auditoriyasını genişləndirdi, dünyaya
“çıxdı”...
Azərbaycan teatr tarixində özünəməxsus
yeri olan Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı Bakı Uşaq
Teatrının əsasında yaradılıb. Pioner və məktəblilərin
bədii özfəaliyyət dram dərnəkləri əsasında
yaradılan teatr “Fırtına” tamaşası ilə
yaradıcılığına start verib. Pioner dəstəsinin
rəhbəri Lətif Kərimlinin quruluşunda təqdim
olunan tamaşa 14 yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü
ilə hazırlanmışdır. Tamaşanın
afişası 1927-ci ildə mart ayının 15-ə məxsusdur.
1928-ci ildə Azərbaycan Xalq Maarif
Komissarlığının qərarı ilə Bakı
Uşaq Teatrı rəsmi olaraq fəaliyyətə
başlamışdır. Teatrın ilk aktyorları və
rejissorları Ağadadaş Qurbanov, Məmmədağa
Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov,
Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov,
Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər
Nemətov, Məhərrəm Haşımov, Əliməmməd
Atayev və başqaları olmuşlar.
Teatrın
rus bölməsi 1928-ci il noyabr ayının 6-da N.Smirnov və
S.Şerbakovun “Beş nəfər” pyesi əsasında
hazırlanmış eyniadlı tamaşa ilə, Azərbaycan bölməsi isə
1930-cı il yanvar ayının 30-da N.İvanterin
“Qırmızı qalstuk əleyhinə” adlı əsəri
ilə öz fəaliyyətinə başladı.
1936-cı
il iyul ayının 18-dən etibarən
Bakı Uşaq Teatrı Azərbaycan Xalq Maarif
Komissarlığının əmrinə əsasən “Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı”
adlandırıldı və ona Maksim Qorkinin adı verildi.
1954-cü
il fevralın 28-də Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının 25 illik yubileyi təntənəli
surətdə qeyd olundu. Yubiley günlərində Azərbaycanda
Uşaq və Gənclər Teatrının yaranması və
inkişafındakı xidmətlərinə görə Məhərrəm
Haşımov, Əliağa Ağayev və Ağadadaş
Qurbanov respublikanın Xalq artisti, dramaturq Ə.Abbasov, rejissor Zəfər
Nemətov, rəssam Nikolay Ovçinnikov Azərbaycan SSR Əməkdar
incəsənət xadimi, rejissor Kamal Həsənov, artistlərdən
Məmmədağa Dadaşov, Yusif Dadaşov, Süleyman Ələsgərov,
Cəvahir İskəndərova, Aleksey Lejnyov, A.Lızina
Respublikanın Əməkdar artisti fəxri adı ilə təltif
olundu. Yubileydən sonra teatr özünün 26-cı
mövsümünü 1954-cü il sentyabrın
10-da Cəfər Cabbarlının “Yaşar” pyesinin
tamaşası ilə açdı.
1955-ci ilin oktyabrında teatr ilk dəfə olaraq, Uilyam
Şekspirin yaradıcılığına müraciət edərək,
böyük dramaturqun “İki veronalı” pyesini tamaşaya
hazırlamışdır.
Dramaturqlardan
Rauf İsmayılovun, İskəndər Coşğunun, Əfqan
Əsgərovun, Hüseyn Nəcəfovun, Qeybulla Rəsulovun
“İki həyat”, “Komsomol poeması”, “O mənim oğlumdur”,
“Valya Kotik”, “Əlvida, Hindistan” əsərləri bilavasitə
Zəfər Nemətovun rəhbərliyi, istedad və
bacarığı sayəsində sənət nümunəsinə
çevrilmişdir.
Əminə
Yusifqızı, Solmaz Qurbanova, Firdovsi Naibov, Zərnişan Fətəliyeva,
Sona Babayeva, Həsən Əbluç, Viktor Semerenko, İvetta
Ryabova, Arnold Xarçenko, Nelli Məmmədova, Tatyana Xaritonova
və başqaları məhz Zəfər Nemətovun rejissor
pedaqoq kimi yetirdiyi istedadlı aktyorlar idi.
