Uzaqlara baxan Ramiz Həsənoğlu
... Soruşdum ki, Ramiz
müəllim, uzaqda nə var?
Cavab verdi: Onu Ramiz Rövşəndən
soruşun!!!
Əziz
dostu və sevimli şairi Ramiz Rövşən Ramiz Həsənoğlunun
50 illik yubileyinə yazmışdı:
Ay
adaş, yavaş-yavaş,
Gəlib çatdıq əlliyə.
Nə tərifə
möhtacıq,
Nə də ki, təsəlliyə.
Ötən
günə gün çatmaz
Görən sabahda nə var?!
Sənin
boyun ucadır,
Bax gör uzaqda nə var?!
Ramiz Həsənoğlunun uzaqları daha çox
keçmişimizdir. 47 ildir ki, türk dünyasının, Azərbaycanın
keçmişinin içindədir, o keçmişi içərisində
yaşadır. Axtarır. Axtarışları isə nə gözəl olur.
Ən sonuncusu Mirzə Fətəli Axundovun həyatına
tutduğu işıq idi. Ondan əvvəl
Cavad xanı yad etdi. Buna qədər isə, dəfələrlə
Fateh Teymurdan danışdı, Qurbanəli bəylərin
iç üzünü açdı, bəylikdən xəbəri
olmayanlara “Bəylik dərsi ” verdi.
“Günahsız Abdulla”nın həyatına
acıdı. “Ordan-burdan” dan danışdı, demək istədi
ki, “duputatlarımız” seçkilərə elə indi də
Salman bəy kimi qatılırlar bəzən, “Qatarda”, faş etdi
yaltaqların, vəzifəli birisinin qarşısında
ucalmaqçün əyilənlərin iç
üzünü, “Yaşıl
eynəkli adam”da cəmiyyətimizin eybəcərliklərini
bir nəslin timsalında göstərə bildi. Bir sözlə nə yaratdısa, hamısında xəlqilik,
vətəndaşlıq mövqeyi, tarixi təhrif etməmək
inadı. Güldürə-güldürə
bizlərə öz eybəcərliklərimizi göstərən
bir güzgü misalıdır Ramiz Rövşən. Sənətinə
və peşəkarlığına çox hörmət
etdiyim Ramiz müəllim!!!
Zaman gələcək ki, kiçik
ekran sənət nöqteyi-nəzərindən daha qüsursuz
olacaq
... Bu gün respublikamız müstəqildir. Bu çox gözəl bir dönəmdir. Lakin
nədənsə ötən 22 il ərzində
Ramiz Həsənoğlu kimi MÖHTƏŞƏM peşəkarların
əsərləri az-az yaranır. Əslində
gərək indi daha məhsuldar, daha keyfiyyətli işləyək.
Axı müstəqillik arzularımız həyata
keçib. Axı bu Vətənin
çiçəklənməsi üçün gərək
əlimizdən gələni əsirgəməyək. Bəlkə, özümüzü özümüzə
əmanət etməklə səhv etmişik?! Bu gün efirlərimizi, tamaşa
zallarımızı çox bəsit tamaşalar doldurur.
Tamaşaçının zövqü də
korlanıb. Teatra, tamaşaya maraq da əvvəlki
kimi deyil. Mədəniyyət və incəsənət
aləmində səs-küy yaradacaq, hadisəyə
çevriləcək əsərlərimiz olmur axı. Mən belə hesab edirəm ki, peşəkarların
hazırlamadığı filmlər, tamaşalar
tamaşaçıda zövq formalaşdıra, sevgi yarada
bilmir. Səbəbini
yenə USTADDAN soruşdum. Dedi ki, dövlət tərəfindən
özəl və dövlət televiziyalarına yaxşı
maliyyə ayrılır, ilbəil də bu rəqəmlər
artır. Ümid edir ki, nə vaxtsa kəmiyyət
keyfiyyətə keçəcək. Müəyyən
bir dövr lazımdır ki, yaxşı rejissorlar yetişsin,
yaxşı rejissor varsa, yaxşı aktyoru axtarıb tapacaq.
Bir seriallarımıza baxın. Əsasən, dəbdəbəli həyat tərzini,
kriminal aləmin, varlı ailələrin, vəzifə sahiblərinin
həyat tərzini işıqlandırırlar. Heç kim sadə Azərbaycan adamını qəhrəman
etmir, onun həyatını, sevinclərini, arzularını,
problemlərini, iztirablarını çəkib göstərmək
haqqında fikirləşmir, bəlkə də istəmirlər.
Buradan da belə nəticəyə gəlirəm
ki, türk seiallarından yaxşı bəhrələnmirlər.
Hesab edirəm ki, zaman gələcək ki,
kiçik ekran sənət nöqteyi-nəzərindən daha
qüsursuz olacaq. Hərdən sadə
adamların böyük iztirabları da yada düşəcək.