Yarandığı ilk illərdə müasirliyə meyl
edən, vacib həyatı məsələlərə, cəmiyyətin
ağrılı sahələrini qabarıq verən, həmişə
bu ənənələri yaşadan yeni yaradıcı nəsil
yetişmişdir. Estafeti qəbul edən istedadlı aktyorlardan Tariyel
Qasımov, Gülşən Qurbanova, Yasin Qarayev, Almaz
Mustafayeva, Sona Babayeva, Azər Mirzəyev, Mübariz Əlixanoğlu,
Ədalət Məmmədov, Rauf Qəniyev, Konstantin Artyomov,
Zoya Xarçenko, rejissorlardan Azər Nemətov, Müharib
Tağıyev, Həsən Əbluç,
rəssamlardan Tair Tairov, Elçin Məmmədov kimi
istedadlı şəxsiyyətlərin teatrın ümumi
yaradıcılıq uğurlarında layiqli yeri vardır.
Yarım əsrlik
bir dövrdə öz tamaşaçılarına nümunəvi
xidmət göstərən, gənc nəslin estetik tərbiyəsində və vətənpərvərlik
ruhunda böyüməsində mühüm rol oynayan Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı səmərəli
fəaliyyətinə görə 1979-cu ildə yüksək
mükafata – “Şərəf” nişanı ordeninə, 1978-ci
ildə Respublika Lenin Komsomolu Mükafatı Laureatı
adına layiq görülmüşdür.
Teatr
1989-cu ilin dekabrında Kamal Aslanovun “Yuxulama” tamaşası ilə
Moskvada keçirilən beynəlxalq
teatr festivalında, 1993-cü ildə isə Daşkənd
şəhərində keçirilən “Şərq-Qərb”
Teatr festivalında uğurla çıxış etdi.
Daha
sonrakı illərdə teatr yazıçı-dramaturq
Elçinin “Mahmud və Məryəm” romanı əsasında
hazırlanan tamaşa ilə 2002-ci ildə Tatarıstan
Respublikasının paytaxtı Kazan şəhərində
keçirilən türkdilli xalqların VII Beynəlxalq Novruz
Festivalında, 2004-cü ildə “Ana qaz” tamaşası ilə Moskvada keçirilən
Televiziya-Teatr Beynəlxalq Festivalında, İlyas Əfəndiyevin
“Məhv olmuş gündəliklər” əsəri əsasında
hazırlanmış tamaşa ilə Kuznetskdə keçirilən
Beynəlxalq Teatr Festivalında, dahi Üzeyir Hacıbəyovun
“Arşın mal alan” operettası ilə 2006-cı ilin dekabr
ayında Moskva Vilayətinin Podolsk şəhərində
keçirilən II Beynəlxalq Teatr Festivalının
Qala-konsertində, 2007-ci ilin aprel ayında Türkiyə
Cümhuriyyətinin Alanya şəhərində ənənəvi
olaraq keçirilən 23 nisan Uşaq Bayramında N.Gəncəvinin
“Xeyir və Şər”, R.Rzanın “Ana Qaz” və
İ.Coşqunun “Çal oyna” tamaşaları ilə, 2008-ci
ilin aprel ayında ikinci dəfə Türkiyə Cümhuriyyətinin
Ankara və İqdır şəhərlərində 23 nisan
Uşaq Bayramı şənliklərində Ə.Orucoğlunun
“Nənənin kələyi”, mart ayının 27-dən aprelin
4-dək Belorusun paytaxtı Minsk şəhərində R.Rzanın
“Ana qaz” və S.Marşakın “Pişiyin evi”, may ayında isə
Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində
İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”
və S.Marşakın “Pişiyin evi” tamaşaları ilə
uğurla çıxış etmişdir.
Teatr
2009-cu il may ayının 26-dan iyunun 6-dək
Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində
keçirilən Türkdilli ölkələrin ənənəvi
9-cu Beynəlxalq Teatr festivalında Ə.B.Haqverdiyevin “Pəri
Cadu” tamaşası ilə respublikamızı uğurla təmsil
etmişdir.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 19 mart 2009-cu il 41 nömrəli
qərarına əsasən Azərbaycan Dövlət Gənclər
Teatrı və 30 sentyabr 2009-cu il tarixli qərarına əsasən
Bakı Kamera Teatrı Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrına birləşdirilmişdir. Elə həmin ilin aprel ayında əsaslı təmir
və yenidənqurma işlərindən sonra teatr yeni texnika və
müasir dizaynla təmin edilmiş binada fəaliyyətini
davam etdirmişdir.
Kollektiv
2010-cu il 4-11 iyun tarixlərində Krım Muxtar
Respublikasının paytaxtı Sinferopol şəhərində
keçirilən XII Beynəlxaq Antik İncəsənət
Festivalda G.Fiqeyredonun “Ezop” tamaşası ilə
çıxış edərək, festivalın ən
yaxşı Antik tamaşa mükafatına layiq
görülmüşdür.
2011-ci il 4-8 fevral tarixlərində İran İslam
Respublikasının Qurqan şəhərində
keçirilmiş 32-cu Beynəlxalq “Fəcr” teatr
festivalında müvəffəqiyyətlə
çıxış edən kollektiv “Otello” tamaşası ilə
çıxış edərək, uğurlu nailiyyətlərlə
Vətənə dönmüşdür.
2011-ci ilin iyun ayında Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının Uşaq və Gənclər
Teatrları Beynəlxalq ASSİTEJ-ə üzv seçilməsi
teatr sahəsində yaradıcılıq mübadiləsi və
dünya teatr məkanına inteqrasiya baxımından olduqca əhəmiyyətli
hadisə olmuşdur. Bir müddət sonra isə həmin beynəlxalq
qurumun Azərbaycanda milli mərkəzi
yaradılmışdır. 2011-ci ilin noyabr
ayında ASSİTEJ-in prezidenti İvetta Hardinin iştirakı
ilə Milli Mərkəzin ilk toplantısı
keçirilmişdir. 2012-ci ilin fevral ayında Beynəlxalq
ASSİTEJ-in İdarə Heyətinin növbəti
toplantısı da Bakıda keçirilmiş, ASSİTEJ-ə
üzv olan 22 dövlətin teatr mütəxəssisləri Gənc
Tamaşaçılar Teatrının fəaliyyəti ilə
yaxından tanış olmuşlar. 2012-ci ilin noyabr ayında
ASSİTEJ – Azərbaycan Milli Mərkəzi və Gənc
Tamaşaçılar Teatrı olaraq II Bakı Beynəlxalq
teatr konfransının işində yaxından iştirak edərək,
gələn il üçün bir neçə beynəlxalq
layihələrin reallaşması istiqamətində
müqavilələr imzalanmışdır.
84-cü mövsümə uğurla start verən
teatrın yaradıcı kollektivi 2011-ci ilin 10-20 noyabr tarixlərində
Sankt-Peterburqda keçirilən II Beynəlxalq “ArtOkraina” mono və
kiçik həcmli tamaşaların festivalında
P.Züskindin “Kontrabas” monotamaşası ilə uğurla
çıxış etmişdir.
Daha sonra kollektiv Əl-Füceyra Əmirliyində (BƏƏ)
keçirilən V Monodram Beynəlxalq Teatr Festivalında
iştirak edərək, Avstriya dramaturqu və publisisti Peter
Turrininin “Axır ki...” adlı monotamaşası ilə ölkəmizi
layiqincə təmsil etmişdir. 2012-ci ilin yanvar
ayının 28-dən, fevral ayının 2-dək teatrın
başqa bir heyəti İran İslam Respublikasında ənənəvi
olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr
Festivalında çıxış etmək üçün
İran İslam Respublikasına səfər etmişdir. Festivalda yaradıcı heyət görkəmli italyan
aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu”
tamaşası ilə çıxış etmişdir.
85-ci teatr
mövsümünün ilk ayı – sentyabr ayının 6-dan –
11-dək kollektiv Belarus Respublikasının Brest şəhərində
ənənəvi olaraq keçirilən XVII Beynəlxalq
“Belaya Veja” adlı teatr festivalında yenə də “Don Rafaello
tranbomçu” tamaşası ilə uğurla
çıxış etmişdir.