– Mən
belə düşünürəm ki, bu gün Adil İsgəndərov,
Stanislavski məktəbi yoxdur.. Siz nə deyə bilərsiniz Ramiz müəllim?
–
Bizim İncəsənət Universitetində 2 televiziya və
kino rejissorluğu və teatr rejissorluğu kafedrası var.
Oraya xeyli qüvvə cəlb olunub. Sadəcə
kafedraların maddi-texniki bazası kino rejissorluğunu istənilən
səviyyədə öyrətməyə imkan vermir. Ancaq cəhd olunur. Biz zamanla
ayaqlaşmalıyıq, ondan arxada qalmamalıyıq.
Serial çəkənlər çox az məsrəflə
az iş görmək istəyirlər. Efiri nə
ilə gəldi doldurmaq istəyirlər. Bizim bir gözəl
atalar məsəli var: “Ucuz ətdən bozbaş olmur”. Elə peşəkar rejissorlarımız var ki,
qalıblar kənarda, onların bacarıqlarından daha səmərəli
istifadə etmək olar. Qalıb rəhbərlərin
vicdanına.
– Tarixin içində
dolaşmaqdan, axtarmaqdan yorulmadınız?! Gəlin bir az Fateh Teymurdan danışaq. 1983-cü
ildə Hüseyn Cavidin “Topal Teymur”una ekran həyatı
verdiniz. Hamıya bir daha bəlli oldu ki, “Kəssə
hər kəs tökülən qan izini, Qurtaran dahi odur Yer
üzünü”. Sonra 1996-cı ildə də
yenə “Topal Teymur”da olduğu kimi Azərbaycan
televiziyasının Qarabağ pavilyonunda kiçik bir məkanda
böyük və möhtəşəm bir əsər
yaratdınız: “FATEHLƏRİN DİVANI”. 4 saat 17 dəqiqəlik bir əsəri 4 seriya ilə
hədiyyə etdiniz tamaşaçılarınıza. Yadıma gəlir, o tamaşanın çəkilişlərinə
gəlib baxar, xırda qeydlərimi edərdim. Xoşbəxtəm ki, mənim də
gözümün qabağında bir möhtəşəm əsər
doğulurdu. O zaman deyirdiniz ki, 50 seriya olacaq bu əsər.
Ancaq ardı gəlmədi. Səbəb
nə oldu?
– Sənətin
başına sənətdən başı çıxmayan adam gələndə belə olur. O vaxtlar o əsəri
çəkəndə rəhmətlik Babək Hüseynov
çox köməklik elədi. Tamaşanın
sonuna çatanda, rəhbərlik dəyişdi. Təzə rəhbər belə hesab elədi ki, bu
tamaşa bizə lazım deyil. Bildiyiniz
kimi, bu tamaşa böyük rezonans doğurmuşdu. Sən demə həmin vaxtlar bu tamaşa efirdə
gedəndə Azərbaycan Baş prokurorluğunda
işçilərə şifahi olaraq göstəriş
verilib ki, hər kəs bu tamaşaya baxsın. Səhərisi isə tamaşanın müzakirəsi
aparılırmış. Bu hadisəni də
həmin şəxs 1997-ci ildə Azərbaycan Televiziyasına
rəhbərlik edən adama danışıb. O da
iclasların birində bu tamaşanı öz uğuru kimi qiymətləndirərək
bu hadisəni qeyd etdi. Ancaq onu bu tamaşanın
qalan seriyalarının çəkilməməsi narahat etmədi
də.
Olmalıydı, olmadı...
Bu gün də hərdən Azərbaycan Televiziyası
“Fatehlərin divanı” televiziya tamaşasını
nümayiş etdirir. Və inanıram ki, o filmin dəyərini
bilənlər təkrar-təkrar baxmaqdan yorulmurlar. Bu tamaşada Bilgə xaqan, Oğuz xan, Atilla, Alp
Arslan kimi türk tarixinin fateh sərkərdələri
görün bir kimləri divana çəkiləcəkdilər?! Fatehləri ruh
divanında türk ellərinin ilk yazarı Güntəkin
ittiham edirdi. İlk divana
çağırdıqları da tarixdə ziddiyyətli şəxsiyyət
sayılan Əmir Teymur oldu. Güntəkinin
onlara sualları var idi. Bilmək istəyirdi
ki, biz niyə beləyik?! Tamaşa başlananda bir
görün daşa nə yazdı Güntəkin:
“Ulu Tanrı! Min illərdir ölənlə
ölüb, doğulanlarla doğuluram! Yazdıqlarım
daşlarda qalıb! Necəydik elə də varıq! Heç
nə dəyişməyib! Yaxşılıq tərk
eləyir bizi. Yaxşı ruhlar bacalarımızdan gen
düşür! Özləriylə yaxşı nə var
aparırlar!....Bilsinlər ki, heç nə
sorğusuz –sualsız qalmır. Hər şeyin cavabı
soruşulur! Yazacam! Bilsinlər ki,
Gündoğandan Günbatana uzanan yurdlarımız qədərində
qaldı. İtirdiklərimiz o qədər
çox olub ki, Yer bizi götürməyəcək.