Yeni təmirli və hər növ avadanlıqlarla təmin
olunmuş teatrda repertuar siyasətinə ciddi önəm verilərək
qısa zaman kəsiyində bir sıra müasir
dramaturgiyamızın ən maraqlı nümunələri ilə
yanaşı dünya və Azərbaycan klassiklərinin əsərlərinə
müraciət edilib. Bu illər ərzində teatrda “Şeyx Sənan”
(H.Cavid), “Aydın” (C.Cabbarlı), “Məkkəyə gedən
yol” (C.Məmədquluzadə), “Albalı bağı”
(A.P.Çexov), “Otello” (U.Şekspir), “Ezop” (G.Fiqeyredo), “Hekayəti
xırs quldurbasan” (M.F.Axundov), “Viktoriya” (K.Hamsun), “İfritin kələyi”
(Y.Şvarts), “Ələddinin sehrli çırağı” (Ərəb
xalq nağılı), “Axırıncı qatar və yaxud itlər”
(İ.Fəhmi, O.Kazımi), “Şelkunçik” E.T.A.Hofman),
“Yatmış gözəl” (B.Marvin), “Oliver Tvistin macəraları”
(Ç.Dikens), “Mənim ağ göyərçinim” (T.Vəliyeva),
“Göyçək Fatma” (Azərbaycan xalq nağılı), “Əcəl
atı” (V.Əlixanlı), “Mən səni sevirəm – MSS” Ə.Əmirli,
“Məhv olmuş gündəliklər” (İ.Əfəndiyev),
“Romeo və Cülyetta” (U.Şekspir), “Buzovna kəndinin əhvalatları”
(Elçin), “Şahzadə Xəzərin nağılı”
(K.Ağabalayev, N.Kazımov), “Əlincə qalası” (Dilsuz),
“Pələng ili” (F.Mustafa) kimi əsərlər böyük
müvəffəqiyyətlə səhnələşdirib.
Ölkə
başçısının müvafiq sərəncamı ilə
bu il Azərbaycan milli
dramaturgiyasının banisi, görkəmli dramaturq və
mütəfəkkir M.F.Axundzadənin 200 illik yubileyi qeyd
olunmuşdur. Eyni zamanda 2012-ci il TÜRKSOY
çərçivəsində “Mirzə Fətəli Axundzadə
İli” elan olunub. Hazırda teatrda böyük
dramaturqun iki tamaşası oynanılır. Bunlar “Hekayəti-xırs quldurbasan”, “Lənkəran
xanın vəziri” tamaşalarıdır. Digər iki
“Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli
şah” əsərləri isə yenidən işlənilib, bərpa
olunaraq repertuara daxil edilmişdir. Paytaxtda
keçirilən festival çərçivəsində
teatrda M.F.Axundzadə tamaşalarından ibarət həftəlik
çıxışlar keçirilmişdir.
Teatr müxtəlif vaxtlarda Moskva, Volqoqrad, Tümen,
Krasnodar, Selinoqrad, Tbilisi, İrəvan, Daşkənd,
Aşxabad, Kazan və başqa şəhərlərdə beynəlxalq
teatr festivallarında və qastrol səfərlərində
uğurla çıxış etmişdir.
Dünya teatrları ilə qarşılıqlı
yaradıcılıq əlaqələri uğurla davam
etdirilmişdir. Belə ki, 2012-ci ilin noyabr ayında Rusiya
Federasiyasının Həştərxan Dövlət Gənc
Tamaşaçılar Teatrı Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının səhnəsində 3
günlük qastrol səfərində olmuşdur. Teatr rəhbərliyi
arasında bağlanılmış qarşılıqlı
qastrol səfəri haqqındakı müqaviləyə əsasən
2013-cü il sentyabr ayının sonunda Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan
şəhərinə ezam olunacaqdır.
Hazırda teatrda ciddi yaradıcılıq işləri
gedir. Yeni tamaşaların hazırlanması ilə
yanaşı, bir neçə ölkədə keçiriləcək
festivallarda iştirak etmək üçün həmin festivalların
rəhbərləri ilə danışıqlar
aparılır. Teatrın 2012-ci il
üçün repertuar planında təsdiq edilmiş 8 yeni
tamaşa hazırlanıb teatrsevərlərin ixtiyarına
verilmişdir.
Teatrda
müasir dramaturgiyamızın ən maraqlı nümunələri
ilə yanaşı dünya və Azərbaycan klassiklərindən
Vilyam Şekspirin, Jan Batist Molyerin, Fridrix Şillerin, Karlo
Qoldoninin, Fonvizinin, Aleksandr Puşkinin, Aleksandr Ostrovskinin,
Nikolay Qoqolun, Mirzə Fətəli Axundovun, Nəcəf Bəy
Vəzirovun, Nəriman Nərimanovun, Cəfər
Cabbarlının, Süleyman Sani Axundovun, Abdulla Şaiqin və
başqalarının əsərləri də öz əksini tapmışdır.
Azərbaycan milli teatr sənətinin ayrılmaz qolu olan
Dövlət Gənc Tamaşaçılar Teatrı bir
sıra müqtədir səhnə xadimləri
yetişdirmişdir. Bunlardan bir çoxu sonradan öz yaradıcılıqlarını
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam
etdirmişlər. Xalq artistləri Ağadadaş Qurbanov,
Əliağa Ağayev, Süleyman Ələsgərov, Firəngiz
Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıxov,
Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy Sıqankov,
Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz Qurbanova,
Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Əməkdar
artistlər Məmmədağa Dadaşov, Osman Hacıbəyov,
Rəhilə Məlikova, Susanna Məcidova, Məfxurə
Yermakova, Firdovsi Naibov, Tamara Razumovskaya, Anatoliy Dobronetskiy, Arnold
Xarçenko, Cəvahir İskəndərova, Ruxsarə
Ağayeva, Mübariz Paşayev, Rafiq Hüseynov, Ədalət
Məmmədov, Mübariz Həmidov, Lətifə Əliyeva, Nübar Novruzova, Naibə
Allahverdiyeva, Rahib Əliyev, aktyorlardan Almaz Mustafayeva, Şəfəq
Əliyeva artıq Azərbaycan teatr tarixində özünəməxsus
yer tutmuşlar. Adları qeyd edilən sənətkarlarla bərabər
hazırda Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında Elşən Rüstəmov,
Kübra Dadaşova, Kəmalə Hüseynova, Qurban
İsmayılov, Şövqi Hüseynov, Leyli Vəliyeva,
Mehriban Abdullayeva, Nicat Kazımov, Eyvaz İbrahimov, Vüsal Mehrəliyev,
Nəsibə Eldarova və onlarla başqa istedadlı və
perspektivli aktyor nəsli çalışır.
Vaxtı
ilə teatrda maraqlı quruluşlar vermiş Xalq artistləri
Aleksandr Tuqanov, Məhərrəm Haşımov, Tofiq
Kazımov, Ağakişi Kazımov, Azərpaşa Nemətov, əməkdar
incəsənət xadimləri Zəfər Nemətov,
Hüseyn Sultanov, Ulduz Rəfili-Əliyeva, əməkdar artist
Kərim Həsənov kimi rejissorları indi Əməkdar
İncəsənət Xadimi Bəhram Osmanov, Xalq artistləri
Cənnət Səlimova, Vaqif Əsədov, Rafiq Əliyev,
Nicat Kazımov, Ağalar İdrisoğlu kimi istedadlı
rejissorlar əvəz etmişlər.
Teatr ASSİTEJ-in xətti ilə 2013-cü ildə Azərbaycanda
ilk dəfə uşaq və gənclər teatrlarının
beynəlxalq teatr festivallarını keçirmək niyyətindədir.
Azərbaycan
peşəkar teatrının yaranmasının 140 illiyinin təsadüf
etdiyi bu il həm də Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
yaranmasının 85 ili tamam olur. Bununla
bağlı təntənəli yubiley mərasimi həyata
keçiriləcəkdir. Bundan başqa
teatrda yaxın günlərdə yeni yaradılan “Çardaq”
səhnəsində yeni mono və eksperimental tamaşaların
nümayişi də həyata keçiriləcəkdir.
Azərbaycan teatr sənəti bütün dövrlərdə
dövlətin xüsusi diqqət və qayğısı ilə
əhatə olunmuşdur. Mədəni irsimizin
qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun
geniş təbliğində, dünya miqyasında şöhrət
tapmasında ümummilli lider Heydər Əliyevin xidmətləri
danılmazdır. H.Əliyev Azərbaycan dünyəvi
peşəkar teatrının 125 illik yubileyinin keçirilməsi
haqqında 30 avqust 1998-ci il tarixində sərəncam
imzalamış və sərəncama uyğun olaraq tədbirlər
planı qəbul edilmişdir.