Yazanlarımız yazdı, çalıb oxuyanlarımız
çalıb oxudu, yenə eşitmədik! Nədəndi
dədə?! Qarın qardaşdan irəli
olub. O qədər çəpər tikdik ki, Vətən
çəpər içi qədər daraldı. Hamı ev tikir, Vətəni tikib quran yoxdur. Mən
içimə ağlayıram dədə! Mənə
kömək edə bilərsən? Satqınlarımız
güclü çıxdı. Vətəni
satdılar. Sata-sata gedirik! Mənə
kömək edə bilərsən dədə?
Çağır böyüklərimizi, böyük
ruhlarımızı çağır...”
Böyük
teletamaşa serialın qalan 46 seriyasında Şah İsmayıl Xətai, Sultan
Səlim Bəyazid, Mircəfər Bağırov, Nəriman Nərimanov
və müasir dövrdəki dövlət və hökumət
rəhbərləri, liderlər gələcəkdilər... 50
seriya olmadı. Bu gün böyük həvəs və həyəcanla
“Möhtəşəm yüz il” filminə
baxırıq. Sultan Süleyman qadınların əlində
qalıb. Çünki o əsərin
ssenaristi Mövlud Süleymanlı deyil, rejissoru Ramiz Həsənoğlu
deyil, operatoru da Eldar Məmmədov deyil. Görün
bir 50 seriyalı “Fatehlərin divanı” olsaydı, bunun həm
mənəvi, həm də maddi qazancı nə qədər
olardı?! Olmalıydı, olmadı.
– Heç “Fatehlərin divanı”nı yenidən davam etdirmək təklifi
oldumu?!
–
Olmadı.
– Təklif etsələr, qalan 46
seriyanı yenidən çəkərsiniz?
– Əlbəttə!
Ruhları
“Fatihə” surəsi ilə ovundurduq...
Ancaq AzTV-nin “Qarabağ” studiyasında 1996-97-ci illərdə
“Fatehlərin divanı”nda ruhlar divana çəkiləndə
maraqlı hadisələr baş verirdi. Ramiz Həsənoğlunun o
vaxtkı xatırlamalarından: “... Çox
gözləmədiyimiz hallarda işıqlar sönür, təzə
lampalar partlayırdı. Otağın bir tərəfində
işləyən çəkiliş aparatları, o biri
başında işləmirdi. Gah da
görürdün ki, işlədiyi yerdə mikrofon xarab olur,
kənar səslər eşidilirdi. Bütün
bunlardan sonra, belə məsləhət oldu ki, hər dəfə
çəkilişə başlamazdan əvvəl “Fatihə”
surəsi oxunsun”. İnanın ki, bundan
sonra, işlərimiz getməyə başlayırdı. Və içərimizdə inancıl olanlar, ruhlardan
onları bağışlamağı da rica edirdilər ki,
narahat etdiyimizə görə ruhlar bizi
bağışlasınlar.
– O mistik ab-hava ötüb
keçdimi Ramiz müəllim?! – deyə
soruşdum. Axı yenə də Cavad xanı, Mirzə Fətəli
Axundovu çəkdiniz...?! Yorulmursunuz tarixi
şəxsiyyətlərin həyatını
araşdırmaqdan?!
– Mən bir iş görəndə
ixtiyarım əlimdən alınır, dedi, – ustad rejissor. Yuxarımla gerçəklik qarışıb
bir-birinə. Mən bir yaradıcı
adamam, hər şey olur. Sevdiyin işlə
məşğul olanda elə yuxuların da gerçək
olur. Özümü mümkün gerçəkliklə
tarixi keçmişdə büruzə verə bilirəm.
– Ötən 47 ildə nə
qazandınız? Yaratdıqlarınızın
içərisində hansı Ramiz Həsənoğlu idi?!
– Həyatım
zənginləşdi. Təkcə
teletamaşalarımın sayı 50-dən çoxdur. Hər bir personajın, qəhrəmanın həyatını
yaşadım. Bir insan bir ömür
çərçivəsində 100 insan ömrü yaşa
bilərmiş. Onların içərisində
heç yadları olmadı. Hamısı
doğma idi.
– Əmir Teymurdan nə var idi Ramiz Həsənoğluda?!