Heydər Əliyevin siyasi kursu onun davamçısı
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilir. “Teatr və teatr fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr
2006-cı il),
Prezident “Teatr və teatr fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə fərmanın (6 fevral 2007) verilməsi bütün mədəniyyət sahələri
ilə yanaşı, teatr sahəsinə göstərilən
diqqətin bariz nümunəsidir.
“Azərbaycan
teatr sənətinin inkişaf etdirilməsi haqqında”
Respublika Prezidentinin Sərəncamı (19 fevral 2007-ci il) Azərbaycan teatrının maddi-texniki
bazasının gücləndirilməsi və
yaradıcılıq potensialının dirçəldilməsi,
teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədinə
xidmət etmişdir. Belə ki, sərəncama müvafiq
olaraq Heydər Əliyev adına Saray, Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus
Dram və Azərbaycan Dövlət Kukla Teatrlarının əsaslı
təmirini və müvafiq texniki avadanlıqla təchizatını,
Azərbaycan Dövlət Pantomima Teatrı, eləcə də
İrəvan Dövlət Azərbaycan Dram Teatrı və
Şuşa Dövlət Musiqili Dram Teatrlarının yerləşdiyi
binalarda təmir-bərpa işlərinin həyata keçirilməsinin
təmin olunması göstərilmişdir.
Azərbaycan
teatrının zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin
qorunmasını, milli-mənəvi dəyərlərin təbliği
və dünya mədəniyyətinə inteqrasiyasını
təmin etmək, milli teatr sənətinin davamlı
inkişafını dəstəkləmək məqsədi ilə
ölkə prezidenti tərəfindən “Azərbaycan
Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı və
bu proqramı təsdiqləyən Prezidentin 19 may 2009-cu il
tarixli Sərəncamı imzalanmışdır.
“Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində
2010-cu il noyabr ayının 8-dən 10-dək Bakıda ilk dəfə
keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər,
perspektivlər və alternativlər” adlı Beynəlxalq Teatr
Konfransına Rusiyadan, Gürcüstandan, Türkiyədən,
İrandan, Almaniyadan, İngiltərədən, ABŞ-dan,
Kanadadan, Sinqapurdan, Tunisdən, Hon-Konqdan, Avstriyadan, Çindən,
Fransadan, Estoniyadan, Belorusdan, Koreyadan, Omandan, Qazaxıstandan,
Qırğızıstandan, Litvadan, Moldovadan, Küveytdən,
Səudiyyə Ərəbistanından, Yunanıstandan-bir
sözlə 30 ölkədən 75 nəfər iştirak
etmişdir.
2011-ci
ilin sentyabr ayında A. Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrı UNİMA Beynəlxalq Kukla Teatrı
Assosiasiyasına üzv olmuş və UNİMA Azərbaycan
Milli Mərkəzi yaradılmışdır. 2011-ci
ilin 1-6 noyabr tarixində müstəqilliyimizin 20-ci
ildönümünə həsr olunmuş Bakı I Beynəlxalq
Kukla Teatrları Festivalı keçirilmişdir. Dövlət
Proqramına uyğun olaraq keçirilən festival respublika Mədəniyyət
və Turizm Nazirliyi, UNİMA və “Türksoy”un
təşkilatçılığı baş tutmuşdur. Festivalda 16 ölkədən 23 kukla teatrı
iştirak etmişlər.
2011-ci il noyabrın 2-dən 6-dək Böyük
Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları
mütəxəssislərinin iştirakı ilə ustad dərslər,
noyabrın 2-də Azərbaycan Dövlət Akademik Milli Dram
teatrında “Şərq və Qərbin kukla dünyası:
ideya, təşəkkül, texnika” adlı elmi-simpozium
keçirilmişdir. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının
rəhbərləri – UNİMA-nın baş katibi Jak Trüdeu
(Paris), UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava
(Çexiya), UNİMA-nın Türkiyə Milli Mərkəzinin
prezidenti Mövlut Özhan, ASSİTEJ-in prezidenti İvet Hardi
(Cənubi Afrika), Teatr tənqidçiləri Beynəlxalq
Assosiasiyasının Baş Katibi Mişel Vais (Kanada),
BTİ-nin Yaxın Şərq Ölkələri üzrə
koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı),
Fuceyra Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd
Saif Əl Alkham (BƏƏ), İliya Universitetinin rektoru Levan
Xetaquri (Gürcüstan) iştirak etmişlər.
Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında teatr tənqidçilərinin, noyabrın 5-də
Azərbaycan Dövlət Kukla Teatrında UNİMA-nın Azərbaycan
Milli Mərkəzinin ilk toplantısı keçirilmişdir.
25-31 mart
2012-ci il tarixlərində Akademik Milli Dram Teatrının
direktoru, sənətşünaslıq doktoru, professor
İsrafil İsrafilov və sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə Polşada
keçirilən Teatr Tənqidçilərinin Beynəlxalq
Assosiasiyasının XXVI Konqresində iştirak etmiş və
konqresdə Azərbaycan rəsmi şəkildə Teatr Tənqidçilərinin
Beynəlxalq Assosiasiyasına üzv qəbul olunmuşdur.
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına
ölkəmizin üzvlüyü milli mədəniyyətimizin
təbliği və inkişafı, eləcə də
dünyada baş verən mədəni proseslərdə
iştirakımız üçün geniş imkanlar
açır.
Beynəlxalq əhəmiyyət kəsb edən bu səfər
Azərbaycan prezidentin müvafiq sərəncamı ilə təsdiq
olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramında və Mədəniyyət və Turizm Nazirliyinin
tədbirlər planında nəzərdə tutulan milli
teatrımızın beynəlxalq teatr məkanına
inteqrasiyası istiqamətində atılan mühüm
addımlardandır.
Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı
çərçivəsində 2012-ci il noyabr ayının
5-dən 6-dək Bakıda ikinci dəfə “Dünya teatr
prosesi XXI əsrdə: problemlər, perspektivlər və
alternativlər” adlı Beynəlxalq Teatr Konfransı
keçirilmiş, dünyanın 35 ölkəsindən teatr tənqidçiləri,
teatrın tarixi və nəzəriyyəsini araşdıran tədqiqatçılar,
rejissorlar, rəssam və menecerlər iştirak etmişlər.
Xalq
teatrının zəngin ənənələrindən bəhrələnərək
müasir dünya teatrının nailiyyətləri əsasında
formalaşmış Azərbaycan professional teatrı milli
şüurun inkişafında, xalqın özünüdərkində
əvəzsiz xidmətlər
göstərmişdir. Onun fəaliyyəti sayəsində Azərbaycan
xalqı dünya ədəbiyyatının bir çox inciləri
ilə daha yaxından tanış olmaq imkanı əldə
etmişdir.
2013-cü
il mart ayının 1-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Milli Teatr Gününün təsis
edilməsi və Azərbaycanda peşəkar milli teatrın
yaradılmasının 140 illiyinin haqqında
imzaladığı Sərəncamları teatr sənətinə
göstərilən diqqət və qayğının bariz
nümunəsidir. Imzalanan Sərəncamlar teatr əməkdaşlarına
stimulu verərək onları yeni uğurlara ruhlandırır.
140 il... Nə az, nə çox, düz 140 il
teatrımız uzun və keşməkeşli, mübariz və
ən əsası şərəfli bir yol keçərək,
1873-cü ildən qazandığı ilk uğurları ilə
günümüzədək əldə etdiyi nailiyyətləri,
müvəffəqiyyətsizlikləri və uğurları ilə
bəlli bir yaradıcılıq yolu müəyyənləşdirib.
Bu yolda məhrumiyyətlərə qatlanıb, çətinliklərə,
əyintilərə, büdrəmələrə baxmayaraq bu
gün qarşımızda bir əsrdən daha artıq
yaşa malik möhkəmlənmiş və ən nəhayət
müqəddəsləşmiş “teatr” anlayışı və
məbədgahı dayanır.
P.S. Məqalə
müəllifin bu il mart ayının 26-dan
– aprelin 4-dək Kolombo II Beynəlxalq Monotamaşalar Teatr
Festivalı çərçivəsində Şri-Lankanın
Battikaloa şəhərində yerləşən Şərq
Universitetində keçirilmiş beynəlxalq teatr
konfransındakı çıxışı əsasında
hazırlanmışdır.
Mübariz Həmidov,
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar
Teatrının direktoru,
ASSİTEJ-Azərbaycan
Milli Mərkəzinin prezidenti
525-ci qəzet.- 2013.-
23 aprel.- S.4.