– Güman edirəm ki, yox idi. Çünki mən xarakter etibarı ilə komandan
deyiləm.
– Güntəkin idiniz bəlkə?!
– Bir az Güntəkin idim, bir az
Börküyarıq, bir az Şaman, ancaq İbn Xaldun deyildim. Rejissor casus kimidir. Girir qəhrəmanların,
personajların içinə, nəyləri var çölə
çıxarır.
– O
obrazların yaxşısı-pisi var, əslində
yaşadığımız həyatın prototipləridirlər.
Bu qədər yaxşını pisi neçə
keçirirsiniz içərinizdən, necə ələyirsiniz
onları?
–
Yaratdığım tamaşalarda yaxşı aktyor oyunu
hər şeyi yerbəyer edir. Yaxşı aktyor
sənətin tacıdır. O parıldamırsa, deməli
nəticə yoxdur. Mənim bir fikrim olur, tamaşaçını
arxamca aparmaq. İşi başlayanda zirvəni
nəzərdə tuturam. O zirvədən məni qiymətləndirənlər
anam, Sizin kimi dostlarım, Ramiz Rövşən... Buna əslində arxamca aparmaq deməzdim. Sizləri apara bilmərəm. Çünki
o sənəti duyanlar və qiymətləndirənlər həmişə
mənimlədir, mən onlar üçün yaradıram.
– Zirvəni nəzərdə
tutursunuz. Özünüz zirvədəsiniz?
– Elə hesab etmirəm. Mən zirvə adamı deyiləm. Yer adamıyam. Zirvədə
olsam, yerdəki hər şey mənasını itirər.
Mən sənətin içində olan, sənəti
içində gəzdirən adamam .
– Xoşbəxt sənətkarsınız
demək istəyirəm Sizə. Yaratdığınız
əsərlərin içərisində bir əjdaha
başı da var. Ancaq Siz sənətin əjdahasısınız.
–
Xoşbəxtlik nədir ki? Sənətlə
məşğul olanda əzabları içindən
çıxarırsan. İnsan əzab çəkməsə
xoşbəxt ola bilməz. Dostlarımdan biri mənim
üçün bir söz demişdi: “Var alkoqolik, var
trudoqolik”. Mənalı işim olanda orada
özümü tapıram. Darıxmağa
vaxtım olmur. Boş vaxtlarımda bədbaxtam... Dincələ bilmirəm.
lll
Yaradıcı insanlarla görüşəndə
böyük YARADANA şükr edirəm. Öz zərrəsindən
o sevdiklərinə verir ki, onlar da yaratsınlar. Ramiz Həsənoğlu,
atası Həsən Mirzəyev, anası Ətayə Əliyeva.
Hər ikisi Azərbaycan teatr və sənət
tarixinin korifeyləri. Və onların sevgilərinin Ramiz
adlı barı, bəhrəsi. O da bir
KORİFEY!!! Sənətin içində sənəti
içində gəzdirən, zirvələrə can
atmayıb, lakin hər zaman zirvələrdə görünən
Ramiz Həsənoğlu nə yaradırsa gözəl
yaradır. Burda bir haşiyə
çıxıb, onun Azərbaycan televiziyasında
yaratdığı “Sabah” yaradıcılıq
studiyasını xatırlamasam olmur. Görün
bu studiyanı yaradan Ramiz Həsənoğlu kimləri
yığdı başına. Təzə fidanları,
yaratmaq istəyənləri: İlhamiyyə Rzayeva, Şərif
Qurbanəli, Bəhram Osmanov, Elxan Cəfərov... və
başqaları. Bu gənc yaradanlar da çox
demirəm... elə bu gün efirlərimizi bəzəyən,
hər sözü el aforizminə çevrilən
“YARIMŞTAT”ı yaratdılar. Onlar da
harada işlədilərsə, harada fəaliyyət göstərdilərsə,
debütləri uğurlu oldu. Çünki
onları ilk gündən düzgün ünvana ünvanlayan,
yol göstərən Ramiz Həsənoğlu adlı
USTADları var idi.
Bu yazının son sətirlərini yazanda belə qərara
gəldim ki, ZAMAN dediyimiz məhfum ancaq yaratmaq
üçün verilir həyatını yaşamağı
bacaranlara. Tarix isə bəzən öz qiymətini
zamanında layiqincə yaza bilmir. Elə
“Fatehlərin divanı” televiziya tamaşasında yenə Fateh
Teymurun – “Tarix mənim etdiklərimə öz qiymətini vermək
əxlaqında deyil” monoloqunu xatırlayıb, Ramiz Həsənoğlunu
doğum günü münasibəti ilə təbrik edirəm.
Axı bu gün onun 67 yaşı olur .
Aida EYVAZLI
525-ci qəzet.- 2013.-
24 aprel.- S.7.